A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 86
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Əlbəttə bütün insanların, bütün millətlərin çətinliklərə qarşı göstərdikləri müqavimət bərabər və eyni səviyyədə deyil. Bəzi insanlar çətinliklərin qarşısında aciz qalaraq məyus olur və mənfi nəticə yaradırlar. Bəziləri isə, çətinliklərlə üzləşdikdə mübarizəyə qalxaraq öz zəif cəhətlərini islah edirlər.

Çətinliklərlə üzləşdikdə insanların əksəriyyəti səthi və nisbi hökm verdikləri üçün yalnız onun çətinliklərini, acılığını və mənfi cəhətlərini nəzərə alırlar. Həmin hadisənin müsbət cəhətləri isə nəzərdə tutulmur.

Əlbəttə, biz həyatda baş verən bütün çətin hadisələrin müsbət cəhətinin olduğunu demirik. Ancaq heç olmasa, bir qismi bu cürdür.

Əgər böyük alimlərin həyatına diqqət yetirsəniz, görərsiniz ki, onların əksəriyyəti çətinliklər icərisində böyümüş və elmi dərəcələrə yüksəlmişlər. Naz-qəmzə, eyş-işrət içərisində böyümüş insanlar heç vaxt belə məqamlara yetişə bilməzlər. Yetişsə də, həddən artıq az insanlar yetişər.

Əsl hərbi komandirlər uzun müddət çətinliklərin, odun-alovun və müharibənin içərisində olanlardır. Həqiqi iqtisadçılar iqtisadi böhran vəziyyətində olan bazarlarda ticarət və müamilə edənlərdir. Əsl siyasətçilər isə, siyasi prblemlərlə üzləşənlərdir.

Qısa sözlə desək, çətinliklər insanı öz qoynunda böyüdür və tərbiyə edir.

Qurani-Məcid belə buyurur: «Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun». (Nisa,19).

4)Çətinliklər Allaha doğru dönüşə səbəb olur.

Ötən dərslərdə dedik ki, insanın hər bir üzvünün məqsəd və qayəsi vardır. Gözün, qulağın, ürəyin, beynin və digər bədən üzvlərinin hər birinin özünə məxsus vəzifəsi vardır. Heç biri məqsədsiz xəlq olmayıb.

Əgər insanın tək-tək bədən üzvlərinin, hətta barmaq izlərinin məqsədi varsa, necə ola bilər ki, insanın bütün vücudu qayəsiz və yaranışı fəlsəfəsiz olsun? Elə ötən dərslərdə bu qayənin nə olduğunu söyləmişdik. Bu qayə insanın hər bir cəhətdən kamilliyə və kamala çatmasıdır. Yəqin ki, bu kamilliyə çatmaq üçün insanın bir sıra təlim-tərbiyə proqlamlarına ehtiyacı var. Məhz bu səbəbdən Allah-Təala insanın fitrətində yaratdığı tövhiddən əlavə 124 min peyğəmbər və bir neçə səmavi kitab göndərmişdir. Şübhəsiz ki, bunları göndərməkdə məqsəd yalnız insanlara təkamül yolunda rəhbərlik etməkdir.

Eyni zamanda, insan bu məqsədə yetişmə və kamilləşmə müddətində törətdiyi günahların nəticəsini, əzabını görməli, Allahın fərmanından kənar hərəkət etdiyi üçün həyatda bir sıra çətinliklərlə üzləşməlidir. Bu vasitə ilə insan törətdiyi günahın nəticə və aqibəti ilə tanış olaraq Allaha tərəf qayıdır. Bu cür bəla, müsibət və çətinliklər isə həqiqətdə Allah tərəfindən göndərilmiş bir nemətdir.

Quran bu məsələni öz məntiqilə bəyan etmişdir: «İnsanların öz əlləri ilə etdikləri pis əməllər (öz günahları) üzündən suda və quruda fəsad, pozuntu əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zəhərli yağışlar yağar, zəlzələ baş verər,dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdikləri bəzi günahların cəzasını daddırsın və bəlkə onlar (tövbə edib pis yoldan) qayıtsınlar.» ( Rum, 41).

Yuxarıdakı ayəyə əsasən, müsibət və bəlaları «şər» bilmək və onları «bəla» adlandıraraq Allahın ədalətinə zidd hesab etmək səhv və məntiqsiz bir əqidədir.

