A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın elmi ecazkarlığl
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 288
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


b) Quranın ədədlərlə bağlı ecazkarlığını qəbul etməyənlər.

Bu haqda bir neçə kitab və məqaləyə rast gəldik. Burada onlara qısa nəzər salacaq və dəlilləri ilə tanış olacağıq.

1. “Tisətu əşərə məlikən” (Quranın ədədlərlə bağlı ecazkarlığının Bəhailiyin hiyləsi olduğu haqqında), Hüseyn Naci Məhəmməd Muhyiddin.

O, 19 ədədini Quranın möcüzəsi və sirlərindən hesab edənlərə qarşı çıxır və onların Allahın adından yalan danışdıqlarını iddia edir.

O, 19 ədədinin Bəhailiyin şüarlarından olduğunu qeyd edir və bildirir ki, onlar müsəlmanlara görə mürtəd və kafirdirlər. Onlara görə hər il 19 ay, hər ay 19 gündür. “Əl-Bəyan” adlanan kitabları 19 fəsildən, hər fəsil 19 hissədən ibarətdir. Onların gündəlik namazlarının sayı 19 rəkətdir.

O, kitabın digər hissəsində 19 ədədinin Qurana xas olmadığını bildirir və Quranın ədədlərlə bağlı möcüzəsi haqqında yazanların yanlışlıqlarından nümunələr göstərir.

2. “Əl-Möcüzə əl-Quraniyyə”, Doktor Məhəmməd Həsən Hitu.

O da Hüseyn Nacinin fikirlərini təkrar və təsdiq edir.

3. “Quranda 19 möcüzəsi”, Bəssam Nəhad Cərrar.

O özü Quranda 19 ədədi ilə bağlı möcüzəni qəbul etsə də Rəşad Xəlifənin yanlış fikirlərini açıqlayaraq yazır:

“Hərflərin surələrdə təkrar olunmasını araşdırdıqdan sonra gördüm ki, Rəşad Xəlifə istədiyi nəticəni almaq üçün bilərəkdən yalan danışmışdır”.

4. “Quranın ədədlərlə bağlı möcüzəsi və riyazi düzümü”, Abbas Yəzdani.

O, uyğun məqaləsində Quranın ədədlərlə bağlı riyazi ecazkarlığını qəbul edənlərin yanlışlıqları haqqında danışır və bu təmayülçü cərəyanın insanlarda çaşqınlıq yaratdığını bildirir.

Rəşad Xəlifə yazırdı: بسم الله الرحمن الرحیم ayəsi 19 hərfdən ibarətdir. Bu ilk ayənin bütün sözləri 19-a bölünəndir. Belə ki, ümumilikdə “بسم الله” 19, الله 2698, رحمن 57, رحیم 114 dəfə işlənmişdir. Halbuki bu rəqəmlərdən yalnız 57 rəqəmi doğrudur. Əgər الله sözündən məlum nəticəni almaq istəsək فالله، لله، تالله، بالله اللهم sözlərini də hesablamalıyıq. اللهم sözü isə hesablanmamalıdır. اسم sözü Quranda 22 dəfə, بسم isə yalnız 7 dəfə işlənmişdir.

O, Ədnan Rəfainin یوم [yəvm] (gün) sözünün Quranda 365 dəfə işlənməsi fikrinə cavab olaraq yazır: “O, یوم [yəvm] sözünün tək şəklini nəzərdə tutmuş, یومئذ ، یومکم ، یومهم ifadələrini hesablamadığı bir halda بالیوم ، فا لیوم sözlərini nəzərdən qaçırmamışdır”.

Ümumilikdə bu növ hesablamalarda məntiqi üsluba riayət olunmamışdır.

O, Kuruş Cəmnişana cavab olaraq yazır:

“Bu fikrin əsaslı iradı ondadır ki, Quranın ecazkarlığını sübuta yetirmir. Çünki istənilən qələm sahibi kitab yazıb onun fəsillərinin, cümlələrinin sayında belə bir düzüm nəzərdə tuta bilər”.

Əbd ər-Rəzzaq Nofelə irad tutaraq yazır:

“İblis sözünün Quranda 11 dəfə işlənməsi doğru olsa da استعاذه sözü 17 dəfə deyil, 7 dəfə işlənmişdir. Bundan başqa hər biri 75 dəfə işlənən müsibət və şükür anlayışları arasında nə əlaqə olduğu aydın deyil. Əgər söylənilən riyazi ahəngdarlıqlar doğru olsa belə bu Quranın bəşər qüdrəti xaricində bir kitab olduğunu isbat etmir. Çünki istənilən şəxs bu kimi riyazi düzümə malik bir kitab yaza bilər”[274].

