A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 86
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


B)Cəmiyyətin təkamülə irəliləməsi, bəşəriyyətin gələcəyinin parlaq olmasına daha bir sübutdur. Biz bəşərin özünü tanıdıqdan sonra bir an belə olduğu mərhələdə qalmadığını və daim irəliləməyə cəhd göstərdiyini inkar edə bilmərik.

Madiyyat nöqteyi-nəzərindən, (ev, geyim, yemək, nəqliyyat) insan daim irəliləmək istəyindədir. Əvvəl sadə bir evdə yaşayırdı, bir müddət keçdikdən sonra gözəl bir evdə yaşayır. Yenə də irəliləməyə can atır. Bu hərəkət beləcə də davam edir. Elm və mədəniyyət cəhətdən də təkamülə doğru irəliləyirik. Yeni kəşflər, icadlar buna açıq-aşkar sübutdur. Nəhayət, təkamül mənəvi və əxlaqi cəhətlərdə də öz işini görür. Bəşəriyyəti ədalətli bir qanuna, sülhə, əxlaqi və mənəvi dəyərlərə dəvət edir. Əgər əxlaqi fəsadların çoxaldığını müşahidə ediriksə, bunun özü də təkamülə tərəf irəliləyişə səbəb olur. (Əxlaqi fəsadların çoxaldığını gördükdə məcbur olub bəzi işlərin qarşısını alırıq.) Bu, əxlaqi pozğunluqları çoxaltmaq lazım olduğu anlamına gəlməz. Bu o deməkdir ki, əxlaqi pozğunluqlar çoxalarsa, insan onun qarşısını almağa məcbur olur. İnsanlar bu pozğunluqlar nəticəsində çıxılmaz vəziyyətə düşdükdə məcbur olub öz işlərindən əl çəkməli olacaqlar. Bunun özü də bir növ təkamüldür.

Quran və Mehdinin(ə.c.) zühuru

Quranda Mehdinin(ə.c.) zühuruna aid bir çox ayələr var. Biz bu ayələrin yalnız birini qeyd etməklə kifayətlənirik: «Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini vəd buyurmuşdur.» (Nur,55) Bu ayə yer üzünün aqibətinin möminlərin əlində olacağını və onların dünyaya hakim olub onu idarə edəcəklərini bildirir. Həmin ayənin ardınca Allah daha üç vəd verir: «Möminlər üçün onların Allahın özü bəyəndiyi dinini (İslamı)  möhkəmləndirəcəyini (hər tərəfə yayacağını), onların qorxusunu sonra əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini və yer üzündən küfr və nifaqın aradan qalxacağını vəd etmişdir.»

İmam Zeynül Abidin(ə) bu ayənin təfsirində buyurur: «Allaha and olsun ki, ayədə vəd olunan şəxslər bizim şiələrdir. Allah bu vədi bizim nəsildən olan bir kişinin vasitəsilə həyata keçirəcək. O kişi bu ümmətin Mehdisidir.»1

Mehdi(ə.c.) hədis mənbələrində

Peyğəmbərin ailəsindən Mehdi(ə.c) adlı bir şəxsin dünyaya sülh və ədalət əsasında hakimlik edəcəyi barədə şiə və sünni mənbələrində o qədər hədis var ki, bu işə heç kimin şübhəsi qalmamışdır. Şiə mənbələrində bu şəxsin on ikinci imam olduğu, imam Hüseynin(ə) nəsl şəcərisindən doqquzuncu övladı və imam Həsən Əskərinin(ə) oğlu olduğu haqda da çoxlu hədislər vardır.

