A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 86
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


2) «Vasitə» nəzəriyyəsi: Məcburiyyət nəzəriyyəsi ilə təfviz, yəni tam azadlıq nəzəriyyəsi arasında olan hədd «vasitə» həddi, vasitə nəzəriyyəsi adlanır.

Əsas məsələ budur ki, biz bu iki məsələ arasında, yəni insan iradəsinin azadlığı və eyni zamanda Allahın insanın əməllərinə hakimiyyət etməsi arasında zidiyyət təsəvvür etməliyik. Əsas məsələ budur ki, biz həm tam şəkildə Allahın ədalətini və insan iradəsinin azadlığını, həm də Allahın bütün aləmə, kainata, hətta insanın əməllərinə hakimiyyət etdiyini qəbul edək. Bu məsələni üsuliddində vasitə «nəzəriyyəsi» adlandırırlar. (Yəni, məcburiyyət və tam azadlıq nəzəriyyələri arasındakı hədd. Yəni, insan öz əməllərində məcbur deyil, lakin tam şəkildə azad da deyil. Allahın da onun rəftarında rolu və hakimiyyəti var.)

Bu bəhs bir az qarışıq və çətin olduğu üçün, onu sadə bir misalla açıqlayırıq.

Təsəvvür edin ki, siz trolleybus sükanının arxasında əyləşib maşını idarə edirsiniz. Əgər elektrik cərayanı bir anlıq kəsilsə, trolleybus dərhal hərəkətindən qalacaq. Elektrik olan zaman siz azadsınız: istədiyiniz yerdə maşını saxlaya bilərsiniz, istədiyiniz qədər dayana bilərsiniz, hansı sürətlə istəsəniz, hərəkət edə bilərsiniz. Lakin sizin bu azadlığınıza baxmayaraq elektrik cərayanına nəzarət edən şəxs istədiyi vaxt sizi hərəkətdən saxlaya bilər. Çünki trolleybusun bütün hərəkətləri elektrikdən asılıdır.

Bu misala diqqət etdikdə sürücünün azad, ixtiyar sahibi olduğu ilə yanaşı onun başqa bir şəxsdən asılı olduğunu da anlayırıq. Bu iki işin bir-biri ilə heç bir ziddiyyət və ixtilafı yoxdur.

Başqa bir misal:

Təsəvvür edin ki, bir nəfərin əli xəstəlik və ya gözlənilməz bir hadisə nəticəsində keyimiş və daha hərəkət etməyə qüdrəti qalmamışdır. Lakin əgər ona elektrik cihaz ilə kömək etsələr, əli hərəkətə gələr. Onun əlini elektrikin köməyi ilə hərəkətə gətirdikdə əgər həmin şəxs bu anda bir cinayət törətsə, məsələn, bir nəfəri bıçaqla vursa, şübhəsiz bu şəxs törətdiyi cinayətə görə məsuliyyət daşımalıdır. Cünki o anda onun həm qüdrəti olub, həm də ixtiyarı öz əlində idi. Azad şəxs də gördüyü işlər müqabilində məsuliyyət daşıyır. Buna baxmayaraq, həmin şəxsə qüdrət verən, əlini hərəkətə gətirən elektrikdir.

İndi isə öz bəhsimizə qayıdaq.

Allah bizə qüdrət, qüvvət vermiş, huş, ağıl, düşüncə bəxş etmişdir. Bunlar hər an Allah tərəfindən bizə verilir və arası kəsilmir. Əgər onun lütf və mərhəməti bir an bizdən kəsilsə, məhv olarıq. Əgər biz bir iş görürüksə, onun bizə bəxş etdiyi qüdrətlə görürük. Hətta azadlığımız da bizə onun tərəfindən verilib. Yəni, o bizim azad olmağımızı və bu yolla təkamülə yetişəcəyimizi istəmişdir.

Buna əsasən, biz iradəmizin azad və muxtar olması ilə yanaşı Allahın ixtiyarındayıq. Biz özümüz qüdrət sahibi olmağımıza baxmayaraq, yenə də ona tabeyik. Onsuz biz puç olarıq. Bu əqidə, bu nəzəriyyə yaxud «vasitə» nəzəriyyəsi adlanır. Yəni, nə bir bəndəni Allaha tay və şərik qərar veririk, nə də bəndələri öz əməllərində məcbur bilirik. (Diqqət edin.)

