A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: DOST DİYARININ YOLÇULARI
Müəllif: Ustad Misbah Yəzdi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Axirət əhlinin on dördüncü, on beşinci və on altıncı xüsusiyyətləri budur ki, onlar dünyagirlərdən fərqli olaraq çoxyeyən, çoxdanışan və geyimdə ifrata varan deyillər.

Axirət əhlinin on yeddinci xüsusiyyəti budur ki, onlar ətraflarındakıları ölü, Allahı isə diri və bağışlayan (kərim) bilirlər. Dünyapərəstlər daim cəmiyyətdəki mövqelərini qorumağa çalışır və başqalarının diqqətini cəlb etməyə cəhd göstərirlər. Onlar ictimai fikiri yüksək qiymətləndirdiklərindən öz eyiblərini gizlətməyə çalışırlar. Əlbəttə ki, Allah da mömin bəndəsinin eyibinin açılmasını istəmir. Məsələ burasındadır ki, dünya əhli yalnız xalqın diqqətini cəlb etmək üçün öz eyiblərini pərdələyir. Axirət əhli isə xalqı sanki ölü sayaraq, yalnız Allahın nəzərlərini düşünürlər. Onlar öz vəzifələrini yerinə yetirir və başqalarının bu barədə nə deyəcəyi onları maraqlandırmır. Övliyaların əksinə olaraq, bizlər Allahın yox, daim xalqın nəzərlərini düşünür və pis işlərimizi xalqdan gizlətməyə çalışırıq.

Axirət əhlinin on səkkizinci xüsusiyyəti budur ki, onlar  böyüklük edərək, arxa çevirənləri özlərinə tərəf çağırır və onlara üz tutanları məhəbbətlə qəbul edirlər. Axirət əhlinin başqalarını razı salmaqda məqsədi yalnız Allahın razılığını qazanmaqdır. Bə’zən axirət əhli ilə dünya əhlinin əməli zahirən eyni cür görünür. Amma onların hər biri eyni bir işi müxtəlif niyyətlərlə icra edir. Dünyapərəstlər başqaları qarşısında təvazökarlıq göstərərək onların diqqətini cəlb etmək istəyir və öz tərəfdarlarını artıramağa çalışırlar. Axirət əhli isə yalnız Allahı razı salmaq üçün onun bəndələrinə təvazö göstərirlər.

Axirət əhlinin dünyapərəstlərdən mühüm fərqi

Axirət əhlinin on doqquzuncu xüsusiyyəti dünya və axirətin onların nəzərində fərqsiz, eyni olmasıdır. Bu xüsusiyyətin də o biri xüsusiyyətlər kimi mərtəbələri vardır. Dünyapərəstlərin isə axirətə etiqadı yoxdur və onlar yalnız dünya haqqında düşünürlər. Allah-təala onların dilindən buyurur: “Kafirlər deyirlər: “Dünya həyatımızdan başqa heç bir həyatımız yoxdur, ölürük və dirilirik, bizi öldürən ancaq ruzigardır...”[83] Onlardan fərqli olaraq, axirət əhlinin bir dəstəsi ölümdən sonrakı həyata qəlbən inanır, amma onların inamı söz həddini aşmır. Bundan əlavə, onların axirətlə bağlı işlərində dünya rəngi olur. Məsələn, biz adətən gecə namazı qıldıqda dualarımızın qəbul olunacağını, ruzimizin artacağını gözləyirik. Bə’zən gecə namazı vasitəsi ilə xalqın da diqqətini cəlb etmək nəzərdə tutulur. Bəli, bizlər çox vaxt Allaha ibadəti dünya ne’mətlərinə çatmaq üçün vasitə seçirik. Qədr gecəsi oyaq qalırıq ki, dünya ilə bağlı hansısa arzularımız yerinə yetsin. Qədr gecəsində oyaq qalmaq və həmin gecənin ibadəti kimi əzəmətli pərəstişləri yalnız dünya işlərimizin yoluna qoyulması məqsədi ilə yerinə yetiririk. Mə’lum olur ki, bizlər axirət işlərini dünyamız xatirinə istəyirik. Yəni dünyanı nağd bilir və əldən çıxarmaq istəmirik. Övliyalar isə axirəti də nağd bilmişlər.

