A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: DOST DİYARININ YOLÇULARI
Müəllif: Ustad Misbah Yəzdi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Əslində namaz və digər ibadətlərin nəticəsi bir o qədər də gec əldə olunmur. Axı dünya həyatımız nə qədər uzun olsa da, axirətlə müqayisədə bir göz qırpımına bənzəyir. Əgər insan dünya və axirət ləzzətlərini bir-biri ilə müqayisə edə bilsə, anlayar ki, dünya ləzzətləri ötəri olduğundan axirət ləzzətləri ilə müqayisəyə gələ bilməz.

Şəksiz ki, dünyada hər hansı bir işdən ləzzət almaq üçün əvvəlcə xeyli zəhmət çəkmək lazım gəlir. Axı bir tikə quru çörək də zəhmətsiz əldə olunmur. Ona görə də insan gecə-gündüz tər axıdaraq, dünya ləzzətlərindən daha çox faydalanmağa çalışır. Amma yuxusuna haram qatıb gecə-gündüz min bir əzab-əziyyətə qatlaşan insan yaxşı bilir ki, dünya ləzzətləri ötəridir. Bütün bu incəlikləri bilə-bilə, əbədi axirət ne’mətlərindən ötəri iki rəkət namaz qılmaq ağırdırmı?!

Dünya və axirəti müqayisə edib düzgün nəticə çıxara bilən adam ibadət çətinliklərinə dözür, Allahı lazımınca tanıdıqda isə ibadətdən misilsiz bir ləzzət də alır.

Demək, ibadət zəhmətini qəbul etmək üçün ilk öncə dünya və axirət həyatlarını müqayisə edib, onların həqiqi dəyərindən xəbərdar olmaq lazımdır.

Rəvayətdən mə’lum olur ki, insan özünü hər nədən çox sevir və hətta başqalarına sevgisindən də bir ləzzət umur. Demək, insanın bütün münasibətləri özünəsevgi və daha çox ləzzət əldə etmək prinsipi üzərində qurulmuşdur. Amma insanın özünü sevməsi azdır. Xoşbəxt olmaq üçün düzgün həyat yolunu müəyyənləşdirmək lazımdır. Əslində özünü sevən insan xeyirə can atmalı və zərərli işlərdən çəkinməlidir. Əgər insan xeyirli və zərərli işləri düzgün dəyərləndirə bilsə, dünya onun nəzərində əhəmiyyətsiz görünər. O anlayar ki, əbədi axirəti qoyub müvəqqəti dünyaya əsir olmaq onun ziyanınadır. Qur’an ayələrində axirətin daha xeyirli olduğu təkrar-təkrar insanların nəzərinə çatdırılır. Həzrət Əli (ə) buyurur: “Ötən vaxtlarda, ilahi dəyərlər əsasında qardaş olduğum bir dost vardı. (Olsun ki, həzrət Əbuzəri nəzərdə tutur) Dünyanı kiçik sayması onu mənim nəzərimdə böyütmüşdü.”[104] Həzrət Əlinin (ə) nəzərində o insanlar böyükdür ki, dünya onların nəzərində kiçikdir. Yə’ni dünyanın axirətlə müqayisədə əhəmiyyətsiz olduğunu anlamaq böyük insanlara xas xüsusiyyətdir. Öz xeyirini düşünən insan ötəri dünyaya aldanıb axirəti əldən çıxarmamalıdır. Əlbəttə ki, dünya və axirəti müqayisə etmək kifayət deyil. İnsan çalışıb elə bir mərtəbəyə çatmalıdır ki, ilahi əmrlərin icrası ona çətin gəlməsin. Belə bir məqama çatan insan seçim qarşısında qaldıqda Allahın üstün tutduğu işi tərəddüd etmədən üstün tutur.

