A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Həqiqət olduğu kimi... 1
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 146
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bundan əlavə, Peyğəmbər (s)-in pak sünnətinin açıqlanmasının qarşısını alan səbəbin üstündən pərdə götürməliyik. Onlar ilk növbədə çalışırdılar ki:

1. İşlərinin üstünü örtmək üçün yalançı hədislər düzəltsinlər. Müslüm öz “Səhih”ində deyir: Hədda ibni Xalid Əzdi Həmmamdan, o da Zeyd ibni Əsləmdən, o da Əta ibni Yəsardan, o da Əbi Səid Xudridən rəvayət edir ki, Allah Peyğəmbəri buyurmuşdur: Mənim dilimdən heç nə yazmayın. Hər kəs Qurandan başqa bir şey yazmışdırsa, gərək onu pozsun və bunun heç bir qorxusu yoxdur.

Bu hədisi düzəltməklə Əbu Bəkr və Ömərin Peyğəmbər (s)-in hədislərinin başına gətirdikləri oyunu ört-bastır etmək istəyirlər. Bu hədis raşidin xəliflərinin zamanından çox-çox sonra düzəldilmişdir. Amma onlar bunu düzəltməklə bir neçə şeyi yaddan çıxarmışlar:

Əgər Peyğəmbər (s) belə sözü demiş olsaydı, gərək bütün səhabə ona itaət edəydi. Əbu Bəkr və Ömər qadağan etməmişdən qabaq özləri bu işin qarşısını alaydılar ki, iş bir neçə il Peyğəmbər (s)-dən sonraya çəkməyəydi.

2. Əgər bu hədis düz olsaydı, əvvəl gərək Əbu Bəkr və Ömər onu xalqa deyib dəlil gətirəydilər ki, xalq bu işi görməkdən çəkinsin, öz tutduğu işlərdən üzr istəyəyib, bilmədiklərinə etiraf etsin.

3. Bu hədis düz olsaydı, onlar gərək hədisləri yumaqla pozaydılar, belə ki, işi yandırmağa çəkməyəydilər.

4. Əgər bu hədis düz olsaydı, bütün müsəlmanlar, Ömər ibni Əbdül-Əzizin vaxtından bu günə qədər hamısı günahkardır. Onlar Peyğəmbər (s)-in dediyinin əleyhinə əməl etmişdilər. Belə isə, Ömər ibni Əbdül-Əzizin günahı hamısından çoxdur. O, hədislərin yığılmasına əmr vermişdi. Buxari və Müslüm Peyğəmbərin bu hədisini səhih saydıqları halda, özləri Peyğəmbərdən minlərlə hədis nəql etmişlər.

5. Əgər bu söz düz olsaydı, elm şəhərinin qapısı Əli (ə) ondan xəbərdar olardı. O, Peyğəmbər (s)-in hədislərini uzunluğu yetmiş dirsək olan səhifəyə yazmış və “Came” adlandırmışdı. (Bu barədə, inşaallah, danışacağıq.)

6. Bəni Üməyyə xəlifələri Peyğəmbər (s)-i adi insan kimi göstərmək istəyirdilər. İstəyirdilər deyələr ki, o, məsum olmamış, başqa insanlar kimi səhvə yol vermişdir. Bu barədə bir neçə hədis də gətirmişlər. Onlar bununla demək istəyirdilər ki, Peyğəmbər (s) öz ictihadına əməl etmiş və çox vaxt səhvə yol vermişdir. Hətta bəzən səhabələr çarəsiz qalıb onun səhvini düzəldirmişlər. Məsələn, xurma ağacını məhsuldar etmək, hicab ayəsinin nazil olması, münafiqlər üçün tövbə etmək, müharibə əsirlərindən fidyə almaq və. s. kimi hədisləri əhli-sünnət öz “Səhih” kitablarında gətirmişlər. Bəli, onlar Allah Peyğəmbəri haqqında belə düşünürlər.