Şiə imamlarından «məcburiyət və «azadlıq» nəzəriyyələri arasında başqa bir hədd varmı» deyə soruşduqda buyururlar ki, bəli! Bu iki nəzəriyyə arasında başqa bir hədd vardır ki, onların yerdən göyəcən fərqləri var.

3)Quranda «məcburiyyət» və «ixtiyar» məsələsi

Qurani-Məcid öz gözəl ayələri ilə insan iradəsinin azad olduğunu açıqlamışdır. Bu məsələ Quranın yüzlərlə ayəsində gözə çarpır. Bu ayələri bir neçə dəstəyə bölmək olar:

A)Əmr və nəhy, vacib və haram, məsuliyyətləri bəyan edən ayələrin hamısı insan iradəsinin azad olduğuna şahiddir. Əgər insan öz əməllərində məcbur olarsa, onda bu ayələrin heç bir mənası olmaz.

B)Günahkarları tənə, möminləri isə mədh edən ayələr də insanın azad və ixtiyar sahibi olduğuna bir sübutdur. Çünki məcburiyyət olan yerdə tənə və tərifin heç bir mənası yoxdur.

V)Qiyamət gününün sorğu-sualı, hesab kitabı, Cənnət və Cəhənnəmdən söhbət edən ayələr də insanın azad olduğuna daha bir sübutdur. Çünki məcburiyyətlə bu deyilənlər uyğun gəlmir. Əksinə, məcburiyyət olduqda günahkarları cəzalandırmaq açıq-aşkar zülm olar.

Q) «Kullu nəfsin kəsəbət rəhinəh.»

«Hər kəs öz əməlinin girovudur.» «(Hərə öz əməlinin girovunu alacaqdır.)», «Hər kəs öz əməlinin girovudur» kimi ayələr də açıq-aşkar insan azadlığından danışırlar.»

d) «Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir.)» kimi ayələr də insanın azad olduğunu göstərən sübutlardan biridir.

Quranda bir sıra ayələr də vardır ki, bunlar «vasitə» nəzəriyyəsini isbat edirlər.  Lakin bəzi düşüncəsiz insanlar bu ayələri insanın məcbur olduğuna dair sübut və şahid gətirmişlər. O cümlədən «(Ey insanlar! Onu da bilin ki,) Allah istəməsə, siz heç nə istəyib iradə edə bilməzsiniz.» ayəsini buna nümunə gətirmək olar.

Bu və bu kimi digər ayələr insanın rəftar və iradəsində məcbur olduğunubildirmir. Əksinə, bu cür ayələr bizə bunu çatdırır ki, insanın irədəcə azad və ixtiyar sahibi olmasına baxmayaraq, eyni zamanda o, Allahın nəzarəti altındadır. Bu barədə ətraflı məlumat bir az bundan əvvəl söylənilmişdir.

Fikirləşin və cavab verin

1. «Təfviz» (tam azadçılıq) nəzəriyyəsinin məqsəd nədir və bu nəzəriyyənin nə iradı var?

2.İmamlardan öyrəndiyimiz «əmrun bəynəl əmrəyn (vasitə)» nəzəriyyəsini aid bir misal çəkməklə izah edin.

3.Məcburiyyət və ixtiyar nəzəriyyələri Quranda necə mövqe tutur?

4.Əgər məcburiyyət nəzəriyyəsini qəbul etsək, qiyamət gününün hesab-kitabı, sorğu-sual, Cənnət və Cəhənnəm nə mövqe daşıyar?

5. «(Ey insanlar! Onu da bilin ki,) Allah (bir şeyi) istəməsə, siz onu istəyə bilməzsiniz», ayəsi məcburiyyət nəzəriyyəsinə dəlil, sübut və şahid ola bilərmi?

IX DƏRS

Hidayət və azğınlıq Allahın əlindədir

1.Hidayət və azğınlığın növləri.

Məsələn, bir nəfər sizə əlində tutduğu bir ünvanı göstərərək ünvanı tanımadığını və sizdən kömək istədiyini bildirir. Sizin ünvanı ona tanıtdırmaq üçün iki yolunuz var. Biri odur ki, ona qoşulub istədiyi yerə gətirib ünvanı ona göstərəsiniz. İkincisi isə odur ki, ünvanın yerini, nişanəsini deyib onu tanış edəsiniz. Siz hər iki surətdə onu öz məqsədinə çatdırmış olursunuz. Lakin bu iki yol arasında fərq var. Birinci halda siz ünvanı ona göstərməkdən əlavə, onu ötürüb məqsədinə çatdırmısınız. İkinci halda isə yalnız ünvanın yerini və nişanələrini söyləmisiniz.

