A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti
Naşir: Faiz
Çap tarixi: 2000
Səhifələrin sayı: 208
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


«Cəməl» müharibəsində İmam Əlinin (ə) qoşunundan bə’ziləri bu müharibəni qardaş qırğını adlandırmaqla müharibəyə getmədilər. Onlardan bə’zisi İmam Əlini (ə) «Cəməl» müharibəsini törədənlərlə mübarizə apardığına görə tənqid atəşinə tuturdular. İmam Əli (ə) bu müharibədə Cəməl qoşununu aşkarda lə’nətlədi. Bu zaman İmamın qoşunundan bir nəfər o Həzrətə müraciət edərək dedi: Cəməl qoşununda olan mö’minləri öz lə’nətindən istisna et! İmam Əli (ə) bu sözü eşidəndə o şəxsə xitab etdi və buyurdu:

وَيْلَكَ ما كانَ فِيهِمْ مُؤْمِنٌ

 «Vay olsun sənə! Onların arasında mö’min yoxdur»

Həmçinin «Siffeyn» müharibəsində də bə’ziləri «Müsəlmanları öldürmək düz deyil» bəhanəsi ilə İmam Əlinin (ə) köməyinə gəlmədilər. İmam Əli (ə) belə yersiz bəhanələri rədd edir və deyirdi: Müaviyə və onun qoşunu müsəlman deyillər. Onlar zahirdə islam dinini qəbul etmiş kafirlərdir. Lakin bunu gizlədirlər.

 Müharibə gedən zaman bir şəxs Əmmar Yasirə dedi: «Peyğəmbər (s) buyurmuşdur ki, «Kafirlərlə vuruşun, amma onlar müsəlman olsalar, canları və malları amandadır». Əmmar dedi: «Düzdür, Peyğəmbər (s) belə bir kəlam buyurmuşdur. Lakin Müaviyənin dəstəsi müsəlman deyillər. Onlar özlərini müsəlman kimi qələmə verirlər. Amma həqiqətdə kafirdirlər».

İmam Əlinin (ə) etdiyi bu müharibələrdən bir neçə il sonra da yanlış fikirlilər bu müharibələri müsəlmanlara qarşı müharibə adlandırırdılar. İmam Baqir (ə) belə şəxslərin cavabında buyurur:

لَوْ اَنَّ عَلِيّاً قَتَلَ مُؤْمِناً واحِداً لَكانَ شَرّاً عِنْدي مِنْ حِمارِي هذا

 «İmam Əli (ə) bir (zahiri) mö’mini qətlə yetirirdisə, o mö’min mənim nəzərimdə bu ulaqdan (öz ualğına işarə edərək) pisdir.»

DAHA BİR DəHŞəTLİ BəHANə

1945-ci ildə Yaponiyanın iki şəhəri Amerika cinayətkarları tərəfindən atılan atom bombasına mə’ruz qaldı. Amerika prezidenti Trumenin fərmanı ilə birinci atom bombası Xirosima şəhərinə atıldı. Bu partlayışın nəticəsində 150 min nəfər həlak oldu. Bu partlayışdan üç gün sonra isə ikinci bomba Naqasaki şəhərinə atıldı. Bu dəfə də partlayış nəticəsində çoxlu insan tələfatı oldu.

Trumen beynəlxalq aləmdə özünün bu dəhşətli əməlinə haqq qazandırmaq məqsədi ilə belə bir arayış verdi:

«Mən bu fərmanı yüz minlərlə Amerika əsgərinin, təyyarəçisinin, gəmiçisinin canını qurtarmaq üçün verdim».

Beləliklə, Trumen bu aydınlaşdırma ilə özünün ləkəli vicdanını bütün dünya xalqlarının nəzərində pərdələmək istədi. Lakin çox çəkmədi ki, dünyanın sülhsevər insanları ayağa qalxıb onun bu cinayətini məhkum etdilər və bu qara ləkə əbədi olaraq onun adının üstünə yazıldı.

Hörmətli oxucular, söylədiyimiz bu hadisələr tarix boyu gətirilən bəhanə və üzrlərin bir qismi idi.

Mö’minlər və bütün vicdanlı insanlar çalışmalıdırlar ki, bu cür bəhanələri ilə nə özlərini, nə də başqalarını aldatmasınlar.