Biz əhli-sünnət və camaata üz tutub deyirik: Əgər sizin getdiyiniz yol və fikriniz belədirsə, Allah Peyğəmbərinin sünnətinə əməl etməyinizi necə iddia edirsiniz? Axı sizin nəzərinizcə, onun sünnəti pak və məsum deyildir?! Başqa bir tərəfdən onun sünnəti nə bilinməmiş, nə də yazılmamışdır. (Qabaqda işarə etdiyimiz kimi, Peyğəmbər (s) (onların fikrincə) hədis yazmağa icazə verməmiş, Ömər isə olanları yandırmışdı. Belə olduğu halda sizin “Səhih” kitablarınızda olan hədislər nə vaxt yaranıb və kimdəndir?

Amma biz sizin yalanları qəbul etmirik və sizin öz hədislərinizlə onları batil bilirik.

Buxari özünün “Səhih” kitabının “elm” bölümündə Əbu Hüreyrənin belə dediyini rəvayət etmişdir: Peyğəmbər səhabələrindən heç biri mənim qədər – Abdullah ibni Əmrdən başqa – ondan hədis rəvayət etməmişdir, çünki o yazırdı, mən isə yazmırdım.[57]

Bu rəvayətdən göründüyü kimi, Peyğəmbər (s)-in bəzi səhabələri onun hədislərini yazırmış. Əbu Hüreyrə yazıb oxumaq bilmədiyi halda Peyğəmbərdən altı mindən artıq hədis nəql edirsə, Abdullah ibni Əmr ibni As yaza bilmədiyi halda ondan çox hədis nəql etməlidir. Əbu Hüreyrənin etiraf etdiyi kimi, o, yaza bilmir, Abdullah ibni Əmr isə yazırdı.

Sözsüz, səhabələrdən bir çoxu Peyğəmbər (s)-in hədislərini yazırmış, amma çox hədis yazmadıqlarına görə Əbu Hüreyrə onların adlarını çəkmir.

Onlardan əlavə, imam Əli ibni Əbi Talib də hədis yazmışdır. Bir gün öz “Came” kitabını minbərin üstündə açıb xalqın ehtiyacı olan bütün hədisləri Peyğəmbər (s)-dən yazdığını göstərdi. Ondan sonra Əhli-beyt imamları bu kitabı saxlamış və çox vaxt ondan hədis nəql etmişlər.

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: Bizdə uzunluğu yetmiş dirsək olan kitab vardır. Onu Peyğəmbər (s) demiş və Əli (ə) da yazmışdır. Xalqın ehtiyacı olan bütün halal və haram şeylər orada yazılmışdır. Hər bir şeyin, hətta kiçik bir cızığın hökmü də orada vardır.[58]

Buxari öz “Səhih”ində qeyd edir ki, bu kitab Həzrət Əli (ə)-da olmuşdur. O, bu sözü bir neçə kitabda təkrar etmişdir. Buna baxmayaraq, adət üzrə kitabın bəhs, fəsil və bablarından söz açmır.

Buxari “kitabətul-elm” babında yazır: Şəbidən, o da Əbu Cüheyfədən nəql edir:

Əliyə dedim: Sizdə kitab vardırmı?

Dedi: Allahın :itabı, müsəlman insanın başa düşəcəyi və bu səhifədən başqa heç nə yoxdur.

Dedim: Bu səhifə nədir?

Dedi: Əql (ailənin kişisi tərəfindən verilən diyə), əsirin azad olması və müsəlmanın kafirə görə öldürülməsi.[59]

“Səhihi Buxari” başqa bir yerdə deyir: İbrahim Teymi öz atasından nəql etmişdir ki: Əli (ə) bizim üçün moizə edib buyurdu: Bizim Allahın Kitabı və bu səhifədən başqa oxumağa bir şeyimiz yoxdur.[60]

Yenə öz “Səhih”inin başqa bir yerində deyir: Əlidən rəvayət olmuşdur ki, buyururdu: Biz Peyğəmbərdən Quran və bu səhifədən başqa heç nə yazmamışıq.[61]

Həmçinin Buxari “Səhih”inin başqa bir yerində belə buyurur: İbrahim Teymi öz atasından eşitmişdir ki, dedi: Əli (ə) kərpicdən olan minbər üstündə bizə moizə edirdi. Kəmərinə qılınc bağlamış, əlində səhifə də vardı, buyurdu: Allaha and olsun! Bizim Allahın Kitabı və bu səhifədə olandan başqa oxumağa heç nəyimiz yoxdur.[62]

Buxari imam Sadiq (ə)-ın sözünü gətirməmişdir. İmam buyurdu: Bu səhifəni “Came” adlandırmışlar. Bütün halal və haram olan məsələlər onda vadır. İslamın bütün hökmləri, hətta insanın bədəninin qaşınması hökmü də Allah Peyğəmbərinin imlası və Həzrət Əlinin xətti ilə onda gəlmişdir. Onda “əql” hökmü (yəni öldürənin qohumları tərəfindən diyə verilməsi), əsir azadlığı, müsəlmanın kafirə görə öldürülməməsi də qeyd olmuşdur.