Bu məsələyə nə qədər çox diqqət yetirilsə, o qədər çox onun fəlsəfəsinə yetişərik.

Fikirləşin və cavab verin

1.İnsanın yaranışındakı məqsəd nədir? Və bu məqsədə hansı yolla yetişmək olar?

2.Çətinliklərlə üzləşdikdə insanın iradə və ruhiyyəsi necə möhkəmlənir?

3.Çətinliklər içində böyüyüb, böyük elmi məqamlara çatmış insanlardan görüb, yaxud tarixdə oxumusunuzmu? Əgər bilirsinizsə, onların həyatından danışın.

4.Quran insanların etdiyi günahların əvəzi barədə nə buyurur?

5.Hansı insanlar çətinliklərdən müsbət, hansılar isə mənfi nəticə çıxarırlar?

V DƏRS

Yenə də ziyan və çətinliklərin fəlsəfəsi

Şər işlərin, ziyanların, müşküllərin, çətinliklərin və xoşagəlməz hadisələri tövhid və Allahı tanıma bəhslərində mütaliə edənlər üçün çoxlu suallar irəli çıxardığını nəzərə alaraq, yenə də bu məsələ barədə bir daha ətraflı söhbət edir, çətinlik və ziyanlar barədə söylədiyimiz  fikirləri davam etdiririk.

5)Çətinliklər insan həyatına ruh verir

Əgər nemətlər hər zaman insanın əlində olarsa, öz dəyər, qədr və əhəmiyyətini itirəcəkdir. Bəlkə də bunu qəbul etmək bəziləri üçün çətin olsun.

Bu gün artıq sübuta yetirilmişdir ki, bir cismi otağın ortasında qoyub, hər tərəfdən o cismin üzərinə güclü, qüvvətli və eyni səvviyyəli işıq buraxsalar (cisim və otaq təmiz  olmaq şərti ilə), həmin cismi gözlə görmək mümkün olmayacaq. Çünki bir şeyi görmək üçün, gərək, onun kölgəsi işığın əks tərəfində olub, cəhətlərini təyin etsin. Bununla da cism öz ətrafından fərqlənərək müşahidə olunur. (Yuxarıdakı misalda isə bu şərait aradan çıxır.)

Nemətlərin qədrini bilmək də çətinliklərin ortaya cıxması və nemətlərin əldən getməsi olmadan mümkün deyil.

Əgər insan ömründə bir dəfə belə xəstələnməsə, sağlamlığın qədrini bilməz. Əgər insan bir dəfə gecəni güclü, dəhşətli qızdırma içərisində keçirsə, səhər açılarkən axşamkı qızdırmadan heç bir əsər-əlamət qalmazsa, sağlamlığının qədrini anlayacaq. Biləcək ki, sağlamlıq adlı böyük bir nemət onun ixtiyarındadır.

Ümumiyyətlə, bir səviyyədə ömr sürmək (hətta maddi imkan cəhətdən ən gözəl səviyyədə olsa da) ruhsuz olur, insanı yorur, hətta insanı ölüm halına salır. Bəzi hallarda maddi imkanı yüksək səviyyədə olan və həyatını heç bir çətinlik olmadan keçirən insanlar nəhayət intihara əl atmış, yaxud ömr boyu həyatlarından şikayətlənmişlər.

Mahir bir memar böyük bir salon üçün divar tikdikdə heç vaxt divarları zindan divarları kimi düz və eyni səviyyədə tikmir. Əksinə, salonun divarlarını bəzəyir, memarlıq nəzərindən ona yaraşıq verir.

Təbiət nə üçün bu qədər gözəldir? Nə üçün dağların başına kimi çəkilmiş meşələr, ağaclar arasından axan bulaq və arxlar insana həzz verir və insanın ruhunu oyadır?

Bunun ən açıq səbəbi təbiətin eyni cür və bərabər olmamasıdır.

Quranın bir çox ayələrində işıq və qaranlığın, gecə və gündüzün təsirləri haqda deyilənlərdə də məqsəd insanların bir səviyyədə yaşamasına son qoymaqdır. Məsələn, günəş daima asimanın bir nöqtəsində durub yer kürəsinə işıq saçsa, həyatda heç bir dəyişiklik olmaz. Nə gecə olar, nə günəş batar. İnsanlar hamısı yorulub əldən düşər və bir çox digər çətinliklər də ortaya çıxar.