GÜNAHIN SəRHəDLəRİNİ TANIMAQ

Günahın sərhədlərini tanımaq günah haqqında edilən mühüm bəhslərdən biridir. Başqa sözlə, bə’zi hallarda yaxşı işləri pis işlərdən ayırmaq çətindir. Elə buna görə də bə’zi şəxslər günahların sərhəddini tanımadıqları üçün günah işləri həqiqi əməl kimi görüblər. Və yaxud əksinə; çox yaxşı və bəyənilən bir işi günah bilib tərk ediblər. Nəticədə belə səhvlər onların həyatına çox pis tə’sir bağışlayıb. Əvvəlcə biz xülasə şəkildə bu bəhsdə olan bir neçə ünvana işarə edəcəyik. Sonra isə bunlardan birini geniş şəkildə araşdıracağıq.

Sərhədləri yaxın olan aşağıdakı bir neçə ünvana diqqət yetirək:

1. Zəlil olmaq; - Təvazökarlıq etmək.

2. Vüqarlı və izzətli olmaq; - Təkəbbürlü və lovğa olmaq.

3. Dünyaya vurğun olmaq; - Siyasətçi olmaq.

4. Paxıllıq (həsəd); - Qənaət.

5. Sükut; - Özünü ələ almaq.

6. Qorxmazlıq; - Şücaət

7. Təbii ehtiyacları tə’min etməmək; - İsmətli olmaq.

8. İsrafçılıq; - Səxavətli olmaq.

9. Müsavat; - Ədalət.

10. Tərki-dünyalıq; - Dünya yaşayışına vurğun olmamaq.

11. Tənbəllik; - Allaha təvəkkül etmək.

12. Yaltaqlıq; - Başqasını doğrudan tə’rifləmək.

13. Rüşvət; - Hədiyyə.

14. Başqasının zülmünə təslim olmaq; - Məcburi təslim olmaq.

15. Qeybət etmək; - Pis adamları ifşa etmək.

16. Haqq qarşısında dayanmaq; - Nahaq qarşısında mübarizə etmək.

17. Dünya malına həris olmaq; - Ailə-uşağının ehtiyaclarını ödəmək üçün çalışmaq.

18. Aciz olmaq; - Səbirli olmaq.

Çox vaxt bə’zi şəxslər söylədiyimiz bu xarakterləri bir-biri ilə səhv salırlar. Misal üçün, qənaət adı ilə paxıllıq edirlər. Səxavətli olmaq adı ilə israfa yol verirlər. İzzətli və vüqarlı olmaq adı ilə lovğa olurlar. Təvazökarlıq adı ilə başqasının əlində zəlil olurlar. Özünü ələ almaq adı ilə sükut edib haqqı müdafiə etməkdən çəkinirlər. Və yaxud bir şəxsi düzgün tə’rifləmək adı ilə yaltaqlıqa düçar olurlar. Çox təəssüflər olsun ki, belə səhvlər cəmiyyətdə tez-tez baş verir. Bu məsələni geniş şəkildə tədqiq etmək bu kitabın imkanları daxilində deyil. Lakin dediyiniz kimi, söylədiyimiz ünvanlardan birini burada geniş surətdə araşdırırıq:

Dünya yaşayışından tam üz döndərmək və dünya yaşayışına vurğun olmamaq:

İslam dinində zahidlik, yə’ni dünya malına və yaşayışına vurğun olmamaq çox gözəl, bəyənilən bir xislətdir. Həmçinin bu dində dünyadan üz döndərmək (tərki-dünyalıq) və rahiblik bəyənilmir.

İmam Əli (ə) buyurur:

طُوبى لِلزَّاهِدينَ فِي الدُّنْيا، الرَّاغِبينَ فِي الاْخِرَةِ

«Xoş o kəslərin halına ki, bu dünyanın yaşayışına vurğun deyillər. Lakin axirət həyatına meyillidirlər».

Qeyd etdiyimiz kimi islam dinində rahiblik də rədd edilir Bu barədə aşağıdakı hədisə diqqət yetirək:

Osman ibn Məz’unun arvadı Peyğəmbərin (s) hüzuruna gəlib ərindən şikayət edərək ərz edir: Osman gündüzlər oruc tutur, gecələr isə ibadətlə məşğul olur. (Ailə yaşayışına qarşı e’tinasızdır.)