O, sonda aşağıdakı nəticələri qeyd edir:

1. Rəşad Xəlifənin önə çəkdiyi riyazi ecazkarlığın izləri Syutinin “əl-İtqan” əsərində mövcuddur.

2. Bu yanlış cərəyandır və Quran maarifinin yayılmasına heç bir xidmət etməmişdir. Rəşad Xəlifə məlum yanlış fikirləri nəticəsində Qiyamətin vaxtını dəqiqləşdirdi (h. q. 1709) və peyğəmbərlik iddiası etdi (sonda isə öldürüldü).

3. Quranın riyazi düzümü haqqında verilən statistik rəqəmlər bir çox hallarda yanlışdır.

4. Söz və hərflərin sayılmasında vahid bir metod nəzərdə tutulmayıb.

5. Əgər Quranda sözlərin təkrar olunmasında xüsusi bir ahəngdarlıq varsa da bu Quranın ecazkarlığını isbat etmir. Çünki bu dəqiq yazılar bəşər yazı nümunələrində də mövcuddur.

6. Alınan nəticələr arasında məntiqi əlaqə yoxdur.

7. Bu təmayülçü cərəyan Quranın təhrif olunduğunu söyləyənlər üçün dayaq nöqtəsidir. Onlar, riyazi hesablamalar nəticə etibarı ilə yanlış olduqda bunu Quranın təhrif olunduğuna dəlil kimi göstərirlər.

8. Bəzi bu kimi uyğunluqlardan şairanə istifadə yol veriləndir. Lakin bunu elmi şəklə salmaq olmaz.

9. Quran və hədislərdə Quranın riyazi düzümü haqqında heç bir işarə yoxdur. Quran hidayət və əməl kitabıdır.

10. Quranın ecazkarlığını anlamaq üçün ərəb dilinin incəliklərini bilmək, davamlı tilavət edərək düşünmək lazımdır[275].

YEKUN

Quranın ədədlərlə bağlı riyazi möcüzəsi haqqında bir neçə məqama diqqət yetirmək zəruridir.

1. Öncə də qeyd etdiyimiz kimi bir çox müsəlman alimləri Quranın riyazi düzümü haqqında tədqiqatlar aparmış və maraqlı nəticələr əldə etmişlər. Təbii ki, bəzən yanlış nəticələr də alınmışdır. Müxalif və müvafiqlərin söylədiklərinə nəzər saldıqda görürük ki, Quranın riyazi möcüzəsi müəyyən mənada hamı tərəfindən qəbul olunur. Daha dəqiq desək xüsusi iqrari şəkildə qəbul, ümumi iqrari şəkildə isə rədd olunur.

2. Öncə də qeyd olunduğu kimi Quranda 19 ədədinin təməl prinsip olması fikri yanlışdır. Amma bu həmin fikirdə olan müsəlman mütəfəkkirlərin bəhai və ya təmayülçü olduğunu söyləməyə əsas veriri. Fikrimizcə elmi məsələlərdə bu şəkildə davranmaq doğru deyil. Maraqlı burasıdır ki, Rəşad Xəlifəni yanlış təfəkkürə malik təmayülçü adlandıranlar özləri bu və ya digər şəkildə Quranın riyazi möcüzəsini qəbul edirlər.

3. Quranın riyazi düzümü (hər iki tərəfin qəbul etdiyi məhdud vəziyyət) heyrətləndiricidir. Çünki heç bir təhsil görməyən, oxumaq, yazmaq bilməyən bir şəxs 23 il ərzində, fərqli şəraitdə -döyüş zamanı, sülh və əminamanlıq zamanı belə bir kitab təqdim edilmişdir (yəni adətən kitab yazan alimlər kimi hər şeydən kənarda tam sakit kitabxana şəraitində yazmayıb). Bu çox heyrətləndiricidir. Lakin mövcud riyazi düzüm Quranın ecazkarlığını isbat edirmi?

Burada iki əsaslı irad mövcuddur. Birincisi, bu məsələ kiçik müqəddimə (fərdi hökm) baxımından natamamdır. Çünki xüsusi iqrari şəkildə qəbul olunur. İsbat olunan məsələlər Quranın ecazkarlığını sübuta yetirəcək qədər çox deyil.