Hədisin davamında oxuyuruq: “Mənim istəyimi seçir, mənim razılığıma üstünlük verir, haqqımı böyük sayır, unutmur ki, mən onun bütün əməllərini görürəm və gecə-gündüz günah etməməyə çalışır.” İnsanın mə’nəvi təkamülə çatmaq üçün keçdiyi yol dünya və axirətin müqayisəsindən başlayır. Nəhayətdə insan əbədi səadəti seçmək qərarına gəlir. Belə bir insan Allahın razılığını düşünməli və Allahın istəyincə hərəkət etməlidir. Əgər insan Allahın onu daim gördüyünə inansa, mümkün günahlardan çəkinər. Axı imanlı insan körpə uşağın yanında günah etmədiyi halda, Allahın hüzurunda necə günah edə bilər?! Deyilənlər təkcə zahiri əzalara, gözə, qulağa, dilə, ayağa aid deyil. İnsan öz qəlbini də günah fikirlərdən qorumalıdır. Hədisdə buyurulur: “Qəlbini mənim xoşlamadığım fikirlərdən pak et.” Mərhum Seyyid Mürtəza qardaşı Seyyid Rəziyə deyir: “Yaxşı olar ki, günah etməmiş şəxs pişnamaz olsun.” Seyyid Rəzi qardaşının cavabında deyir: “Yaxşı olar ki, günah fikrinə düşməmiş insan pişnamaz olsun.”

Hədisin davamında Allah-təala buyurur: “Mö’min insan şeytan və onun vəsvəsələrini düşmən tutur, iblis üçün qəlbinə və düşüncəsinə nüfuz yolu saxlamır.” Bəli, mö’min insan şeytanın ona hücuma keçdiyini hiss etdiyi vaxt mübarizə aparır, düşüncəsini və qəlbini onun vəsvəsəsindən qoruyur. Mö’min üçün şeytani düşüncələr də günah əməl kimi həzər qılınası işdir.

On səkkİzİncİ dərs

İlahi sınaqda müvəffəqiyyət və Allahın xüsusi lütfləri

Sınaqda müvəffəqİyyət və xüsusİ lütflər

Əvvəlki söhbətdə həyatın şirinliyi və davamlılığı barədə danışıldı. İnsan axirət səadəti üçün çalışmalı, Allahın razılığını qazanmalıdır. Yalnız bu yolla dünya insanın nəzərində əhəmiyyətsiz ola bilər. Təlaşlardan, nəfsin tərbiyəsindən, imtahanı başa vurub müvəffəqiyyət qazandıqdan sonra növbə Allahın xüsusi lütflərindən bəhrələnməyə çatır. Bu barədə Allah-təala buyurur: “Belə etdikdən sonra onun qəlbində bir məhəbbət qərar verərəm, qəlbini özüm üçün götürər, onun sakitliyini, məşğuliyyətini, sə’yini, danışığını yalnız öz dostlarıma ruzi etdiyim ne’mət qərar verərəm.” İnsan bacardığını etdikdən sonra Allahın lütfünə layiq olur. Allahın lütfü ilə elə bir məqama çatır ki, bu məqama  özbaşına çata bilməzdi. Əgər bura qədər öz gücü ilə hərəkət edirdisə, artıq Allah onun əlindən tutur və irəli aparır. Mö’min elə bir yerə çatır ki, qəlbi Allah eşqi ilə dolur və Allaha məxsus olur. İnsan nəfs meyllərini özbaşına islah etməyə qadir deyil. Kamilliyə doğru ciddi addımlar atmaq üçün Allahın xüsusi lütfünə ehtiyac var.

Allaha diqqət, onun ne’mətləri, mö’minlərin düşüncə və baxışı

Qəlbi başqalarına məşğul olan insan kamilliyə doğru pərvaz edə bilmir. Amma Allahın lütfü ilə bəndənin qəlbi başqa məqsədlərdən təmizləndikdən sonra yüksəlmək asanlaşır. Biz, adətən, işlərimizi dünya mehvərində qururuq. Ən böyük hünərimiz o ola bilər ki, öz istəklərimizə şər’i yolla çataq. İşimizi tamamladıqdan sonra yenə dünya söhbəti qızışır. Əgər insanın qəlbində dünya məhəbbətinin yerini Allah məhəbbəti tutarsa, insan ibadət və işdən sonra da bütün söhbətlərini ilahi mehvər əsasında qurar. İnsan sakit halda olduqda, yuxu zamanında qəlbində möhkəmlənmiş mövzular haqqında düşünür. Həqiqi məhbubunu tanımaq istəyən insan aram vaxtlarda nə barədə düşündüyünə diqət yetirməlidir. Qəlbində ilahi məhəbbətə yer verənlər istər iş, istər istirahət vaxtı Allah və Onun əta etdiyi ne’mətlər barədə düşünərlər. Allah dostları Allahın xüsusi ne’mətlərindən bəhrələnirlər. Əslində həmin ne’mətlər dünyapərəstlər üçün dəyərli görünmür.

