A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın elmi ecazkarlığl
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 288
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


“Təfsiri-nümunə”də oxuyuruq:

“دابة” [dabbə] sözü ən kiçik həşəratdan başlayaraq nəhəng heyvanlara qədər bütün varlıqları əhatə edir. Məlum ayədən göylərdə canlı varlıqların yaşadığı anlaşılır. Alimlər isə bu haqda hələ də qəti bir söz deyə bilmirlər. Onlar sadəcə bəzi planetlərin həyat üçün əlverişli olduğu ehtimalını irəli sürürlər”[238].

Həzrət Əlidən (ə) nəql olunan bir hədisdə deyilir:

“Səmada müşahidə etdiyiniz ulduzlarda da Yerdə olduğu kimi şəhərlər mövcuddur”[239].

Əbd ər-Rəzzaq Nofel bu haqda geniş söhbət açaraq yazır:

“Quranda əsrlər öncə göylərdə də canlı varlıqların yaşadığı bildirilir”.

O, bunun sübutu üçün Şura surəsinin 29-cu ayəsinə əsaslanır və bildirir ki, Allah göylərdə və Yerdə mövcud olan canlı varlıqların hamısını bir yerə toplaya bilər[240].

Əbd əl-Qəni əl-Xətib məlum ayə haqqında danışarkən göy cisimlərində həyat olduğu haqda fikirləri qeyd edir.[241]

Zəməxşəri öz təfsirində yazır:

“Çox güman ki, göylərdə də Yerdə yaşayan canlıların bənzəri yaradılmışdır”[242].

Əbu Səid öz təfsirində yazır:

“Göy cisimlərində də Yerdə olduğu kimi canlılar mövcuddur”.

Fəxr Razi yazır: “Ehtimal ki, Allah göylərdə müxtəlif heyvanlar yaratmışdır”[243].

Ayətullah Hüseyn Nuri yazır:

“Son zamanlar sovet alimləri bizim qalaktikada milyardlarla həyat üçün əlverişli olan cisim olduğunu kəşf etmişlər. Maraqlı burasıdır ki, Quran 14 əsr öncə elmin bu nailiyyətindən xəbər verir”.

O, məlum ayədə iki mühüm məqamın mövcudluğunu qeyd edir.

1. Göylərdə də Yerdə olduğu kimi canlı varlıqlar mövcuddur.

2. Allah istədiyi zaman bu varlıqlar bir-birindən xəbərdar olacaqlar (bir-birlərini görəcəklər)[244].

Əllamə Təbatəbaiyə aid edilən “Quranın ecazkarlığı” adlı kitabda məlum ayəyə (Şura, 29) istinad olunaraq göy cisimlərində də həyat olduğu açıqlanır.

Bir çox yazarlar yuxarıda qeyd olunan ayələrə əsaslanaraq (Şura, 29; Nəhl, 53; Nur, 45) göy cisimlərində canlıların, hətta bitkilərin və abadlıqların (Buruc, 2) mövcudluğu ehtimalını irəli sürmüşlər[245].

YEKUN

Məlum ayəni (Şura, 29) Yerdənkənar sivilizasiya ilə uyğunlaşdırmaqla bağlı bir neçə məqamı diqqətdən qaçırmaq olmaz.

1. “سماء” [səma] və “سموات” [səmavat] ifadələri Quranda bir neçə fərqli mənada işlənmişdir. Sözügedən açıqlama (təfsir) o zaman doğru olar ki, ayədə qeyd olunan “سموات” [səmavat] sözündən məqsədin göy cisimləri olduğu isbat edilsin. Bir halda ki, “سماء” [səma] sözündən məqsəd Yeri əhatə edən qaz örtüyü (atmosfer), “دابة” [dabbə] sözündən məqsəd isə adi gözlə görülməyən kiçik varlıqlar (mikroblar) və ya göydə uçan quşlar olduğu fikri də irəli sürülə bilər. Lakin buna baxmayaraq, ayənin hər iki açıqlamaya aid olduğu istisna edilmir.

