A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 86
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


2.Keçmiş nəsillərin qiyamətə olan etiqad

Tarix göstərir ki, keçmiş nəsillərin hamısının özünəməxsus məzhəbi olmuşdur. Eləcə də sübutlar göstərir ki, insanlar arasında məad və qiyamətə etiqad lap qədim zamanlardan olmuşdur. Keçmiş nəsillərdən qalan əsərlər, xüsusən, onların ölüləri dəfn etməsi, qəbirləri düzəltməsi və bu kimi işləri onların ölümdən sonrakı həyata olan etiqadlarından xəbər verir. Bəşər arasında ilk günlərdən meydana çıxmış bu əqidəni sadə, adi və fanatik bir şey hesab etmək olmaz.

Əgər bir əqidə bütün insanlar arasında vardırsa, onun fitri olduğunu qəbul etməliyik. Çünki təkcə fitrət zaman və ictimai dəyişikliklərə sinə gərib olduğu kimi qala bilər. Adət, ənənə və fanatikalar zaman keçdikcə qüvvədən düşür, mahiyyətini itirirlər. Məsələn, bir cür paltar geyinmək bir zaman adət və dəbdirsə, bir müddət keçdikdən sonra qüvvədən düşür. Lakin ananın balasına olan məhəbbəti fitri bir işdir. Nə qədər zaman keçsə də, yenə bu məhəbbət olduğu kimi qalacaq və heç bir ana öz balasına qarşı laqeydlik etməyəcək. Bu cür olan hər bir əlaqə özünün fitri olduğunu göstərir.

«Alimlərin dəqiq araşdırmalarından məlum olur ki, bəşəriyyətin ilkin tayfalarının da məzhəbi olmuşdur. Çünki onlar ölülərini məxsus şəkildə dəfn edir, ölünün iş alətlərini onun yanında qoymaqla ölümdən sonrakı aləmə olan əqidələrini ifadə edirlər.» ifadəsi bizə bildirir ki, keçmiş nəsillər arasında da ölümdən sonrakı həyata inam olmuşdur. Düzdür, onların sonrakı aləmi elə bu aləm kimi təsəvvür etmələri səhvdir, lakin yenə də, onlar  ölümdən sonrakı həyata inanırdılar.

3.Batinimizdə olan vicdan məhkəməsi məadın fitri olduğuna

daha bir sübutdur

Keçən dərsdə dediyimiz kimi, bizim batinimizdə əməllərimizə nəzarət edən bir məhkəmə vardır. Bu məhkəmə yaxşı əməllər qarşısında insanı təşviq edərək onu elə rahat edir ki, bunu dildə bəyan etmək mümkün deyil. Eləcə də, pis işlər, xüsusən böyük günahlar qarşısında insanı elə tənqid edib cəzalandırır ki, yaşamaq insana acı gəlir.

Dəfələrlə müşahidə edilmişdir ki, cinayət törədib qaçan şəxslər nəhayət gəlib özlərini məhkəməyə təslim etmişlər. Bunu vicdan əzabından xilas olmaq üçün etmişlər.

İnsan batinində belə bir məhkəməni müşahidə etdikdən sonra özünə sual verir:  necə ola bilər, mən kiçilikdə bir varlıqda belə bir məhkəmə olsun, lakin bu böyüklükdə aləmdə bu cür bir məhkəmə olmasın?

Beləliklə də məad və ölümdən sonrakı həyatın fitri olması üç yolla sübuta yetir: Bəqaya olan eşq yolu ilə, keçmiş nəsillər arasında qiyamətə etiqadın olması və onun kiçik bir nümunəsinin öz batinimizdə olması yolu ilə.

Fikirləşin və cavab verin

1.Fitri olan və fitri olmayan işləri bir-birindən necə ayırmaq olar?

2.Hansı sübuta əsasən insanın bəqaya eşqi var və bəqaya olan eşq məadın fitri olduğuna necə sübut ola bilər?

3.Keçmiş nəsillərin məada inamları olubmu?

4.Vicdan məhkəməsi insanı cəzalandırıb təşviqləndirirmi? Bunun səbəbi nədir? Bir neçə misal gətirin.

5.Vicdan məhkəməsi ilə qiyamət məhkəməsi arasında nə kimi əlaqə var?