Aşiqin mə’şuqla işarəsi var.

Anlayarmı bunu qaz otaranlar?!

Me’rac hədisinin davamında buyurulur: “Qəlb gözünü və  qəlb qulağını açaram ki, qəlbi ilə eşitsin və qəlbi ilə mənim cəlal və əzəmətimi görsün.” Bəli, insanın zahiri göz və qulağından əlavə, batini göz və qulağı da var. Qur’ani-kərimdə oxuyuruq: “Kafirlərin zahir gözü kor olmasa da, qəlb gözləri kordur.”[105] Əsil kor qəlb gözü kor olandır. İlahi məhəbbət əhli üçün isə Allah qəlb gözü və qəlb qulağı açar. Qəlb gözü və qəlb qulağı açılmış insana dünya çox əhəmiyyətsiz görünər. Nə qədər ki, qəlb gözümüz açılmayıb dünya və axirət haqqındakı həqiqətləri dərk edəsi deyilik. Anadan kor doğulmuş insan dünyanın necə geniş olduğunu dərk etmədiyi kimi, bəsirət gözü açılmayan insan da axirət aləmini dərk edə bilmir. Hədisin  davamında buyurulur: “Ona dünyanı dar, dünya ləzzətlərini isə dadsız edərəm.”

Mö’minin gözündə dünyanın kiçikliyi

Axirətdən xəbərsiz insan dünyanı geniş hesab edir. Hansı ki, dünya Allahın əzəməti ilə müqayisədə əhəmiyyətsiz bir nöqtədir. Amma Allahın lütfü ilə insanın bəsirət gözü açıldıqda dünyanın kiçikliyini və əzəmətsizliyini anlayır, axirətin genişliyindən məmnun olur. Əgər bir insan rəsədxanada oturub teleskopla səmadakı ulduzları müşahidə etsə, bütün yer üzünü yaddan çıxarar. Eləcə də axirət dünyasına iç gözü açılan insan dünya və onun ləzzətlərini yaddan çıxarır. O anlayır ki, dünya ləzzətləri axirət həqiqətlərini dərk etmək yolunda bir maneədir. Ümumiyyətlə, insan bir işdən ləzzət duyduğu vaxt üstün bir ləzzət hiss edərsə, əvvəlkini unudar. Bəli, axirət aləminə gözü açılan, onun ləzzətini dərk edən insan üçün dünya ləzzətləri əhəmiyyətsizdir. Axirət ləzzətini duyan insan dünya ləzzətlərini maneə hesab edir. Bizim üçün ləzzətli görünən bir iş övliyalarda ikrah da doğura bilər.

Onlar ilahi məhəbbət ləzzətini daddıqlarından dünya ləzzətinin cazibəsindən çıxmışlar.

Me’rac hədisində oxuyuruq: “Ona dünya və dünyada olanlardan daim həzər qıldıraram. Necə ki, çoban öz qoyunlarını zəhərli otlaqlardan çəkindirir.” İnsan yuxarıda işarə olunmuş mərhələləri adladıqdan sonra Allah onun tərbiyəçisi olur və təhlükəli məqamlarda ona yardım göstərir. Hədisdə buyurulur: “Belə ki, oldu, o, insanlardan qaçır, fani dünya evindən əbədi axirət evinə, şeytanın evindən Allahın evinə adlayır.” Biz bir müddət dünya və onun səhnələrini müşahidə etməsək, özümüzü zindanda sayarıq. Hətta xoşlamadığımız insanlarla da görüşməkdən zövq alarıq. Deyilənləri bir müddət həbsdə olub, dörd divardan savay bir şey görməyənlər daha yaxşı başa düşər. İnsan üçün dünya səhnələri ləzzətlidir. Amma ilahi məhəbbət şərbətini içib axirət aləminə göz açanlar üçün dünya və onun əhli cansıxıcıdır. Belə insan yalnız Allah aşiqləri ilə oturub-durmaq, ilahi eşq haqqında danışmaq istəyir.

