A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 86
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


3-Nəyə görə Qədir-Xum hədisindəki «mövla» sözü dost mənasında yox, rəhbər və imam mənasındadır?

4-Peyğəmbər bu hədisi dedikdən sonra Əli(ə) barədə nə dua etdi?

5-Qədir və Cüfrə haradadır?

VII DƏRS

«Mənzilət» və «Yəumud-dar» hədisləri

Mənzilət hədisi

Böyük şiə və sünni təfsirçilərinin bir çoxu «Mənzilət» hədisini «Əraf» surəsinin 142-ci ayəsində söhbət olunan «Musanın 40 günlük Allah hüzuruna getməsi və qardaşı Harunun onun yerində canişin olması» hadisəsinin əsnasında bəyan etmişlər.

«Mənzilət» hədisi belədir: «Peyğəmbər(s) Təbuk meydanına tərəf getmək istəyirdi. Peyğəmbərə xəbər çatmışdı ki, Roma imperiyası Hicaz, Məkkə və Mədinəni tutmaq üçün böyük bir qoşun hazırlayıb. Peyğəmbər(s) böyük bir qoşun hazırlayıb Təbuk məntəqəsinə tərəf hərəkət etdi. Hərəkət etməzdən qabaq Əli(ə)-ı öz yerində canişin təyin edib Mədinədə saxladı. Əli(ə) peyğəmbərə buyurdu:-Ya Rəsulallah! Məni burada uşaqlar və qadınların yanında saxlayırsan? (İcazə vermirsən mən də sizinlə bu cihadda iştirak edib bu böyük şərəfə nail olam?) Peyğəmbər buyurdu: «Sən razı deyilsənmi ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun? Təkcə bir fərqi var ki, məndən sonra peyğəmbər olmayacaq.»[1]

Bu hədis sünnilərin ən məşhur və tanınmış kitablarında yəni Müslim və Buxarinin səhihlərində gəlmişdir. Eləcə də, sünnilərin bir çox hədis kitablarında, o cümlədən İbn Macənin sünəni, Tirmizinin sünəni, Əhmədin müsnədi və s. kitablarda bu hədis söylənilmişdir. Hədisi söyləyən səhabələrin sayı isə iyirmi nəfərdən artıqdır. Cabir ibn Abdullah Ənsari, Əbu Səid Xidri, Abdullah ibn Məsud və Müaviyəni bunlara nümunə gətirmək olar.

«Bağdadın tarixi» kitabının müəllifi Əbu Bəkr Bağdadi öz kitabında Ömər ibn Xəttabdan belə rəvayət edir: «(Ömərin dilindən:)» Gördüm, bir kişi Əlini söyür. Ona dedim:

-Məncə, sən münafiqsən. Çünki mən peyğəmbərin Əliyə «sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir. Təkcə bir fərq var ki, məndən sonra peyğəmbər olmayacaq» dediyini eşitmişəm.

Diqqəti cəlb edən budur ki, mötəbər hədis mənbələrində Peyğəmbərin bu sözü (hədisi) təkcə Təbuk döyüşünə gedərkən demədiyi təsdiq olunur. O, bu hədisi yeddi müxtəlif yerdə buyurmuşdur:

1)Məkkədə təzəcə iman gətirmiş müsəlmanlarla qardaşlıq siğəsi oxuduğu zaman Əlini özünə qardaş etmiş və bu hədisi demişdir.

2)Mədinədə mühacir və ənsar arasında qardaşlıq əhd-peyman bağladığı zaman peyğəmbər Əlini(ə) özünə qardaş etmiş və bu hədisi söyləmişdir.

3)Peyğəmbər məscidinə açılmış qapıların bağlanması əmrini verdikdə Əli(ə)-ın qapısını istisna etmiş və bu hədisi buyurmuşdur.

4)Təbuk döyüşünə gedərkən bu hədisi söyləmişdir. Bu, daha üç yerdə də sünni kitablarında gəlmişdir.

Deməli, hədisin sənədi cəhətdən şübhə yeri qalmır və onun mənasının ümumiyyəti də öz yerindədir.

«Mənzilət» hədisinin əhatə dairəsi

Əgər bu hədisi heç bir məzhəbi nəzərə almadan, tərəfkeşlik etmədən araşdırsaq, məlum olacaq ki, Əli(ə) Bəni-İsrail içində Harunun Musaya olan nisbətinin, məqamının və xüsusiyyətlərinin hamısına malikdir. Çünki hədisdə heç bir qeyd, şərt yoxdur. Buna əsasən, bu hədisdən aşağıdakı nəticələri çıxarmaq olar:

1)Əli(ə) peyğəmbərdən sonra ümmətin ən fəzilətli şəxsiyyətidir. (Çünki Harun da bu xüsusiyyətə malik idi.)