Quranın bir çox ayələrində, eləcə də islami hədislərdə gəlmiş «hidayət» sözü bu iki mənanın hər ikisində işlədilmişdir.

Bundan əlavə bəzən yalnız təşrii məna daşıyır. Yəni, qanun və fərmanlar vasitəsilə həyata keçir. Bəzən isə təkvini məna daşıyır. Yəni, təbii yollarla, xilqətin qurduğu vücudla həyata keçir. Necə ki, bir nütfə kamil bir insana tərəf hidayət olur və insana çevrilir. Hidayətin bu iki mənası da Quran və hədislərdə gəlmişdir. İndi ki, hidayətin (eləcə də onunla qarşı duran zəlalət və azğınçılığın) növlərini öyrəndik, əsl bəhsimizə qayıdırıq.

Quranın çox ayələrində gəlmişdir ki, hidayət və azğınlıq Allahın işidir. Şübhəsiz ki, insana düz yolu göstərən odur. Çünki o, peyğəmbərlər göndərməklə və asimani kitabları nazil etməklə yolu insanlar üçün müəyyən etmişdir. Ancaq məqsədə çatdırmaq, özü də məcburi şəkildə, yəqin ki, insan iradəsinin azadlığı ilə uyğun gəlmir. Lakin məqsədə çatmaq üçün lazım olan qüvvələr Allah tərəfindən bizə verildiyi üçün və bu işdə bizə o kömək etdiyinə görə deyirik ki, hidayət Allahın əlindədir. Belə ki, Allah bütün başlanğıcları insan üçün hazırlayaraq onları bəşərin ixtiyarında qoymuşdur.

2.Mühüm bir sual

Quranda hidayə və zəlalətin yalnız Allahın əlində olduğuna işarə edən ayələrlə rastlaşırıq.

Məsələn, «İbrahim» surəsinin 4-cü ayəsində deylilir: «Allah kimi istəsə hidayət edər, kimi də istəsə yolundan azdırar. O, yenilməz qüdrət və hikmət sahibidir.»

Bəzi insanlar Quranın digər ayələrini nəzərə almamaqla belə sual verirlər ki, əgər insanı hidayət edən, yaxud yolundan azdıran Allahdırsa, bəs onda insanların nə günahı var? Lakin diqqəti cəlb edən budur ki, Quran ayələrini bir-biri ilə əlaqələndirib onun əsl, həqiqi mənasını ələ gətirmək lazımdır. Biz indi hidayət və zəlalət barədə olan ayələrin bir neçəsini sizin nəzərinizə çatdırırıq. Bu ayələri yuxarıda deyilən ayə ilə müqayisə edib lazımi nəticəyə gələ bilərsiniz.

 «Allah zalimləri (haqq yoldan) azdırar.» (İbrahim,27).

 «Allah (küfr etməklə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar.» (Qafir, Mumin,34).

 «Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq.» (Ənkəbut, 69).

Yuxarıdakı ayələrdə gördüyümüz kimi, Allahın istək və iradəsi heç də hesabsız deyildir. Nə bir nəfər hikmətsiz və hesabsız hidayət olunur, nə də bir nəfər hesabsız yolundan azdırılır. Əgər  Allah onun yolunda cihad edən, çətinliklərlə mübarizəyə qalxan, öz nəfsi ilə mübarizə edən, düşmənlərlə üz-üzə gələn bir şəxsə onu hidayət edəcəyini vəd edirsə, bu ədalətin eynidir.

Əlbəttə ki, zülm, şəkk və şeytani hərəkətlərdə həddini aşmış insanları Allah hidayət etməz. Nəinki, təkcə hidayət etməz, əksinə, onu yolundan azdırar. Bu şəxslərin qəlbləri, gördükləri bu işlər nəticəsində daşa dönmüşdür və onlar bir daha düz yola hidayət oluna bilməzlər. Əgər Quran ayələrində «Allah istədiyini yoldan azdırar» kimi ifadələrlə rastlaşırıqsa, mənası budur. Allah əməllərimizin nəticəsni bizim öz ixtiyarımıza qoymuşdursa, bu da eyni ədalətdir (Diqqət edin).