Sübh iş dalınca gedib dolanışıq xərcini qazanmaq istəyən insan demir ki, indiki rahatlığım nağddır və özümü zəhmətə salmayacağam. Əksinə, ağıllı insanlar zəhmət çəkərək bə’zən neçə illər sonra həyata keçəcək məqsədlər yolunda çalışırlar. İnsan universitetə daxil olur ki, yalnız neçə illərdən sonra ixtisas qazanıb, qazanc əldə etsin. Yaxşı nəticə əldə etmək üçün bir neçə il zəhmət çəkilməsini ağıl qəbul edir. Demək, insanın dünyada axirət səadəti üçün çalışması ağılsızlıq deyil. Əksinə, belə bir iş sağlam ağılın hökmüdür.

Bizlər dünya işlərinin nəticəsinə nə qədər inanırıqsa, övliyalar axirət işlərinin nəticəsinə bizdən də çox inanırlar. Çünki dünya işlərinin nəticəsinə bir o qədər də e’tibar yoxdur. Məsələn, əkin əkdiyimiz vaxt məhsul götürəcəyimizə əmin olmuruq. Çünki əkin sahəsinə min bir bəla gələ bilər. Bununla belə, insanlar əkir-becərir, gecə-gündüz zəhmət çəkib, nə vaxtsa bəhrə götürəcəklərini gözləyirlər. Əgər axirətə də bu qədər inanmış olsaydıq, axirət işlərini tə’xirə salmazdıq. Dünya işlərinin ləzzəti adətən bir saatdan çox çəkmir. Bu bir saatlıq ləzzətə çatmaqdan ötrü uzun müddət çalışırıq. Əgər əbədi axirət ləzzətlərinə çatmaqdan ötrü bir iş görmürüksə, demək, axirətə inamımız yoxdur. Güclü imana malik olan insan əbədi ne’mətləri qoyub, müvəqqəti ne’mətlər üçün ömrünü çürütməz.

Axirət əhli üçün dünya ilə axirətin fərqi yoxdur. Onlar həm dünyadan, həm də axirətdən faydalanırlar. Onlar dünya işlərini götür-qoy etdikləri kimi, axirət işlərini də götür-qoy edirlər. Dünya və axirət işlərindən birini seçmək lazım gəldikdə onlar tərəddüd etmədən əbədi axirət ləzzətlərinə üstünlük verirlər. Əlbəttə ki, bu xüsusiyyətin üstün dərəcələri də vardır. Belə ki, axirət əhlinə aid olan bə’zi insanlar yalnız axirət haqqında düşünürlər.

İmam Sadiq (ə) buyurur: “Bir gün həzrət Peyğəmbər (s) sübh namazını camaatla birlikdə qıldı, sonra nəzərləri məsciddəki bir cavana dikildi. Zeyd ibn Harisə adlı bu gənc başını aşağı salıb fikrə getmişdi. Onun rəngi saralmış, bədəni arıqlamış, gözləri çuxura düşmüşdü. Həzrət (s) ona buyurur: “Halın necədir?” Ərz etdi: “Ey Allahın rəsulu, mən yəqin əldə etmişəm.” Həzrət Peyğəmbər (s) onun sözlərindən xoşhal olub buyurdu: “Hər yəqinin bir mahiyyəti var. Sənin yəqininin mahiyyəti nədir?” Zeyd belə ərz etdi: “Ey Allahın rəsulu, bu yəqinlik məni qəmgin etmişdir. Yoldaşım gecələr oyaqlıq, isti günlər susuzluq olmuşdur. Dünya və onda olanlara rəğbətsiz olmuşam. Sanki xalqın sorğusu üçün bərpa olmuş Allahımın ərşini görürəm. İnsanlar hesab üçün toplanmışlar və mən də onların arasındayam. Sanki ne’mətlər içində qərq olmuş, kürsülərə söykənmiş behişt əhlini görürəm. Onlar bir-birlərini tanıtdırırlar. Sanki orada əzaba düşmüş, fəryad çəkən cəhənnəm əhlini görürəm...” Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurur: “Bu gənc Allah tərəfindən qəlbi iman nuru ilə işıqlandırılmış bir bəndədir.” Sonra həmin gəncə buyurdu ki, hansı haldasansa o halda da qal.” Gənc dedi: “Ey Allahın rəsulu, sənin yanında şəhadətə yetməyimi Allahdan istə.” Həzrət Peyğəmbər ona dua etdi. Çox keçmədi ki, həmin gənc peyğəmbərlə birlikdə savaşda iştirak etdi və şəhid oldu.[84]

