A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti
Naşir: Faiz
Çap tarixi: 2000
Səhifələrin sayı: 208
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Nəticə alırıq ki, «başa düşmədim, bilmədim» və bu kimi bəhanələrlə günahın məs’uliyyətindən boyun qaçırmaq olmaz. Və bu qədər hidayət nurları ilə yanaşı yolu azmağın nəticəsi, əzab quyusuna düşməkdir.

2. Günaha səbəb olaraq gətirilən mədəni üzrlərdən biri də insanın öz nəsli ilə iftixar etməsidir. Məsələn: Mö’min qardaşı ilə küsən bir şəxsi barışmağa də’vət edəndə, deyir: «Mənim bu cür ailə mövqeyim var. Mən bu mövqeylə onunla barışa bilmərəm.»

Belə şəxslər özlərini əşraf və varlı-karlı ailələrdən hesab etdiklərinə görə başqalarını təhqir edirlər. Bu nümunələrdən islam tarixində də görmək olur. Peyğəmbərin (s) zamanında özlərini hamıdan üstün tutan kafirlər Bilal, Süheyb və Cuybər kimi təzə müsəlman olan şəxsiyyətləri geridə qalmış adlandırırdılar, həmçinin özlərini zahirdə müsəlman göstərən bə’zi şəxslər Salmanı ərəb olmadığına görə təhqir edirdilər. Allahın dərgahından uzaqlaşdırılan Şeytan da özünün oddan, Adəmin isə torpaqdan yaranmasına iftixar etdi. Bu isə onun Adəmə səcdə etməyib Allahın əmrindən boyun qaçırmasına səbəb oldu. “Ə’raf» surəsinin 12-ci ayəsində belə oxuyuruq:

قَالَ ما مَنَعَكَ اِلاّ تَسْجُدَ اِذْ اَمَرْتُكَ قالَ اَنَا خَيْرٌ مِنْهُ خَلَقْتَنِي مِنْ نار وَخَلَقْتُهُ مِنْ طِين

 «Allah-təala (şeytana) buyurdu: Sənə əmr etdiyim zaman səcdə etməməyinə səbəb nə oldu? Şeytan dedi: Mən ondan (Adəmdən) üstünəm. Məni oddan yaratmısan, onu isə torpaqdan.»

Öz nəsilləri ilə iftixar edən şəxslər də şeytanın yolunun davamçılarındandır. Çünki Allah-təala insanların bir-birinə üstünlüyünü nəsildə deyil, təqvada və günahlardan qorunmaqda bilir. Səhv təəssüblər və bə’zi yanlış fikirlər də bunun kimidir. Cahiliyyət zamanında (İslam dininin zühurundan qabaq) qızları diri-diri torpağa basdırırdılar. Onların bu işdə bəhanələri bu idi ki, gələcək müharibələrdə bizim qızlarımız əsir düşüb başqa qəbilələrdə uşaq dünyaya gətirə bilərlər. Onlar bu bəhanə ilə minlərlə günahsız qız uşağını vəhşicəsinə diri-diri torpağa basdırır-dılar. Hətta onların nalələrinə də qulaq asmırdılar. Deməli, bə’zi bəhanələr günahı o qədər adi şəklə salır ki, ən iyrənc işlər belə cəmiyyətdə ümumi bir qanuna çevrilir. Bu yanlış fikir onlara elə qalib gəlmişdi ki, qızları olması xəbərini eşidəndə üzləri qəzəbdən qaralır və dərhal onu gizlincə bir yerdə basdırmaq fikrinə düşürdülər. «Nəhl» surəsinin 58-ci və «Zuxruf» surəsinin 17- ci ayəsində bu barədə oxuya bilərik.

3. Mədəni üzrlərdən biri də «səhv» düşüncə tərzidir. Qadınlara «örtüyünüzü qoruyun!», kişilərə isə “özgə qadınlara baxmayın” deyəndə cavabında deyirlər: «Sənin qəlbin təmiz olsun!» Onlar bu cür düşünməklə özlərinin pis fikirdə olmadıqlarını, qəlblərinin təmiz olduğunu vurğulayır, lakin etdikləri əməlin və gördükləri işlərin Allah qarşısında günah olduğunu nəzərdən qaçırırlar. Deyəndə ki, toy məclislərində qadınlarla kişilərin bir yerdə olması haramdır, bundan qaçın, cavabında deyirlər: «Biz hamımız bacı-qardaşıq.» Onlar bu kimi mə’nasız bəhanələrlə Allahın haram etdiyi işləri zorla halal edirlər.