Mehdinin(ə.c.) zühuru barədə sünni mənbələrindən bunu demək yetər ki, bütün sünni alimləri öz kitablarında onu açıq-aşkar qeyd etmişlər. Hətta son zamanlarda Hicazın böyük elmi mərkəzlərinin birində çap olunmuş «İslam aləminin əlaqəsi» kitabında yazılmışdır ki: «O, (Mehdi) Peyğəmbərin hədislərdə xəbər verdiyi Raşidi xəlifələrinin on ikincisidir. Mehdiyə aid olan hədisləri səhabələrin bir çoxu Peyğəmbərdən rəvayət etmişlər.» Bu səhabələrdən iyirmisinin adını çəkdikdən sonra belə yazır: «Onlardan başqaları da bu hədisləri rəvayət etmişlər. Bəzi sünni alimləri Mehdi(ə.c.) haqqında ayrıca kitablar yazmışlar. O cümlədən, Əbu Nəim İsfahani, İbn Həcər Heysəmi, Şövkani, İdris Mərakeşi, Əbül Abbas ibn Əbdül Mömin.» Daha sonra yazır: «Keçmiş böyük alimlərin bir qismi və hal-hazırda sünni alimlərin bir qismi Məhdi(ə.c.) haqqındakı hədislərin həddən artıq çox olduğunu bildirmişlər.» Bu alimlərdən bəzilərinin adını çəkdikdən sonra sözünü beləcə başa çatdırır: «Hədis söyləyənlərdən bəziləri Məhdi(ə.c.) haqqındakı hədislərin həm düzgün, həm də bəyənilmiş hədislər olduğunu bildirmişlər. Mehdinin qiyam və zühuruna inanmaq vacibdir. Bu əqidə sünni və şiələrin qəti əqidələrindən biridir. Mehdinin zühurunu cahil və bidətçi şəxslərdən başqa heç kim inkar etmir.»

Şiələrin Mehdi(ə.c.) barədəki hədisləri haqqında

Bilmək kifayət edər ki, bu barədə peyğəmbər(s) və imamlardan yüzlərlə hədis müxtəlif rəvayət söyləyənlər tərəfindən söylənilmişdir. Bu məsələ şiələrin əqidə məsələlərindən birinə çevrilmişdir. Şiələrin arasında olub onların Mehdiyə olan etiqadından, onun xüsusiyyətləri və zühurunun əlamətlərindən xəbəri olmayan şəxs yoxdur. Şiə alimləri lap qədim zamanlardan bu barədə kitablar yazmış və Mehdi(ə.c.) haqqındakı hədisləri yığıb toplamışlar. Nümunə üçün bu hədislərin bir neçəsini sizin nəzərinizə çatdırırıq. İslamın əziz peyğəmbəri Həzrət Mühəmməd(s) buyurmuşdur: «Əgər dünyanın sonuna bir gün də qalmış olsa, Allah o günü  mənim Əhli-beytimdən olan bir kişinin gəlib dünyanı zülm və fəsadla dolduğu kimi  ədalətlə dolduracağı günə qədər uzadar.1» İmam Sadiq(ə)-dan olan başqa bir hədisdə oxuyuruq: «Mehdi(ə.c.)qiyam etdikdə hökuməti ədalət əsasında quracaqdır. Onun dövründə zülm, zorakılıq itib aradan gedəcək, yollarda onun sayəsində əmin-amanlıq olacaq, yer öz bərəkətlərini aşkar edəcək, bütün haqlar öz sahiblərinə qaytarılacaq. O, camaat arasında Davud peyğəmbər və Məhəmməd peyğəmbər kimi hakimlik edəcək. Yerdə olan bütün xəzinələr, bərəkətlər üzə çıxacaq. Heç kim sədəqə vermək üçün kasıb tapmayacaq. Çünki bütün möminlər ehtiyacsız olacaqlar.1»

Bir daha xatırladaq ki, Mehdi(ə)-nin qeyb olduğunu dövrdə müsəlmanların rəhbərliyini ümumi naibləri, yəni, din alimləri öhdələrinə götürürlər.

Fikirləşin və cavab verin:

1.Dünyanın gələcəyi haqqında materialistlərlə Allaha ibadət edənlərin nəzəriyyələri arasında nə fərq var?

2.Fitrət vasitəsilə Mehdi(ə.c.)-nin zühuruna inanmaq olarmı? Necə?

3.Mehdi(ə.c.)-nın zühuruna dair əqli dəlil varmı? O hansı dəlildir?

4.Quran bu barədə nə deyir?

5.Mehdi(ə.c.)-nin zühuru hədis mənbələrində hansı mövqeyi tutur?

V FƏSİL: MƏAD TANIMA HAQQINDA ON DƏRS

I DƏRS

Mühüm bir sual: Ölüm sondur, yoxsa başlanğıc?

Nə üçün insanların çoxu ölümdən qorxur?

