A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti
Naşir: Faiz
Çap tarixi: 2000
Səhifələrin sayı: 208
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Hədislərin birində oxuyuruq:

Bir şəxs İmam Kazimdən (ə) soruşdu: Zina etmiş və yaxud şərab içmiş yəhudi, məsihi və ya məcusi bir şəxsi tutublar, onun hökmü nədir?

İmam (ə) buyurdu:

يُقامُ عَليْهِ حُدُودُ الْمُسْلِمينَ اِذا فَعَلُوا ذلِكَ فِي مِصْر مِنْ اَمْصارِ الْمُسْلِمِينَ اَوْ فِي غَيْرِ أَمْصارِ الْمُسْلِمينَ اِذا رَفَعُوا اِلى حُكّامِ الْمُسْلِمِينَ

«O, bu günahları müsəlmanlar yaşayan bir yerdə edibsə və yaxud onu bu günahlarına görə mühakimə etmək üçün müsəlman bir qazının yanına gətiriblərsə, bu vaxt islamda olan cəza tədbirləri onun üçün icra olunmalıdır».[72]

Bu cür hadisələr onu göstərir ki, islam dinində cəza tə’yin olunan günahları edən şəxs müsəlman olmasa da, cəzalanmalıdır.

Bu bəhsin sonunda İmam Əlidən (ə) bir hədisə diqqət yetirin:

İmam (ə) buyurur:

شَرُّ النّاسِ مَنْ لا يَعْفُو عَنِ الْهَفْوَةِ وَلا يَسْتُرُ الْعَوْرَةَ

«Camaatın ən pisi o adamdır ki, başqasının səhvinə qarşı güzəşti olmaya və eybləri örtməyə».[73]

HəYASIZLIQ

Mühit pozğunluğuna səbəb olan amillərdən biri də insanların arasında həya pərdəsinin götürülməsidir. Deməli, mühiti sağlamlaşdırmaq üçün islamda tövsiyə olunan «həyanı» qorumalıyıq. İnsanın Allah qarşısında, sair insanlara qarşı və özü qarşısında həya etməsi mühitin sağlamlığına çoxlu kömək edəcəkdir. İslam Peyğəmbəri (s) buyurur:

اِسْتَحْيُوا مِنَ اللهِ حَقَّ الْحَياء

«Allah qarşısında tamamilə həyalı olun».[74]

İmam Əli (ə) buyurur:

اَحْسنُ الْحَياء اِسْتَحْيائُكَ مِنْ نَفْسِكَ

“Ən yaxşı həya, sənin özündən həya etməyindir».

QUR’AN AYəLəRİNDə «HəYA» MöVZUSU

Qur’anda «həya» məfhumuna aid müxtəlif ayələr nazil olub, məsələn:

1. Dil həyası; (“Ən’am», 108).

2. Danışıq həyası; (“Əhzab», 32).

3. Yol gedəndə həyalı olmaq; («Qəsəs», 25).

4. Qonaqlıqda həyalı olmaq; (“Əhzab»,53).

5. Bir yerə baxanda həyalı olmaq; («Nur», 30-31).

6. İqtisadi məsələlərdə həyalı olmaq. («Bəqərə», 273).

7. Camaatın evinə daxil olan zaman həyalı olmaq, (Nur 58-59).

Xülasə İslam dini buyurduğu kimi, «həyanın» bütün növlərinə riayət olunsa yaşadığımız mühit saflaşacaq, əksinə cəmiyyətdə həya sərhəddini pozmaq fəsad və pozğunluğa imkan yaradacaqdır.

LAQEYD OLMAQ

Camaatın yaşadıqları cəmiyyətdə törədilən cinayətlərə və edilən günahlara laqeyd olması mühit pozğunluğuna imkan yaradan daha bir amil hesab olunur. İnsanları yaxşı işlərə də’vət edib, pis işlərdən çəkindirmək cihadı və bu kimi vacib olunan vəzifələr insanlara cinayət və günah qarşısında laqeyd qalmamağı Əmr edib. Yə’ni müsəlmanlar müxtəlif hadisələr qarşısında bir tamaşaçı yox, nəzarətçi olmalıdır. Onlardan hər biri başqasını pis yoldan çəkindirməli və cəmiyyətdə yaxşı işləri yaymağa çalışmalıdır. Lakin onların daha iki mühüm vəzifələri də vardır: «Təvəlli» və «təbərri».