Başqa bir halda görürük ki, iki küsülü şəxsdən biri digəri ilə barışmayacağına and içir və bu andı pozmayaraq ona sadiq qalacağını söyləyir.

Bu cür andlar islam dinində səhv andlar hesab olunur. Çünki bu kimi yerlərdə and içdiyin işin olması olmamağından faydalı və yaxşıdır. Çəkdiyimiz misalda da mö’min qardaşla küsülü qalmaq onunla barışmaqdan daha pisdir».

Hər halda cəmiyyətdə olan günahların bir hissəsi də səhv düşüncələrdən irəli gəldiyini söylənilənin nəticəsi kimi qəbul edə bilərik.

İMAM SADİQİN (ə) SəHV DÜŞÜNCƏLİ BİR ŞƏXSLƏ RƏFTARI

İmam Sadiq (ə) Allahın insanı düz yola hidayət etməsi mövzusunda söhbət edərkən belə bir əhvalat buyurdu: Öz nəfsinin istəklərinə qulluq edən və nadan camaatın ehtiram qoduğu bir kişi kimdir? (İmam burada bir şəxsin əhvalatını danışdı).

Həmin kişinin fəzilətlərindən mənə o qədər danışdılar ki, onunla görüşmək fikrinə düşdüm. Qərara aldım ki, onu gizlində görüb işlərini yoxlayam. Onun dalınca getdim. Uzaqdan avam camaatın onun ətrafına toplaşdığını müşahidə etdim. Məni tanımasınlar deyə üzümü örtdüm. Sonra daha yaxına getdim. Diqqətlə camaatın həmin şəxslə və o şəxsin camaatla rəftarına nəzər saldım. O şəxsin camaatı öz hiylələri ilə aldatmasını anladım. Sonra o, camaatdan ayrıldı. Mən isə üzüm örtülü halda onun ardınca hərəkət etdim. Gördüm ki, o bir çörək dükanına daxil oldu. Çörək satanın başını qatıb iki ədəd çörək oğurladı. Öz-özümə dedim ki, bəlkə də çörəklərin pulunu vermişdir. Sonra o çörək dükanından çıxıb nar satılan bir dükana daxil oldu. Burada da nar satanı aldadıb iki ədəd nar oğurladı. Mən onun bu işindən təəccüb etdim. Lakin yenə onun bu narları pulla alması ehtimalını verdim. Amma öz-özümə dedim: Belədirsə, nə üçün oğurluq edir? O, nar dükanından çıxıb getdi. Mən isə onun ardınca yola düşdüm. Yarı yolda o bir xəstənin yanına döndü. Çörəklə narı ona verib getdi. Bu vaxt ona yaxınlaşım, dedim.

“Ey Allahın bəndəsi! Sənin çox yaxşı adam olduğunu eşitmişəm. Camaat səni tərifləyir. Ona görə səninlə görüşməyi qərara aldım. Bu gün sənin bütün işlərinə nəzər saldım. Amma sənin gördüyün işlər mənim ürəyimi narahat etdi. Sənə bir sualım var. Onun cavabını desən, məni rahat edərsən.

O dedi: Sualın nədir?

Dedim: Sənin çörək və nar dükanından oğurluq etdiyini gördüm. (Bunun səbəbi nədir?)

O dedi: Hər şeydən əvvəl de görüm sən kimsən?

Dedim: Adəm övladıyam və İslam Peyğəmbərinin (s) ümmətindənəm.

O dedi: Hansı tayfadansan?

Dedim: Nübüvvət (Peyğəmbərin (s)) tayfasındanam.

Məndən soruşdu: Harada yaşayırsan?

Dedim: Mədinədə.

O dedi: Sən Cə’fər ibn Məhəmməd Sadiq deyilsən?

Dedim: Bəli.

Mənə e’tiraz edərək dedi: Sənin Peyğəmbər tayfasından olmağının heç bir faydası yoxdur. Çünki sən ata-babalarından çatan elmi tərk etmisən və lazım olan elmdən xəbərsizsən.

Dedim: Hansı elmdir o?

Dedi: Allahın göndərdiyi kitab, Qur’an.

Dedim: Qur’anın hansı ayəsindən xəbərim yoxdur?