Ölüm insanların gözünə həmişə vəhşətli bir şey kimi görünür. Ölüm haqqında düşünmək həyatın şirin şərbətinin dadını aparır. İnsanlar təkcə ölümün adından qorxmur, hətta qəbirstanlıq sözündən də çəkinirlər, qəbirləri zinətləndirməklə onun əsl mahiyyətini yox etmək istəyirlər. Ölümdən bu cür qorxu dünyanın müxtəlif ədəbiyyatlarında da gözə çarpır və ölüm «ölüm nəhəngi», «ölüm caynaqları», «əcəl zəngi» və bu kimi ifadələrlə adlanır. Bir ölünün adını çəkmək istədikdə «bizdən iraq», «ömrün uzun olsun», «Allah göstərməsin» və bu kimi ifadələrlə dinləyən şəxsin fikrini ölümdən yayındırmaq istəyirlər.

Gəlin müəyyən edək, görək, insanlar ölümdən nə üçün (hətta ölümün adından) qorxurlar? Nəyə görə ölümdən qorxan insanlardan fərqli olaraq başqa bir qism ölümü qarşılayır, ölüm adı gəldikdə qoxmur, əksinə xoşhal olurlar?

Tarixdə oxuyuruq ki, bəzi insanlar «dirilik suyu», «cavanlıq suyu» kimi ömrü uzadan şeylərin ardınca getmiş, bəziləri isə şərəfli cihad meydanlarına qədəm basmış və ölümlə üz-üzə gəlmişlər. Bəzən insanlar ömrləri uzun olduğundan, Allah hüzuruna gedən günlərini (ölümü) arzulayırlar. İndiki zamanda da haqq ilə batilin vuruş meydanlarında bu cür insanlar çoxdur. (Din, vətən, namus uğrundaayağa qalxıb şəhadətə nail olan insanlar indi də az deyil. Azərbaycanın ayrılmaz hissəsi olan doğma Qarabağda şəhid olan igidlərimiz buna bir nümunədirlər (mütərcimdən).

Bu qorxunun səbəbi

Araşdırma və tədqiqatlardan belə məlum olur ki, bu qorxunun əsas səbəbi

iki şeydir.

1.Ölümü fəna və puçluq mənasında təfsir etmək

İnsan həmişə yoxluqlardan uzaq olmağa çalışır. Xəstəlikdən uzaq olmaq istəyir, çünki xəstəlik sağlamlığın olmamasıdır. Qaranlıqdan, zülmətdən uzaq gəzir, çünki o, nur və işığın yoxluğudur. Hətta boş bir evdən, boş səhradan qaçmağa çalışır, çünki orada heç bir insan yoxdur. Təəccüblü budur ki, insan gecəni ölü ilə bir otaqda qalmağa da hazır deyil. Halbuki, həmin ölünün sağlığında ondan qorxmur və gecələri onunla bir yerdə keçirirdi.

İndi görək, insanın yoxluqdan kənar gəzməsinin səbəbi nədir? Cavab məlumdur. Çünki varlıq varlıqla tanışdır. Varlıq yoxluqla heç zaman tanış olmamışdır. Deməli, insanların yoxluqdan qaçması təbii bir işdir. Əgər ölümü hər şeyin sonu hesab etsək, ölümdən qorxmağa haqqımız var. Hətta onun adından qorxmağa da haqqımız olar. Çünki ölüm hər şeyi bizim əlimizdən alır və bizi puçluğa aparır. Yox, əgər ölümü yeni bir həyatın başlancığı bilsək, onda nəinki ölümdən qorxmamalıyıq, əksinə, şərəfli ölümə doğru addım atanları alqışlamalıyıq.

2.Nameyi-əməlın[3] çirkinliyi

Bəzi insanlar ölümü fəna hesab etməmələrinə baxmayaraq, yenə də ölümdən qorxurlar. Səbəbi də budur ki, onların əməl dəftərləri çirklənib qaralmışdır. Onlar günahlarının nəticəsində düçar olacaqları acınacaqlı əzablardan qorxurlar. Onlar ölümdən qorxmaqda haqlıdırlar. Bu cür şəxslər zindandan kənara çıxarılan təhlükəli canilərə bənzəyirlər. Bu canilər bilirlər ki, nə vaxt onları zindandan qırağa çıxartsalar, dar ağacına aparacaqlar. Belə vəziyyətdə onlar zindanın dəmir qapılarından yapışıb qırağa çıxmaq istəmirlər. Onlar azadlıqdan yox, aqibəti edamla nəticələnəcək azadlıqdan qorxurlar. Ölümü fəna bilməyən, lakin ondan qorxanlar da bu cürdürlər. Onlar ruhlarının dar qəfəsdən azad olmasından qorxmurlar, sonradan başları çəkəcək əzabladan qorxurlar. Ancaq onu fəna bilməyən və çirkin əməl dəftərinə malik olmayan şəxslərin ölümdən qorxmağının nə mənası var? (Şübhəsiz ki, bu cür şəxslər ölümdən qorxmurlar.) Bu cür insanlar dünya həyatından bəhrələnir və yeni həyatları üçün hazırlıq görürlər. Bu dünyadakı həyatlarından gələcək həyatları üçün çoxlu ehtiyat götürmək məqsədi ilə Allahın razı olduğu yolda ölümün qarşısına çıxır və onu qarşılayırlar.