2. Əgər Yerdənkənar sivilizasiyanın mövcudluğunun elmi baxımdan isbat edilmədiyini, hələ də güclü bir ehtimal olduğunu nəzərə alsaq, bu fikri qəti olaraq Qurana aid edib onun elmi möcüzəsi hesab edə bilmərik.

3. Əgər ikinci ehtimalın üzərində dayansaq, o zaman ayədə hamının müşahidə etdiyi real həyatdan söhbət açıldığının şahidi olacağıq. Bu, Allahın nişanələrindəndir. Yəni Allah havanı elə bir şəraitdə yaratmışdır ki, quşlar orada sərbəst hərəkət edə bilirlər. Mikroblara gəldikdə isə erkən çağ ərəblərinin bu haqda məlumatsızlığını nəzərə alsaq, buna elmi rəng verib Quranın möcüzələrindən hesab etmək olar.

QURANA GÖRƏ DÜNYANIN SONU NƏ ZAMAN VƏ NECƏ BAŞ VERƏCƏK?

Quran Qiyaməti dünyanın sonu, yeni bir dünyanın başlanğıcı hesab edir. Bu səmavi kitab bir çox ayələrdə Qiyamət öncəsi baş verəcək hadisələrdən söhbət açır ki, bunların bəziləri Qiyamətin nişanələrindən hesab olunur.

Quran şərhçiləri və astronomlar mövcud Kainatın sonu ilə bağlı ayələri bir neçə qismə ayırırlar:

a) Günəş və ulduzların sönükməsinə işarə vuran ayələr;

وَإِذَا النُّجُومُ انكَدَرَتْ إِذَا الشَّمْسُ كُوِّرَتْ

“And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta); And olsun (günəşin) ardınca çıxan aya!”[246]

“Müəyyən vaxta qədər (səmada) dolanan Günəşi və Ayı ram edən məhz Allahdır”[247].

b) Ayın parçalanmasından söhbət açan ayələr;

“O saat (qiyamət) yaxınlaşdı və ay parçalandı”[248].

c) Səma və ulduzların mövcud düzümünün pozulması ilə bağlı ayələr;

“Göy parçalanacağı zaman; Ulduzlar dağılıb səpələnəcəyi zaman”[249].

“Günəşlə ay birləşəcəyi zaman”[250].

ç) Yerdə böyük zəlzələlərin baş verəcəyindən xəbər verən ayələr;

“Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir![251]

d) Dağların parçalanmasından söhbət açan ayələr;

“Dağlar isə didilmiş yun kimi olacaqdır![252]

e) Dənizlərin od tutub yanmasından söhbət açan ayələr;

“Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman[253]”.

ə) Səmanı tüstü bürüməsi haqqında danışan ayələr;

“Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə![254]

DÜNYANIN SONU HAQQINDA ELMİ FİKİRLƏR

Kosmologiyada dünyanın sonu ilə bağlı iki məsələ müzakirə olunur:

Birinci: Kainatın genişlənməsinin sonu varmı?

Dünya daim genişlənməkdədir. Qalaktikalar sürətlə bir-birlərindən ayrılmaqdadır. Bu genişlənmə prosesi daim davam edəcəkmi? Bu genişlənmə bir gün sona yetəcəkmi? Alimlər bu suallara cavab olaraq üç ehtimal irəli sürürlər:

a) Dünyanın genişlənməsi daimidir (sonsuzdur);

b) Sonda dünya cazibə qüvvəsinin təsiri ilə sıxılaraq (yumularaq) bir nöqtəyə qayıdacaq;

c) Dünya daim partlayışlarla qarşı-qarşıyadır.

Rus fiziki Aleksandr Fridman (1888-1925) 1920-ci ildə göstərirdi ki, bu sualların cavabı Kainatın kütləsi ilə bağlıdır[255].

İkinci: Günəş, Yer və ulduzların sonu necə olacaq?

Bəzi fizik və astronomların fikrincə, Günəş 10 mlrd. il istilik vermәk qabiliyyətinə malikdir. Hal-һazırda onun ömründәn 5 mlrd. il keçmişdir[256]. Deməli, planetimiz (Yer) hələ 5 milyard il Günəş ətrafında fırlanacaqdır. Günəş ömrünün son günlərində hava balonu tək şişərək nəhəng bir ulduz şəklini alacaq və günəş sisteminin iki planeti – Venera (Karvanqıran) və Merkuri ilə birləşəcəkdir.