V DƏRS

Qiyamət ədalət tərəzisində

Bu dünyaya bir az diqqət yetirdikdə görürük ki, hər tərəfdə qanun hakimlik edir və hər şey öz işini qanuna əsasən görür. Ədalət əsasında tənzimlənmiş bu proqram insan bədənində o qədər incəliklə icra olunur ki, onda bir az  dəyişikliklərin  olması insanın ölümü, ən azı xəstələnməsi ilə nəticələnir. Göz, qəlb, beyin və digər bədən üzvlərinin quruluşu buna açıq-aşkar bir sübutdur. Bu proqram təkcə insan bədənində yox, bütün aləmdə icra olunur. Hədisdə deyilmişdir: «Yer və göylər ədalət əsasında qurulmuşdur.» Bir atom zərrəciyi o qədər kiçikdir ki, milyonlala atomu iynə ucu qədər yerdə yerləşdirmək olar. Fikirləşin, görün, onun quruluşu necə dəqiq olmalıdır. Bununla belə, milyon illərdir ki, atom öz mövcudluğunu qoruyub saxlamışdır. Bunların hamısı elektron və protonların quruluşundakı  fövqəladə proqramın sayəsində əmələ gəlmişdir. Dünyada olan bütün şeylər bu elektron və protonlardan təşkil olunmuşdur. Məgər insan istisna olunmuş bir varlıqdır? Bu dünyada azad olmalı və hansı ədalətsizliyi, zülmü istəsə, etməlidir? Yoxsa, burada bir incəlik gizlənmişdir?

İradənin azadlıq və ixtiyarı

İnsan bir şeydə başqa məxluqlardan fərqlənir. O da onun iradə və istəyinin azad və ixtiyar sahibi olmasıdır. Nəyə görə Allah insanı azad buraxmış və ürəyi istəyən hər şeyi etməyə icazə vermişdir? Cavabında deyirik ki, əgər insan azad olmasaydı, təkamülə yetişə bilməzdi. Bu xüsusiyyət (insanın azadlığı) onun mənəvi və əxlaqi təkamül rəmzidir. Məsələn, varlıları güclə imkansızlara yardım etməyə məcbur etsələr, bu iş həyata keçəcək və imkansızlara kömək olunacaq, lakin bu varlılar üçün təkamülə səbəb olmayacaq. Ancaq həmin yardımın bir zərrəsi varlıların öz istək və iradəsi ilə edilsə, bu onların mənəvi təkamülünə səbəb olacaq.  Deməli, əxlaqi və mənəvi təkamülün birinci şərti azadlıqdır. Yəni, bəşəriyyət bu mərhələyə məcburiyyətlə yox, öz iradə və istəyi ilə yüksəlməlidir. Allahın insanları azad buraxmasının səbəbi də məhz budur.

Böyük azadlıq neməti bir gülə bənzəyir. Bu gülün yan-yörəsində bəzi tikanlar bitir. O tikanlar da bəzi insanların bu azadlıqdan pis niyyətlə istifadə edib günah, zülm, fəsada düçar olmalarıdır.

Allah azadlıqlardan fəsad, zülm və günahlar yolunda istifadə edən şəxsləri elə bəlalara düçar edərdi ki, onlar bir daha gördükləri işləri təkrar etməzdilər. Belə olan halda daha heç kim azadlıqdan pis niyyətlə istifadə etməzdi. Lakin bu təqdirdə insan məcbur olub pisliklərdən əl çəkər və bunun insan üçün heç bir dəyəri olmazdı. İnsan gərək, azad olsun və Allahın imtahanları qarşısında sınaqlardan keçsin. Bu yolla insan öz dəyərlərini nümayiş etdirə bilər.

