A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 86
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Qanun insanların üç əsas çətinliyini aradan qaldırır:

1)Qanun hər bir insanın cəmiyyət qarşısında, eləcə də cəmiyyətin hər bir insan qarşısında vəzifəsini müəyyən edir. İstedadları çiçəkləndirərək səyləri bir-biri ilə uyğunlaşdırır.

2)Qanun insanların öz vəzifələrinə əməl etmələri üçün lazım olan nəzarətin yaranmasına yol açır.

3)Qanun insanların bir-birinin hüququna təcavüz etməsinin qarşısını alaraq hər cür hərc-mərcliyin, çəkişmələrin baş verməsinə mane olur və lazım olduğu vaxt caniləri münasib cəzaya məhkum edir.

Ən gözəl  qanun təyin edən kimdir?

İndi görək, insanların ehtiyacı olan qanunları kim daha gözəl təyin edə bilər? Bu şərtlə ki, yuxarıda deyilən üç bəndin hamısına riayət olunsun. Bu məsələni daha yaxşı açıqlamaq üçün sadə bir misaldan istifadə edirik.

İnsan cəmiyyətini uzun bir qatara, qanunları isə həmin qatarı idarə edən lokomotivə bənzətmək olar. Qanun bütün yol boyu çəkilmiş və qatarın məqsədini təyin edən relsdir. Məlumdur ki, yaxşı dəmir yolu aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

A)Qatarın keçəcəyi yollar qatarın bütün ağırlığını saxlaya bilməlidir.

B)İki relsin arasında olan məsafə qatarın təkərlərinin məsafəsi ilə uyğun gəlməlidir. Həmçinin, yol boyu tunellərin hündürlüyü qatarın hündürlüyünə münasib olmalıdır.

V)Qatarın əyləc sistemi yollardakı eniş-yoxuşun öhdəsindən gələ bilmədir.

Q)Yollarda baş verə bilən hadisələr dəqiq hesablanıb ehtimal edilməlidir ki, qatar bütün məsafəni salamat gedə bilsin.

Bu misalı nəzərə alaraq insan cəmiyyətinə qayıdırıq. İnsanlar üçün qanun təyin etmək istəyən şəxs aşağıdakı  xüsusiyyətlərə malik olmalıdır:

A)Müxtəlif insanları yaxşı tanımalı, onların bütün istək, meyl və ehtiyaclarından agah olmalıdır.

B)İnsanlarda olan bütün dəyər və istedadları nəzərə alaraq onların çiçəklənməsi üçün qanun  təyin etməlidir.

V) Cəmiyyətdə baş verən hadisələri, eləcə də onlara qarşı göstərilə biləcək müqavimətləri qabaqcadan bilməlidir.

Q)Cəmiyyətdən heç bir şəxsi mənafe güdməməli və qanun təyin edən zaman özünün və ya yaxın adamlarının xeyrini düşünməməlidir.

D)Gələcəkdə həyata keçəcək inkişaf və geriləmələrdən xəbərdar olmalıdır.

E)Son dərəcə səhvsiz, nöqsansız və eybsiz olmalıdır.

J)Nəhayət, qanun təyin edən şəxs cəmiyyətdəki qüvvələrin heç birinin təsiri altında olmamalı, heç kimdən qorxmamalı, eyni zamanda bütün insanlara qarşı mehriban və ürəyiyanan olmalıdır.

Kim bu xüsusiyyətlərə malikdir?

İnsan qanun təyin edənlərin ən yaxşısı ola bilərmi? İndiyədək bir nəfər belə olsun, insanı yaxşı tanıyıbmı?  Əsrimizin böyük alimlərindən biri insan barədə geniş bir kitab yazaraq həmin kitabı «İnsan- tanınmamış varlıq» adlandırmışdır.

İndiyədək insanın bütün meyl və istəkləri kəşf olunubmu?

Adi insanlar arasında cəmiyyətdən şəxsi mənfəət güdməyən bir şəxs tapa bilərsinizmi?

Allahdan başqa insanın cismani və ruhani ehtiyaclarını bilən varmı?

İnsanlar arasında səhv və nöqsanı olmayan, bəşərə lazımlı bir şəxs tanyırsınızmı?

Deməli, Allah və onun vəhyini qəbul edən şəxsdən (peyğəmbərdən) başqa, heç kim qanunverici ola bilməz.