Bu iş haqqı gizlətmək və aldatmaqdır. Mümkündürmü ki, bir nəfər bu dörd cümləni kitabında yazaraq qılıncının yanına bağlasın və özü ilə gəzdirsin? Minbər üstünə qalxıb onu oxusun və desin: Qurandan sonra bu kitab bizim mərcəyimizdir. Biz Qurandan başqa, yalnız Peyğəmbərdən bu səhifəni yazmışıq.

Məgər Əbu Hüreyrənin ağıl və huşu Həzrət Əli (ə)-dan artıqdı ki, yazmadan, yalnız əzbərləməklə Peyğəmbər (s)-dən yüz min hədis bilir?

Allaha and olsun, bunların işi təəccüblüdür. Ömrünün təkcə üç ilini Peyğəmbər (s)-lə keçirmiş, savadı olmayan Əbu Hüreyrədən yüz min hədis qəbul etdikləri halda, elm şəhərinin qapısı olan Həzrət Əli (ə)-ın yalnız dörd hədisdən ibarət olan bir kağızı olduğunu düşünürlər. Bu səhabələr müəllifi o kağızı Peyğəmbər (s)-in zamanından öz xilafətinə qədər saxlamış, minbər üstündə öz qılıncına bağlayırmış? Bu, xoşagəlməz və yalan sözdən başqa bir şey deyildir.

Biz bu səhifədə nələr yazılmasını isbat etmək fikrində deyilik. Səhabələr onu daha yaxşı bilirlər. Onlar haram və halaldan tutmuş, hətta kiçik cızıntının da hökmünün orada olmasını deyirlər.

Biz onu sabit etmək istəyirik ki, səhabələr Peyğəmbər (s)-in hədislərini yazırmış.

Əbu Hüreyrənin hədis yazması və eyni zamanda Abdullah ibni Ömərin də hədis yazmasını təsdiq etməsi, başqa bir tərəfdən Həzrət Əli (ə)-ın Qurandan başqa, yalnız Peyğəmbər (s)-dən “səhifə”ni yazmasını buyurması, Peyğəmbər (s)-in hədis yazmasını qadağan etməsinə aydın dəlildir. Müslümün öz “Səhih”ində rəvayət etdiyi hədisə gəldikdə isə bu, yalandan başqa bir şey deyildir. Onlar bu cür hədisləri yazmaqla xəlifələrin tutduqları işlərin – hədis yandırmalarının – üstünü örtmək istəyirlər. Amma Həzrət Əli (ə)-ın buyurması ki, “biz Peyğəmbərdən Quran və bu kitabdan başqa heç nə yazmamışıq”, – özü Peyğəmbərdən hədis yazılmasına dəlil olmaqla yanaşı, onun bu işi qadağan etməməsini də çatdırır. Çünki o, elm şəhərinin qapısı, Peyğəmbər (s)-in ən yaxın adamıdır.

Buna əgər imam Sadiq (ə)-ın rəvayətinə də əlavə etsək ki, buyurur: “Came kitabı Həzrət Peybəmbər (s)-in buyurması və Əli (ə)-ın xətti ilə olmuşdur”, məlum olar ki, Peyğəmbər (s) bu işi qadağan etməmiş, əksinə hədis yazmağı buyurmuşdur. Əziz oxucuya heç nə qaranlıq qalmasın deyə, aşağıdakı açıqlamanı gətiririk:

Hakim “Müstədrək”də, Əbu Davud “Sünən”də, imam Əhməd “Müsnəd”də, Darəmi “Sünən”də və Abdullah ibni Ömər çox mühüm bir hədis nəql edirlər. (Abdullah ibni Ömər həmin kəsdir ki, Peyğəmbərin hədislərini yazırdı.)