Peyğəmbər (s) bu sözü eşidəndə əsəbiləşir və birbaşa Osmanın evinə gedib onu namaz qılan halda görür.

Osman namazı qurtardıqdan sonra Peyğəmbər (s) ona xitab edib deyir:

يا عُثْمانُ لَمْ يُرْسِلْنِيَ اللهُ بِالرُّهْبانِيَّةِ وَلكن بَعَثَني بِالْحَنِيفِية السَّمْحَةِ، اَصُومُ وَاُصَلِّي وَالْمِسُ اَهْلِي...

«Ey Osman! Allah məni röhbaniyyəti (səhralar dağlara çəkilib ibadət etməyi) təbliğ etməyə göndərməyib. Məni, asan və təbii olan təkallahlıq dinini təbliğ etmək üçün peyğəmbər seçib. Namaz qılıram, oruc tuturam və həyat yoldaşımla da əlaqədə oluram. Deməli, mənim dinimi istəyənlər mənim yolumla getməlidirlər».

Mə’lum olur ki, zahid olmaqla dünyanı tam tərk etməyin arasındakı fasilə çox azdır. Elə buna görə də İslam tarixində çox şəxsiyyətlər zahidlik adı ilə dünyadan, siyasətdən və maddi ne’mətlərdən əl çəkib rahiblik-asket həyat tərzini seçiblər. Onlar islam dinində bəyənilən zahidlərin həqiqi simasını dəyişdirib, İslam Peyğəmbərinin (s) rədd etdiyi yola çəkiliblər. Başqa sözlə, zahid olmaq dünyanı tərk etmək yox, dünyaya vurğun olmamaq mə’nasındadır.

İbrahim Ədhəm və Bayəzid Bəstani kimi şəxslərin dünyanı tərk etmələri İslamın dediyi zahidlik deyil. İslam dinində tövsiyə olunan zahidlik İmam Əlinin (ə) simasında və onun həyatında görmək mümkündür. O Həzrət ən böyük zahid olmaqla eyni zamanda, siyasi və ictimai sahələrdə tam fəal idi. Gecələri ibadət etməklə bərabər gündüzləri əkinçilik edirdi. İmam Əli (ə) dünya həyatını axirət həyatına bir körpü və vasitə bilirdi. Kəlamlarının birində zahid olmağı belə izah edir:

اَلزَّهْدُ كُلُّهُ بَيْنَ كَلِمَتَيْنِ مِنَ الْقُرْآنِ، قالَ اللهُ سُبْحانَهُ لِكَيْلا تَأْسُوْا عَلى ما فاتَكُمْ وَلا تَفْرَحُوا بِما آتاكُمْ

 «Zahid olmağın bütün həqiqəti Qur’anın iki cümləsində gəlib. (Allah-təala buyurur:) Keçmişə təəssüflənməyin, gələcəkdə gələnə isə sevinməyin».

İmam Əli (ə) bu qanunla bizə öyrətdi ki, zahidliklə dünyanı tərk etməyin fərqini bilək. Çünki bunların fərqini bilməmək bə’zilərini, çox şəxsiyyətləri, hətta mə’sum İmamı tənqid etməyə vadar edib. Nümunə olaraq bu hədisə diqqət yetirək:

Məhəmməd ibn Münkədir deyir: «İsti yay günlərinin birində Mədinə şəhərindən çıxdım. Əkin sahələrinin birində İmam Baqiri (ə) yorulmadan işləyən gördüm. Öz-özümə dedim: Qüreyş qəbiləsinin ən böyük şəxsiyyətlərindən biri belə isti havada dünya malının dalıncadır. Gedib ona nəsihət verməliyəm. O Həzrətin hüzuruna gəlib salam verdim. Onun üz-gözündən tər damcılarının axdığını gördüm. Ona dedim: Allah sənə kömək olsun! Belə bir isti havada Qüreyşin şəxsiyyətlərindən birisinin dünya malı dalınca düşməsi düzdürmü? Bu halda sənin əcəlin çatsa, Allaha nə cavab verərsən»?

İmam mənim cavabımda buyurdu: «Mənim əcəlim bu halda çatsa, Allaha ibadət edən halda dünyadan gedəcəyəm. Çünki mən bu işimlə özümü və ailəmi sənə və başqalarına möhtac olmağa qoymuram. Mənim qorxum ondadır ki, Allaha günah edən zaman əcəlim çatsın».