Buna görə də, həyatda yaranan çətinliklərin bir qisminin insana ruh verdiyini, onun ruhiyyəsini artırdığını qəbul etməliyik. Çtinliklər yaşayışı insanın gözündə ucaldır, onu cilvələndirir. Çətinliklər insana nemətin qədrini bilməyi və əlində olan nemətlərdən necə istifadə etməyi öyrədir.

6)İnsanların özlərinin yaratdıqları çətinliklər

Bu bəhsdə diqqəti cəlb edən sonuncu məsələ budur ki, insanların çoxu bəzən xoşagəlməz hadisələrin səbəbini araşdırdıqda səhvə düçar olurlar. Zalım insanların törətdiyi zülmləri Allahın boynuna qoyaraq onu ədalətsiz sanırlar. Yaxud bəşəriyyətin proqramsız və nizamsız gördüyü işləri təbiətin boynuna ataraq təbiəti nizamsız hesab edirlər. Məsələn, deyirlər ki, nə üçün zəlzələ olduqda şəhərdəkilər az, kəndlilər isə çox ziyan görürlər. Bu iş hansı ədalət əsasındadır? Əgər bəla gəlirsə, nə üçün insanlar arasında bərabər bölünmür? Və ya deyirlər, nə üçün bütün bəlalar, və çətinliklər məzlumların və fəqirlərin başına gəlir? Yaxud deyirlər ki, ümumi xəstəliklər camaat arasına yayıldıqda kasıblar və fəqirlər hamıdan çox həlak olurlar.

Bu qism insanlar xəbərsizdirlər ki, bunların heç biri Allahın ədalətinə və təbiətə aid deyildir. Bu cür işlər insanların bir-birinə etdikləri zülm nəticəsində meydana çıxır. Əgər kəndlilər də şəhərlilər kimi özlərinə möhkəm evlər, binalar tiksələr, zəlzələ zamanı onlar da şəhərlilər kimi az ziyan çəkərlər. (Təəssüflər olsun ki, belə deyil.) Ancaq kəndlilər özlərinə azacıq palçıqdan, daşdan, torpaqdan, taxtadan ev tikdikdə, əlbəttə ki, zəlzələ zamanı çoxlu tələfat olmalıdır. Bu cür ev möhkəm bir küləyin əsməsi və ya 1-2 bal zəlzələnin nəticəsində də uçulub dağıla bilər. Bunlar heç də Allahın ədalətinə aid deyildir.

Birinin sarayda, digərinin isə koma və daxmada yaşaması Allahın ədalətinə aid olmayan şeydir. Bu sualları Allahın ədalətinə aid edərək ona yox, bəşəriyyətin qurduğu səhv proqlamlara irad tutmaq lazımdır. Bunun üçün calışmalıyıq ki, insanların bu cür ədalətsizliyinə son qoyulsun. Yoxsulluğu aradan qaldırmaq, məzlumların köməyinə yetişib, onların haqqını özlərinə qaytarmaq lazımdır. Əgər bunlar həyata keçsə, şübhəsiz, bu iradlar da yox olub gedəcək.

Əgər insanların hamısının yeməyi, müalicəsi bir olsa, ümumi xəstəliklər qarşısında hamı bir dərəcədə olar. Lakin bir qismin maddi imkanı yüksək səviyyədə olsa, (və heyvanlarına da xüsusi həkimlər nəzarət etsə), ancaq başqa bir qismin hətta xəstə körpəsini  müalicə etməyə imkanı olmasa, əlbəttə ki, bu cür ədalətsizliklər baş verəcək. Bu cür hallar cəmiyyətdə həddən artıq çoxdur və bunların hamısı insanların ədalətsizliyinə aiddir.

Belə hallarda Allahın ədalətinə irad tutmaqdansa, özümüzə irad tutmalı və özümüzü islah etməliyik.

Zalıma deyilməlidir ki, zülm etmə!

Məzluma deyilməlidir ki, zülmə qarşı sakit oturma!

İnsanların hamısına (istər şəhərli, istər kəndli, istər kasıb, istərsə də varlı olsun) eyni səviyyədə yemək, dərman preparatları çatdırılmalı, təlim-tərbiyə, mədəniyyət öyrədilməlidir.

Bir sözlə, öz günahımızı Allahın və təbiətin boynuna qoymamalıyıq.

