A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın elmi ecazkarlığl
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 288
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Əllamə Təbatəbai “Quranın ecazkarlığı” kitabının müqəddiməsində Yerin öz oxu ətrfında fırlanmasının Naziat surəsinin 30-cu ayəsindən anlaşıldığını qeyd edərək yazır:

“Qaliley Yerin öz oxu ətrafında fırlanması haqqında fikir yürütməzdən min il öncə Quran açıqca Yerin fırlanmasından danışır (Naziat, 30). Hədislərdə bu haqda o qədər söhbət açılmışdır ki, “دحوالارض” [dəhv əl-ərz] anlayışı dillər əzbəri olmuşdur”.

Onun fikrincə“دحو” [dəhv] sözü leksik məna etibarı ilə diyirlətmək, yuvarlatmaq mənalarını ifadə edir. Bu söz “Nəhcül-bəlağə”də[187] keçmiş və indiki zaman feli sifətləri kimi işlənmişdir. Bəzi rəvayətlərdə 25 zilqədə “دحو الارض” [dəhv əl-ərz] günü kimi göstərilərək müəyyən əməllər tövsiyə edilmişdir[188].

Seyid Şəhristaninin fikrincə Naziat surəsinin məlum 30-cu ayəsinin Yerin hərəkəti ilə bağlı olduğunu ilk dəfə Əllamə Seyid Məhəmməd Hüseyn Mərəşi Şəhristani (vəfat-1315 h.q.) “Məvaid” adlı elmi məqaləsində qeyd etmişdir. Mərhum Şəhristani bu fikri təsdiq edərək isbat etmək üçün yeddi dəlil göstərir[189].

“Təfsiri-nümunə”nin müəllifi “طحا” [təha] sözünün Yerin genişlənməsi, onun suyun altından qabararaq üzə çıxması kimi tərcümə edir. Lakin sovuşdurmaq, (özündən) uzaqlaşdırmaq, dəf etmək kimi başa düşülüb Yerin öz oxu ətrafında və ya orbit boyunca fırlanmasına aid olduğunu rədd edir[190].

YEKUN

“دحو” [dəhv] və “طحو” [təhv] sözlərinin leksik mənasına nəzərən məlum ayələrin Yerin öz oxu ətrafında və orbit boyunca hərəkətinə aid olduğunu demək olar. Əlbəttə, “دحو” [dəhv] və “طحو” [təhv] sözlərini genişlənmək kimi də başa düşmək olar. Bu iki məna biri-digərini istisna etmir.

4. أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا

“Məgər Biz Yeri məskən etmədikmi?”[191]

“کفات” [kifat] sözü bir neçə şəkildə tərcümə edilmişdir.

1. Toplamaq, cəmləmək, almaq. Yəni Yer diri və ölüləri (özündə) cəmləmişdir. Yaxud insanları, heyvanları, canlı və cansız təbiəti (özündə) cəmləmişdir[192].

2. Sürətli uçuş “کفات” [kifat] sözünün ilkin mənası quşun uçmaq üçün qanadlarını yığmasıdır[193].

“Təfsiri-nümunə”nin müəllifi “کفات” [kifat] sözünün hər iki mənasını qeyd edərək ayənin tərcüməsində iki ehtimalı önə çəkir. Bir ehtimala görə ayədə məqsəd Yerin (diri və ölülərin) qərarlaşdığı məkan olduğu, digər ehtimala görə isə Yerin sürətli hərəkəti, yəni öz oxu ətrafında və ya orbit üzrə hərəkətidir. Hansı ki, bu məsələ Quranın nazil olduğu dönəmdə kəşf olunmamışdı. Lakin ikinci ayəyə nəzərən birinci ehtimal daha dəqiqdir[194].

Bəzi elm adamları ayədə aşağıdakı elmi məqamlara işarələr olduğunu önə çəkmişlər:

a) Yerin öz oxu ətrafında, yaxud orbit üzrə hərəkəti və bu hərəkətin sürəti. Bunu “کفات” [kifat] sözünün mənasının uçuşla bağlı olması ilə əlaqələndirirlər.

b) Yer qabığında və təkindəki dəyişikliklər.

c) Yerin təkində ərimiş maddələrin mövcudluğu[195].

Digər bir ərəb yazarı isə “کفات” [kifat] sözünün leksik mənasını qeyd edərək yazır:

“Bu dəqiq ifadə Yerin orbit boyunca hərəkətinin surətini və eyni zamanda sakinlərini üzərində saxlaya bilməsini göstərir”[196].