Məhəmməd ibn Münkədir deyir:

O Həzrətin bu cavabını eşidəndə dedim:

صَدَقْتَ يَرْحَمَكَ اللهُ، اَرَدْتُ اَنْ اَعِظَكَ فَوَعَظْتَنِي

«Düz dedin, Allah öz rəhmətini sənə şamil etsin. Sizə nəsihət vermək istədim, lakin siz mənə nəsihət verdiniz».

Başqa bir hədisdə oxuyuruq:

Əbu Bəsir deyir: İmam Sadiqdən (ə) eşitdim ki, buyururdu:

اِنّي لاَعْمَلُ فِي بَعضِ ضِياعي حَتّى اَعْرَقَ، وَاِنَّ لِي مَنْ يَكْفِينِي، لِيَعْلَمَ اللهُ عَزَّ وَجَلَّ اِنّي اَطْلُبُ الرِّزْقَ الْحَلالِ

«Mən bə’zi əkin sahələrimdə elə işləyirəm ki, bədənimdən tər axır. Halbuki, bu işi mənim üçün görənlər də var. Lakin bu işi özüm öhdəmə alıram ki, Allah-təala mənim halal ruzi qazanmağımı görsün».

Bütün qeyd edilənlərdən belə nəticəyə gəlirik ki, zahid olmaq dünyada qazanc üçün çalışmaqla ziddiyyətdə deyil. Bunların hər ikisi bir həyat qurmaq üçün lazımdır.

GÜNAHLARDA İSTİSNA

Günahlardakı istisnaları tanımaq bu barədə mühüm bəhslərdəndir. Hər bir hadisə və hərəkətdə istisna məsələsi olduğu kimi, günahlardan da bir çoxu bə’zi vaxtlar caiz, hətta vacib olur. Məsələn: yalandan and içmək böyük günahlardan biridir. Lakin bir müsəlmanın canını zalım bir şəxsin əlindən xilas etmək üçün yalandan and içməyə məcburdursa, bu vaxt yalandan and içmək günah sayılmır. Əks halda yalan danışmaq haram və günahdır. İmam Sadiqdən (ə) nəql olunan bir hədisə əsasən, üç yerdə yalan danışmağın eybi yoxdur. İmam Sadiq (ə) buyurur:

«Hər bir yalandan ötrü bir gün (Qiyamət günü) sual olunacaq. Amma üç yerdə yalan danışmağın eybi yoxdur:

1. Bir şəxsin din düşmənləri ilə müharibədə yalanla hiylə işlətməsi. Bu şəxsə heç bir günah yazılmır.

2. İki nəfər küsülünü barışdırmaq məqsədi ilə yalan danışmaq.

3. Bir şəxs öz həyat yoldaşına bir şey və’də verə, amma onun almaq fikrində olmaya.

QEYBəT Və ONUN İSTİSNALARI

Günahlarda olan istisnalarla daha yaxından tanış olmaq üçün qeybətdə olan istisnalara diqqət edək. Qeybət etmək və müsəlmanların eybini onların ardınca danışmaq böyük günahlardan sayılır. Qur’an ayələrində və hədislərdə qeybət şiddətli surətdə qadağan olunmuşdur. Qeybət bir müsəlmanın ardınca danışıb, onun gizli eyblərdən birini faş etməyə deyilir. Amma başqasının aşkarda olan eybini danışmaq məzəmmət məqsədi ilə olmasa, eybi yoxdur.

İmam Sadiq (ə) buyurur:

اَلْغِيْبَةُ اَنْ تَقُولَ فِي اَخِيكَ ما سَتَرَهُ الله عَلَيْهِ

«Qeybət odur ki, müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini faş edəsən».

«Hücürat» surəsinin 13-cü ayəsində oxuyuruq:

وَلا يَغْتَبْ بَعْضُكُمْ بَعْضاً اَيُحِبُّ اَحَدُكُمْ اَنْ يَأكُلَ لَحْمَ اَخِيهِ مَيْتاً فَكَرِهْتُمُوهُ

«Bir-birinizin qeybətini etməyin. Hansı biriniz ölmüş qardaşının ətini yeməkdən zövq alır? Əlbəttə, heç biriniz. Sizin bu işdən acığınız gəlir».