Burada daha bir məsələ var. O da budur ki, əgər vəziyyət beləcə davam edərsə- hər kəs istədiyi yolla gedib ürəyi istəyəni edərsə, bu təqdirdə Allahın dünyada qoyduğu ədalət qanunu öz səlahiyyətini itirər və qüvvədən düşər. Buraya çatdıqda məlum olur ki, insanlar üçün bir məhkəmə təyin olunmuşdur. İnsanlar istisnasız olaraq bir nəfər kimi bu məhkəmədə hazır olmalı, öz əmələrinin cəza və ya mükafatını almalıdırlar. Nəmrud, Firon, Yezid kimi şəxsiyyətlərin dünyada törətmədikləri cinayət qalmamışdır. Heç mümkündürmü ki, günahkarlarla olan haqq-hesab çəkilməsin? Allahın ədalət tərəzisində möminlərlə kafirlər, günahkarlarla günah etməyənlər bərabər ola bilərmi? Quranın dili ilə desək: «Məgər biz, müsəlmanları kafirlərlə eynimi tutacağıq? (Ey kafirlər! Siz dünyada yoxsul möminlərdən mal-dövlətcə üstün olduğunuz kimi, axirətdə də onlardan üstün olacağınızı iddia edirsiniz?) Sizə nə olub, necə mühakimə yürüdürsünüz?» «(Nun, 35,36). Yaxud başqa bir ayədə oxuyuruq: «Yoxsa, biz Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?» (Sad, 28).

Düzdür, bəzən zalım və günahkarlar öz əməllərinin cəzasını çəkir, vicdan məhkəməsi öz mühakiməsini yürüdür, başqalarına quyu qazanlar özləri quyuya düşürlər. Lakin bunlar ümumi deyil. Yəni, bütün zalımlar elə bu dünyadaca öz cəzalarını çəkmirlər, yaxud başqalarına quyu qazanların hamısı özləri  quyuya düşmürlər. Çox zalım, günahkar və pis insanlar var ki, bu dünyada heç bir dəfə də əziyyət çəkmirlər. Bu cür insanları cəzalandırmaq və bütün insanların əməllərinə baxmaq üçün ədalətli bir məhkəmə lazımdır. O məhkəmədə iynə ucu qədər əməl də yoxlanılmalı, cəza və ya mükafatını almalıdır. Əks təqdirdə, ədalət tam şəkildə təmin olunmaz. Buna əsasən Allahın varlığını və onun ədalətini qəbul etməklə ölümdən sonrakı həyatı, məadı qəbul etmək bərabərdir. (Yəni, bir nəfər Allahı, onun ədalətini qəbul edirsə, qiyaməti də qəbul etməlidir. Əgər qiyamət və məadı qəbul etmirsə, Allah və onun ədalətini də qəbul etmir.) Bu iki şey heç vaxt bir-birindən ayrılmaz.

Fikirləşin və cavab verin

1. «Yer və göylər ədalət əsasında qurulmuşdur» nə deməkdir?

2.Nəyə görə Allah insanı azad buraxmışdır?

3.Əgər Allah azadlıqlarından pis yollarda istifadə edən insanları acınacaqlı əzablara düçar etsəydi, nə olardı?

4.Nə üçün vicdan məhkəməsi  və əməllərin cəzasına çatması insanın qiyamət məhkəməsinə olan ehtiyacını ödəyə bilmir?

5. Allahın ədaləti ilə məad arasında nə əlaqə var?

VI DƏRS

Qiyaməti bu dünyada dəfələrlə görmüşük

Quran ayələrindən asanlıqla məlum olur ki, bütpərəstlər və digər kafirlər təkcə peyğəmbərin dövründə yox, eləcə də başqa zamanlarda məad- öldükdən sonra dirilmə məsələsinə təəccüblə yanaşırdılar. Hətta bu məsələni onu irəli sürən şəxsin dəliliyinə  sübut gətirərək bir-birlərinə nə deyirdilər: «Sizə siz parça-parça olub dağılandan (çürüyüb torpağa qarışandan) sonra yenidən yaradılacağınızı (diriləcəyinizi) xəbər verən bir adam göstərəkmi?» (Səba, 7). (Məlumdur ki, bu söz istehza mənasında deyilmişdir). Həqiqətən, o zaman elmin olmaması və düşüncələrin aşağı səviyyədə olması nəticəsində ölümdən sonrakı həyata inam bəsləmək bir növ dəlilik və Allaha töhmət kimi hesab olunurdu. Ölmüş şəxsin yenidən diriləcəyini iddia edən şəxs dəli kimi qələmə verilirdi. Maraqlı burasıdır ki, Quran bu fikirlərə qarşı müxtəlif cavablar vermiş, sübutlar irəli sürmüşdür. Bu sübutlardan hər kəs öz düşüncəsi qədər istifadə edə bilər. Quranın bu cavablarını açıqlamaq üçün geniş bir kitab yazılmalıdır. Lakin bunların bir hissəsini oxucuların nəzərinə çatdırırıq:

1.Quran bəzən onların qiyaməti, öldükdən sonra dirilməni bu dünyada dəfələrlə müşahidə etdiklərini bildirərək onlara cavab verir:

 «Buludları hərəkətə gətirən, küləkləri göndərən Allahdır. Biz o buludları quru (ölü) bir məmləkətə tərəf qovub onunla öldükdən sonra torpağı dirildirik. Ölüləri diriltmək də belədir.» (Fatir, 9).