2)Əli(ə) peyğəmbərin vəziri, xüsusi müavini və rəhbərlik işlərində şərikidir. Çünki bu xüsusiyyətlərin hamısı Harun üçün Quranda (Ta-Ha surəsinin 29-cu ayəsindən 32-ci ayəsinə qədər) qeyd olunmuşdur. Deməli, Əli(ə)-da bu xüsusiyyətlərə malikdir.

3)Əli peyğəmbərin canişini olmuşdur. O olan yerdə daha başqa bir şəxs xəlifə ola bilməz. Necə ki, Harun Musanın canişini olmuş və o sağ olan müddətdə başqa bir şəxs Musanın yerinə xəlifə olmamışdır.

«Yəumud-dar» hədisi

İslam tarixində deyilənə əsasən, peyğəmbər(s) bisətin üçüncü ilində o vaxtadək həyata keçirdiyi gizli dəvətləri aşkar etdi. Bu, «Şüəra» surəsinin 214-cü ayəsində bəyan olunmuşdur. «Və ən yaxın qohumlarını qorxut! (İlk növbədə ən yaxın qohumların olan Haşim və Müttəlib oğullarını yalnız Allaha ibadət etməyə çağır və əks təqdirdə müdhiş bir əzaba düçar olacaqlarını xatırlat.)»

Peyğəmbər ən yaxın qohumlarını əmisi Əbu Talibin evinə dəvət etdi. Nahar yedikdən sonra peyğəmbər qohumlarına xitab etdi: «Ey Mütəllibin oğulları! Mən ərəblər arasında bir nəfərin öz qövmü, tayfası üçün, mənim sizin üçün gətirdiyim şeydən yaxşı şey gətirdiyini görməmişəm. Mən sizin üçün dünya və axirət xeyrini gətirmişəm. Allah mənə sizi bu müqəddəs dinə dəvət etməmi əmr edib. Sizlərdən hansınız bu işdə mənə kömək edib mənim qardaşım və canişinim olarsınız?» Heç kəsdən səs çıxmadı. Elə bil, məclisdəkilərin hamısı ölmüşdü. Bu zaman hamıdan kiçik olan Əli(ə) ayağa qalxıb dedi: «Ey Allahın Rəsulu! Mən bu işdə sənə kömək edərəm.» Peyğəmbər(s) əlini Əlinin çiyninə qoyaraq buyurdu: «Bu, sizin aranızda mənim qardaş və canişinimdir. Ona qulaq asın və ona tabe olun.» Peyğəmbərin qohumları isə bununla razılaşmamaqla kifayətlənməyib, üstəlik ona qarşı çıxmağa başladılar. Yəumud-dar (evə dəvət günü) adı ilə məşhur olmuş bu hədis hər şeyi açıb söyləyir. Sənəd cəhətdən bir çox sünni alimləri, o cümlədən, İbn Əbi Cərir, İbn Əbi Hatəm, İbn Murdəviyə, Əbu Nəim, Bəyhəqi, Sələbi, Təbəri, İbn Əsir, Əbulfida və bir çoxları bu hədisi qeyd etmişlər.

Bu hədisi qəsdi-qərəzsiz nəzərdən keçirdiyiniz zaman, Əli(ə)-ın imamət və xilafəti bizim üçün aşkar olur. Çünki bu hədis hər şeyi açıq-aşkar bəyan etmişdir.

Fikirləşin və cavab verin

1-«Mənzilət» hədisi hansıdır? Peyğəmbər(s) bu hədisi neçə dəfə söyləmişdir?

2-«Mənzilət» hədisinin əhatə dairəsi hansı məqamları Əli(ə) üçün isbat edir?

3-Quran ayələrinə əsasən Harun Musaya nisbətdə hansı mövqeləri tuturdu?

4-«Mənzilət» hədisini hansı alimlər rəvayət etmişlər?

5-«Yəumud-dar» hədisini, onun əhatə dairəsini, sənədini və ondan alınan nəticəni izah edin.

