A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti
Naşir: Faiz
Çap tarixi: 2000
Səhifələrin sayı: 208
Çap növbəsi: Birinci
Tirajı: 2000
  İrəli


GÜNAHŞÜNASLIQ

MÜƏLLİF: MÖHSİN QƏRAƏTİ

BİRİNCİ FƏSİL

GÜNAHIN MƏ’NASI VƏ ONUN NÖVLƏRİ

Günah müxalifət mə’nasınadır. İslam dinində Allah-təalanın əmrinə zidd olan əməllərə günah deyilir. Günah kiçik də olsa belə, Allahın fərmanı ilə zidd olduğu üçün böyük sayılır. İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) Əbuzərə buyurur:

لا تَنْظُرْ اِلى صِغَرِ الْخَطيئَةِ وَلكِنْ اُنْظُرْ اِلى مَنْ عَصَيْتَهُ

«Etdiyin günahın kiçik olmasına baxma; əksinə, kimin fərmanından boyun qaçırdığına bax.»

Qur’anda, eləcə də Peyğəmbərimiz (s) və İmamlarımızın kəlamlarında müxtəlif ibarələrlə günaha işarə olunub ki, onlardan hər biri günahın ziyanlarının müəyyən bir cəhətini açıqlayır, onun neçə növ olmasını bildirir. Qur’anda günah mə’nasında işlənən kəlmələr aşağıdakılardır:

«Zənb» - lüğətdə «ardıcıllıq» mə’nasınadır.

Dünya və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin günahların ardınca göndərildiyinə görə günaha «zənb» deyilir. Bu kəlmə Qur’anda 35 dəfə təkrar olunub.

2. «Mə’siyət» - Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mə’nasınadır. Günah insanın Allah-təalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını bildirir. Bu ifadə Qur’anda 33 dəfə gəlmişdir.

3. «İsm» - süstlük etmək, geridə qalmaq və məhrum olmaq mə’nasında işlənir. Bu kəlmənin günah mə’nasında işlənməsi onu göstərir ki, günahkar heç vaxt özünü bacarıqlı hesab etməsin, əksinə o, geridə qalan bir şəxsdir. “İsm” kəlməsi də Qur’anda 48 dəfə təkrar olunub.

4. «Səyyiə» - Bu söz insana qəm-qüssə gətirən pis əməllərə deyilir. Ərəb dilində “səyyiə” sözü xoşbəxtlik mə’nasını verən “həsənə” sözünün antonimidir. Bu ifadə də Qur’anda 165 dəfə təkrar olunub. Qeyd etmək lazımdır ki, səyyiə kökündən olub, pis mə’nasını daşıyan «su’u» sözü də Qur’anda 44 dəfə gəlmişdir.

5. «Cürm» - əslində meyvənin ağacdan ayrılmasına deyilir. Habelə, alçaq mə’nasını da daşıyır. Cərimə və cəraim sözləri də bu kökdən ayrılmışdır. İnsanı öz hədəfindən, həqiqətdən, səadətdən və bir sözlə təkamüldən saxlayan əməllərə «cürm» deyilir.

6. «Haram» - Qadağan olunmaq mə’nasını verir. Məsələn: Haram sözündən alınmış və hacılara məxsus geyim növü olan «ehram» paltarı (insanın həcc və ümrə əməllərini yerinə yetirən zaman geydiyi «ehram» paltarı) ona bir sıra işləri qadağan edir. Eləcə də İslamda müharibənin qadağan olunduğu aylara haram aylar deyilir. (Məsələn: Məhərrəm ayında müharibə etmək, dinimizdə haram və qadağan işlərdən biridir. Allahın evinin özünəməxsus ehtiramı olduğu üçün ona Məscidül-haram adı verilmişdir. Elə buna görə də kafirlərin onun içinə daxil olması qadağandır. Bu ifadə Qur’anda 75 dəfə təkrar olunub.

7. «Xətiiə» - Adətən, insanın ixtiyarsız halda mürtəkib olduğu günahlara deyilir. Lakin bə’zi vaxtlar, o cümlədən «Bəqərə» surəsinin 81-ci və “Əlhaqqə» surəsinin 137-ci ayəsində olduğu kimi, bu kəlmə böyük günahlar mə’nasında işlənmişdir. Əslində isə “xətiiə” sözü günah nəticəsində insanın ruhunda yaranan elə vəziyyətdir ki, bu vəziyyət onu nicat yolundan saxlayır, hidayət nurunu onun qəlbindən silir. Bu kəlməyə də Qur’anda 22 dəfə rast gəlirik.