Təsəvvür edin ki, bir şəxs evdə oturduğu halda, öz həyətindəki bağçanı təsəvvür edə bilir. O həyəti görməsə də, həyətin və həyətdəki ağacların olduğuna şübhə etmir. Axirət əhli behişti gözlə görə bilməsə də, onun varlığına zərrəcə şübhə etmir. Amma elə uca mərtəbəyə çatmış övliyalar var ki, behişti həqiqətən görürlər. Bəli, axirəti də dünya ilə yanaşı açıq-aşkar görən övliyalar vardır.

On üçüncü dərs

Axirət əhlinin xüsusiyyətləri haqqında üçüncü söhbət

Əmmarə nəfslə mübarİzənİn əhəmİyyətİ

Axirət əhlinin iyirminci xüsusiyyəti odur ki, dünya əhli  ömür boyu bir dəfə ölürsə, axirət əhli nəfs ilə hər an mübarizə apardığından, şeytanla savaşa qalxdığından gündə yetmiş dəfə ölür.

Nəfs istəkləri ilə mübarizənin əziyyəti ölümə dözməyin əziyyətindən də ağırdır. Əgər bu iki işin əziyyətini müqayisə etsək, görərik ki, axirət əhli dünyasını dəyişən insanın əziyyətini gündə yetmiş dəfə çəkir. Bu insanlarda Allaha itaət və nəfslə mübarizə istəyi o qədər güclüdür ki, onlar nəfsin güclü istəklərinə və şeytani vəsvəsələrə qarşı bütün vücudları ilə mübarizə aparır, bir an olsun belə Allahı yaddan çıxarmırlar. Onlar gündə yetmiş dəfə ölməyə hazırdırlar, təki nəfs istəklərinə məğlub olmasınlar. Me’rac hədisinin bu cümləsi nəfslə mübarizənin əhəmiyyətini önə çəkir.

Hədisdə şeytanın insana nüfuzu ilə bağlı işlədilən tə’birlər onun insana nə dərəcədə yaxınlaşa bilməsinə bir işarədir. Xalq arasında “Şeytan onun ətində, qanındadır” kimi tə’birlər işlədilir. Bəli, şeytan insana elə bir həddə hakim ola bilər ki, sanki onun qanına qatılıb bütün vücudunda dövr edir.

Övliyaların ibadəti

Axirət əhlinin iyirmi birinci xüsusiyyəti budur ki, onlar küləyin əsdirəcəyi qədər zəif və arıq olar, amma Allaha ibadət edərkən polad sədd kimi dayanarlar və heç bir şey onları tərpədə bilməz. Bu insanlar bədənləri zəif olduğundan dünya işlərində fəal olmaya da bilərlər. Amma həmin arıq bədənlə Allahın hüzurunda dayandıqda o qədər güc taparlar ki, möhkəmlikləri vəsfə gəlməz.

Bizlər namazda durduğumuz vaxt namaz azca uzandıqda yorulur, güclü olmağımıza baxmayaraq, haldan düşürük. Hansı ki, səksən, doxsan yaşlı pişnamaz bizdən qat-qat zəif olduğu halda namazdan yorulmur. Demək, bədən gücü ilə ibadət gücü arasında bağlılıq yoxdur. İnsanı ibadətdə güclü edən onun könlündəki ilahi eşqdir.