Abdullah ibni Ömər deyir: Mən Peyğəmbərdən hər nə eşidirdimsə, onu yazırdım. Qüreyş mənim qarşımı alıb dedilər: Nə üçün Peyğəmbərdən bütün eşitdiklərini yazırsan? O insandır, həm əsəbi halda söz deyir, həm də xoş halda.

Abdullah deyir: Bundan sonra mən yazmaqdan əl saxladım. Bu əhvalatı Peyğəmbər (s)-ə danışdım. Buyurdu: Yaz, and olsun O kəsə ki, mənim canım Onun əlindədir, bu ağızdan haqq sözdən savayı bir söz çıxmır.[63]

Bu hədisdən məlum olur ki, Abdullah ibni Ömər Peyğəmbər (s)-dən eşitdiyi hər bir şeyi yazırmış. Onu yazmağı qadağan edən Peyğəmbər (s) deyil, Qüreyş imiş. Abdullah ibni Ömər bilərəkdən onların adını demir, yalnız “Qüreyş” deməklə onların adını gizlədir, Qüreyşdən məqsədi onların mühacirlər arasında olan başçılarıdır. O cümlədən, Əbu Bəkr, Ömər, Osman, Əbdürrəhman ibni Ovf, Əbu Cübeyrə, Təlhə, Zübeyr və onların həmfikirləridir.

Gördüyümüz kimi, onlar hətta Peyğəmbər (s)-in vəfatında bu işin qarşısını almağa çalışırmışlar. Əgər belə deyilsə, bəs nə üçün Abdullah ibni Ömərin qarşısını alıb Peyğəmbərin sünnətini yazmasına qoymurlar?

Digər bir tərəfdən “Allah Peyğəmbər (s)-i insandır, qəzəbli və şad halda söz deyir” deməklə onlar özlərinin Peyğəmbərə qarşı olan süst əqidələri göstərmiş olurlar. Onların sözündən belə çıxır ki, o, düz danışmır, yersiz hökm edir və məxsusən qəzəbli halda bu işləri görür.

Peyğəmbər (s)-in Abdullah ibni Ömərin cavabında yaz: “And olsun Allaha, bu ağızdan haqq sözdən savayı söz çıxmır” – dediyi cümlə onların Peyğəmbərin ədalətində şəkk etməsini və onun xəta və səhv edə biləcəyinə inandıqlarını göstərir. Amma Peyğəmbər and içir və bildirirdi ki, dediyi hər bir söz haqdır. Bu söz həqiqətdə Quran ayəsini təfsir edir ki, Allah-taala buyurur:

وَمَا يَنطِقُ عَنِ الْهَوَى  إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى

“O, özündən (həvayi-nəfsdən) söz demir, onun dediyi vəhy olunmuş vəhydir.”[64]

O məsumdur, səhv etmir və boş söz danışmır. Beləliklə, bizim yəqinimiz vardır ki, əməvilər vaxtında düzəldilmiş və Peyğəmbər (s)-i qeyri-məsum göstərən hədislər düz deyildir. Bundan əlavə, bu hədis onların Abdullah ibni Ömərə nüfuz etməsini göstərir. O da onların sözündən sonra hədis yazmaqdan əl götürür. Yalnız Peyğəmbər (s)-ə dedikdən və onun məsum olmasını yəqin etdikdən sonra yazmağa başlayır.

Peyğəmbər (s)-in məsum olması haqqında şəkk, hətta onun hüzurunda da baş vermişdir. Onlar Peyğəmbər (s)-dən soruşurdular: “Sən doğrudan da peyğəmbərsən?”[65] Ya “sən o kəssən ki, Peyğəmbər olmasını güman edir?[66] Ya da “Allaha and olsun, bu bölgüdə Allahı nəzərə almamısan.”[67]

Aişə Peyğəmbərə (adi adamlara deyilən kimi) deyirdi: “Allah sənin ürəyinin istədiyini tez verir.” Ya da ona deyirdi: “Tündlük etmə” və bir çox başqa sözlər ki, onların Peyğəmbərin məsumluğu barəsində şəkk etmələrini göstərir.