Allah bizi bu cür yaşamağa nə vaxt məcbur etmişdir? Allah bu cür quruluşu bizlərə harada tövsiyə etmişdir? O, bizi azad buraxmışdır. Ona görə ki, azadlıq kamillik və təkamül rəmzidir. İnsanlar isə, öz azadlıqlardan pis və mənfi istifadə edərək bir-birinə zülm edirlər. Bu zülm də cəmiyyətdə pis və xoşagəlməz fəsadlara səbəb olur. Təəssüf ki, insanların əksəriyyəti bu səhvə düçar olmuşdur. Tarixdə də bu cür nümunələrə  rast gəlirik. Bu məsələni Quran qısa, lakin həddən artıq mənalı bir ayə ilə açıqlamışır.

 «Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin (onlar) özləri özlərinə zülm edərlər.» (Yunis,44.)

Bununla da «ziyan və çətinliklərin fəlsəfəsi» bəhsinə son qoyuruq. Düzdür, bu barədə daha da ətraflı söhbət etmək olar, lakin bu kitabın və bəhsin həcminə görə bu qədər kifayət edər.

Fikirləşin və cavab verin

1.Nə ücün «ziyan və çətinliklərin fəlsəfəsi»ni üç dərsdə davam etdiririk?

2.Həyatın eyni bir səviyyədə sürməsinin nə kimi pis təsiri var? Rifah içində yaşayan insanların həyatlarından şikayətləndiklərini görmüsünüzmü?

3.Təbiətdəki zülmət və (qaranlıq) və nur (işıq) barədə nə bilirsiniz?

4.Həyatda baş verən bəla və müsibətlər hamısı Allah və ya təbiət tərəfindədir, yoxsa insanların da bu işdə rolu var?

5.İctimai çətinlikləri aradan qaldırmaq üçün düzgün bir yol varmı? Bizim məzlumlar qarşısında vəzifəmiz nədir?

VI DƏRS

Məcburiyyət və ixtiyar məsələsi

Allahın ədaləti ilə sıx əlaqəsi olan məsələlərdən biri də «məcburiyyət və ixtiyar» məsələsidir.

Məcburiyyətə əqidə bağlayanların nəzərincə, insan öz əməl, rəftar, hərəkət və söhbətində heç bir ixtiyar sahibi deyil. İnsanların bütün hərəkətləri elektrik maşının hərəkətləri kimidir. Burada belə bir sual yaranır: bu nəzəriyyə Allahın ədaləti ilə necə uyğun gəlir? Bəlkə də məhz buna görə Əşairə dəstəsi (bir neçə dərs bundan qabaq da bu dəstənin adı cəkilmişdir. Bu dəstə ağıl nəzərindən yaxşılıq və pisliyi inkar edirdi) «məcburiyyət» nəzəriyyəsini qəbul, Allahın ədalətini isə inkar etmişdir. Doğrudan da, əgər «məcburiyyət» nəzəriyyəsi qəbul olunsa, onda Allahın ədalətinin mənası olmayacaq.

Bu məsələnin aydın olması üçün bir necə mövzunu araşdırmalıyıq:

1)                «Məcburiyyət»ə etiqad bağlamanın mənbəyi

Hər bir insan hiss edir ki, o, qərarlarında azaddır. Məsələn, filan dostuna maddi kömək etsin, ya etməsin. Susuzluq halında onun qabağına su qoyulduqda içsin, ya içməsin. Bir nəfər ona pislik etmişdir, onu bağışlayıb təqsirindən keçsin və ya bağışlamasın. Bütün insanlar xəstəlik və ya qocalıq üzündən titrəyən əllə, ixtiyar üzündən hərəkət edən əl arasında fərq qoyurlar.

Belə olduğu- azadlıq və ixtiyarı bütün insanların özlərində hiss etdikləri, halda nə üçün bir qrup insan «məcburiyyət və ixtiyarsızlıq» nəzəriyyəsinə əqidə bağlamışdır?