VIII dərs

«Səqələyn» və «Nuhun gəmisi» hədisləri

«Səqələyn» hədisinin sənədi

Şiə və sünni alimlərinin məşhur hesab etdikləri hədislərdən biri də «Səqələyn» (iki böyük əmanət) hədisidir. Bu hədisi səhabələrin bir dəstəsi bilavasitə peyğəmbərin özündən rəvayət etmişdir. Bəzi alimlərin dediyinə görə, bu hədisi otuz nəfər ravi nəql etmişdir. Bir çox təfsirçi, tarixçi və hədis yazanlar bu hədisi öz kitablarında qeyd etmişlər. Buna görə də, bu hədisin məşhurluğuna heç kimin şübhəsi yoxdur. Böyük alim Seyyid Haşim Bəhrani «Qayətül-məram» kitabında bu hədisi otuz doqquz sünni və səksən şiə alimindən söyləmişdir. Başqa bir alim Mir Hamid Hüseyn Hindi isə bir az da çox təhqiqat aparmış və bu hədisi iki yüz  sünni alimindən rəvayət etmişdir. O, bu hədis barədə təhqiqatı altı cildli kitabda toplamışdır. Bu hədisi söyləmiş məşhur şəxsiyyət və səhabələrdən Əbu Səid Xidri, Əbuzər Qəffari, Zeyd ibn Ərqəm, Zeyd ibn Sabit, Əbu Rafi, Cübeyr ibn Mütim, Xüdeyfə, Zümrə Əsləmi, Cabir ibn Abdullah Ənsari və Ümmü Sələmə (Peyğəmbərin həyat yoldaşlarından biri) kimilərini nümunə göstərmək olar.

Əbuzər Qəffarinin dediyinə əsasən, hədis belədir: Əbuzər Kəbənin qapısından yapışıb üzünü camaata tutaraq xitab etdi: Mən Peyğəmbərin bu cür dediyini eşitdim: «Mən sizin aranızda iki böyük əmanət və yadigarımı qoyub gedirəm. Biri Quran, digəri isə Əhli-beytimdir. Bu iki şey Cənnətdə Kövsər bulağının başında mənə qovuşmayınca bir-birindən ayrılmayacaqlar.» (Görüm, mənim əmanətimlə necə rəftar edəcəksiniz?)

Bu hədis sünnilərin ən məşhur kitablarında da rəvayət olunmuşdur. Məsələn, Tirmizinin sünəni, Nisainin sünəni, Əhmədin müsnədi, Kənzul-ummal və s.

Bu hədisi qeyd etmiş kitabların əksəriyyətində «səqələyn», yəni, «iki dəyərli şey» sözündən istifadə olunub. Bəzi kitablar da var ki, «səqələyn» sözünü «xəlifətəyn», yəni, «iki xəlifə» sözü ilə əvəz edir. Əlbəttə, bu iki sözün arasında məna cəhətdən heç bir fərq yoxdur.

Təəccüblü budur ki, bu hədisi peyğəmbər bir neçə yerdə söyləmişdir. Cabir ibn Abdullah Ənsarinin dediyindən məlum olur ki, peyğəmbər bu hədisi Həcc ziyarətində olarkən Ərəfə günü5 söyləmişdir. Abdullah ibn Həntəbin dediyindən məlum olur ki, bu hədis Cühfə məntəqəsində deyilmişdir. Ümmü Sələmənin rəvayətindən məlum olur ki, peyğəmbər bu hədisi Qədir-Xumda bəyan etmişdir. Bəzi rəvayətlərdə peyğəmbərin bu hədisi Mədinədə minbərdə olarkən bəyan etdiyi söylənilir. Sünni məzhəbinin görkəmli alimlərindən olan İbn Həcər «Səvaiqul-muhriqəh» kitabında yazır ki, peyğəmbər bu hədisi deyib qurtardıqdan sonra Əli(ə)-ın əlini tutub göyə qaldıraraq buyurdu: «Bu Əli həmişə Quranla, Quran da həmişə onunladır. Kövsər bulağının başında (Cənnətdə) mənə qovuşmayınca bir-birindən ayrılmazlar1

Beləliklə də məlum olur ki, Peyğəmbər(s) bu məsələni bir əsas və əsl hesab edərək həmişə ona toxunurdu. Fürsət düşən kimi, bu məsələni ortaya atır və bununla da onu yaddan çıxarmağa qoymurdu.

«Səqələyn» hədisinin əhatə dairəsi

Burada bir neçə məsələ diqqəti cəlb edir:

1)Quran və Əhli-beytin iki xəlifə və yaxud iki bahalı şey adlandırılmasından məlum olur ki, müsəlmanlar heç vaxt bu iki şeydən əl çəkməməlidirlər. Xüsusən, bəzi rəvayətlərdə gəlmiş «bu iki şeydən əl çəkməsəniz, heç vaxt yolunuzdan azmazsınız» kimi ifadələr bu həqiqəti bir az da qabardır.