Peyğəmbər (s) böyük əxlaqa malik, mehriban və ürəyi açıq idi. Çox vaxt onları başa salır, şübhələrini aradan aparırdı. Bəzən “mən öz vəzifəmi yerinə yetirənəm” və bəzən də “Allaha and olsun! Mənim məqamım çox ucadır, mən belə iş görmərəm” sözlərini işlədirdi. Çox vaxt belə buyururdu: Allah qardaşım Musaya rəhmət etsin, ona bundan da artıq əziyyət etdilər və o isə səbir etdi.

Bəli, bu sözlər Peyğəmbər (s)-in ismətini kiçik saymaq, onun peyğəmbərliyində şəkk etmək deməkdir. Bunu deyənlər qovulmuşlar, ya münafiqlər deyildir, təəssüflər olsun ki, böyük səhabələr və möminlər anası Aişədir!! Bəli, bunlar əhli-sünnət və camaatın qabaqcıl örnəyi və rəhbərləridir. Allah bizim dadımıza çatsın!! Hər vaxt başa düşsək ki, bu hədis: “mənim dilimdən heç nə yazmayın” – sənədsizdir və əsası yoxdur, onda bizim yəqinimiz daha da artacaqdır. Əbu Bəkr o həzrətin hədislərini yazmış və bəzisini yığmışdı. Xilafətə çatdıqdan sonra isə, məlum olmayan səbəblərə görə onları yandırdı.

Qızı Aişə deyir: Atam Allah rəsulundan beş yüzə qədər hədis yığdı. Bir gecə gördüm ki, yerində qovrulub yata bilmir. Dedim: Ola bilər ki, ya xəstədir, ya da pis bir xəbər eşidib. Səhər olduqda dedi: Səndə olan hədisləri gətir, mən gətirdikdə o, hədislərin hamısını yandırdı.[68]

Ömər ibni Xəttab da öz xilafəti zamanı bir gün xalq üçün moizə edib dedi: Heç kəs öz yanında yazılmış bir şey saxlamasın, hər nə var gətirsin. Hamı belə fikirləşdi ki, o yalnız hədislərə baxmaq üçün və qarşıda ixtilaf çıxmasın deyə onları toplamaq istəyir. Onlar yazdıqlarını gətirəndə, o hamısını yandırdı.[69]

O, şəhərlərə adam göndərib əmr verdi: Hər kəsdə hər nə varsa, təmizləyin.[70]

Bu onu göstərir ki, səhabələr, istər Mədinədə olsun və istərsə də ətraf şəhər və kəndlərdə, hamının kitabı olmuşdur. Onlar bu kitablarda Peyğəmbər (s)-in hədislərini yığmışdılar. Amma Əbu Bəkr və Ömərin əmri ilə hamısı yandırıldı. (Siz Allah, görün bu Əbu Bəkr və Ömər Peyğəmbərin sünnəsi ilə nələr etdilər?!) Peyğəmbər ümmətinin o rəvayətlərə çox böyük ehtiyacı olduğu halda, onların əlindən alındı. Onlar bu rəvayətlərlə Quranı başa düşüb şəri hökmləri ələ gətirə bilərdilər. Allaha and olsun, bu rəvayətlər hamısı səhih və düz idi. Çünki onlar şəxsən Peyğəmbərin özündən eşidilib yazılmış, arada heç bir fasilə yox idi. Təəssüflər olsun ki, sonrakı dövrlərdə yazılan hədislər isə yalan və uydurmadan ibarətdir. Çünki müsəlmanlar arasında ixtilaf düşdüyü üçün zalım rəhbərlərin əmri ilə yazılmışdı.

Beləliklə, biz heç cür qəbul edə bilmərik ki, Peyğəmbər (s) səhabələrin hədis yazmasının qarşısını almışdır. Qeyd etdiyimiz kimi, o zaman səhabələrin bir çoxu hədis yazmışlar. Məxsusən Həzrət Əli (ə)-ın uzunluğu yetmiş dirsək olan yazdığı və həmişə özü ilə gəzdirdiyi səhifə idi, hər şeydən onun içində olduğu üçün “Came” adlanırdı.