Bu suala müxtəlif cavablar vermək olar. Onların ən əsaslarından biri budur ki, insan mühitin və tərbiyənin təsiri altına düşür. Təbliğatın, ictimai mədəniyyətin insan ruhuna, fikir və əqidəsinə təsirini etdiyini görür. Bəzən iqtisadi vəziyyət də insana öz təsirini göstərir. Bu səbəblərin hamısı üst-üstə gəldikdə insan belə güman edir ki, o, azad və ixtiyar sahibi deyil- öz daxili və xarici qüvvələrimiz əl-ələ verib bizi müxtəlif qərarlara gəlməyə vadar edirlər. Əgər bu qüvvələr olmasaydı, bəlkə də biz belə qərarlara gəlməyib, etdiyimiz işləri etməzdik. Bu qüvvələri isə mühit, iqtisadi vəziyyət, təlim-tərbiyə məcburiyyəti adlandırmaq olar. Bütün bunlar filosofların «məcburiyyət» nəzəriyyəsinə tərəfdar çıxmasına səbəb olmuşdur.

2.«Məcburiyyət»ə əqidə bağlayanların ən əsas səhvi.

Bu əqidədə olanlar bir şeyi nəzərə almır və ondan xəbərsiz qalırlar. Bu, haqqında danışdığımız  «məcburiyyət və ixtiyar» məsələsinin «nöqsanlı səbəblər» bəhsinə yox, «tam və kamil səbəblər» bəhsinə aid olmasıdır. Başqa sözlə desək, heç kəs mühitin, mədəniyyətin, iqtisadi səbəblərin insanın düşüncə, əqidə və rəftarına təsir etdiyini inkar etmir. Söhbət bundadır ki, bunlarla yanaşı yenə də son plan və son qərar insanın öz əlindədir və o, öz işində azaddır. Çünki bütün insanlar anlayırlar ki, hətta fəsadla dolu olan bir mühitdə də insan yolunu azmaqda məcbur deyil. Belə bir mühitdə də insan özünü qoruyub saxlaya bilər.

Buna görə də, gərək məcburiyyət nəzəriyyəsinə əqidə bağlayanların məcburiyyət üçün sadaladıqları bir sıra səbəbləri (mühit, iqtisadi vəziyyət və s.) «tam və kamil səbəblər» bəhsindən ayıraq.

Elə bu səbəbdən bəzi insanlar asayiş, rahatlıq içərisində və iqtisadi vəziyyəti yüksək səviyyədə olan ailədə böyüsələr də, digər ailə üzvlərindən fərqlənirlər. Ailədə olan ictimai xronikaya müxalif olmurlar. Hətta bəzən belə gedişata qarşı çıxıb çevriliş aparırlar. Əgər mühit, mədəniyyət, təbliğat bütün insanlara tam şəkildə təsir edirsə, onda dünyada heç bir inqilab həyata keçməməlidir. İnsanlar yaşadıqları mühit çətin də olsa, keçinməli və yeni bir mühit icad etməməlidirlər.

Bunlardan məlum olur ki, yuxarıda məcburiyyət üçün deyilən səbəblərin heç bir insanın taleyini həll etmir. Bu səbəblər insanda yalnız təsir qoyur. İnsanın taleyini həll edən ancaq onun öz iradə və qərarıdır.

Bu məsələni qızmar yay günlərində qərara gəlib Allahın əmri ilə oruc tutmağa bənzətmək olar. Bu vaxt bütün əzalarımız su tələb edir, lakin biz Allahın əmrini yerinə yetirmək məqsədi ilə bunların hamısına göz yumub su içmirik. Ola bilər, kimsə Allahın əmrindən kənara çıxaraq oruc tutmasın.  (Deməli, bunların hamısı insanın öz ixtiyarındadır.)

Belə nəticəyə gəlirik ki, yuxarıdakı səbəblərdən fərqli olaraq insanın taleyini həll edən insanın öz iradə və qərarıdır.

3)»Məcburiyyət» nəzəriyyəsinin siyasi və ictimai səbəbləri

Məcburiyyət və ixtiyar məsələsindən tarix boyu sui-istifadə etmişlər. Bir sıra səbəblər «məcburiyyət» nəzəriyyəsinə əqidə bağlamaq və insanın özünün də heç bir ixtiyarı olmamasını nəzərə almaqla həmişə öz təsirlərini qoymuşlar. O cümlədən:

A)Siyasi səbəblər

Yezid kimi zalım və xudbin siyasətçilər aşağı təbəqədən olan insanların qiyamının qarşını almaq,  eləcə də öz qanunsuz rəhbərliklərini davam etdirmək üçün həmişə bu nəzəriyyəyə əl atmışlar ki, insanın özündən heç bir şey asılı deyil. İnsan öz işlərində məcburdur. Bir dəstə başçı, rəhbər, digər dəstə isə rəiyyətdirsə, bunların hamısı qəzavü-qədər və məcburiyyət üzündəndir və heç bir şey insanın özündən asılı deyil.