Dünyaya gözünü yummuş insan haqqında bə’zən “fəna evi ilə vidalaşdı və əbədiyyətə köçdü” deyirlər. Amma Allahla görüş şövqündə olan mö’minin dünyadan gedişi tamam başqa bir gedişdir. O, dünyada olduğu vaxtlarda da yalnız axirət haqqında düşünürdü. Hədisdə qeyd  olundu ki, övliyaların nəzərində dünya və axirətin fərqi yoxdur. Əslində dünya və axirət insanın birindən o birinə köçdüyü iki ev kimidir. Allahın cəlalı tamaşasına dayanan insan dünyaya arxa çevirir. Həzrət Əlinin (ə) tə’birincə, dünyada elə bir bədənlə yaşayırlar ki, ruhları Allahın geniş mərhəmət astanasında asılmışdır.[106] Könlü Allah eşqi ilə dolu olan insan üçün dünyadan gediş şeytan evindən Allah evinə köçmək kimidir. Çünki bu evdə şeytan ardıcıl olaraq insanları yoldan çıxarmaqla məşğuldur. Rəhmanın evinə köçən insan isə şeytanın evindən qurtulur. Çünki Allah evində şeytana yer yoxdur.

Hədisdə buyurulur: “Ey Məhəmməd, mən bəndəmi heybət və əzəmətlə zinətləndirərəm. Bu şirin və əbədi bir həyatdır və mənim razılığımdan razı olanların məqamıdır.” Allahla yetərli əlaqədə olan insanlara elə bir heybət və əzəmət əta olunur ki, başqaları onların qarşısında təvazö göstərir. Bəli, böyük ilahi şəxsiyyətlərin hüzurunda insan özünü kiçik hiss edir. Övliyalar zahirən heybətli və əzəmətli olmasalar da, onların ruhi halı ətrafdakıları lərzəyə gətirir.

İndi özünüz düşünün, axirət həyatı şirindir, yoxsa müvəqqəti dünya həyatı? Məgər yemək, geyim, məskən və bu kimi başqa min bir qayğı ilə dolu olan dünaya həyatını sevməyə dəyərmi? Malımızdan azca itkiyə getdikdə gecələr yuxumuz gəlmir. Görən belə bir həyat dəyərlidir, yoxsa dünyaya e’tinasız yanaşanların həyatı? Dünyaya e’tinasız olanlar başqa bir əzəmətli dünya həvəsində olduqlarından dünya işləri onları narahat etmir. Əgər mö’min dünya ləzzətlərinə Allahın razılığı xatirinə göz yumursa, həyat problemləri onu narahat etmir. Şübhəsiz ki, bu razılıq qarşılıqlıdır. Allahın razılığı sorağında olan və həyat çətinliklərini razılıqla qarşılayan insandan, təbii ki, Allah da razıdır. Qur’ani-kərimdə oxuyuruq: “Ey arxayın nəfs, sən ondan, o da səndən razı halda Allahın hüzuruna dön.”[107] Digər bir ayədə isə belə buyurulur: “Allah onlardan razıdır, onlar Allahdan. Budur böyük qələbə və səadət.”[108]

Riza əhlinə əta olunmuş üç xasiyyət

Allah riza (Allahdan razılıq) məqamına yüksəlmiş bəndələrinə üç xasiyyət əta edər. Hədisdə oxuyuruq: “Hər kəs mənim razılığıma əməl etsə, ona üç xasiyyət əta edərəm: Ona şükr etməyi öyrədərəm ki, cəhalətdən kənar olar, ona elə bir diqqət və zikr əta edərəm ki, unutqanlıqdan uzaq olar; Ona elə bir məhəbbət verərəm ki, heç bir məhəbbəti mənim məhəbbətimdən üstün tutmaz.”

Demək, ilk xasiyyət Allaha şükr etməkdir. İnsan xarakter e’tibarı ilə naşükürdür. O, min bir ne’mət içində qərq olsa da, bu ne’mətlərin qədrini bilmir, yalnız ne’mət əlindən çıxdıqda fəryad qoparır. Qur’ani-kərimdə oxuyuruq: “Əgər bir insanı ne’mət və mərhəmətdən faydalandırıb, sonra həmin ne’məti ondan alsaq, qatı ümidsizliyə və küfrə uğrayar.”[109] Digər bir ayədə oxuyuruq: “Ona bir şər toxunduqda ümidini itirər.”[110] Başqa bir ayədə isə belə buyurulur: “İnsan çox zalım və küfr edəndir.”[111] Belələrindən fərqli olaraq Allah onun razılığı sorağında olanlara haqqı tanıma və şükretmə məqamı əta edir. Bu haqşünaslıqda cəhalət qatqısı yoxdur. Onlar Allahın ne’mətlərini tanıyır və şükr edirlər. Bizlər isə Allahın əta etdiyi ne’mətləri dəyərləndirə bilmirik. Əgər bir dəfə şükür ediriksə, təkrar-təkrar naşükürlüyə yol veririk. Demək, bizim şükrümüzdə cəhalət qatqısı var.

