A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın elmi ecazkarlığl
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 288
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Təkamül təliminin isbatı üçün istinad olunan ayələr.

Bu ayələri aşağıdakı şəkildə qruplaşdırmaq olar:

1. Hər bir şeyin sudan başlanğıc aldığını bildirən ayələr.

﴾ وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ ﴿ “Hər bir canlını sudan yaratdıq” (Ənbiya, 30).

Ayətullah Meşkini yuxarıdakı ayəni qeyd edərək yazır:

“Məlum ayə canlı təbiətin (nəbatat, heyvanat və s.) sudan yaradıldığına aydınlıq gətirir. Belə olduqda Təkamül təliminin bəzi müddəaları sübuta yetmiş olur”[296].

Seyid Qütb də məlum ayənin suyun həyatın başlanğıcı olmasına işarə vurduğunu qəbul edir və bildirir ki, müasir elm üzvi aləmin sudan başlanğıc aldığını dəstəkləyir. Həyatın mənşəyi dəniz suyu olmuşdur. Sonradan bütün cins və növlər ondan törəmişdir. Deməli, Darvinə şöhrət qazandıran nəzəriyyə əsrlər öncə Quranda öz əksini tapmışdır[297].

Bəzi yazıçılar Yerdə həyatın mənşəyi haqqında yazır:

“Yerin ömründən 1500 il keçdikdən sonra tədricən soyumağa başladı. Yer təkində reaksiyalar getdi, təkanlar, zəlzələlər baş verdi. Nəticədə Yerdəki buxarlanma buludlara çevrildi. Yağış yağdı. Yer səthini su basdı və dənizlər əmələ gəldi. Təqribən 500 mln. il dənizlərdə ibtidai həyat formaları mövcud idi. Sonra birhüceyrəli varlıqlar, müxtəlif bitki və heyvanlar meydana gəldi. Bu, təqribən 175 mln. il öncəyə təsadüf edir”[298].

Ötən bəhslərdə hər şeyin sudan başlanğıc aldığı haqqında elm adamlarının baxışlarını diqqətinizə çatdırdıq (Yerdə həyatın mənşəyi).

YEKUN

Məlum ayə haqqında növbəti fəsildə geniş söhbət açacağıq. Lakin diqqətinizə çatdıraq ki, bu ayə haqqında dörd ehtimal mövcuddur (İnsanın nütfədən yaranması, ibtidai varlıqların sudan başlanğıc alması, canlı varlıqların əsasən, sudan təşkil olunmaları və dünyanın ilkin maddəsinin suyabənzər maye olması). Yalnız birinci ehtimal ayəyə nəzərən məqsədəuyğundur. Buna görə də ehtimal olaraq ayənin üzvi aləmin mənşəyinin sudan (dəniz və okeanlardan) başlanmasına işarə vurduğunu qəbul etmək olar. Lakin bu, ayənin yeganə izahı deyil.

2. ﴾ وَمِنْهُم مَّن يَمْشِي عَلَى رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِي عَلَى أَرْبَعٍ وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِن مَّاءٍ فَمِنْهُم مَّن يَمْشِي عَلَى بَطْنِهِ ﴿

“Allah hər bir canlını sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir” (Nur, 45).

Ayətullah Meşkini sözügedən ayə haqqında yazır:

“Ayədə sözü keçən “ماء” [ma`] ifadəsinin nütfə (sperma) kimi izah olunması ayənin ilkin mənasına ziddir. Deməli, ayə canlıların sulu gildən yaranması haqqında rəyə uyğundur). Ayədə sürünənlərin (reptililər) əvvəl qeyd olunmasına səbəb çox güman ki, bu növ canlıların ən bariz nümunəsi olan balıqların zaman baxımından daha əvvəl yaradılmasıdır. Quruda yaşayan bu növ heyvanlar isə daha sonra yaradılmışlar. İkiayaqlılardan məqsəd insan, quşlar və bəzi meymun növləridir. “İki ayaq üzərində” ümumi ifadəsi bəzilərinin insan və digər canlıların ayrı növə aid olduqlarını iddia edən baxışının yanlışlığını üzə çıxarır.