İkincisi, böyük müqəddimə (ümumi hökm) baxımından da natamamdır. Çünki Quranın insanları mübarizəyə çağırması ümumi bir iddia deyil və Quranın bütün tərəflərinə aid olmur. Bu iddianın əhatəsində olan tərəflər içində isə ədədlərlə bağlı ecazkarlıq yoxdur (yəni Quranda buyurulmamışdır).

Biz birinci fəsildə ikinci irada cavab verərərək bildirdik ki, Quranın məlum iddiası ümumi olub bütün tərəfləri əhatə edə bilər. Lakin birinci irad hələ də öz qüvvəsində qalır.

4. Yuxarıdakı qeyd olunanlara əsasən Quranın riyazi ecazkarlığı qəti olaraq isbat edilməmişdir və Rəşad Xəlifənin əldə etdiyi nəticələr qəbulolunmazdır.

5. Quranın riyazi ecazkarlığını qəbul edən bəziləri onu Quranın təhrif olunmamasının dəlili kimi göstərirlər. Halbuki göstərilən sadəcə riyazi düzümdür. Lakin bu riyazi düzümün necə olmalı olduğu bəlli deyil. Deməli, Quranın mövcud riyazi düzümü onun təhrif olunub olunmamasına dəlil ola bilməz.

DÖRDÜNCÜ FƏSİL

QURAN VƏ BİOLOJİ ELMLƏR

YERDƏ HƏYATIN MEYDANA GƏLMƏSİ VƏ İNKİŞAFI (ÜZVİ ALƏMİN İNKİŞAFI)

Yerdə həyatın necə meydana gəlməsi daim bəşər övladını düşündürmüşdür. Bu haqda bir çox alimlər, ekspertlər rəy vermiş, fikir söyləmişlər. Quran da bu məsələdən yan keçməmiş, bəzi məsələlərə aydınlıq gətirmişdir. Bu, son qəti elmi nailiyyətlərlə üst-üstə düşdüyündən Quranın elmi möcüzəsi hesab olunur. Burada mövzu ilə bağlı ayələri və təfsirçilərin baxışlarını incələcəyik.

ELMİ SİRLƏR VƏ ŞƏRH

1. Ayətullah Məkarim Şirazi Ənbiya surəsinin 30 (وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ) və Nur surəsinin 45-ci (وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِن مَّاءٍ) ayələri haqqında üç ehtimal irəli sürür:

a) Ayədə “ماء” [ma`] ifadəsindən məqsəd nütfədir (spermatozoid və toxum mayesindən ibarət sperma)[276]. Bu ehtimal bir çox rəvayətlərdə də təsdiqlənir.

b) Ayədə məqsəd yaradılan ilk varlıqdır. Çünki rəvayətlərə görə Allah ilk olaraq suyu yaratdı. İnsanları da sonradan sudan yaratdı. Son elmi araşdırmalar da göstərir ki, ilk həyat nişanələri suda (dənizlərdə) meydana gəlmişdir.

c) Ayədə məqsəd budur ki, hal-hazırda canlı varlıqları ayaqda saxlayan başlıca maddə sudur. Su olmadan heç bir canlı varlıq həyat sürə bilməz[277].

O, Hud surəsinin 7-ci ayəsini (وَكَانَ عَرْشُهُ عَلَى الْمَاءِ) izah edərkən Ənbiya surəsinin 30-cu ayəsi haqqında dördüncü ehtimalı qeyd edərək yazır:

“عرش” [ərş] sözü kök etibarı ilə tavan və ya tavanlı bir şey haqqında işlənir. “عرش” [ərş]sözünün digər mənası isə padşah taxtıdır. Sonradan iqtidar (qüdrət) mənasını kəsb etmişdir.

“ماء” [ma`] sözünün ilkin mənası sudur; lakin sonradan hər bir axıcı, maye haqqında işlənməyə başlanmışdır.

Yaradılış öncəsi obyektiv gerçəklik ərimiş vəziyyətdə (maye halında) idi. Deməli, varlıq aləmi öncə maye halında olmuşdur. Buna Ənbiya surəsinin 30-cu ayəsində də işarə vurulmuşdur”[278].

2. Əllamə Təbatəbai Hud surəsinin 7-ci ayəsini izah edərkən yazır:

“Gördüyümüz bütün canlı varlıqlar sudan yaranmışdır. İlkin həyat maddəsi sudur. Ayədə də məqsəd Allahın iqtidarının (yaradılış zamanı) suya hakim olmasıdır”[279].