 Qeybət eləməyin pislənməsinə aid hədislər çoxdur. Lakin burada iki hədislə kifayətlənirik.

1. İslam Peyğəmbəri (s) buyurur:

اَلْغِيْبَةُ اَسْرَعُ فِي دِينِ الرَّجُلِ الْمُسْلِمِ مِن الاكِلَةِ فِي جَوْفِهِ

 «Müsəlmanın dininin məhvində qeybətin tə’siri xora xəstəliyinin insan bədənindəki tə’sirindən çoxdur».

2. Allah-təala Musa peyğəmbərə belə vəhy etdi:

مَنْ ماتَ تائِباً مِنَ الْغِيْبَةِ فَهُوَ آخِرُ مَنْ يَدْخُلُ الْجُنَّةَ، وَمَنْ ماتَ مُصِرّاً عَلَيْها فَهُوَ اَوَّلُ مَنْ يَدْخُلُ النّارَ

 «Qeybət etməkdən tövbə edib dünyasını dəyişən şəxs hamıdan axırda behiştə daxil olacaq. Qeybətlə məşğul olduğu halda dünyasını dəyişən şəxs isə hamıdan birinci cəhənnəmə daxil olacaq».

Qeybətin bu cür ağır günahlardan olmağına baxmayaraq, bə’zi hallarda qeybət etmək caiz və hətta vacib olur. Böyük alim, mərhum Şeyx Ənsari özünün «Məkasib» kitabında yazır:

Müsəlmanın qeybətini etməkdən məqsəd düzgün və mühüm hədəf olarsa, belə ki, bu mühüm hədəfə qeybətdən savayı heç bir şeylə nail olmaq mümkün olmazsa, bu vaxt qeybət etmək günah deyil. Deməli, qeybətdəki istisnaların sayı məhdud deyil. İstisnalardan bir neçəsini qeyd edirik:

1. Aşkarda günah edən şəxsin etdiyi günahlar haqqında qeybətini etmək.

2. Zalım şəxsin qeybətini etmək.

3. Bir kəsə məsləhət verən zaman qeybət etmək.

4. Günahdan çəkindirmək üçün bir şəxsin qeybətini etmək.

5. Mühüm və böyük bir fəsadın qarşısını almaq üçün qeybət etmək. Misal üçün bid’ətçi şəxsin qeybəti.

6. Məhkəmə zamanı şahidlərin qeybətini qazinin hüzurunda etmək.

7. Bir şəxsi ziyandan qorumaq üçün onun qeybətini etmək.

8. Bir şəxsi elə bir eybli adla yad edəsən ki, təkcə o adla tanınır. Misal üçün kar, kor, şil, keçəl və s..

9. Yanlış fikirli bir kitabı və yaxud məqaləni tənqid edərkən qeybət etmək.

«Nisa» surəsinin 148-ci ayəsində oxuyuruq:

لا يُحِبُّ اللهُ الْجَهْرَ بِالسُّوءِ مِنَ الْقَوْلِ اِلاّ مَنْ ظُلِمَ

«Allah zülmə mə’ruz qalan şəxsdən başqa, bir özgəsinin açıqca pis söz söyləməsini sevməz».

Beləliklə, günahlardan olan bə’zi istisnalarlı tanış olduq. Bu istisnaların tanımaq insanı günahlardan qorunmasında mühüm oynayır.

BÜTÜN Mə’NəVİ DəYəRLəRə DİQQəT YETİRMəK

Günahlarla tanışlığı olan hər bir müsəlman çox ehtiyatlı olmalıdır ki, həyatda bacardığı qədər heç bir günaha bulaşmasın. Çünki bə’zi hallarda mühüm işlərə diqqət yetirən zaman kiçik günahlar yaddan çıxır. Bu barədə iki əhvalata diqqət yetirək:

1. «Ühüd» müharibəsi hicrətin üçüncü ilində Ühüd dağı ətrafında baş verdi. Bu müharibədə səhabələrdən birinin oğlu şəhid oldu.

Bu şəhidin anası oğlunun qanlı cəsədinin üstünə gəlir, onun üzündən toz-torpağı təmizləyib deyir: «Oğlum, gedəcəyin behişt sənə şirin olsun!» Peyğəmbər (s) bu sözü eşidəndə o qadına xitab edib deyir:

«Behiştin ona şirin olmağını haradan bilirsən? Ola bilsin, həyatda faydasız sözlər danışıb və yaxud malı çox olan zaman paxıllıq edib».