Yer 1000 dərəcə istiliyə malik olacaq. Həyat izləri silinəcək. Bütün okeanlar buxara çevriləcək”[257].

Bəzi nəzəriyyəçilər ulduzların sönükməsi haqqında yazırlar:

“Bütün ulduzlar istilik-nüvə reaksiyaları hesabına şüalandığından nəhayət bu şüalanma sona yetəcəkdir. Ulduzlar genişlənəcək və bundan yaranan parlaq qazlar (ulduzların üst qabığı) nağılvari şəkildə fəzaya səpələnəcək. Bunlar, “planetşəkilli dumanlıqlar” adlanır. Ulduzların nüvə ehtiyatı bitdikdə cazibə qüvvəsi onları öz təsiri altına salacaq və çox isti kül təpəciklərinə çevriləcəklər. Çox böyük ulduzlar baş verəcək bir partlayış nəticəsində öz parlaqlıqlarını itirəcəklər. Daxilində nüvə partlayışı baş verən ulduzların üst qabıqları kənara sıçrayacaq. Can verməkdə olan ulduz yalnız bir neçə saat enerji yayacaq”[258].

ELMİ SİRLƏR

Bəzi təfsirçilər məlum ayələrin dünyanın sonu ilə bağlı kosmoloji nailiyyətlərlə üst-üstə düşdüyü haqqında söhbət açmışlar.

1. Ayətullah Məkarim Şirazi, “Pəyami-Quran” adlı təfsir əsərində dünyanın sonu ilə bağlı ayələri təhlil edərkən “Təkvir” surəsinin 1-2-ci ayələri haqqında yazır:

“کورت” [kuvvirət] sözü, bükülmək, yığılmaq (sıxılmaq) mənalarını ifadə edir. Bəzən isə sönükmək kimi tərcümə olunur. Ehtimal ki, Günəşə nisbətdə hər iki məna keçərlidir. Belə ki, günəş tədricən sıxılaraq (büzüşərək) parlaqlığını itirəcək (sönükəcək).

“انکدرت” [inkədərət] sözü sönükmək, qaralmaq, çökmək, parçalanmaq mənalarını ifadə edir. Deməli, Qurana görə dünyanın sonunda Günəş sisteminin ən parlaq cismi sönükəcək. Digər ulduzların da taleyi belədir.

Alimlərin fikrincə Günəşin enerjisi onun daxilində gedən istilik-nüvə reaksiyalarından törəyir. Onun çəkisi hər gün 1 milyard ton azalır və bu onun tədricən sönükməsinə, parlaqlığını itirməsinə gətirib çıxarır”[259].

O, Günəş və Ayın cəmləşməsi (“Qiyamət”, 8) haqqında yazır:

“Çox güman ki, Günəş və Ayın cəmləşməsindən məqsəd Ayın cazibə müvazinətinin pozulması nəticəsində mərkəzə, yəni Günəşə doğru cəzb olunmasıdır[260].

“İnfitar” surəsinin 1-2-ci ayələri haqqında yazır:

“Ulduzların da düzümü, cazibə müvazinəti pozulacaqdır. Çox güman ki, Quran da buna işarə vurur”[261].

O, “İnfitar” surəsinin 3 və “Təkvir” surəsinin 6-cı ayələrini izah edərkən üç ehtimalı qeyd edir:

Birinci ehtimal: Su iki ünsürdən - oksigen və hidrogendən təşkil olunmuşdur. Bunlar hər ikisi yanmaq qabiliyyəti olan qazlardır. Suyun tərkibi ayrılacaq və böyük yanğınlar törənəcək.

İkinci ehtimal: Qiyamət öncəsi böyük zəlzələlər nəticəsində Yer yarılacaq və dənizlər bir-birinə qovuşacaq.

Üçüncü ehtimal: Dağların parçalanaraq dənizlərə tökülməsi və yaxud göydən yağan bərk cisimlərin okeanlara düşməsi suyun daşmasına və bütün quru əraziləri su basmasına gətirib çıxaracaqdır.

