A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: DOST DİYARININ YOLÇULARI
Müəllif: Ustad Misbah Yəzdi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Nəql edirlər ki, həzrət Salman bir illik zəruri ehtiyacını tədarük edərdi. Onun məqsədi bu idi ki, hər gün ruzi ardınca gedib vaxtını itirməsin. O, bir illik taxıl ehtiyatını toplayar və gündə həmin ehtiyatdan zəruri həddə istifadə edərdi. Salmanın bu işdə əsil məqsədi daha zəruri işlər üçün vaxt əldə etmək idi. Əlbəttə ki, dünyaya rəğbətli insan Salman kimi arpa çörəyi ilə keçinə bilməz. Əgər insanı ehtiyat toplamağa vadar edən sabahkı günün hadisələrindən qorxu, Allaha ümidsizlik deyilsə, bu işin heç bir eybi yoxdur. Əlbəttə ki, bu gün bizə ruzi yetirən Allah sabah da onu yetirəsidir. Axı biz bir vaxt ana bətnində olarkən O bizim üçün anamızın sinəsində qida tədarük etmişdi. Necə ola bilər ki, sabahkı günümüz üçün ruzi ayırmasın?!

Bə’zi alimlər sabaha azuqə saxlamaz və günün artıq qalmış azuqəsini fəqirlər arasında paylayardılar. Onlar bu işləri ilə özlərində Allaha xoşgümanlıq hissini gücləndirirdilər. Uyğun iman mərtəbəsinə qalxmış insanların bu sayaq çalışmalara ehtiyacı var. Bizlər isə şeytanın vəsvəsəsi ilə Allaha bədgüman olmamalı, evimizdəki azuqənin bir hissəsini fəqirlərə verməliyik. Qur’ani-kərimdə buyurulur: “Sevdiyiniz şeylərdən paylamayınca heç vaxt yaxşılığa çatmazsınız.”[34] Sevdiyi şeyləri saxlayıb, xoşlamadığı şeyləri hədiyyə verən insan elə bir hünər göstərməmişdir. Xeyirxah o insandır ki, sevdiyi şeylərdən infaq etsin. Övliyalar yalnız xoşladıqları şeyi alıb, başqalarına hədiyyə verər, bununla qəlblərindəki dünyaya bağlılıq tellərini qırardılar. Əgər qəlbimizdə dünya ləzzətlərinə marağı kökündən qazıb çıxara bilmiriksə, heç olmaya bu bağlılığı zəiflətməliyik. İmkan daxilində dünya ləzzətlərindən az istifadə etmək lazımdır. Əlbəttə ki, söhbət bu ləzzətlərə arxa çevirməkdən yox, onlardan zəruri həddə istifadə etməkdən gedir.

Allah-təala Öz peyğəmbərinə tövsiyələrinin davamında buyurur: “Daim məni xatırla.” Həzrət soruşur ki, Səni daim xatırlamaq üçün nə edim? Allah-təala onun cavabında buyurur: “Sənə Allah zikrini unutduran insanlardan uzaqlaş.”

İnsan bir səs eşitdikdə və ya bir mənzərə gördükdə təbii şəkildə diqqəti ona yönəlir. Əgər ətrafdakı bu cazibələr bizə axirəti və Allahı unutdurursa, onlardan uzaq olmağa çalışmalıyıq. Eləcə də, dünya əhlindən, fikir-zikri dünya ləzzətləri olan insanlardan kənarlaşmaq lazımdır. Rəftar və danışığı Allahı xatırladan insanlarla yaxınlıq zəruridir. Bir hədisdə nəql olunur ki, həvarilər həzrət İsadan soruşdular ki, kimlərlə ünsiyyət saxlasınlar? Həzrət İsa buyurdu: “Elə insanlarla təmasda olun ki, onlarla görüş Allahı sizə xatırlatsın, danışıqları elminizi artırsın, əməlləri sizi axirətə təşviq etsin.”[35]