Qış fəslində təbiətə nəzər saldıqda hər tərəfdən ölü iyi gəlir. Ağaclarda nə yarpaq olur, nə gül, nə də meyvə. Quru budaqlar hərəkətsiz şəkildə yerlərində donub qalmışlar. Nə bir ağac tumurcuqlayır, nə bir budaq çiçək açır. Dağlarda, meşələrdə heç bir oyanış gözə dəymir. Bahar yetişdikdə isə, hava yavaş-yavaş ilıqlaşır. Bərəkət yağışları yağmağa başlayır. Birdən-birə təbiətdə yenilik əmələ gələrək hər tərəf oyanır. Otlar bitir, ağaclar yarpaq açır, çiçəklər, tumurcuqlar gözə dəyirlər. Quşlar ağaclarda özlərinə yuva qurmağa başlayırlar. Sanki, qiyamət baş verir. Əgər ölümdən sonrakı həyatın mənası olmasaydı, biz bu səhnəni hər il öz gözümüzlə müşahidə etməzdik. Ölümdən sonra dirilmək iddiası dəlilik nişanəsi olsaydı, bu səhnə hər il təkrar olunmazdı. Torpağın, təbiətin ölümdən sonra dirilməsi, yaxud insanın ölümdən sonra dirilməsi arasında nə fərq var?

2.Bəzən kafirləri, yaranışlarının əvvəlinə qaytararaq ilk vaxtlarını yadlarına salır. Müşrik bir ərəb çöldən bir parça çürümüş sümük tapıb belə güman etdi ki, bunun vasitəsi ilə gedib Məhəmmədin, ölülərin diriləcəyi barəsində dediklərini batil edəcək. Peyğəmbərin huzuruna gələrək: «De, görüm, bu cür çürümüş sümükləri kim dirildə bilər»-deyərək fəryad etdi. Peyğəmbər aşağıdakı ayə ilə onun cavabını verdi: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir» (Yasin, 79). İnsanın ilk dəfə yaranması ilə yenidən dirilməsi arasında nə fərq var?

Bu məsələ digər ayələrdə çox kiçik, lakin mənalı bir ifadə ilə açıqlanmışdır: «(Qiyamət günü insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi dirildib əvvəlki halına salarıq.» (Ənbiya, 104).

3.Bəzən Allahın yer və göyün yaradılışındakı böyük əzəmətini yada salaraq buyurur: «Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi? Əlbəttə qadirdir. (Hərşeyi)yaradan və (hər şeyi) bilən odur! Bir şeyi (yaratmaq) istədiyi zaman Allahın buyruğu ona ancaq: «Ol!»deməkdir. O da dərhal olar.» (Yasin, 81, 82). Buna şəkk-şübhə edənlər fikir və düşüncələri aşağı səviyyədə olan insanlar olmuşlar.

4.Bəzən da enerjilərin qiyamət və qayıdışını insanların yadına salaraq məad məsələsini onlara xatırladır: «O yaradan ki, sizin üçün yaşıl ağacdan od gətirdi və siz indi həmin oddan istifadə edirsiniz, o, ölüləri diriltməyə qadirdir.» (Yasin, 80). Quranın bu ifadəsinə bir az diqqət yetirdikdə və müasir elmlərdən kömək istədikdə elm bizə anladır ki, ağac parçasını yandırdıqda və həmin budaqdan od əmələ gəldikdə istiliyi də olacaqdır. Bu istilik ağacın neçə illərlə yığıb saxladığı günəşin istilik və enerjisidir. (Bunu da xatırladaq ki,[6] yalnız yaşıl ağaclar günəş hərarətini özündə saxlayıb bir müddətdən sonra xaric edə bilir). Biz belə güman edirdik ki, günəşin enerjisi itib aradan gedir, lakin indi məlum olur ki, həmin enerji yenidən canlanır və yeni libas geyir.