2)Quranın Əhli-beytlə və Əhli-beytin də Quranla birgə deyilməsi isbat edir ki, Quran səhvdən uzaq olub məsum olduğu kimi, Əhli-beyt də səhvsiz və məsumdur.

3)Bəzi rəvayətlərdə peyğəmbərin camaata «mən qiyamət günü bu iki şey haqqında sizdən sual edəcəyəm, görüm, onlarla necə rəftar etmisiniz» dediyi söylənilir.

4)Əhli-beyti necə təfsir ediriksə, edək, Əli(ə) onun ən aşkar bir nümunəsi olacaq. Bəzi rəvayətlərə görə o heç vaxt  Qurandan, Quran da ondan ayrılmadı.

Bundan əlavə, bir çox rəvayətlərdə gəlmişdir ki, peyğəmbər «Mübahilə»1 ayəsi nazil olduqda Əli, Fatimə, Həsən və Hüseyni yanına alıb «bunlar mənim Əhli-beytimdir» deyə buyurmuşdur.

5)Qiyamətin bir çox məsələlərinin bu dünyada bizlər üçün məlum olmasına baxmayaraq, bir çox hədislərdən məlumdur ki, Cənnətdə olan Kövsər bulağı doğru möminlərlə, Peyğəmbər və Əhli-beytə məxsusdur.

Dediklərimizdən məlum olur ki, müsəlmanların Peyğəmbərdən sonrakı rəhbəri Əli(ə), ondan sonra isə Əhli-Beytdən olan digər on bir imamdır.

«Nuhun gəmisi» hədisi

«Nuhun gəmisi» ləqəbi ilə məşhur olan hədis peyğəmbərin şiə və sünni kitablarında gəlmiş gözəl ifadələrindən biridir.

Əbuzər Qəffari deyir: «Peyğəmbər buyurdu: «Mənim sizin aranızda olan Əhli-beytim Nuh peyğəmbərin gəmisinə  bənzəyir. Hər kəs o gəmiyə minərsə, nicat tapar, kim də ona minməzsə, boğular.» (Yəni, kim Əhli-Beytimin yolunu getsə, səadətə, kim getməsə, azğınlığa yetişər.)

Nuhun gəmisi tufan baş verən zaman tək pənah yeri olduğu kimi, peyğəmbərdən sonra baş verən (mənəvi) tufanlardan pənah aparılan yer də yalnız onun Əhli-beytidir.

Fikirləşin və cavab verin

1.«Səqələyn» hədisinin əhatə dairəsi nədir?

Bu hədis Əhli-beyt üçün hansı üstünlükləri isbat edir? «Səqələyn» sözünün mənası nədir?

2.«Səqələyn» hədisini kimlər rəvayət etmişlər?

3. «Səqələyn» sözünün mənası nədir? Başqa hədislərdə bu sözün yerinə digər ifadədən istifadə olunubmu?

4.Peyğəmbər(s) bu hədisi haralarda söyləmişdir?

5.»Nuhun gəmisi» hədisinin sənəd və əhatə dairəsini bəyan edin.

IX dərs

On iki imam

On iki imam haqqında hədislər

Əmirəl-möminin Həzrət Əli(ə)-ın peyğəmbərin birinci canişin və xəlifəsi olduğunu isbat etdikdən sonra növbə digər on bir imamın imamətinə yetişdi.

Şiə və sünni kitablarında on iki imamın xilafətini sübut edən bir çox hədislər gəlmişdir. Bu hədislər sünnilərin Müslim, Buxari, Tirmizi, İbna Davudun səhihləri, Əhmədin müsnədi kimi məşhur kitablarında da yazılmışdır. «Müntəxəbul-asar» kitabında bu barədə 271 hədis qeyd olunmuşdur. Bu hədislərin bir çoxu sünnilərdən, qalanı isə şiələrdən rəvayət olunmuşdur. Misal üçün, sünnilərin ən məşhur kitabı olan Buxarinin səhihində deyilir: «Cabir ibn Sümrə deyir, Peyğəmbər buyurdu: «Məndən sonra 12 xəlifə olacaq (Sonra bir cümlə dedi, lakin mən onu eşitmədim.[2] Atam dedi ki, Peyğəmbər belə buyurdu:). Onların hamısı Qüreyşdən olacaq.» Müslimin səhihində isə bu hədis bu cür söylənilmişdir: «Cabir ibn Sümrə deyir: «Peyğəmbər buyurmuşdur: Yəni, «İslam on iki imam imamlıq edənədək əziz olacaqdır. (Sonra bir cümlə buyurdu, lakin mən onu başa düşmədim. Atamdan Peyğəmbərin nə dediyini soruşduqda cavab verdi:-Peyğəmbər buyurdu ki,) onların hamısı Qüreyşdəndir.»