İki amil insana öz məqsədinə çatmaqda yardımçı olur. Bu iki amilin köməyi ilə insan zahirən mümkünsüz olan işlər görə bilir. Məsələn, kəndirbazların hərəkətləri bizdə təəccüb doğurur. Hansı ki, bu insanlar üzücü məşqlər sayəsində gördüyümüz səviyyəyə çatmışlar. Demək, insan müvəffəq olmaq üçün nəzərdə tutduğu işə maraq göstərməli və ciddi çalışmalıdır. İnsanı müvəffəqiyyətə çatdıran iki amil də məhz bağlılıq və çalışmadır. Əgər insan Allaha, doğrudan da, ibadət etmək arzusunda olsa və bu yolda müqavimət göstərsə, şübhəsiz ki, müvəffəq olar. Ən əsası odur ki, insan istəsin və hərəkət etsin. Övliyaların həyatı ibrətamiz olduğundan onlar haqqındakı bir əhvalatı xatırlayaq. Mərhum Hacı Şeyx Həsənəli İsfəhani böyük kəramətlərin sahibi olmuşdur. O, Məşhəddə yaşamış və vaxtının çoxunu imam Rizanın (ə) hərəmində keçirmişdir. Şeyx hərəmin damına çıxar və günbəzin kənarında ibadətlə məşğul olardı. Hərəmin xidmətçilərindən biri nəql edir ki, bir cümə axşamı o məndən damın açarını istədi. Mən damın qapısını açıb, getdim. Arabir dama qalxıb şeyxin halından xəbər tuturdum. Dəfələrlə dama qalxdıqda onun rüku vəziyyətində olduğunu gördüm. Hərəmin qapısını bağlamaq istədiyim üçün son dəfə onun yanında dayanıb gözləmək qərarına gəldim. Amma nə qədər gözlədimsə şeyx rüku vəziyyətini dəyişmədi. Hava çox soyuq və qarlı olduğu üçün mən onun yanında bir qədər odun qoydum. Sonra qapını bağlayıb evə getdim. Nəhayət, sübh hərəmə qayıtdığım vaxt gördüyüm səhnədən heyrətə gəldim. Hələ də rükuda olan şeyxin üstündə bir qarışdan çox qar var idi! Yalnız sübh azanına yaxın namazını bitirdi. Bədəncə çox zəif olan şeyxdə zərrəcə yorğunluq görünmürdü. Qarın altında gecədən sübhədək rüku halında qalmaq üçün nə qədər böyük eşqə ehtiyac vardı!

Bəli, bizlərsə bir qədər rükuda çox qaldıqda belimiz, səcdəmiz uzun çəkdikdə dizimiz ağrıyır. Övliyalar isə öz ibadətlərində mələklərə iqtida edir, uzun rükular və səcdələr  yerinə yetirirlər. Uzun rükuların və səcdələrin savabı haqqında Qur’anda, rəvayətlərdə və dualarda ətraflı şəkildə danışılmışdır.

Mərhum Ayətullah Əminidən soruşurlar ki, həzrət Əlinin (ə) bir gecə ərzində min rəkət namaz qılması xəbərini təsdiq edirmi? Alim buyurur: “Bu işi mən özüm də təcrübədən keçirmişəm.” Onun yaxınları nəql edirlər ki, ramazan ayı hər gecə iftardan sonra səhərədək imam Rizanın (ə) hərəmində min rək’ət namaz qılardı.

Bəli, ilahi eşq zəif bir qocaya da belə bir güc verir.

Axirət əhlinin iyirmi ikinci xüsusiyyəti onların bir an olsun belə yaranmışlar haqqında düşünməmələridir. Bəli, bizlər namazda Allah haqqında düşünmürüksə, övliyalar namazda yaranmışlar haqqında düşünmür.

Övliyalara ilahi mərhəmət

Allah-təala axirət əhlini belə müjdələyir: “And olsun izzət və cəlalıma, onlara pak bir həyat bağışlayacağam.” Qur’ani-kərimdə və rəvayətlərdə mö’minlərə və’d olunmuş pak həyat adi həyatdan fərqlidir. Bizim dünya həyatımız başdan-başa çətinliklərlə, əzab-əziyyətlə müşayiət olunur. Sadəcə vərdiş ediyimizdən bu həyatın çirkinliklərini hiss etmirik. Dabbağ gön qoxusuna vərdiş verdiyi kimi, biz də dünyanın pisliklərinə vərdiş vermişik.