2. Yazıçılardan biri Qiyamət surəsinin 9-cu ayəsinə toxunaraq gerçəkliyə hakim olan mövcud düzümün pozulması haqqında yazır:

“Atom nüvəsi ilə onun ətrafına fırlanan elektronlar arasındakı boşluq onların kütlələrinə nisbətdə çox genişdir. Əgər bir atomun 1 kmolduğunu şərtləşsək, onun yalnız 1 m-ini nüvə və proton tutur. Elektron isə 1 km-lik fasilədə nüvə ətrafında hərəkət edir (fırlanır).

Əslində bütün varlıqlar (canlı və ya cansız) atomlardan təşkil olunmuşdur. Əgər atomlar arasındakı məsafə və boşluq aradan getsə, bütün varlıqlar öncəki çəkilərini qorumaq şərtilə olduqca kiçik varlıqlara çevrilər və bu zaman bütöv maddi aləm bir göz qırpımında dağılar. Yer kürəsi kiçik bir narınc şəklini alar[262].

Sonra göy cisimləri kiçik yumaq (şar) şəklinə düşərək bir-biri ilə toqquşacaqlar. Bu elmi həqiqət (böyük Köpək bürcündə) Sirius adlanan çox böyük bir ulduzun bir anda kiçik bir ulduza çevrilməsi zamanı isbat olundu”[263].

3. Bəziləri Təkvir, 3 ayəsini suyun tərkibində oksigen atomunun hidrogendən ayrılması kimi izah edirlər[264].

4. Bəzi müasir yazıçılar Təkvir surəsinin 1, İnfitar surəsinin 1 və 2-ci ayələrinə toxunaraq Günəş və ulduzların sönükməsi haqqında bir neçə nəzəriyyəni qeyd etmişlər:

a) Doktor C. Qamov yazır:

“Elə bir gün gələcək ki, Yer (eləcə də digər planetlər) böyük bir partlayış nəticəsində qaz-toz şəklinə düşəcəklər”[265].

b) Professor A. Maseviç yazır:

“Bir gün Günəşin hidrogen ehtiyatı nüvə reaksiyaları nəticəsində bitəcək”[266].

c) Elm adamlarından biri yazır:

“Termodinamik prinsiplərə görə bütün cisimlər getdikcə hərarətini itirir. Elə bir gün gələcək ki, bütün cisimlərin hərarəti bərabər səviyyəyə enəcək və bu, bütün varlıqların, göy cisimlərinin məhvinə gətirib çıxaracaq”[267].

5. Bəzi yazıçılar Ayın parçalanması (Qəmər, 1) haqqında yazır:

“Son dövrlərdə astronomlar belə bir nəticəyə gəlmişlər ki, bir gün Ay iki və ya daha çox hissəyə bölünəcək. Bunlar da öz növbəsində partlayaraq min dəfələrlə bölünəcəklər.

Avropa astronomuJeames göstərir ki, gələcəkdə Ay Yerə son dərəcə yaxınlaşacaq. Bu zaman Yer çökmək təhlükəsi ilə üzləşəcək”[268].

6. Əbd ər-Rəzzaq Nofel də dünyanın sonu, Günəş və Ayın taleyi haqqında bir neçə nəzəriyyənin mövcud olduğunu göstərir.

7. Əhməd Məhəmməd Süleyman məlum ayələr haqqında bir neçə ehtimalı qeyd etdikdən sonra Duxan surəsinin 10-cu ayəsində sözügedən “دخان” [duxan] sözünü alov kimi tərcümə edir və dünyanın sonu ilə əlaqələndirir. Sonra Günəşin partlaması və sönükməsi ehtimallarını qeyd edərək bildirir ki, Yer ya Günəşin istisindən törənən alov, ya da onun sönükməsindən qaynaqlanan şaxta nəticəsində məhv olacaq[269].

8. Bəzi alimlər Duxan surəsinin 10-cu ayəsini ilahi möcüzə hesab edir və bildirirlər ki, dünya Qiyamətdə “دخان” [duxan] (tüstü) olacaq və bu elmi bir həqiqətdir[270].

YEKUN

Qeyd olunan fikirlərin dünyanın sonu ilə uyğun olduğuna baxmayaraq, bir neçə məqama diqqət yetirmək lazımdır.

