A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: DOST DİYARININ YOLÇULARI
Müəllif: Ustad Misbah Yəzdi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Rəvayətin bu hissəsində Allah-təala peyğəmbəri nəfsə itaətdən həzər qılmağa çağırır. Həzrət peyğəmbərin mə’sum, günahsız olduğunu hamı bilir. Hamı bilir ki, həzrət istənilən bir büdrəmədən və nəfsə itaətdən uzaqdır. Peyğəmbərlərin mə’sumluğu Allahın hidayətindən bəhrələnir. İlahi vəhyin ilham olunması peyğəmbərlərin paklığının, ismətinin əsas səbəbidir. Əgər Allah-təala öz peyğəmbərlərinə elm və paklıq verməsəydi, onların başqalarından fərqi olmazdı. Hədisdəki uyğun bəyanat daha çox başqalarını təlimləndirmək üçündür. Peyğəmbərə müraciət olunsa da, əslində uyğun tövsiyələr bütün xalqa ünvanlanmışdır. İnsan öz təkamül yolunda bu tövsiyələrdən bəhrələnməlidir.

Hədisin bu hissəsinin əsas mövzusunu nəfsə itaət edilməməsi təşkil edir. Əxlaqi söhbətlərdə və moizələrdə insana tapşırılır ki, nəfsə müxalif olsun. Həzrət Peyğəmbər (s) buyurur: “Sənin ən qatı düşmənin öz nəfsindir.”[58] Ayə və rəvayətlərdə bir bu qədər diqqət ayrılan nəfs nədir?

Nəfs birmə’nalı söz deyil. Hikmət və fəlsəfədə nəfs dedikdə ruh nəzərdə tutulur. Əxlaqda isə nəfs kəlməsi tamamilə başqa bir mə’na daşıyır. Əxlaqi mövzularda məzəmmət olunan nəfs təbii ki, ruh ola bilməz. Çünki ruh olduqca şərafətli bir məfhumdur. Allah-təala buyurur: “Ona öz ruhumdan üfürdüm.”[59] Demək, nəfs kəlməsini həmişə ruh kimi başa düşmək olmaz. Əxlaq kitablarındakı söhbətlərdən mə’lum olur ki, nəfs əqlə zidd olan bir qüvvədir. Ona görə də əxlaqi söhbətlərdə insan nəfs ilə mübarizəyə çağırılır. İnsan mübarizə meydanında bə’zən nəfsin tərəfini saxlayır, bə’zən də əqlin. Əslində nəfs də ruha aiddir. Ruh maddiyyata meyl etdiyi vaxt nəfs adlanır, mə’nəviyyata meyl etdiyi vaxt isə əql kimi təqdim edilir. Əlbəttə ki, bu əql fəlsəfədə haqqında danışılan əql deyil.

İnsanın düşməni olan nəfs onun ruhunun tərəqqisinə mane olan meyllərdən ibarətdir. İnsan ruhu elə bir yerdə qərar verilmişdir ki, həm tənəzzül edə bilər, həm də tərəqqi.

Əxlaq elmində haqqında danışılan nəfs insanı tənəzzülə aparan bir qüvvədir. Əxlaqda insan ruhunu ilahi məqsədlərə doğru səsləyən qüvvə isə əql adlanır. Demək, insan onu süquta uğratmaq istəyən nəfsdən həzər qılmalı, onunla mübarizəyə qalxmalıdır. İnsan fitrətən kamillik tələbindədir. O əqlin tələbi ilə ali kamal mərtəbəsinə can atır. Şəriət baxımından da insan Allaha doğru hərəkət etməyə vəzifəlidir. Nəfs isə bütün müsbət hərəkətlərə mane olur. Belə bir amil ilə mübarizə aparılmasa, nəfsin meyllərinə meydan verilsə, insanda müxtəlif xörəklərə, geyim-keçimə, bərbəzəyə, firavan yaşayışa maraq günbəgün artasıdır. İnsan öz daxilindəki meylə müsbət cavab verdikcə həmin meyl güclənir. Bu mə’na təcrübədə də sübuta yetirilmişdir. Məsələn, ramazan ayında oruc tutan insan gün keçdikcə yeməyə maraqsız olur. Amma ramazan ayı başa çatdıqdan sonra onda yeməyə meyl güclənir və çeşidli yeməklərə can atır. Deyilənlər cinsi istəklərin tə’mini məsələsində də özünü doğruldur. İzdivac etməmiş mö’min bir gənc üçün şəhvətin qarşısını almaq izdavac etmiş insana nisbətən daha asan başa gəlir. Çünki subay gənc şəhvət tüğyanını susdurmağa adət etmişdir. İzdivac etdikdən sonra isə günah təhlükəsi artır. Yenicə ailə qurmuş mö’min gənclər bu məsələdə çox diqqətli olmalıdırlar. Onlar düşünməməlidirlər ki, artıq halal yolu tapmışlar və heç bir günah təhlükəsi yoxdur. Əksinə, şeytan izdivac etmiş gəncdə daha çox vəsvəsə yaratmağa çalışır. Çünki artıq o cinsi yaxınlığın ləzzətini dadmış və onda bu meyl güclənmişdir. Digər nəfs istəkləri də belədir. Hansı sahədə nəfsə meydan verilirsə, o bütün meydanı zəbt edir.