İki müxtəlif nəzəriyyə

Bir az bundan əvvəl qeyd etdik ki, ölümdən qorxanlar insanlar arasında çoxluq təşkil edirlər. Lakin başqa bir qism də var ki, onlar müqəddəs hədəf uğrunda ölməkdən qorxmur, hətta bu cür ölümü özləri qarşılayırlar. Yaxud ölümləri sadə və adi ölüm olarsa, ömürlərinin sonunda heç bir narahatçılıq hissi keçirmirlər. Bunun (bəzilərinin ölümdən qorxmasının, bəzilərinin isə qorxmamasının) səbəbi arada iki müxtəlif nəzəriyənin olmasıdır.

1)Birinci qismdə olan insanlar (ölümdən qorxanlar) ölümdən sonrakı aləmə inanmırlar, inansalar da, qəlblərində bəzi şübhələr qalmışdır. Buna görə də, ölüm anını əlin hər şeydən üzüldüyü an bilirlər. Əlin hər şeydən üzülməsi yəqin ki, çıxılmaz bir vəziyyətdir. İşıqlı dünyadan qaranlıq dünyaya qədəm qoymaq, əlbəttə ki, çətindir. Həmçinin, bir cani üçün zindandan çıxıb məhkəməyə getmək, yəqin ki, çox çətindir.

2)Lakin ikinci qism insanlar (ölümdən qorxmayanlar) ölümü yeni bir təvəllüd sayırlar. Onların fikrincə, ölüm darısqal, məhdud və zülmət bir yerdən geniş, həddi-hududu olmayan və işıqlı olan bir dünyaya köç deməkdir. Ölüm sanki, ruhun kiçik bir qəfəsdən azad olub geniş göylərdə pərvaz etməsi, zülm, ədalətsizlik, haqsızlıq içindən çıxıb, bunlardan pak olan bir mühitə daxil olması deməkdir. Təbiidir ki, bu cür şəxslər artıq ölümdən qorxmayacaqlar. Bu məktəbin lideri olan Həzrət Əli(ə)-ın dili ilə desək: «Əbu Talibin oğlunun (Əlinin) ölümə münasibəti südəmər uşağın anasının döşünə olan münasibətindən də artıqdır.»

İslam tarixində bəzi insanların ölümə olan münasibətini gördükdə insan heyrətə gəlir. İmam Hüseyn(ə) və Kərbəlanın digər şəhidlərinin üzlərində şəhadət zamanı yaxınlaşdıqda sevinc, təbəssüm nişanələrinin görünməsi heç də təsadüfi deyil. Məhbubun görüşünə gedəcəklərindən, onların sevinclərinin həddi-hududu yox idi.

Yenə də təsadüfi deyil ki, dünyanın ən böyük cinayətkarı, insaniyyət aynasını ləkələyən Əbdürrəhman ibn Mülcəm Həzrət Əlinin başına qılınc endirərkən o Həzrət fəryad edərək deyir: «And olsun Kəbənin Rəbbinə ki, mən səadətə qovuşdum.» Bu insanın özünü təhlükəyə salmalı olduğu və böyük nemət olan həyatda yüksək nailiyyətlər əldə etmək üçün çalışmalı olmadığı mənasına gəlməz. Bu sözün mənası budur ki, insan həyatından düzgün istifadə etməlidir. Ömür sona yaxınlaşdıqda -xüsusən, ali məqsədlər uğrunda- qorxuya düşməməlidir. Xüsusən, yüksək hədəflər yolunda.

Fikirləşin və cavab verin

1.Nə üçün insanlar ölümdən qorxurlar? Bunun səbəbi nədir?

2.Nəyə görə bəzi insanlar ölüm qarşısında xoşhal olur və Allah yolunda şəhid olmağa can atırlar?