O vaxtın hakim dairələri öz möhkəmliyini Peyğəmbərin sünnətinin məhv olmasında görürdü. Bu işdə onlara arxa olan bəzi səhabələr də kömək edirdi. Beləliklə, onların öz ictihadlarına əməl etməkdən başqa yolları yox idi. Onlar öz ictihadlarına Əbu Bəkr, Ömər, Osman, Müaviyə, Yezid, Mərvan Həkəm, Əbdül-Məlik Mərvan, Vəlid ibni Abdullah və Süleyman Əbdül-məliki də artırmışlar. Bu, Ömər ibni Əbdül-Əzizə qədər davam etmişdir. Ömər ibni Əbdül-Əziz hakimiyyətə çatdıqdan sonra Əbu Bəkr Həzəmidən Peyğəmbərin hədis və sünnətini və Ömər ibni Xəttabın dediklərini yazmağı istədi.[71]

Bəli, yüz ildən sonra sünnətin yazılması azad oldu. Əməvilərin bu təəssübsüz xəlifəsi (əhli-sünnə onu raşidin xəlifələrə artırırlar) Peyğəmbər və Ömərin sünnətinin yazılması əmrini verir. Sanki Ömər ibni Xəttab Peyğəmbərlə nübüvvətdə şərik olmuşdur!!!

Nə üçün Ömər ibni Əbdül-Əziz öz zamanında olan Əhli-beyt imamlarından “Cameə”ni istəmədi? Öz ata-babalarının hədislərini hamıdan artıq bildikləri halda onlardan hədis yığmalarını istəmədi? Haqq ardıyca olub təhqiq edənlər bunun sirrini bilirlər.

Onların Peyğəmbər (s) və onun sünnəti barəsində olan fikir və əqidələrini bildik. Və həmçinin bildik ki, onlar Qüreyşin xilafətdə olan nümayəndələridirlər. Bütün bunlardan sonra əhli-sünnət və camaatın Bəni Üməyyə və onların dostlarından yazdıqları hədislərə inanmaq olarmı?

Həzrət Əli (ə) öz əli ilə yazdığı “Came” kitabını xilafətə qədər saxladı. Xilafətə çatdıqdan sonra qılıncına bağlayıb minbərin üstündə xalqa oxuyur, onun nə qədər əhəmiyyətli olduğunu açıqlayırdı. Əhli-beyt imamlarından mütəvatir olan rəvayətlərdə o “Cameə”nin nəsildən-nəsilə onlara yetişməsi nəql olunur. İmamlar həmişə onun vasitəsilə xalq üçün fətva verirdilər.

Elə bu dəlillərə görə imam Cəfər Sadiq (ə), imam Rza (ə) və başqa imamlar daim bu sözü təkrar edib deyirdilər ki, biz yalnız öz nəzərimiz əsasında fətva vermirik. Əgər öz nəzərimizlə fətva versəydik, həm özümüzü və həm də xalqı çarəsiz edərdik. Biz Peyğəmbər (s)-dən qalan əsərlər əsasında fətva veririk. Öz əcdadımızdan irs apardığımız elmə malikik. Onu qızıl kimi evimizdə qoruyub saxlayırıq.[72]

İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Mənim hədisim atamdan, onun hədisi cəddimdən, onunku Hüseyndən və Hüseyninki Həsəndən, Həsəninki Əmirəl-möminindən, Əmirəl-mömininki Allah Peyğəmbərindən, Allah Peyğəmbərinki də Allahdan alınmışdır.”[73]

Beləliklə, mütəvatir “Səqəleyn” hədisi, Peyğəmbərin buyurduğu: “Mən sizin aranızda iki qiymətli şey qoyuram: Allahın Kitabı və Əhli-beytim Əgər hər ikisindən tutsanız, heç vaxt yoldan azmazsınız” – düzdür[74] və onda heç bir səhv yoxdur. Peyğəmbər sünnəti həm düzdür, həm də Peyğəmbərin pak ailəsindən başqa heç kəs onu qorumur.