Əhmədin müsnədində Abdullah ibn Məsuddan belə rəvayət olunur ki, Peyğəmbərdən ondan sonrakı xəlifələr barədə sual olunduqda «Onlar da (xəlifələr də) Bəni-İsrailin başçıları kimi on iki nəfər olacaqlar» buyurmuşdur.

Bu hədislərin əhatə dairəsi

Bəzilərində «İslamın izzəti»nin on iki xəlifənin olması və bəzilərində də din və şəriətin qiyamətədək bu xəlifələrin olması ilə qorunub saxlanılacağını, özü də bu xəlifələrin yalnız Qüreyş və Bəni Haşimdən olacağını qeyd edən hədislər İslam məzhəbləri arasında şiə məzhəbindən başqa heç bir məzhəblə uyğun gəlmir. Çünki şiələr bu hədisi həqiqətən də, onlara başçılıq etmiş və indi də başçılıq edən on iki imam mənasında təfsir etmişlər. Sünnilər isə bu hədislərin təfsirində müşküllə üzləşmişlər.

Hədislərdə gəlmiş on iki xəlifə dedikdə Raşidi, Bəni-Ümməyə xəlifələri, yoxsa Abbasi xəlifələri anlaşılmalıdır? Bu xəlifələrin heç birinin sayı on iki olmamışdır. On iki ədədi bu xəlifələrin heç biri ilə uyğun gəlmir. Bundan əlavə, Bəni-Ümməyə xəlifələri arasında Yezid, Bəni-Abbas xəlifələri arasında da Mənsur Dəvəniqi, Harun ər-Rəşid kimi zülm və sitəmdə məşhur xəlifələr heç vaxt peyğəmbərin canişini olmağa layiq ola bilməzlər. Onların zülmkar olduqlarına heç kimin şübhəsi yoxdur. Bu cür şəxslər İslama rəhbərlik edə bilməzlər. Xilafətin şərtlərini nə qədər asanlaşdırsaq da, yenə də onlar xəlifə ola bilməzlər. Bundan əlavə, nəzər saldıqda on iki ədədinin şiə xəlifələri və imamlardan başqa xəlifələrlə uyğun olmadığını görürük. Yaxşı olar ki, bu barədə sözü sünnilərin məşhur və görkəmli alimlərinin birinin dilindən eşidək. Süleyman ibn İbrahim Qunduzi Hənəfi «Yənabiul-məvəddət» kitabında deyir: «Təhqiqatçıların bəziləri deyirlər: Bir çox sənədlərlə Peyğəmbərdən rəvayət olunan və Peyğəmbərdən sonrakı xəlifələrin sayının on iki olduğunu bildirən hədislərin mənası zaman ötdükcə məlum olur. Zaman ötdükcə məlum olur ki, on iki xəlifə dedikdə Peyğəmbər onun Əhli-Beytindən olan on iki imamı nəzərdə tutmuşdur. Çünki bu rəqəm digər xəlifələrdən nə Raşidi xəlifələri ilə, nə Bəni- Üməyyə xəlifələri ilə, nə də Abbasi xəlifələri ilə uyğun gəlmir. Raşidi xəlifələri yalnız dörd nəfər olmuşlar. Bəni-Üməyyə xəlifələri on dörd olmuşlar. Bundan əlavə, onlar Bəni-Haşimdən olmamışlar. Peyğəmbər(s) isə onların hamısının Bəni-Haşimdən olduğunu qeyd etmişdir. Peyğəmbərin «onların hamısı Bəni- Haşimdəndir» cümləsini yavaş deməsi də bunu sübut edir. Çünki bəziləri Bəni Haşimin rəhbərlik etməsindən razı deyildi.

Bəni Abbas xəlifələri isə iyirmi beş nəfər olmuşlar. Bundan əlavə, onlar «Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm» (Şura, 23) ayəsinə, «Kisa»1 hədisinə əməl etməyib Peyğəmbərin qohumlarına (Əhli-beytə) əllərindən gələn zülmü etmişlər.