Əlbəttə ki, belə insanlarla yaxınlıq çox faydalıdır. Allah-təala Öz həbibinin sualının cavabında buyurur: “Dünyanın turşuna və şirinliklərinə gözünü bağla, dünyanın fani ləzətlərinə çox bağlanma, qarnını və evini dünya matahından boş saxla. Körpə uşaq tək gözünə əlvanlıq dəyəndə və ya bir şey bağışlananda aldanma.” Bə’ziləri küçədən keçərkən ətrafdakı rəngarənglik onları özünə cəlb edir. Onların bu marağı uşaq marağına bənzəyir. Həzrətə tövsiyə olunur ki, məbada, bu əlvanlıqlar sənin diqqətini cəlb edə.

İnsan dünyanın bərbəzəyinə aldanmamalıdır. İlahi eşq sorağında olan insan süfrəsindəki az tapılan qidalara görə, evindəki qiymətli əşyalara görə qürrələnib şadlana bilərmi?! Allaha diqqət və onun zikri tələb edir ki, insan qarnını dadlı xörəklər, evini qiymətli əşyalarla doldurmamalıdır. Həzrət Peyğəmbərin əhvalatı bizim üçün gözəl bir nümunə ola bilər. Məşhur bir rəvayətdə nəql olunduğuna görə, həzrət Peyğəmbər (s) qızı Fatimənin (s) qapısında rəngarəng pərdəni gördüyü vaxt narahat olur və heç bir söz demədən ötüb keçir. Atasının narazılığından xəbər tutan Fatimə (s) dərhal pərdəni açır və Allah yolunda infaq edir.

Beşİncİ dərs

Behiştə, aclıq və sükuta yol tapanların xüsusiyyətləri

Dörd xüsusİyyət

Allah-təala İslam Peyğəmbərinə (s) xitabən buyurur: “Ya Əhməd, and olsun izzət və cəlalıma, hər bəndədə dörd xüsusiyyət olsa, onu behiştə daxil edərəm: dilini zəruri və faydalı olmayan bəyanlardan qorusun; qəlbini vəsvəsələrdən hifz etsin və şeytani şübhələrə yol verməsin; bütün əməl və işlərini gördüyümü unutmasın; gözünün nurlu olmasında aclığı səbəb bilsin.”

Dəyərli irslər

Hədisin davamında Allah-təala Öz peyğəmbərinə buyurur: “Ey Əhməd, kaş aclığın və sükutun nə qədər şirin və tə’sirli olduğunu biləydin.” Həzrət ərz etdi: “Pərvərdigara, aclıq və sükutun tə’siri nədir?” Allah-təala həzrətin cavabında həmin tə’sirləri bu ardıcıllıqla sadalayır:

1. Hikmət (aclıq və sükut hikmətin və həqiqətlərlə tanışlığın müqəddiməsidir);

2. Qəlbin qorunması (aclıq və sükut nəticəsində qəlbin bütün ixtiyarı insanın öz əlində olur.);

3. Mənə (Allaha) doğru yaxınlaşma (bəndə aclıq və sükut vasitəsi ilə öz mə’buduna yaxınlaşa bilər);

4. Ardıcıl hüzn və kədər (sükut əsərlərindən olan hüzn bəyənilmiş bir haldır);

5. Xalqdan ehtiyacsızlıq;

6. Haqq danışıq (xalqın var-dövlətində gözü olmayan insan kimsədən qorxub-çəkinmədən haqqı deyə bilir);

7. Gedişatdan arxayınlıq (qane insan üçün varlıq və ya kasıb olmağın fərqi yoxdur. Dolanışıq problemləri onu düşündürmür)

Sonra Allah-təala buyurur: “Ey Əhməd, bilirsənmi bəndəm mənə nə vaxt yaxınlaşır?” Həzrət ərz edir: “Bilmirəm.” Allah-təala buyurur: “Bəndəm ac və səcdədə olduğu halda mənə yaxın olur.”