Bununla da belə nəticəyə gəlirik ki, insanları təkamül və səadətə qovuşmaq üçün xəlq etmiş Allah onların hidayəti üçün bir sıra qanunlar və rəhbərlər təyin edərək insanlara çatdırmalıdır.

Əgər camaat qanunun Allah tərəfindən olduğunu bilsə, şübhəsiz ki, xatircəmlik və arxayınlıqla ona əməl edəcəkdir. Başqa sözlə desək, bu arxayınçılıq qanunun icra olunacağını tam şəkildə təmin edir.

Tövhidlə nübüvvətin əlaqəsi

Xatırlatmaq lazımdır ki, yaranışda olan nizam-intizamın özü də peyğəmbərlərin olması və onların vəzifəsinə açıq-aşkar bir sübutdur.

İzah: Maraqlı və heyrətli yaranışın quruluşunda azacıq araşdırma apardıqda məlum olur ki, Allah məxluqatın ona olan ehtiyaclarının heç birini əsirgəməmişdir. Məsələn, əgər o, bizə görmək üçün göz veribsə, onu qorumaq üçün qaş və kiprik də vermişdir. Gözü həmişə rütubətli saxlamaq üçün onda göz yaşı xəlq etmişdir. Əgər göz qurusa, bu gözün  işdən düşməsi ilə nəticələnər. Bundan əlavə, gözün içində olan kiçik bir dəliyin vasitəsi ilə gözün artıq yaşları burna tökülür. Əgər bu dəlik olmasaydı, artıq və əlavə göz yaşlarının hamısı insanın sifətinə tökülərdi. Göz qapaqlarını elə həssas və dəqiq yaratmışdır ki, onlar güclü və zəif işığa qarşı öz-özünə kiçilib, böyüyürlər. Bunun vasitəsi ilə işıq axını tənzimlənir və gözə heç bir zərər dəymir. Gözün ətrafında olan kiçik əzələlər başı tərpətmədən gözü o tərəf- bu tərəfə fırlatmağa qadirdirlər. Bununla da, göz ətrafında olan şeyləri asanlıqla görə bilir.

İnsanın bu ehtiyaclarını təmin edən Allah onu rəhbərlərdən və vəhylə rabitəsi olan məsum peyğəmbərdən məhrum edərmi?

Tanınmış filosof Əbu Əli ibn Sina «Şəfa» kitabında yazır: «İnsanın peyğəmbərlərə olan ehtiyacı qaş və kipriklərin tüklərinin bitməsindən, ayağın altındakı çökəkliyin içəri batmasından daha zəruri və mühüm bir şeydir. Buna görə də ola bilməz ki, Allah o ehtiyacları ödəsin (məsələn, qaşın tükünü bitirsin), lakin insanın peyğəmbərə olan ehtiyacını ödəməsin.»

Fikirləşin və cavab verin

1.İnsan həyatının ən əsas xüsusiyyətləri nədir?

2.Nəyə görə insan qanunsuz yaşaya bilməz?

3.Qanunun insanların həyatındakı rolunu göstərən sadə bir misal deyin.

4.Ən yaxşı qanun təyin edən hansı xüsusiyyətlərə malik olmalıdır?

5.Nə üçün peyğəmbərlər elə insanların özlərindən olmalıdırlar?

III DƏRS

Nə üçün peyğəmbərlər məsumdurlar?

(günahsızdırlar?)

Günah və səhvdən uzaq olma

Məlumdur ki, bütün peyğəmbərlər hər şeydən qabaq özünü camaatın gözündə doğrultmalı, camaatın rəğbətini qazanmalı və camaatın ona etimadı olmalıdır. Belə ki, heç kim onun sözlərində yalan, səhv, xilafkarlıq olduğunu ehtimal belə etməməlidir. Əgər belə olmasa, onun rəhbərlik məqamı aradan çıxacaq.

Əgər peyğəmbərlər məsum olmasalar, bəhanə axtaranlar onların səhvlərinə görəcək, həqiqət axtaranlar isə onların dəvətlərinin məğzi aradan qalxdığına görə, onlara tabe olmayacaqlar. Tabe olsalar da, sidqi-ürəklə tabe olmayacaqlar. «Etimad dəlili» adlandırılan bu dəlil peyğəmbərlərin nə üçün məsum olduqları sualına bir cavab, şahid və sübutdur.