8. «Fisq» - əslində xurma dənəsinin qabıqdan çıxmasına deyilir. Bu kəlmənin günah mə’nasında işlənməsi insanın günah edərkən Allaha bəndəçilik və itaətdən xaric olmasına işarədir. Günahkar insan öz əməli ilə Allahın əmrini pozur və Onun hörmətinə xələl gətirir. Bu kəlmə ilə Qur’anda 53 dəfə günaha işarə olunmuşdur.

9. «Fəsad»- İnsanın həyatda normal vəziyyətdən çıxmasına deyilir ki, insanın fitri iste’dadlarının hədərə getməsi və məhv olması ilə nəticələnir. Fəsad sözü Qur’anda 50 dəfə gəlmişdir.

10. «Fücur»- İnsanın abır, həya və mə’nəviyyat pərdələrinin parçalanmasına deyilir ki, bunun da nəticəsi rüsvayçılıqdan başqa bir şey deyildir. Bu söz Qur’anda 6 dəfə təkrar olunub.

11. «Münkər» - İnkar sözündən olub uyğunlaşmayan mə’nasını verir. İnsanda olan sağlam ağıl və fitrətin pis işlərlə uyğun gəlməməsinə görə günaha münkər deyilir. Adətən, bu söz «nəhy əz münkər» (başqalarını pis işlərdən çəkindirmək) ünvanında işlənir. Qur’anda bu kəlmə ilə 16 dəfə rastlaşmaq olar.

12. «Fahişə» - Pisliyində heç kəs şübhə etməyən nalayiq sözlərə və pis əmələrə deyilir. Bə’zi vaxtlarda isə həddindən artıq pis və nifrət yaradan əməllər haqqında da işlənir. Bu söz Qur’anda 24 dəfə təkrar olunub.

13. «Şərr»- Adətən, insanların nifrət etdiyi və xoşlamadığı işlərə şərr deyilir. Bunun əksi müqabilində xeyir sözüdür ki, bu da camaatın əksəriyyətinin bəyənib əməl etdiyi işlərə deyilir. Həmçinin, insanların daxili hissləri və fitri duyğuları ilə zidd olan günaha şərr deyilir. Bu kəlmə çox vaxt insanın başına gələn bəlalar haqqında da işlənir. Lakin bə’zi yerlərdə günaha şərr deyilir. O cümlədən Qur’ani-kərimin «Zilzal» surəsinin 8-ci ayəsində «şərrən» ifadəsi günah məqsədini bildirmək üçün işlədilmişdir.

14. «Ləməm» - Günaha yaxınlaşmaq mə’nasınadır. Eləcə də «az» mə’nasını da daşıyır. Bu səbəbdən də kiçik günahlara «ləməm» deyilir. Bu kəlmə Qur’anda təkcə bir yerdə («Nəcm» surəsinin 32-ci ayəsində) gəlmişdir.

15. «Vizr»- Ağırlıq mə’nasınadır. Vəzir hökumətin ağır işlərini öhdəsinə götürən şəxsə deyilir. Günahkar insan öz günahları ilə, ağır bir yükü öz üzərinə götürür. (Mə’lumdur ki, bə’zi insanlar bunu öz təcrübələrində müşahidə ediblər.) Lakin o, bu həqiqətdən qafildir! «Vizr» sözü Qur’anda 26 dəfə gəlmişdir. Qur’anın bə’zi ayələrində yenə də ağırlıq mə’nasını verən «siql» sözü də günah mə’nasında işlənib. “Ənkəbut» surəsinin 13-cü ayəsi bu nümunədən biridir.

16. «Hins» - əslində batil və qəbahətli sayılan işlərə meyilli olmaq mə’nasını verir. Lakin söz verdikdən sonra əməl etməməyə də “hins” deyilir. İnsanın dinə, öz sözünə əməl etməməsi, əhdinə vəfasız çıxması böyük günahlardan sayılır. Bu kəlmə Qur’anda iki dəfə gəlmişdir.