Bəzi müasir yazıçılara görə bu ayə Yerin surətli hərəkəti və cazibə qüvvəsi haqqındadır[197].

Ayətullah Misbah Yəzdi məlum ayənin Yerin hərəkəti haqqında olduğunu rədd edərək yazır:

“Ərəb dilində “کفات” [kifat] əşyanın toplandığı, cəmləşdiyi yerə deyilir. Onun ilkin mənasında almaq, əlavə etmək anlayışları yatır. “کفات” [kifat] sözünün digər mənası da var. Ərəb dilində deyilir:

کفت الطائرای اسرع فی الطیران (Quş sürətlə uçdu). Bəziləri bu mənaya nəzərən ayənin Yerin orbit üzrə hərəkəti ilə bağlı olduğu fikrini irəli sürmüşlər. Fikrimizcə bu zəif ehtimaldır. Çünki “کفات” [kifat] sözü məsdərdir. Belə olduqda ayə “Yer sürətlidir” deyil, “Yer sürətdir” kimi başa düşülür. Ayəni o şəkildə tərcümə etmək üçün “کفات” [kifat] sözü cümlədə sifət mənasını ifadə etməlidir. Bu isə ayənin zahiri mənasına ziddir”[198].

Əllamə Təbatəbai də ayəni izah edərkən toplamaq mənasını qəbul edir[199].

YEKUN

1. “کفات” [kifat] sözünün leksik mənasına nəzərən ayənin Yerin ellipktik orbit boyunca hərəkətinə aid olduğunu söyləmək olar. Ayətullah Misbah Yəzdinin qrammatik iradları isə tutarlı deyil. Çünki “کفات” [kifat] sözü məsdər olsa belə (məna etibarilə) indiki zaman feli sifəti kimi işlənə bilər. Bəzi təfsirçilər də bu qənaətdədirlər[200]. Bu elmi məsələ ayənin yer aldığı mətnə uyğundur. Çünki biri-digərini təsdiq edən ayələr Allahın nemətlərini sayır. Əlbəttə, bəzi təfsirçilərin də qeyd etdiyi kimi məqsəd insanları Qiyamət günü toplamaq[201] və ya cazibə qüvvəsi haqqında da ola bilər.

Bütün bu ehtimalların hamsını toplamaq da mümkündür. Çünki “کفات” [kifat] sözü bir neçə mənanı özündə cəmləmişdir. Lakin hər halda “کفات” [kifat] sözü Yerin öz oxu ətrafında fırlanmasına işarə ola bilməz. Çünki “کفات” [kifat] sözünün mənasında nəyinsə öz ətrafına dolanması anlayışı yoxdur. Yer qabığında dəyişiklik və ya Yerin təkində ərimiş maddələrin mövcudluğu mənalarını isə ensiklopedik soraq və izahlı lüğət kitablarında tapa bilmədik.

5. هُوَ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ ذَلُولًا فَامْشُوا فِي مَنَاكِبِهَا

“Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin”[202].

“Təfsiri-nümunənin müəllifi yazır:

“ذلول” [zəlul] anlayışı (ram olmuş) Yer haqqında ən əhatəli ifadələrdəndir. Çünki Yer müxtəlif şəkildə sürətli hərəkətlərinə baxmayaraq sükunətdə olan bir cisim kimi nəzərə çarpır. “مناکب” [mənakib] sözü “منکب” [mənkib] sözünün cəm halı olub çiyin mənasını ifadə edir. Sanki insan Yerin çiyni üzərində dayanmış, Yer isə müvazinətini qoruya bilmişdir”[203]

Ayətullah Misbah Yəzdi məlum ayə haqqında yazır:

“Son ayədə daha çox diqqəti çəkən məqam budur ki, Yer insanın ayaqları altında tam ram edilmiş miniyi xatırladır. Buradan belə nəticə almaq olar ki, Yer orbit üzrə hərəkət edir. Çünki “ذلول” [zəlul] sözü iti gedən dəvə mənasını ifadə edir”[204].

Seyid Şəhristani yazır:

“Ərəb dilində adi danışıqda “ذلول” [zəlul] sözü iti gedən, ram edilmiş dəvəyə deyilir. Əgər ayə xaricində bir maneə olmazsa, onu Yerin hərəkətinə aid edə bilərik[205]”.