İzah

İnsanın yaranış məqsədi onun kamilliyə və əbədi bir məkana çatmasıdır. Səadət yolunu tapmaq üçün dörd şərtə əməl etmək lazım gəlir. Me’rac hədisində qeyd olunmuş uyğun dörd şərtə əməl edənlər üçün Allah behişt qapılarını açır. Həmin dörd şərtdən ikisi zahiri əzalara, dil və qarına aiddir. Növbəti iki şərt isə insanın qəlbi ilə bağlıdır. Onlardan biri qəlbin şeytani vəsvəsələrdən qorunması, digəri isə insanın Allahın nəzərlərini unutmamasıdır. İlk iki şərtə əməl etmək, şübhəsiz ki, son iki şərtə əməl etməkdən daha asandır. Son iki şərtə yalnız ciddi pəhrizlər (riyazət) vasitəsi ilə əməl etmək mümkündür.

Dili çox danışmaqdan, qarını çox yeməkdən qorumaq şeytanla mübarizə yollarındandır. Şeytanın hədəfi təkcə dil və qarın olmasa da, bu iki əza insanın yolunu azmasında daha çox rol oynayır. Qarnını qoruya bilən insan şəhvətlərinə də daha çox nəzarət edə bilir. Dilini qoruyan insan üçün gözünü və qulağını qorumaq da asan olur.

İnsanın agahlığını əlindən alan, onun düşüncəsini kütləşdirən ən əsas amillərdən biri qarınqululuqdur. İnsan dolu qarınla düşüncə qabiliyyətini itirir, mütaliə edə bilmir, namazda diqqəti yayınır. Bu zərərlər artıq təcrübədə sübuta yetmişdir. Həzrət Əlinin (ə) tə’birincə, dolu qarınla ibadətə dayanan insan xalqı aldatmağa çalışan məst insana bənzəyir. Məst olan, düşünə bilməyən insanın fırıldaqları bir anda aşkarlandığı kimi, dolu qarınla ibadət edən insanın da pərəstişinin heç bir dəyəri və e’tibarı yoxdur.

Qarın dolu olduqda insan öz düşüncə qabiliyyətini itirir. Ayağına ağır daş bağlanmış quş havaya qalxa bilmədiyi kimi, dolu qarınlı insanın da ruhu pərvaz edə bilmir. Çox yemək insan ruhunun nurunu və lətifliyini məhv edir. Ruhla bədən arasındakı əlaqə mürəkkəb bir bağlılıq olsa da, dolu qarınla ibadətə dayanan insan öz ruhunun ağırlığını hiss edir.

Aclıq haqqında

Rəvayətlərdə aclığın mədh olunması o demək deyil ki, insan əzab-əziyyət içində aclıq çəkməlidir. Adətən, insanların nəzərinə çatdırılır ki, tox qarın insan ruhunun pərvazı üçün böyük maneələrdəndir. Ruh insanın qəlbini və düşüncəsini kütləşdirir.

İnsan o qədər ac qalmamalıdır ki, qüvvəsi olmasın. Nə də o qədər yeməməlidir ki, oturub qalsın. Əllamə Təbatəbainin tə’birincə, rəvayətlərdə “aclıq” dedikdə qarınqululuq etməmək, yüngül yemək nəzərdə tutulur. Növbənöv xörəklər yemək nəinki zərərli deyil, hətta insanın sağlamlığı üçün faydalıdır. Rəvayətlərdə isə tam aclıqdan yox, orta həddi gözləməkdən danışılmışdır. Aclıq haqqında əxlaq kitablarında ətraflı şəkildə bəhs olunmuşdur. Aclıq vasitəsi ilə uca mə’nəviyyat məqamına çatanlar az deyil.

Me’rac hədisində İslam Peyğəmbəri (s) sükutun tə’sirləri haqqında soruşur. Bu o demək deyil ki, həzrət sükutun faydalarından xəbərsiz idi. Məqsəd uyğun sual-cavablar vasitəsi ilə yer əhlinə tövsiyələr vermək, onlara kamillik yolunu göstərməkdir.