Allah-təala öz övliyalarına səadət dolu bir həyat bəxş edir. Bu dünyada övliyaların həyatını müşahidə edənlər onların halına acıya da bilərlər. Övliyaların daimi göz yaşları, yoxsulluqları cansıxıcı görünə bilər. Nə edək ki, onların qəlblərindəki misilsiz duyğulardan xəbərsizik?! Gözü yaşlı, yoxsul övliyaların duyduqları ləzzətləri əslində ən varlı dünyapərəstlər də duya bilmir. Onlar həmin qəlb ləzzətlərini öz göz yaşları ilə əldə edirlər. Həyatda gördükləri maddi sıxıntılar əvəzində Allah-təala onları mə’nəvi ləzzətdə qərq etmişdir. Me’rac hədisində oxuyuruq: “Onların ruhu bədənlərindən ayrılarkən ölüm mələyini göndərmirəm, bu işi öz öhdəmə götürürəm.” Övliyaların ruhunu ölüm mələyi tərəfindən çıxarılmaması misilsiz bir mərhəmətdir.  Çünki Qur’ani-kərimdə bu barədə buyurulur: “Ey peyğəmbər, sizin ruhunuzu çıxarmaq əmri almış ölüm mələyi canınızı alacaq və ölümdən sonra öz Allahınıza tərəf dönəcəksiniz.”[85] Başqa bir ayədə isə belə buyurulur: “Birinizin ölüm vaxtı çatanda bizim göndərdiyimiz onun canını alar.”[86] Mə’lum olur ki, bə’zi bəndələrin ruhu Allahın özü tərəfindən çıxarılır. Belə bir imtiyaz yalnız Allah aşiqlərinin qismətidir. Övliyalar bir ömür məhbubla görüş eşqi ilə yaşamış, bu görüş yolunda canlarını verməyə hazır olmuşlar. Allah ölümləri zamanı onlara belə bir görüş nəsib edir. Onlar  artıq ruhlarının Allahın əlində olduğunu hiss edirlər. Uzun illər ayrılıqdan sonra mə’şuqun ağuşuna düşmək çox böyük bir sevincdir. Övliyalar üçün ölüm ağrı yox, böyük bir ləzzətdir və bu ləzzət heç bir başqa ləzzətlə müqayisəyə gəlməz.

Uyğun imtiyazın dəyərini dərk etmək çox çətindir. Təsəvvür edin ki, insan hansı məqama çatmalıdır ki, ölüm mələyi ona yaxınlaşa bilməsin. Peyğəmbər və övliyalar məhz həmin məqama çatmışlar. Rəvayətlərdə bildirilir ki, bə’zi bəndələrin məqamı mələklər üçün əlçatmazdır. Yuxarıdakı rəvayətdə də həmin mə’na təsdiqlənir. Əgər ölüm mələyi bir şəxsin ruhunu çıxara bilmirsə, demək, onun məqamı həmin mələkdən üstündür. Bəli, insan dörd müqərrəb (yaxın) mələyin çata bilmədiyi bir məqama çata bilər. Bu məqama çatanların ruhunu isə yalnız Allah-təala özü alır.

Rəvayətdə ruhu çıxarılmış insanın sonrakı əhvalatı haqqında belə buyurulur: “Onların ruhu qarşısında səmanın bütün qapıları açılar.” Biz övliyaların ruhunun necə çıxarıldığını, səma qapılarının necəliyini və ruhların həmin qapıdan necə keçdiyini bilmirik. Uyğun mövzuları qismən də olsa bizlərə anlatmaq üçün Allaha yaxın məqam, uca və geniş göylərə bənzədilmişdir. Bu məqama yalnız övliyalar yol tapa bilir. Qur’ani-məciddə günahkarlar haqqında belə buyurulur: “Göyün qapıları onların üzünə açılmaz, heç vaxt behiştə daxil olmazlar. Bu iş dəvə iynənin deşiyindən keçə bilsə, baş verə bilər.”[87] Axirətlə bağlı məfhumlar nə qədər çətin dərk olunsa da, Allah və mə’sumların buyurduqlarını qəbul etməliyik. Ağıl bir şeyi dərk etmirsə, bu o demək deyil ki, həmin şey həqiqətdən uzaqdır. Varlıq aləmində insanın dərk edə bilmədiyi çox şey var.