2. Sə’d ibn Məaz «Ühüd» müharibəsində yaralandı. Bir neçə ay xəstə yatdıqdan sonra vəfat etdi. Peyğəmbər (s) və başqa müsəlmanlar onu çox böyük ehtiramla dəfn etdilər. Peyğəmbər (s) onun haqqında belə buyurur: «Allaha and olsun, onun dəfn mərasimində 70 min mələk iştirak etdi». Dəfn mərasimindən sonra Sə’din anası qəbrin kənarında durub dedi:

«Behişt sənə şirin olsun!»

Peyğəmbər (s) bu sözü eşidəndə üzünü Sə’din anasına tutub dedi:

«Sakit ol! Allahdan nə gözləyirsən?! İndi Sə’d qəbirdə əzab içindədir».

Orada olanlar Peyğəmbərdən (s) soruşdular:

«Nə üçün Sə’d qəbirdə əzab çəkir, halbuki sizin ona böyük ehtiramınız var idi?»

Peyğəmbər (s) buyurdu:

نَعَمْ اِنَّهُ كانَ فِي خُلْقِهِ مَعَ اَهْلِهِ سُوءً

«Düzdür, o qəbirdə əzab çəkir, çünki o öz ailəsi ilə pis davranırdı».

DöRDÜNCÜ FəSİL

İNSANI GÜNAHDAN SAXLAYAN AMİLLəR

Avtomobillərdə onları xətərdən qorumaq üçün tormoza ehtiyac olduğu kimi, insanın da onu müxtəlif günahlardan qorumaq üçün tormoza və saxlayıcı bir amilə ehtiyacı var. İnsanı günahdan qoruyan amillər aşağıdakılardır:

1. Müxtəlif işlərdə fikirləşmək.

2. Allaha iman gətirmək və onun hər yerdə nəzarətçi olmağına əqidəli olmaq.

3. İnsanın özünü tanıması və öz şəxsiyyətinə qarşı diqqətli olması.

4. Axirət aləminə və qiyamət gününün hesab-kitabına əqidə.

5. İşlərin Peyğəmbərə və İmamlara təqdim edilməsi.

6. Ölümü yaxın bilmək və onu həmişə yada salmaq.

7. Allahdan həya etmək və günahın tə’sirindən qorxmaq.

8. Düzgün ibadət etmək.

1. MÜXTəLİF İŞLəRDə FİKİRLəŞMəK

Günahın aqibətini fikirləşən tövbə edər.

Dünyanın fani olmasını düşünən dünya malına vurğun olmaz.

Allahın ne’mətləri haqqında düşünən şəxs Allaha məhəbbət bəsləyər.

İbrətamiz hadisələrdə fikirləşmək təvazökarlığa səbəb olar.

Ölüm haqqında düşünmək nəfsin istəklərini nəzarət altına alar.

Böyük şəxsiyyətlər haqqında fikirləşmək insanın inkişaf etməsinə səbəb olar.

Bütün işlərinin nəticəsini qabaqcadan fikirləşən şəxs günah etməz.

Allahın cəzasını fikirləşən şəxs Ondan qorxub həya edər.

İnsan öz zəifliyi haqqında fikirləşsə Allaha təvəkkül edər.

Tarixdə baş verən hadisələr haqqında düşünən şəxs ibrət alar.

Yaranmışlar haqqında fikirləşən şəxs Allaha iman gətirər.

İlahi hökmlər haqqında düşünən şəxs Allahın fərmanı qarşısında tə’zim edər.

Əxlaq pozğunluqları haqqında fikirləşən şəxs özünü doğru yola yönəldər.

Başqa insanların düşdüyü çətinliklər haqqında fikirləşən şəxs hərəkətini plan üzrə edər.

Ata-ananın mehribanlıqları və yaxşılıqları haqqında düşünən şəxs onlarla yaxşı rəftar edər, zəhmətini çəkən zamanda özünü borclu bilib zövq alar.

Fikirləşmək məcazi məfhum kimi yalnız beyinə aid olduğu üçün riyasız bir ibadətdir (özünü kimsəyə göstərmək meylindən uzaq olduğu üçün).

