A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti
Naşir: Faiz
Çap tarixi: 2000
Səhifələrin sayı: 208
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Faris ibni Hatəm zəmanəsinin ən məşhur yalançısı və bid’ətçisi idi. O, xalqı özünün yaratdığı fasid və eybəcər məzhəbə də’vət edirdi. İmam Hadi (ə) Əba Cünəydə onu e’dam etmək fərmanını verdi. İmam Həsən Əskəri (ə) da onun qanını hədər bilib onu öldürənin behiştə getməsinə zamin olduğunu e’lan etdi. Əba Cünəyd o əmri yerinə yetirərək həmin bid’ətçini qətlə yetirdi.[41]

CAMAATI DİNDəN UZAQLAŞDIRAN SöZLəR Və KİTABLAR

İslam fikir azadlığı dinidir. Bu dində bir kəs öz əqidəsini başqasına məcburən qəbul etdirə bilməz. Lakin belə bir sual yarana bilər ki, onda nə üçün bu dinin qayda və qanunlarını rədd edən və islamla mübarizə aparan kitabların oxunması haram və onların satışı qadağandır? Bu sualın qısa cavabı belədir: Bu cür kitabların oxunması islam dinini çox dərindən bilməyən müsəlmanlara haramdır. Çünki onların dünya görüşü və islam dininin kökləri və qanunları haqqındakı fikir səviyyələri aşağı olduğundan belə kitabların oxunması, onların əqidələrinin pozulmasına səbəb ola bilər.

Cəmiyyətdə günaha zəmin yaradan səbəblərdən biri də elə bu növ kitabların oxunmasıdır.

Sualın izahlı cavabı isə belədir: İnsanların bədən qüvvəsi müxtəlif olduğu kimi, onların fikir səviyyələri də eyni deyil. Məsələn, onlardan bə’zisi sadə bir riyaziyyat məsələsini həll etməkdə acizdirlər, amma bə’ziləri isə kompüter sür’əti ilə ən çətin məsələləri belə həll etməyə qadirdirlər.

Buna əsasən yüksək düşüncəyə malik olan (və islam dinini dərindən bilən) alimlər üçün belə kitabların oxunması haram deyil. Çünki onlar öz elmi bilikləri ilə düzgün və batil sözləri bir-birindən seçməyə qadirdilər. Lakin savadı az olan və yüksək bilik səviyyəsinə malik olmayan şəxslərə bu cür kitabların oxunması və yaxud belə sözlər haqqında mə’lumat verilməsi xətərli və zəhərləndiricidir. İslam düşmənləri haqq dinlə mübarizədə bu üsuldan müntəzəm istifadə ediblər və edirlər. Onlar yalan və riya ilə yoğrulmuş fikirlərlə dolu olan belə kitabları yaymaqla müsəlmanları əyri yollara sövq edirlər. Yuxarıda qeyd etdiklərimizin şahidi kimi bu nümunəyə diqqət edək. İslam dini zühur edəndə yəhudi alimləri öz mövqelərini itirəcəklərindən qorxub, Tövratda qeyd olunan və İslam Peyğəmbərinə (s) aid olan əlamətləri dəyişdirdilər. Özlərindən başqa əlamətlər artırdılar ki, guya bu nişanələrə malik şəxs peyğəmbər olacaq! Bu əlamətlər Tövratdakı əlamətlərlə zidd idi. Onların bu işdə məqsədi yəhudi xalqını islam dinindən uzaqlaşdırmaq idi. Əks halda yəhudilər axirəzzəman peyğəmbərə məxsus nişanələri məhz Həzrət Məhəmməddə (səlavatullah) görüb bunu mö’cüzə kimi qəbul edəcək və İslam dininə daxil olacaqlar. (Çünki o əlamətlər İslam Peyğəmbərində (s) var idi). Bu vaxt «Bəqərə» surəsinin 78-ci ayəsi belə alimlərin haqqında nazil oldu.

Allah-təala bu ayədə buyurur:

فَوَيْلُ لِلَّذينَ يَكْتُبُونَ الْكِتابِ بَاَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هذا مِنْ عِنْدِ اللهِ لَيَشْتَرُوا بِهِ ثَمَناً قَلِيلاً فَوَيْلٌ لَهُمْ مِمّا كَتَبَتْ اَيْدِيهِمْ وَوَيْلٌ لَهُمْ مِمّا يَكْسِبُونَ

«Vay o adamların halına ki, əlləri ilə kitabı yazıb sonra onu dəyər-dəyməzinə satmaq naminə «Bu Allahın göndərdiyidir» deyərlər. Vay əllərinin yazdıqlarına! Vay qazandıqlarına».