Allah mö’minlərin ruhunu çıxardıqdan sonra səmanın bütün qapıları onların üzünə açılar. Ruhlar səma qapılarından keçib, bərzəx behiştinə daxil olarlar. Bu yolda onların qarşısını kəsəcək bir maneə yoxdur. Çünki onlar dünya həyatında nəfs  istəklərinə aldanmamış, düşüncə və əməllərində nöqsana yol verməmiş, bütün fərdi və ictimai vəzifələrini yerinə yetirmişlər. Me’rac hədisində oxuyuruq: “Mənimlə onlar arasındakı bütün hicablar, pərdələr aradan götürülər.” Rəvayətlərdə həzrət imamın da tez-tez xatırladığı bir mövzu var. Bildirilir ki, insanla Allah-təala arasında mövcud olan hicablar iki qisimdir: qaranlıq hicablar və nurani hicablar. Alimlər və əxlaq ustadları uyğun mövzuda bə’zi açıqlamalar versələr də, insanla Allah arasında mövcud olan hicabların mahiyyəti bizim üçün qaranlıqdır.

E’tiraf etməliyik ki, bizim kimilər Allahın hüzurunu və bu hüzurun ləzzətini dərk edə bilmir. Biz ibadətdə sanki qeybdə olan bir varlığa sitayiş edirik. Elə təsəvvür edirik ki, Allah səmaların fövqündədir. Amma Allahla öz arasında hicab, pərdə hiss etməyənlər də var. Onlar Allahı öz boyun damarlarından da yaxın bilirlər.[88] Əlbəttə, bu mövzuda dini və fəlsəfi söhbətlərə ehtiyac var. Hər halda qəbul etməliyik ki, varlıq aləmi Allahın ixtiyarında olduğundan insanla Allah arasında hicab ola bilməz. Sadəcə, bizlər Allaha yaxın olmadığımızdan uyğun rabitəni dərk edə bilmirik. Duada oxuyuruq: “Səninlə bəndələrin arasında hicab yoxdur. Bu hicabı yaradan bəndələrin çirkin əməlləridir.”[89] Saleh əməllər və Allaha yaxınlaşmaq sayəsində aradakı hicablar tədricən aradan qalxır. Əvvəlcə qaranlıq hicablar götürülür, sonra isə nurani hicablar.

Nəhayət, mö’minlər elə bir məqama çatırlar ki, Allahla onlar arasında heç bir pərdə qalmır.

Me’rac hədisinin davamında oxuyuruq: “Göstəriş verərəm ki, behiştlər özlərini zinətləndirsinlər, hurul-eynlər özlərini onların ağuşu üçün bəzəsinlər və mələklər behişt əhlinə salam göndərsinlər. Göstəriş verərəm ki, ağaclar bara gəlsinlər və behişt meyvələri yerə tökülsünlər.” Bütün bu hazırlıqlar mö’minin ruhunu qarşılamaq üçündür. Behiştdə qurulan büsatı az-çox təsəvvür edə bilsək də, orada qurulacaq səhnələr təsəvvürümüzdən çox-çox yuxarıdır.

Hədisin davamında oxuyuruq: “Göstəriş verərəm ki, ərş tərəfdən bir külək əssin, xoş qoxulu kafur və müşk dalğalarını hərəkətə gətirsin.” Bəli, behişt fəzasını əzəmətli müşk dalğaları ətirləndirir. Behiştdə od olmadığından o ətirli maddələr öz-özünə alışır. Hədisdə buyurulur: “Həmin məqamda onu behiştə daxil edərlər və mənimlə onun arasında pərdə olmaz. Mən onun ruhunu çıxararkən deyərəm: yanımıza gəlişin mübarək olsun, sənə müjdə olsun Allahın mərhəməti və mö’minlərin əbədi qalacağı ne’mət dolu behiştlər. Doğrudan da, Allahın yanında böyük mükafat var. Ey peyğəmbər, kaş görəydin ki, mələklər onun ruhunu əldən-ələ necə gəzdirirlər!”