Saydığımız bu 16 ifadənin hər biri günahın zərərli tə’sirlərindən yalnız müəyyən bir hissəsini açıqlayır və insanları bu işlərdən uzaqlaşmağa çağırır.

GÜNAHIN NÖVLƏRİ

İslam alimləri, günahları iki növə bölmüşlər:

1. Böyük günahlar (kəbirə);

2. Kiçik günahlar (səğirə).

Bu bölgüdə alimlərimiz, Qur’andan və mə’sum imamlarımızın kəlamlarından bəhrələnmişlər. «Nisa» surəsinin 31-ci ayəsində Allah-təala buyurur:

اِنْ تَجْتَنِبُوا كَبائِرَ ما تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيّئاتِكُمْ وَنُدْخِلْكُمْ مُدْخَلاً كَرِيماً

“Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi şərəfli bir mənzilə çatdırarıq.»

«Kəhf» surəsinin 49-cu ayəsində oxuyuruq:

وَوُضِعَ الْكِتابُ فَتَرَى الُْمجْرِمِينَ مُشْفِقِينَ مِمّا فِيهِ وَيَقُولُونَ يا وَيْلَتَنا ما لِهذا اَلْكِتابِ لا يُغادِرُ صَغِيرَة وَلا كَبِيرَةً اِلاّ اَحْصاها

«(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Məhəmməd! O zaman) günahkarların orada yazılmış öz pis əməllərindən (onlara görə veriləcək cəzadan) qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: «Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır!» Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşısında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!»

Yenə də Allah-təala «Nəcm» surəsinin 32-ci ayəsində buyurur:

الَّذينَ يَجْتَنِبُونَ كَبائِرَ الاِْثْمِ وَالْفَواحِشَ

«O yaxşılıq edənlər ki, kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan, çirkin əməllərdən çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!»

«Şura» surəsinin 37-ci ayəsində də oxuyuruq:

وَالَّذِينَ يَجْتَنِبُونَ كَبائِرَ الاْثْمِ وَالْفَواحِشَ

«O kəslər üçün ki, böyük günahlardan və rəzil işlərdən çəkinər, (birinə) qəzəbləndikləri zaman (onu) bağışlayarlar.»

Nəhayət «Nisa» surəsinin 48-ci ayəsində buyurur:

اِنَّ اللهَ لا يَغْفِرُ اَنْ يُشْرِكَ بِهِ وَيَغْفِرُ ما دوُنَ ذلِكَ لِمَنْ يَشاءُ وَمَنْ يُشْرِكْ بِاللهِ فَقَدِ افْتَرى اِثْماً عَظِيماً

«Həqiqətən Allah, Ona şərik qoşmağı bağışlamaz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük bir günah etmiş olur».

HƏDİSLƏRDƏ DEYİLƏN GÜNAHIN NÖVLƏRİNİ NƏZƏRDƏN KEÇİRƏK

Mə’sum imamlarımızdan nəql olunan bir çox hədislər də böyük və kiçik günahları izah edir.

«Üsuli-kafi» kitabının «Babul-kəbair» hissəsində 24 hədis ancaq bu mövzudan bəhs edir. Bu bölmənin birinci və ikinci hədislərində böyük sayılan (kəbirə) günahlar haqqında qeyd edilib: Böyük günahlar Allahın onlara cəhənnəm atəşini vacib etdiyi günahlara deyilir. «Babul-kəbair» bölməsinin 3-cü və 7-ci hədislərində yeddi günah böyük günahlar hesab edilmişdir. Lakin 24-cü hədisdə 19 günah böyük günah sayılır. Bu hədislərin hamısına bir yerdə nəzər salsaq, günahın böyük və kiçik olaraq iki yerə bölünməsini anlayarıq. Baxmayaraq ki, hər bir günah Allahın əmri ilə ziddiyyətdə olduğu üçün böyük sayılmalıdır. Lakin bu məsələ kiçik günahların da olmasını e’tiraf etmir. Çünki günahları, onların zərər və ziyanlarına görə ölçürlər. Yə’ni böyük günahlar kiçik günahlarla müqayisədə daha zərərverici tə’sirlərə malikdir.