3. Ayətullah Mərifət yaradılışla bağlı bir neçə rəvayət nəql edərək yazır:

“Şəri dəlillər göstərir ki, ilk yaranan varlıq su olmuşdur. Hud surəsinin 7-ci ayəsi də göstərir ki, hətta yer və səma yaranmazdan öncə su mövcud olmuşdur”. Digər ayələr də (Ənbiya, 30; Nur, 45; Furqan, 54) həyatın sudan başlanğıc aldığını bildirir”[280].

O, Ənbiya surəsinin 30-cu ayəsi haqqında yazır:

“Ayədə məqsəd suyun bütün canlı varlıqların inkişaf prosesində oynadığı mühüm roldur. Necə ki, digər ayədə Allah hər bir canlını sudan yaratmışdır” (Nur, 45) deyə buyurur. Bunu elm də sübut edir”[281].

4. Müasir yazıçılardan biri Ənbiya surəsinin 30 və Nur surəsinin 45-ci ayələrini izah edərək yazır:

“Elmi nailiyyətlərə görə bütün canlı varlıqlar sudan başlanğıc almışlar. Quran isə buna əsrlər öncə bir neçə ayədə işarə vurmuşdur. Bu, Quranın əsrlər öncə bir neçə ayədə işarə vurduğu məsələdir. Bu, Quranın elmi möcüzələrindən biridir”[282].

5. Doktor Paknijad məlum ayəni izah edərkən yazır:

“Suda aminturşu molekulları və jelatin zərrəcikləri meydana gəlir və kimyəvi reaksiya yaranır. İki quru cismin biri-digərində heç bir təsir buraxmır. Başqa sözlə desək, kimyəvi reaksiya həyat mövcud olan yerdə gedir. Kimyəvi reaksiya olduqda suyun mövcudluğu zəruridir. Çünki su həyat mənbəyidir. Su canlı varlıqların ayrılmaz hissəsidir”.

O, ilk canlı maddə (aminturşu molekulları) haqqında yazır:

“Yaradılışın başlanğıcında dəhşətli ildırımlar çaxır, gur yağışlar yağır, dənizlər dolur, daşır və yavaş-yavaş meydana gələn molekullar bir-birinə qovuşurdu. Bu qovuşmaya səbəb cazibə qüvvəsi deyildi. Onları qovuşduran, bir-birinə doğru çəkən elektirik yükü və kimyəvi reaksiya idi[283].

Atomlar sıxlaşdı, molekullar əmələ gəldi. Dənizlər molekullarla doldu. Molekullar bir-birinə qovuşaraq yapışqan məhlula çevrildi və jelatin zərrəcikləri meydana gəldi. Zaman keçdikcə jelatin qatılaşdı (kristallaşdı), nəticədə qıtlıq yarandı və zərrəciklərin böyük əksəriyyəti funksiyasını itirərək ölgünləşdi. Onlarda yaşıl rəngli maddə (xlorofil) əmələ gəldi və günəş enerjisindən güc aldı. Bunlar ilk bitkilər idi. Araşdırmalar zamanı əldə olunan bəzi (daşlaşmış) bitki qalıqlarının yaşının 3 milyard olduğu təyin olunmuşdur.

İlk bitkilər, yəni xlorofil bir çox hallarda böyük jelatin zərrəsi tərəfindən yeyilirdi. Bu bitki yeyənlər yer üzündə ilk canlı heyvanlar hesab olunurlar”[284].

6. Doktor Maurice Bucaille Ənbiya surəsinin 30 və Nur surəsinin 45-ci ayələrini qeyd edərək yazır:

“Ehtimal ki, ayədə məqsəd hər bir canlının ilkin maddə olaraq sudan yaranması və ya hər bir canlının əvvəlinin su olmasıdır. Hər iki halda elmi nailiyyətlərə tam uyğundur. Çünki həyat sudan başlanğıc almışdır”.

O, “ماء” [ma`] sözünün iki mənasına (su, maye) toxunaraq digər bir versiyanı da qeyd edir (heyvan mayası). Onun fikrincə, hər üç açıqlama elmi nailiyyətlərlə üst-üstə düşür və Quranda cahillik dönəmində həyatın yaranması haqqında yayılmış miflərə yer yoxdur[285].