Yuxarıda mö’minin ruhunun alınması və onun behiştə daxil edilməsi ilə bağlı yalnız bə’zi səhnələr işıqlandırılmışdır. Əlbəttə ki, behiştdəki səhnələrin tam təsviri bizim düşüncəmizin fövqündədir. Allah-təala Qur’anda buyurur: “Etdikləri əməllərin mükafatı olaraq mö’minlər üçün göz oxşayan hansı ne’mətlərin saxlandığını kimsə bilməz.”[90]

On dÖRDÜNCÜ dərs

Zahidlərin məqamı və mə’rifəti

Zahİdlər

Me’rac hədisində oxuyuruq: “Ey Məhəmməd, zahidlərin siması gecələr oyaq qaldıqlarından və gündüzlər oruc tutduqlarından saralmışdır. Onların dili Allahın zikrindən yorğundur. Sükut səbəbindən sinələrində qəlbləri yaralıdır. Onlar bütün güc və qüvvələrini işə salarlar. Onlar cəhənnəm qorxusu və behiştin həvəsindən yox, səmalara və yerə baxıb, yalnız Allahı ibadətə layiq bildiklərindən pərəstiş edərlər.”

Zahidlərin ibadəti

Əxlaq və irfan alimləri o kəsi zahid hesab edirlər ki, axirət ne’mətlərini əldə etmək xatirinə dünya ne’mətlərinə göz yummuş olsun və onların ardınca qaçmasın. Zahid insan dünya işlərindən əl çəkir və bir guşədə ibadətə məşğul olur. Abidlər isə Allahın mükafatını əldə etmək üçün ibadət edirlər. Arif adlanan üçüncü bir təbəqə də var. Ariflər zahidlər kimi axirət və ya abidlər kimi dünya ne’mətlərinə görə ibadət etmirlər. Me’rac hədisində zahid kəlməsi ariflərə də şamil edilmişdir. Belə ki, zöhd adlanan ilahi xüsusiyyətin ən uca mərtəbəsi ariflərə aiddir.

Rəvayətin bu hissəsində bəyan olunur ki, zahidlərin çöhrəsi gecələr oyaq qalmaq, ibadət səbəbindən saralmışdır. Onlar gecəni sübhədək ibadətə məşğul olur, gündüzlər oruc tutur, daim Allahı zikr edirlər. Hətta onların dilləri çox zikr etməkdən yorğundur. Başqa bir nüsxədə bildirilir ki, zahidlər boş danışıqdan çəkinir, amma Allah zikrindən yorulmurlar. Zahidlər o qədər susurlar ki, sinələrində qəlbləri yaralanır. Çünki susmaq böyük təzyiqlər sayəsində mümkün olur. Onlar düşmənlə meydanda döyüşürmüş kimi öz nəfsləri ilə döyüşürlər.

Yuxarıda qeyd edildiyi kimi, rəvayətdə “zahid” kəlməsi “arif” kimi də başa düşülə bilər. Adətən, ariflərin söhbətlərində eləcə də Hafizin şe’rlərində zahidlər məzəmmət olmuş, onların dünya ne’mətlərinə arxa çevirmələri bəyənilməmişdir. Əgər zahid dünya ne’mətinə göz yumub, axirət ne’məti haqqında düşünürsə, arif axirət ne’mətləri haqqında da düşünmür. Onun yeganə məqsədi Allahın razılığıdır. Me’rac hədisində isə zahid cəhənnəm əzabı qorxusundan və ya behişt ne’mətlərinə çatmaq məqsədi ilə ibadət edən kəs deyil. Hədisdə zahid deyilərkən Allahı ibadətə layiq bildiyi üçün ibadət edənlər nəzərdə tutulmuşdur. Bu mə’na başqa rəvayətlərdə də mövcuddur. Həzrət Əli (ə) buyurur: “Pərvərdigara, Sənə cəhənnəm qorxusundan və ya behişt tamahı ilə ibadət etmirəm. Səni ibadətə layiq bildiyim üçün ibadət edirəm.”

İbadət edənlərin üç qismi

İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətdə ibadət edənlər üç dəstəyə  bölünür: Allaha cəhənnəm əzabı qorxusundan ibadət edənlər − bu qulların ibadətidir; Allaha mükafat ümidi ilə ibadət edənlər − bu tacirlərin ibadətidir; Allaha eşq və məhəbbət səbəbindən ibadət edənlər − bu azadələrin ibadətidir.

Bəli, Allaha cəhənnəm qorxusundan ibadət edənlər şallaq qorxusundan sahibinə itaət edən qula bənzəyirlər. Mükafat məqsədi ilə ibadət edənlər isə daim qazanc güdən tacirlərə oxşayırlar.