Dedi: Bu ayədən (“Ən’am» surəsinin 162-ci ayəsindən) xəbərin yoxdur ki, Allah-təala buyurur:

مَنْ جاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرَ اَمْثالِها، وَمَنْ جاءَ بِالسَّيِّئَةِ فَلا يُجْزى اِلاّ مِثْلَها

«Yaxşılıq eləyənə on qat artıq savab verilər. Pislik eləyənsə yalnız etdiyi pislik qədər cəzalandırılar».

Mən iki ədəd çörək və iki nar oğurlamışam. Bu ayəyə əsasən, mənə dörd günah yazılır. O biri tərəfdən isə mən bunları bir xəstə yoxsula verdim. Bunların hər biri üçün 10 savab yazılır. Deməli, mənə 40 savab yazıldı. Əvvəlki 4 günahı 40-dan çıxsaq, yerdə 36 savab mənim üçün qalacaq.

Mən onun bu sözlərini eşidəndə dedim:

ثَكَلَتْكَ اُمُّكَ اَنْتَ الْجاهِلُ بِكِتابِ اللهِ، اَما سَمِعْتَ اَنَّهُ عَزَّ وَجَلَّ يَقُولُ: اِنَّما يَتَقَبَّلُ اللهُ مِنَ الْمُتَّقِينَ...

 «Anan yasında otursun!» (Ərəb dilində bir növ tənqiddir.) Qur’an ayələrindən xəbərsiz sənsən! Bunu eşitməmisən ki, Allah-təala buyurur:

«Allah-təala yaxşı işləri təkcə yaxşı işlərlə məşğul olan adamlardan qəbul edir». Sən iki ədəd nar və iki ədəd çörək oğurladığına görə dörd günah qazanmısan. O biri tərəfdən bunların yiyəsinin icazəsi olmadan bağışlamısan. Bu da dörd günah. Deməli, sən heç bir savab iş görmədən 8 günah qazanmısan. Ona bu sözləri deyəndə özünü itirdi və həsrətlə mənə baxdı. Mən isə ondan ayrıldım».

İmam Sadiq (ə) söhbətinin davamında buyurur:

بِمِثل هذا التَّأْويل القَبيح الْمُسْتَكْرَه يَضِلُّونَ وَيُضِلُّونَ...

 «Bu cür çirkin fikirlərlə həm özlərini, həm də camaatı yoldan çıxarırlar».

Bu hadisədən nəticə alırıq ki, yanlış fikirlərin xətəri o qədər böyükdür ki, hətta insanı Allahın kitabı olan Qur’ana da əl gəzdirməyə gətirib çıxarır. Belə ki, Qur’an cahil şəxslərin əlində onu hər şəklə sala biləcəyi bir xəmirə bənzəyir. Ona görə İmam Sadiq (ə) belə şəxslərin Qur’anı mə’na etmələri haqqında xəbərdarlıq edir.

İmam Sadiq (ə) yanlış fikirdə olan o şəxsin işlərini ifşa etdi ki, camaat onun sözlərinə aldanmasınlar. Çünki islam dinində belə şəxslərin ifşası lazımlı iş sayılır. Həzrət söhbətinin sonunda buyurur:

طُوبى لِلَّذِينَ هُمْ كَما قَالَ رَسُولُ اللهِ يَحْمُلُ هذا الْعِلْم مِنْ كُلِّ خَلَف عُدُولُه وَيَنْفونَ عَنْهُ تَحريفَ الْغالِينَ وَاِنْتِحالَ الْمُبطِلِينَ، وَتأوِيلَ الْجاهِلِينَ

«Xoş halına o kəslərin ki, islam Peyğəmbərinin (s) buyurduğu kimidirlər.

Yə’ni din elmini adil şəxslərdən öyrənir və bu elmin köməyi ilə özlərini və yaşadıqları cəmiyyəti nahaq şəxslərin təhrif etdiyi işlərdən, batil adamların nahaq sözlərindən və nadan şəxslərin əyri fikirlərindən uzaqlaşdırırlar.

İmam Sadiq (ə)-ın bu şəxsə göstərdiyi münasibətdən aydın olur ki, islam dininin həqiqətlərini dəyişdirmək istəyən şəxslər xalq arasında ifşa olunmalıdırlar. Başqa sözlə, xalq arasında tanınmış və nüfuzlu şəxsiyyətlər əyri yollara çəkilən zaman onlarla əqidə mübarizəsi aparıb iç üzlərini açmaq lazımdır. Belə olmasa onlar öz nüfuzlarından istifadə edib başqalarını da əyri yollara çəkəcəklər.