«Təvəlli» Allah dostları olan yaxşı insanları qəlbdən istəmək və onların cəmiyyətdə gördükləri yaxşı işləri təsdiq etməkdən ibarətdir.

«Təbərri» isə Allahın düşmənləri, zalım və qəddar adamlarla düşmənçilik etməyə deyilir.

İslam dinində mövcud olan bu böyük vəzifələr hər bir müsəlmanı yaşadığı mühitdə laqeyd olmaqdan çəkindirir və onları günahla mübarizə edib cəmiyyəti saflaşdırmağa də’vət edir.

GÜNAH QARŞISINDA SÜKUT ETMəK

Günahkar şəxsin günah etməsinə mane olmayıb onun bu işi qarşısında sükut etmək, günaha şərait yaradan daha bir ictimai amildir. Çünki başqalarının günah etməsinə susmaq günahın yayılmasında mühüm rol oynayır. Allah-təala İslam Peyğəmbəri (s) zamanında yaşayan yəhudilərə belə xitab edir: «Siz qatilsiniz». Çünki onlar öz əcdadlarının keçmişdə peyğəmbərləri qətlə yetirmələrinə razı idilər.[75] (Onlar özləri qatil olmasalar da, qatil əcdadlarının çirkin işlərinə razı olduqları üçün qatil hesab olunurlar.)

Hədislərin birində oxuyuruq: İmam Sadiq (ə) öz zamanında İmam Hüseynin (ə) Kərbəlada qətlə yetirilməsinə razı olan adamlara qatil adı verdi.

İmam Sadiq (ə) «Ali-İmran» surəsinin 183-cü ayəsinə istinad edərək buyurdu:

«Bir insanın qətlə yetrilməsinə razılıq verən şəxs özü də qatil hesab olunur.»[76]

Başqa bir misal:

Saleh peyğəmbərin dəvəsini öldürən bir nəfər olsa da, Allah-təala bütün Saleh və Səmud qövmünü öz əzabına düçar edəcəyini bildirib və onların hamısını o dəvənin qatili hesab edir.

İmam Əli (ə) bu mövzunu belə şərh edir:

وَاِنَّما عَقَرَ ناقَةَ ثَمُودَ رَجْلٌ واحِدٌ فَعَمَّهُمْ اللهُ بِالْعَذابِ لَمّا عَمُّوهُ بِالرِّضا

«Saleh peyğəmbərin dəvəsini bir nəfər öldürsə də, Allah-təala o qövmün hamısını cəzalandıracaq. Çünki onların hamısı bu işə razılıq verdilər».

GÜNAHA RAZI OLMAQ BARəDə HəDİSLəR

Bu barədə çoxlu hədislər vardır. Onlardan ikisini burada nümunə gətiririk:

1. İmam Əli (ə) buyurur:

الرّاضِيُ بِفِعْلِ قَوْم كَالدَّاخِلِ فِيهِ مَعَهُمْ وَعَلى كُلِّ داخِل فِي باطِل اِثْمانِ، اِثْمُ الْعَمَلِ بِهِ، واِثْمُ الرّضِي بِهِ

«Bir dəstə camaatın işinə razılıq verən bir şəxs onlarla şərik hesab olunur. Pis iş görən şəxsin isə iki günahı vardır:

a). Pis iş görməyin günahı;

b). Gördüyü pis işə razı olmasının günahı.»

2. Ziyarətnamələrin bə’zisində, o cümlədən İmam Hüseynin (ə) “Ərbəin» ziyarətində belə oxuyuruq:

وَلَعَنَ اللهُ اُمَةً سَمِعَتْ بِذالِكَ فَرَضِيَتْ بِهِ

«Allah lə’nət etsin o camaata ki, sənin qətl xəbərini eşitdilər və buna razılıq verdilər».