Doktor Biazar Şirazi Nur surəsinin 45-ci ayəsini paleontologiyada göstərilən heyvanların mərhələli yaradılışına tətbiq edərək yazır:

“Birinci mərhələ (dövr): Bu mərhələdə müxtəlif növ mərcan polipləri, axçalı (pulcuqlu) balıqlar, kərtənkələlər, ilanlar, bağalar, timsahlar və digər sürünənlər meydana gəldi.

فَمِنْهُم مَّن يَمْشِي عَلَى بَطْنِهِ ﴿

İkinci mərhələ (dövr): Bu dövrdə quşlar meydana gəldi. Onların ən qədim nümunəsi göyərçin balasına oxşayan at olmuşdur. Lakin uçmaq qabiliyyətini itirmişdir. Bu heyvanlar ayədə sözü gedən﴾ وَمِنْهُم مَّن يَمْشِي عَلَى رِجْلَيْنِ ﴿ qisminə daxildirlər.

Üçüncü mərhələ (dövr): İlkin məməlilərin izləri ikinci dövrün sonlarından başlayaraq görünməkdə idi. Bu dönəmdə at, inək, dəvə, fil, müxtəlif meymun növləri və s. məməlilər meydana gəldi[299]وَمِنْهُم مَّن يَمْشِي عَلَى أَرْبَعٍ ﴿”.

Doktor Paknijad birhüceyrəli canlıların yaranması haqqında ətraflı söhbət açır və növbəti üç mərhələ arasındakı fasilə haqqında yazır:

“Birinci: Suda yaşayanlarla quruya çıxanlar arasında fasilə yarandı. Bu əsasən, qan dövranı, tənəffüs orqanı inkişaf etmiş balıq və sürünənlərə aid idi ﴾ فَمِنْهُم مَّن يَمْشِي عَلَى بَطْنِهِ ﴿.

İkinci: Quşların təkmilləşərək havada uçması ﴾ وَمِنْهُم مَّن يَمْشِي عَلَى رِجْلَيْنِ ﴿.

Üçüncü: Məməlilər. Heyvanlar təkamül nəticəsində yumurtamaqla çoxalmadan diridoğmaqla çoxalmaya keçdilər. Bunlar daha çox dördayaqlılar idi ﴾ وَمِنْهُم مَّن يَمْشِي عَلَى أَرْبَعٍ ﴿”.

O, Quranın tədricən təkmilləşən heyvanlar haqqında verdiyi ecazkar xəbərlərə toxunaraq Nur surəsinin 45-ci ayəsini sözügedən mərhələlərə tətbiq edir. Onun fikrincə təkamül nəzəriyyəsi dinlə heç də ziddiyyət təşkil etmir[300].

YEKUN

1. Ayənin ilk ﴾ وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِن مَّاء ﴿ hissəsi haqqında üç versiya mövcuddur (Nütfədən yaranma, ibtidai varlıqların sudan başlanğıc alması və canlı varlıqların əsasən, sudan təşkil olunması)[301].

2. Fikrimizcə, bitki və heyvanların yaradılışının ayənin üç hissəsinə tətbiq olunması doğru deyil[302]. Ayə hazırki canlı varlıqların bölgüsü kimi izah edilsə daha məqsədəuyğun olar. Maraqlıdır ki, ayənin ikinci və üçüncü hissəsini “və” bağlayıcısı ayırır. Bu, ayənin mərhələli yaradılışa aid olmadığını göstərir. Yəni hər üç qismin sudan (nütfədən) yaradılması istisna edilmir.

Digər diqqət çəkən məqam isə ayədəki bölgünün bütün heyvanları əhatə etməməsidir. Sadəcə olaraq bir neçə nümunə qeyd olunmuşdur. Buna sübut ayədə dörddən çox ayağı olan və ya üzən heyvanlara heç bir işarə vurulmamışdır.

3. Məlum ayənin yaradılışın mərhələli inkişafı ilə bağlı elmi nailiyyətlərə tətbiq olunmasının Quranın əzəmətini göstərməsinə baxmayaraq, Quranın ecazkarlığını isbat etməsi doğru deyil.

2. Yaradılışın üç mərhələsinə işarə vuran ayələr.

Təkamül nəzəriyyəsinin müdafiəçiələrinin istinad etdiyi digər ayələr aşağıdakılardır.

وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ ثُمَّ قُلْنَا لِلْمَلآئِكَةِ اسْجُدُواْ لآدَم ﴿

“Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" – dedik” [303].