Aclığın və sükutun müsbət tə’sirləri

Aclığın və sükutun me’rac hədisində qeyd olunan müsbət tə’sirlərini nəzərdən keçirək:

1. Aclığın və sükutun ilk dəyərli tə’siri hikmətdir. Yəni aclıq və  sükut vasitəsi ilə insan həqiqətlərə, çətin dərk olunan gerçəkliklərə yol tapır. İnsan öz məhdud təcrübəsi ilə də aclığın və sükutun faydalarını anlaya bilər. Əgər diqqət etsəniz, ramazan ayının sonunda insanın ruhu sanki pərvaz etməyə hazır olur. Həmin məqamda mə’nəvi ləzzətlər həmişəkindən daha qabarıq şəkildə duyulur. Ona görə də bədənə qulluq edərkən ruhun pərvazını unutmaq olmaz. Qədərincə yemək müsbət fəaliyyətlər üçün zəruridirsə, həddindən artıq yemək insan mə’nəviyyatına öldürücü tə’sir göstərir. İnsanın ruhi qüvvvələrindən sayılan ağıl yalnız az qidalanan orqanizmdə güclü fəaliyyət göstərə bilir.

2. Aclıq və sükutun ikinci dəyərli tə’siri qəlbin şeytani vəsvəsələrdən qorunmasıdır. Oruc tutmuş mö’minlər təcrübədə əmin olmuşlar ki, qarın ac olduğu vaxt insan qəlbi xoşagəlməz hisslərdən uzaq olur. Qarınqulular da çox yaxşı bilirlər ki, toxluq insanda xoşagəlməz hallar yaradır.

3. Aclıq və sükutun üçüncü əsas tə’siri insanın Allaha yaxınlaşmasıdır. Allaha yaxınlaşma, həqiqi kamillik mö’minlərin və müttəqilərin əsas hədəfidir. Uyğun ali hədəfə çatmaq üçün qəlb yersiz nəfs istəklərindən, puç dünyəvi meyllərdən qorunmalıdır. İnsanın ilahi və mə’nəvi şəxsiyyətinin formalaşması üçün güclü iradəyə ehtiyac duyulur. Bu sahədə orucun müstəsna əhəmiyyəti var. Oruc insan iradəsini möhkəmləndirir, onu Allaha yaxınlaşma səmtinə yönəldir.

4. Aclıq və sükutun dördüncü əsas tə’siri daimi hüzndür. Çoxsaylı rəvayətlərdə hüzn bəyənilmiş sifət kimi təqdim edilir. Amma bu o demək deyil ki, insan daim qaşqabaqlı və qəzəbli olmalıdır. Söhbət yersiz, hədsiz-hüdudsuz şadlığın qarşısını alan hüzn haləti haqqındadır. Ac və sakit insan heç vaxt boş yerə şadlanıb öz insani şəxsiyyətini yaddan çıxarmır. O daim mətanətli və aram olur. Amma unutmamalıyıq ki, var-dövlətin əldən çıxması nəticəsində yaranan hüzn bəyənilməmiş bir haldır. Rəvayətlərdə mədh olunan yersiz şadlığın qabağını alan hüzndür.

Mə’lum olduğu kimi, ilahi peyğəmbərlərin mühüm vəzifələrindən biri xalqı qorxutmaq olmuşdur. Əlbəttə ki, bu sayaq xəbərdarlıqların məqsədi insanların diqqətli olub, öz ömür sərmayələrindən daha faydalı şəkildə istifadə etməsidir. Ömrünün bir hissəsini dəyərsiz işlərə sərf etmiş bir insan təəssüf hissi keçirərək, pərişan olur. Çünki o çox qiymətli bir sərmayəni əldən verdiyini anlayır. Bə’zi övliyaların hətta halal işlərdən də çəkinməsi səbəbsiz deyil. Mö’min insan övliyaların həyatına nəzər salarkən öz ömrünü faydasız bilərək qəmlənir. O belə bir qərara gəlir ki, buraxılan nöqsanları aradan qaldırıb ömrünün qalan hissəsinin qədrini bilsin.