GÜNAHIN Və ZÜLMÜN YAYILMASINA KöMəK ETMəK

Günaha şərait yaradan ictimai amillərdən biri də günaha və zülmə kömək etməkdir. Çünki günahkara və zalıma etdiyi işdə kömək etmək onu öz yolunda daha da qüdrətli və sırtıq edir. Bu isə cəmiyyətdə günahın və zülmün çoxalmasına səbəb olur.

Məsələn: Hicabsızlıq ictimai bir günahdır. Başqalarının hicabsızlığa imkan yaratması bu günahın adi bir şəklə düşməsinə səbəb olacaqdır. İslam dinində zülm və günahın yayılmasına kömək etmək qadağan olunub və bu barədə çoxlu xəbərdarlıq verilmişdir. Bu haqda olan bir neçə ayəni nəzərinizə çatdırırıq:

1. «Maidə» surəsinin 2-ci ayəsində oxuyuruq:

تَعاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوى وَلا تَعاوَنُوا عَلَى الاِْثْمِ وَالْعِدْوانِ

«Yaxşı işlər və təqva yolunda bir-birinizlə həmkaralıq edin. Günah və düşmənçilik yolunda heç vaxt bir-birinizlə həmkarlıq etməyin».

Həqiqətdə də belədir. Yaxşı işlərdə həmkarlıq olunsa və pis işlərdə həmkarlıqdan çəkinilsə, cəmiyyətdəki çətinliklərin çox hissəsi həll olar və çoxlu günahların qarşısı alınar.

2. «Hud» surəsinin 113-cü ayəsində oxuyuruq:

وَلا تَرْكَنُوا اِلَى الَّذينَ ظَلَمُوا فَتَمَسَّكُمُ النّارُ

«Zalımlara meylinizi salmayın, yoxsa od tutarsınız».

Yə’ni zalımlarla həmkarlıq etmək, dost olmaq və onların işinə qarşı razı olmaq günahdır. Onlardan uzaq olun və onlarla bütün əlaqəni kəsin.

3. “Ən’am» surəsinin 68-ci ayəsində oxuyuruq:

فَلا تَقْعُدْ بَعْدَ الذِّكْرى مَعَ الْقَوْمِ الظّالِمينَ

«Diqqətli olduqdan sonra zalımlarla oturma».

4. «İnsan» surəsinin 24-cü ayəsində oxuyuruq:

وَلا تَطِعْ مِنْهُمْ آثِماً اَوْ كَفُوراً

«Onlardan kafir və günahkar olan şəxsin sözünə baxmayasan.»

 Ümumiyyətlə, “sözünə baxma”, “sözünə baxmayın” və “tabeçilik etmə” kəlmələri gələn Qur’an ayələrində zalımlara və günahkarlara kömək etmək qadağan olunmuşdur.

Bu barədə hədislərdə də geniş bəhs olunmuşdur. Burada bir neçə hədisə diqqət yetirək:

1. İslam dinində bid’ət qoyan bir şəxsə ehtiram qoyan, onun üzünə gülən və yaxud ona sığınacaq verən hər hansı bir şəxs islam dininin məhv edilməsinə çalışır və belə bir adam Allahın rəhmətindən uzaqdır.[77]

2. Hər kəs zalım bir şəxsin yaşamağını istəsə, onu tə’rifləsə və yaxud ona tə’zim etsə, onun (zalımın) zülmündə şərikdir. Cəhənnəmdə isə Hamanın (tarixdə cinayətkar bir şəxsdir) kənarında olacaqdır.[78]

3. Zalım padşahdan məvacib alan (yə’ni ona xidmət edən) şəxs qiyamət günü donuz sifətində məhşur olacaqdır.[79]

4. Zalım padşahın üzünə diqqətlə baxmaq böyük günahlardan hesab olunur.[80]

5. Zalım bir şəxsin padşah olmasına razı olmaq zülmə kömək etməkdir. Allahın lə’nəti də belə şəxsə şamildir.

6. İslam düşmənlərinə silah satmağın günahı kafir olmaq həddindədir.[81]