Başqa sözlə, necə ola bilər, Allah sərgərdan və laqeyd bir insana itaət etməyi əmr etsin, həmin insan isə səhv, yaxud günah işlətsin? Belə bir vəziyyətdə insanlar onun ardınca gedib itaət etməlidirlərmi? Əgər itaət etsələr, günah və səhvə itaət etmiş olarlar, yox, əgər itaət etməsələr, onda peyğəmbərin rəhbərlik məqamı aradan qalxar. Özü də, peyğəmbərlərin rəhbərlik məqamı başqalarının rəhbərlik məqamından fərqlənir. Çünki bütün insanlar əqidə və məsləklərini onun dediyi sözlərə əsasən tənzimləyir. Məhz buna görə, müfəssirlər (təfsirçilər) «Allaha, peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin» ayəsinə yetişdikdə deyirlər ki, qeyd-şərtsiz itaət əmri həm peyğəmbərlər, həm də ixtiyar sahiblərinin məsum olduqlarına sübutdur. (İxtiyar sahibləri dedikdə isə imamlar başa düşülür). Əgər onlar (peyğəmbərlər və ixtiyar sahibləri) məsum olmasaydılar, Allah açıq şəkildə onların ardınca getməyi və itaət etməyi əmr etməzdi.

Peyğəmbərlərin məsum olduqlarını sübut edən başqa bir yol peyğəmbərlərdə günahın səbəbinin olmamasıdır. (yəni, elə bir səbəb yoxdur ki, onlar bu səbəbdən günaha əl atsınlar.)

İzah: Biz özümüzə nəzər saldıqda görürük ki, bəzi günah və ya pis işlərə münasibətdə demək olar ki, məsumuq.

Aşağıdakı nümunələrə diqqət edin

Ağıllı bir şəxsin od, kül və çirkin şeyləri yemək fikrinə düşdüyünü görmüsünüzmü? Əlbəttə ki, xeyr. Əgər görsək, bir nəfər bu cür hərəkətlər edir, dərhal onun dəli olduğunu zənn edəcəyik. Çünki ağıllı şəxsin bu hərəkətləri etməsi mümkün deyil və bunu heç cür ağlımıza sığışdıra bilmərik. Bu kimi işlərin pis və bəyənilməz olduğunu təhlil etdikdə görürük ki, bu işlər o qədər pisdir ki, heç bir düşüncəli insan bunlara əl atmaz. Qısaca  deyə bilərik ki, düşüncəsi olan hər bir insan bu cür iş və hərəkətlərdən yana məsumdur (günahsız və təqsirsizdir).

Bəhsimizin dairəsini bir az da genişləndirib deyirik ki, insanların bir qismi bəzi günahlar və pis işlərə nisbətən məsumdur, lakin başqa bir hissə həmin günahlara düçar olmuşdur. Məsələn, mahir bir həkim mikroblu və bulanlıq suyu içməz. Amma savadsız bir əkinçi o suyu içir. Çünki o, suda olan mikrobları tanımır və onun zərərindən xəbərsizdir.

Deməli, belə çıxır ki, insanın bir mövzu barədə elmi, məlumatı nə qədər  çox olsa, bir o qədər pis işlərdən çəkinər və günahlardan uzaq olar. Bu hesabla, əgər bir nəfərin imanı, biliyi həddən artıq yuxarı səviyyədə olsa və Allaha, onun ədalət məhkəməsinə sanki bunların hamısını gözləri qarşısında görürmüş kimi etiqad bəsləsə, bütün günahlardan uzaq olar. Onun pis əməllərə, günahlara olan münasibəti, bizim küçədə anadangəlmə çılpaq hərəkət etməyə olan nisbətimiz kimidir. Haram malı yemək onun nəzərində ağıza od aparmaq kimi bir şeydir. Biz odu ağzımıza almadığımız kimi, o da haram malı ağzına almaz.

Deyilənlərdən belə nəticəyə gəlirik ki, peyğəmbərlərin yüksək dərəcədə olan elmi, imanı onları günah etməkdən çəkindirir. Günah onların hətta fikrlərinə belə gəlmir. Buna görə deyirik ki, peyğəmbərlər məsumdurlar.

İsmət (günahsızlıq) məqamı necə iftixar ola bilər?