5. Aclıq və sükutun başqa bir tə’siri insanın başqalarına ehtiyac duymamasıdır. Yalnız başqalarına möhtac olmayan insan azad ola bilir. Amma daim dadlı xörəklər, müxtəlif dünyəvi ləzzətlər haqqında düşünən insan öz azadlığını əldən verir. Qarınqulu insan daha çox dördayaqlılara oxşayır. Həzrət Əlinin (ə) tə’birincə, onun fikiri-zikiri ot-ələfdir. Belə bir tamah nəticəsində insan çoxsaylı problemlərlə üzləşir. Nəfsin tələb etdiyi bər-bəzəkli süfrələr, dadlı xörəklər hazırlamaq üçün çoxlu pula ehtiyac duyulur. Belə insan halal yolla öz ehtiyacını tə’min edə bilmədikdə, haram yola əl atır.

6. Qarınqululuqdan və çox danışmaqdan çəkinən insan daim haqqın müdafiəsinə hazır olur. Adi həyat tərzi keçirən insan kimsənin qarşısında gözükölgəli olmur. O hər yerdə, hər zaman dünyapərəstlərin əksinə olaraq haqqı deyə bilir. Aza qane olan belə insanlar öz gəlir mənbələrini itirməkdən qorxmurlar. Aza qane olan insan istənilən bir ədalətsizliyə qarşı səsini qaldırır və haqqı müdafiə edir. Aza qane olan insan üçün ən dəyərli şey onun abır-həyasıdır. Qarınqulular isə öz nəfs istəklərini tə’min etməkdən ötrü istənilən bir sifətə düşürlər.

7. Aclıq və sükutun digər bir faydası həyat səviyyəsi ilə bağlı narahatlıqların aradan götürülməsidir. Aclıq və sükutu özünə sipər etmiş mö’min üçün yağlı tikə ilə arpa çörəyinin fərqi yoxdur. Az xərcə öyrəşmiş bu insanlar istənilən bir halda Allahın qəzavü-qədərindən razı qalır, heç vaxt bədbinləşmirlər.

Rəvayətin davamında Allah-təala buyurur: “Bilirsənmi bəndəm nə vaxt mənə yaxınlaşır?” Həzrət ərz edir ki, bilmir. Allah-təala buyurur: “Aclıq və səcdə halında!” Şübhəsiz ki, bu iki hal eyni vaxtda baş versə, daha yaxşı olar. Ac halda səcdə edən insanın ruhu daha yüksəklərə pərvaz edə bilir. Ac insan Allah qarşısında daha təvazökar olur, özünü böyük bilmir. Belə bir vəziyyətdə səcdə etdikdə isə onun diqqəti ilahi dərgaha daha çox cəzb olur.

ALTİNcı dərs

Namaza diqqət və Allah hüzurunun dərkinin zəruriliyi

Namaza dİqqət və İlahİ hüzur

Me’rac hədisinin davamında oxuyuruq: “Ey Məhəmməd, bəndələrimdən üç dəstəsinə təəccüb edirəm: Namaza dayanıb əllərini kimə doğru qaldırdığını, kimin qarşısında dayandığını bildiyi halda yuxulu olan bəndəmə; bu gün üçün ruzisi olduğu halda, sabahki ruzi üçün çalışan bəndəmə; Ondan razı olub-olmadığımı bilmədiyi halda xoşhal olan bəndəmə!”