1. Ayın parçalanması haqqında (Qəmər, 1) qeyd olunanlar iki cəhətdən tənqid oluna bilər.

Birincisi, qeyd olunan elmi məsələlər qəti olaraq sübuta yetirilməmişdir. Ayın parçalanacağının elmi səbəbləri qeyd olunmayıb, sadəcə onun Yerə yaxınlaşması önə çəkilmişdir. Bu versiya doğru olsa belə Ayın Yerə cəzb olunması nəticəsində baş verir. Bir halda ki, Quran Qiyamət öncəsi Günəş və Ayın bir yerə toplaşmasından söhbət açır (Qiyamət, 9).

İkincisi, təfsirçilər Ayın parçalanması haqqında iki ehtimalı qeyd edirlər:

a) Ayədən məqsəd Peyğəmbər (s) dönəmində baş vermiş məşhur “Şəqq əl-qəmər” (Ayın bölünməsi) möcüzəsidir. Hansı ki, bu möcüzə özü Qiyamətin yaxınlaşmasını göstərən nişanələrdəndir. Necə ki, sonuncu Peyğəmbərin (s) gəlişi özü də Qiyamətin yaxınlaşmasının əlamətlərindəndir.

b) Ayədən məqsəd Ayın Qiyamət zamanı parçalanmasıdır.

2. “Duxan” surəsinin 10-cu ayəsi haqqında təfsir kitablarında üç ehtimal irəli sürülmüşdür.

Birinci ehtimal: Ayədə məqsəd odlu tüstüdür. Hansı ki, Qiyamətin əzablarından biridir.

İkinci ehtimal: Ayədə məqsəd tüstü sözünün məcazi mənasıdır. Yəni məqsəd Peyğəmbər (s) dönəmində kafirləri əhatə edən quraqlıqdır.

Üçüncü ehtimal: Məqsəd Qiyamət öncəsi hər yeri bürüyəcək tüstüdür.

Təfsirçilərə görə ilk iki ehtimal zəifdir. Üçüncü ehtimal isə daha məqsədəuyğundur. Bunu təsdiq edən çoxsaylı rəvayətlər də mövcuddur[271].

Hər halda Əhməd Məhəmməd Süleymanın irəli sürdüyü fikir (tüstüdən məqsədin alov olması fikri) leksik və hədis baxımdan təsdiq olunmur.

3. Quranda Günəş və ulduzların sönükməsi, onların düzümünün dağılması haqqında ümumi işarələr olsa da bu haqda qəti elmi nəzəriyyə mövcud olmadığı üçün bu və ya digər versiyanı Qurana aid etmək yanlışdır.

4. “فجرت” [fuccirət] və “سجرت” [succirət] ifadələrinin suyun tərkibindəki atomların partlaması ilə bağlı olması haqqında heç bir tutarlı dəlil yoxdur. Oksigenin hidrogendən ayrılmasını da yalnız bir ehtimal olaraq önə çəkmək olar. Digər açıqlamalar da “فجرت” [fuccirət] və “سجرت” [succirət] ifadələrinə yaddır.

5. Quranın Günəşin, ulduzlar və digər planetlərin sonu haqqında işarələri mövcud elmi nəzrəiyyələrə müəyyən qədər uyğundur. Bu bir növ elmi sirlərin üstünün açılması hesab olunur. Lakin bir gün bu qəti olaraq öz elmi sübutunu taparsa o zaman Quranın elmi möcüzəsi hesab oluna bilər.

ÜÇÜNCÜ FƏSİL

QURAN VƏ RİYAZİ ELMLƏR

Son illərdə qələm sahibləri Quranın ecazkarlığının digər tərəfi, ədədlərlə bağlı möcüzələri haqqında fikir yürütməyə başlamışlar. Onların fikrincə Quranda riyazi bir ahəngdarlıq mövcuddur. Əlbəttə, bu fikrin izlərinə ilk olaraq Syutinin “əl-İtqan” əsərində rast gəlirik[272].