7. Qiyamət günü zalımlara və onlara kömək edən şəxslərə, hətta zalımlara kağız-qələm hazırlayanlara belə xitab olunar: «Birlikdə cəhənnəmə daxil olun.»[82]

8. Zalım padşahın əmrini yerinə yetirən insan ən çətin əzabla cəhənnəmə daxil edilər.[83]

9. İslam Peyğəmbəri (s) şərab ilə əlaqədar 10 dəstəni lə’nətləmişdi[84] Bunlar aşağıdakılardır:

1. Şərab düzəltmək məqsədilə üzüm əkən;

2. Şərab düzəltmək məqsədilə əkilən üzümü qoruyan;

3. Şərabı hazırlayan;

4. Şərab içən;

5. Başqalarına şərab verən;

6. Şərab daşıyan;

7. Şərab satan;

8. Şərab alan;

9. Şərab ticarəti ilə məşğul olan;

10. Şərab alverində dəllallıq edənlər.

10. İmam Riza (ə) uzaq yoldan gəlmiş iki qonaqdan birinə buyurdu: Sən namazını bütöv qıl! Çünki zalım padşahın görüşünə gəlmisən.» (Çünki günah işdən ötrü səfər etmiş şəxs namazını qəsr yox, bütöv qılmalıdır).

11. Zalım padşahın sarayında Qur’an oxuyan şəxsə oxuduğu ayələrdəki hərfin hər birinə görə 10 dəfə lə’nət olunur. Eləcə də onun oxuduğu Qur’ana qulaq asan adama hər hərfinə görə 1 dəfə lə’nət olunur.[85]

Bu bəhsi tamamlamaq məqsədilə, İmam Sadiq (ə) və işindən peşman olmuş bir şəxs ilə bağlı əhvalata diqqət yetirək:

Əli ibni Həmzə deyir:

Yaxın dostlarımdan biri şiə olmağına baxmayaraq, Bəni-üməyyə xəlifələrindən birinin sarayında işləyirdi. Bir gün o, məni görüb dedi: «Mənə İmam Sadiqdən (ə) hüzuruna çatmaq üçün icazə al!» Mən onun üçün İmam Sadiqdən (ə) icazə istədim, həzrət də icazə verdi. Birlikdə İmamın hüzuruna çatdıq. Dostum salam verib, əyləşdikdən sonra İmama xitab edərək dedi: «Sənə qurban olum, mən Bəni-üməyyə xəlifələrindən birinin sarayında işçi idim. Bu işdən çoxlu sərvət yığdım. Lakin qiyamət gününün hesab-kitabından qafil idim. İndi nə edim?» (Peşman olmuşam.)

İmam Sadiq buyurdu: “Əgər Bəni-üməyyə xəlifələrinin sarayında heç kim işləməsəydi, müsəlmanların xums və zəkatı onlara verilməsəydi, onları müdafiə etmək üçün vuruşan olmasaydı, onlar biz Əhli-beytin haqqını qəsb edə bilməzdilər. Bəni-üməyyənin belə sərvət yığması, camaatın onlara verdiyi mal-dövlətin nəticəsindədir».

Dostum İmama ərz etdi:

جُعِلْتُ فَداكَ فَهَلْ لِي مِنْ مُخورِجٌ مِنْهُ

«Sənə qurban olum! Mənim üçün çıxış yolu varmı?»

İmam buyurdu: «Sənin vəzifəni desəm, yerinə yetirərsənmi?»

Dostum dedi: «Bəli».

İmam (ə) buyurdu: «Bu yolla qazandığın bütün var-dövlətini araşdır. Sahibini tanıdığın malı sahibinə qaytar, tanımadığını isə Allah yolunda payla».

İmam (ə) sonra buyurdu:

وَاَنَا اَضْمُنُ لَكَ عَلَى اللهِ الْجَنَّةَ

«Bunları etsən, sənin behşitə getməyinə zamin dururam».