Məlumdur ki, bu fikir məzlumların hərakatının qarşısını almaqda və zalımların öz siyasətlərini davam etdirməsində nə qədər böyük rol oynayır. Şəriət və ağla əsasən isə insanın taleyi, iradəsi öz əlindədir. Həyatda məcburiyyət mənasında olan qəzavü-qədər yoxdur. Allahın qoyduğu qəzavü-qədər insanın öz iradə, qərar, hərəkət və istəyinə əsasən təyin edilmişdir.

B)Psixoloji səbəblər

Dünyada bir qrup süst və tənbəl insanlar var ki, onlar həyatda həmişə məğlubiyyətə uğrayır və heç vaxt uğur qazanmırlar. Ancaq bunun səbəbini öz tənbəlliklərinin boynuna yox, məcburiyyətin boynuna yıxırlar. Bu əqidəyə tapınaraq özlərini həyatda məcbur bilirlər. Bununla da özlərinə təsəlli verirlər. Deyirlər, çarəmiz nədir, bəxtimiz əvvəldən belə yazılıb, bəxtimiz əvvəldən qara olub. Daha qara bəxti Zəmzəm, Kövsər suyu ilə də yumaq mümkün deyil.Təəssüflər olsun ki, bəxtimiz bizə kömək etmir.

V)İctimai səbəblər

Bir qrup insanlar azad olmaq və ürəkləri istəyən günahları etmək istəyirlər. Bununla yanaşı, özlərini günahkar adlandırmaq da istəmirlər. Bu arzularını həyata keçirmək üçün «məcburiyyət» nəzəriyyəsinə əqidə bağlayırlar. Bununla da gördükləri günahlar üçün bəhanə gətirirlər. Məlumdur ki, bunların hamısı yalan və yanlışdır. Hətta bu əqidədə olan insanların özləri də bu üzrlərin əsassız olduğunu bildirirlər. Lakin nəfsləri onlara həqiqəti etiraf etməyə imkan vermir. Buna görə də, cəmiyyətin əqidəsini sağlam və düzgün yetişdirmək üçün bu cür əqidələrlə mübarizə aparmaq lazımdır.

Fikirləşin və cavab verin.

1.»Məcburiyyət» nəzəriyyəsi ilə «ixtiyar» nəzəriyyəsinin nə fərqi var?

2.»Məcburiyyət» nəzəriyyəsinə əqidə bağlayanların ən əsas dəlili nədir?

3.Mühitin, mədəniyyətin, iqtisadi vəziyyətin insanlara təsir etməsinin müqabilində nə cavab vermək olar?

4.»Məcburiyət» nəzəriyyəsi nəticəsində irəli cıxan siyasi, psixoloji və ictimai səbəblər hansılardır?

5.Biz bu cür səbəblərə qarşı nə etməliyik?

VII DƏRS

İnsan iradəsinin və ixtiyarının azadlığına dair ən aşkar sübut.

1.Bütün insanların vicdanı məcburiyyəti inkar edir

Alimlər, filosoflar insanın iradəcə azad və ixtiyar sahibi olması barədə çoxlu mübahisələr etmiş və bu məsələ də bir çox sübut və dəlillər gətirmişlər. Biz isə bu barədə ətraflı danışmayacağıq. Yalnız iradə azadlığı üçün gətirilmiş ən aydın və aşkar dəlili oxucuların nəzərinə çatdırırıq. O dəlil insanların öz vicdanıdır.

İzah: İnsanlar nəyi inkar etsələr də, bir həqiqəti inkar etmirlər. Bu, cəmiyyət də qanunnun olmalı olduğu həqiqətidir. İstər mömin, istərsə də materialist, şərqli,qərbli, keçmiş, indiki, varlı, kasıb - hamısı deyir ki, insanlar arasında qanun hökmranlıq etməlidir. İnsanlar qanun qarşısında məsuliyyət daşımalıdırlar. Kim qanundan kənar hərəkət edərsə, cəzalandırılmalıdır.