7. Seyid Qütb Nur surəsinin 45 və Ənbiya surəsinin 30-cu ayələrini qeyd edərək onlardan iki məqamın anlaşıldığını vurğulayır. Birincisi, həyat ilk olaraq sudan (dənizlərdən) başlamışdır. İkincisi, canlıların tərkibində başlıca ünsür sudur[286].

8. Bəzi yazıçılar məlum ayələri izah edərkən insan orqanizminin su ilə əlaqəsindən söhbət açır və bildirirlər ki, insan orqanizminin 70%-ni su təşkil edir.

YEKUN

İzah olunan ayələrdən (Ənbiya 30 və Nur 40) anlaşıldı ki, həyat ilk olaraq sudan (ماء) başlanğıc almışdır. “ماء”[ma`] ifadəsi haqqında ümumilikdə dörd ehtimal mövcuddur.

1. “ماء” [ma`]sözündən məqsəd nütfədir (spermatozoid və toxum mayesindən ibarət sperma). Bu ehtimal Nur surəsinin 45-ci ayəsinə müvafiqdir. Çünki ayənin davamında deyilir: Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir”. Ayədən məqsədin sürünənlər, dördayaqlılar və insanlar olduğu anlaşılır (hansı ki, nütfə yolu ilə çoxalırlar). Bu ehtimalı şübhə altına alan bütün canlıların nəsil artımının nütfə yolu ilə olmamasıdır. Ənbiya surəsinin 30-cu ayəsindən də göründüyü kimi ayə bütün canlıları əhatə edir[287].

2. Canlıların təşkil olunduqları başlıca maddə sudur. Bu ehtimal Ənbiya surəsinin 30-cu ayəsinə uyğun olsa da Nur surəsinin 45-ci ayəsinə uyğun deyil. Nur surəsində yaradılışın başlanğıcından söhbət açılır.

3. İlk varlığın sudan yaranması. Bu ehtimal hər iki ayəyə uyğundur. Elmi nailiyyətlər də bunu təsdiq edir.

4. Məqsəd suyabənzər mayedir ki, dünya ondan yaradılmışdır.

Bu ehtimal “ماء” [ma`]sözünün hərfi mənası, eləcə də ayələrin ilkin zahiri mənası ilə uyğun gəlir. Lakin öncə də qeyd olunduğu kimi, yalnız Nur surəsinin 45-ci ayəsində ilkin zahiri məna etibarı ilə məqsədin nütfə olduğunu düşünmək olar.

Qeyd: Diqqətinizə çatdırdığımız ehtimalların hamısı ayələrin məqsədi ola bilər. Bəzi təfsirçilər də bu fikirdədirlər[288].

2. Sözügedən ayələrin fərqli izahları olduğuna görə, bu və ya digər ehtimalı qəti olaraq ayəyə aid edib, digər ehtimalları isə rədd etmək olmaz. Lakin ayələrdən məqsədin dörd ehtimaldan hansı olmasından asılı olmayaraq, Quranın elmi sirlərindəndir. Bu elmi işarələr Quranın əzəmətinin sübutudur. Lakin bu fikirlər antik yunan filosofları tərəfindən də səsləndiyinə görə elmi möcüzə hesab olunmur.

İLK İNSANIN YARANMASI VƏ TƏKAMÜL HİPOTEZİ

Yer kürəsində ilk insanın (ondan öncə də bitki və heyvanların) mənşəyi daim sual doğuran məsələlərdən olmuşdur. Müqəddəs kitabda (Tövrat) və Quranda bu haqda söhbət açılmış və (suallara) cavab verilmişdir. Dövrümüzdə bioloji elmlərin inkişafı, Jan Batist Lamark (1744-1829) və Çarlz Robert Darvinin (1809-1882) nəzəriyyələri bu bəhsi daha da rövnəqləndirdi. Belə ki, din alimləri və təcrübi elmlər üzrə mütəxəssislər bir-birlərinin baxışlarını tənqid atəşinə tutdular. Bəzi müsəlmanlar təkamül nəzəriyyəsini (transformizm) qəbul edib bunun isbatı üçün müəyyən ayələrə istinad etdilər. Bəziləri isə Növlərin dəyişməzliyi nəzəriyyəsini müdafiə edir və Quranın digər ayələrinə əsaslanırlar. Hətta (zahirən təkamül təlimi ilə uyğun gələn) bəzi ayələri Quranın ecazkarlığının sübutu kimi dəyərləndirmişlər. Biz burada Təkamül və ya Növlərin dəyişməzliyi nəzəriyyəsini rədd və ya isbat etməyi qarşımıza məqsəd qoymamışıq. Çünki bu bizim mübahisə obyektimiz xaricindədir[289]. Burada hər iki tərəfin Qurana istinadını diqqətinizə çatdıracaq və tənqidi yanaşacağıq.