3.Günah etməyin səbəbi Allahın əzəli və əbədi elmidirmi?

Məcburiyyət və ixtiyar barədə sonuncu məsələ budur ki, məcburiyyət əqidəsində olan insanlar özlərini paklığa çıxarmaq üçün bəhanə kimi Allahın onların günah etmələrinə səbəb olan əbədi elmini göstərirlər. Onlar deyirlər ki, Allah filan şəxsin filan vaxda filan günahı edəcəyinibilirdi, ya yox?

Əgər cavab versək ki, yox, bu Allahın elmi ilə uyğun gəlmir. (Çünki Allah hər şeyi bilir.) Əgər desək ki, bəli bilirdi, deyəcəklər ki, onda mütləq o şəxs həmin günahı etməlidir. Yoxsa, Allahın elmi düz çıxmaz.

Deməli, Allahın elminin düzgün çıxması üçün bütün günahkarlar günahları, möminlər isə itaətlərini etməyə məcburdurlar.

Onlar özlərini sudan quru çıxarmaq üçün bu bəhanəyə əl atmışlar, ancaq bir şeyi nəzərə almayıblar ki, Allah filan şəxsin filan günahı edəcəyini bilsə də, bu, günahkar öz günahında məcburdur mənasına gəlməz. Allah bilir ki, filan şəxs filan günahı mömin də itaətini öz ixtiyar və iradəsi ilə görəcəkdir. Yəni, Allah bu işləri (günah və itaət edəcəyimizi) bizim öz ixtiyarımızla görəcəyimizi bilir. Əgər məcbur olsaq, onda Allahın elmi düzgün çıxmaz. (Deməli, Allahın elminin düzgün çıxması üçün tək çarəmiz insanın iradəcə azad və ixtiyar sahibi olduğunu etiraf etməkdir.) (Diqqət edin).

Bu məsələni aşkar bir misalla daha da açıqlayaq. Fərz edin ki, bir sinifdə tənbəl bir şagird var. Sinfin müəllimi topladığı təcrübə nəticəsində bilir ki, həmin şagird imtahanı verə bilməyəcək. Buna yəqini də var ki, o, sinifdə qalacaq. İmtahan zamanı çatdıqda həmin şagird imtahanı verə bilmir və sinifdə qalır. İndi həmin şagird deyə bilərmi ki, ey müəllim, sənin mənim imtahanı verə bilməyəcəyim haqdakı biliyin məni imtahandan kəsilməyə məcbur etdi? Yaxud məsum bir şəxs filan cinayətin baş verəcəyini bilir. Cinayət baş verdikdə cani məsuma deyə bilərmi ki, sənin elmin məni cinayət törətməyə məcbur etdi? Və ya baş verəcək hadisələr haqqında bir az qabaqcadan xəbərdarlıq edən cihazlar barədə hadisə baş verdikdən sonra deyə bilərikmi ki, bu cihazlar bu hadisənin baş verməsinə səbəb oldu? Deməli, belə nəticəyə gəlirik ki, Allahın elmi heç kəsi öz işində məcbur etmir.

Fikirləşin və cavab verin

1.Hidayətin neçə növü var? Açıqlayın.

2.Hidayət və zəlaləti Allaha nisbət verən ayələrdən bir neçə nümunə gətirin.

3.Allahın birini hidayət edib, digərini yoldan azdırmasının mənası nədir?

4.Allahın əbədi elmindən məqsəd nədir?

5.Allahın əbədi elmi insanları öz işlərində məcbur edirmi? Buna dair bir misal gətirin.

X DƏRS

Allahın ədaləti və insanların

cəhənnəmdə əbədi qalması məsələsi

Bildiyimiz kimi, Quranın bir çox ayələrində Allah kafir və bir sıra günahkar insanlara Cəhənnəmdə əbədi qalacaqlarını vəd etmişdir. Məsələn, «Tövbə» surəsinin 68-ci ayəsində deyilir: Yəni, «Allah münafiq kişi və qadınlara, kafirlərə içində əbədi qalacaqları  cəhənnəm odu vəd etmişdir.» Eləcə də, Allah tərəfindən mömin kişi və qadınlara Cənnətdə əbədi qalacaqları vəd edilmişdir. Məsələn, həmin surənin 72-ci ayəsində oxuyuruq: Yəni, «Allah mömin kişi və qadınlara (ağacları) altından çaylar axan cənnətlərdə əbədi qalacaqlarını vəd etmişdir.»