Misal üçün, şərab içib sükan arxasında oturan sürücüyə həddini göstərmək lazımdır, çünki onun bu işi cəmiyyətlə bağlıdır və o, sərxoş halda idarə etdiyi maşınla sərnişinlərin canını xətərə salır. Lakin evində gizlin şərab içən şəxsi ifşa etmək və onu xalq arasında rüsvay etmək düz deyil. Çünki o, Allahın qoyduğu yoldan təkcə özü çıxdığı üçün cəzasını da özü alacaq.

6. İQTİSADİ ÜZRLəR

İqtisadi səbəbdən törənən günahlara quraşdırılan üzrlərə aşağıda qeyd olunan nümunələri gətirə bilərik:

a) İctimai ədalət bərqərar etmək adı ilə xalqın hüququnu tapdalamaq.

b) Dolanışığın çətin olması adı ilə uşağın ana bətnində məhv edilməsi.

v) Ticarət adı ilə sələm yemək.

q) Hədiyyə adı ilə rüşvət almaq və yaxud vermək.

ğ) Məsləhətli yalan adı ilə haram yalan danışmaq və...

Fikrimizi əsaslandırmaq üçün Qur’anda haqqında bəhs olunan «Səbt» əshabının əzabı əhvalatına nəzər salaq.

Qur’anda gələn hadisələrdən biri də «Səbt» əshabının əhvalatıdır. “Ə’raf» surəsinin 163-166-cı ayələrində bu əhvalatdan bəhs olunur. Bu hadisədə iqtisadi üzrləri bəhanə edərək ilahi qanunların əks cəbhəsində dayanıb Allahın əzabına düçar olan şəxslər təsvir olunmuşdur. Onun xülasəsi belədir:

Bəni-İsrail camaatından bir dəstəsi dəniz kənarında yerləşən «İylə» adlı bir yerdə yaşayırdılar. Allah onları imtahana çəkmək məqsədilə öz Peyğəmbərləri vasitəsi ilə onlara şənbə günündə balıq tutmalarının qadağan əmrini göndərdi. Onlar isə Allahın bu əmrini yerinə yetirməmək üçün hiyləyə əl atdılar və dənizin kənarında bir neçə hovuz düzəltdilər. Şənbə günü balıqları dənizdən o hovuzlara gətirdilər. Onlar gün batan vaxtı bu hovuzların qabağını bağlayır və səhəri gün balıqları tuturdular. Əməllərinə isə belə don geyindirirdilər: Allahın balıq tutmaq barəsindəki qadağanı yalnız şənbə gününə aiddir. Biz də həmin gün balıq tutmamışıq. Onlar bu bəhanə ilə öz günahlarını yumaq istəyirdilər. Halbuki, onlar balıq ovunun bütün işlərini şənbə günü görürdülər. Əməllərinin cəzası olaraq Allah-təala «İylə» camaatına qəzəb edib onları çətin əzabla həlakətə yetirdi. Mə’sum İmamlarımızın bu əhvalat barəsindəki hədislərində qeyd edilir ki, İylə camaatı bu günah işin törədilməsində üç dəstəyə bölünmüşdü.

1. Birinci dəstə bu işi birbaşa edənlər idi.

2. Başqa bir dəstənin bu işin icrasında əməli fəaliyyəti olmasa da, bu günahın qarşısında müxalifətçilik də etmədilər. Yə’ni onu edənləri bu işdən çəkindirmək üçün heç bir tədbir görmədilər.

3. Üçüncü dəstə isə bu günaha qoşulmadı, üstəlik bu işi edənləri çəkindirməyə çalışırdılar. İmam Sadiq (ə) buyurur:

هَلَكَتِ الْفِرْقَتانِ وَنَجَتِ الْفِرْقَةُ الثّالِثَة

 «Onlardan iki dəstəsi (günahkarlar və günah qarşısında sükut edənlər) həlak oldular. Üçüncü dəstə isə nicat tapdı».