Deməli, bu hədis yalnız Əhli-Beytdən olan on iki imama uyğun gəlir. Onlar elm cəhətdən hamıdan bilikli, təqva cəhətdən hamıdan təqvalı, əsl-nəcabət cəhətdən hamıdan üstündürlər. Onlar peyğəmbərin elminin varisi olan şəxsiyyətlərdir. Peyğəmbərdən rəvayət edilən «Səqələyn» və digər hədislər bu nəzəriyyəni təsdiq edir.» (Yənabiul məvəddət. S, 446.)

Təəccüblüsü budur ki, bəzi sünni alimləri bu hədisi gülünc mənada şərh edirlər. Onlar deyirlər: «Ola bilsin, Peyğəmbər on iki xəlifə deyərkən İslamın ilk dörd xəlifəsini və gələcəkdə olacaq, hələ ortaya çıxmamış bəzi xəlifələri nəzərdə tutmuşdur.» Bu sözlə peyğəmbərin hədisindəki xəlifələr arasında əlaqə və bağlılıq aradan qalxır.

Biz isə deyirik: Nəyə görə bu hədisi Əhli-beytdən olan on iki imam mənasına təfsir etməməklə özümüzü çətinliklərlə üzləşdirək? Ola bilsin, sonda heç bir nəticəyə də gələ bilməyək.

İmamların adları ilə təyin olunması

Diqqəti cəlb edən budur ki, sünni kitablarında Peyğəmbərdən söylənilmiş bəzi hədislərdə on iki imamın adı və atasının adı açıq-aşkar çəkilmişdir.

Sünnilərin görkəmli alimlərindən olan Şeyx Süleyman Qunduzi «Yənabiul- məvəddət» kitabında yazır: «Nəsəl adlı yəhudi bir kişi peyğəmbərin hüzuruna gəlib ona bir neçə sual verdi. Sualların əsnasında Peyğəmbərin özündən sonrakı xəlifələr barədə sual etdikdə, Peyğəmbər ona belə cavab verdi: «İnnə vəsiyyi Əliyyubnu Əbi Talib və bədəhu sibyətil Həsəni vəl Husəyn təluhu tisətu əimmətin min sülbil Husəyn.»

«Qalə ya Muhəmməd fəsəmmihim li.»

«Qalə iza məzəl Husəyn fəbnuhu Muhəmməd, fəiza məza Muhəmmədun fəbnuhu Cəfər, fəiza məza Cəfərun fəbnuhu Musa, fəiza məza Musa fəbnuhu Əliyy, fəiza məza Əliyyun fəbnuhu Muhəmməd, fəiza məza Muhəmmədun fəbnuhu Əliyy, fəiza məza Əliyyun fəbnuhul Həsən, fəiza məzəl Həsənu fəbnuhul Huccətu Muhəmmədunil Məhdiyyi(s) fəhaulai isna əşər.» «Mənim canişinim Əli(ə), ondan sonra iki oğlum Həsən və Hüseyn və Hüseyndən sonra onun nəslindən olan digər doqquz övladım olacaqdır.»

Yəhudi kişi peyğəmbərdən onların adlarını çəkməsini istədi.

Peyğəmbər buyurdu: «Hüseyn dünyadan getdikdən sonra oğlu Əli (Zeynül Abidin), o dünyadan getdikdən sonra oğlu Məhəmməd (Baqir), o dünyadan getdikdən sonra oğlu Cəfər (Sadiq), o dünyadan getdikdən sonra oğlu Musa(Kazim), o dünyadan getdikdən sonra oğlu Əli(Rza), ondan sonra onun oğlu Mühəmməd(Təqi), ondan sonra onun oğlu Əli (Nəqi), ondan sonra onun oğlu Həsən(Əsgəri), ondan sonra onun oğlu Hüccət Məhəmməd əl-Mehdi canişin olacaqdır. Bunlar on iki imamdır.» (Yənabiul- məvəddət. S, 441)

Yenə də həmin kitabda on iki imamın adları, ləqəbləri verilmiş və Həzrət Mehdinin qeyb olmasından sonra zühur edib yer üzündə ədaləti bərpa edəcəyindən xəbər vermiş hədis qeyd olunmuşdur.

Bu barədə şiə kitablarında da çoxlu hədislər gəlmişdir. Onları burada qeyd etməyə ehtiyac duyulmur.

Ölərkən imamını tanınmayan şəxs...

Peyğəmbərin sünnilərin hədis kitablarında gəlmiş hədisində oxuyuruq: «Kim ölən zaman imamı olmadan dünyadan getsə, onun ölümü cahiliyyət dövrünün ölümü kimidir.» Bu hədis şiə kitablarında kiçik bir fərqlə qeyd olunmuşdur: «Kim ölən zaman öz imamını tanımasa, onun ölümü cahiliyyət dövrünün ölümü kimidir.»