Bir çox müasir yazarlar da (Gudərz Nəcəfi[206], Məhəmməd Əli Sadat[207], Əllamə Təbatəbai[208]) məlum ayəni Yerin orbit üzrə hərəkəti ilə əlaqələndirmişlər.

YEKUN

Fikrimizcə ayənin Yerin orbit boyu hərəkətinə aid olmasında bir problem yoxdur. Bu ehtimal ayənin hədəfi və ilkin zahiri mənası ilə də müvafiqdir.

6. ثُمَّ اسْتَوَى إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ اِئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ

“Sonra Allah tüstü (düman) halında olan göyə üz tutdu. Ona (göyə) və Yerə belə buyurdu: "İstər-istəməz vücuda gəlin!" Onlar da: "İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!" - deyə cavab verdilər”[209].

Seyid Şəhristani yuxarıdakı ayə haqqında yazır:

“Bu ayə də Yerin hərəkəti başa düşülən ayələrdəndir. “اتیان” [ityan] sözü adi danışıqda hiss olunan yerdəyişməni (gəlmək) ifadə edir. Keçmiş alimlər Yerin hərəkət etmədiyini düşündüklərindən ayəni qeyri-həqiqi mənalara yozmuşlar. Biz Yerin hərəkət etdiyini qəbul etdiyimizdən digər yozumlara ehtiyacımız yoxdur”[210].

Müasir yazıçılardan biri məlum ayəni izah edərkən yazır:

“Sözügedən ayə yaradılışın başlanğıcı və göy cisimlərinin, xüsusilə Yerin hərəkətinə işarə vurur”[211].

“Təfsiri-nümunə”nin müəllifi məlum ayə haqqında yazır:

“Bu ayədə məqsəd Tanrının həqiqətən (göy və ya Yerlə) danışması deyil. Burada məqsəd Allahın (yaradılışla bağlı) iradəsidir”[212].

Əllamə Təbatəbai də “ائتیا [i`tiya] və اتینا [ətəyna]” sözlərinin Allahın yaradılışla bağlı iradəsini adi danışıq şəklində insanlara çatdırması kimi izah edir[213].

YEKUN

Mərhum Şəhristaninin izahı ayənin ilkin zahiri mənası ilə daha uyğundur. Ayənin Yerin hərəkətinə bir işarə olması üçün heç bir maneə görmürük.

7. وَالْجِبَالَ أَوْتَادًا

“Məgər Biz dağları da dirək etmədikmi?!”[214]

وَأَلْقَى فِي الأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ

“Sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar yaratdı”[215].

Bəzi yazıçılar bu ayələrə əsaslanaraq Quranın Yerin öz oxu ətrafında fırlanmasından xəbər verdiyini qeyd etmişlər. İlk ayə haqqında yazırlar:

“Bildiyimiz kimi mismar bir şeyin hərəkət zamanı dağılmasından, uçmasından ehtiyat edilən zaman vurulur”.

Onlar C. Qamovun “Dağların əsas hissəsi Yer səthinin altındadır” fikrini qeyd edərək yazırlar:

“Maraqlıdır, Quran on dörd əsr öncə bu böyük sirrin üstünü açmışdır. Çünki Allahın dağları Yerin mismarı olaraq yaratmasının səbəbi budur ki, Yer hərəkət zamanı müvazinətini itirməsin, parçalanmasın”.

İkinci ayə haqqında isə yazırlar:

“Ehtimal ki, yuxardakı ayə (Nəhl, 15) Yerin öz oxu ətrafında fırlanması ilə bağlıdır”[216].

Şəhristani yazır:

“Quranda dağların Yerin mismarı adlandırılması Yerin sükunətdə olmasına işarə deyil. Keçmiş alimlərin düşündüklərinin əksinə olaraq Yerin hərəkət etdiyini bildirir”[217].

YEKUN

Yerin hərəkətlərindən biri materik hərəkəti və ya Yer kürəsinin bərk xarici qatı (Yer qabığı) ilə bağlıdır. Hansı ki, bu hərəkət bəzən zəlzələ və seysmik dalğaların meydana gəlməsi ilə nəticələnir. Məlum ayə Yerin dağların köməyi ilə müvazinətini qorumasına işarədir. Burada Yer qabığının hərəkətinə də işarə ola bilər. Lakin yuxarıdakı ayələr Yerin öz oxu ətrafında və ya orbit boyu hərəkətinə aid ola bilməz. Çünki Qurana görə dağlar özü də hərəkət edir[218].