Deyilənlər mə’nəvi məsələlərdə də özünü doğruldur. İlk öncə insan üçün gecə namazı qılmaq çətin gəlir. Əvvəllər zəngli saatın səsinə oyanıb, yenidən yatan insan vaxt ötdükcə saat zəng çalmamış yuxudan oyanır və çox rahat halda ibadətə məşğul olur. Bir müddət bu ibadəti davam etdirdikdən sonra bir gün gecə oyana bilmədikdə insan narahat olur və sanki qiymətli bir şey itirir.

Bəli, insanın iradəsi nəfs istəklərinə “yox” deməklə güclənir. Əlbəttə ki, insan nəfslə mübarizədə öz gücünü nəzərə almalı, çətin üsullar seçməməlidir. İlk əvvəllər nəfsin kiçik istəklərinə yox demək lazımdır. Vaxt ötdükcə bu mübarizəni gücləndirmək və nəfsi tamamilə hakimiyyət altına almaq mümkün olur. Ona görə də Allah-təala öz həbibinə tövsiyyə edir ki, nəfs istəklərinə müsbət cavab verməsin, dadlı xörəklərdən çəkinsin, yumşaq yataqda yatmasın, gözəl libas geyməsin. Çünki bu sayaq adətlər nəhayətdə haramla sonuclanır.

İnsan halal dünya ləzzətlərində hədd gözləmədikdə yavaş-yavaş məkruh işlərə qədəm qoyur, bir də onda ayılır ki, artıq halal-haram sərhədini keçmişdir. Bir rəvayətdə belə buyurulur: “Uçurumun kənarı ilə hərəkət edən insan büdrəyib süqut edə bilər. Ona görə də uçurumdan bir qədər fasilə saxlamaq lazımdır.”[60] Bir çox rəvayətlərdə bildirilir ki, müstəhəb işlər vacib işlərin qırmızı xətti hasarıdır. Vacib əmrləri tərk etmək istəməyən insan onun ətrafında müstəhəb əməlləri yerinə yetirməlidir. Məkruh işlər isə haram işlərin qırmızı xəttidir. Məkruh işə qədəm qoyan insan artıq qırmızı xətti keçmiş olur. Allah-təala məkruh işləri insanla haram işlər arasında sərhəd qərar vermişdir. Harama oxşar işlərdən çəkinən insan heç vaxt harama qucaq açmaz. Digər tərəfdən vacib işlərin tərk olunmaması üçün müstəhəb işlərin görülməsi tövsiyə edilir. Nafilə, müstəhəb namazlar vacib namazların artıq-əskiyini düzəldir.

Nəfs istəkləri

İnsanlar nəfs istəklərinə münasibətdə bir neçə qrupa bölünürlər:

1. Heç bir maneə olmadan qəlb istəyinə əməl edənlər − Bu dəstədən olanlar daim maddi ləzzətlər arxasınca qaçır, dünya həyatını axirət həyatından üstün tuturlar. Qur’ani-kərimdə belələri haqqında buyurulur: “Düçar olacaqları şiddətli əzaba görə vay kafirlərin halına! O kəslər ki, dünyanı axirətdən üstün tutur, insanları Allah yolundan döndərir və bu yolu əyməyə çalışırlar. Onlar azıb uzaq düşmüşlərdir.”[61] Maddiyyat və nəfs istəkləri ardınca qaçıb, onlardan əl çəkmək istəməmək küfr mənşəsidir. Din əmr edir ki, bu sayaq istəklərdən əl götürülsün. Bu əmrə itaət etməyən insan dinə qarşı çıxmış olur. Bu dəstədən olanlar nəfs istəklərinə itaətdə heç bir sərhəd tanımırlar. Allah-təala buyurur: “İnsan bundan sonra da günah etmək, pis işlər görmək istəyər.”[62]