Burada belə bir sual yaranır; necə olur ki, bir nəfər 80, ya çox olsun, 100 il ömür sürür və bir neçə pis iş görür, lakin qiyamət günü milyon illərlə, yaxud əbədi olaraq onun cəzasını çəkməli olur?

Bu sual yalnız cəhənnəmin əbədi əzabına aiddir. Behiştdə əbədi qalmağa gəlincə isə, bu sualın mənası yoxdur. Çünki mükafat (Cənnət mükafatı) nə qədər çox olarsa, bir o qədər Allahın rəhmət və fəzlinin çoxluğunun nişanəsidir. Lakin pis əməllərin müqabilində insan əbədi əzaba düçar olması necə? Bu Allahın ədaləti ilə uyğun gəlirmi? Allahın ədaləti ilə günahların cəzasını çəkmək arasında tarazlıq olmamalıdırmı?

Cavab:

Bu sualın cavabını bilmək üçün bir neçə mətləbi nəzərə almalıyıq:

A)Axirət dünyasının əzab və cəzası bu dünyanın cəzası kimi deyildir. Məsələn, bir nəfər dünyada oğurluq edibsə, onu bir müddət zindanda saxlayıb sonra azad edirlər. Qiyamət cəzası isə əməllərin (günahların) təsir və xüsusiyyətinə əsasən verilir. Başqa sözlə desək, günahkarların axirətdə çəkəcəyi əzabların hamısı onların öz əməllərinin nəticəsidir ki, indi onları əhatə etmişdir.

Qurani- Məcid bu məsələni çox gözəl şəkildə bəyan etmişdir: Yəni, «Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz.» (Yasin, 54).

Bu həqiqəti sadə bir misalla aydınlaşdıra bilərik. Təsəvvür edin ki, bir nəfər narkotik maddələr qəbul etməyə və ya spirtli içkilər içməyə adət etmişdir. Ona deyiləndə ki, bunlar sənin ziyanınadır, qulaq asmır. Bir neçə həftə vəya bir neçə ay öz kefi ilə məşğul  olduqdan sonra yavaş-yavaş mədəsi, ürəyi ağrımağa, əsəbləri pozulmağa başlayır. Sonra ömrünün axırınadək bu xəstəliklərdən əziyyət çəkir, gecə-gündüz çığır-bağır salır, ah-nalə edir. İndi deyə bilərikmi, bu şəxs bir neçə həftə və ya bir neçə ay günah işlətmişdir, bəs indi nə üçün ömrünün axırınadək  onun əziyyətini çəkməli olur? Dərhal cavab verilir ki, bu onun öz əməlinin nəticəsidir. Hətta o, Nuh(ə) qədər də ömür sürsə, yenə ömrünün sonuna kimi bu əziyyəti çəkməlidir. Ona deməliyik ki, bu sənin öz əlində hazırladığın bəladır.

Qiyamət gününün əzabları da bir cəhətdən buna bənzəyir. Buna görə də, Allahın ədalətinə heç bir qüsur gətirmir.

B)Bəziləri belə güman edirlər ki, günahın cəzasının müddəti günahın müddəti qədər olmalıdır. Bu səhv və yalnış bir fikirdir. Çünki günahla cəza arasında zaman rabitəsi yoxdur. Cəza günahın xüsusiyyət və nəticəsinə görə verilir.

Məsələn, bir şəxs günahsız bir insanı qətlə yetirir və bir sıra dünyəvi qanunlara əsasən onu ömürlük ölümə məhkum edirlər. Baxıb görürük ki, cinayət az bir zamanda baş verib, lakin cani ömürlük zindana məhkum olunub. Bu işi heç kim zülm hesab etmir. Çünki bu işdə saniyə, dəqiqə, saat, ay rol oynamır. Əsas məsələ günahın xüsusiyyətidir.

V)Cəhənnəmdə həmişəlik qalıb əbədi əzab çəkmək yalnız bütün nicat qapılarını öz üzlərinə bağlamış və bilərəkdən fəsada, nifaqa doğru gedən insanlara aiddir. Günah bu insanlara o qədər təsir edib ki, onların bütün vücudunu özündə qərq etmiş, əslində onları günahın özünə gətirib çıxarmışdır.