Son illərədək bu elmi sirrin üstü açılmamışdı. Kompyuterin meydana gəlməsi bu yeni yaranmış fikrin inkişafına təkan verdi və Quranın ecazkarlığını bir daha sübuta yetirdi. Sözügedən qələm sahibləri bu vasitə ilə digər nəticələr də əldə edirlər ki, qarşıda bu haqda söhbət açacağıq. Bu sahədə tədqiqat aparan elm adamlarının önündə gedən adlar Rəşad Xəlifə, Əbd ər-Rəzzaq və başqalarıdır.

Qarşıda isə bu fikirləri qəbul etməməkdə israrlı olan digər Quran şərhçiləri var. Belə ki, bəziləri bu hesablamaları yanlış, bəziləri isə daha da irəli gedərək Bəhailiyin fitnəsi, yanlış yolda olan təmayülçü bir cərəyan hesab edir və buna dəlil olaraq Rəşad Xəlifənin peyğəmbərlik iddia etdiyi üçün öldürüldüyünü göstərirlər.

Biz öncə hər iki fikrin tərəfdarları və onların kitabları haqqında məlumat verəcək və sonda yekun fikrimizi diqqətinizə çatdıracağıq:

a) Quranın ədədlərlə bağlı ecazkarlığını qəbul edənlər;

Bu haqda çoxlu sayda elm adamları kitab yazmışlar. Burada bir neçə mühüm əsəri diqqətinizə çatdırırıq.

1. “Möcüzə əl-Quran əl-kərim”, Doktor Rəşad Xəlifə.

Doktor Rəşad Xəlifə Misirin “Təntə” şəhərində sufi ailəsində dünyaya göz açdı. O, 1971-ci ildə Məkkədə rəsmi şəkildə təsəvvüf xələfləri cərgəsinə qoşuldu.

Yeni təhsilini Qahirə “Eyn əş-şəms” Kənd Təsərrüfatı Universitetində başa vurdu. Sonradan Arizona universitetində aspiranturanı (1959-1961), Kaliforniya universitetində isə doktoranturanı (1962-1964) Bitki Biologiyası fakültəsində bitirdi.

O, üç il müddətində kompyuterdən istifadə edərək Quran haqqında tədqiqat apardı. Bu tədqiqatın nəticəsini 1351 h. ş. ilində dünya mediyasına açıqladı. Onun “Möcüzə Quran əl-Kərim” əsəri 1983-cü ildə çapdan çıxdı. Çox keçmədən Amerikada ingilis variantı çap olundu.

Rəşad Xəlifənin bütün səyi Quranda “müqəttəə” hərflərin sirlərini açmağa yönəlmişdir. O, sübut edir ki, surələrin başlanğıcında yerləşən “müqəttəə” hərflər həmin surənin hərfləri ilə sıx əlaqədədir. O, bu hesablamaları aparmaq üçün kompyuterdən kömək almış və bildirmişdir ki, Quranın 29 surəsində “müqəttəə” hərf var. Bu hərflərin məcmusu ərəb əlifbasının 28-hərfini təşkil edir.

O, bu hərflərin 114 surəyə nisbətini tədqiq etmiş və maraqlı nəticələr əldə etmişdir.

“ن” hərfi “ن و القلم ” surəsində digər surələrə nisbətdə çoxluq təşkil edir.

O, 19 ədədinin (Müddəssir, 30) Quranda özünəməxsus yeri olduğunu qeyd edir və bəzi ayə və sözlərin sayını ona tətbiq edərək riyazi bir düzüm qarşıya qoyur. O, çoxsaylı hesablamalarla, riyazi cədvəllərlə bunu isbat etməyə çalışır və aşağıdakı nəticəni əldə edir:

a)Quran Allah kəlamıdır. “Müqəttəə” hərflər özünəməxsus yerlərində yerləşdirilməklə əlifba hərflərinin Quran boyunca dəqiq paylanmasını göstərir. Belə bir inkişaf etmiş üslubun bəşər tərəfindən təqdim oluna biləcəyini heç kim iddia edə bilməz.