Ayətullah Meşkini Əraf surəsinin 11-ci ayəsini izah edərək yazır:

“Sözügedən ayə Təkamül nəzəriyyəsini isbat etmək üçün ən uyğun ayədir. Çünki ayəyə görə Allah öncə insanı yaratmış, naməlum müddətdən sonra ( ثم[summə] bağlayıcısı buna sübutdur) onu bugünkü insan şəklinə salmışdır. Uzun müddət sonra isə mələklərə insan növünün bir fərdinin önündə səcdə etməyə əmr etmişdir”.

O, ayəni insanın üç mərhələdə yaradılışı istiqamətində izah edərək yazır:

“Birinci mərhələ: Yaradılışdan sonra və insan şəklinə salınmazdan öncəki mərhələ.

İkinci mərhələ: İnsan surəti verildikdən sonra və həzrət Adəmin (ə) insan növünün bir fərdi olaraq seçilməsindən öncəki mərhələ.

Üçüncü mərhələ: Adəmin seçilməsi və mələklərə ona səcdə etmələrinin əmr olunması mərhələsi”.

O, Hicr surəsinin 28-29-cu ayələrini və eləcə də Sad surəsinin 71-ci ayəsini izah edərək bildirir ki, ayədə sözü keçən “بشر” [bəşər]ifadəsindən məqsəd ümumilikdə insan növüdür. Yəni “Adəm” və ya hər hansı bir seçilmiş fərd deyil. “تسویه” (سویته) ifadəsi isə insanın təkamül yolunu keçərək insan şəklini alması və ruhun üfürülməsi üçün hazır vəziyyətə düşməsinə işarədir[304].

Maraqlı burasıdır ki, müasir təfsir alimlərindən Ayətullah Məkarim Şirazi Hicr surəsinin 26, 28 və 29-cu ayələrini “Növlərin dəyişməzliyi” nəzəriyyəsinin ən tutarlı dəlili kimi dəyərləndirmişdir[305].

YEKUN

1. Ayətullah Meşkininin məlum ayəni (Əraf, 11) insanın yaradılışının üç mərhələsi ilə əlaqələndirməsi qəribədir. Çünki ayədə üçüncü mərhələyə hər hansı bir işarə yoxdur.

2. Hər iki tərəfin dəlillərinə nəzərən demək olar ki, məlum ayələrin “Təkamül nəzəriyyə”sinə heç bir aidiyyətı yoxdur.

3. İnsanın yaradılışının ilkin mərhələsindən (ilkin maddədən) söhbət açan ayələr.

a) İnsanın torpaqdan yaradılması;

هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ طِينٍ ثُمَّ قَضَى أَجَلاً وَأَجَلٌ مُسَمّىً عِنْدَهُ ﴾ ﴿

“Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir müəyyən əcəl təyin edən Odur. Müəyyən əcəl onun yanındadır” (Ənam, 2)[306].

إِنَّا خَلَقْنَاهُم مِّن طِينٍ لَّازِبٍ﴾ ﴿ “Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq” (Saffat, 11).

إِنِّي خَالِقٌ بَشَرًا مِّن صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ ﴿ "Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!” (Hicr, 28).

Ayətullah Meşkini məlum ayələr haqqında yazır:

“Bütün bu ayələr insanın indiki şəkilə düşməzdən öncəki vəziyyətini açıqlayır. Burada məqsəd bütün fərdlər deyil. Çünki bütün fərdlər torpaqdan yaranmır. “Bir vaxt (əcəl) təyin etdik” cümləsindən məqsəd budur ki, Allah insanın yaradılışını müəyyən müddət ərzində tamamladı. Bu müddət yalnız onun özünə məlumdur. Bu zamandan məqsəd insanın yaradılışı ilə indiki şəklə düşməsi arasındakı fasilə də ola bilər”[307].

Bəzi yazıçılar Muminun surəsinin 12-ci ayəsi وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِن سُلَالَةٍ مِّن طِينٍ﴿Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq” haqqında yazırlar:

“Məlum ayə insanın birbaşa torpaqdan yaranmadığını açıqca bəyan edir”[308].

Sözügedən ayə haqqında digər maraqlı fikirlər də irəli sürülmüşdür. Bəziləri ayənin darvinizmi rədd etdiyini[309], bəziləri insanın su və torpaqdan yarandığına bir işarə olduğunu[310], bəziləri isə hər halda Quranın elmi möcüzəsi olduğunu bildirmişlər[311].