TƏKAMÜL HİPOTEZİNİN QISA TARİXİ VƏ ALİMLƏRİN BAXIŞLARI

Burada Təkamül nəzəriyyəsinin qısa tarixinə nəzər salacaq, hər iki nəzəriyyənin izahını verəcək və dəlillərinə toxunacağıq.

Bəzi mütəfəkkirlər yazırlar:

“Təkamül nəzəriyyəsi hələ miladdan öncə mövcud olmuşdur. Miladdan sonra da ərəb alimləri, (sonralar İslam alimləri) bu haqda fikir yürütməyə başladılar. Müsəlmanlardan Farabi “İdeal cəmiyyət baxışları”, Qəzvini, “Əcaib əl-məxluqat” və “İxvan əs-səfa, İbn Misqəveyh “Təhzib əl-əxlaq” və “əl-Fəvz əl-əsğər” əsərlərində bu haqda söhbət açmışlar”. Təkamül nəzəriyyəsi elm tarixində müxtəlif formalarda mövcud olmuşdur. Lakin XIX əsrdə Lamark və Darvindən sonra təkamül haqqında müzakirələr daha da genişləndi[290].

Təkamül nəzəriyyəsinin tərəfdarları əsasən iki katiqoriyaya ayrılırlar:

1. Təkamülü bütün varlıqlara, hətta maddə və enerjiyə aid edərək ümumiləşdirənlər;

2. Təkamülü yalnız canlı varlıqlara, üzvi aləmə (mikroorqanizmlər, bitkilər, heyvanlar və insanlar) aid edənlər.

Birinci katiqoriyaya aid olan alimlər arasında da fikir ayrılığı mövcuddur. Bəziləri təkamülün hərəkətverici qüvvəsinin təbiətin fövqündə durduğu (materiyanın mütləq inert (təsirsiz) olub “canlanmaq” üçün hərəkət verilməsi lazım gəldiyi), bəziləri isə materiyaya hərəkət verilməsi lazım olmadığı qənaətindədirlər.

TƏKAMÜL VƏ NÖVLƏRİN DƏYİŞMƏZLİYİ KONSEPSİYALARININ İZAHI

Öncə də qeyd olunduğu kimi təbiətşünaslıq elmləri ilə məşğul olan alimlər arasında həyatın və insanın (canlı təbiətin) mənşəyi haqqında iki nəzəriyyə mövcuddur.

1. Növlərin təkamülü və ya transformizm nəzəriyyəsi. Bu nəzəriyyəyə görə üzvi aləmdə mövcud olan növlər sabit deyil. İndi yaşayan növlər əvvəl yaşayan növlərdən təbii yolla əmələ gəlmişdir. Deməli, indiki bütün üzvi aləm, bitkilər, heyvanlar və insan özü də milyon illər davam edən inkişaf prosesinin məhsuludur. Başlanğıcda ibtidai formalar, birhüceyrəlilər okeanlarda xüsusi şəraitdə (cansız varlıqdan) törəmişdir. Bu mikroskopik varlıqlar ibtidai həyati formalardan ali formalara doğru qradasiya istiqamətində dəyişməyə başladılar. Okeanlardan sahilə, sahildən havaya keçdilər. Təkamül prosesinin ən kamil nümunəsi bugünkü insanlardır. Onlar insanabənzər meymunların təkamülü nəticəsində meydana gəlmişlər.

2. Növlərin dəyişməzliyi nəzəriyyəsi. Bu nəzəriyyəyə görə üzvi aləmi təşkil edən növlər indiki şəkildə yaradılmış və dəyişməzdir. Heç bir növ digər növə çevrilməmişdir. İnsan da ayrıca yaradılmış və dəyişməmişdir.

Hər iki nəzəriyyənin tərəfdarları öz fikirlərini qətiyyətlə müdafiə etmiş və elmi dairələrdə dərin çəkişmələr müşahidə olunmuşdur. Lamark və Darvin Təkamül nəzəriyyəsini yeni dəlillərlə elmi ictimaiyyətə təqdim etdikdən sonra mövcud çəkişmələr daha da şiddətləndi[291]. Şübhəsiz, təbiətşünaslıq elmi dairələrində Təkamül təlimini müdafiə edən elm adamları çoxluq təşkil edir.