Allahdan razı insanlara əta olunmuş digər iki xüsusiyyət Allahın zikri və ilahi məhəbbətdir. Adi insanlar üçün Allahı daim xatırlamaq çətindir. Hətta bir neçə dəqiqəlik namazımızda da xəyalımız dağ-daşı gəzir. Amma Allahın lütfünü qazanmış mö’min kəs Allahı unuda bilmir. Allah ona elə bir diqqət əta edir ki, unutqanlıqdan uzaq olur. Əlbəttə ki, aşiq öz mə’şuqunu heç vəchlə unuda bilməz. Riza əhlinə əta olunmuş üçüncü xüsusiyyət ilahi məhəbbətdir. Belə insanların qəlbində Allah məhəbbətindən başqa məhəbbətlərə yer yoxdur. Dünyada bir şeyə könül verən insan az sonra əvvəlki məhbubundan yorulub, başqa bir məhbub tapır. İnsan arzuladığı ne’mətləri əldə etdikcə bu ne’mətlər onun gözündə adiləşir və o, növbəti arzularının arxasınca qaçır. Dünya məhəbbəti beləcə hər an öz ünvanını dəyişir.

Hədisdə oxuyuruq: “O məni sevdiyi vaxt mən də onu sevirəm, qəlb gözünü cəlalıma tamaşa üçün açıram. Öz seçilmiş bəndələrimi ondan gizləmirəm.” Bəndənin Allaha, Allahın bəndəyə məhəbbətini vəsf etmək çətindir. Belə bir məqamı yalnız övliyalar dərk edə bilir. Allahı sevmək olduqca uca bir məqamdır. Bundan da mühümü Allahın insanı sevməsidir. Qur’ani-kərimdə buyurulur: “Ey iman gətirənlər, sizlərdən hansınız öz dinindən çıxsa, Allah tezliklə sevdiyi bir qövm göndərər və onlar da Allahı sevərlər.”[112] Allah öz mö’min bəndəsini sevməkdən əlavə, onu xalqa da sevdirər. Əlbəttə ki, həmin mö’min üçün xalq tərəfindən sevilməyin fərqi yoxdur. O bu məhəbbəti yalnız Alahın lütfü bilərək qiymətli sayır. Allahı sevən mö’mini yalnız Allahın diqqəti maraqlandırır. Xalqın onu sevib-sevməməsinin onun üçün heç bir zərurəti yoxdur. Bu barədə Qur’anda buyurulur: “Allaha iman gətirib, saleh iş görənləri Allah sevimli edər.”[113] Bu zümrədən olan insanlara misal olaraq, İmam Rahili (r) göstərmək olar. Onu təkcə dostlar yox, hansı mə’nadasa düşmənlər də sevirdilər. Onlar yalnız mənafelərini əldən verməmək üçün imama qarşı çıxırdılar. Həzrət Əlinin (ə) qatı düşməni olan Müaviyə Əlinin (ə) səhabələrini gördükdə onlardan Əlinin fəzilətləri haqqında danışmasını istəyərdi. Bu fəzilətlərdən söhbət açılanda Müaviyə ağlayardı. Çünki hər bir insanın fitrəti yaxşılığı dəyərləndirir. Müaviyəni Əli (ə) və onun övladları ilə düşmən edən nəfs istəklərinin tüğyanı idi.

Me’rac hədisində buyurulur: “Gecənin qaranlığında, gündüzün işığında onunla münacat edərəm ki, başqaları ilə danışmaqdan və yoldaşlıqdan çəkinsin.” Bəli, bir vaxt Allahla minacat fürsəti axtaran mö’min elə bir məqama çatmışdır ki, Allah onunla münacata başlayır. Hər bir aşiq öz məhbubu ilə ünsiyyət sorağındadır. Allah aşiqi üçün elə bir məqam çatır ki, məhbub özü onun sorağına gəlir və onunla söhbətə məşğul olur. Oyaq vaxtı və yuxuda Allahın münacatını hiss edən mö’minin sevincini təsəvvür etmək çətindir!