Bir sözlə, qanunun aliliyi, insanların qanun qarşısında məsuliyyət daşımaları və eləcə də qanunu pozanın cəzalandırılması bütün insanların qəbul etdiyi bir məsələdir. Yalnız keçmişdə yaşamış vəhşi qəbilə və tayfalar bu üç məsələni rəsmi olaraq qəbul etmirdilər.

İnsanların ümumi vicdanı adlandırdığımız bu məsələ insan iradəsinin azadlığına olan ən aşkar dəlildir. Necə inanmaq olar ki, insan öz iradə və rəftarında məcbur olsun və heç bir ixtiyar sahibi olmasın, eyni zamanda, qanun qarşısında məsuliyyət daşısın və qanunu pozarsa, onu məhkəməyə çəkib sorğu-suala etsinlər, cinayəti sübuta yetdikdən sonra onu zindana salsınlar, yaxud edama məhkum etsinlər? (Əgər insan rəftarında məcburdursa, o zaman bu işlərin heç birinin mənası olmayacaq). Bu bəzən dağdan yollara tökülüb insanlara zərər yetirən  daş parçalarını tutub mühakimə etməyə bənzəyər. Düzdür, zahirdə bir insanla daş parcası arasında fərq var ancaq, əgər insanın iradə azadlığını danırıqsa, onda bu zahiri fərqin heç bir mənası qalmayacaq. Hər ikisi məcburiyyət üzündən hərəkətə gəlmiş və cəmiyyətə müəyyən ziyan vurmuşlar. (Biri dağdan aşağı enib bir nəfəri öldürüb, biri də silahla birini vurub öldürüb.)

«Məcburiyyət» nəzəriyyəsinə əqidə bağlayanların fikrincə, bu iki işin nəticəsində heç bir fərq yoxdur, heç biri öz iradəsi ilə iş görməmişdir. Onda nə üçün biri (insan) mühakimə olunmalı, digəri (daş parcası) isə mühakimə olunmamalıdır?

Belə bir mövqedə insan iki yol ayrıcında durur: ya gərək bütün insanların vicdanı ilə qoyulmuş qanunu pozaraq bütün məhkəmələri ləğv etsin, ya da «məcburiyyət» nəzəriyyəsini inkar etsin.

Şübhəsiz ki, ikinci yol daha üstündür.

Təəccüblü budur ki, həyatta məcburiyyət əqidəsində olanların özləri də həyatda və əməldə qanundan, məhkəmədən və əsl azadlıqdan dəm vururlar. Əgər  bir nəfər onlara qarşı kobud və nalayiq hərəkət edərsə, onu məhkəməyə verirlər. Müttəhimi cəzalandırmayınca, sakit olmurlar.

Əgər insan azad deyilsə, özündən heç bir şey asılı deyilsə, bu şikayətlərin, səs-küyün nə mənası var?

İnsanların bu ümumi vicdanı sübut və şahiddir ki, bütün insanlar öz batinlərində azad olduqlarını qəbul etmişlər və buna əmindirlər. Həmişə öz azadlıqlarına vəfadar olmuş, hətta bir gün olsun belə bu əqidədən dönməmişlər. İnsanlar bilirlər ki, bu əqidəsiz yaşamaq, şəxsi və ictimai müşkülləri həll etmək qeyri mümkündür.

İslamın böyük alimi, filosofu Xacə Nəsrəddin Tusi bu məsələni məcburiyyət və ixtiyar barədə yazdığı kitabda çox gözəl bir ifadə ilə bəyan etmişdir: «Bizim öz vicdanımız şahiddir ki, bizim bütün işlərimiz özümüzə aiddir.»

2)Din və məzhəb məcburiyyətlə ziddir:

Yuxarıda deyilənlərin hamısı «məcburiyyət» nəzəriyyəsinin insanların vicdanı ilə zidd olmasına aid idi. Burada insanların dindar, məzhəb əhli, yaxud dinsiz və heç bir dinə xidmət etməyən olmasın heç bir fərqi yoxdur.