Bu ayənin təfsirində oxuyuruq:

Bir tacir Fars vilayətinə gəlib Rüstəm və İsfəndiyarın dastanını öyrəndi və Ərəbistana qayıtdı. Qayıtdıqdan sonra o, hər yerdə belə deyirdi: Əgər Məhəmməd Ad və Səmud qövmünün başına gələn faciəni (dindən döndüklərinə görə) deyirsə, mən də Rüstəm və İsfəndiyarın dastanını deyirəm. Bu vaxt «Loğman» surəsinin 6-cı ayəsi bu kişinin məzəmmətində nazil oldu.

TəLQİN Və TABEÇİLİK

Təlqin etmək və bir şəxsə kor-koranə tabe olmaq insanların tərbiyəsində rol oynayan ən mühüm məsələlərdən biridir. Bu iki amildən düzgün istifadə olunsa insanın həyatında yaxşı işlərə meyl etməsinə səbəb olacaq, əks halda isə cəmiyyətdə günahın çoxalmasına gətirib çıxaracaq. Bu iki ifadənin hər birinin ayrı-ayrılıqda izahına diqqət yetirək.

TəLQİN

Qur’anda bə’zi kəlmələr və yaxud ayələr tez-tez təkrar olunmuşdur. Belə təkrarların böyük faydası var. Lakin ən mühüm faydası da odur ki, Qur’an təlqin məsələsindən istifadə edərək, insanları bu ayələrin və ya kəlmələrin haqqında daha çox fikirləşməyə də’vət edir. Misal olaraq, «Allah» və «İlah» kəlmələri Qur’anda 2807 dəfə təkrar olubdur. Yaxud (Allah hər şeyə qadirdir.)

اِنَّ اللهَ عَلى كُلِّ شَـْيء قَدِير

ayəsi və bu məzmunda olan ayələr 45 dəfə gəlmişdir. “Ərrəhman» surəsinin 78 ayəsi var. Bu surədə

فِبَاَيِّ آلاء رَبُّكُما تُكَذِّبانِ

«Elə isə Rəbbinizin hansı ne’mətini danırsınız?» ayəsi 31 dəfə təkrar olunmuşdur.

«Mürsəlat» surəsində aşağıdakı ayə 10 dəfə təkrar olunmuşdur:

وَيْلُ يَوْمَئِذ لِلْمُكَذِّبِينَ

«O gün vay halına haqqı danan şəxslərin!»

Bu ayə «Tur» surəsinin 11-ci və «Mütəffifin» surəsinin 10-cu ayəsində də gəlmişdir. Nəhayət «Qəmər» surəsində aşağıdakı ayə 4 dəfə təkrar olub:

وَلَقَدْ يَسَّرْنا لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِر

«Biz Qur’anı yaddaş üçün asan (sadə) elədik. Kim bu Qur’andan istifadə etmək istəyir». Dediyimiz kimi Qur’andakı bu təkrarlar təlqin üçündür. Yə’ni Allah-təala bu mətləbləri çoxlu təkrar edir ki, bizim qəlbimiz və ruhumuzla qaynayıb qarışsın. Təlqinin izahına Peyğəmbərimizin (s) bir hədisi ilə yekun vururuq:

O həzrət buyurur:

لا تُلَقِّنُوا الْكَذّابَ فَتَكْذِبُوا...

«Yalan danışan adamlara yalanın yolunu təlqin etməyin (öyrətməyin). Necə ki, Yə’qub peyğəmbər öz oğlanlarına canavarın insanı da yeməsini öyrətməsəydi, onlar bunu bilməzdilər». (Nəticədə qardaşları Yusifi quyuya atdıqdan sonra atalarına yalandan «onu canavar yedi» xəbərini verməzdilər).