3.Ölüm anını nəyə bənzətmək olar? Ölüm zamanı imanlı və imansız şəxslər hansı hissləri keçirirlər?

4.Ölümdən qorxmayan şəxslər görmüsünüzmü? Onlardan hansı xatirə  yadınızdadır?

5.Ölüm qarşısında Əli(ə)-ın məntiqi nə olmuşdur?

II DƏRS

Həyata məna verən məaddır

Əgər bu dünya həyatını başqa bir dünya olmadan təsəvvür etsək, bu həyat puç və mənasız olar. Bu, ana bətnindəki dövranı bu dünyasız təsəvvür etməyə bənzəyər. Əgər aylarla ana bətnində əsir olan körpənin düşüncəsi olsa, orada keçirdiyi günlər barədə fikirləşib təəccüb edər və özündən bu sualları soruşar: Mən bu qaranlıq zindanda nə üçün əsirəm?

Nəyə görə qan və su arasında əl-qol atmalıyam? Mənim sonum necə olacaq? Mən haradan və nəyə görə gəlmişəm? Ancaq ona desələr ki, bu sənin keçirdiyin başlanğıc və hazırlıq dövrüdür, sənin bədən üzvlərinin burada möhkəmlənəcək, böyük bir dünyaya qədəm qoymağa hazırlaşacaqsan, doqquz aydan sonra sənin bu zindandan azad olma qərarın çıxacaq, artıq geniş bir dünyaya daxil olacaqsan, orada parlaq günəş, ay, yaşıl ağaclar, axar sular, və s. görəcəksən, onda körpə rahat bir nəfəs alıb «indi bildim ki, mən nəyə görə buradayam» deyəcək. Bu, bir müqəddimə dövrüdür. Ali məktəbə qəbul olmaq üçün oxunan sinifdir. Əgər ana bətnindəki dövrün bu dünya ilə əlaqəsi kəsilsə, hər şey puç olar. Ana bətni yalnız bir zindan olar. Bu dünya ilə axirət aləminin əlaqəsi də bu cürdür.

70 il, bir az çox ya az bu dünyada çətinliklərlə mübarizə aparmağın nə mənası var? Bir müddət təcrübəsiz və naşı oluruq. Yenicə təcrübə toplamış oluruq ki, ömr sona yetir. İllərlə elm ardınca gedir, təhsil ocaqlarında can qoyuruq. Bir az məlumat topladıqdan sonra saçımıza dən düşür.

Ümumiyyətlə, nəyə görə yaşayırıq? Yemək, paltar geymək, yatmaq və bu proqramı illərlə təkrar etməkdən ötrümü yaşayırıq? Bu geniş asiman, geniş yer, bu qədər hazırlıq, təhsil almaq, təcrübə toplamaq- hamısı yeyib, geyib, yatmaq üçündürmü? Bu suallarla üzləşdikdə məadı inkar edənlər üçün həyatın puçluğu aşkar olur. Onlar nə ölümdən sonrakı həyata inanırlar, nə də bu kiçik işləri yaşamağın mənasını bilirlər. Məhz bu səbəbdən, onlardan bəziləri puç və mənasız həyatdan yaxa qurtarmaq üçün intihara əl atırlar. Ancaq bu dünyanı başqa bir dünya üçün hazırlıq kimi qəbul etsək, buranı əkin yeri, axirəti isə məhsul götürülən yer kimi tanısaq, onda bu dünya heç də puç və mənasız olmayacaq. Bu dünya özümüzə təcrübə toplamalı və əbədi bir dünyada yaşamağa hazırlaşmalı olduğumuz bir məktəbdir. Həyata məna verən, insana nigarançılıqlardan nicat verən məaddır.

Məada inam tərbiyənin əsas amilidir

Məada, axirət gününün böyük məhkəməsinə etiqad bəsləməyin insanların həyatında böyük təsiri var.

Təsəvvür edin, bir ölkədə elan olunub ki, filan tarixdə, filan gündə kim hansı cinayəti istəsə, törədə bilər. O gün törədilən cinayətlərə görə heç kim yaxalanmayacaq. İndi fikirləşin, görün, o gün cəmiyyət də nələr baş verəcək? (Cürətlə demək olar ki, o gün ölkədə tərbiyə son həddə enəcəklər.)