On doqquzuncu dərs

Abidlərin və peyğəmbərlərin məqamı, aqillik və Allah zikrinin rolu, qəflətdən həzər

Ağıldan İstİfadənİn əhəmİyyətİ, Allah zİkrİ və qəflətdən həzər

Me’rac hədisində Allah-təala ilə həzrət Peyğəmbər (s) arasındakı söhbətlərin rəngarəng üsulu danışıqda bəlağətin bir növüdür. Eyni bir üslubda söhbət yorucu olur. Rəngarəng üslublardan istifadə edildikdə isə söhbət təravətli və canlı olur.

Uyğun hədisin son iki bəhsində insana şirin və davamlı həyat bəxş edən sifətlərdən danışıldı. Bu xüsusiyyətlərlə yanaşı riza aşiqlərinin başqa xüsusiyyətləri də araşdırıldı. Hədisin bu hissəsində danışıq üslubu dəyişir və Allah-təala peyğəmbərə bir neçə tövsiyə verərək buyurur: “Ey Məhəmməd, sə’yini bir istiqamətdə yönəlt və dilini bir halda  qərar ver. Bədənini diri saxla və heç vaxt qafil olma. Məndən qəflətdə olanların hansı vadidə həlak olacağı mənim üçün mühüm deyil.” Tövsiyələrdən belə bir nəticəyə gəlmək olmaz ki, insanın dünyada yalnız bir məqsədi olmalıdır. Məqsəd odur ki, insan yalnız Allahın razılığı intizarında olmalıdır. İstər ictimai, istər fərdi, istər maddi, istərsə də mə’nəvi işlərdə Allahın razılığı əsas götürülməlidir. Rəvayətdə tövsiyə olunur ki, insan gah dünya, gah da axirət ardınca qaçmamalıdır. Onun bütün sə’y və təlaşı Allahın razılığını qazanmaq istiqamətində yönəlməlidir.

Şirk (Allaha şərik qoşma) səbəbindən insan həm Allahı istəyir, həm də başqalarını. Bu xüsusiyyət onun əməl və rəftarında da öz tə’sirini qoyur. İnsan şəraitə uyğun danışmağa və hərəkət etməyə başlayır. Belələrinin əsas məqsədi istənilən bir vasitə ilə başqalarının diqqətini cəlb etməkdir. Axirət əhli isə belə deyil.

Sonra Allah qəflətin bəlası kimi pis aqibəti bəyan edir. Allahı yaddan çıxaran insan istənilən bir fəlakətə düçar ola bilər. Allahın varlıq aləmindəki qaydalarına görə insan azaddır. Allahın buyuruqları isə sadəcə insanı qəflətdən oyatmaq üçündür. Qur’ani-kərimdə oxuyuruq: “Allahın zikrindən dönənə şeytanı urcah edərik ki, onunla yoldaş olsun.”[114] Şeytan Allahı zikr edən insana heç vəchlə yol tapa bilməz. Qur’anda oxuyuruq: “Şeytanlar onları doğru yoldan çıxarar, onlar isə haqq yolda olduqlarını güman edərlər.”[115]

Me’rac hədisinin davamında oxuyuruq: “Ey Məhəmməd, ağlını əlindən çıxmamış işə sal. Ağlından istifadə edən kəs xəta, tüğyan etməz.” Bəli, ağılından bəhrələnən insan hədləri tanıyır və riayət edir. Ağılını bir kənara qoyan insan isə həddi aşaraq şəhvət və ya qəzəbə məğlub olur.