İBRəTLİ BİR HEKAYə

İmam Baqir (ə) buyurur: «İslam Peyğəmbəri (s) Mədinə şəhərinə təzə hicrət etmişdi. Məscidin kənarında yaşayan Sə’d adlı bir müsəlman çox ağır vəziyyətdə yaşayırdı. O həmişə Peyğəmbərlə (s) birlikdə camaat namazında iştirak edirdi. Heç bir çətinlik onu, ibadətini tərk etməyə vadar edə bilmirdi. Peyğəmbər (s) hər dəfə Sə’di görəndə çox qəmgin olurdu. Onun qərib yerdə həddindən artıq fəqir yaşaması Peyğəmbəri (s) çox narahat edirdi. Bir gün Həzrət (s) Sə’də buyurdu: “Əlimə bir şey düşsə, sənə verəcəyəm».

Bir müddət keçdi. Peyğəmbər (s) Sə’də kömək göstərə bilmədiyi üçün narahat idi. Allah-təala, Peyğəmbər (s) qəmgin olduğu üçün Cəbraili ona nazil etdi.

Cəbrail iki dirhəm pulla Peyğəmbərin (s) hüzuruna gəlib dedi: «Allah-təala sənin qəmgin olmağını bilir. Sə’din ehtiyacını ödəmək istəyirsənmi?

Peyğəmbər (s) buyurdu: «Bəli».

Cəbrəil dedi: «Bu iki dirhəmi Sə’də ver və ona de ki, bu pulla ticarət etsin». Peyğəmbər (s) o iki dirhəmi aldı və günorta namazı üçün məscidə tərəf yollandı. Yolda Sə’din gördü. Peyğəmbər (s) ona buyurdu:

«Ey Sə’d! Ticarət edə bilərsənmi»?

Sə’d dedi:

«Allaha and olsun, ticarət etməyə heç bir şeyim yoxdur».

Peyğəmbər (s) iki dirhəmi ona verdi və buyurdu:

«Bu iki dirhəmlə ticarət et və Allahın ruzisini qazan».

Sə’d o pulu aldı və Peyğəmbərlə (s) birlikdə məscidə getdi. Namazdan sonra Peyğəmbər (s) ona buyurdu:

 قُمْ فَاطْلُبِ الرّزْقَ فَقَدْ كُنْتُ بِحالِكَ مُغْتَمّاً يا سَعْد

«Ey Sə’d! Qalx ayağa və ruzi dalınca get. Mən sənin bu vəziyyətindən narahatam».

Sə’d ticarətə başladı. İki dirhəm o qədər bərəkətli oldu ki, o pulla alınan hər bir şey çoxlu qazanc gətirirdi. Bu yolla Sə’d çoxlu sərvət qazandı. Onun ticarəti gündən-günə rövnəqlənirdi. O, məscidin kənarında özünün ticarəti üçün bir yer düzəltmişdi. Bilal azan deyəndə Peyğəmbər (s) məscidə gəlirdi, lakin Sə’di əvvəlki kimi namazda görmürdü.

Peyğəmbər (s) vəziyyəti belə görüb Sə’də müraciət etdi:

يا سَعْدُ شَغَلَتْكَ الدِّنْيا عَنِ الصَّلاةِ

«Ey Sə’d, dünya malı səni namazdan ayırdı!»

O isə Peyğəmbərin (s) cavabında bəhanə gətirib deyirdi:

ما اَصْنَعُ؟ اضيع مالِي، هذا رَجُلٌ قَدْ بَعْتُهُ فَتُرِيدُ اَنْ اَسْتَوْفِي مِنْهُ، وَهذا رَجُلٌ قَدْ اشْتَريتُ مِنْهُ فُاريدُ اَنْ اوُفيه

«Nə edim? Malımı tələf edimmi? Bir kişiyə mal satmışam, pulunu almaq istəyirəm, digərindən mal almışam, pulunu vermək lazımdır. (Bu vəziyyətdə nə cür namaza gəlim?)

Peyğəmbər (s) Sə’din bu vəziyyətindən o qədər narahat olmuşdu ki, onun bu narahatçılığı Sə’din kasıblığına görə keçirdiyi nigaranlıqdan da çox idi.

Bu vaxt Cəbrəil Peyğəmbərə (s) nazil olub ərz etdi:

«Allah-təala sənin Sə’d barədə narahat olmağını bilir. Sə’din bu iki vəziyyətindən hansını xoşlayırsan? O fəqir olanda namaza və ibadətə diqqətli idi. Amma indi o, namaza çox diqqətsiz olubdur.»

Peyğəmbər (s) buyurdu: Onun birinci vəziyyətdə olmağını xoşlayıram. Çünki onun sərvətli olması dinini əlindən aldı.