TABEÇİLİK

Günahın yaranmasının mühüm amillərindən biri də başqasına gözü bağlı, kor-koranə tabeçilik edib onun sözünə qulaq asmaqdır. Bir kimsəyə tabe olmağın bir neçə növü var:

1. Alimin alimə tabeçiliyi.

2. Alimin nadan (cahil) şəxsə tabeçiliyi.

3. Nadanın nadana tabeçiliyi.

4. Nadan şəxsin alimə tabeçiliyi.

Bunların arasında nadanın alimə tabeçilik etməsi daha düzgündür. Birinci növ tabeçilik isə bə’zi vaxtlar düzgün, bə’zi hallarda isə səhv nəticələr verir. Lakin cahil və nadan şəxsin başqa bir nadana tabe olması, yə’ni onun hər əmrinə kor-koranə tabe olması və eləcə də alimin nadana itaət etməsi gözübağlı tabeçilik adlanır. Bu növ tabeçilik bə’zi hallarda cəmiyyətdə ən ağır cinayətlərə səbəb olur. Gözübağlı tabeçilik o deməkdir ki, insan həyatda müstəqil olmasın və həmişə başqalarına zillətli bir bağlılıqla yaşasın. Bu isə insanın həyatının puç və mə’nasız olmasına gətirib çıxaracaq. «İbrahim» surəsinin 10-cu ayəsində oxuyuruq: «Allahın peyğəmbərləri camaatı bütlərə yox, yeganə Allaha pərəstiş etməyə də’vət edirdilər. Bütpərəstlər isə onların cavabında deyirdilər:

اِنْ اَنْتُمْ اِلاّ بَشَرٌ مِثْلُنا تُرِيدُونَ اَنْ تَصُدِّونا عَمّا كانَ يَعْبُدُ آبائُنا

«Siz də bizim kimi sadəcə bir bəşərsiniz. İstəyirsiniz bizi ata-babalarımızın dinindən döndərəsiniz».

Keçmiş ata-babalara gözü bağlı, kor-koranə tabe olmaq və onların yolunu davam etdirmək müşriklərin peyğəmbərlərin qarşısında əsassız məntiqləri və dəlilləri idi. Elə məhz bu cür mənfi fikirlər onlara öz əxlaqsızlıqlarından və əyri yollarından dönüb islam dinini qəbul etməyə icazə vermirdi.

«Bəqərə» surəsinin 170-ci ayəsində oxuyuruq:

وَاِذا قِيلَ لَهُمْ اِتَّبِعُوا ما اَنْزَلَ اللهُ قالُوا بَلْ نَتَّبِعُ ما اَلْفَيْنا عَلَيْهِ آبائَنا

«Onlara Allahın göndərdiyinə tabe olun»-deyiləndə, «xeyr, biz ata-babalarımızın getdiyi yola tabe oluruq»-deyərlər.»

ŞəXSİYYəTə PəRəSTİŞ HAQQINDA

Günahın cəmiyyətdə mədəni proseslərlə bağlı amillərindən biri də şəxsiyyətə pərəstişdir. Aydın məsələdir ki, hər bir insanın həyatında yüksək məqsədlərə nail olması üçün kamil bir nümunə insan, yə’ni ideal olmalıdır. Belə nümunə liderlər insanın tərbiyəsində mühüm rol oynayırlar. Çünki insanın təbiəti elədir ki, o, həyatının bütün sahələrində nümunə tapmaq istəyir, yə’ni kimdənsə örnək almaq istəyir. Bunun üçün çalışır. Lakin əgər cəmiyyət düzgün mədəniyyətə malik olmasa, yalan və məcazi nümunələr həqiqi və düzgün nümunələri (liderləri) əvəz edəcəkdir. Bunun nəticəsində isə insanların tərbiyəsində böyük bir faciə baş verəcəkdir. Qur’anda düzgün tabe olmaq mə’nasını verən (kamil nümunə) ifadəsi üç dəfə təkrar olunmuşdur: “Əhzab»-1, «Mümtəhinə» 4-5. Qeyd edilən ayələrin hər üçündə İslam Peyğəmbəri (s) və İbrahim peyğəmbər insanlara nümunəvi şəxsiyyətlər kimi tanıtdırılmışlar. Biz insanlar isə diqqətli olsaq, görərik ki, yalançı və qondarma şəxsiyyətə malik olan insanlar həmişə cəmiyyətdə böyük bəlalar, fəsadlar və günahlara səbəb olublar. Deməli, həyatımızda ideal nümunə seçməkdə ehtiyatlı olmalıyıq.