İsmətin və məsum olmanın mənasını yaxşı anlamayan bəzi şəxslər deyirlər ki, əgər Allah bir nəfəri məsum edibsə və günahı onun hətta fikrinə belə  gətirmirsə, bunun harası fəxrdir? Bu məcburi məsumluqdur. Məcburi məsumluğun da heç bir şərafət və dəyəri yoxdur. Yuxarıda verilmiş izahatda bu məsələnin cavabı tamamilə aydındır. Peyğəmbərlərin günahlardan məsum olmaları heç də məcburi deyildir. Əksinə, onlar bu rütbəyə, bu dərəcəyə öz güclü iman, elm, yəqinlikləri sayəsində nail olmuşlar. Bu da onlar üçün ən böyük şərəfdir. Əgər təcrübəli bir həkim özünü xəstəliklərdən qoruyursa, bu onun məcbur olduğunumu göstərir? Bu cür bir həkim bütün təmizliklərə riayət edirsə, bu onun üçün şərəf hesab olunmurmu? Hüquqşünas təhlükəli bir cinayətin hansı pis nəticələr verəcəyini bilir və həmin cinayətdən özünü gözləyirsə, bu onun üçün şərəf deyilmi?

Deməli, peyğəmbərlərin nail olduğu məsumluq  rütbəsini onlar öz ixtiyarları ilə qazanmışlar və bu onlar üçün böyük bir iftixardır.

Fikirləşin və cavab verin

1.Məsumluğun neçə budağı var?

2.Əgər peyğəmbərlər məsum olmasaydılar, nə olardı?

3.İsmət (məsumluq) məqamının həqiqəti nədir?

4.Dərsdə deyilən misallardan başqa bütün və ya bəzi insanların uzaq olduğu bir neçə günah saya bilərsinizmi?

5.Peyğəmbərlərin məsumluğu məcburidir, yoxsa öz iradələri ilə qazanmışdır? İsbat edin.

IV DƏRS

Peyğəmbərləri tanımağın ən gözəl yolu

Hər peyğəmbərlik iddiası edən şəxsin iddiasını qəbul etmək, yəqin ki, məntiqsiz və ağıldan kənar bir işdir. Allah tərəfindən peyğəmbərlik iddiası edən ola bilər, düz desin, ehtimal da var ki, yalan desin, özünə məqam əldə etmək üçün belə iddiyaya əl ataraq özünü peyğəmbər adlandırsın. Buna görə də peyğəmbərlərin iddiasının doğru olub-olmadığını bilmək üçün bir sıra yol və qaydalar olmalıdır. Bu qaydalar vasitəsilə biz iddianın doğru olub- olmadığını anlaya bilərik. Buna nail olmaq üçün bir neçə yol var. Bu yollardan ikisi daha çox əhəmiyyət daşıyır.

1.Peyğəmbərlik iddiası edən şəxsin iddiasını lazımi surətdə araşdırmalı, əsər və nişanələrini aydınlaşdırmalıyıq.

2.Möcüzə və bəşər qüdrətindən xaric olan işlər.

İstərdik, əvvəl möcüzə haqqında bir az söhbət edək.

Bəzi insanlar, möcüzə sözünə təəccüblənir, onu əfsanə və ilə eyni səviyyədə tuturlar. Ancaq möcüzə sözünün mənasına elmi nöqteyi-nəzərdən diqqət etdikdə bu təsəvvürlərin yanlış olduğu açıq-aşkar görünür. Möcüzə qeyri –mümkün və heç bir səbəbi olmayan iş deyil. Möcüzə elə bir işdir ki, onun həyata keçməsi adi insanların qüdrətindən kənardır və onu ancaq təbiətdən üstün olan bir qüvvəyə arxalanaraq həyata keçirmək olar.

Beləliklə, möcüzə aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

A)Möcüzə mümkün və məqbul bir iş olmalıdır.

B)Adi insanlar, hətta qeyri-adi istedada malik olanlar belə onu həyata keçirməkdən aciz olmalıdırlar.

V)Möcüzə göstərən şəxs başqalarını mübarizəyə dəvət etməlidir. Buna görə də, özünə son dərəcə arxayın olmalıdır.

Q)Heç kim onun kimi bir iş həyata keçirə bilməməlidir. Möcüzənin adından məlum olduğu kimi, bütün insanlar onu həyata keçirməkdən aciz olmalıdırlar.