2. Nəfs istəklərinə itaətdə hansısa bir hədd gözləyən və haramdan çəkinməyə çalışanlar − Amma bu dəstədən olan insanlar nəfsin bir çox istəklərindən, eləcə də məkruh işlərdən çəkinmirlər. Bu dəstə özü də bir neçə qola ayrılır: onlardan bə’ziləri kəbirə günahlardan çəkinir, amma kiçik günahlara yol verir, bə’ziləri kəbirə günaha da batır, bə’ziləri günah edən kimi tövbə qılır, bə’ziləri isə tövbə etmək barədə də düşünmürlər. Hər halda bu insanlarda haram işləri tərk etmək fikri var.

3. Nəfsə müxalifəti əsas götürənlər − bu insanlar yalnız Allahın razılığı nəfslə uyğun gəldikdə ona itaət edirlər. Bu işdə də məqsədləri nəfsə itaət yox, Allahın razılığı olur. Bu insanların əsas məqsədi nəfs istəklərinə qarşı çıxmaqdır. Onlar bütün işlərdə Allahın razılığını ölçü götürürlər. Əlbəttə ki, bu insanların da dərəcələri vardır.

Peyğəmbərlərin hədəfi öncə insanları nəfsin əsarətindən qurtarmaq olmuşdur. Nəfsə itaət edən insan peyğəmbərlər və onların göstərişləri ilə heç bir əlaqəyə malik olmurlar. Öz nəfs istəyinə yox deməyi bacarmayan insan peyğəmbər göstərişlərinə itaət edə bilərmi?! Demək, insan ümumi şəkildə bir hədd gözləməli və öz nəfs istəklərini nəzarət altına almalıdır. Bu nəfsin tərbiyəsində ilkin mərhələdir. Bu mərhələ ilə hər işdə Allahın razılığını gözləmək mərhələsi arasında böyük fasilə vardır.

Mö’minlər öz iman dərəcələrinə əsasən bu iki mərhələ arasında hərəkət edirlər. Nəfsə qarşı çıxmaqla hər işdə Allahın razılığını gözləmək mərtəbələri arasında saysız-hesabsız dərəcələr vardır. Hətta peyğəmbərlərin də müxtəlif mərtəbələri mövcuddur. Peyğəmbərlər sırasında İslam Peyğəmbəri (s), həzrət Zəhra, mə’sum imamlar ilkin yerləri tuturlar. Digər peyğəmbərlər onlardan bir mərtəbə aşağıda dayanır. Həzrət Peyğəmbər (s), həzrət Fatimə və on iki mə’sum imamdan ibarət olan bu on dörd nur ən üstün iman mərtəbəsinə malik insanlardır.

Mö’min insan daim öz iman mərtəbəsini qaldırmağa çalışmalıdır. Bu işdə iki amil mühüm rol oynayır: insanın sə’yi və Allahın yardımı. Kimsə öz aqibətindən xəbərdar olmaq imkanına malik deyil. Bə’ziləri çox uca iman mərtəbəsinə qalxdıqdan sonra aşağı mərtəbəyə süqut edirlər. Əlbəttə ki, uca mərtəbədə olan insanlar üçün süqut təhlükəsi daha böyükdür. İnsan nə qədər ucaya yüksələrsə, onun süqutu da bir o qədər təhlükəli olar.