Bu hədisdən belə nəticə çıxır ki, yer üzündə hər zaman məsum bir imam vardır. Bütün insanlar onu tanımalıdırlar. Onu tanımamaq insanı küfrlə İslam arasında təhlükəyə salır.

İmam deyərkən hökumət başında olan şəxslərmi nəzərdə tutulur? Şübhəsiz ki, bu suala mənfi cavab veriləcək. Çünki onlar məsum şəxslər deyillər. Onda, bu imam məsum bi şəxsdir və mütləq onu axtarıb tapmaq lazımdır (Ona əqidə bağlamaq lazımdır). Onun rəhbərliyini qəbul etmək bütün müsəlmanların vəzifəsidir.

İmamların hər birinin imamətini sübut etmək üçün yuxarıdakı hədisdən başqa bir yol da vardır. O da budur ki, bir imam özündən sonrakı imamı tanıtdırır.

Möcüzə yolu ilə də onların imaməti sübut olunur.

Fikirləşin və cavab verin

1-On iki imam barədə hədislər hansı kitablarda gəlmişdir?

2-Bu hədislərin əhatə dairəsi nədir?

3-Bu hədisləri hansı mənalarda təfsir etmişlər?

4-Sünni kitablarında yazılmış hədislərdə on iki imamın adı çəkilibmi?

5-On iki imamın imamətini isbat etmək üçün hansı yollar var?

X DƏRS

On ikinci imam və dünyanın böyük islahedicisi Həzrət Mehdi(ə.c)

Zülmət gecənin sonu

Dünyanın hal-hazırki vəziyyətini nəzərə aldıqda, cinayətləri, ölümləri, müharibələri, nahaq axıdılan qanları, beynəlxalq ixtilafları, əxlaqi fəsadları müşahidə etdikdə insan bu vəziyyətin nə vaxtadək davam edəcəyini düşünür. Bu cinayətlərin qarşısı alınmayacaqmı? Əxlaqi fəsadlar üfunətli bataqlıq kimi daima insanları özünəmi çəkəcək? Yoxsa, nicat və İslam üçün bir ümid yeri var? Bu mühüm sualın qarşısında iki cavab durur. Birinci cavabı materialistlər verib deyirlər: «Dünyanın gələcəyi zülmətə doğru gedir. Hər bir an gözlənilən təhlükələr yarana bilər».

Lakin səmavi şəriətlərə inanan şəxslər, xüsusən müsəlmanlar, xüsusən də şiələr bu suala başqa cür cavab verirlər. Onlar deyirlər ki, bu zülmət gecənin bir sonu var. Vaxt gələcək bu ölüm buludları başımızın üstündən çəkilib gedəcək, parlaq günəş bütün səmanı əhatə edəcək. Bu çətinliklər həmişə bizimlə olmayacaq.  Yaxında nicat sahili gözə görünür. Aləm böyük bir islahedici intizarındadır. O, gələrək yer üzünü ədalətlə dolduracaq.

Bütün məzhəblərə xidmət edən adamlar bu islahedicini bir adla tanıyırlar.

Fitrət və böyük islahedicinin zühuru

Bəzən ağıldan da üstün olan batini ilhamlar, təkcə Allahı tanıma bölməsində yox, əksinə, bütün əqidə məsələlərində bizə rəhbərlik edə bilər. Bu ilhamlar bu məsələdə də bizə rəhbərlik edir. Bunun nişanələri: Ən əvvəl, bütün insanlar ümumi ədalətin bərqərar edilməsini  istəyirlər. Çünki insanların hamısı ədalət aşiqidirlər. Hamı dünyada sülhün, ədalətin bərqərar olunmasını istəyir və bunun üçün əllərindən gələni edirlər.

Böyük bir islahedicinin zühurunun fitri olduğuna bundan yaxşı dəlil ola bilməz. Çünki bir şeyin, bir istəyin ümumiliyi, onun fitri olduğunu bildirir (Diqqətli olun). Hər fitri eşq bir məşuqun olduğunu bildirir. Necə ola bilər ki, Allah bu eşqi insanın vücudunda yaratsın, lakin bu eşqi təmin etmək üçün bir məşuq yaratmasın? Buna görə də deyirik ki, insanların ədalət tələb edən fitrəti nəhayət dünyanın ədalətlə dolacağını iddia edir. Zülm itib aradan gedərək. Bəşəriyyət vahid bir dövlət kimi bir bayraq altında birləşib yaşayacaq.