HAQQI GİZLəTMəK

Günahın mədəniyyətlə bağlı səbəblərindən biri də həqiqətin, yüksək səviyyəli elmi biliyin və yaxud hər hansı bir mə’nəvi dəyərin ört-basdır edilməsidir. Bunun nəticəsi isə cəmiyyətdə haqqın və ədalətin, yüksək əxlaqi keyfiyyətlərin aradan getməsi olacaqdır. Qur’an, Allah təbarək və təala tərəfindən gələn həqiqətləri gizlədənlərlə mübarizə aparmışdır. «Bəqərə» surəsinin 42-ci ayəsində oxuyuruq:

وَلا تَلْبِسُوا الْحَقَّ بِالْباطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَاَنْتُمْ تَعْلَمُونَ

«Haqqa nahaq (batil) don geyindirməyin, haqqı bilərəkdən gizlətməyin».

Bu surənin 159-cu ayəsində isə haqqı gizlədən şəxslər, Allahın lə’nətinə düçar olanlar kimi qeyd olunmuşlar.[42]

İslam Peyğəmbəri (s) buyurur:

مَنْ سُئِلَ عَنْ عِلْم يَعْلَمُهُ فَكَتَمَ لُجِمَ يَوْمَ الْقِيامَةِ بِلُجام مِنْ نار

«Hər bir şəxsdən bildiyi bir mətləb soruşulduqda o, cavab verməkdən boyun qaçırsa, qiyamət günü atəşdən olan ip onun boynuna atılacaq».[43]

GÜNAHIN AİLə MÜHİTİ İLə BAĞLI AMİLLəRİ

İnsanı günaha tərəf yönəldən daha bir mühüm amil ailə və ətraf mühitin pis olmasıdır. Əksinə, yaxşı ailə insanı günahdan çəkindirməkdə böyük tə’sirə malikdir. İslam dini insanların tərbiyəsində çox diqqətli və hər tərəfli bir dindir. Bu dində ailənin düzgün bünövrə ilə qurulması və yaxşı nəticələrə çatması üçün çoxlu göstərişlər verilmişdir. Bu göstərişlərə düzgün və dəqiq riayət olunsa, ailənin parlaq gələcəyi olacaqdır. Bu göstərişlər aşağıdakılardır:

1. İrsiyyət qanununa diqqət vermək.

2. Düzgün və dini qayda-qanunlara əsasən ailə həyatı qurmaq.

3. Uşaqların İslam qayda-qanunları ilə tərbiyəsi.

4. Yeməyin halal və ya haram olmasına diqqət yetirmək.

1. İRSİYYəT QANUNUNA DİQQəT YETİRMəK

Uşaqların zahiri görünüşdə olduğu kimi, ruhi və mə’nəvi xüsusiyyətləri də ata və anadan irs aparılır. Bu həm dini, həm də elmi baxımdan təsdiq olunmuş bir məsələdir. Misal üçün, şücaətli, iffətli, möhkəm iradəli və dindar ata-ananın övladlarının da bu sifətlərə malik olmasında irsiyyətin mühüm rolu vardır. Əksinə ata və ananın qorxaq, napak, süst iradəli və s. olması bu sifətlərin onların övladlarında da yaranmasına zəmin yaradır. Mətləbin daha da aydınlaşması üçün bir ayə və neçə hədisi nəzərdən keçiririk:

1. Qur’anda Nuh peyğəmbərin öz qövmünə qarğış etməsi barədə belə oxuyuruq:

«Ya Rəbb! Kafirlərdən heç birini yer üzündə saxlama. Çünki əgər onları diri saxlasan, Sənin bəndələrini haqq yolundan çıxaracaqlar. Onların özlərindən isə fəsad törədən və kafir nəsil yaranacaq».

 Bu ayədə ata-anadakı xüsusiyyətlərin irsən övlada keçməsinə işarə olunmuşdur. Yə’ni napak ata-anadan, napak övladlar dünyaya gələcəklər.