Deməli, alimlərin ayəni Yerin öz oxu ətrafında fırlanması ilə əlaqələndirmələrinin doğru olduğu nəzərə çarpmır.

YERİN HƏRƏKƏTİ İLƏ BAĞLI SON SÖZ

Yerin hərəkəti və istinad olunan ayələr haqqında aşağıdakı məqamları nəzərdən qaçırmaq lazım deyil.

1. Qeyd olunan 13 ayəyə əsasən demək olar ki, Quran Yerin hərəkət etdiyini qəbul edir. Əlbəttə, bu ayələr hər biri fərqli hərəkətdən söhbət açır.

2. Quranın işarə vurduğu elmi məqamlar o dönəmdə hakim olan Ptolomey təlimlərinə zidd idi. Çünki Ptolomey təlimlərinə görə Yer dünyanın mərkəzi və sükunətdə idi. Lakin Quran Yerin hərəkətindən söhbət açırdı. Bu Quranın xəbər verdiyi elmi bir məsələ idi. Hansı ki, təqribən 9 əsr ondan sonra Kopernik tərəfindən sübuta yetirildi. Bu növ məsələlər Quranın və Peyğəmbərin (s) əzəmətinin göstəricisidir.

3. Quranın Yerin hərəkətindən xəbər verməsi onun əzəmətini göstərsə də elmi möcüzələrindən hesab oluna bilməz. Çünki hələ Ptolomeydən öncə Samoslu Pifaqor, (e. ə. təqr. 500-580), Plutarx (e. ə. təqr. 46-127), Samoslu Aristarx (e. ə. 2-3 əsrlər), Arximed (e. ə. təqr. 287) və başqaları Yerin hərəkət etdiyini söyləmişlər. Deməli, İslamdan öncə dünyanın elmi ictimaiyyəti Yerin hərəkət etdiyi və ya sükunətdə olduğu haqqında iki baxışla tanış idi. Onlardan biri hakim nəzəriyyə, yəni Yerin sükunətdə olması (Ptolomey təlimi), digəri isə məğlubiyyətə uğramış nəzəriyyə, yəni Yerin hərəkəti ilə bağlı versiya idi.

Elmi ecazkarlıq o zaman olur ki, heç kim Quranın verdiyi xəbəri (ondan öncə) bilmək iqtidarında olmasın. Halbuki Yerin hərəkəti nəzəriyyəsi Quran nazil olmazdan öncə bir elmi nəzəriyyə kimi irəli sürülmüşdür. Əlbəttə, bu, Quranın əzəmətinə kölgə salmır. Çünki Quran ən məşhur alimlərin Ptolomey təlimlərinin əsiri olduğu bir dönəmdə açıqca onun əksi olan elmi məsələlərdən söhbət açmışdır.

QURANDA YERİN KÜRƏŞƏKİLLİ OLMASI İLƏ BAĞLI AYƏ VARMI?

Quranın Yerin kürəşəkilli olması haqqında söhbət açdığını əsaslandırmaq üçün “مشارق” [məşariq] və “مغارب” [məğarib] ifadələri olan ayələrə istinad olunmuşdur. Bu ayələr aşağıdakılardır.

فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ

“Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik”[219].

“Zəif görünən o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyimiz şərqlərinə və qərblərinə varis etdik”[220].

“O, göylərin, Yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin də Rəbbi Odur”[221].

Qeyd: İlk ayədə şərqlər və qərblər (məşriqlər və məğriblər) ifadələri mütləq şəkildə işlədilmiş, Yer, Günəş və ya ulduzlarla qeydlənməmişdir. İkinci ayə Yerin şərqləri və qərblərindən söhbət açır. Üçüncü ayə isə yalnız şərqlərdən söhbət açsa da onu Yer, Günəş və ya ulduzlarla qeydləndirməmişdir.

QISA TARİX

İlk baxışdan Yerin düz (hamar) olduğu nəzərə çarpır. Bu ilkin təsəvvür antik dövrlərdən adi insanların əqidəsinə çevrilmişdir. Lakin elm adamları Yerin forması, hansı şəkildə olması haqqında fərqli fikirlər irəli sürmüşlər. Belə fikirlərdən bir neçəsinə nəzər salaq:

1. Anaksimen güman edirdi ki, Yer su üzərinə düşmüş bir qurğuşun parçası kimi fəzada asılı vəziyyətdə qalmışdır. O, düz (hamar) olduğu üçün suyun üzündə qalmışdır. Əgər yığılarsa, suyun təkinə batar.