Qurani- Kərim bunu öz gözəl ifadəsi ilə belə bəyan edir: «Bəli, günah qazanan və qazandığı günahkarlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar..» (Bəqərə, 81). Bu cür insanlar Allahla əlaqəni tamamilə kəsmiş, nicat qapılarının hamısını üzlərinə bağlamışlar. Bu cür insanlar bilərəkdən öz qanadlarını sındırmış, uçmağa imkanı olmayan və həmişə yerdə qalmağa məcbur olmuş quşlara bənzəyirlər.

Bu üç mətləbi nəzərə aldıqda məlum olur ki, bir sıra münafiq, kafir insanlar üçün nəzərdə tutulmuş əbədi cəhənnəm əzabı heç də Allahın ədaləti ilə zidd deyildir. Bu, onların öz gördükləri işlərin nəticəsidir. Peyğəmbərlər onlara xəbərdarlıq etmişdilər ki, bu işlərin çox acınacaqlı nəticəsi vardır. Əgər bu insanlar cahil olmuş və peyğəmbərlərin sözü onların qulağına çatmamışdırsa, şübhəsiz ki, onlar bu cür əzaba düçar olmayacaqlar.

Xatırladaq ki, Quran ayələrindən və rəvayətlərdən belə məlum olur ki, Allahın rəhməti həddən artıq geniş olduğuna görə, günahkarların çoxu bağışlanacaqdır. Bəziləri şəfaət vasitəsi ilə, bəziləri bağışlanma və əfv vasitəsi ilə, bəziləri gördükləri kiçik yaxşı əməllərin Allah tərəfindən böyük hesab olunması vasitəsi ilə, bəziləri də bir müddət cəhənnəmdə qalıb, təmizləndikdən sonra bağışlanıb cənnətə gedəcəklər. Təkcə bir dəstə qalır ki, onlar da haqqla həddən artıq düşmənçilik etdiklərinə, zülm, fəsadda öz həddlərini aşaraq talelərini qaraltdıqlarına görə, cəhənəmdə əbədi qalmalı olacaqlar.

Fikirləşin və cavab verin

1.Bəzi şəxslər cəhənnəmdə əbədi qalmağı Allahın ədaləti ilə necə zidd bilirlər?

2.Axirət aləminin cəzaları bu dünyanın cəzaları kimidirmi? Əgər elə deyilsə, bəs necədir?

3.Ədalət günahın cəzasının onun zamanı ilə bərabər olmasını tələb edirmi?

4.Cəhənnəmdə əbədi qalma kimlərə aiddir?

5.Kimlər Allahın rəhmətinə nail olub bağışlanacaqlar?

III FƏSİL PEYĞƏMBƏR TANIMA HAQQINDA on DƏRS

I DƏRS

İnsanların ilahi rəhbərlərə (peyğəmbərlərə) olan ehtiyacı

İnsan elminin məhdudluğu

Bəziləri soruşa bilər: peyğəmbərlərin insanları düz yola dəvət etmələri lazımdırmı? Məgər insan öz həqiqətlərini anlaya bilmirmi? Məgər elmin inkişaf etməsi sirlərin açılmasına və həqiqətlərin kəşf olunmasına kömək etmirmi? Bundan əlavə, onu da xatırladaq ki, peyğəmbərlərin insanlara öyrətdiklərini bəzən öz ağlımızla dərk edir, bəzən isə etmirik. Birinci halda (ağlımız peyğəmbərlərin dediklərini anladığı halda) peyğəmbərlərin gəlməsinə ehtiyac yoxdur. (Çünki onların dediklərini öz ağlımızla dərk edirik.) İkinci halda isə biz ağlımızın dərk etmədiyi şeyləri qəbul edə bilmərik. Başqa bir tərəfdən, peyğəmbərlərin dediklərini qəbul etmək üçün insan özünü tam şəkildə onların ixtiyarına buraxmalıdır. Məgər bu düzgündürmü? İnsan peyğəmbərlərin sözünü kor-koranə qəbul edə bilərmi?  Məgər peyğəmbərlər bizim özümüz kimi insanlar deyillər? Özümüzü özümüz kimisinin ixtiyarına verməyin nə mənası var?