Mə’sumların əxlaqi göstərişlərində əsas məqsəd insanların həssas məqamda olduğunu, nəfs istəklərinə itaətin böyük problemlər yaratdığını insanların nəzərinə çatdırmaqdır. Bəli, insan ya könlünə qulaq asmalıdır, ya da Allaha. Həm nəfsə, həm də Allaha itaət etmək mümkünsüzdür. İnsan öz nəfsinə itaət etdikcə Allahdan uzaqlaşır. Əksinə, Allaha itaət etdikcə nəfs hakimiyyətindən xilas olur. Unutmaq olmaz ki, nəfs istəkləri ilə mübarizədə insanın məqsədi, niyyəti də əsas şərtdir. Əgər bir şəxs yalnız zahid kimi tanınmaq üçün öz nəfsi ilə mübarizə aparırsa, az yeyirsə, nimdaş paltarlar geyirsə, sadə evdə yaşayırsa, bu işlərin heç bir səmərəsi yoxdur. Belələri öz nəfsinin hiyləsindən xəbərsizdirlər. Onlar özlərini ibadət, təqva əhli hesab etsələr də, bu güman onları fəlakətə aparır. İnsanın özünü istənilən bir cəhətdən başqalarından üstün hesab etməsi çox təhlükəli bir xasiyyətdir. Zahidlik adı uğrunda mübarizə aparan insan dünya ləzzətləri ardınca qaçan insandan daha çox ziyankardır. Dünya ləzzətləri ardınca qaçanlar heç olmaya dünyada bir neçə gün ləzzət görürlər. Yalançı zahidlər isə həm dünya, həm də axirət ləzzətlərindən məhrum olurlar. Qur’ani-kərimdə oxuyuruq: “De ki, sizə əməlləri baxımından ən çox ziyana uğrayan haqqında xəbər verimmi? O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdi. Halbuki onlar yaxşı işlər gördüklərini güman edirdilər.”[63] İnsanın nəfsinə aldanıb özünü yaxşı adam hesab etməsi çox təhlükəli xüsusiyyətdir. Belə bir xasiyyətdən Allaha pənah aparaq. Belə bir düşüncəyə qapılan insan həmin andan da şeytanın ardınca getməyə başlayır. Saleh insanlar özlərini daim aşağı tutmuş, başqalarından əskik bilmişlər. Bə’zən insan o qədər eqoist olur ki, özünü heç vachlə başqalarından aşağı tuta bilmir. Heç bir pis iş görməyən, oğurluq etməyən, adam öldürməyən, zinaya yol verməyən bir insan məhz qürur ucbatından ən aşağı mərtəbəyə tənəzzül edir. Cəmiyyətdə dəstəbazlıq yaradan, təfriqə salan da məhz belə insanlardır. Onlara elə gəlir ki, hamı onlardan aşağıdır, hamı onların ardınca getməlidir. Belələri öz batinlərindəki rəyasət, şöhrət həvəsini hiss edə bilmirlər. Unutmaq olmaz ki, insanın elmi artdıqca onun nəfsi də güclənir. Nadan insanın hiyləgərlik gücü ilə alimin hiyləgərlik gücü arasında böyük fərq var. Nadan insan alimin hiyləsini anlaya bilməz. Nadan insanlar böyük hiylə qüdrətinə malik olmadığından qısa bir zamanda da peşiman olub, nəfsin şərindən qurtulurlar. Amma alimin nəfsi alimə hakim olduqda bu hakimiyyətdən yaxa qurtarmaq çox çətin olur.

Yuxarıda deyilənlərlə çox diqqətli olmaq lazımdır. Əlbəttə, deyilənlərdən məqsəd bu deyil ki, alimin nəfsi güclü olduğundan insan elmdən çəkinməlidir. Əgər belə bir nəticəyə gəlmiş olsaq, bilməliyik ki, şeytanın növbəti hiyləsinə aldanmışıq. Şeytanın əsas məqsədi insanı kamillikdən saxlamaqdır. Kamillik zirvəsindən yıxılmaq qorxuludur deyə, kamilliyə arxa çevirən insan artıq şeytana məğlub olmuşdur. Unutmamalıyıq ki, Allah ona doğru hərəkət edənlərə daha çox yardım göstərir. Qüdsi hədisdə oxuyuruq: “Hər kəs bir qarış mənə yaxınlaşarsa, mən ona bir addım yaxınlaşaram.”[64]

Allah insana yardım göstərdikdə nəfslə mübarizə asan olur. Əlbəttə ki, işin başlanğıcında hansısa çətinliklər labüddür.

Eşqin ilk addımı bəladı, qandı,

İlk addımda qaçan bil peşmandı.

Əgər insan nəfslə mübarizəsini davam etdirsə və Allahdan yardım diləsə, uyğun mübarizə getdikcə asanlaşacaq. İlkin mərhələni keçən insan bir xeyir işi tərk etdikdə və ya bir ibadəti ötürdükdə narahat olur.