2. İmam Hüseynin (ə) ziyarətnaməsində oxuyuruq:

اَشْهَدُ اَنَّكَ كُنْتَ نُوراً فِي الاَْصْلابِ الشّامِخَةِ وَالاَْرْحامِ الْمُطَهَّرَةِ لَمْ تُنْجِّسْكَ الْجاهِلِيَّةُ بِاضنْجاسِها وَلَمْ تُلْبِسْكَ مِنْ مُدْلَهِمّاتِ ثِيابِها

«Şəhadət verirəm ki, sən böyük mənzilətli kişilərin sülblərində və iffətli anaların pak bətnlərində bir nur idin. Cahiliyyət dövrü (İslam dininin zühurundan qabaqkı dövr ki, camaat mə’nəvi cəhətdən çox aşağı dərəcədə idilər) səni öz pislikləri ilə bulaşdırmadı. Və özünün (iyrənc) paltarını sənə geyindirmədi».

 Ziyarətnamələrdə bu məşhur cümlələr mə’sum imamların ata-analarının təmiz və təmiz nəsildən olmalarını göstərir. Mə’sum imamlar bu cəhətdən də pakdırlar. Onlara bu paklıq öz ata-analarından irsən keçmişdir.

3. İslam Peyğəmbəri (s) buyurur:

اَلشَّقِيُّ شَقِيٌّ فِي بَطْنِ اُمِّهِ، وَالسَّعِيدُ سَعِيدٌ فِي بَطْنِ اُمِّهِ

«Bədbəxt insan öz anasının bətnində bədbəxtdir. Xoşbəxt insan isə öz anasının bətnində xoşbəxtdir».

Bu hədisin mə’nası odur ki, ata-anadakı mənfi və ya müsbət keyfiyyətlər övlada irsən keçərək onların gələcəkdəki bədbəxtlik və ya xoşbəxtliyinə zəmin yaradır. (Yə’ni ata-ananın bədbəxt və ya xoşbəxt olması onların övladlarına da müəyyən dərəcədə tə’sir edir.)

4. Şücaətli qadınla evlənmək

İmam Əli (ə) öz həyat yoldaşı Həzrəti Fatimeyi Zəhranın (s) şəhid olmasından sonra yenidən ailə qurmaq qərarına gəldi. Qardaşı Əqil tayfa və qəbilələri yaxşı tanıdığından həzrət ona müraciət edib dedi: Şücaətli və qorxmaz tayfadan bir olan qadınla evlənmək istəyirəm.

Əqil dedi: Nə üçün bu xüsusiyyətə malik olan bir qadınla evlənmək istəyirsən?

İmam Əli (ə) buyurdu: Ona görə ki, ondan olan övlad da şücaətli olsun.

Əqil dedi: Belə bir qadın Bəni-kilab qəbiləsindən olan Fatimə (Ümmül-bənin) Hizam ibni Xalid ibni Rəbiənin qızıdır. Həm də ərəblərin arasında səndən başqa bir şəxs bu tayfanın şücaətinə çatmaz.

Əqil Ümmül-bəninə elçilik etdi və İmam Əli (ə) onunla ailə həyatı qurdu. Bu qadından olan bütün uşaqlar çox şücaətli və qəhrəman uşaqlar idilər. Sonralar onlardan bə’ziləri Kərbəlada şəhid oldular. Onlardan ən məşhuru isə Həzrət Əbbas (Qəməri Bəni-Haşim) idi. Deməli, bu övladlara şücaət həm ata, həm də analarından irsən keçmişdi.

5. İmam Əli (ə) Malik Əştərə yazdığı məktubunda ona təmiz və pak nəsildən olan insanlarla əlaqə saxlamağını tapşırır.

Məktubun bir hissəsində belə oxuyuruq:

ثُمَّ الْصَقْ بِذَوي الْمُرؤُئاتِ وَالاَْحْسابِ وَاَهْلِ البُيُوتاتِ الصّالِحَةِ

«Həmişə şəxsiyyətli, əsil nəcabətli və təmiz ailədən olan şəxslərlə əlaqə saxla».

Məktubun başqa bir yerində isə oxuyuruq:

وَتَوَخَّ مِنْهُمْ اَهْلَ التَّجْرِبَةِ وَالْحَياءِ مِنْ اَهْلِ الْبُيُوتاتِ الصّالِحَةِ وَالْقَدَمِ فِي الاِْسْلامِ

«Sənin işçilərin ən təcrübəli və təmiz ailədən, həmçinin İslam dinində qabaqcıl şəxslərdən olmalıdır».