ŞİƏ, ƏHLİ SÜNNƏNİN NƏZƏRİNDƏ

Əhli-sünnənin bəzi müasir alimləri şiə haqqında insafla rəftar edib İslam əxlaqına əməl etmişlər. Amma bu alimlər çox azdır. Onların çoxu şiə ilə rəftarlarında düşmənçilik edir, Bəni-Üməyyənin fitnəkar əqidəsi üzrə istədiklərini yazırlar. Bəzən heç özlərinin də mənasını bilmədiyi sözlər deyirlər. Onları yersiz düşmən tutur, kafir bilir, pis ləqəblərlə adlandırırlar. Bu işdə İslam xilafətini zorla ələ alan Müaviyə və onun kimilərə itaət edirlər.

Bəzən deyirlər ki, işə Abdullah ibni Səba adlı bir yəhudinin düzəltdiyi qrupdur. Bəzən də şiənin əslinin zərdüştlərə qayıtmasını deyir, onu yəhud və xristianlardan da xətərli bilirlər. Bəzi vaxt onları təqiyyəyə əməl etdikləri üçün münafiq adlandırır və deyirlər ki, şiə məhrəmlə evlənməyi caiz, müvəqqəti evlənməni, yəni zinanı halal bilirlər. Bəzi vaxt da, “onların müsəlmanların Quranından başqa Quranları var”, – deyirlər. Həzrət Əli (ə) və onun övladları olan imamlara ibadət edir, Mühəmməd (s) və Cəbraili düşmən tuturlar və...

Hər il neçə-neçə özünü əhli-sünnə və camaatın alimi adlandıran adamlardan şiə haqqında çoxlu kitab çap olub əlimizə çatır.

Bu işlərdə onların öz hakimlərini sevindirməkdən başqa məqsədləri yoxdur. Onların rəhbərləri ümmət arasında olan ayrılıq və təfriqədən xoşhal olur, onları necə məhv etmək barədə fikirləşirdilər. Öz yazılarında heç bir dəlilə istinad etmir, yalnız təəssübə əməl edirlər. Tutuquşu kimi nasibilərin və Bəni-Üməyyənin sözlərini yenidən yazır, həm də Yezid və Müaviyəni təriflə xatırlayırlar[75]!!!

Onların ata-babaları Yezid və Müaviyədir. Yezid və Müaviyə öz ardıcılları üçün qızıl və gümüşü su kimi axıtmış, onların vicdanlarını satın almışlar.

Əgər bunlar doğrudan da Peyğəmbər (s) sünnətinin ardıcılları olsaydılar, onun sünnəti olan İslam əxlaqından istifadə edib başqaları ilə ədəblə dolanırdılar. Çünki Peyğəmbər (s) hətta onunla bir əqidədə olmayan adamlarla hörmətlə rəftar etmişdir.

Peyğəmbərin sünnəti demirmi: Müsəlman müsəlman üçün möhkəm binaya bənzəyir. Onun bəzi hissələri o biri hissələrini saxlayır. Ya başqa bir hədisdə: Müsəlman müsəlman üçün bir bədənin yarısıdır. Əgər bədənin bir hissəsinə dərd gələrsə, o biri hissələri ona kömək etməlidir, – deməmişdirmi??

Peyğəmbər (s) aşkar şəkildə buyurmuşdur: Müsəlmanı söymək, onunla döyüşmək küfrdür. Əgər özlərini əhli-sünnə adlandırıran bu yazıçılar Peyğəmbərin sünnətini bilsəydilər, Allahın birliyi ilə Həzrət Mühəmməd (s)-in risalətinə şəhadət verib zəkat, oruc, həcc, namaz, əmr be məruf və nəhy əz münkər edənləri təkfir etməzdilər.

Əməvi və Qüreyş ardıcılları olduqlarına görə cahiliyyət fikirləri ilə danışır, qəbilə əqidəsi, milliyyətçilik əsasında yazırlar. Məşhur atalar sözüdür ki, buyurur:

Əqrəbin sancması deyil kinədən,

bəlkə bir istəkdir təbiətindən

Əhli-sünnə və camaat əgər həqiqətən özlərini Peyğəmbər (s)-in ardıcılı sayırlarsa, onda ona itaət etməlidirlər. Çünki Peyğəmbər (s)-in sözü eynilə Quranın sözüdür ki, buyurur:

قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ

“Ey əhli-kitab! "əlin, sizinlə bizim aramızda bir olan sözə itaət edək.”[76]

Əgər həqiqi əhli-sünnətdirlərsə, gərək öz şiə qardaşlarını bir olan əqidəyə itaətə dəvət etsinlər. Quran və İslam öz yəhudi və xaçpərəst düşmənlərini eyni fikir və əqidəyə itaətə çağırır. Bu yolla onların arasında qardaşlıq yaratmaq istəyir. Belə olan halda, bir dinə, bir Allaha, bir Peyğəmbərə, bir Kitaba, bir axirətə etiqadı olanlar nə üçün dost və qardaş olmamalıdırlar?!!