Məcburiyyət nəzəriyyəsi vicdanla olduğu kimi, din və məzhəblə də müxalif və ziddir. Din və məzhəb təfəkkürü də məcburiyyət nəzəriyyəsinin batil və səhv olduğuna dair digər qanedici sübutlar ortaya qoyur. Din və məzhəb təfəkkürü heç vaxt məcburiyyət nəzəriyyəsi ilə uyğun gələ bilməz. Əgər bu nəzəriyyə qəbul edilərsə, onda dinin əsasları, proqramları çətinliklə üzləşər. Allahın  keçən dərslərdə sübuta yetirilmiş ədaləti ilə məcburiyyət nəzəriyyəsi necə uyğun gələ bilər? Necə ola bilər ki, Allahın bir nəfəri filan pis işi görməyə vadar və məcbur edə, sonra da həmin işə görə onu cəzalandıra? (Bu Allahın ədaləti ilə düz gəlirmi?) Bu iş heç bir məntiqlə uyğun gəlmir. Əgər məcburiyyət nəzəriyyəsini qəbul etsək, onda savab, günah, cənnət və cəhənnəmin hamısı mənasız və hədəfsiz olacaqdır. Həmçinin, əməl dəftəri, qiyamət gününün hesab kitabı, Quran ayələrində günahkarlara vəd olunmuş əzab və eləcə də möminlərə verilmiş müjdələr öz mənasını itirəcəkdir. Çünki bu nəzəriyyəyə əsasən, nə bir nəfər möminin özündən bir şey asılıdır, nə də bir günahkar və kafirin əlindən bir iş gələr. Bunlardan əlavə, biz din və məzhəbin ilkin mərhələlərində «məsuliyyət»lə üzləşirik. Hər bir insanın din qarşısında məsuliyyət daşıdığını görürük. Əgər insanlar öz iradələrində azad və muxtar (ixtiyar sahibi) olmasalar, onda məsuliyyətin nə mənası olar? Əli özündən ixtiyarsız əsən şəxsə «əlini tərpətmə» deyə bilərikmi? Yaxud enişdən aşağı gələn və özünü saxlaya bilməyən insana «dayan» deyə bilərikmi? Məhz buna görə də əmirəl-möminin Həzrət Əli (ə) hədislərinin birində buyurur ki, məcburiyyət əqidəsi bütpərəstlərin və şeytan hizbinin (partiyasının) əqidəsidir.

Həzrət Əli (ə)-ın hədisinin ibarəsi belədir «Bu əqidə bütpərəstlərin, Allah düşmənlərinin və şeytan yolunda olanların əqidəsidir.» (Üsuli-kafi. 1-ci cild, səh.119.)

Fikirləşin və cavab verin.

1. «Məcburiyyət» nəzəriyyəsinin batil və səhv olduğunu sübut edən aşkar dəlil hansıdır?

2.İnsanın iradəcə azad olması baxımından insanların ümumi vicdanını izah edin.

3. «Məcburiyyət» nəzəriyyəsi iddiasında olanların fikrincə əməldə də məcburiyyət varmı?

4. «Məcburiyyət» Allahın ədaləti ilə uyğun gəlirmi? Əgər uyğun gəlmirsə, səbəbi nədir?

5.İnsan iradəsinin azad olması insana necə məsuliyyət daşıtdırır?

VIII DƏRS

Məcburiyyətlə ixtiyar arasında olan hədd nədir?

(Vasitə nəzəriyyəsi.)

1)Məcburiyyətin qarşılığı olan nəzəriyyə .

Məcburiyyət nəzəriyyəsinin müqabilində «təfviz» adlanan bir nəzəriyyə vardır. Bu əqidədə olanlar deyirlər ki, Allah insanı yaratdıqdan sonra onu tam şəkildə azad buraxmışdır. Beləliklə də, insan bütün işlərində tam azaddır və Allah onun işlərində heç bir rol oynamır. Şübhəsiz ki, bu nəzəriyyə də tövhidlə uyğun gəlmir. Çünki tövhid bizlərə öyrədib ki, aləm Allahın mülküdür, heç bir şey onun hakimiyyətindən kənar deyil. Hətta insan iradəsinin azad olduğuna baxmayaraq, eyni zamanda, insanların bütün əməlləri onun qüdrət və hakimiyyət çərçivəsindədir. Əgər belə olmasa, onda Allaha şərik qoşmuş olarıq. Daha aydın desək, biri bütün yeri-göyü xəlq etmiş böyük Allah, digəri isə kiçik Allah. Brinci Allah insanın işlərində rol oynamadığına görə, biz müstəqil, azad, iradəsi öz əlində olan insanı ikinci Allah kimi təsəvvür etmiş olarıq. 



Geri   İrəli
Go to TOP