D)Möcüzə həmişə nübüvvət, yaxud imamət iddiası ilə yanaşı olmalıdır. (Deməli, bəzi qeyri-peyğəmbər və imamların etdiyi və bəşər qüdrətindən xaric olan işlər möcüzə deyil.  Bu cür işlər «kəramət» adlanır. Öldükdən sonra bir daha həyata qayıtmağın mümkün olmadığı barədə insan övladı indiyədək elmi və əqli bir sübutu əldə edibmi? Yaxud həkimlərin indiyədək əlac tapa bilmədikləri xərçəng xəstəliyinin əlacsız olmasına dair elmi və əqli bir nəzəriyyə irəli sürülübmü?

Şübhəsiz ki, insan hazırda əlində olduğu qüvvə ilə ölünü diritməyə və ya xərçəng kimi bəzi xəstəlikləri sağaltmağa qadir deyil. Dünyanın bütün həkimləri yığılıb gəlsə də, yenə bunlara əlac tapa bilməz. Ancaq kimsə ilahi qüvvə ilə və Allahın sonsuz elmindən bəhrələnərək ölmüş bir şəxsin ruhunu bədəninə qaytarırsa və çarəsiz xəstələrə şəfa edirsə, bunda nə eyib var?

Elm deyir: Mən bilmirəm, bacarmıram. Elm demir ki, hər hansı bir iş  heç vaxt bu iş mümkün deyil, baş tutmaz, ola bilməz.

Başqa bir misal:

Kosmik gəmidən istifadə etmədən ay səthinə enmək mümkün deyil. Ancaq bizim qüdrətimizdən qat-qat üstün olan bir qüdrətin köməyi ilə, heç bir fəza gəmisindən istifadə etmədən bir nəfər ay səthinə enirsə, yaxud başqa planetlərə səfər edirsə, burada nə eyib var?

Əgər bir şəxs həqiqətən bu cür işlər görürsə, eyni zamanda peyğəmbərlik iddiası edərək başqalarını möcüzələri qarşısında mübarizəyə dəvət edirsə, insanlar da onun bu işləri qarşısında aciz qalırsa, onda bilirik  ki, doğrudan da, o, Allah tərəfindən göndərilmiş bir peyğəmbərdir. Ola bilməz ki, Allah bu cür işləri yalançı bir şəxsin ixtiyarın verərək camaatı yoldan azdırsın. (Diqqət edin).

Möcüzələri mövhumat və xurafatla qarışdırmaq olmaz

İfrat və təfritlər həmişə həqiqətlərin üzə çıxmasına mane olmuşlar. Möcüzə barədə də bu sözü demək olar. Özlərini ziyalı adlandıran bəzi şəxslər ümumiyyətlə möcüzəni inkar edir, bəziləri isə hər kiçik işi möcüzə adlandırırlar. Peyğəmbərlərin göstərdikləri elmi və həqiqi möcüzələri ağlasığmaz əfsanələrlə qarışdırırlar. Möcüzələr bu cür mövhumatlardan fərqlənməyincə onların əsl siması aşkar olmayacaq. Məhz buna görə də islamın böyük alimləri möcüzə barədə söylənilmiş  hədisləri bu cür mövhumatlardan, saxtakarlıqlardan qoruyub saxlamağa cəhd etmiş və buna nail olmuşlar. Bu səbəbdən də «Rical» elmi ortaya çıxmışdır. Beləliklə, səhih və düzgün hədislərlə yalan və zəif hədislər, həqiqətlə mövhumatlar bir-birindən fərqlənmişdir.

Hal-hazırda zalım və istismarçı siyasi qüvvələr əsassız və dindən kənar olan etiqadları dini və həqiqi əqidələrlə qarışdırmaq üçün əllərindən gələni edirlər. Biz isə düşmən vəsvəsələrinə aldanmamalı , öz  pak, müqəddəs dinimizi qoruyub saxlamalıyıq.