Nəfsin təhlükələri və hiylələri haqqında danışmaqla uyğun təhlükə haqqında xəbərdarlıq etmək istədik. Amma deyilənlərdən belə bir nəticə çıxmasın ki, nəfs məğlubedilməzdir. Nəfs dedikdə gözünüzün qarşısına nəhəng bir əjdaha gəlməsin. Nəfs daxilimizdəki istəklərdir və bu istəklərin mənfilərinə qarşı mübarizə aparmaq lazımdır. Me’rac hədisinin davamında oxuyuruq: “Sənin Allaha itaətinə müxalif olar və Allahın xoşlamadığı işlərdə sənə itaət edər.” Bəli, Allahın xoşlamadığı bir iş görmək istədikdə nəfs ən yaxın köməkçi olur. Amma Allaha ibadət fikrinə düşdükdə ən böyük müqaviməti də həmin bu nəfs göstərir. Namaza dayanmış insanın xəyalını min bir yerə aparan, namazda qəlbin iştirakına mane olan məhz həmin bu azğın nəfsdir. O öz müqaviməti ilə insanın diqqətini Allahdan yayındırmağa çalışır. Hədisin davamında buyurulur: “Tox olduqda tuğyan qoparır, ac olduqda şikayət edir.” Ac olduqda şikayətlənmək, tox olduqda yolunu azmaq nəfsin xüsusiyyətidir. İstədiyini alan nəfs azğın at tək insanı alıb aparır. Artıq ona nəzarət etmək mümkün olmur. Bu atı ram etmək üçün onu bir qədər ac saxlamaq, istəklərinə mənfi cavab vermək lazımdır. Yalnız bu tədbirlərdən sonra ondan ibadət yolunda bəhrələnmək olar. Hədisdə oxuyuruq: “Fəqirlik zamanı qəzəbli, varlı olanda məğrurdur.” Bəli, o, var-dövlət gördükdə lovğalanır, fəqirliyə düşdükdə bütün dostlardan üz döndərir. O, düşdüyü vəziyyətdə hamını günahkar sayır. Onda səbrdən, dözümdən əsər-əlamət yoxdur. Bütün ətrafdakılar onu təngə gətirir.

Hədisdə buyurulur: “Yaşa dolduqda işi yaddan çıxarır, asudəlikdə isə qəflətə varır.” Nəfs bir təhlükə hiss etdikdə bu təhlükədən qurtarmağa çalışır. Asyiş zamanı isə qəflətə düçar olur. Bəla nazil olanda, şəhərlər bombalananda, raketlər atılanda nəfs duaya, raz-niyaza üz tutur. Təhlükəli məqamlarda təvəssül duası, aşura ziyarəti yada düşür. Elə ki, sülh bərqərar olur, ah-nalədən əsər-əlamət qalmır. Bəli, nəfs bu xasiyyətdədir. Əmin-amanlıq zamanı o nə Allahı, nə də Allahın əzabını yada salır. Nəfs həmin şeytanın dostudur ki, insanları azdıracağına and içmişdir. Qur’ani-kərimdə oxuyuruq: “Şeytan dedi: And olsu izzət və cəlalına, bütün xalqı azdıracağam...”[65]

Şeytan məhz nəfs yolu ilə insanı aldadır və cəhənnəmə sürükləyir. Qəlbin yolunu şeytana açan da nəfsdir. Diqqətini toplaya bilən insan anlayır ki, belə bir nəfslə keçinmək yox, ona qarşı savaşa qalxmaq lazımdır.

Me’rac hədisində oxuyuruq: “Nəfs dəvəquşu kimidir. Çox yeyir və yükləndikdə pərvaz etmir.” Nəfs mütaliəyə, ibadətə də’vət olunduğu vaxt üzünü yana çevirir, əsəbi olduğunu, diqqətini toplaya bilmədiyini bəhanə gətirir. Amma elə ki, televiziyada əxlaqsız bir film göstərilir, bütün diqqətini həmin filmə toplayır, heç bir səhnəni nəzərdən qaçırmır. Bəli, o günahda diqqətlidir, ibadətdə isə diqqətsiz! Hədisin davamında buyurulur: “Nəfs xərzəhrə (oleandra) kimidir. Rəngi gözəldir, dadı acı. Nəfs və onun işləri zahirən gözəl, aldadıcıdır. Daxili isə öldürücü zəhərlə doludur. O zahirən təqva, elm, zöhd libası geyir. Batinindəki şeytani fikirlərdən isə bir Allah xəbərdardır. Onun sözləri gözəl, həm də azdırıcıdır. Ardınca gedənləri haraya apardığı bilinmir. O əvvəlcə ibadətdən, irfandan danışır. Əmələ gəldikcə isə nə ibadət yadına düşür, nə də dua. Onu namazın qəzaya getməsi narahat etmir. Hər şeyin müvəqqəti, mə’rifətin nisbi olduğu nəzərə çatdırılanda e’tiqadı süstləşir. Çətin ki, o Allaha münasibətdə hansısa bir məs’uliyyət hiss edə.