YEKUN

1. “İnsanın mərhələli yaradılışı” haqqında söhbət açarkən onun torpaqdan yaradılması ilə bağlı ətraflı söhbət açacağıq və diqqətinizə çatdıracağıq ki, məlum ayə haqqında iki əsaslı şərh mövcuddur.

Birinci: Bütün insanlar nütfədən yaradılmışdır. Nütfə qida maddələrindən yaranmış, qida maddələri isə torpaqdan əmələ gəlmişdi[312].

İkinci: Yalnız həzrət Adəm (ə) torpaqdan yranmış, digər insanlar isə nütfədən yaranmışlar. Deməli, insanların kökü həzrət Adəmin vasitəsi ilə torpağa gedib çıxır[313].

Bütün bunlara nəzərən ayənin qəti olaraq təkamül nəzəriyyəsinə aid olduğunu söyləmək doğru deyil. Çünki birinci şərhi (nütfənin torpaqla əlaqəsi) qəbul etsək, növlərin təkamülü ilə heç bir əlaqəsi olmadığı anlaşılacaq. İkinci şərhi (Adəmin torpaqdan yaranması) qəbul etsək, növlərin dəyişməzliyi haqqındakı fikirləri dəstəkləmiş olacağıq.

Əgər vəziyyətdən çıxış üçün “اجل” [əcəl] ifadəsinin insanın torpaqdan yaranması ilə indiki insan surətinə düşməsi arasındakı zaman fasiləsi kimi izah etsək, o zaman tamamilə yeni bir mövzu açılmış olacaq.

2. “سلالۃ” [sulalə] ifadəsi seçilmiş (süzülmüş), bir şeyin yığcam forması mənalarını ifadə edir. Bəzilərinin fikrincə Muminun surəsinin 12-ci ayəsində məqsəd nütfədir. Hər halda bu ayə zaman fasiləsinə heç bir işarə vurmur.

3. Ayə haqqında irəli sürülən şərh və ehtimallar çox və fərqli olduğu üçün burada elmi ecazkarlıqdan söhbət gedə bilməz (Növbəti bəhslərdə bu haqda ətraflı söhbət açacağıq).

b) İnsanın sudan yaradılması;

“İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və sonradan qohum edən Odur”[314].

“İnsanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən - bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi”[315].

Ayətullah Meşkini Furqan surəsinin 54-cü ayəsini şərh edərək yazır:

“Bu ayə insanın indiki şəklə (kamil insan surətinə) düşmədən öncəki halını bəyan edir”[316].

YEKUN

Sonra da söhbət açacağımız kimi yuxarıdakı ayə haqqında iki əsas ehtimal mövcuddur.

Birinci: İnsanın sudan yaradılmasından məqsəd budur ki, onun bədəninin böyük bir hissəsini (70%) su təşkil edir[317].

İkinci: İnsan nütfədən yaradılmışdır[318].

Bütün bunlar göstərir ki, məlum ayənin insanın mərhələli təkamülü və darvinizimlə heç bir əlaqəsi yoxdur.

c)İnsanın nütfədən yaranması.

إِنَّا خَلَقْنَا الْإِنسَانَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ

“Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik”[319].

Ayətullah Meşkini Dəhr surəsinin 2-ci ayəsi haqqında yazır:

“Ayədə “nütfə”dən məqsəd su və onun qarışıq tərkibidir ki, palçıq şəklinə salınmışdır. Bu ilkin həyat maddəsindən öncə hüceyrələr, sonra ibtidai həyati formalar, daha sonra isə ali həyati formalar yaradıldı”[320].

Əbəsə surəsinin 19-cu ayəsi haqqında yazır:

“Əgər “nütfə”dən məqsədin su olduğunu qəbul etsək ayə belə bir məna kəsb edəcək: Allah insanı məxsus sudan yaratdı. Onun bir haldan digər hala düşəcəyini qərara aldı (təkamül). Nəticədə bugünkü insan şəklinə düşdü”.

O, sonda ayənin ikinci mənası haqqında söhbət açır ki, burada nütfədən məqsəd hər bir insanın mənşəyi olan spermadir[321].