BÖYÜK GÜNAHLAR

İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN

İmam Kazim (əleyhissalam) buyurur: Əmr ibni Übeyd İmam Sadiq (əleyhissalamın) hüzuruna gəlib salam verdi və bu ayəni oxudu:

وَالَّذِينَ يَجْتَنِبُونَ كَبائِرَ الاْثْمِ وَالْفَواحِشَ

«Yaxşı insanlar böyük günahlardan və çirkin əməllərdən qorunmalıdırlar». Sonra sükut edib ayənin davamını oxumadı. İmam ona buyurdu: Nə üçün sükut etdin?

 O dedi: Qur’anda bu günahların sayını bilmək istəyirəm.

İmam buyurdu: Bəli, ey Əmr (eşit):

1. Ən böyük günah Allaha şərik qoşmaqdır. Ona görə Allah-təala buyurmuşdur:

وَمَنْ يُشْرِكْ بِاللهِ فَقَدْ حَرَّمَ اللهُ عَلَيْهِ الْجَنَّة َ

«Hər kəs Allaha şərik qoşsa Allah behişti ona haram edər.»[1]

2. Ondan sonra Allahın rəhmətindən ümidsiz olmaq ən böyük günahlardan sayılır:

Necə ki, Allah-təala buyurmuşdur:

 اِنَّهُ لا يَيْأَسُ مِنْ رَوْحِ اللهِ اِلاّ الْقَوْمُ الْكافِرُون َ

«Kafirlərdən başqa heç bir kəs Allahın rəhmətindən ümidsiz olmaz.»[2]

3. Allahın rəhmətindən ümidsizlikdən sonra ən böyük günah insanın həmişə Allahın əzabından amanda olacağını güman etməsidir. (İnsan həm Allahın rəhmətinə ümidli olmalı, həm də Allahın əzabından qafil olmamalıdır). Allah-təala Qur’anda buyurur:

 فَلا يَأْمَنُ مِنْ مَكْرِ اللهِ اِلاّ الْقَوْمُ الْخاسِروُنَ

«Yalnız ziyana uğrayanlar, Allahın məkrindən amanda qalacaqlarına inanarlar».[3]

4. Böyük günahlardan biri də ata və ananın üzünə ağ olmaqdır: Elə bu səbəbdən Allah-təala ata-anasına əziyyət verən şəxsi güclü, lakin bədbəxt bir insan kimi tanıtdırır.[4]

5. Adam öldürmək; (İstisna olunmuş hallardan başqa). Allah-təala buyurur:

وَمَنْ يَقْتُلُ مُؤمِناً مُتَعَمِّداً فَجَزاؤُهُ جَهَنَّمُ خالِداً فِيها وَغَضِبَ اللهُ عَلَيهِ وَلَعَنَهُ وَاَعَدَّ لَهُ عَذاباً عَظِيماً

«Hər kəs bir mö’mini qəsdən öldürsə, cəzası cəhənnəm olacaq və orada əbədi qalacaq. Allah ona qəzəb edəcək, lə’nətləyəcək və onun üçün ağır əzab hazırlayacaqdır.»[5]

6. İffətli bir qadını zinakar kimi qələmə vermək. Allah-təala buyurur:

 اِنَّ الَّذِينَ يَرْمُونَ الُْمحصَناتِ الْغافِلاتِ الْمؤْمِناتِ لُعِنُوا فِي الدُّنْيا وَالاْخِرَةِ وَلَهُمْ عَذابٌ عَظِيمٌ

«Zinanı ağıla belə gətirməyən ismətli qadınları zinada ittiham edən kimsələr, dünyada və axirətdə lə’nətə gəlmişlər».[6]

7. Yetimlərin malını yemək: Qur’anda belə şəxslərin haqqında oxuyuruq:

اِنَّما يَأْكُلُونَ فِي بُطُونِهِمْ ناراً وَسَيَصْلَوْنَ سَعِيراً ا

«Yetimlərin malını haqsızlıqla yeyənlər yalnız qarınlarına od doldurar və tezliklə cəhənnəm atəşində yanacaqlar».[7]