Günəşin istilik və enerjisini ağacın tərkibində neçə illərlə saxlamağa, sonra onu birdən-birə xaricə çıxarmağa qadir olan Allahın ölüləri diriltməyə qüdrəti çatmazdı?

Görün, Quran məad məsələsinə şəkk-şübhə edənlərə necə qəti cavablar vermişdir. Biz bu cavab və sübutların yalnız bir hissəsini qələmə aldıq. Beləliklə də, Quran məadın mütləq baş verəcəyini bildirir.

Fikirləşin və cavab verin

1.Nəyə görə müşriklər məad məsələsinə təəccüblə yanaşırdılar?

2.Təbiətdə məad səhnəsini hər il necə müşahidə edirik?

3.Quran bir sıra ayələrdə ana bətnində keçən dövrü məaddan bir nümunə kimi qeyd etmişdir. Bunu necə əlaqələndirmək olar?

4.Enerjilərin qiyaməti necə olur?

5.Nəyə görə Quran (Yasin surəsinin 80-cı ayəsində) «yaşıl ağac» ifadəsindən istifadə etmişdir?

VII DƏRS

Məad və yaranışın fəlsəfəsi

İnsanların bir çoxu sual edirlər: Allah bizi nəyə görə yaratmışdır? Bəziləri bir addım da irəli atıb deyirlər ki, ümumiyyətlə, bu böyüklükdə dünyanın yaranışının fəlsəfəsi nədir? Bəlkə, Allahın bəzi çatışmazlıqları var və dünyanı yaratmaqla o çatışmazlıqları aradan qaldırmaq istəyir? Belə olan təqdirdə Allahın ehtiyac məsələsi irəli çıxır. Ehtiyac isə Allahın məqamı ilə uyğun gəlmir. Bu sualın cavabı barədə çox danışmaq olar. Lakin biz bir neçə cümlə ilə qısa olaraq onu oxucuların nəzərinə çatdırırıq.

Bizim (insanların) bu barədə bir səhvimiz var. O da budur ki, biz Allahın sifət və xüsusiyyətlərini özümüzlə müqayisə edirik. İnsan çox məhdud bir varlıqdır. Hər nə iş görürsə, ehtiyaclarını ödəmək və çatışmazlıqlarını aradan qaldırmaq üçün görür. Məsələn, savadsızlığını aradan qaldırmaq üçün dərs oxuyur, maddi imkanını düzəltməkdən ötrü işləyib maaş alır və s. Ancaq heç bir çatışmazlığı olmayan və hər cəhətdən kamil olan Allah barədə belə mühakimə etmək düzgün deyil. O, dünyanı özü faydalansın deyə yaratmayıb. Əksinə, onun dünyanı yaratmaqda məqsədi yaradılmışlara fayda verməkdir. Allah həddən artıq parlaq və sonu olmayan bir günəşdir. O, öz nuruna heç bir ehtiyacı olmadan nur saçır və o nurdan bütün varlıqlar bəhrələnir. Ümumiyyətlə, Allah məxluqatı təkamülə yetirmək üçün onlara kömək etməyi lazım bilir. İnsanların yoxdan yaranmasının özü bir növ təkamülə tərəf atılmış addımdır. Bundan əlavə, bəşər üçün peyğəmbərlər, səmavi kitablar göndərmək də təkamülə yetişməkdə böyük rol oynayır. Həzrət Əli(ə)-ın dili ilə desək, dünya bir məktəb, insanlar isə bu məktəbin şagirdləridir. Bu dünya bir əkin sahəsi, insanlar isə bu sahədə məşğul olan əkinçilərdir. Bu dünya böyük bir ticarət mərkəzi, insanlar isə orada alver edən tacirlərdir. Bir halda ki, ətrafımıza diqqətlə nəzər salarkən hər şeyin bir məqsəd üçün yaradıldığını görə bilirik, o halda bu dünyanın yaranışını necə qayəsiz hesab edə bilərik? Məsələn, insanın bədənində hər nə varsa, hamısı bir məqsəd əsasındadır. Hətta ayağın altındakı çökəklik və kipriklər də. Necə ola bilər, bədən üzvlərinin ayrı-ayrılıqda hər birinin bir məqsədi olsun, lakin insanın bütövlükdə bir məqsədi olmasın?