Cəbrəil dedi:

اِنّ حُبَّ الدِّنْيا وَالاَْمْوالِ فَتْنَةٌ وَمَشْغِلَةٌ عَنِ الاْخِرَةِ

«Dünya sərvətinə vurğun olmaq xətərdir və insanı axirət işlərindən yayındırar. Sonra Peyğəmbərə (s) xitab edib dedi:

«Ona verdiyin iki dirhəmi ondan al. Bundan sonra onun vəziyyəti əvvəlki kimi olacaq».

Peyğəmbər (s) Sə’dlə rastlaşanda ona dedi:

«Mənim iki dirhəmimi vermək istəmirsən?»

Sə’d dedi: «Onun əvəzinə iki yüz dirhəm verməyə hazıram».

Peyğəmbər isə (s) buyurdu:

«Mən təkcə iki dirhəmimi istəyirəm.»

Sə’d Peyğəmbərin (s) iki dirhəmini verdi. Bundan sonra Sə’din yığdığı var-dövlət azalmağa başladı. Onun vəziyyəti əvvəlki səviyyəyə qayıtdıqdan sonra, ibadəti də tənzimləndi.

Bu hadisədən nəticə alırıq ki, özünü tam dünya malı ilə məşğul etmək və var-dövlətə həris olmaq insanı Allah yolundan qafil edib çəkindirər. Müasir dövrdə də belə şəxslər az deyil. Onları namaza və məscidə getməyə də’vət edəndə Sə’din gətirdiyi bəhanədən gətirirlər. Misal üçün, deyirlər: «Məscid bekarların yeridir. Biz isə iş adamıyıq.» Görəsən bu cür bəhanələr nə dərəcədə məntiqə uyğundur?! Nə üçün müsəlman olan şəxs vaxtını düzgün nizamlamır ki, öz dini vəzifələrini də yerinə yetirə bilsin?!

Hər müsəlman şəxsin ən ümdə vəzifəsi onu yaradan Allah qarşısında olan borcudur. Bir halda ki, Ulu Tanrıya ən əziz ne’mət olan canını belə borclusan, o zaman Onun göndərdiyi qanunlara riayət etməyə tələs! Bir sözlə, Peyğəmbər (s) zamanında baş verən bu hadisə dünya malına vurğun olub ibadətdən uzaqlaşan şəxslərə xəbərdarlıqdır.

7. HəRBİ ÜZRLəR

Ümumiyyətlə çətin işlərdə məs’uliyyətdən boyun qaçırmaq məqsədiylə bəhanələr çoxalır. Cihad və düşmənlə müharibə etmək ağır və məs’uliyyətli işlərdən biridir. İmanı zəif olan şəxslər bu müqəddəs vəzifədən boyun qaçırmaq, eləcə də bu günahlarına din çərçivəsində haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirirlər. Ya ata-analarının qocalığını, ya ailəsinin sahibsizliyini, ya səhhətlərinin xəstəlik səbəbindən imkan verməməsini, hətta havanın istiliyini, soyuqluğunu və bu kimi ucuz bəhanələri əllərində dəstək tutaraq həm dini, həm də dövləti mükəlləfiyyətlərdən boyun qaçırırlar. Həmçinin zahirdə müsəlman olanlarla müharibə edən zaman «biz müsəlman qardaşlarımızla müharibə edə bilmərik» deyərək bu müqəddəs işdən yayınırlar.

Nümunə kimi Təbuk müharibəsinə getməkdən boyun qaçırmaq üçün edilən bəhanəni qeyd edək. Hicrətin doqquzuncu ilində İslam Peyğəmbəri (s) tərəfindən bütün müsəlmanlara Rum təcavüzkarlarının qarşısını almaq üçün Təbuk deyilən yerə hərəkət etmələri əmr edildi. Müsəlmanlardan bə’zisi öz canlarını və mallarını islam dininin müdafiəsi yolunda qurban verməyə hazır olmadıqları üçün Peyğəmbərin (s) bu əmrinə itaət etmədilər. Onların bəhanəsi bu idi: Hava çox istidir və belə isti havada uzaq səfərə çıxıb müharibə edə bilmərik. Onlar bu sözlərlə başqalarını da müharibəyə getməkdən çəkindirirdilər.