TRANSFORMİSTLƏRİN DƏLİLLƏRİ

Təkamül nəzəriyyəsini müdafiə edənlərin qarşıya qoyduğu dəlilləri aşağıdakı şəkildə qruplaşdırmaq olar.

Birinci dəlil: Təkamül nəzəriyyəsinin başlıca dəlili paleontoloji nailiyyətlər, qazıntı qalıqları üzərində aparılan tədqiqatlardır. Canlı varlıqların daşlaşmış skeletləri üzərində aparılan müqayisəli tədqiqatlar göstərir ki, canlılar (növlər) ibtidai formalardan ali formalara doğru qradasiya istiqamətində dəyişilmişdir. Qalıqların bu fərqliliyini yalnız Təkamül nəzəriyyəsi ilə izah etmək olar.

İkinci dəlil: Burada müqayisəli müşahidələr əsas götürülür. Müxtəlif heyvan skeletlərinin müqayisəli tədqiqatı nəticəsində növ əlamətlərində çox geniş dəyişkənlik olduğu üzə çıxmış və bəlli olmuşdur ki, heyvanların mənşəyi birdir.

Üçüncü dəlil: Burada embrioloji tədqiqatlar əsas götürülür. Hələ təkmilləşməmiş heyvan rüşeymlərini (embrionları) müqayisə etsək, onlarda böyük bənzərlik olduğunun şahidi olarıq. Bu, onların mənşəyinin ümumi olduğunun göstəricisidir.

NÖVLƏRİN DƏYİŞMƏZLİYİ TƏLİMİNİN TƏRƏFDARLARININ CAVABLARI

Növlərin dəyişməzliyi nəzəriyyəsini müdafiə edənlər bütün bu dəlillərə bir ümumi cavab verirlər. Onlara görə, bu dəlillər qənaətbəxş deyil. Qeyd olunan hər üç dəlil insanda təkamül haqqında ilkin təsəvvür (ehtimal, zənn) yaratsa da onu qəti şəkildə sübut etmir. Daha dəqiq desək, Təkamül nəzəriyyəsinin isbatı, onun bir hipotez (fərziyyə) şəklindən qəti elmi qanun şəklinə keçməsi konkret əqli (rasional) arqument və ya təcrübi, sensual fakt tələb edir. Lakin rasional biliklər, fəsəfə bu kimi mövcudlar haqqında fikir yürüdə bilmir. Təcrübələr isə kökü milyon illər öncəyə gedib çıxan məsələlər haqqında dəqiq nəticə əldə etməkdən acizdir. Bizim müşahidə etdiklərimiz zaman keçdikcə bitki və heyvanlarda baş verən qəfil dəyişkənlikdir (mutasiya[292]). Misal üçün, adi qoyun cinsindən qəflətən yeni qoyun tipi törəyir ki, yunu adi qoyunlarla fərqlənir. Yəni adi qoyun cinsinə nisbətdə daha zərif olur. Bu yeni törəyən qoyun tipindən merinos adlanan yeni qoyun cinsi formalaşır. Həmin mütasiyalar gözün, dırnağın rəngində, dərinin formasında da özünü göstərir. Lakin hələ başlıca bədən üzvlərində baş verən mühüm dəyişiklik və ya növdən növə keçid (çevrilmə) müşahidə olunmamışdır. Deməli, biz qəfil sıçrayışlar nəticəsində növ dəyişmələrinin, misal üçün, sürünən heyvanların uçuş qabiliyyətinə malik quşa çevrilməsini zənn etsək də bu, ehtimaldan başqa bir şey deyil. Çünki biz bunu təcrübi olaraq müşahidə etməmişik. Bütün bunlar göstərir ki, transformistlərin qarşıya qoyduğu dəlillər Təkamül təliminin yalnız bir hipotez (fərziyyə) olduğunu sübuta yetirə bilər. Buna görə də təkamül bir nəzəriyyə deyil, hipotez (fərziyyə) adlandırılmalıdır.