Rəvayətdə elə bir nöqtəyə işarə olunur ki, o hamımızın dərdidir. Bəli, əksərimiz yetərincə mə’lumatlı olduğumuz halda, namaza diqqətsiz yanaşırıq. Hamımız bilirik ki, qıldığımız namazlar övliyaların namazı kimi deyil. Onu da bilirik ki, namazımızda Qur’an və rəvayətlərdə, zikr olunmuş xüsusiyyətlər yoxdur. Amma sakit halda öz məs’uliyyətsiz münasibətimizi davam etdiririk. Olduqca təhlükəli bir haldır. Ona görə də namazımızdakı nöqsanları aradan qaldırmağa, qəlbimizin iştirakı ilə kamil namaz qılmağa çalışmalıyıq. Biz namaz vasitəsi ilə hansı məqama çata biləcəyimizi və namazı yetərli şəkildə qılmadığımızdan hansı uçuruma yuvarlanacağımızı yaxşı götür-qoy etməliyik.

İlahi övliyaların ibadətlərini nəzərdən keçirib, öz ibadətimizi onların ibadəti ilə müqayisə etsək yaxşı olar. Yalnız kamil nümunə ilə müqayisə zamanı işin nöqsanı ortaya çıxır. Namazdakı nöqsanları aradan qaldırmaq üçün Mərhum Mirza Cəvad ağa Təbrizinin “Əsrarus-səlat” və mərhum imamın eyni adlı kitabını mütaliə etsək, bir çox incə və mühüm nöqtələri dərk edərik. Biz isə bu məsələyə ötəri bir nəzər salmaqla kifayətlənməyə məcburuq.

Həqiqi namaz və onun mahiyyəti

Namaz Allah qarşısında bəndəliyin izharıdır. İnsan namaz məqamında əlini Allah dərgahına qaldıraraq, öz kiçikliyini e’tiraf etməlidir. Namaza duran insan kimin qarşısında dayandığını anlamalı və Allahın əzəmətini hiss edərək diqqətli və təvazökar olmalıdır.

Çoxlarımız namaz qılarkən on illər qabaq baş vermiş hadisələri xatırlayır, yalnız namazın salamını verərkən namazda olduğumuzu yada salırıq. Allahın qarşısında dayanıb, ona diqqətsizlik göstərərək, başqa şeylər haqqında düşünmək necə də çirkindir! Allah-təala Qur’ani-məciddə bu xüsusiyyətin münafiqlərə aid olduğunu bildirir.[36] Rəvayətdə bildirilir ki, namaz qıldığı halda fikiri başqa yerdə olan insan ulağa çevriləcəyindən qorxmurmu?! Bəli, namazda Allaha diqqətsizlik nə qədər çirkin işdir ki, bu sayaq namaz qılan insan hətta ulağa çevrilməyə layiq görülmüşdür. Necə ola bilər ki, insan böyük bir varlığın qarşısında dayandığı halda, tamamilə başqa şeylər haqqında düşünə?! Allah tərəfindən xəlq olunmuş, padşahlıq taxtına oturmuş bəndənin qarşısında diqqətlə dayanan insanın Allah qarşısındakı diqqətsizliyinə nə ad vermək olar?! Demək, insan öz Allahına hətta bir bəndə qədər də diqqət yetirmir!

Əgər biri ilə danışdığınız vaxt həmin şəxs üzünü yana döndərsə, sizə necə təsir edər? Bəli, Allah cisim deyil və Ondan üz çevirmək mümkünsüzdür. Amma Allaha diqqətsizlik qəlbə aid olan bir haldır. Namaza dayanıb başqa şeylər haqqında düşünən insan əslində Allahdan üz çevirmişdir. Allahın hüzurunda öz dərdini deyə bilməsini qənimət saymaq əvəzinə, dilində Allah deyib, tamamilə başqa şeylər haqqında düşünən insan zülmə yol verir. Həmnövümüz olan böyük şəxsiyyətlərin qəbuluna düşmək çox çətindir. Amma Allah-təala öz geniş mərhəməti səbəbindən bəndələri ilə onların evindəcə görüşə hazır olur. Allahın lütfü sayəsində hər bir insanın onunla danışmaq imkanı var. Bəli, fürsəti qənimət sayıb, bütün vücudumuzla çalışmalıyıq ki, diqqətimizi öz Rəbbimizə yönəldək.