YEKUN

“İnsanın mərhələli yaradılışı” haqqında söhbət açarkən qeyd edəcəyik ki, nütfə leksik baxımdan zəif axıcılığa malik hər bir şeyə aid edilir. Qatqısız suya, kişi və qadın toxumuna (sperma) da axıcı olduğu üçün nütfə deyilir. Sonra isə Quranda nütfə termininin hansı mənalarda işləndiyini incələyəcək və diqqətinizə çatdıracağıq ki, məlum ayə haqqında on üç baxış mövcuddur[322].

Lakin təfsirçilər arasında “nütfə” dən məqsəd yalnız “su” olduğu qənaətində olan təfsirçi yoxdur. Ayədə qeyd olunan “امشاج” [əmşac] sözü nütfədən məqsədin su olmadığını göstərən konteksdir. Nütfənin sulu palçıq mənasını isə heç bir leksikoloji qaynaqda tapa bilmədik. Deməli, ayədə “nütfə” dən məqsəd ya kişi nütfəsi (toxumu), ya da qadın və kişi toxumlarının qarışığıdır. Ayətullah Meşkininin izahı isə heç bir hərfi və ya terminoloji məna ilə düz gəlmir.

4. İnsanın yaradılışının ikinci mərhələsinə işarə vuran ayələr (insan surəti verilməsindən sonra, Adəmin (ə) seçilməsindən öncə).

“İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin (və həsəd) üzündən (dində) ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir”[323].

Yunus surəsinin 19-cu ayəsi də bu məzmundadır. Ayətullah Meşkininin fikrincə insana surət verildikdən sonra və Adəm (ə) onların arasından seçilməzdən öncə insanlar uzun müddət vahid bir toplum şəklində həyat sürmüşlər. O, yuxarıda sözügedən iki ayəni bu zaman fasiləsinə (mərhələyə) aid edir[324].

Ayətullah Məkarim Şirazi də Bəqərə surəsinin 213-cü ayəsini bəşər həyatının 4 mərhələsinə aid olduğunu bildirir[325].

Onun fikrincə dinin göndərilməsi insanın yaranması ilə eyni dövrə təsadüf etmir. Dinin göndərilməsi sinifli cəməiyyətə keçid dönəminə təsadüf edir. Deməli, ilk ulul-əzm peyğəmbərin Adəm (ə) deyil, Nuh (ə) olduğunu desək yanılmarıq[326].

YEKUN

Qeyd olunan ayələrdən iki nəticə çıxarmaq olar:

1. İnsan Yer kürəsində yarandıqda iki mərhələdən keçmişdir. Birinci mərhələdə heç bir din və ya peyğəmbər olmamışdır. Sonradan həzrət Adəm (ə) seçilmiş və insanlar dinli cəmiyyət şəklində yaşamağa başlamışlar. Deməli, həzrət Adəm (ə) ilk yaranan insan deyil (Bu, Darvinin Təkamül nəzəriyyəsi ilə üst-üstə düşür).

2. Peyğəmbərlərin (ə) göndərilməsi iki cür olmuşdur. Birinci mərhələdə Adəm (ə) yaradıldığından və onun nəsli artdıqdan sonra heç bir şəriət və ya kitab verilməyən peyğəmbərlər göndərilmiş və bəşərə ibtidai fərdi həyatlarında bələdçilik etmişlər. İkinci mərhələdə sinifli cəmiyyət formalaşmış və insanlar qanuna ehtiyac duymuşlar. Bu zaman həzrət Nuh (ə) kimi şəriət və kitab sahibi peyğəmbərlər göndərilmişlər. Deməli, ikinci nəticəyə görə Adəm (ə) Yerdə yaranmış ilk insan olmuşdur (Bu, “Növlərin dəyişməzliyi” nəzəriyyəsi ilə də üst-üstə düşür).

Ayətullah Meşkini birinci versiyanı əsas götürmüş, Ayəullah Məkarim Şirazi isə ikinci versiyaya üstünlük vermişdir. Qeyd olunan iki versiyaya nəzərən qəti olaraq ayənin hansı nəzəriyyəni (növlərin təkamülü, yoxsa dəyişməzliyi) təsdiq etdiyini demək mümkün deyil.

5. Üçüncü mərhələyə (Adəmin (ə) insanların arasından seçilməsinə) işarə vuran ayələr.

“Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş etdi”[327].