Dostum bir qədər fikirləşdikdən sonra İmama söz verdi ki, tapşırılan sözə əməl edəcək.

Əli ibni Həmzə sözünün davamında deyir:

Dostumla birlikdə Kufəyə qayıtdıq. O, Bəni-üməyyə sarayından yığdığı bütün sərvətini bir tərəfə topladı. Hətta geydiyi paltarını da əynindən çıxartdı. Biz onun bu sərvətini İmamın buyurduğu kimi xərclədik. Dostum özünə heç bir şey saxlamamışdı. Onun üçün bir dəst paltar alıb, evinə göndərdik. Bu hadisədən bir neçə ay keçmişdi ki, o xəstələndi, xəstəliyi çox ağır idi. Bir gün yanına gedib, onu can verən halda gördüm. Gözünü açıb mənə baxdı və dedi:

«Ey Əli! Allaha and olsun! Sənin sərvərin (İmam Sadiq (ə)) öz və’dəsinə (behişt) əməl etdi». Bu sözü dedi və dünyasını dəyişdi. Onun dəfn mərasimindən sonra İmam Sadiqin hüzuruna getdim. İmam məni görəndə bu cümləni buyurdu:

 يا عَلِيُّ وَفا لِي وَاللهُ صاحِبُكَ

«Ey Əli! Allaha and olsun ki, sənin dostuna verdiyimiz və’dəyə əməl etdik».

Dedim: «Sənə qurban olum, düz buyurdun. Allaha and olsun dostum ölüm vaxtı bu xəbəri mənə vermişdi.»

GÜNAHKARLA YAXŞI RəFTAR ETMəK

İctimai mühiti pozan amillərdən biri də günahkar şəxsə yaxşı münasibət göstərib, (cəzasız buraxmaq) onu günah işlərə daha meyilli etməkdir. Çünki belə adamla yaxşı rəftar etmək ona qol-qanad verir, bundan əlavə, belə rəftar başqalarının da günaha meyilli olmasına rəvac verir. Bu barədə bir neçə hədisə diqqət yetirək:

1. İmam Əli (ə) Malik Əştərə yazdığı məktubun bir hissəsində buyurur:

وَلا يَكُونَنَّ الْمُحْسِنُ وَالْمُسِيئُ عِنْدَكَ بِمَنْزِلَة سَواء

«Heç vaxt yaxşı adamla günahkar şəxsə eyni gözlə baxma. Çünki onların hər ikisi ilə bir münasibətdə olmaq, yaxşı adamı yaxşı işlərinə meylsiz, pis adamı isə pisliyinə qarşı daha meyilli edər. Bunların hər biri ilə əməllərinə görə qanun çərçivəsində rəftar et!»[86]

2. Başqa bir hədisdə buyurur:

اَلثَّناءُ بِاَكْثَرَ مِنَ الاْسْتِحْقاقِ مَلَقٌ، وَالتَّقْصِيرُ عَنِ الاْسْتِحْقاقِ عِيٌّ اَوْ حَسَدٌ

«Bir şəxsi həddən artıq tə’rifləmək yaltaqlıq, həddindən az tə’rifləmək isə ya acizlikdən, ya da ona həsəd aparmaqdandır».[87]

3. İslam Peyğəmbəri (s) buyurur:

اِذا مُدِحَ الْفاجِرُ اِهْتَزَّ الْعَرْشُ وَغَضِبَ الرَّبُّ

«Günahkar tə’riflənəndə Allahın ərşi titrəyir və Allah qəzəblənir».[88]

4. İslam Peyğəmbəri (s) başqa bir hədisdə buyurur:

اُحْثُوا فِي وُجُوهِ الْمَدَّاحينَ التُّرابَ

«Günahkar şəxsi tə’rifləyənlərin üzünə torpaq atın».[89]

5. İmam Əli (ə) buyurur:

اَمَرَنا رَسُولُ اللهث اَنْ نُلْقِيَ اَهْلَ الْمَعاصِي بِوجُوه مُكْفَهِرَة

«Peyğəmbər (s) bizə əmr etmişdir ki, günahkar adamlarla qaş-qabaqlı davranaq».