Allaha inanmayan, onun hüzurunda olduğunu qəbul etməyən bir kəs təbii ki, ona e’tinasızlıq göstərəsidir. Amma Allaha inanan və onun hüzurunda olduğunu bilən insanın diqqətsizliyi olduqca çirkin bir münasibətdir. Ona görə də rəvayətdə bu sayaq bəndələrin təəccüb doğurduğu bildirilir.

Namazın əhəmiyyəti və dəyəri

Namaz böyük əhəmiyyətə malik olduğundan və insanın əbədi səadətində tə’sirli rol oynadığından şeytan var qüvvəsi ilə çalışır ki, bizi həqiqi namazın feyzindən məhrum etsin. Buna görə də insanların düşüncəsinə daxil olub, onların diqqətini Allahdan yayındırır. Əlbəttə ki, şeytanın kimsənin üzərində hakimiyyəti yoxdur. Qəlbimizdə şeytana yer verən əslində biz özümüzük. Daim ona qoyun açdığımızdan namaz zamanı da bizdən əl götürmür.

İnsanın təkamülü və Allaha yaxınlaşması üçün ən üstün yol namazdır. Allah insana diqqət göstərərək onun təkamülü üçün bu əməli vacib etmişdir. Aydın məsələdir ki, Allahın bizim namazımıza ehtiyacı yoxdur. İstənilən bir şəraitdə beş vaxt namaz qılmaq vacib buyurulmuşdur. Bə’zi fəqihlər bildirirlər ki, hətta dənizdə batmaqda olan insan da həmin vəziyyətdəcə diqqətini Allaha yönəldib, üzü qibləyə olmasa da, namazını qılmalıdır. Namaz insanın təkamülündə və səadətində bir bu qədər rol oynadığından Həzrət Peyğəmbər (s) buyurur: “Namaz ən xeyirli işdir...” Şeytan insanla qədim düşmənçiliyi səbəbindən onu dəyərli şeylərdən məhrum etməyə çalışır. Qur’ani-kərimdə oxuyuruq: “Şeytan dedi: And olsun izzət və cəlalına, bütün xalqı yolundan azdıracağam.”[37]

Bə’zən yetərincə diqqətlə qılınmış iki rəkət müstəhəb namaz insanın günahlarının bağışlanmasına səbəb olur. Çünki Allahın hüzurunu dərk edən insan öz çirkin işlərindən peşiman olmaya bilməz. Bəli, həqiqi namaz halında insan bir daha günaha qayıtmamaq barədə qəti qərara gəlir.

Bir rəvayətdə həzrət Peyğəmbər (s) buyurur: “Əgər bir şəxsin evinin yanından çay axsa və o şəxs hər gün həmin çayda beş dəfə yuyunsa, bədənində çirk qalarmı? Namaz da həmin çayın suyu kimidir. İnsan namaz qıldığı vaxt bütün günahları bağışlanmış olur.”[38]

Əgər namazın mahiyyətini dərk edib ondan düzgün bəhrələnsək, bütün çirkinliklərdən təmizlənmiş olarıq. Təəssüf ki, namazın qədrini bilmir, ona ciddi yanaşmırıq. Ona görə də qıldığımız namazların heç bir faydası olmur. Demək, ikinci mühüm nöqtə odur ki, namazın əhəmiyyətini və dəyərli tə’sirlərini anlayaq. Yalnız namazın həqiqi əhəmiyyətini anladığımız vaxt hiss edərik ki, namazdakı diqqətsizliyimiz səbəbindən nə qədər faydalardan məhrum oluruq. Əgər iki rəkət namaz insanın bütün günahlarının bağışlanmasına səbəb olursa, Allahın qəbul edəcəyi şəkildə yerinə yetirilən ardıcıl ibadətlər insanı çox uca bir məqama, Allahla yaxınlığa çatdırır. Amma ibadətlərdəki diqqətsizlikdən yeganə qazancımız peşimançılıq və təəssüfdür.