İkincisi, bütün din və məzhəblərin böyük bir islahedicinin zühuruna olan intizarıdır. Bütün dinlərdə bu məsələ xüsusi yer tutur. Böyük bir islahedicinin zühuruna inam təkcə müsəlmanlar arasında deyil. Əldə olan sübutlar göstərir ki, bu əqidə bütün məzhəb və dinlər arasında, şərq və qərbdə, bütün millətlər arasında nüfuz tapmış bir əqidədir. İslam dini kamil bir din olduğu üçün bu məsələdə daha çox təkid edir.

Zərdüştilərin tanınmış kitabı olan «Zənd»də deyilir: «Qələbə, zəfər saleh insanlarla olacaq. Pislərin kökü isə kəsiləcək. Aləm öz həqiqi səadətinə yetişəcək, Bəni- Adəm xoşbəxlik taxtına əyləşəcək.» «Camasibnamə» kitabı Zərdüştün1 dilindən deyir: «Ərəblərdən başı yekə, iri bədənli, iri topuqlu bir kişi çıxıb camaatı öz cəddinin dininə dəvət edəcək. O, əzəmətli bir qoşunla yer üzünü ədalətlə dolduracaq.» Hindlilərin «Veşn Cuk» kitabında yazılmışdır: «Nəhayət, dünya Allahı sevən və onun xas bəndələrindən olan bir nəfərə nəsib olacaq.» Hindlilərin «Bask» kitabında deyilir: «Dünya adil bir rəhbərin başçılığı ilə sona yetəcək. Bu adil rəhbər mələklər, insanlar və pərilərin rəhbəri olacaq. Haqq onunla olacaqdır. Dağ, yer və dənizdə gizli olan şeylərin hamısı onun ixtiyarında olacaq. O, yer və göydən xəbər verəcək. Ondan böyük bir şəxsiyyət dünyaya gəlməyəcək.» Davudun «Məzamir» kitabında deyilir: «Pis insanların kökü kəsiləcək. Allaha arxalananlar isə yer üzünün sahibi olacaqlar. Düz danışanlar yer kürəsinin sahibi olub həmişə ona rəhbərlik edəcəklər.» Buna bənzər bir cümlə Tövratın «Əşiyanın kitabı» bölməsində də vardır. Mattanın İncilinin 24-cü fəslində deyilir: «Günəşin məşriqdən çıxıb məğribə qədər parladığı kimi insanlar da parlayacaqlar.» Lukanın İncilinin 12-ci fəslində deyilir: «Kəmərlərinizi bağlı, çıraqlarınızı yanıq saxlayın. Öz ağalarının intizarını çəkənlər kimi olun. Ağaları nə vaxt gəlib qapını döysə, onlar dərhal qapını açmağa hazırdırlar».

«Əlaimuz-zühur» (Zühurun nişanələri) kitabında yazılmışdır: «Çinlilərin qədim kitablarında, hindlilərin məzhəbində, skandinaviyalı və meksikalı kimi  insanlar arasında da böyük bir islahedicinin zühuruna inam vardır.»

Əqli dəlillər

A).Dünyada olan nizam-intizam bizlərə öyrədir ki, nəhayət, bəşər ədalətə və ədalətli bir rəhbərə tabe olmalıdır. Bu dünya, bildiyimiz kimi, nizam-intizamdan ibarət bir topludur. Bu dünyadakı qayda-qanun, nizam-intizam, onun bir olduğuna və rabitəsinə sübutdur. Nizam, qanun, proqram, hesab və bu kimi işlər dünyanın əsas məsələlərindən biridir. Böyük kəhkəşanlardan tutmuş, iynə ucu boyda olan yerdə milyonlarla sığışa bilən atoma qədər hər şey bu nizam-intizama tabedir. İnsanın bədən üzvlərinin hər biri, kiçik bakteriyalardan tutmuş, bədənin əsas üzvlərindən olan beyin və qəlbi hərəkətə gətirən damarlara qədər hamısı proqram və nizam üzrə işləyirlər. Bəzi alimlərin dediyinə görə, insanın bədən üzvlərinin hər biri çox düzgün işləyən saat kimi bədəndə hərəkətdədirlər. Ən diqqətli və son markalı kompyüterləri də bədən üzvlərinə tay etmək olmaz. Bu cür proqram, nizam-intizama malik olan dünyada nizam-intizamsız yaşamaq olarmı? Ədalətsizliyin əsas amillərindən bir olan ictimai və əxlaqi fəsadlar daima bəşəriyyətə hakim ola bilərmi?



Geri   İrəli
Go to TOP