8. Cihad (din yolunda müharibə) cəbhəsindən qaçmaq. Belə ki, Allah-təala buyurur:

وَمَنْ يُوَلِّهِمْ يَوْمَئِذ دُبُرَهُ اِلاّ مُتَحَرِّفاً لِقِتال اَوْ مُتَحَيّزاً اِلى فِئَة باءً بَغَضَب مِنَ اللهِ وَمَأْواهُ جَهَنَّمَ وَبِئْسَ الْمَصِيرُ

«Bir tərəfə çəkilib təkrar döyüşmək, yaxud (başqa bir) dəstəyə qoşulmaq məqsədilə yox, sadəcə qorxudan geriyə çəkilənlər (cəbhədən qaçanlar) Allahın qəzəbinə tutularlar. Cəhənnəmdir onların yerləri və ora necə də pis yerdir!»[8]

9. Faiz yemək. (sələmçi olmaq) Bu barədə Allah-təala buyurur:

الَّذِينَ يَأْكُلُونَ الرِّبا لا يَقُومُونَ اِلاّ كَما يَقُومَ الَّذِي يَتَخَبَّطُهُ الشَّيْطانُ مِنَ الْمَسّ

«Faiz yeyənlər (sələmçilər) məhşər ayağında şeytanın toxunub yerə yıxdığı adamın qalxdığı kimi ayağa qalxarlar».[9]

10. Sehr və cadu etmək. Qur’anda sehr haqqında belə oxuyuruq:

وَلَقَدْ عَلِمُوا لَمَنِ اشْتَراهُ مالَهُ فِي الاْخِرَةِ مِنْ خَلاق

«Onlar bilirdilər ki, onu (cadunu) alan şəxsə Qiyamət günü heç bir mənfəət çatmayacaq.»[10]

11. Zina. Belə ki, Allah-təala buyurmuşdur:

وَمَنْ يَفْعَلْ ذلِكَ يَلْقَ آثاماً يُضاعَفْ لَهُ الْعَذابُ يَوْمَ الْقِيامَةِ وَيَخْلُدْ فِيهِ مُهاناً

«Hər kəs bunu (zinanı) etsə, o, günaha batmış olur. Qiyamət günü bu cür şəxsin əzabı qat-qat artar və cəhənnəm içində alçalaraq əbədi olaraq qalar».[11]

12. Günah üçün yalandan and içmək. Rəbbimiz buyurur:

الَّذِينَ يَشْتَروُنَ بِعَهْدِ اللهِ وَاَيْمانِهِمْ ثَمَناً قَلِيلاً اُلئِكَ لا خَلاقَ لَهُمْ فِي الاْخِرَةِ

«Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət ne’mətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!»[12]

13. Müharibə zamanı müsəlmanların ələ keçirdiyi qənimətə xəyanət etmək. (Ona görə ki, bu qənimət orada iştirak edən müsəlmanların arasında bölüşdürülməlidir.) «Ali-imran» surəsinin 161-ci ayəsində oxuyuruq:

وَمَنْ يَغْلُلْ يَأْتِ بِما غَلَّ يَوْمَ الْقِيامَةِ

«Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz!»

14. Vacib olan zəkatı verməkdən boyun qaçırmaq.

Allah-təala buyurur:

يَوْمَ يُحْمى عَلَيْها فِي نارِ جَهَنَّمَ فَتُكْوى بِها جِباهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ

«Cəhənnəm odunda qızaran bu qızıl-gümüş ilə onların alnı, böyrü, beli dağlanan gün onlara deyəcəklər: «Özünüzə yığdığınızdan dadın!»[13]

15. Yalandan şəhadət vermək və habelə özünün şahid olmasını inkar etmək (yə’ni əgər bir şəxs müəyyən bir hadisənin şahidi olubsa, məhkəmə zamanı özünün şahid olmasını inkar etmək). Bu barədə Qur’anda oxuyuruq:

وَمَنْ يَكْتُمْها فَاِنَّهُ آثِمٌ قَلْبُهُ

«Hər kəs gördüyünü (məhkəmə zamanı) gizlətsə onun qəlbi günahkardır».[14]

16. «Ey iman gətirənlər! Şərab (içki), qumar, bütlər, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!» («Maidə» surəsinin 90-cı ayəsində bu mətləbə işarə olunmuşdur.)