Möcüzə ilə qüdrətdən kənar və qeyri-adi başqa işlərin fərqi

Bir çoxları deyirlər ki, mürtazlardan (yoqalardan) bir qismi qüdrət və adətdən kənar olan işləri həyata keçirirlər. Bu cür işləri öz gözləri ilə müşahidə etmiş insanlar da çoxdur. Bunlar heç də əfsanə deyildir, açıq-aşkar həqiqətdir. Burada belə bir sualla üzləşirik: bu cür işlərlə peyğəmbərlərin göstərdiyi möcüzələrin nə fərqi var? Biz onları bir-birindən necə ayırd edə bilərik?

Bu sualın müxtəlif cavabları var. Ən başlıcası isə aşağıdakı iki cavabdır:

1.Yoqaların gördüyü işlər məhduddur. Başqa sözlə desək, onlar heç vaxt camaatın onlardan istədiyi işləri görmürlər. Bu, onun məşq və səyi nəticəsində həyata keçirdiyi işdir. Onların bu cür işlərinin məhdud olmasının səbəbi də aydındır. Çünki bütün insanların qüdrəti məhduddur və onlar yalnız bir neçə işdə məharət göstərə bilərlər. Lakin peyğəmbərlərin möcüzələri məhdud deyildir. Onlar lazım olduğu yerdə camaat tərəfindən tələb olunan hər bir möcüzəni göstərə bilirdilər. Səbəbi də budur ki, onlar Allahın sonsuz qüdrətindən bəhrələnirlər, Allah qüdrətinin isə heç bir həddi-hüdudu yoxdur. İnsanın öz elmi və qüdrəti həddən artıq məhduddur.

2.Bir yoqanın gördüyü işi başqa bir yoqa da görə bilər. Deməli o iş, bəşər qüdrətindən xaric deyil. Elə buna görə də, bir yoqa hər hansı işi gördükdə heç vaxt başqalarını mübarizəyə dəvət etmir. Bilir ki, onun kimi bu işi bacaranlar çoxdur. Peyğəmbərlər isə tam arxayınçılıqla camaatı mübarizəyə dəvət edərək bu cümləni əllərində şüar tuturlar: «Yer üzündəki bütün insanlar yığışsalar da, bizim gördüyümüz  işi görə bilməzlər».

Bu fərq möcüzə ilə sehrə də aiddir. Bəyan etdiyimiz bu iki cavab, bu iki fərq möcüzəni tamamilə sehrdən fərqləndirir.

Fikirləşin və cavab verin

1.Möcüzəni nə üçün möcüzə adlandırmışdılar?

2.Möcüzə asılılıq qanunundan (illiyyət qanunundan) (səbəb qanunundan) istisnadırmı?

3.Möcüzəni yoqaların gördüyü işlərdən və sehrdən ayırmağın neçə yolu var?

4.Möcüzənin əsl şərt və xüsusiyyətləri hansılardır?

5.Həyatda möcüzəyə bənzər bir iş müşahidə etmisinizmi?

V DƏRS

İslam peyğəmbərinin ən böyük möcüzəsi

Əbədi möcüzə

İslam alimlərinin hamısı Qurani-Məcidin islam peyğəmbəri Həzrət Məhəmməd (s)-in ən böyük möcüzəsi olduğu fikrindədirlər. Quranın ən böyük möcüzə olmasının səbəbi aşağıdakılardır:

1.Quran insanın ruhu və şüuru ilə əlaqəli əqli bir möcüzədir.

2.Quran 14 əsr boyunca aşağıdakı şüarı əlində tutmuş bir möcüzədir: «Əgər bu səmavi kitabın Allah tərəfindən olmadığını zənn edirsinizsə, onda siz də bu cür bir kitab gətirin.»

Quranın camaatı mübarizəyə dəvət etməsi bir neçə surədə bəyan olunmuşdur. İsra surəsinin 88-ci ayəsində deyilir: «(Ey peyğəmbər!) De ki: «Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün biri-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.» Başqa bir ayədə mübarizənin şərtini bir az asanlaşdıraraq buyurur: «Yoxsa müşriklər: «Quranı özündən uydurdu.»-deyirlər. Onlara de ki, «Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın.» (Hud,13). Dərhal bu ayənin ardınca əlavə edib deyir: «Yox əgər (köməyə çağırdıqlarınız) sizə cavab verməsələr, bilin ki, o ancaq Allhın elmi ilə nazil olmuşdur» (Hud, 14). Başqa bir ayədə mübarizənin şərtini asanlaşdıraraq buyurur: «Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər sizin (bu, bəşər kəlamıdır) iddianız doğrudursa, Allahdan savayı bütün şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi) bu işdə köməyə çağırın! (Bəqərə, 23). Sonrakı ayədə peyğəmbərə təsəlli verərək müşriklərin cavabını verib buyurur: «Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) qorxun!» (Bəqərə, 24).