«Tövbə» surəsinin 81-ci ayəsində oxyuruq:

وَقالُوا لا تَنْفِرُوا فِي الْحَرِّ قُلْ نارُ جَهَنَّمَ اَشَدُّ حَرّاً لَوْ كانُوا يَفْقَهُونَ

 «Peyğəmbərin (s) əmrindən boyun qaçıranlar «bu istidə cihada getməyin» dedilər. De: «Cəhənnəm odu daha istidir», əgər başa düşsələr».

İmam Əli (ə) yalan bəhanələrlə müqəddəs cihaddan qaçanları tənqid atəşinə tutmuşdur. O həzrət söhbətlərinin birində (Müaviyənin qoşunu) ilə müharibəyə getməkdən boyun qaçıran İraq camaatına xitab edərək buyurur:

«Üzünüz qara olsun! Həmişə düşmən hücumu qarşısında aciz olduğunuz üçün qəmli və kədərli olasınız! Düşmən sizə hücum edir, siz isə susursunuz, sizinlə müharibə edir, siz isə ayağa qalxmırsınız. Onlar Allaha bu qədər günah edirlər, siz isə bu günahlara razısınız.»

Sonra o Həzrət buyurur:

فَاِذا اَمَرْتُكُمْ بِالسَّيْرِ اِلَيْهِمْ فِي اَيّامِ الْحَرِّ قُلْتُمْ هذه حَمارَّهُ الْقَيْظِ، اَمْهِلْنا يفسَبَّحُ عَنّا الْحَرُّ

 «Sizə yayda düşmənə hücum etmək əmrini verdim, siz isə dediniz: Bizə möhlət ver, havalar sərinləşsin».

وَاِذا اَمَرْتُكُمْ بِالسَّيْرِ اِلَيْهِمْ فِي الشِّتاءِ قُلْتُمْ هذِهِ صَبارَّةُ الْقُرِّ، اَمْهِلْنا يَنْسَلُخ عَنّا الْبَرْدُ...

«Sizə qışda düşmənlə müharibə fərmanını verdim, siz isə dediniz: İndi hava çox soyuqdur. Möhlət ver hava istiləşsin».

Sonra buyurur:

فَاِذا كُنْتُمْ مِنَ الْحَرِّ وَالْقُرِّ تَفِرُّونَ فَاَنْتُمْ وَاللهِ مِنَ السَّيْفِ اَفَرُّ

«Siz havanın soyuğundan və istisindən qaçırsınız, Allaha and olsun ki, düşmənin qılıncından daha çox qorxacaqsınız».

XəNDəK MÜHARİBəSİNDə BəHANə

Vətənin müdafiəsi və düşmənlə cihad etmək dini vəzifələrin çoxundan əhəmiyyətlidir. Dinimizə görə, canı qorumaq vacibdir. Amma cihad zamanı hətta canı belə qorumaq vacib deyil. Deməli, bu barədə olan heç bir üzr və bəhanələr düz deyil. Və yaxud müharibə zamanı bə’zi şəxslər evlərinin təhlükəli bir ərazidə olduğunu bəhanə edərək döyüşdən yayınırlar. Guya evlərini pis adamların şərindən qorumaq üçün evdə qalırlar. Belə üzrlər bə’zi şəxslər tərəfindən Xəndək müharibəsində (hicrətin beşinci ilində) baş verdi. Bə’zi pis adamlar müharibədən boyun qaçırmaq üçün deyirdilər: «Bizim evimiz möhkəm deyildir. Ona xəsarət dəyə bilər». Amma İslam Peyğəmbəri (s) onların bu bəhanəsini rədd etdi.

“Əhzab» surəsinin 13-cü ayəsində oxuyuruq:

وَيَسْتأْذِنُ فَرِيقُ مِنْهُمْ النَّبِيَّ يَقُولُونَ اِنَّ بُيُوتَنا عَوْرَةٌ وَما هِيَ بِعَوْرَة اِنْ يُرِيدُونَ اِلاّ فِراراً

 «Bə’ziləri də «evimiz düşmən üzünə açıq qalmışdır» deyərək, Peyğəmbərdən (s) icazə istəyirdilər. Halbuki, evləri açıq deyildi; onlar ancaq müharibədən qaçmaq istəyirdilər».

TəBUK MÜHARİBəSİNDə DAHA BİR GÜLMəLİ BəHANə

Cədd ibn Qeys adlı bir münafiq müharibəyə getməmək üçün bəhanə gətirərək Peyğəmbərə (s) dedi:

«İcazə ver, bu müharibədə iştirak etməyim. Çünki mənim qadınlara qarşı istəyim çoxdur. Xüsusilə də qorxuram ki, rum qızlarını görəndə ağlım başımdan çıxa və onlara aldanam. Bu da məni öz müqəddəs vəzifəmdən ayıra bilər».