Nə üçün əhli-sünnə alimləri öz şiə qardaşlarını birliyə dəvət edib, onlarla gözəl bəhslər aparıb (öz fikirlərinə görə) onların düz olmayan fikir və əqidələrini düzəltmirlər?

Nə üçün İslam konfransı təşkil edib hər iki qrupun alimləri oturaraq ixtilafları bütün müsəlmanlar qarşısında bəhs edib, düzü əyridən ayırmırlar?

Bu gün müsəlmanların dörddə üçünü təşkil edən əhli-sünnət çox böyük imkanlara malikdir. Onlar böyük antenlər vasitəsilə bu işləri görə bilərlər.

Amma təəssüflər olsun ki, onlar bu işi görmür və görmək istəmirlər. Elmi bəhslərə hazır deyillər. Qurani-kərim bu işə dəvət edib buyurur:

قُلْ هَاتُواْ بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ

“De: "ətirin dəlillərinizi, əgər düz deyisinizsə.”[77]

Başqa bir ayədə buyurur:

قُلْ هَلْ عِندَكُم مِّنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَا إِن تَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَإِنْ أَنتُمْ إَلاَّ تَخْرُصُونَ

“De: Elminiz vardırmı ki, bizə göstərəsiniz? Siz yalnız öz batil gümanlarınızan itaət edirsiniz.”[78]

Elə buna görə də onlar həmişə söyüş, pis söz və təkfirə əl atıb, töhmət vururlar. Onlar bilirlər ki, dəlil və sübut şiənin əlindədir.

Mən belə fikirləşirəm ki, onlar qorxurlar. Əgər həqiqətlərin üstü açılsa, müsəlmanların bir çoxu şiə olacaqdır. Biz bunu əməldə də görmüşük. Əl-əzhərin bəzi alimləri həqiqəti axtarıb təhqiq etdikdən sonra onu tapmış, “Sələfi-saleh” əqidəsini tərk etmişlər.

Əhli-sünnət alimləri onlar üçün olan xətəri dərk etmişlər. Şiə qarşısında məhv ola biləcəklərini düşünüb onların bəzisi hətta şiələrlə oturmağı da haram etmişdir.

Beləliklə, onların hamıdan çox Peyğəmbərin sünnətindən uzaq olması məlum olur. Onlar daha çox Bəni-Üməyyəyə yaxındırlar. Onlar bütün gücləri ilə ümməti azdırmağa çalışırlar. Çünki özləri meylsiz və çarəsiz olaraq İslamı qəbul etmişlər.

Bu, qüdrətə çatmaq üçün onların imamı sayılan və Peyğəmbərin gözəl səhabələrini öldürən Əbu Süfyan oğlu Müaviyənin sözüdür ki, belə demişdir:

“Mən sizinlə namaz qılıb, oruc tutub, həccə getməyiniz üçün müharibə etməmişəm. Mən sizə hakim olmaq üçün müharibə etmişəm. Allah sizin istəyinizin əksinə olaraq məni arzuma çatdırmışdır.”

Pərvərdigar nə gözəl buyurmuşdur:

إِنَّ الْمُلُوكَ إِذَا دَخَلُوا قَرْيَةً أَفْسَدُوهَا وَجَعَلُوا أَعِزَّةَ أَهْلِهَا أَذِلَّةً وَكَذَلِكَ يَفْعَلُونَ

“Padşahlar şəhərə gəldikləri zaman onun böyüklərini xar edirlər. Bu, onların adətidir.”[79]

ƏHLİ-SÜNNƏ VƏ CAMAAT ŞİƏNİN NƏZƏRİNDƏ



Geri   İrəli
Go to TOP