2. Bəzi qədim kilsə nəzəriyyəçilərinə görə Yer vertikal (şaquli) formada olub, qeyri-müəyyən bünövrələr üzərində bərkidilmişdir.

3. Bəziləri Yerin konusvari olduğunu düşünürdülər. Onun başı yuxarıya, təki isə aşağıya doğrudur. Alt hissəsi sonsuzdur.

4. Anaksimandra görə Yer girdə sütun şəklində idi.

5. Bəziləri Yerin həcmcə kubşəkilli, formaca altı bucaqlı olduğunu düşünürdülər.

6. Bəziləri Yerin dəf şəklində (çalğı aləti) olduğunu düşünürdülər.

7. Bəziləri onun təbil (çalğı aləti) formasında olduğunu güman edirdilər.

8. Heraklit Yeri içi boş gəmiyə bənzədirdi.

9. Bəziləri onu yarımtəbil şəklində təsəvvür edirdilər.

10. Bəziləri onu qalxan şəklində təsəvvür edirdilər.

11. Bəzi yunanlılar düşünürdülər ki, Yer dairəvidir və Yunanıstan onun mərkəzidir.

12. Antik Yunanıstan və İran filosoflarının fikrincə, Yer tam kürəşəkilli, ekvator müstəvisi qütbü ilə paraleldir. Qərbdə bu fikrin yaranması Amerikanın kəşf olunduğu dönəmə təsadüf edir (1492). Bəziləri bu nəzəriyyəni bütün erkən çağ İslam alimlərinə aid etmişlər.

13. Son illər Yerin formasının süni peyklərdə öyrənilməsi göstərmişdir ki, Yerin forması daha mürəkkəbdir, ürəyə (kardioid adlandırılmışdır) oxşayır. Şimal qütbü radiusunda planetimiz qabarıq, cənub qütbü radiusunda isə batıqdır. Bu nəzəriyyə bu gün üçün məşhur nəzəriyyədir. Məntiqi arqumentlər və elmi müşahidələr bunu təsdiq edir[222].

QƏRB VƏ ŞƏRQ ELMİN GÖZÜ İLƏ

Şərq və qərb haqqındakı baxışları nəzərdən keçirməzdən öncə bir elmi məsələyə diqqət yetirmək zəruridir.

Yer kürəsi Şimal və Cənub adlanan iki qütbə malikdir.

Digər baxımdan isə Yer öz oxu və Günəş ətrafına fırlandığı üçün Yerdəki müşahidəçi səhər çağı Günəşin bir tərəfdən çıxıb, axşam çağı digər tərəfdən batdığını güman edir (Bu görmə hissinin yanılmasının nəticəsidir). Adi həyatda və bir elmi termin kimi Günəşin doğduğu yerə şərq, batdığı yerə isə qərb deyilir.

Hər bir insana nisbətdə yuxarı və aşağı anlayışları mövcuddur. Bu, göy və Yerdir. Deməli, hər bir insana nisbətdə altı tərəf nəzərdə tutula bilər. Başqa sözlə desək, üzü Şimal qütbünə dayanmış müşahidəçinin ön tərəfi Şimala doğru, arxa tərəfi isə Cənuba doğru olur. Həmin müşahidəçinin sağında şərq, solunda isə qərb yerləşir. Yer kürəsində hər an Günəşin doğması (çıxması) və batması prosesi baş verir. Yəni Yer kürəşəkilli olduğundan daim Yerin bəzi nöqtələrində Günəş çıxır və bəzi nöqtələrində isə batır. Bundan başqa Günəş hər gün müəyyən saatda çıxır və müəyyən saatda da batır ki, öncəki günün günçıxan və günbatan saatları ilə fərqlənir. Deməli, hər bir müşahidəçinin dayandığı nöqtəyə nisbətdə şərq və qərb fərqli ola bilər. Yəni hər bir insan harda olursa olsun, ona nisbətdə bir şərq və bir qərb var. Belə də demək mümkündür ki, Yer kürəsinin şərqləri və qərbləri var və hər an yenilənir. Çünki Yer daim öz oxu ətrafında hərəkət edir və hər an Yerin müxtəlif nöqtələri üçün yeni şərq və qərb meydana gəlir. Bu mənada ilin günlərinin sayı qədər tülu (günün doğması) və qürub (günün batması) mövcuddur. Nəticədə yeni şərq və yeni qərb mövcuddur.