Bu gülməli bəhanəni rədd etmək üçün «Tövbə» surəsinin 49-cu ayəsi nazil oldu. Ayədə oxuyuruq:

وَمِنْهُمْ مَنْ يَقُولُ اِئْذَنْ لِي وَلا تَفْتِنّي اَلا فِي الْفِتْنَةِ سَقَطُوا وَاِنّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكافِرِينَ

«Onlardan eləsi var ki, «mənə izn ver, fitnənin qurbanı eləmə» söyləyir. Beləsi artıq fitnənin qurbanıdır və cəhənnəm kafirləri hər tərəfdən əhatə edibdir».

Yə’ni belə xarab adamlar günaha bulaşmasınlar deyə, müharibəyə getməkdən boyun qaçırırlar. Lakin onlar indidən günaha bulaşıblar. Çünki onlar Allahın düşmənə qarşı mübarizə fərmanına e’tina etmirlər. Görəsən, belə bəhanələrlə Allahın qəti fərmanı ilə müxalifət etmək olarmı?

HÜDEYBİYYə SÜLHÜ əRəFəSİNDə BəHANə

Hicrətin 6-cı ili, ziqə’də ayı idi. İslam Peyğəmbəri (s) 1400 nəfərə yaxın müsəlmanla birlikdə ümrə mərasimini yerinə yetirmək üçün Məkkəyə tərəf yollandı. Müsəlmanların bu səfəri kafirləri qorxutmaq üçün bir növ hərbi manevr olduğundan Peyğəmbər (s) bütün müsəlmanları bu səfərə çıxmağa də’vət etdi. Müsəlmanlar Peyğəmbərlə (s) birlikdə Məkkəyə tərəf yola düşdülər. Lakin Məkkə şəhərinin yaxınlığında yerləşən Əsfan adlı yerə çatanda kafirlər onların Məkkəyə daxil olmalarına icazə vermədilər. Bu vaxt Peyğəmbər (s) Məkkənin 20 kilometrliyində yerləşən Hüdeybiyyə kəndinə daxil oldu. Orada Peyğəmbərlə (s) Qüreyş qəbiləsinin nümayəndələri arasında İslam dini üçün çox əhəmiyyətli olacaq «Hüdeybiyyə» sülhü imzalandı və Peyğəmbər (s) müsəlmanlarla birlikdə Məkkəyə daxil olmadan Mədinəyə qayıtdı. Həzrət bütün müsəlmanların bu səfərə çıxmalarına fərman versə də bə’zi zəif imanlı şəxslər bu səfərdə iştirak etmədilər. Onlar öz hərəkətlərini belə əlaqələndirirdilər:

«Kafirlər hazır vəziyyətdə idilər. Onlar müsəlmanlarla müharibə etməyə fürsət axtarırlar. Müsəlmanların bu səfərdən salamat qayıtmaları mümkün deyil». Lakin onlar müsəlmanların bu səfərdən əlidolu (Hüdeybiyyə sülhü ilə) və sağ-salamat qayıtdıqlarını görüb, bu fikrə düşdülər ki, öz işlərinə bəraət qazandırsınlar. Onlar Peyğəmbərin (s) hüzuruna gəlib «Mədinədə arvad-uşağın keşiyində qalmışdıq» bəhanəsi ilə üzr istəmək qərarına gəldilər. Lakin onların bu niyyəti həyata keçməmişdi ki, «Fəth» surəsinin 11-ci ayəsi nazil oldu və onların bu bəhanəsini şiddətli surətdə rədd etdi. Bu ayədə oxuyuruq:

سَيَقُولُ لَكَ الْمُخَلَّفُونَ مِنَ الاَْعْرابِ شَغَلَتْنا اَمْوالُنا وَاَهْلُونا فَاسْتَغْفِرْ لَنا يَقُولُونَ بِاَلْسِنَتِهِمْ ما لَيْسَ فِي قُلُوبِهِمْ

 «Müxalifət edən bədəvilər tezliklə sənə «malımızı-mülkümüzü, ailəmizi qorumaqla məşğul idik. Bizim üçü Allahdan məğfirət dilə» deyəcəklər. Ürəyində olmayanı dilləri deyir.»



Geri   İrəli
Go to TOP