Quranın insanları (müşrikləri) ardıcıl olaraq mübarizəyə dəvət etməsindən məlum olur ki, peyğəmbərin öz möcüzələri arasında ən çox arxalandığı «Quran» möcüzəsi olmuşdur. Ancaq o Həzrətin digər möcüzələri də olmuşdur. Bu möcüzələri tarix kitablarından oxuya bilərsiniz.

Quran əbədi və hal-hazırda hamının gözü qarşısında olan bir möcüzə olduğuna görə biz ən çox bu barədə danışacağıq.

İnsanlar bu mübarizədə necə aciz qaldılar?

Təəcüblü və maraq doğuran odur ki, Quran müxalif qüvvələri mübarizəyə dəvət etmək üçün son dərəcə fəsahət və bəlağətdən istifadə etmiş, xəbərdar edici sözlər işlətmişdir. Beləliklə də, heç kim üçün bəhanə yeri qalmır. «Əgər doğru deyirsinizsə...», «dünyada olanların hamısını köməyə çağırsanız da...», «əgər inanmasanız, yandırıcı od sizin intizarınızdadır» kimi ifadələr bu həqiqəti vurğulayır. Bütün bunlardan başqa, peyğəmbərin müxaliflərlə mübarizəsi də sadə mübarizə deyildi. Çünki İslam onların qəlbən əqidə bağladıqları məzhəbi (bütpərəstliyi) yox etməklə yanaşı, onların iqtisadi, siyasi mənfəətlərinə, hətta vücudlarına belə xətər yetirmişdi. Başqa sözlə desək, islamın nüfuz qazanması onların bütün həyatını alt-üst etmişdi. Buna görə də, çarəsiz qalıb onunla mübarizəyə qoşulmuşdular. Onlar peyğəmbərin qarşısını alıb, təbliğatına mane olmaq üçün nəyin bahasına olursa, olsun, Quran ayələrinə bənzər ayələr gətirmək məcburiyyətində qalmışdılar. Onlar bu cür ayələr gətirməklə qarşılarındakı müsəlmanları aciz buraxmaq və özlərinə haqq qazandırmaq istəyirdilər. Onlar bu işdə ərəblərin ən fəsahətli və bəlağətli şəxslərindən istifadə edirdilər. Lakin hər dəfə Quranla mübarizəyə əl atdıqda məğlubiyyətlə üzləşir, dərhal geri çəkilirdilər. Bu barədə ətraflı məlumatı tarix kitablarından əldə edə bilərsiniz.

Vəlid ibn Muğəyrənin başına gələnlər

Ərəblərin (müşriklərin) Quranla mübarizəyə dəvət etdikləri şəxslərdən biri də Bəni-Məxzum tayfasından olan Vəlid ibn Muğəyrə olmuşdur. O, öz dövrünün görkəmli şəxsiyyətlərindən biri olmuş və çox tədbirli şəxs olduğu üçün ərəblər arasında şöhrət qazanmışdı. Müşriklər ondan Quran ayələri barədə fikirləşib onun fövqəladə nüfuzlu sözləri haqqında öz fikrini bildirməsini istədilər. Vəlid peyğəmbərin yanına gəlib ondan bir neçə ayə oxumasını istədi. Peyğəmbər də Səcdə surəsinin bir neçə ayəsini onun üçün oxudu. Bu ayələr Vəlidə o qədər təsir etdi ki, qeyri-ixtiyari olaraq Bəni- Məxzum qəbiləsinin təşkil etdiyi məclisə gəlib belə dedi: «And olsun Allaha! Məhəmməddən eşitdiklərim nə bəşər sözüdür, nə də pəri sözü....»