O, Quranın ecazkarlığını bu yolla sübut etməyə çalışır. Hətta həzrət Musa (ə) və İsanın (ə) da möcüzələrini Quranla sübut edir.

b)Quran surələrinin mövcud tərtibi bilavasitə Allahın ilhamıdır;

c)Quran surələrinin bugünkü ardıcıllıqla Allah tərəfindən nazil olması;

ç)Surələrin nazil olduğu məkanın (Məkkə və ya Mədinə) təsdiqlənməsi;

d)Quranda sözlərin məxsus qaydada yazılması bilavasitə Allahın göstərişidir. Buna görə də Quranda sözlərin yazılışının dəyişilməməsini tövsiyə edir;

e)Surələrin ayələrə bölünməsi Allahın əmri ilə gerçəkləşmişdir;

ə) بسم الله الرحمن الرحیم ayəsi hər bir surənin ayrılmaz hissəsidir (Tövbə surəsindən başqa). O, bunu da riyazi yollarla sübut edir.

2. “Quranın ecazkarlığı”, müqəttəə hərflərin statistik təhlili”.

Kitabın Müəllifi Rəşad Xəlifədir. Tərcümə və əlavələr isə Seyid Məhəmməd Təqi Ayətullahiyə məxsusdur. Tərcüməçi bu kitabı ingiliscədən çevirmiş, bəzi əlavələr də etmişdir.

3. “XX əsrin möcüzəsi”, İbn Xəlifə.

O, 110 səhifədən ibarət əsərində Quranın əmrlərinin 90%-nin yeddi, üç və ya bir olduğunu və təkrarlanması zəruri olduğunu qeyd etmişdir.

Misal üçün, اعبدوا (ibadət edin) əmri üç dəfə ümumkütləyə müraciətlə qeyd olunmuşdur. Eyni ifadə ilə üç dəfə məkkəlilərə, üç dəfə İslam peyğəmbərinə (s) müraciət olunmuşdur. Şüeyb (ə), Nuh (ə), Hud (ə), Saleh (ə) və İsa (ə) hər biri üç dəfə öz qövmünə bu ibarə ilə müraciət etmişdir. Bu, çox qəribə bir sirdir.

O, bu ədəd düzümünü Quranın elmi möcüzəsi hesab edir.

4. “Əl-Mənzumat əl-ədədiyyə fil-Quran”, Mustafa Əbu Yusif Bədran.

Bu kitab 88 səhifədən ibarətdir. Əsasən müqəttəə hərflərin riyazi əlaqələrini və “الله” sözünün müxtəlif variantlarını tədqiq edir.

5. “Əl-Ecaz əl-ədədi lil-Quran əl-kərim”, Əbd ər-Rəzzaq Nofel.

Bu kitab üç cilddə çap olunmuş, sonradan Mustafa Hüseyni Təbatəbai tərəfindən tərcümə edilmişdir. O, Quranda sözlərin təkrar olunmasının ümumi bir qayda ilə həyata keçirildiyini iddia edir. Misal üçün, dünya sözü 115, axirət sözü də 115 dəfə işlənmişdir. Şeytan və Məlaikə sözləri hər biri 68 dəfə işlənmişdir. Həyat və ölüm sözləri 145 dəfə işlənmişdir.

O, bunu bir möcüzə kimi qiymətləndirir və bildirir ki, Quranın sözlərindəki bu ahəngdarlıq onun vəhydən başqa bir şey olmadığının sübutudur. Çünki bu insan qüdrətinin, bəşər ağlının fövqündədir.

6. “Ecazatun hədisətun elmiyyətun və rəqəmiyyətun fil-Quran”, Doktor Rafiq Əbu əs-Süud.

O, kitabının bir fəslində Quranın ədədlərlə bağlı möcüzələrindən söhbət açır və Əbd ər-Rəzzaqın fikirlərinə bənzər fikirlər söyləyir. Misal üçün, diqqəti aşağıdakı sözlərin Quranda işlənməsinə yönəldir.

ər- Rəhman 57, ər-Rəhim 114 dəfə;

əl- Cəza 117, əl- Məğfirə 234 dəfə;

əl- Fuccar 3, əl-Əbrar 6 dəfə;

əl- Üsr 12, əl- Yüsr 36 dəfə;

Qul 332, Qalu 332 dəfə;

İblis 11, İstəazəllah 11 dəfə;

əl- Müsibət 75, əş- Şükr 75 dəfə;

əl- Cəhr 16, əl- Əlaniyə 16 dəfə;

əş- Şiddə 102, əs- Səbr 102 dəfə;

əl- Məhəbbə 83, ət-Taət 83 dəfə;

7. “Sistemlər metodunun işlədilməsi”, L. Rossel. O, kitabın bir fəslində Rəşad Xəlifənin qeydlərini tərcümə edir.