Cavablar:

Bir neçə məsələni nəzərə almaqla bütün verilən sualların cavabı və peyğəmbərlərin insanların həyatındakı mövqeyi məlum olur.

1)Bilməliyik ki, bizim elmimiz məhduddur. Bəşər elmində bu qədər inkişafın olmasına baxmayaraq, yenə də bildiklərimizin bilmədiklərimizə olan nisbəti bir damla suyun dəryaya olan nisbəti kimidir. Bəzi böyük alimlərin dili ilə desək, bizim bütün bildiklərimiz dünya adlı kitabın əlifbasıdır. Başqa sözlə, bizim ağlımızın anlayış çərçivəsi elə bir məntəqədir ki, elm və bilik şüası onu işıqlandırır, bizim isə onun xaricindən xəbərimiz yoxdur. Peyğəmbərlər gəlib bu məntəqəni insanın ehtiyacı olan qədər işıqlandırır. Əslində bizim ağlımız böyük bir projektor, peyğəmbərlər və səmavi vəhy isə bütün dünyanı işıqlandıran günəşdir. Güclü bir projektora malik olan şəxs deyə bilərmi ki, mənim günəş işığına ehtiyacım yoxdur?

Daha açıq desək, həyata aid məsələləri üç hissəyə bölmək olar, ağlasığan, ağlasığmayan və məchul məsələlər.

Peyğəmbərlər heç vaxt ağlasığmaz, yəni ağıl və düşüncənin əksinə olan söz deməmişlər. Əgər deyiblərsə, peyğəmbər olmamışlar. Əksinə, onlar məchulları anlamaqda bizə kömək etmişlər. Bu da bizim üçün çox mühümdür. Buna əsasən, insanın ağlı olan yerdə və elmin bu qədər inkişaf etdiyi bir vaxtda «insanların peyğəmbərə ehtiyacı yoxdur» deyən şəxslər nə bəşər elminin çərçivəsini tanıyırlar, nə də peyğəmbərlərin risalətinin mənasını anlayırlar. Bu, birinci sinifdə əlifbanı öyrənmiş uşağın «mən hər şeyi bilirəm, dərs oxumağa və müəllimə ehtiyacım yoxdur» deməsinə bənzəyir. Bu söz əsassız deyilmi?

Bunu da deyək ki, peyğəmbərlər təkcə müəllim olmamışlar. Onların rəhbərlik məsələləri barədə gələn dərslərdə ətraflı söhbət edəcəyik.

2)Heç kim iddia etmir ki, insan özünü özü kimi olan başqa birisinin ixtiyarına verməlidir. Məsələ burasındadır ki, peyğəmbərlərin səmavi vəhy, yəni, Allahın sonsuz olan elmi ilə rabitələri vardır. (Bunu gələn dərslərdə isbat edəcəyik.) Bu rabitəni biz qəti və möhkəm dəlillərlə tanımalıyıq. Bu surətdə onların dediklərini, təlim-tərbiyələrini can-başla qəbul etməliyik.

Əgər xəstə bir şəxs ona ürəyi yanan və öz ixtisasında mahir olan bir həkimin yazdığı reseptə əməl edərsə, səhv işmi görmüş olar? Peyğəmbərlər də böyük ruh həkimləridir.

Müəllimin dedikləri ağlımıza uyğun gələrsə, onu qəbul etməyin nə qəbahəti var? Peyğəmbərlər də, bəşərin böyük məllimləridir.

Yaxşısı budur ki, biz peyğəmbərlərin gəlməsinin lazım və zəruri olduğunu sübut edən dəlilləri daha dəqiq araşdıraq.

İnsanların üç səbəbə görə peyğəmbərlərə ehtiyacı var

1.Təlim-tərbiyə cəhətdən olan ehtiyac

Əgər bir nəfər xəyalında nurdan hazırlanmış və saniyədə 300000 kilometr məsafəni qət edən bir miniyə minib geniş asimanda dövr etsə, bu kainatın təkcə bir guşəsini müşahidə etmək üçün onda Nuh ömrü lazımdır.