17. Bilərəkdən Allahın insanlara vacib etdiyi əməlləri, o cümlədən namazı tərk etmək. Çünki İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) buyurur:

مَنَْ تَرَكَ الصَّلاةً مُتَعَمِّداً فَقَدْ بَرِئَ مِنْ ذِمَّةِ اللهِ وَذِمَّةِ رَسُولِ الله:

«Hər kəs bilərəkdən namazı tərk etsə, Allahın və Onun Peyğəmbərinin (s) əhd-peymanından bizar olmuşdur.»

18-19. Əhdə vəfa qılmamaq və yaxın qohum-əqrəba ilə rabitəni kəsmək. Allah-təala «Furqan» surəsinin 25-ci ayəsində bu məsələlər haqqında buyurur:

اُولئِكَ لَهُمُ الَّعْنَةُ وَلَهُمْ سُوءُ الدّارِ

«Onlar (əhdə vəfa qılmayanlar və qohumluq rabitəsini pozanlar) üçün lə’nət olsun və onların axirətdə yeri çox pisdir».

Bu hədisi rəvayət edən şəxs deyir: İmam Sadiq (ə) bura çatanda Əmr ibn Übeyd imamın sözlərinin tə’sirindən ağlayıb nalə çəkən halda oranı tərk etdi. Lakin gedərkən dilində bu cümləni təkrar edirdi:

هَلَكَ مَنْ قالَ بِرَأْيِه وَنازَعَكُمْ فِي الْفَضْلِ وَالْعِلْمِ

«Həlak olsun o şəxs ki elmi olmadan nəzər verə; və həlak olsun o şəxslər ki, siz imamlarla elm və fəzilətdə üzbəüz dura» (yə’ni həlak olsun sizin düşmənləriniz).

BÖYÜK VƏ KİÇİK GÜNAHLARIN ƏLAMƏTLƏRİ

Din alimləri arasında böyük və kiçik günahların əlamətləri haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Onlardan bə’ziləri aşağıda qeyd edilən beş me’yarı günahların böyük olmasının tə’yin edilməsində əsas bilirlər:

1. Hər bir günah ki, Qur’anda onun üçün əzab və’dəsi verilmişdir.

2. Hər bir günah ki, müqəddəs İslam dinində onun barəsində ciddi xəbərdarlıq edilib və cəza tədbirləri (hədd) tə’yin olunmuşdur. Məsələn şərab içməyin cəzası şallaqdır.

3. İslam dininə e’tinasızlıq məqsədilə edilən günahlar.

4. Qəti dəlillərlə böyük günah olması sübuta yetən günahlar.

5. Hər bir günah ki, Qur’anda və yaxud 14 mə’sumun hədislərində onu edən şəxs şiddətli əzabla təhdid olunub.

Böyük günahların sayına gəldikdə isə alimlərdən bə’zisi onları 7 ədəd, bə’zisi 10 ədəd, başqaları 20 ədəd, daha bir dəstə 34 ədəd və nəhayət bə’zi alimlər onların sayını 40 ədəd hesab etmişlər. Alimlərimizin arasında olan bu müxtəlif nəzəriyyələr Qur’an və hədislərdən götürülmüşdür. Çünki böyük günahların hamısı da dərəcə cəhətindən eyni deyillər.

İMAM RAHİLİN BÖYÜK GÜNAHLAR HAQQINDA NƏZƏRİYYƏSİ

Mərhum İmam Rahil özünün «Təhrirül-vəsilə» kitabında yazır:

Böyük günahlar bunlardır:

1. Qur’anda və yaxud hədislərdə onun haqqında cəhənnəm odu və’dəsi verilsin.

2. Müqəddəs İslam şəriəti tərəfindən şiddətli surətdə qadağan olunsun.

3. Bir günahın başqa günahlardan böyük olmasına dəlilimiz olsun.

4. İnsanda olan sağlam ağıl, bir günahın böyük günah olmasını təsdiqləsin.

5. İlahi qayda və qanunlara əməl edən müsəlmanların zehnində belə fikir olsa ki, filan günah böyük günahdır.