Onuncu dərs

Dünya və dünyagirləriN məzəmməti

Dünya və axİrət İstəyİnİn mahİyyəatİ, bu İkİ İstəyİn mərhələlərİ

Me’rac hədisinin davamında Allah-təala öz peyğəmbərinə belə xitab edir: “Ey Məhəmməd, dünya və onun əhlini düşmən, axirət və onun əhlini dost tut.” Qeyd etməliyik ki, ayə və rəvayətlərdə məzəmmət olunan dünya axirətə aparan dünya yox, son məqsəd olan dünyadır. Yə’ni ayə və rəvayətlərdə dünya əhli  deyildikdə dünyada yaşayan insanlar yox, dünya və onun ne’mətlərinə əsir olmuş insanlar nəzərdə tutulur. Əgər dünya ne’mətləri, eləcə də su, torpaq, səma Allahın ayətləridirsə, onlara məhəbbət necə məzəmmət oluna bilər?! Bundan əlavə yer üzündə məscidlər, mə’bədlər, barigahlar kimi müqəddəs yerlər mövcuddur. Əlbəttə ki, bu sayaq müqəddəs məkanlara məhəbbət məzəmmət oluna bilməz. Əgər axirətdə cəhənnəm varsa, cəhənnəmdə üsyankar insanlar varsa, axirət əhli dedikdə də bütün axirət əhli nəzərdə tutulmamışdır. Məgər cəhənnəm və cəhənnəm əhli sevgiyə layiqdirmi?!

Məzəmmət olunan dünya əhli son məqsədi dünya olan, dünya ləzzətlərindən savay fikir-zikri olmayan insanlardır. Dünya ləzzətləri ardınca qaçıb, axirət haqında düşünməyən insanlar, doğrudan da məzəmmətə layiqdir. Bir sözlə, dünyanı sevməyin də mərtəbələri, dərəcələri vardır. Bir qrup insan dünyaya pərəstiş edir və axirət aləminə arxa çevirir. Belə bir dəstənin qurtuluşuna heç bir ümid yoxdur. Allah-təala bu insanlar haqqında buyurur: “Bu kafirlər qiyaməti təkzib etdilər və biz cəhənnəm odunu qiyaməti təkzib edənlər üçün hazırlamışıq.”[66] Dünyanı sevən bir başqa qrup isə axirət həyatına inansa da, bu iman onların əməlinə tə’sir etmir. Onlar dildə olmasa da, əməldə axirəti inkar etmiş olurlar. Əməldə sübuta yetirilməyən bir iman, təbii ki, səmərəsizdir. Belə bir iman susuz qalıb quruyan ağaca bənzəyir. Qur’ani-məciddə oxuyuruq: “Məgər onlar yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətini görmürlərmi?! Onlar bunlardan daha qüvvətli idilər. Onlar torpağı qazıb altını üstünə çevirmiş və yer üzünü daha çox abad etmişdilər. Peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələrlə gəlmişdi. Allah onlara zülm etmirdi. Onlar özləri özlərinə zülm edirdilər; Allahın ayələrini yalan hesab edib məsxərəyə qoymaqla pislik edənlərin aqibəti daha pis oldu.”[67] İnandığına əməl etməyən insanın imanı asta-asta əldən çıxır və nəhayət, bu insan kafirlər zümrəsinə qatılır.