İmam Əlinin (ə) bu sözündən belə nəticə çıxarmaq olar ki, mühüm vəzifələrə, bu xüsusiyyətlərə malik olan şəxslər yiyələnməlidirlər.

6. İmam Əli (ə) buyurur:

حُسْنُ الاَْخْلاقِ بُرْهانُ كَرَمِ الاْعْراقِ

«Gözəl əxlaqlı olmaq insanın damarlarının (genlərinin) yaxşılığını göstərir».

Damarların yaxşılığı isə ailənin paklığı və təmizliyinə işarədir ki, övlada bu təmizlik ata-anasından irsən keçir.

«CƏMƏL» MÜHARİBəSİNDəN BİR XATİRə

Cəməl müharibəsi hicri-qəməri tarixi ilə 36-cı ildə Bəsrə şəhərinin ətrafında İmam Əlinin qoşunu ilə Ayişə, Təlhə və Zübeyrin qoşunu arasında baş verdi. Müharibənin qızğın yerlərinin birində İmam Əli (ə) öz oğlu Məhəmməd Hənəfiyyəyə «hücum et!» fərmanını verdi. Düşmən tərəfindən atılan oxların sayı o qədər çox idi ki, Məhəmməd Hənəfiyyə hücum əmrini yerinə yetirmək üçün düşmən hücumunun dayanmasını gözləməli oldu. Lakin bu vaxt atasından yenidən hücum əmrini eşitdi. Məhəmməd Hənəfiyyə düşmən oxları altında əks-hücuma keçdi, lakin atılan oxlar onu irəli getməyə qoymadı. Həzrət Əli (ə) bunu gördükdə onun yanına gəlib dedi:

اَدْرَكَكَ عِرْقٌ مِنْ اُمِّكَ

«Bu (qorxaqlıq) anandan sənə irs keçib».

HARAMDAN DOĞULAN UŞAĞIN əLAMəTLəRİ

İmam Sadiq (ə) buyurdu:

Haramdan doğulmuş uşağın bir neçə əlaməti var:

1. Peyğəmbərin (s) nəsli olan biz Əhli-beytə düşmənçilik edər.

2. Yad qadınlarla kəbinsiz əlaqədə olmağa (zinaya) meyilli olar.

3. Dini yüngül sayar.

4. Camaatla pis rəftar edər.

Deməli, bünövrəsi qanunsuz işlə qoyulmuş şəxsdə, günaha və qanunsuz hərəkətlərə meyl daha çoxdur.

Bu bəhsdən belə nəticəyə gəlirik ki, «irsiyyət qanunu» islam dinində və müasir elmdə isbata ehtiyacı olmayan bir məsələdir. Yə’ni insanın qanunsuz yolla dünyaya gəlməsi onda günaha meylli olmağa və günah işlər görməyə zəmin yaradır.

2. DÜZGÜN AİLə HəYATI QURMAQ

İctimai həyatda ən zəruri məsələlərdən biri də ailə həyatı qurmaqdır. Ailə kiçik cəmiyyətdir. İslam dinində də bu məsələnin düzgün həlli həmişə diqqət mərkəzində olmuşdur. Dinimizdə bunun daha səmərəli nəticələr verməsi üçün bə’zi məsələlərin də dürüst həlli vacibdir. Bunlardan birincisi yaxşı həyat yoldaşı tapmaqdır. Çünki seçilmiş ailədən çıxmış, yaxşı tərbiyə almış ana, övladının da düzgün tərbiyələnməsi yolunda çalışacaq, buna nail olmağa can atacaqdır. Eləcə də pis və əxlaqsız anadan tərbiyəli övlad yetişməsi gözlənilmir. Buna görə ki, cəmiyyətdə günaha şərait yaradan amillərdən biri də pis analardır. Çünki analıq hisslərindən məhrum olan, yalnız özü üçün yaşayan qadınlar cəmiyyətə tərbiyəsiz, əxlaqsız övlad təhvil verirlər. Bu da yeni günahların yaranmasına meydan açır. Bu barədə bir neçə hədisə diqqət yetirək:

1. İslam Peyğəmbəri (s) camaatla söhbətlərinin birində buyurur:

اَيُّها النّاسُ اِيّاكُمْ وَخَضْراءِ الدَّمَنِ، قِيلَ يا رَسُولَ اللهِ وَما خَضْراءُ الدَّمَنِ؟ قالَ: اَلْمَرْأَةُ الْحَسْناءِ فِي مَنْبَتِ السُّوء

Ay camaat! Yerdən çıxan çirkin bitkilərdən yeməyin.