İnsan nəinki qiymətli bir cəvahir, hətta kiçik məbləğ pul itirdikdə belə pərişan olur. Bəli itirdiyi qara qəpiyə görə təəssüf edən insan bütün dünya ləzzətlərinin fövqündə dayanan həqiqi namaz feyzini əldən verir, heç narahat da olmur! Ey kaş övliyaların namazdan hansı bəhrələri götürdüyünü biləydik. Övliyaların tə’birincə, əgər padşahlar namazda hansı ləzzətin olduğunu bilsəydilər, öz hakimiyyətlərindən əl çəkər, namaza məşğul olardılar. Əlbəttə ki, bu sözləri deyənlər ali mə’rifət dərəcəsinə çatmış insanlardır.

Gün uzunu ləzzət ardınca qaçırıq. Əslində dünyanın ötəri ləzzətləri min bir zəhmət bahasına əldə olunur. Hansı ki, padşahlar üçün mövcud olan bütün ləzzətlər mö’minin iki rəkət namazının ləzzəti bərabərində heç bir şeydir. Bununla belə, insanlar maddi ləzzətlər ardınca qaçır və Allahla minacat ləzzəti haqqında düşünmürlər.

Ötən nöqsanları aradan qaldırmaq və namazdan daha yaxşı istifadə etmək üçün rəvayətlərdə və övliyaların kəlamında bəyan olunan bə’zi nöqtələrə və göstərişlərə əməl etmək lazımdır. Dünya ləzzətləri ilə müqayisədə heç bir zəhmətsiz başa gələn bu dəyərləri əldən vermək ağılsızlıqdır. Hədis kitablarında nəql olunmuş rəvayətlərin hər biri dünya dolu ləzzətlərdən qat-qat üstündür.

Namazda düşüncə və Allahın əzəməti

Namazda qəlbin iştirakı üçün görüləsi işlərdən biri namazdan qabaq bir neçə dəqiqə diqqəti Allaha yönəldib onun əzəməti haqqında düşünməkdir. İnsan həmin bir neçə dəqiqə ərzində dünya həvəslərini yaddan çıxarmaqla diqqətini namaza yönəltməyə çalışmalıdır. Belə bir təfəkkür sayəsində namazda diqqətə, qəlbin iştirakına nail olmaq mümkündür.

Namazdan qabaq insan öz düşüncəsini nəzarət altına almalıdır. Diqqət namaza, namaz yerinə, səccadəyə yönəldilməlidir. Əgər namaz xəlvət bir yerdə qılınırsa, rahat şəkildə əyləşib Allahın hüzurunu təsəvvür etmək lazımdır.

Biz dildə deyirik ki, bütün varlıq aləmi, eləcə də biz Allahın hüzurundayıq. Amma dilimizin dediyini qəlbimiz hiss etmir. Məsələn, insan gözündən uzaq bir otaqda necə gəldi rəftar edir və bir şəxsi görən kimi özümüzü düzəldirik. Məgər Allahın hüzurunda olduğuna inanan insan nəfsin cilovunu buraxa bilərmi?! Əgər “Əllahu Əkbər” deyərək namaza başlayan insan, doğrudan da Allahın böyük olduğuna inanırsa, Onun nəzərlərini bir uşağın nəzərləri qədər saymaya bilərmi?! Bəli, ibadətin əvvəlində biz Allahın əzəmətini dərk etməkdə aciz olur, yalnız namazın sözlərini oxuyuruq. Amma dil “Allah böyükdür” deyirsə, qəlb də bu barədə düşünməli, qarşısında dayandığın varlığın əzəmətini hiss etməlidir. Əlbəttə ki, bizim düşüncəmizin Allahı dərk edəcək tutumu yoxdur. Amma Allahın ayətləri barədə düşünməklə Onun əzəmətini müəyyən bir həddə dərk etmək olar.



Geri   İrəli
Go to TOP