Qiyamətə, məada inanmaq axirətin məhkəməsinə inanmaq deməkdir. Axirət aləminin məhkəməsi bu dünyanın məhkəmələrindən tamamilə fərqlənir. Qiyamət məhkəməsi aşağıdakı xüsusiyyətlərə malikdir:

1)O məhkəmədə nə bir xahiş qəbul edilir, nə dostluq keçir, nə də yalançı sənədlərlə hakimlərin fikrini dəyişmək olur.

2)O məhkəmənin bu məhkəmələr kimi hazırlığa ehtiyacı yoxdur. Buna görə də, çox uzun çəkməz. Tez bir zamanda sənədlər araşdırılaraq hökm veriləcək.

3)O məhkəmədə müttəhim haqqında sənədlər müttəhimin öz əməlləri olacaq. Yəni, insanın bu dünyada gördüyü əməllər orada hazır olaraq öz sahiblərini tapacaqlar. Daha heç bir inkar yeri qalmayacaq.

4)O məhkəmədəki şahidlər müttəhimin öz bədən üzvləri olacaqdır. Hətta yer, daş, divar, qapı, pəncərə də görülən günahlar haqqında şəhadət verəcəkdir. Bu şəhadətlərdən sonra inkar yeri qalmayacaq.

5)O məhkəmənin hakimi Allahdır- hər şeyi görən, hər şeydən xəbədar olan Allah.

6)Bunlardan əlavə, o məhkəmənin mükafat və ya cəzaları müqavilə əsasında deyildir. İnsanları mükafatlandıran, yaxud cəzalandıran onların öz əməlləri olacaqdır.

Bu cür məhkəməyə inam insanı tərbiyələndirir,  onu yüksək və mənəvi məqamlara çatdırır. Əli(ə) bu məhkəmə barədə buyurur: «And olsun Allaha ki, gecələri yumşaq yataq əvəzinə tikanlar üzərində keçirmək, gündüzləri əl-qolu zəncirli küçə-bazarda gəzdirilmək Allah bəndələrinin birinə zülm etmiş, yaxud birinin haqqını qəsb etmiş halda Allah məhkəməsində hazır olmaqdan daha asandır.» (Nəhcül-bəlağə. 224-cü xütbə.) Bu məhkəməyə inam insanı məcbur edir ki, beytül-maldan haqqından əlavə istəyən qardaşının əlinə qızdırılmış dəmir parçası bassın, qardaşı «bu nə işdir görürsən?» dedikdə ona nəsihət edərək desin: «Sən kiçik bir oddan bu cür qorxduğun haldaqardaşını Cəhənnəm oduna dəvət edirsən?» Belə imanı olan şəxsi aldatmaq olarmı? Rüşvətlə onu dilə gətirib vicdanını ələ almaq mümkündürmü? Onu şirnikləndirmək və ya təhdid etməklə haqq yoldan döndərmək olarmı?

Quran qiyamət məhkəməsi barədə buyurur: «(Günahkarlar deyəcəklər: Vay halımıza!) Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır?» (Kəhv, 49).[4]

Məada, qiyamət gününün hesab-kitabına olan inamın sayəsində insan bütün işlərin qarşısında öz daxilində məsuliyyət hiss edir. Bu məsuliyyət insanı ədalətsizlik, zülm və təcavüzdən qoruyub saxlayır.

Fikirləşin və cavab verin

1.Əgər bu dünyanın ardınca başqa bir dünya olmasaydı, nə olardı?

2.Nəyə görə məadı inkar edənlərin bəziləri intihara əl atırlar?

3.Qiyamət gününün məhkəməsi ilə dünya məhkəmələri arasında nə fərq var?

4.Məada inam insanın əməllərinə nə kimi təsir edir?

5.Əli(ə) qardaşı Əqillə hansı hərəkəti etdi? Əqil ondan nə istəyirdi və Əli(ə) ona nə cavab verdi?

III DƏRS

İnsanların batini Qiyamət

məhkəməsindən bir nümunədir

Ölümdən sonrakı həyat və qiyamət gününün məhkəməsi bu məhdud dünyada yaşayan insan üçün yeni bir məsələdir. Allah qiyamət gününün kiçik bir nümunəsini elə bu dünyada, insanların içində yaratmışdır. Bu məhkəmə «vicdan məhkəməsi» adlanır. Bir daha xatırladırıq ki, bu məhkəmə qiyamət məhkəməsinin çox kiçik bir nümunəsidir.

Gəlin, bu barədə bir az ətraflı danışaq

İnsan gördüyü əməllər haqqında (istər pis əməl olsun, istər yaxşı) bir neçə məhkəmədə sorğu-suala çəkilir.