Misal üçün namaz qılmaq üçün paltar, möhür və başqa şeylərə ehtiyac var. Amma fikirləşmək üçün heç bir şeyə ehtiyac yoxdur. Bunun dərəcəsi yalnız insanın şəxsi dünya görüşü, əxlaq tərzi və ağılı səviyyəsində olacaq. Ümumiyyətlə düzgün düşüncə insanı günahlardan çəkindirir. Fikir saf güzgü kimi pislikləri və yaxşılıqları əks etdirir.

İmam Əli (ə) buyurur:

 اَلْفِكْرُ مِرْآةُ صافِيَةٌ

 «Fikir saf güzgüdür».[96]

O Həzrət başqa bir hədisdə buyurur:

ما زَلَّ مَنْ اَحْسَنَ الْفِكْرَ

«Sağlam düşüncəli şəxsin ayağı büdrəməz».

2. ALLAHA İMAN GəTİRMəK Və ONUN HəR YERDə HAZIR Və NAZİR OLMASINA əQİDəLİ OLMAQ

İnsanı günahlardan saxlayan ən mühüm amil onun Allaha iman gətirməsi və hər bir zaman özünü Allahın hüzurunda görməsinə əqidə bəsləməsidir. Heç bir amil bu amil kimi insanın davranışının nizamlanmasında tə’sirli deyil. Allaha əqidənin qüdrəti günahların təmizlənməsində bütün qüdrətlərdən üstündür. Polis orqanları onların yaşadığı cəmiyyətdəki nöqsanları düzəldə bilməzlər. Allaha və Onun bütün işlərə agah olduğuna əqidə insanı günahlar qarşısında polad kimi möhkəm edir. Polis orqanları nə qədər güclü olsalar da gizlində edilən günahların qarşısını ala bilməzlər. Halbuki, cəmiyyətdəki cinayətlərin çox hissəsini xəlvətdə edilən cinayətlər təşkil edir. Amma insanlarda daxilən Allaha iman qüvvəsi olsa, onlar həm aşkarda, həm də gizlində günah etməkdən çəkinəcəklər. Buna görə Qur’ani-kərimdə Allaha imanın insanları günahdan qorumaqdakı mühüm rolu qeyd olunmuşdur. “Ələq» surəsinin 14-cü ayəsində oxuyuruq:

اَلَمْ يَعْلَمْ بِاَنَّ اللهَ يَرى

 «Məgər insan bilmir ki, Allah onun bütün işlərini görür?»

«Fəcr» surəsinin 14-cü ayəsində oxuyuruq:

اِنَّ رَبَّكَ لِباالْمِرْصادِ

«Şübhəsiz, Allah bəndələrin işlərini izləyir.»

«Mö’min» surəsinin 19-cu ayəsində isə belə oxuyuruq:

يَعْلَمُ خائِنَةُ الاَْعْيُنِ وَما تُخْفِي الصُّدُورُ

«Allah xəyanət edən gözləri tanıyır. Və sinələrdəki gizlin sirrlərdən agahdır.

Qur’anda «Bəsir» (Allah görür) kəlməsi 51 dəfə, «Səmi’» (Allah eşidir) kəlməsi isə 49 dəfə gəlmişdir. Bu ayələrdən nəticə alırıq ki, biz böyük Allahın hüzurundayıq. Gizlində və aşkarda hər nə etsək, zehnimizdə hər nə fikirləşsək, Allah onu bilir və ona agahdır.

Sürücü qırmızı işıq yanarkən dayanır. Görəsən insan nə üçün qarşısında Allahın əzabını görüb özünü günah etməkdən saxlamamalıdır?

İslam Peyğəmbəri (s) dualarının birində Allaha belə xitab edir:

اَسْمَعُ السّامِعِينَ اَبْصَرُ النّاظِرينَ

«İlahi, Sən ən yaxşı eşidən və ən yaxşı görənsən!»

BU BARəDə OLAN BİR NEÇə HəDİS

İmam Əli (ə) buyurur:

اِتَّقُوا مَعاصِيَ اللهِ فِي الْخَلَواتِ، فَاِنَّ الشّاهِدُ هُوَ الْحاكِمُ

«Gizlində günah etməyin. Çünki Allah-təala şahiddir».