Dünyanı sevənlər arasında elələri də var ki, axirətə inansalar da, dünyanı axirətdən üstün tuturlar. Onlarda həm dünyaya, həm də axirətə maraq vardır. Belələri haqqında Qur’anda buyurulur: “Onların bir qismi də günahlarına e’tiraf etdi. Onlar yaxşı bir əməllə pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən Allah bağışlayan və rəhm edəndir.”[68]

Dünyamızda dünyanı sevənlərlə yanaşı axirəti sevənlər də vardır. Ayə və rəvayətlərdə axirət aşiqləri mədh olunmuşdur. Əlbəttə ki, axirət aşiqlərinin də dərəcələri  vardır. Axirət aşiqləri zümrəsində ilk dərəcəni dünyaya rəğbətsiz insanlar təşkil edir. Bu insanlar dünya həyatında Allahın göstərişlərinə əməl edir və Allahın razılığı əsasında yaşayırlar. Onlar dünyaya və onda olan ne’mətlərə Allahın nişanələri kimi baxırlar. Dünya həyatında olan bütün gözəlliklər onlara Allahı xatırladır. Əməli olaraq belə bir məqama çatmaq asan deyil. İnsanın dünyaya rəğbətsiz olması çətin əldə olunan bir xüsusiyyətdir. Axirət aşiqləri arasında behişt ne’məti arzusunda olanlarla yanaşı, öz xoşbəxtliyini Allahın razılığında, onunla ünsiyyətdə görənlər də var.

Demək, ayə və rəvayətlərdə dünyaya əsir olan dünya əhli məzəmmət olunur və xoşbəxtliyini Allahın razılığında görən axirət əhli mədh edilir. Ayə və rəvayətlərdə dünya və axirət əhli müxtəlif sifətləri ilə yad edilir. Əgər bir insanda dünyapərəstlik sifətlərindən biri olarsa, bu onun dünyapərəstlər zümrəsindən hesab edilməsi üçün bəsdir. Əgər me’rac hədisində dünyapərəstlərin bir çox sifətləri sadalanmışdırsa, özümüzdə bu sifətlərdən birini gördükdə həyəcan təbili çalıb tə’cili tədbir görməliyik. Eləcə də, axirət əhli üçün sadalanmış sifətlərdən bə’zilərini özümüzdə görmədikdə düşdünməməliyik ki, biz dünya əhliyik. Çünki həm dünya, həm də axirət əhlinin müxtəlif mərtəbələri vardır. Ayə və rəvayətlərdə dünyapərəstlik küfrə bərabər sayılmış, dünyapərəstlərə əbədi əzab və’d edilmişdir. Axirət əhlinə isə axirət ne’mətləri və əbədi səadət və’d edilir. Ayə və rəvayətlərdə bu da bildirilir ki, Allah hər iki dəstənin öz yoluna davam etməsi üçün mövcud maneələri aradan qaldırır. Qur’ani-məciddə oxuyuruq: “Hər kəs fani dünyanı istəsə, dilədiyimizə dünya matahını verərik. Sonra isə cəhənnəmi ona nəsib edərik. O, cəhənnəmə qınanmış və qovulmuş bir vəziyyətdə daxil olar. Mö’min olub axirəti istəyən və onun uğrunda çalışanların da zəhməti qəbul olunar.”[69]