Bədənimizdən xaricdə da vəziyyət eyni ilə bu cürdür. Təbiətdəki quruluşların hər birinin öz qayəsi vardır. Günəşin saçmasının, yağışın yağmasının, havanın müəyyən bir şəkildə keçməsinin hərəsinin özünə məxsus bir məqsədi yoxdurmu?

Həqiqət budur ki, bu dünyanın batinində böyük bir tablo asılmışdır. Bəzən həqiqət o qədər aydın olur ki, insan ilk baxışda onu görə bilmir. Ancaq bir az diqqət yetirdikdən sonra hər şey öz qaydasına düşür. Bu tablonun üzərində dünyanın, bəşəriyyətin yaranmasının əsas hədəfi, «tərbiyə» və «təkamül» yazılmışdır.[7]

İndi ki yaradılışımızın bir məqsədi olduğunu bildik, görək, bu məqsəd nədən ibarətdir? Bu dünya onda olan saysız-hesabsız müşkülləri ilə birgə insan yaranışı üçün məqsəd ola bilərmi? Məsələn, bir nəfər altmış il yaşayır. Hər gün səhər işə gedir, axşam olduqda yorğun  halda evinə qayıdır. İşinin müqabilində müəyyən miqdarda maaş alır, həmin maaşla da ailəsinin təlabatını ödəyir. Bu proqram ömrünün axırınadək davam edir. Ömrü sona çatdıqda dünya ilə vidalaşıb axirət mənzilinə yollanır. Fikirləşin, görün, bu yaşayış insan yaranışı üçün hədəf ola bilərmi? Yəni, insanın yaranışında məqsəd yalnız yuxarıda deyilən proqramları təkrarlamaqdırmı?

Əgər bir mühəndis açıq səhrada böyük bir bina tikib  onun inşasına illərlə vaxt sərf etsə də və binanı tikib qurtardıqdan sonra ondan soruşsalar ki, bu binanı nə üçün tikmisən, o da cavab versə ki, binanı tikməkdə məqsədim buradan keçənlərin onun kölgəsində bir az dincəlməsidir, bu cavabdan təəccüblənmərikmi?  Yoldan keçən bir şəxsin bir saat dincəlməsi üçün bu qədər əzab-əziyyətə dəyməz.

Məad və ölümdən sonrakı həyatı qəbul etməyənlərin, bu dünyanı puç və mənasız bilmələrinin səbəbi də məhz budur. «Bu dünyanın yaşayışı məqsədsizdir» kimi ifadələr materialistlərin sözlərində tez-tez  gözə çarpır. Hətta onların bəziləri bu həyatdan və eyni proqramın illərlə təkrar olmasından yaxa qurtarmaq üçün intihara əl atırlar. Lakin bu dünyaya məna verən onu başqa bir dünya üçün müqqədimə və hazırlıq bilməkdir. Bu dünyadan sonra əbədi həyat sürmək üçün buradakı çətinliklərlə mübarizə aparırıq. Yaxşı olardı ki, ötən dərslərdə çəkdiyimiz misalı bir daha xatırladaq: əgər ana bətnində olan körpənin tam ağlı, düşüncəsi olsaydı və ona desəydilər, buradan (ana bətnindən) başqa bir yoxdur, körpə dərhal etiraz edib deyəcəkdi: «Onda mənim bu zindanda qalmağımın nə mənası var? Nəyə görə burada qanın, suyun içərisində qalıb həlak olmayıb? Allah məni buna görəmi yaratmışdır? Bunun nə mənası var?». Ancaq əgər körpəyə desələr ki, bura geniş bir dünyaya qədəm basmaq üçün keçid mərhələsidir və burada bir müddət qaldıqdan sonra açıq həyata qayıdacaqsan, onda körpə razı qalıb deyəcək: «Bu təqdirdə burada qalmağıma dəyər. Çünki bura hazırlıqdır və bir neçə aydan sonra buradan xilas olacağam.» Qurani- Kərim bu barədə belə buyurur: «And olsun ki, siz ilk yaradılışı (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?» (Vaqiəh, 62).

Bir sözlə, bu dünyanın özü bildirir ki, ondan sonra başqa bir dünya var. Əks təqdirdə bu dünya puç, hədəfsiz və mənasız olar. Yaxşı olar ki, bunu Quranın öz dilindən eşidəsiniz: «Yoxsa, sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?» (Muminun, 115).