Kainat  bu qədər genişliyi ilə, yəqin ki, əbəs yerə yaradılmayıb. Allahı tanıma bəhslərində demişik ki, bu dünyanın yaranmasında Allaha heç bir fayda, mənfəət gəlmir. Çünki o, hər cəhətdən kamil və ehtiyacsız bir varlıqdır. Onun  nöqsanı olmadığından, bu dünyanı xəlq etməklə həmin nöqsanı aradan qaldırmaq istədiyini söyləyə bilmərik . Deməli, Allahın dünyanı yaratmaqda məqsədi başqalarına fayda və mənfəət vermək, məxluqatı kamala çatdırmaqdır. Necə ki, günəş bizə ehtiyacı olmadığı halda yerə saçır və bunun  yalnız biz faydası var. Bizim isə günəşə bir xeyrimiz yoxdur.

Bundan əlavə, bizim biliyimiz kamilliyə yetişmək üçün kifayət edərmi? Biz bu dünyanın sirlərindən nə qədərini bilirik? Ümumiyyətlə, həyatın mənası nədir? Bu dünya nə vaxtdan yaranıb? Heç kim bu suallara düzgün cavab verə bilmir. Bu dünya nə vaxtadək davam edəcəkdir? Buna da düzgün bir cavab verən tapılmır. İqtisadi və ictimai həyat barədə bəşər alimlərinin hər birinin öz nəzəriyyəsi vardır. Məsələn, bir qrup  kapitalizmi, başqa bir qrup sosializm və kommunizmi tövsiyə edir. Üçüncü qrup isə hər ikisinin ziyanlı olduğunu bildirərək heç birini bəyənmir. Həyatın digər məsələlərində də alimlər arasında bu cür nəzəri ixtilaflar çoxdur. Bu yerdə insafla etiraf etməliyik ki, insanın yaranışının əsl məqsədi olan təkamülə yetişmək üçün düzgün və həqiqətlə uyğun olan təlim-tərbiyəyə ehtiyacı var. Bu təlim-tərbiyə elə olmalıdır ki, bu uzun məsafədə bizə mənzil başına çatmaqda kömək olsun. Bu da yalnız Allahın elmi ilə, yəni peyğəmbərlərə göndərdiyi vəhylər nəticəsində mümkün olur. Məhz buna görə də, bizi xəlq etmiş Allah bizə yolu qət etmək üçün həmin elmi verməlidir. (Bu da ancaq peyğəmbərlərin vasitəsi ilə mümkündür.)

2.İctimai və əxlaqi cəhətdən rəhbərə olan ehtiyac

Bildiyimiz kimi, insanın vücudunda ağıl və düşüncədən başqa bir sıra istək və meyllər də vardır. Məsələn, özümüzü sevmək meyli, hirs və qəzəb meyli, şəhvət və digər meyllər. İnsan öz (heyvani) meyllərinin qarşısını almaq üçün hər tərəfdən, hər nəzər və cəhətdən kamil olmalıdır. O şəxs rəftarı , söhbəti, hərəkətləri ilə əsl əxlaqı, tərbiyəni, mənəviyyatı insanlara öyrətməlidir. Məsum peyğəmbərlədən başqa kim bu işin öhdəsindən gələ bilər? Məhz buna görə də mehriban və qadir Allah bəşəri bu cür insanlardan məhrum etməmiş və insanlar üçün rəhbər, müəllim, əsl mənada desək, peyğəmbərlər göndərmişdir.

(Bu bəhsin davamını gələn dərsdə oxuyacaqsınız.)

Fikirləşin və cavab verin:

1.Elminiz nə qədər artsa da, yenə bilmədiklərinizin bildiklərinizdən çox olduğunu hiss edirsinizmi? (Bir misal göstərin.)

2.Bir nəfərə kor-koranə surətdə itaət etməklə peyğəmbərlərə itaət etməyin fərqini bilirsinizmi?

3.Tanımadığımız yolu bələdçisiz getsək, hansı çətinliklərlə üzləşə bilərik?

4.İnsanların hansı cəhətlərdən peyğəmbərə ehtiyacları olduğunu izah edin.

5.Bu barədə daha hansı başlıq altında bəhs edəcəyimizi güman edirsiniz?

II dərs

Qanun təyin etmə nəzərindən

peyğəmbərlərə olan ehtiyac

Ötən dərsdə insanların peyğəmbərlərə olan ehtiyaclarının cəhətini, yəni təlim və tərbiyə cəhətindən olan ehtiyacını öyrəndik. İndi isə növbə peyğəmbərlərin insanların həyatında ən əsas rolu olan ictimai qanunlarla bağlılığına yetişmişdir.



Geri   İrəli
Go to TOP