6. İmam Sadiq (ə) buyurur:

Allah-təala iki mələyi bir şəhəri alt-üst etmək üçün mə’mur etdi. Onlar şəhərə daxil olanda Allaha dua edən bir kişini gördülər. Onlardan biri Allaha ərz etdi: «İlahi mən bu şəhərdə bir nəfəri Sənə dua edən halda gördüm».

Allah-təala buyurdu:

اِمْضِ لِما اَمَرْتُكَ بهِ فَاِنَّ ذا رَجُلٌ لَمْ يَتَمَعَّرْ وَجْهُهُ غَيْظاً لِي قَطُّ

«Sizə əmr etdiyim işi yerinə yetirin. Çünki bu kişi bir dəfə də olsun Mənə görə günahkarlara qarşı qəzəblənməyib».[90]

 Deməli, Allaha ibadət və dua edən şəxs də bu ümumi bəlaya düçar olmalıdır. Çünki onun günahkarlarla mülayim davranışı, onların günaha daha da batmasına səbəb olurdu. Yeri gəlmişkən deyək ki, kitabın 4-cü hissəsində əmr be mə’ruf və nəhy əz münkər bəhsində bu mövzu haqqında danışacağıq.

LəYAQəTSİZ RəHBəRLəR

Günaha zəmin yaradan ictimai amillərdən biri də nalayiq rəhbərlərin hakimiyyətdə olmasıdır. Eləcə də ölkədə nalayiq işçi və icraçıların olması günahın çoxalmasına artıq tə’sir göstərir. «İsra» surəsinin 16-cı ayəsində oxuyuruq:

وَاِذا اَرَدْنا اَنْ نُهْلِكَ قَرْيَةً اَمَرْنا مُتْرَفِيها فَفَسَقُوا فِيها فَحَقَّ عَلَيْهَا الْقَوْلُ فَدَمَّرْناها تَدْمِيراً

«Hər hansı şəhəri məhv etmək istəsək, dövlətli başçıları doğru yola çağırırıq, əmrimizdən çıxarlar. Onlar əzab çəkməyə layiq olandan sonra bu şəhəri darmadağın edərik».

Bu ayədən belə aydın olur ki, ictimai pozğunluqların çox hissəsi Allahdan xəbərsiz varlılar tərəfindən törənir. Onlar başqalarını istismar edib öz tə’sirləri altına alırlar. Camaat da onların yolunu gedir, nəticədə ilahi əzaba düçar olurlar. Hər halda, insanlar arasında nüfuzlu şəxsiyyətlər cəmiyyətə daha çox tə’sir etməyə malikdirlər. Elə buna görədir ki, hədislərin birində oxuyuruq:

 النّاسُ عَلى دينِ مُلُوكِهِمْ

«İnsanlar öz rəhbərlərinin dinindədirlər».

Başqa bir hədisdə İmam Əli (ə) buyurur:

النّاسُ بِاُمَرائِهِمْ اَشْبَهُ مِنْهُمْ بِآبائِهِمْ

«İnsanlar öz atalarından çox rəhbərlərinə oxşayırlar.»

«Nəhl» surəsinin 100 –cü ayəsində oxuyuruq:

اِنَّما سُلْطانُهُ عَلَى الَّذِينَ يَتَوَلَّوْنَهُ وَالَّذِينَ هُمْ بِهِ مُشْرِكُونَ

«Şeytanın şərri ancaq ona (şeytana) qulaq asanlara və müşriklərə çatar».

Bu ayə onu göstərir ki, şeytansifət rəhbərlərə itaət etmək cəmiyyəti günaha tərəf çəkir, fəsadın və pozğunluğun yayılmasına səbəb olur. «Kəhf» surəsinin 28-ci ayəsində oxuyuruq:

وَلا تُطِعَ مَنْ اَغْفَلْنا قَلْبَهُ عَنْ ذِكْرِنا وَاتَّبَعَ هَواهُ وَكانَ اَمْرُهُ فُرُطاً

«Bizi unudub həvayi-nəfsinə qul olan və hər işində həddi aşan adamlara itaət etmə!»