Qur’an buyurur ki, insanların bir qrupu bir anda ötüb-keçən dünyanı dost tutur və ondan sonranı düşünmürlər. Əlbəttə ki, Allah-təala bu insanlara bütün istədiklərini vermir. Dünyanın nizamına uyğun olaraq onların istəkləri həyata keçir. Allah hər kəsə öz ne’mətlərindən bir hissə verir. Demək, dünyapərəstlər heç də bütün arzularına çata bilmirlər. Dünya ne’mətlərinə əsir olub, onlardan cüzi bir hissəsini əldə edə bilən belələri əbədi əzaba düçar olur və məzəmmət olunmuş halda cəhənnəmə atılırlar. Ötəri dünya həvəsində olanların aqibəti belədir. Onlar cüzi və ötəri ne’mətlər xatirinə əbədi əzabı qəbul edirlər. Axirət aşiqləri isə öz zəhmətlərinin bəhrəsini görərək əbədi behiştlə mükafatlandırılırlar. Axirət həyatı arzusunda olanlar inanırlar ki, dünya həyatından sonra əbədi və dəyərli bir həyat vardır. Onlar bu inamlarını əmələ çevirərək axirət səadəti əldə etmək üçün çalışırlar. Maraqlıdır ki, əbədi axirəti qazanmaq üçün nə qədər zəhmət çəkmək lazım gəlir? Dünyapərəstlərə nəzər salın. Onlar ötəri dünya ləzzətləri üçün hansı əzab-əziyyətlərə dözmürlər?! Onlar dünya ləzzətlərindən daha çox faydalanmaq üçün gecə-gündüz tər tökürlər. Həzrət Əli (ə) gecədən sübhədək ibadət etməsinə, göz yaşları axıtmasına baxmayaraq buyurur: “Azuqə necə də az, yol necə də uzun...”[70] Əlbəttə ki, axirət təlaşının şərti budur ki, bu təlaş Allaha imandan qaynaqlansın. Allah-təala bu halda buyurmur ki, biz behişti onlara verdik. Buyurur ki, onlara təlaşları müqabilində əta etdik. Sözsüz ki, saleh mö’minlərin mükafatı onların əməllərindən qat-qat böyük olur. Bu barədə buyurulur: “Hər kəs yaxşı iş görsə, ona on qat mükafat verərik.”[71] Başqa bir ayədə isə belə buyurulur: “Hər kəs yaxşı iş görsə, ondan da üstün bir mükafat alar.”[72] Allah-təala behişt əhlinə təsəvvürə gəlməyəcək qədər mükafat verər. Bu ne’mətlərin qədərini və ləzzətini dərk etmək gücümüz yoxdur. Bütün bu ne’mətlər mö’minlər tərəfindən istənilmədiyi halda əta olunacaq. Çünki insan yalnız təsəvvür etdiyi şeyi istəyə bilər. Allah isə öz mö’min bəndələrini misilsiz ne’mətlərlə mükafatlandırmaq istəyir. Başqa bir ayədə buyurulur: “Gecəni oyaq qalanların (ibadət edənlərin) mükafatının hansı ne’mətlər və ləzzətlər olduğunu kimsə bilmir.”[73]

İslam və küfr, dostluq və düşmənçiliyin me’yarı

Bə’zi rəvayətlərdə buyurulur ki, dünya əhlinə düşmən olun. Bu o demək deyil ki, kimdə dünyapərəstlik xüsusiyyəti gördükdə onunla düşmənçilik edək. Mö’minlə düşmən olmaq günahdır. Əgər mö’min günaha yol verirsə, onunla yox, onun ləyaqətsiz əməli ilə düşmənçilik etməliyik. Rəvayətdə nəql olunur ki, Allah dost tutduğu kəslə heç vaxt düşmənçilik etməz və bu şəxsdən ləyaqətsiz bir iş baş verdikdə Allah onun həmən əməli ilə düşmən olar. Kafirlə düşmənliyin də öz yolu var. Kafir min bir xeyir iş görmüş olsa da, Allah onu düşmən tutur. Ama onun yaxşı əməllərini yaxşı kimi yazır. Demək, İslam nəzərində əsas məsələ imanla küfrdür. Özü də elə bir iman ki, qəlbdə kök atmış olsun. Hansısa ləyaqətsiz iş mö’minin, hansısa yaxşı bir iş kafirin şəxsiyyətini dəyişmir. Me’rac hədisinə əsaslanaraq, bütün dünya əhlini düşmən tutmaq düzgün deyil. Əgər bir ləyaqətsiz işə görə insan düşmən tutulası olsa, hamıdan əvvəl özümüzü düşmən saymalıyıq. Çünki hər birimizdə dünya əhlinin məzəmmət olunmuş sifətlərindən vardır.

Dünya əhlinin iyirmi xüsusiyyəti

Me’rac hədisinin davamında həzrət Peyğəmbər (s) Allah-təaladan dünya və axirət əhlinin xüsusiyyətləri haqqında soruşur. Allah-təala əvvəlcə dünya əhlinin iyirmi xüsusiyyətini, sonra isə axirət əhlinin xüsusiyyətlərini sadalayır. Hədisdə oxuyuruq: “O kəs dünya əhlidir ki, çoxyeyən, çoxgülən, çoxyatan və çoxqəzəblənən olsun.” Bəli, dünya əhlinin ilkin xüsusiyyəti qarınqululuqdur. Dünyapərəstliyin qarından başlamasına heç bir şübhə yoxdur. Qarın bir çox fəsadların səbəbkarıdır.

Qarınqulular öz qarınlarını doldurmaq üçün haram mala da əl atır, sonra isə başqa mənfi istəklərin ardınca gedirlər.



Geri   İrəli
Go to TOP