ELMİ SİRLƏR

Quranın Yerin kürəvi olmasına işarələr vurması haqqında müxtəlif fikirlər söylənilmişdir ki, onlardan bir neçəsini diqqətinizə çatdırırıq.

1. Seyid Şəhristani Məaric surəsinin 40-cı ayəsi haqqında yazır:

“Allahın şərqlərə və qərblərə and içməsi şərq və qərbin çoxluğunu göstərir. Yeni kosmologiya da bunu sübut edir. Çünki Yerin kürəşəkilli olması hər an müşahidəçiyə nisbətdə Yerin bir nöqtəsinin şərq, digər nöqtəsinin isə qərb olduğuna gətirib çıxarır. Deməli, şərq və qərbin çoxluğu Yerin kürəşəkilli olması fikri ilə uyğun gəlir”.

O, sonda Yerin kürəvi olması ilə bağlı hədislərdən çoxlu sayda dəlillər göstərir[223].

2. Təfsirçilər “مشارق” [məşariq] və “مغارب” [məğarib] ifadələri ilə bağlı iki ehtimal irəli sürmüşlər:

a)Günəş hər gün yeni bir nöqtədən çıxır və yeni nöqtədə batır. Buna görə də ilin günlərinin sayı qədər şərq və qərb mövcuddur. Onlar bu fikri əsaslandırmaq üçün həzrət Əlinin (ə) İbn Kəvvanin sualına verdiyi “365 şərq və qərb vardır” kəlamına istinad edirlər.

b)Yerin müxtəlif nöqtəsində şərq və qərb fərqlidir. Bəzən bir nöqtənin şərqi eyni zamanda digər nöqtənin qərbidir. Şərqlər və qərblər ifadəsi də üfüqlərin fərqlənməsi ilə bağlıdır.

Qeyd etmək lazımdır ki, Əraf surəsinin 137-ci ayəsi ikinci şərhə daha uyğundur. “Təfsiri-nümunə”də bu haqda yazır:

“Yerin şərqləri və qərbləri ifadəsi Fironun hakimiyyətində olan geniş əraziləri nəzərdə tutur. Çünki kiçik ərazilərdə fərqli şərqlər və qərblər, üfüq fərqlilikləri olmur. Lakin geniş ərazilərdə Yerin kürəvi olması ilə əlaqədar üfüqlər də fərqli olur”[224].

Saffat surəsinin 5-ci ayəsində isə hər iki ehtimal keçərliliyi ilə yanaşı digər ehtimal da əlavə etmək olar.

Birinci: Günəşin hər gün yeni bir nöqtədən çıxması.

İkinci: Yerin kürəviliyi ilə əlaqədar fərqli şərqlərin mövcudluğu.

Üçüncü: Müxtəlif ulduzların şərqləri.

Hər halda məlum ayə Yerin kürəvi olması və şərqləri haqqındadır[225].

3. Bəzi müasir yazıçılar hər üç ayəni Yerin kürəşəkilli olması ilə əlaqələndirir və bunu Quranın elmi möcüzəsi hesab edirlər[226].

Mühəndis Sadat[227], Şeyx Əhməd Muhyiddin əl-Əcuz[228] və Şeyx Nəzih əl-Qəmiha[229]da məlum ayədən (Məaric, 40) Yerin kürəvi formada olduğunun başa düşüldüyünü önə çəkmişlər.

YEKUN

Qeyd olunan ayələrlə bağlı bir neçə məqama diqqət yetirmək lazımdır.

1. “مشارق” [məşariq] və “مغارب” [məğarib] ifadələri tam olaraq Yerin kürəvi olduğunu göstərmir. Yəni birbaşa “Yer kürəvidir” demir. Lakin şərqlər və qərblərin mövcudluğu Yerin kürəvi formada olmasını tələb edir. Deməli, qəti olaraq bu ayələrin Quranın elmi möcüzəsi olduğunu söyləmək olmaz. Bu incə ifadələrin elmi məsələlərə də işarə vurduğunu desək daha dəqiq olar. Çünki şərqlər və qərblərin mövcudluğu hər bir müşahidəçi üçün hiss olunandır. Bu heç kimin gətirə bilməyəcəyi bir möcüzə deyil.