Yenə o Həzrət buyurur:

وَلا تَهْتِكُوا اَسْتارَكُمْ عِنْدَ مَنْ يَعْلَمُ اَسْرارَكُمْ

«Həya pərdənizi, sirlərinizi bilən Allah yanında yırtmayın».

Bir şəxs İmam Hüseynin (ə) hüzuruna gəlib ərz etdi: Ey Peyğəmbərin (s) övladı, mən günahkar bir şəxsəm. Günahlardan yaxa qurtara bilmirəm. Mənə nəsihət ver!

İmam ona buyurdu:

اِفْعَلْ خَمْسَةَ اَشْياء وَاَذْنِبْ ما شِئْت

«Beş dənə işi gör və günah et!

1. Allahın ruzisini yemə və günah et.

2. Allahın hökumətindən kənara get və günah et.

3. Elə bir yerdə günah et ki, səni Allah görməsin.

4. Nə qədər istəyirsən günah et. Amma əvəzində Əzrail sənin canını almağa gələndə onu özündən uzaqlaşdır.

5. Cəhənnəm mə’murları səni cəhənnəmə tərəf aparanda getmə və nə qədər istəyirsən günah et.»

Şübhəsiz, günaha zəmin yaradan amillərdən biri də insanın qafil olmasıdır, həmişə Allahı yada salmaq isə insanı günahdan qoruyan amillərdəndir.

İmam Baqir (ə) buyurur:

«Allah-təala üç şeyi bütün insanlara vacib edib:

1. İnsaflı olmaq.

2. Mö’min qardaşın yolunda fədakarlıq etmək.

3. Həmişə Allahı yada salmaq.

Allahı yada salmaq budur ki, insan günaha yaxınlaşan zaman Allahı yadına salıb günahdan uzaqlaşsın».

İmam sonra bu ayəni oxudu:

 اِنَّ الَّذِينَ اتَّقُوا اِذا مَسَّهُمْ طائِفٌ مِنَ الشَّيْطانِ تَذَكَّرُوا فَاِذا هُمْ مُبْصِرُون

«Təqvalı insanlar şeytanın vəsvəsələrinə düçar olsalar, Allahı yada salarlar və haqqı görərlər». (“Ə’raf», 201)

İmam Sadiq (ə) Allahı yada salmağı belə izah edir: «Allahı yada salmağın mə’nası budur ki, insan bütün işlərlə üzləşəndə əgər Allahın razılığı olsa o işi görür, yox əgər günah iş olsa, onu tərk edir».

Deməliyik ki, Qur’ani-kərimdə şeytan, mal-dövlət, övlad, ticarət, dünya malından həddindən artıq ləzzət almaq insanı Allahdan qafil edən amillər kimi qeyd olunmuşdur. Nəticədə təkcə qəflət yaradan pərdələrin olmadığı halda, Allahı yada salmaq mümkündür.

3. İNSANIN öZÜNÜ TANIMASI Və öZ ŞəXSİYYəTİNə QARŞI DİQQəTLİ OLMASI

İnsanı günahdan uzaqlaşdıran amillərdən biri də onun öz şəxsiyyətini tanıması və öz şəxsiyyətinə qarşı diqqətli olmasıdır. Çünki günahlardan bir qismi insanın öz şəxsiyyətinə qiymət verməməsi nəticəsində baş verir. Misal üçün, uşaq evdə bir stəkan sındırır. Bu vaxt o bu işi üçün tənbeh olunur. Lakin o, qonaq qarşısında belə bir hərəkət etsə tenbeh olunmur. Çünki ata və yaxud ana qonaq yanında öz şəxsiyyətinə qiymət verir, özünü bu stəkanı sındırdığına görə uşağı danlamaqla ucuzlandırmaq istəmir. Deməli, insan öz şəxsiyyətinə qiymət verərsə, özünü nəzarətdə saxlaya bilər.

QUR’ANDA İNSAN ŞəXSİYYəTİ HAQQINDAKI AYəLəR

Qur’an nəzərində insan Allahın yer üzündəki xəlifəsi və mələklərin səcdə etdiyi bir məxluqdur. Allah-təala bütün yaranmışları insandan ötrü xəlq edib və onun ixtiyarına verib. «Casiyə» surəsinin 13-cü ayəsində oxuyuruq:



Geri   İrəli
Go to TOP