TƏKAMÜL TƏLİMİ VƏ TEOLOGİYA

Bir çoxları Təkamül hipotezi ilə teologiya (və ya metafizika) arasında böyük bir uçurum olduğunu göstərməyə çalışırlar. Çünki darvinizmin meydana gəldiyi dönəmdə kilsə ruhaniləri ilə bu təlimin tərəfdarları arasında şiddətli çəkişmələr baş verdi. Dövrün siyasi-ictimai şəraitinin təsiri altında elə təsəvvür yarandı ki, guya darvinizm teologiyaya qarşıdır. Lakin bu gün artıq məlum olmuşdur ki, darvinizm və teologiya heç də qarşı-qarşıya deyillər. Yəni biz darvinizmi qəbul və ya rədd etməyimizdən asılı olmayaraq teoloji inanc sahibi ola bilərik. Əgər Təkamül təlimi hipotez olmaqdan çıxıb bir elmi nəzəriyyə (qanun) kimi qəbul olunsa, səbəbiyyət qanununu isbat etmiş olacaq. Üzvi aləmdə mövcud olan səbəbiyyət qanunu qeyri-üzvi təbiətə hakim olan səbəbiyyət qanunundan heç də fərqlənmir. Təbiət hadisələrinin (yağış, zəlzələ və s.) səbəblərini dəqiqləşdirmək teoloji baxışların qarşısına sədmi çəkir? Təbii ki, yox. Buna görə də növlər arasında dəyişkənlik və ya təkamül əlaqələrinin kəşfi də teoloji baxışlara zidd ola bilməz. Bütün bunlar nəinki teoloji baxışlara qarşı deyil, əksinə bu növ baxışların isbatı üçün yeni dəlillər ortaya çıxarır[293].

TƏKAMÜL HİPOTEZİ VƏ İNSANIN MƏNŞƏYİ

Antik dövrlərlə bağlı tədqiqat aparan bəzi arxioloqların fikrincə Yerdə həyat 500 mln. il bundan öncə başlamışdır. Məməlilər 80 mln. il, insan isə 3 mln. il öncə meydana gəlmişdir. Onların qənaətinə görə, bu (insanın yaradılışı) qədim Daş dövrünə (Paleolit) təsadüf edir.

Doktor Paknijad yazır:

“Məməlilərin nə zaman yaranması haqqında dəqiq məlumat əldə olunmamışdır. Bu gün onların tarixinin sürünənlər qədər qədim olduğu söylənilir. Onlardan bəziləri ağaclarda yaşayırdılar. Aralarında qəribə yaradılışa malik (baş barmaqlı) pişiyəbənzər, iri gözlü Samur adlanan heyvan cinsi var idi. Bunları meymuna qədərki canlılar adlandırırlar. Zaman keçdikcə onların burnu qısaldı və ilkin meymunlar şəklinə düşdü. Sonradan meymunlar bugünki dörd əsas tipdə formalaşdılar (qorilla, oranqutan, hibban, şimpanze - sonuncu, təkmilləşmə baxımından hamısından öndədir). Növbəti mərhələdə bir neçə meymun insanabənzər şəkilə düşməyə başladı. 1962-ci ildə Keniyada tapılan insan qalığının (kəllə və ətraf sümükləri) 14 mln. öncəyə aid olduğu müəyyən edilmişdir. Şərqi Afrikada (Tanzaniyada) tapılan digər insan qalığının (kəllə) 1,7 mln. il yaşı olduğu müəyyən edilmişdir. Digər qədim hominid isə Efiopiyada aşkar edilmişdir. Təyin edilmişdir ki, onların nitq ünsiyyəti ibtidai inkişaf mərhələsini keçirdi. Ehtimallara görə bir neçə yüz sözdən ibarət dildə danışırmışlar. Qəbilə şəklində yaşayır və 40 il ömür sürürmüşlər (alim və arexoloqlar digər insan növləri də aşkar etmişlər ki, bu haqda davamlı olaraq dövri mətbuatda oxuyuruq).

Qədim insanlar 500 min il tarixə malikdirlər. Lakin müasir insanın tarixi yalnız 50 min ildir. Ondan öncəki dövr haqqında isə hər hansı bir məlumat yoxdur. Ən məşhur qədim insanlar avstralopiteklər, titekantroplar, neoantroplar, və kromanyonlardır ki, ardıcıl olaraq 35, 150, 300, 550 min il öncəyə təsadüf edirlər. Onlar insan idilər və insan həyatı sürürdülər. İtiuclu, dəstəli kəsici alətlər düzəldir, oddan istifadə edirdilər. Neoantroplar öz ölülərini dəfn edirdilər. Onların arasında dini inanclar mövcud olmuşdur. Onlar 600 il öncə mağarada yaşadıqları, ölümdən sonrakı həyata etiqad bəslədikləri aşkar olunmuşdur.



Geri   İrəli
Go to TOP