Orada olanlardan biri soruşdu:

«Ey Allahın Peyğəmbəri (s); o bitkilər hansılardır?»

Peyğəmbər (s) buyurdu:

«Pozğun ailədən çıxmış gözəl qadın».

2. Bir şəxs İslam Peyğəmbərinin (s) yanına gəlib evlənmək barədə o həzrətlə məsləhətləşdi. Peyğəmbər (s) buyurdu:

اَنْكِحْ وَعَلَيْكَ بِذاتِ الدِّينِ

«Evlən! Lakin dindar qadınla evlən».

3. İmam Əli (ə) buyurur:

اِيّاكُمْ وَتَزْويجَ الْحَمْقاءِ فَاِنَّ صُحْبَتَها بَلاءٌ، وَوَلَدها ضِياعٌ

«Ağılsız qadınla evlənməyin». Çünki onunla bir yerdə olmaq bəladır və onun övladları pis yolda olacaqlar».

4. İslam Peyğəmbəri (s) buyurur:

خَيْرُ نِسائكُمْ الْعَفِيفَةُ الْغُلْمَةُ

«Sizin xanımlarınızın ən yaxşısı o xanımdır ki, cinsi istəkləri çox və ismətli olsun».

5. İmam Sadiq (ə) buyurur:

مَنْ زَوَّجَ كَرِيمَتَهُ مِنْ شارِبِ خَمْر قَطَعَ رَحِمَها

«Qızını şərab içən şəxsə ərə verən adam o qızından nəslini kəsmiş bilsin».

O Həzrət başqa bir hədisdə buyurdu: «Şərabın Allah tərəfindən haram buyurulmasından sonra və bunun mənim vasitəmlə xalqa çatdırılmasından sonra şərab içən şəxsə qız verməyin. Çünki o ləyaqətsiz bir insandır.»[44]

6. İmam Sadiq (ə) buyurdu:

طُوبى لِمَنْ كانَتْ اُمُّهُ عَفِيفَةً

«İsmətli və iffətli anası olan şəxsin xoş halına!»

3. ÖVLADIN İSLAM QAYDA-QANUNLARINA əSASəN TəRBİYəSİ

İslam dinində ən mühüm vəzifələrdən biri də övladın islami qayda və qanunlar əsasında tərbiyəsidir. Düzgün tərbiyə övladı insani dəyərlərə yönəldən mühüm amildir. Əksinə övladın ümumiyyətlə tərbiyə olunmaması və yaxud düzgün tərbiyə olmaması, onu günaha və pozğunluqlara tərəf çəkir. Bağında yeni ağac əkən bağbanın vəzifəsi ona vaxtlı-vaxtında qulluq edib, lazım olan şəraiti onun üçün yaratmaqdır. Ata-ana da öz övladlarının yaxşı tərbiyə alması üçün bütün vasitələrdən istifadə etməyə çalışmalıdır. Çünki bu işdə səhlənkarlıq və diqqətsizlik övladların pis yollara düşməsi ilə nəticələnə bilər.

Qadının üç mühüm vəzifəsi vardır. “Ərini razı salmaq, evin işlərinə baxmaq, övladlarının tərbiyəsi ilə məşğul olmaq». Əgər o, bu üç mühüm vəzifəni düzgün şəkildə yerinə yetirsə, ailə həyatındakı bütün çətinliklər aradan qalxacaq və onlar xoşbəxt bir ailənin üzvü olacaqlar. Ananın bu üç vəzifəni layiqincə yerinə yetirməsi uşağın tərbiyəsinin bünövrəsini təşkil edir. Kişinin də vəzifəsi bu üç mühüm işi yerinə yetirmək üçün əlindən gələn qədər öz həyat yoldaşına kömək etməsidir.

Övladın tərbiyəsində ata və ana hər ikisi məs’ul olsalar da ananın məs’uliyyəti daha çoxdur. Çünki o, övladı ilə daha çox ünsiyyətdədir. Hətta övladı bətnində olarkən belə, onun tərbiyəsində tə’sirli rolu var. Hər halda həm atanın, həm də ananın övladların tərbiyəsindəki mühüm rolu danılmazdır.