Doktor Yədullah Səhabi məlum ayə haqqında yazır:

“Bu ayələrə (Ali-İmran, 33; Əraf, 11; Səcdə, 7-9) görə Adəm (ə) öncədən birgə yaşadıqları insanların arasından seçildi. Buna görə də insanın Adəmdən törəməsi fikri Qurana görə əsassızdır”[328].

Ayətullah Məkarim Şirazi Ali-İmran surəsinin 33-cü ayəsini növlərin təkamülünə aid edənlərə cavab olaraq yazır:

“Ayədə “العالمین” ifadəsindən məqsədin həzrət Adəmin (ə) müasirləri olduğuna heç bir əsas yoxdur. Əksinə bu tarix boyu mövcud olan bütün cəmiyyətlərə aiddir. Buna görə də Adəm dönəmində çoxlu sayda insan olduğunu və həzrət Adəmin (ə) onların arasından seçilməsini əsassız olaraq ayəyə aid etməyə lüzum yoxdur”[329].

Ayətullah Misbah Yəzdi Ali-İmran surəsinin 33-cü ayəsini izah edərkən “Adəmin (ə) insanların içindən seçilməsi fikri” haqqında yazır:

“Ayəni belə izah etmək olar ki, bir insan özündən sonra gələcək bütün insanlardan üstün hesab edilmişdir. Əgər bir az mülayim mövqedən çıxış edib Adəm dönəmində cəmiyyətin mövcudluğunu qəbul etsək, bu, onun öz övladlarıdır”[330].

YEKUN

Ali-İmran surəsinin 33-cü ayəsi haqqında da iki fərqli ehtimal olduğu üçün qəti olaraq müəyyən ehtimal üzərində dayanmaq olmaz. Təbii ki, belə olduqda ayənin iki nəzəriyyədən (növlərin təkamülü, yoxsa dəyişməzliyi) hansının təsdiqi olduğu da qaranlıq olaraq qalır.

NÖVLƏRİN DƏYİŞMƏZLİYİ NƏZƏRİYYƏSİNİN İSBATI ÜÇÜN İSTİNAD OLUNAN AYƏLƏR

1. Bütün insanların vahid bir candan yaradıldığını bildirən ayələr.

وَهُوَ الَّذِيَ أَنشَأَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ

“Sizi tək bir nəfərdən (Adəmdəm) yaradan da Odur. (Sizin üçün) bir qərar yeri (ana bətni, ata beli), bir də bir əmanət yeri (qəbir) vardır”[331].

Bundan başqa “بنی آدم” [Bəni-Adəm] (Adəm övladları) deyə müraciət edən ayələrə[332] də istinad olunmuşdur.

Ayətullah Meşkini “Növlərin dəyişməzliyi” nəzəriyyəsindən söhbət açarkən Adəmin (ə) Allah tərəfindən yaradılan ilk insan olduğunu, sonra Həvvanın yaradıldığını və digər insanların isə bu iki nəfərdən törətdiklərini bildirir.

O, yazır:

“Bu nəzəriyyənin isbatı üçün istinad olunan ayələr bütün insanların vahid candan (bir fərddən) yaradıldığını bildirən ayələrdir. Bəzi ayələrdə isə onun cütü də yad edilmişdir. Bunun Həvva olduğu şübhəsizdir”.

Ənam surəsinin 98-ci ayəsini izah edərkən yazır:

“Ayədən məqsəd budur ki, Allah sizi Adəmdən yaratmışdır. Bəziləriniz hələ atalarınızın belində (مستقر), bəziləriniz isə Qiyamətə qədər qəbirlərdə əmanət olaraq (مستودع) saxlanılırsınız”.

Onun qənaətincə birinci izahı da qəbul etsək, Növlərin təkamülü nəzəriyyəsi ilə heç bir ziddiyyət təşkil etmir. Ehtimal ki, bütün insanlar Adəm (ə) və Həvvadan yaradılmışlar. Onlardan öncə də varlıqlar olmuş, lakin onların nəsli tükənmişdir. Bu arada seçilmiş nəsil, yəni yetkin zəkaya malik Adəm nəsli qalmışdır[333].