İslam Peyğəmbərinin (s) başqa peyğəmbərlərdən üstünlük meyarı

Hədisdə oxuyuruq: “Ya Əhməd, bilirsənmi səni başqa peyğəmbərlərdən nə üçün üstün etdik?” Həzrət ərz etdi: “Pərvərdigara, bilmirəm.” Allah-təala buyurdu: “Yəqin, xoşrəftarlıq, səxavət, müdara, xalqla mərhəmət vasitəsi ilə sənə üstünlük bağışladım.” Peyğəmbər ilk öncə yəqin sifəti ilə vəsf olunur. Bütün peyğəmbərlərdə belə bir sifət olmuşdur. Amma yəqinin mərtəbələri vardır. Belə ki, yəqin sifətinin ən üstün mərtəbəsi İslam Peyğəmbərinə (s) məxsus olmuşdur. Qur’ani-kərimdə əməl məqamında səbr və mə’rifət baxımından yəqinlik rəhbərlik və imamlıq meyarı kimi təqdim olunur. Xoşrəftarlıq, səxavət, mərhəmət, mehribanlıq həzrət Peyğəmbərin (s) digər üstün xüsusiyyətlərindəndir. Qur’ani-məciddə buyurulur: “Peyğəmbər sizin hidayətinizə hərisdir və mö’minlərlə mehribandır.”[116] Allah-təala me’rac hədisində İslam Peyğəmbərinin (s) üstünlüklərindən danışdıqdan sonra belə buyurur: “Əgər yer üzünün böyükləri belə olmasaydılar, həmin məqama nail olmazdılar.” Rəvayətdən mə’lum olur ki, cəmiyyətdə peyğəmbərlərdən əlavə səbr və yəqin sifətlərinə malik başqa aparıcı insanlar da var. Rəvayətin ərəbi mətnində onlar “Əvtad”, yəni “Mıx” kəlməsi ilə yad edilirlər. Mıxın rolu müxtəlif hissələri bir-birinə bərkitməkdir. Bu insanlar yer üzündə həmin funksiyanı daşıyırlar.

Az danışmağın və az yeməyin düşüncəyə tə’siri

Me’rac hədisində buyurulur: “Ey Məhəmməd, əgər bəndəmin qarnı ac olsa və dilini hifz etsə, kafir də olmuş olsa, ona hikmət öyrədərəm. Kafir olduğu təqdirdə bu hikmət onun ziddinə dəlil olasıdır. Mö’min şəxs üçün isə həmin hikmət nur, şəfa, mərhəmətdir.” Rəvayətin əvvəlində də sükut və aclıq haqqında danışılmışdı. Allah-təala yenidən sükut və aclığı tövsiyə edərək, bu iki xüsusiyyətə malik olanlara hikmət əta edəcəyini bildirir. O da qeyd olunur ki, əgər həmin iki xüsusiyyətə malik olan insan iman əhli olarsa, kamala doğru yüksələcək, əgər iman əhli olmazsa, əldə etdiyi hikmət dəlil olaraq onun ziddinə tamamlanacaq. Çünki hikmət qazanmış insan Allaha üz tutmursa, o bu işi bilərəkdən edir. Mö’min üçün isə hikmət nur, mə’nəvi dərdlərə şəfadır.

Rəvayətin davamında buyurulur: “Mö’min hikmət vasitəsi ilə bilmədiyini bilər, görmədiyini görər. Ona ilk göstərilən öz eybləri olar ki, başqalarının eyblərinə məşğul olmasın.” Təbii ki, çoxyeyən və çoxdanışan insan öz eyblərindən xəbərsizdir. Çünki onun diqqəti qarnında və dilindədir. O öz sözləri ilə xalqın diqqətini cəlb etmək, onların xoşuna gəlmək istəyir. Belə bir insan daim başqalarının diqqətini qazanmaq istədiyindən özündən xəbərsiz qalır. Amma az yeyən və sükuta riayət edən insan özünə diqqətli olur və öz eyblərini görür. İnsanın öz eyiblərindən xəbərdar olması hikmət əlamətidir. Hikmətin başqa bir tə’siri qəlbin işıqlanmasıdır. Rəvayətdə buyurulur: “Ona elm həqiqətlərini öyrədərik ki, şeytana məğlub olmasın.” Mə’lum olur ki, şeytanın ən böyük nüfuz yolu insanda vəsvəslər, şəkk-şübhələr yaratmaqdır. Güclü elmə malik olan insanı şeytan aldada bilmir. İnsanın elm və agahlığı azaldıqca o şeytanın vəsvəsələrinə daha asanlıqla təslim olur. Şeytanın üzünə açılmış ilk pəncərə düşüncə pəncərəsidir. Bu yolla insana nüfuz edən şeytana başqa yollar da açılır. Allah-təala bildirir ki, peyğəmbərin başqalarından ilk üstünlüyü onun yəqin məqamına çatmasıdır. Yəqin halının əksi isə şəkk-şübhədir.