İslam Peyğəmbəri (s) bu barədə buyurur:

كُلُّ مَوْلُود يُولَدُ عَلَ الْفِطْرَةِ حَتّى لِيَكُونَ اَبَواهُما اللَّذانِ يُهَوِّدانِهِ وَيُنَصِّرانِهِ

«Hər bir uşaq doğulan zaman islam fitrətində doğulur. Lakin sonralar ata və anasının tə’siri nəticəsində yəhudi və ya məsihi olur».[45]

O Həzrət başqa bir hədisdə buyurur:

رَحِمَ اللهُ عَبْداً اَعانَ وَلَدَهُ عَلى بِرِّهِ بِالاْحْسانِ اِلَيْهِ، وَالتَّألُّفِ لَهُ وَتَعْلِيمِهِ وَتَأْدِيبِهِ

«Allah rəhmət etsin o şəxsə ki, övladı ilə ünsiyyət yaratmaqla və ona tə’lim-tərbiyə verməklə onun xoşbəxt olmasına kömək edir».[46]

Yenə o Həzrət buyurur:

رَحِمَ اللهُ والِدَيْنِ اَعانا وَلَدَهُما عَلى بِرِّهُما

«Allahın rəhməti olsun elə ata-anaya ki, övladlarına səadətə çatmaq yolunda kömək edərlər».[47]

İmam Əli (ə) isə buyurur:

وَحَقُّ الْوَلَدِ عَلَى الوالِدِ اَنْ يُحْسِّنَ اِسْمَهُ، وَيُحِسِّنَ اَدَبَهُ، وَيُعَلِّمهُ الْقُرْآنَ

«Atanın övlada qarşı vəzifəsi budur ki, onun üçün yaxşı ad qoysun, ona yaxşı tərbiyə versin və ona Qur’an öyrətsin».[48]

AİLəDə MEHRİBANLIQ YARATMAQ

Övladın düzgün tərbiyə olunmasında ailədə olan mehribanlıq və səmimiyyət qədər tə’sirli amil yoxdur. Ata və ana övladlarının tərbiyə aldığı mühiti öz mehribanlıqları ilə sağlam saxlamalıdırlar. Çünki uşağın tərbiyəsində birinci şərt, ailənin daxili sağlamlığıdır. Ailədə mehribanlığın yaranması üçün isə birinci şərt ata və ananın bir-birinə qarşılıqlı məhəbbət bəsləmələridir.

İslam Peyğəmbəri (s) buyurur:

خَيْرُكُمْ خَيْرُكُمْ لاَِهْلِهِ وَاَنا خَيْرُكُمْ لاَهْلِي

«Öz ailəsi ilə mehribanlıqla davranan şəxs sizlərin ən yaxşısıdır. Mən özüm də beləyəm (ailəmlə mehriban davranıram).»

Biharül-ənvar kitabında (103-cü cild, 223-226-cı səhifələr) insanın öz həyat yoldaşına məhəbbət bəsləməsi haqqında çoxlu hədislər vardır. Bu hədislərin birində İmam Sadiq (ə) buyurur:

«Bizim dostlarımız o şəxslərdir ki, öz həyat yoldaşlarına daha çox məhəbbət bəsləyirlər».

O həzrət başqa bir hədisdə buyurur:

«Peyğəmbərlərin gözəl xüsusiyyətlərindən biri budur ki, onlar öz həyat yoldaşlarına məhəbbət göstərərdilər».

Bir şəxs Peyğəmbərin (s) hüzurunda ikən dedi:

 «Ömrümdə heç vaxt uşaq öpməmişəm».

O şəxs gedəndən sonra Peyğəmbər (s) buyurdu:

هذا رَجُلٌ عِنْدي اِنَّهُ مِنْ أَهْلِ النّار

«Mənim nəzərimcə, bu kişi cəhənnəm əhlidir.»

Yunis ibni Ribat deyir: İmam Sadiq (ə) Peyğəmbərdən (s) belə bir hədis nəql etdi:

رَحِمَ اللهُ مَنْ اَعانَ وَلَدَهُ عَلى بِرِّهِ

«Allahın rəhməti olsun o şəxsə ki, övladına yaxşı işlər görməkdə kömək etsin.»



Geri   İrəli
Go to TOP