Ayə bildirir ki, əgər məad (Allahın hüzuruna qayıdış) olmasa, insan yaranışı puç və mənasız olardı.

Belə nəticəyə gəlirik ki, bu dünyadan sonra mütləq başqa bir dünya olmalıdır.

Fikirləşin və cavab verin

1.Nəyə görə Allahın sifət və xüsusiyyətlərini insanların xüsusiyyətləri ilə müqayisə etmək olmaz?

2.Bizim yaranışımızda məqsəd nədir?

3.Bu dünyanın yaşayışı insan yaranışının hədəfi ola bilərmi?

4.Ana bətnindəki dövr ilə bu dünyanı müqayisə etdikdə nə öyrənirik?

5.Quran bu dünyanın yaranışından axirətin mövcudluğuna necə sübut gətirir?

VIII DƏRS

Ruhun qalması qiyamət nişanəsidir

İnsanın nə vaxtdan ruh haqqında maraqlandığını hələ heç kim bilmir. Onu demək olar ki, insan yaranışının ilk günlərindən özü ilə digər varlıqlar arasında fərq hiss edir. O bilir ki, onunla daşın, taxtanın, hətta heyvanın fərqi var. İnsan yuxu və ölüm vəziyətini görmüşdür. O, hiss edir ki, yuxu və ölüm zamanı cisim və maddəsində heç bir dəyişiklik olmadan bəzi dəyişikliklər əmələ gəlir. Buradan başa düşmüşdür ki, onun ixtiyarında bu cisimdən başqa bir gövhər də vardır. (Bu gövhər də yalnız onun ruhudur).

İnsan heyvanlarla özü arasında fərq hiss edir və görür ki, o, heyvanlardan fərqli olaraq öz iradəsində azadır. Heyvanlar isə iradələrində məcburdurlar.

İnsanın ruha qarşı marağının artmasında yuxu səhnələrinin böyük rolu var. Bədənin bir tərəfdə düşüb qaldığı halda başqa bir qüvvənin yuxu görməsi insanı belə bir nəticəyə gətirib çıxarır ki, onun bədənində «ruh» adlı bir qüvvə vardır.

Filosoflar fəlsəfə elmini ortaya çıxardığı zaman «ruh» özünə digər fəlsəfi məsələlərin yanında yer eləmiş və fəlsəfənin mühüm bəhslərindən birinə çevrilmişdir. Sonralar bütün filosoflar ruh haqqında nəzəriyyələr irəli sürmüşlər. Bu barədə söz həddən artıq çoxdur, lakin ən əsası  aşağıdakı sualın cavabını bilməkdir: ruh maddidir, yoxsa qeyri-maddi? Başqa sözlə, ruh müstəqildir, yoxsa beyin və sinir sistemlərinin fiziki və kimyəvi xüsusiyyətlərindəndir? Materialist filosofların bəziləri israr edirlər ki, ruh maddidir və beyin sisteminin xüsusiyyətlərindəndir. İnsan öldükdə ruh da sıradan çıxır. Necə ki, işləyən bir saatı sındırsaq onun işləməyi də dayanacaq. Bu firqəyə qarşılıq olaraq isə İslam filosofları və bir sıra materialist filosoflar deyirlər ki, insan öldükdə ruh ölmür və öz həyatını davam etdirir. Bunu sübut etmək üçün bir sıra dəlillər gətirmişlər. İndi biz həmin dəlillərin bir neçəsini sadə ifadələrlə əziz oxucuların nəzərinə çatdırırıq.

1.Böyük bir dünyanı kiçik bir mühitdə yerləşdirmək olmaz

Təsəvvür edin, böyük bir dənizin kənarında əyləşmisiniz. Dənizin kənarında başı göylərə ucalmış dağlar da vardır. Ləpələ gəlib sahildəki qayalara çırpılıb qəzəbli halda geri qayıdırlar. Dağın üstündəki səma gecə olduqda örtüyünü dağ və dənizin üstünə salıb öz əzəmətini göstərir. Bu səhnəni müşahidə etdikdən sonra bir anlığa gözümüzü bağlayırıq. Müşahidə etdiyimiz mənzərə bütün əzəməti ilə birgə zehnimizdə canlanır. Sanki, gözümüz açıqdır deyə, göyə baxırıq. Zehnimizdə canlanmış bu səhnə şübhəsiz ki, beynimizə sığışa bilməz və onun üçün böyük bir yer lazımdır. Əks təqdirdə, böyük bir səhnə kiçik bir nöqtə kimi zehnimizdə canlanmalıdır. Buradan məlum olur ki, insanda maddi beyindən başqa bir cövhər də vardır və bu cövhər hər hansı bir mənzərəni olduğu kimi, eyni həcmdə özündə cilvələndirir. Şübhəsiz ki, bu cövhər maddi deyil. Çünki maddi aləmdə bu vaxta qədər belə bir şey görülməmişdir.