1)Birincisi, bu dünyada olan məhkəmələr. Bu məhkəmələrin bəzi çatışmaz nöqsanları olur. Belə məhkəmələr cinayətlərin qarşısını almaqda böyük rol oynayır. Lakin bu məhkəmələrdə bəzi çətinliklərə görə ədalətə tam riayət olunmur. Səbəbi də budur ki, ya hakimlər düzgün hökm vermirlər, məsələn, rüşvət vasitəsilə müttəhimin lehinə, iddiaçının əleyhinə hökm çıxarırlar, ya da cani və müttəhimlər bəzi yollarla hakimləri aldadırlar. Bu təqdirdə hakimin heç bir günahı olmur, lakin buna baxmayaraq, həqiqi ədalətə riayət olunmur. 2)İkinci məhkəmə birincidən bir pillə yüksəkdə durur. Bu məhkəmə «görülən əməllərin cəzası» məhkəməsidir.

 Bəzən insanın gördüyü əməllər o yerə çatır ki, onların cəzasını gec, ya tez insan özü çəkməli olur. Bu məhkəmə bütün insanlara aid olmasa da, çoxuna aiddir. Bəzi insanlar olub ki, camaata zülm, haqsızlıq və pisliklər etmiş, nəhayət qazdıqları quyuya özləri düşmüş və əməllərinin cəzasını çəkməli olmuşlar. Ölüb getdikdən sonra da camaat tərəfindən onlara yalnız lənət yağdırılmışdır. Bu məhkəmədən çox az insanlar yaxa qurtara bilmişlər. (Şübhəsiz ki, onlar da qiyamətdə əməllərinin cəzasını çəkəcəklər.) Bu məhkəmənin tək çatışmazlığı odur ki, bütün insanları yox, bəzi insanları cəzalandırır.

3)Üçüncü məhkəmə ikincidən də üstündür. O da «vicdan» məhkəməsidir. Qətiyyətlə demək olar ki, qiyamət məhkəməsinin kiçik bir nümunə bizim öz batinimizdədir.

İnsanın batinində bir qüvvə vardır. Filosoflar (İslam fəlsəfəsində) bu qüvvəni «əməli əql» (icraedici ağıl) adlandırmışlar. Quran bu qüvvəni «nəfsi ləvvamə» (yəni, insanı danlayan nəfs) adlandırmışdır, indi isə bu qüvvəyə «vicdan» deyirlər. İnsan bir iş görən kimi (pis, ya yaxşı), dərhal bu məhkəmə qurulur. Bu məhkəmədə heç bir səs-küy olmur, lakin həddən artıq diqqətli və ciddi keçirilir. Məhkəmənin nəticəsi isə psixoloji cəzalandırma, əzab-əziyyət, ya da psixoloji təşviq olur. Bəzən bu məhkəmə caniləri elə cəzalandırır ki, ruhən əziyyət çəkməli olurlar, nəticədə ölməyi qalmaqdan üstün tutub intihara əl atırlar. Onlar vəsiyyətnamələrində qeyd edirlər ki, mən narahatçılıq və vicdan əzabından yaxa qurtarmaq üçün özümə qəsd edirəm.

Bəzən də vicdan insanı yaxşı əməllərinə görə elə təşviq edir ki, insanın sevincinin həddi-hüdudu olmur. Bu təqdirdə insan içində rahat, xoş bir hiss keçirir ki, o hissi dil ilə ifadə etmək mümkün deyil.

Vicdan məhkəməsinin bir neçə xüsusiyyəti vardır

1)Bu məhkəmənin hakimi, şahidi, tamaşaçısı-hamısı birdir. Vicdan həm hökm verib qərar çıxarır, həm şəhadət verir, həm də nəzarət edir, nəhayət, hökmünü icra edir.

2)Adi məhkəmələrdən fərqli olraq, bu məhkəmə tez bir zamanda qurulur və öz hökmünü verir. Adi məhkəmələr bir caninin işinə baxmaq üçün, ola bilər ki, bir neçə il vaxt sərf etsin. Lakin bu məhkəmədə vaxta ehtiyac yoxdur. Ola bilsin, həqiqətin üstü açılanədək bu məhkəmə bir az təxirə salınsın. Lakin həqiqətin üstü açıldıqdan sonra o,  dərhal öz hökmünü verir.