GÖYLƏRDƏ CANLI VARLIQLAR MÖVCUDDURMU? (YERDƏNKƏNAR SİVİLİZASİYA)

Göy daim bəşər fikrini özünə məşğul edən varlıqlardandır. Göydə (Günəş sisteminin digər cisimlərində) həyatın mövcud olub-olmaması daim insanları düşündürmüşdür. Bəzi ayələrdə göydə (Kainatın planet tipli digər səma cisimlərində) həyat olduğuna işarələr var. Təfsirçilər bu mövzu ilə bağlı aşağıdakı ayələrə istinad etmişlər.

وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَابَّةٍ وَهُوَ عَلَى جَمْعِهِمْ إِذَا يَشَاءُ قَدِيرٌ

“Göyləri, Yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir!”[230]

QISA TARİX

İnsanlar əsrlər boyu Ptolomey təlimlərinə əsaslanaraq ulduzları göyün tavanına vurulmuş mismarlar hesab edirdilər. Lakin Kopernikin astronomik devrimindən və yeni nailiyyətlərdən sonra Yerdənkənar sivilizasiya haqqında düşünməyə başladılar. İnsanların digər göy cisimlərinə səfər etmək arzusu da mövcudluğu fərz olunan Yerdənkənar sivilizasiyalarla əlaqə yaratmaqla bağlıdır.

Asimov “XX əsrin kəşfləri” əsərində yazır:

“Kosmik uçuşlar vasitəsilə əldə etdiyimiz məlumatlar göstərir ki, biz mütləq ulduzları ələ keçirməliyik (onlara səfər etməliyik). Biz mütləq üstündə dostu, düşməni, nəhəngləri daşıyan planet tipli səma cisimlərini təsir altına almalıyıq”[231].

İlk insan Aya endikdən sonra bu maraq daha da çoxaldı[232]. Bu haqda geniş tədqiqat işləri, müşahidələr göstərir ki, yalnız bizim qalaktikada (Ağ yol) 600 həyat mövcud olan səma cismi var. Bu ulduz və planet tipli cisimlərdə Yerdəki həyat formasına, sivilizasiyaya oxşar sivilizasiya mövcuddur. Hesablamalara görə bütövlükdə Kainatda 600 milyon həyat forması olan cisim var.

ABŞ və keçmiş SSRİ astronomunun birgə işləyib hazırladığı “Biz tək deyilik” tədqiqat əsərində göstərilir ki, bizim qalaktikada minimum 1 milyard həyat üçün əlverişli olan (planet tipli) cisim var.

Bir çox astronomlara görə, Yeri Kainatda insan yaşayan yeganə cisim, Yerdəki həyat formalarını isə yaşayışın mümkün vahid formaları hesab etmək olmaz[233].

Əbd ər-Rəzzaq Nofel alimlərin Yerdənkənar sivilizasiya haqqında görüşlərini qeyd edir və digər səma cisimlərində həyat olması ehtimalına üstünlük verir[234].

Əbd əl-Qəni Yerdənkənar sivilizasiyanın mövcudluğunu üç aspektdən açıqlayır (elm, əql və Quran baxımından).

O, əqli baxımdan fikirlərini belə əsaslandırır: Əgər digər səma cisimlərində həyat mövcud olmasa, bu, Allahın hikmətinə ziddir. Geniş göy cisimləri yaradıb onları boş qoymaq sağlam ağıla müvafiq deyil[235].

Elmi baxımdan isə fikrini belə izah edir: Bütün varlıq aləmi (kimyəvi) tərkib, quruluş və ahəngdarlıq baxımından eynidir. Bu göstərir ki, bütün Kainatın vahid yaradıcısı var. Onların ilkin maddəsi eynidir və olarda mövcud həyat forması da Yerdəki həyat forması kimidir. Əgər bu gün alimlər Yerdənkənar sivilizasiyalar haqqında məlumat əldə edə bilməmişlərsə bu, digər səma cisimlərində həyatın mövcud olmaması demək deyil. Ehtimal ki, gələcəkdə digər alimlər yeni texniki imkanlar hesabına planet tipli digər səma cisimlərində həyatın mövcudluğunu sübuta yetirə biləcəklər[236].

ELMİ SİRLƏR

Təfsirçilərin məlum ayə (Şura, 29) haqqında söylədiklərinə nəzər salaq.

Əllamə Təbatəbai yuxarıdakı ayə haqqında yazır:



Geri   İrəli
Go to TOP