Me’rac hədisinin davamında buyurulur: “Ey Məhəmməd, bilirsənmi mənim bəndəm nə vaxt abid olur?” Peyğəmbər ərz etdi: “Xeyr, mənim mövlam.” Allah buyurdu: “Əgər onda yeddi xüsusiyyət cəm olsa: Onu haramdan qoruyan təqva; onu boş işdən saxlayan sükut; onun ağlamasını günbəgün artıran qorxu; onun xəlvətdə də məndən çəkinməsinə səbəb olan həya; zəruri həddə qidalanmaq; dünya ilə düşmənçilik; salehlərlə dostluq.” Rəvayətdə buyurulan göstərişlər arifanə bir yüksəliş üçün proqram ola bilər. Bəli, alimlər elə bir təqvaya malik olmalıdırlar ki, bu təqva onları haramdan və günahdan saxlasın. Abid insan kamillik üçün faydalı olmayan boş danışıqlardan çəkinməlidir. Həqiqi abid ibadət zamanı günahlarını yada salır, Allahın əzabını xatırlayaraq göz yaşları axıdır. Qur’ani-kərimdə buyurulur: “Mö’minlər o kəslərdir ki, Allahın adı çəkildiyi zaman qəlbləri qorxuya düşər, lərzəyə gələr.”[117] Abidlər həm də o qədər həyalı olurlar ki, hətta xəlvətdə də Allahdan çəkinirlər. Cəmiyyətdə günahdan çəkinən insan əslində Allahdan yox, xalqdan həya edir. Abidlər isə xəlvətdə olduqları vaxt Allahdan həya edərək günaha yol vermirlər. Abidlər yalnız zəruri ehtiyacları qədər yeyər və yediklərinin fərqinə varmazlar. Övliyaların süfrəsində arpa çörəyindən başqa bir şeyin olmaması təəccüb doğurmamalıdır. Abidlər şeytanın vəsvəsə meydanı olan dünyanı dost tutmazlar. Onların başqa bir xüsusiyyəti salehlərlə dostluqdur.

İyİrmİncİ dərs

Allaha məhəbbət

İlahİ məhəbbətİn sİrrİ

Me’rac hədisindəki məsələləri iki qismə bölmək olar: İnsanın Allaha doğru hərəkəti ilə bağlı məsələlər və ilahi məhəbbətə nail olduqdan sonra Allahın insana yardımları ilə bağlı məsələlər. Demək olar ki, hədisdəki söhbətlərin mehvərini ilahi məhəbbət təşkil edir. Əvvəlcə bu məhəbbətə nail olmağın müqəddiməsi haqqında danışılır, sonra isə həmin məhəbbətin nəticələri bəyan olunur. O da bildirilir ki, Allah məhəbbəti dünya məhəbbəti ilə bir araya sığmır. Hədisin sonunda ilahi məhəbbətin necəliyindən, Allah aşiqinə layiq olan rəftarlardan danışılır.

Zöhd və ibadətin ilahi məhəbbətlə rabitəsi

Hədisdə buyurulur: “Ey Məhəmməd, hər kəs “Allahı dost tuturam” deməklə mənə dost olmaz. Mənə dost olan az yeməklə kifayətlənməli, sadə geyimə qane olmalı, gecəsi səcdədə keçməli, namazın qiyamını uzatmalı və sükuta üz tutmalıdır.” İlahi məhəbbətdə iddialı olan çoxdur. Əlbəttə ki, qiymətli şeyə sahib duran çox olar. İlahi məhəbbətdən nəfis bir şey yoxdur, belə bir iddianı başa düşmək olar. Bütün dinlər və ilahi məktəblər ilahi məhəbbətdən dəm vurur. Amma ilahi məhəbbətin insanda zühur edən əlamətləri var. Hədisdə zikr olunduğu kimi, Allah aşiqi az yeməklə kifayətlənməlidir. Həqiqi aşiq qiymətli libaslar həvəsində olmamalı, yuxu aparanadək səcdədə qalmalı, namazını tələsik qılmamalı, sükuta riayət etməlidir. Bir sözlə, Allah aşiqi öz sadə həyat tərzi ilə seçilməlidir. Ləziz xörəklərə, əlvan geyimlərə, rahatlığa əsir olan insanın qəlbi Allah məhəbbətinin yeri deyil.



Geri   İrəli
Go to TOP