8. “Quranda 19 möcüzəsi”, Bəssam Nahad Cərrar. O, Rəşad Xəlifənin riyazi hesablamalarını izah edərək ona iradlarını bildirir və 19 ədədinin ecazkarlığının yeni izahını verir. Quranda sözü gedən 38 ədəd mövcuddur. Bu 19 ədədinin toplanmasından alınan ədəddir. Quranda düzgün şəkildə işlənən ədədlərin sayı 285- dir. Bu da 19 ədədinin toplanması nəticəsində meydana gəlir (15 x 19 = 285).

9. “Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi.

O, təfsir əsərinin ikinci cildində Ali-İmran surəsinin birinci ayəsini izah edərkən Doktor Rəşad Xəlifənin fikirlərini geniş şəkildə qeyd edir, haqqında fikir yürütmək üçün isə ətraflı tədqiqata ehtiyac olduğunu vurğulayır.

O, Rəşad Xəlifənin fikirlərini qeyd etdikdən sonra aşağıdakı nəticələri alır:

a) Quranın orijinal yazı xəttini qoruyun;

b) Bunlar Quranın təhrif olunmadığını bir daha təsdiq edir;

c) Dolğun mənalı işarələr (Müqəttəə hərflərdən sonra Quranın haqq tərəfindən göndərildiyi qeyd olunur);

O, yekun olaraq yazır: “23 il ərzində Peyğəmbərə (ə) nazil olan Quranda o qədər dəqiq hesablamalar mövcuddur ki, onları qorumaq yalnız elektron beyinlərin bacaracağı işdir[273].

10. Quranın ədədlərlə bağlı ecazkarlığı və iradlara cavab”, Mahmud Əhmədi.

O, Əbd ər-Rəzzaq və Rəşad Xəlifəyə ünvanlanan iradlara cavab verməyə çalışır.

11. “Əl- Möcüzə”, Ədnan Rəfai.

Burada da Əbd Ər-Rəzzaq Nofelin və Rafiq Əbu Səidin fikirlərinə oxşar fikirlər qeyd edir.

12. “Əl-Ecaz əl-ədədi fi surəti əl-fatihə”, Təlhə Cövhər.

O, əsasən 19 ədədindən söhbət açır və بسم الله الرحمن الرحیم ayəsini “ تسعة عشر” (Muddəssir, 30) ayəsi ilə müqayisə edir. Sonda isə 19 hərfdən ibarət ayələri toplamış və Quranın ədədlərlə bağlı riyazi ecazkarlığını sübut etməyə çalışmışdır.

13. “Quranda tək və cüt möcüzəsi”, Kuruş Cəmnişan.

O, Fəcr surəsinin cüt və təkə and içilən üçüncü ayəsinə əsaslanaraq Quranda tək və cüt ədədlər sistemi olduğu fikrinə düşmüşdür. Nəticədə cüt ədədlərin tam olaraq Quran ayələrinin sayına bərabər, yəni 6236, tək ədədlərin isə bütün surələrin sayının cəminə bərabər, yəni 6555 olduğu anlaşılmış və beləcə Quranın ecazkarlığının digər tərəfi də üzə çıxmışdır.

14. “Mavərai-ehtimal”, Abdullah Ərik.

Bəzi yazıçılar yuxarıdakı kitaba əsaslanaraq بسم الله المفقودة adlı məqalə yazmış və Tövbə surəsində بسم الله الرحمن الرحیم ayəsinin olmaması, Nəml surəsində isə təkrar olunmasının çox hikmətli bir fakt və Quranın ecazkarlığına sübut olduğunu vurğulamışlar.

15. “Minəl-ecaz əl-bəlaği və əl-ədədi”, Doktor Əbu Zöhrə Nəcdi.



Geri   İrəli
Go to TOP