Vəlidin dediyi sözlərin bir hissəsi belə idi: Yəni, «onun (Məhəmmədin) dediklərində xas bir şirinlik, gözəllik vardır. Sözlərinin yuxarısı meyvə ilə dolu olan ağac gövdəsinə bənzəyir. Sözlərinin əvvəli və sonu  isə ağac gövdəsi kimi çox qüvvətlidir. Onun dedikləri hər şeyə qələbə çalıb üstün gəlir və heç bir şey onun sözlərinə qalib gələ bilməz.» Bu sözlər Qüreyş arasında «Vəlid Məhəmmədin aşiqi olmuş və ona ürək bağlamışdır» şayiəsinin yayılmasına səbəb oldu. Əbu Cəhl (o da Qüreyş tayfasından idi) tələsik Vəlidin evinə gələrək hadisəni (Qüreyş arasında yayılmış şayiəni) ona olduğu kimi danışıb Vəlidi Qüreyşin məclisinə dəvət etdi.

Vəlid məclisə gəlib dedi:

-Məhəmmədin divanə olduğunumu zənn edirsiniz? İndiyədək onda dəlilik əlaməti görmüsünüzmü? 

Məclisdə oturanlar cavab verdilər ki, xeyr. Vəlid sözünə davam edib dedi:

 -Belə güman edirsiniz ki, o yalançıdır. Məgər o, indiyədək sizlərin aranızda düz danışan və etibarlı adam kimi tanımayıb? Ona Məhəmmədi- Əmin (düz danışan və etibarlı Məhəmməd) ləqəbini siz verməmisinizmi?

Qüreyşin başçılarından bir neçəsi dedi:

-Bəs biz ona nə ad qoyaq?

Vəlid bir az fikirləşərək «deyin, o sehrbazdır»-deyə cavab verdi. Onlar bu yolla Qurana aşiq olmuş insanların qarşısını almaq istəyirdilər. Lakin Quran ayələrini sehr adlandırmağın özü onun ayələrinin fövqəladə cazibəli olduğundan xəbər verir. Onlar bu cazibəni sehr adlandırırdılar, həqiqətdə isə bunun sehrlə heç bir əlaqəsi yox idi. Belə bir vəziyyətdə Qüreyş «Məhəmməd məşhur sehrbaz olmuşdur, bu sözlər də (ayələr də) onun sehridir. Ondan uzaq gəzin, çalışın, sözlərini eşitməyin» şüarlarını hər tərəfə yayırdı.

Onlar nə qədər çalışsalar da, yenə bu işin qarşısını ala bilmədilər. Haq tələb edən, həqiqət axtaran və ürəkləri təmiz olan insanlar dəstə-dəstə hər yandan Qurana pənah gətirir, ona bel bağlayırdılar. Onlar bu səmavi mənbədən lazımınca bəhrələnir, mənəvi qida alırdılar. Düşmənlər isə əlacsız qalıb geri çəkilməyə məcbur olurdular.

Hal-hazırda yenə Quran bütün müxalifləri mübarizə meydanına dəvət edir. Ey alimlər, ey filosoflar, ey şair və yazıçılar! Əgər bu ayələrin Allah tərəfindən olmasına şəkk edib, onun bəşər kəlamı olduğunu zənn edirsinizsə, siz də onun kimi bir surə gətirin.

Bilirik ki, İslam düşmənləri, xüsusilə, İslamı hər şeyi əhatə edən və özlərinin ən başlıca rəqibi hesab edən məsihi (xristian) keşişləri hər il müqəddəs və əziz  İslam  dininin ziddinə təbliğat aparmaq üçün külli miqdarda pul sərf edirlər. Onlar humanitar yardım bəhanəsi ilə müsəlman ölkələrinə gəlib İslamın ziddinə təbliğat aparır, fəaliyyət göstərirlər. Nə üçün onlar (ərəbdilli xristian alimlər) Quran ayələri kimi ayələr, surələr yazıb özlərinə üstünlük qazandırmırlar? Əgər bu iş baş tutası olsaydı, nəyin bahasına olursa olsun, yəqin ki, ona da əl atardılar.

Onların bu acizliyinin özü Quranın möcüzə olduğuna və Allah tərəfindən nazil olunduğuna açıq-aşkar və qaneedici bir sübutdur.

Fikirləşin və cavab verin

1.Nəyə görə Qurani-Kərim İslam peyğəmbərinin ən böyük və ən üstün möcüzəsidir?

2.Quran insanları möcüzəyə necə dəvət edir?

3.Quranın düşmənləri onu nə üçün sehr adlandırmışlar?

4.Nə üçün Quran indiki məsihiliyin ən əsas rəqibidir?



Geri   İrəli
Go to TOP