Bu mövzuya aid bir neçə hədisi nəzərinizə çatdırırıq.

İslam Peyğəmbəri (s) buyurur:

اِنَّما اَخافُ عَلى اُمَّتي ثَلاثاً: شُحّاً مُطاعاً وَهَوىً مُتَّبَعاً وَاِماماً ضالاً

«Ümmətimin üç işindən qorxuram:

a. Paxıllıq etmələrindən.

b. Nəfsani istəklərinə itaət etmələrindən.

v. Nalayiq rəhbərlərə itaət etmələrindən.»

Başqa bir hədisdə İmam Əli (ə) buyurur:

فَلَيْسَتْ تَصْلُحُ الرِّعِيَّةُ اِلاّ بِصَلاحِ الْوُلاة

«Camaatın düz yola gəlməsi onların rəhbərlərinin düz yola gəlməsinə bağlıdır.»

İmam Sadiq (ə) buyurur:

مَنْ اِدَّعى اِمامَةً مِنَ اللهِ لَيْسَتْ لَهُ، وَمَنْ جَحَدَ اِماماً مِنَ اللهِ، وَمَنْ زَعَمَ اَنَّ لَهُما فِي الاِْسْلامِ نَصِيباً

«Allah-təala qiyamət günü üç dəstə insanla danışmaz, onların günahını bağışlamaz və onları çətin əzaba düçar edər:

1. Özlərini yalandan Allah tərəfindən tə’yin olunmuş rəhbər kimi tanıtdıran şəxslər.

2. Allah tərəfindən tə’yin olunmuş rəhbəri inkar edən şəxslər.

3. Bu iki dəstəni müsəlman bilən şəxslər.»[91]

Bir şeyə diqqətli olmaq lazımdır ki, ali rütbəli şəxslərin cəmiyyətdə böyük rolu olduğu kimi, kiçik dövlət işçiləri də öz səviyyələrinə uyğun cəmiyyətdə yer tuturlar. Deməli, onlar düz adam olsalar, rəhbərlik etdikləri cəmiyyətin də doğru yolda, düzgün inkişafını tə’min edəcəklər. Yox əksinə olsa, onların cəmiyyətdə mənfi tə’sir qoyması şübhəsizdir.

İslam Peyğəmbəri (s) buyurur:

«Mənim ümmətimin iki dəstəsi fasid (pozğun) olsa, camaat da fasid olacaqdır. Yox, saleh olsa, camaat da saleh və düz yolda olacaqlar:

اَلْفُقَهاءُ وَالاُْمَراءُ

Din alimləri və ölkə rəhbərləri.»

İslam dinində düzgün ölkə rəhbərlərinin bir xüsusiyyəti də islam qanunlarını düzgün icra etməkdir. Çünki qanunların ölkədə düzgün icrası cəmiyyətdəki hərc-mərcliyin qarşısını müəyyən qədər alır. Əksinə qanunun ümumiyyətlə icra olunmaması, yaxud düzgün icra olunmaması cəmiyyətin sağlamlığına birbaşa mənfi tə’sir göstərir.

Elə buna görədir ki, İslam Peyğəmbəri (s) buyurur:

ساعَةُ اِمام اَفْضَلُ مِنْ عِبادَةِ سَبْعِينَ سَنَةً وَحدٍّ يُقامُ للهِ فِي الاَْرْضِ اَفْضَلُ مِنْ مَطَرِ اَرْبَعِينَ صَباحاً

«Adil rəhbərin bir saat rəhbərlik etməsi, 70 ilin ibadətindən fəzilətlidir. Allahın əmrinə görə bir ilahi qanunun icrasının faydası isə 40 gün yağan yağışdan çoxdur».[92]

İmam Əli (ə) buyurur:

اِنَّ شَرَّ النّاسِ عِنْدَ اللهِ اِمامٌ جائِرٌ ضَلَّ وضُلَّ بِهِ، فَاَماتَ سُنَّةً مَأخُوذَةً وَاَحْيا بِدْعَةً مَتْرُوكَةً

«Allah dərgahında insanların ən pisi özü pis olub, camaatı da pis yola çəkən və gözəl adət-ən’ənələri məhv edib, yerinə pis adət ən’ənələr gətirən dövlət rəhbəridir».