Ayətullah Məkarim Şirazi “نفس واحدۃ” [nəfsin vahidə] ifadəsi haqqında yazır:

“Ayələrdə “نفس واحدۃ” [nəfsin vahidə] ifadəsindən məqsəd vahid şəxsdir. O, Quranın bugünkü insanların atası kimi təqdim etdiyi Adəmdir (ə). Bir çox ayələrdə sözü keçən “بنی آدم” [Bəni-Adəm] ifadəsi də buna işarədir. Növ baxımından vəhdət ehtimalı isə zəif ehtimaldır”[334].

YEKUN

“نفس” [nəfs] Quran ayələrində ruh və can (bəzən də insanın orqanizmi) mənalarını ifadə edir[335]. Ayətullah Meşkininin fikirlərini (“نفس”-dən məqsədin insandan öncəki varlıqlar olması fikrini) qəbul etsək, ayənin iki izahı olduğu anlaşılacaq. Biri bütün insanların Adəmdən (ə) törəməsi, digəri isə Adəm (ə) və digər insanların özlərindən öncə mövcud olmuş varlıqlardan törəməsi. Birinci izah “Növlərin dəyişməzliyi”, ikinci izah isə “Növlərin təkamülü” nəzəriyyəsi ilə uyğun gəlir. Deməli, heç bir izahı ayələrin tam şərhi hesab etmək olmaz.

2. Adəmin (ə) torpaqdan yaradıldığını bildirən ayələr.

إِنَّ مَثَلَ عِيسَى عِندَ اللّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِن تُرَابٍ ثِمَّ قَالَ لَهُ كُن فَيَكُونُ

“Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: "(Bəşər) ol!" - dedi, o da oldu”[336].

“İnsanı (Adəmi) saxsı kimi quru palçıqdan O yaratdı”[337].

Doktor Əbu Həcər yuxarıdakı ayələri[338], Doktor Ədnan Şərif isə insanın torpaqdan yaradıldığını göstərən bütün ayələri darvinizmə zidd hesab edir[339].Çünki ayələr insanın öncəki canlı varlıqlardan deyil, torpaqdan yarandığını göstərir.

Ayətullah Meşkini Ali-İmran surəsinin 59-cu ayəsi haqqında iki ehtimal irəli sürür.

Birinci ehtimal: Bu ehtimala görə ayə “Növlərin dəyişməzliyi” nəzəriyyəsini təsdiq edir. Yəni insanın bilavasitə ata-anadan yaradılmadığını önə çəkir və bu, “Növlərin dəyişməzliyi” nəzəriyyəsi ilə tam üst-üstə düşür.

İkinci ehtimal: Bu ehtimala görə ayə Təkamül nəzəriyyəsini təsdiq edir. Çünki İsanın (ə) torpaqdan (qida maddələri - nütfə - laxtalanmış qan) yaradılmaqda Adəmə (ə) bənzədilməsində heç bir irad yoxdur. Əgər Allahın həzrət İsaya (ə) Adəm (ə) kimi həyatının ilk anlarından başlayaraq fövqəladə zəka, metafizik iradə verdiyini söyləsək də yanılmarıq. Ayədə iki peyğəmbər yaradılış və elm baxımından bir-birinə bənzədilmişdir. “کن” [kun] (ol) əmri isə “fövqəladə zəka, bilik və ya peyğəmbərliyə malik ol” kimi anlaşılır.

Torpaqdan yaranmaq baxımından bənzədilmələri isə xristian təfəkkürünü rədd edir. Çünki xristianlar Adəm (ə) və İsanın (ə) yaradılışının ilahi ənənə yolu ilə baş vermədiyini iddia edirlər (yəni onlar peyğəmbər olmalarına, metafizik zəkaya malik olmalarına baxmayaraq, bioloji tərkibcə digər insanlardan fərqlənmişlər)[340].

Ayətullah Məkarim Şirazi Ali-İmran surəsinin 59-cu ayəsinin nazilolma səbəbini açıqladıqdan sonra yazır: “Adəmin yaradılışı ilə bağlı “خلقه من تراب” ifadəsindən məqsəd onun bədəni, maddi tərəfidir. Bu, ayənin ardına diqqət yetirdikdə daha aydın olur. Çünki sonra ona həyat verilməsindən, ruh bəxş edilməsindən söhbət açılır[341] (Sonra ona: "(Bəşər) ol!" - dedi, o da oldu”).

YEKUN

Fikrimizcə, burada bir neçə məqama diqqət yetirmək lazımdır.



Geri   İrəli
Go to TOP