3)Bu məhkəmə təkcə bir mərhələdən təşkil olunmuşdur. Burada istintaqa, ali məhkəməyə və sairəyə  ehtiyac yoxdur.

4)Bu məhkəmənin işi adi məhkəmələr kimi təkcə cəzalandırmaq deyil. Yəni, bu məhkəmədə pislər cəzalarını alır, yaxşılar da mükafatlandırılırlar.

5)Bu məhkəmənin cəzası adi məhkəmə cəzaları kimi deyil. Burada nə zindana, nə də edama məhkum olunma yoxdur. Lakin onun cəzası bəzən elə şiddətli olur ki,  geniş dünya insana dar olur. Bir sözlə, bu məhkəmə dünya məhkəmələri kimi deyil. Vicdan məhkəməsi qiyamət məhkəməsinin bir nümunəsidir. Bu məhkəmənin əzəməti o qədər böyükdür ki, Allah onu qiyamət məhkəməsi ilə birgə qeyd edib, ona and içərək deyir: «And içirəm qiyamət gününə! And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməlin azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz.) Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik? Bəli, biz onun barmaqlarını da (dünyada olduğu kimi) düzəltməyə qadirik!» (Qiyamət-1-4-cü ayələr.)

Əlbəttə bu vicdan məhkəməsi dünyəvi məhkəmə olduğu üçün, qiyamət məhkəməsinə olan ehtiyacı ödəmir. Bunun bir neçə səbəbi var:

1)Vicdan məhkəməsi hər şeyi əhatə edə bilmir. O, yalnız fikir və düşüncə ilə münasib olan şeyləri əhatə edir.

2)Bəzən  mahir, hiyləgər bir cinayətkar öz vicdanını aldada bilər.

3)Bəzi günahlarda vicdan o qədər təsirsiz olur ki, ona heç bir məhəl qoymurlar.

Belə bir vəziyyətdə dördüncü məhkəməyə, qiyamət məhkəməsinə olan ehtiyac aşkar olur.

Fikirləşin və cavab verin

1.İnsan (həqiqətdə) neçə məhkəmə ilə qarşılaşır?

2.Birinci məhkəmə hansıdır və bu məhkəmə hansı xüsusiyyətlərə malikdir?

3.İkinci məhkəmənin xüsusiyyətləri nədir?

4.Üçüncü məhkəmə hansı xüsusiyyətlərə malikdir?

5.Vicdan məhkəməsinin üstünlük və nöqsanlarını sayın.

IV DƏRS

Məad fitrət təcəllisində

Deyirlər, Allahı tanıma insanın fitrətindədir. Əgər insanın batininə nəzər yetirsək, onda təbiətin fövqündə olan bir varlığa (Allaha) iman əqidəsini görə bilərik. Bu əqidə dünyanın elm, hədəf və proqramı əsasında əmələ gəlmişdir. Lakin bu məsələ, təkcə tövhid və Allahı tanıma bəhsinə aid deyil. Dinin bütün üsul və füruatı fitrət əsasında olmalıdır. Əks təqdirdə, təşri aləmi ilə təkvin aləmi arasında uyğunluq olmaz (Diqqət edin). Əgər qəlb və ruhumuzun dərinliklərindən gələn səsə qulaq assaq, «həyat ölümlə sona yetmir, əksinə, ölüm əbədi dünya və həyata açılmış bir pəncərədir» ifadəsini eşidərik. Bunu anlamaq üçün aşağıdakı məsələlərə diqqət etməliyik.

1.İnsanın bəqaya olan eşqi

Əgər insan fani və heç olub getmək üçün yaranmışdırsa, onda gərək, fənanın aşiqi olsun, ömrünün sonunda onu yaxalayan ölümdən ləzzət alsın. Lakin görürük ki, (heç olmaq mənasına olan) ölümdən insanın nəinki xoşu gəlmir, hətta bacardığı qədər ondan qaçır. Onun dirilik suyu və ömrü uzadan digər şeylərin ardınca getməsi buna bir sübutdur. İnsanın bəqaya olan eşqindən məlum olur ki, biz bəqa üçün yaranmışıq. Əgər fəna üçün yaradılsaydıq, onda bəqaya olan bu eşq mənasız olardı.[5] İnsanda olan eşqlər onun vücudunu tamamlayır. Bəqaya olan eşq də vücudu tamamlayan eşqlərdən biridir.



Geri   İrəli
Go to TOP