İMAM SƏCCADIN (Ə) SARAY ALİMİNə YAZDIĞI MəKTUB

Məhəmməd ibni Müslüm Zühəri məşhur alimlərdən idi. O, Peyğəmbərin (s) səhabələrindən on nəfərini görüb ziyarət etmişdi. O, hicri tarixi ilə 185-ci ildə Bağdad şəhərində dünyadan köçdü. (Qəbri “Babüttin qəbiristanlığındadır). Məhəmməd ibni Müslüm Zühəri zəmanəsinin zalım padşahları ilə oturub-durur, bə’zi vaxtlar onların məclislərində iştirak edirdi. İmam Səccad (ə) bu işinə görə ona tənbehedici bir məktub yazıb islam dininin belə alimlərə qarşı münasibətini aydınlaşdırdı. O məktubun bir hissəsini nəzərdən keçirək:

«Onların (zalım padşahların) səni özlərinə tərəf çəkməsi sənin (elmi və mə’nəvi cəhətdən) ləyaqətinə görə deyildir. Onlar sadəcə olaraq sənin nüfuzundan sui-istifadə edirlər. Həqiqətən, daha düzgün (e’tiqadlı) alimlər yoxdur. Nadanlıq sənə və onlara qələbə edibdir. Səni onlara bağlı edən şey dünya malına və böyük məqamlara vurğunluqdan başqa bir şey deyil. Nə üçün qəflət yuxusundan ayılmırsan? Niyə öz səhvini başa düşmürsən? (Sən səhvini başa düşsən belə deyərsən:)

«Allaha and olsun! İndiyə kimi bir dəfə də olsun, Allahın dininin müdafiəsindən ötrü və yaxud batil işlərin əleyhinə ayağa qalxmamışam, səsimi qaldırmamışam».

Budurmu, Allahın sənə verdiyi biliyin müqabilindəki vəzifən?!

Mən qorxuram ki, sən də bu ayəyə şamil olasan:

 اَضاعُوا الصَّلوةً وَاتَّبَعُوا الشَّهَواتَ فَسَوْفَ يَلْقَوْنَ غَيّاً

«Namazdan əl çəkdilər, şəhvətlərə uydular. Tezliklə (onlar) cəhənnəmə düşəcəklər».[93]

Bu məktubun başqa bir hissəsində belə oxuyuruq:

اَوَلَيْسَ بِدُعائِهث اِيّاكَ حِينَ دَعاكَ جَعَلُوكَ قُطْباً اَدارُو بِكَ رِحى مَظالِمِهِمْ وَجِسْراً يَعْبرُونَ عَلَيْكَ اِلى بَلاياهُمْ، وَسُلَّماً اِلى ضَلالَتِهِمْ، داعِياً اِلى غَيِّهِمْ...

«Onların səni saraya də’vət etməsi buna görə deyilmi ki, səni dəyirman daşı kimi öz zülmkarlıqlarına vasitə etsinlər?! Onlar səni camaatın başına gətirdikləri bəlalar üçün körpü etmək istəyirlər. Onların məqsədi budur ki, səni bataqlıq yollara körpü etsinlər, sən də onların getdiyi əyri yolu düz yol kimi camaata təbliğ edəsən. Ey dinini satmış alim! Onların sənin əlinlə gördüyü işlər ən təcrübəli vəzirlərin belə əlindən gəlmir. Sən onların pis və yaramaz işlərini ört-basdır edib xalqı onlara tərəf yönəldirsən».[94]

PİS YOLDAŞ



Geri   İrəli
Go to TOP