2.Ruhun xarici özündə əks etdirmə xasiyyəti

İnsan bədənində bir sıra fiziki və kimyəvi xüsusiyyətlər vardır. Məsələn, ürək və mədənin hərəkətləri fiziki, yemək tikələrinin üzərinə daman öd damcıları isə kimyəvi xüsusiyyətlərə malikdirlər. Bu cür xüsusiyyətlər insan bədənində çoxdur. Əgər ruh, fikir və düşüncə və maddidirsə, bəs, onda nə üçün onlarla başqa cismani xüsusiyyətlər arasında böyük fərq var? Ruh, düşüncə və fikir insanı xarici mühitlə əlaqədə saxlayır və bizdən kənarda baş verən hadisələrdən bizi xəbərdar edir. Lakin bədənin fiziki və kimyəvi xüsusiyyətləri belə deyildir. Başqa sözlə, biz asanlıqla hiss edirik ki, vücudumuzdan kənardakı aləmlə əlaqədəyik. Onda baş verən hadisələrdən xəbərdarıq. Məgər bizdən kənardakı aləm bizim içimizəmi girir və biz bu yollamı ondan xəbərdar oluruq? Yəqin ki, «xeyr» cavab verəcəksiniz. Bəs, bunun sirri nədir? Bizdən xaricdəki aləmin surəti bizim  zehnimizdə canlanır və biz də ruhun «xarici özündə əks etdirmə» xüsusiyyəti vasitəsi ilə xariclə əlaqədə oluruq. Bu xüsusiyyətə bədənin kimyəvi və fiziki xüsusiyyət və qüvvələrinin heç biri malik deyil (Diqqət edin.) Yenə başqa sözlə desək, xarici varlıqlardan xəbərdar olmaq üçün onları əhatə etmək lazımdır. Bu əhatə üçün beyin sistemi  digər bədən üzvləri kimi xaricdən yalnız təsir ala bilər.

İnsanın bədənindəki xüsusiyyətlərin bu fərqindən məlum olur ki, bədənin fiziki və kimyəvi xüsusiyyətlərdən əlavə başqa bir xüsusiyyəti də vardır. Bu xüsusiyyət insanı xariclə əlaqədə saxlayır. Bu xüsusiyyət ruhdan başqa heç bir şey deyildir. Elə bir ruh ki, maddi aləmdən kənardır.

3.Ruhun müstəqilliyinin praktiki sübutları

Xoşbəxtlikdən, bu gün alimlər ruhun müstəqil və maddi aləmindən kənar olduğunu müxtəlif elmi yollarla sübut etmiş və ruhun maddi aləmindən kənar olmadığını iddia edənlərə qəti cavab vermişlər. Bu sübutları aşağıdakı tərtibdə qeyd edirik.

A)Bu sübutlardan biri insanı gipnoz vasitəsilə yatırtmaqdır. Bunu bir çoxları görmüşdür. Ancaq bu işdən xəbərdar olmayanları bu barədə qısaca məlumatla tanış edirik.

Bəzi insanlar müxtəlif elmi yollarla başqalarını yatırda bilirlər. Təlqin və diqqətin cəlb edilməsi yolu ilə insan yuxuya qərq edilir. Lakin bu yuxu başqa yuxulardan fərqlənir. Bu yuxuda yatırdan şəxs yatan şəxslə söhbət edə bilir. Gipnoz edən yatmış şəxsin ruhunu həmin vaxt müxtəlif yerlərə göndərə bilir və bəzən ruh yeni məsələlərlə tanışlıq tapır, adi vaxtlar bilmədiyini yatmış halda öyrənə bilir. Hətta həmin halda bilmədiyi və ömründə danışmadığı bir dildə söhbət edir, həddən artıq çətin olan riyazi məsələləri həll etməyə çalışır.



Geri   İrəli
Go to TOP