6. Peyğəmbərimiz və yaxud İmamlarımız tərəfindən çatan hədislərdə bir günah böyük günah sayılsın.

Müəllif sözünün davamında belə yazır: Böyük günahlar çoxdur. Onlardan bə’zisi isə bunlardır:

1. Allahın rəhmətindən məyus olmaq;

2. Allahın əzabından həmişəlik özünü amanda güman etmək;

3. Allahın, Onun Peyğəmbərinin (s) və yaxud İmamlarımızın adından yalan demək;

4. Nahaqdan bir adamı öldürmək;

5. Ata və ananın üzünə ağ olmaq;

6. Zülm etməklə bir yetimin malını mənimsəmək;

7 İsmətli bir qadına zina ittihamını vurmaq;

8. Düşmənlə mübarizə (cihad) meydanından qaçmaq;

9. Yaxın qohum-əqrəbalarla rabitəni kəsmək;

10. Sehr və cadu etmək;

11. Zina; (qadınla kəbinsiz cinsi əlaqədə olmaq);

12. Həmcinsbazlıq (kişinin kişi, qadının qadın ilə əlaqədə olması);

13. Oğurluq;

14. Yalandan and içmək;

15. Şəhadət verməyin vacib olduğu yerlərdə, boyun qaçırmaq;

16. Yalandan məhkəmədə şəhadət vermək;

17. Əhdə vəfa qılmamaq;

18. Ölünün vəsiyyətinə əməl etməmək;

19. Şərab içmək;

20. Faiz yemək (sələmçilik);

21. Haram mal yemək;

22. Qumarbazlıq;

23. Qan və yaxud meytə (özü ölən heyvan) ətini yemək;

24. Donuz əti yemək;

25. Şəriət qayda və qanunları ilə kəsilməmiş heyvan ətini yemək; (Lakin çarəsizlik üzündən yemək istisna olunur).

26 Az satmaq (Müştərini tərəzidə aldatmaq);

27. Dinini qorumaqda təhlükə ilə üzləşəcəyi bir yerə köçmək;

28. Zalıma kömək etmək;

29. Zalım bir şəxsə arxalanmaq;

30. Başqalarının haqqını bilərəkdən və üzrlü səbəb olmadan özündə saxlamaq;

31. Yalan danışmaq;

32. Özünü başqalarından böyük saymaq;

33. İsraf etmək;

34. Xəyanət etmək;

35. Başqalarının qeybətini etmək;

36. Söz gəzdirmək (ara vurmaq məqsədilə);

37. Faydasız işlərlə məşğul olmaq;

38. «Həcc» fərizəsini yüngül saymaq;

39. Namazı tərk etmək;

40. Zəkat verməmək;

41. Kiçik günahı təkrarlamaq.

Böyük günahların arasında Allaha şərik qoşmaq, Allah-təalanın buyurduğu qayda və qanunları inkar etmək və Peyğəmbərimiz (s) və İmamlarımızla düşmənçilik ən böyük günahlar sayılırlar.[15]

Sadaladığımız günahlar böyük günahların bir qismi idi. Həmçinin Qur’ana, Peyğəmbərə (s), İmamlarımıza və müqəddəs Kə’bə evinə nalayiq sözlər demək də böyük günahlardan sayılır.

GÜNAHLARIN DAHA BİR QİSMİ

İmam Əli (ələyhissəlam) buyurur:

اِنَّ الذُّنُوبَ ثَلاثَةٌ... فَذَنْبٌ مَغْفُورٌ وَذَنْبٌ غَيْرُ مَغْفُورٌ وَذَنْبٌ نَرْجُو لِصاحِبِهِ وَنَخافُ عَلَيْهِ

Günahlar üç qrupdur:

1. Bağışlanan günahlar.

2. Bağışlanmyan günahlar.

3. Elə günahlar da vardır ki, onların bağışlanıb-bağışlanmayacağı mə’lum deyil. (O həzrət sonra sözünün davamında buyurur): Bağışlanan günahlar elə günahlardır ki, Allah tərəfindən bu dünyada onlar üçün cəza tədbirləri müəyyən olunub. Daha belə olan surətdə bədənin ikinci dəfə qiyamətdə də cəzalandırılması, Allahın həkimlik məqamından uzaqdır.

Bağışlanmayan günahlar isə insanların bir-birlərinə qarşı etdiyi günahlardır. (Misal üçün, əgər insan mö’min bir şəxsin malını onun icazəsi olmadan mənimsəyibsə, bu halda ancaq və ancaq gərək malın sahibindən halallıq alsın).



  İrəli
Go to TOP