İmam Sadiq (ə) əvvəlki iki dəstənin ibadəti haqqında danışdıqdan sonra buyurur: “Amma mən Allaha məhəbbət səbəbindən ibadət edirəm.”[91]

Qeyd etməliyik ki, Allaha əzab qorxusundan və ya behişt tamahından ibadət etmək pis iş deyil. Qur’ani-kərimdə ilahi əzabdan qorxaraq təqva yolunu seçənlər haqqında tə’riflər söylənilir. Əlbəttə ki, bu insanlar Allaha məhəbbət səbəbindən ibadət edənlərlə müqayisədə aşağı mərtəbədə dayanırlar. Amma onlar da axirətə imanlıdırlar. Qış üçün yanacaq, isti paltar hazırlayan insan qarşıda qışın olacağına və soyuqların düşəcəyinə əmindir. Behişt və cəhənnəmin mövcudluğuna inanan insan da hökmən bir hazırlıq görər. Əgər bir şəxs cəhənnəm əzabına və ya behişt ne’mətlərinə görə ibadət edirsə, demək, onda axirət həyatına heç bir şübhə yoxdur. Əslində axirət həyatı üçün heç bir hazırlıq görməyənlər məzəmmət olunmalıdır. Qur’ani-kərimdə axirət əzabından qorxanların dilindən deyilir: “Biz Allahın qəhrindən, insanların rəngini dəyişəcək, onları qəmləndirəcək günün çətinliyindən qorxuruq.”[92] Əlbəttə ki, ən üstün ibadət Allahı ibadətə layiq bilib Ona pərəstiş edənlərin ibadətidir. Belə insanlar üçün Allahın razılığı behişt ne’mətlərindən çox-çox üstündür. Kimlərinsə Allahla bir anlıq  görüşü min illər behişt ne’mətlərindən faydalanmaqdan üstün tutmasını təsəvvür etmək bizlər üçün çətindir.

İlahi maariflə tanış olmayan bə’zi insanlar öz yazılarında və danışıqlarında cəhənnəm əzabından qorxunu və ya behişt ne’mətlərinə həvəsi alçaq iş sayır, eqoistlik təzahürü kimi qiymətləndirirlər. Onlar deyirlər ki, həqiqi insan mə’nəvi dəyərlər ardınca getməli və rahatlığa qul olmamaladır. Bu sözlərdə həqiqət var. Amma axirət inancına malik insanlar haqqında belə danışmaq mümkün deyil. Sözsüz ki, Allahın razılığını axirət ne’mətlərindən üstün tutmaq ali bir keyfiyyətdir. Amma behişt ne’mətlərinə görə və ya cəhənnəm əzabından qorxaraq ibadət edilməsi pisdir deyə, axirətə e’tinasız yanaşmaq, daim dünya ləzzətləri ardınca qaçmaq olduqca əsassız bir düşüncədir. Cəhənnəm qorxusunu və behişt tamahını bəyənməyən insan daha üstün məqama çatdıqda haqlı sayıla bilər. Amma Allah qanunlarını ayaq altına alıb, hansısa işrət məclisində axirətə inanan mö’minləri qınamaq e’tiqadsızlıqdan başqa bir şey deyil.

Bu sayaq məs’uliyyətsiz söz danışanlar əslində azadələrin bəndəliyinin nə olduğundan xəbərsizdirlər. Onlar bilmirlər ki, Həzrət Əli (ə) və sair övliyalar behişt ne’mətinə və cəhənnəm əzabına zərrəcə şübhə etmirdilər. Bu insanlar sadəcə Allahın razılığını daha üstün tuturdular. Həzrət Əli (ə) Allah-təalaya belə ərz edir: “Pərvərdigara, tutaq ki, Sənin əzabına dözdüm, bəs ayrılığına necə səbr edim?”[93] Bəli, Allahdan ayrılığın acısını dərk edən insan üçün cəhənəm əzabı əhəmiyyətsizdir. Onları behiştdə hurul-eynlə olmaq yox, Allahın razılığını qazanmaq maraqlandırır. Əlbəttə ki, bizlər Allahın mərhəmətindən məyus olmamalıyıq. Allah günahdan uzaq olmaq istəyən və bu yolda çalışan bəndələri ne’mətlərindən məhrum etmir.

İlahi mə’rifətə çatmaq üçün addım



Geri   İrəli
Go to TOP