A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: DOST DİYARININ YOLÇULARI
Müəllif: Ustad Misbah Yəzdi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


DOST DİYARININ YOLÇULARI

MÜƏLLİF: DOKTOR MİSBAH YƏZDİ

Müqəddİmə

Şəksiz ki, insanın ruh aynası yalnız ilahi nur sayəsində şölələnir və qəlb pasını yalnız ilahi kəlam iksiri təmizləyə bilir. İnsan fitrətinin yandırıcı təşnəsini mə’nəvi pak şərbətdən savay heç nə sirab edə bilmir. Çırpınan könül simurğunu yalnız məş’uqun vüsalı toxdada bilir. İlahi peyğəmbərlərin hər biri bəşəriyyətə insanlıq yolunu işıqlandıran məş’əl olmuşdur. Onlar insanı torpaqdan Allaha, yerdən fələklərə qanadlandırmışlar. Peyğəmbərlər hikmət cövhərini və mə’rifətin mahiyyətini vəhy sədəfində tapmış, yer insanının yüksəliş zirvəsini öz səma kitablarında sətir-sətir qeyd etmişlər. Onlar insanın həqiqi me’racını (səmaya yüksəliş) onun Allah qarşısında bəndəliyində görmüş və onu səmimicəsinə dost məhəllinə səsləmişlər.

Şübhəsiz ki, Allaha iman sayəsində əldə edilən ləzzət bütün ləzzətlərdən üstün və ucadır. İlahi övliyaların təvəkkül və şükür məqamını, təqva və dünyadan azadlıq mərtəbəsini heç nəyə dəyişmədiyi göz qabağındadır.

Əlinizdəki kitab böyük ustad həzrət Ayətullah Misbah Yəzdinin Qum elmi mərkəzində tədris etdiyi bir silsilə əxlaq dərslərindən ibarətdir. Dərslərin əsas mövzusu gözəl bir dillə bəyan olunmuş, Qur’an ayələri ilə şərh edilmiş məşhur “Me’rac hədisi”dir. Uyğun hədisin mətni Deyləminin “İrşadül-qülub”, Məclisinin ““Biharül-ənvar” kitablarında və bir çox başqa mənbələrdə nəql olunmuşdur. Həqiqətən də, bu qüdsi hədisin mə’naları bir dövrə irfan, hikmət, əxlaq və mə’nəviyyat dərslərinin mövzusudur. Ümid edirik ki, bu əsərin mütaliəsi diqqət və bəsirət sahibləri üçün faydalı olacaq. Bu kitabın Allahın razılığına səbəb olacağına və əsrin İmamı (ə) tərəfindən qəbul ediləcəyinə ümid edirik.

Bİrİncİ dərs

Rİza və təvəkkül məqamı

Rİza və təvəkkül məqamı

Me’rac hədisi əziz İslam Peyğəmbərinin (s) Allahın müqəddəs zatı hüzuruna ünvanladığı suallardan ibarət qüdsi hədislərdəndir. Allah-təala həzrət Peyğəmbərin (s) suallarını bu hədisdə cavablandırır.

Həzrət Peyğəmbər (s) Allah-təaladan əvvəlcə belə soruşur: “Pərvərdigara, əməllərin ən üstünü hansı əməldir?” (“Ya Rəbbi əyyul-ə’mali əfzəlu?”) Allah-təala həzrətin cavabında buyurur: “Mənim yanımda (mənim üçün) mənə təvəkküldən və qismət etdiyimə razılıqdan üstün bir şey yoxdur.” (“Ləysə şəy’un indi əfzələ minət-təvəkkuli ələyyə vərriza bima qəsəmtu”)

Bir çox rəvayətlərdə insanın ə’zaları ilə bağlı bə’zi əməllərin mühümlüyündən danışılsa da, (məsələn, göz, qulaq və əllə bağlı əməllər) me’rac hədisinin uyğun cümlələrində əməl dairəsi genişləndirilmiş və qəlblə bağlı işlər də bu dairəyə daxil edilmişdir. Çünki qəlblə bağlı hərəkətlərdə də nəfsin hansısa fəaliyyətləri vardır. Bu hərəkətlər qəlbin dərinliyində baş versə də, hansısa dərəcədə əməl xarakteri daşıyır.

Qur’an baxımından təvəkkülün mahiyyəti

“Təvəkkül” sözü “vəkalət” kökündəndir və İslam lüğətində insanın Allahı özünə e’tibarlı bir dayaq seçməsi, bütün işlərini ona həvalə etməsi mə’nasında nəzərdə tutulur. Bir hədisdə İslam Peyğəmbəri (s) Cəbrəildən təvəkkül haqqında soruşur. Cəbrəil onun cavabında deyir: “Təvəkkülün mə’nası budur ki, insan bütün xeyir və ziyanın, bəxşiş və məhrumiyyətin xalqın əlində olmadığına əmin olsun. Əgər insan elə bir mə’rifət mərtəbəsinə çatsa ki, Allahdan qeyrisi üçün iş görməsin, Allahdan qeyrisinə ümidvar olmasın, Allahdan qeyrisindən qorxmasın, Allahdan qeyrisindən bir şey gözləməsin, bu hal Allaha təvəkküldür.”[1] Qur’ani-məciddə təvəkkül haqqında çoxsaylı ayələr vardır. Təvəkkül sözünün mahiyyətini aydınlaşdırmaq məqsədi ilə bu ayələrdən bə’zilərini nəzərdən keçiririk. Bu mövzu ilə bağlı digər incə nöqtələri başqa bir məqamda araşdıracağıq.

Allah-təala təvəkkülü imanın ayrılmaz bir hissəsi sayır və buyurur: “ İmanlı insanlar yalnız Allaha təvəkkül etməlidirlər.”[2] Digər bir ayədə oxuyuruq: “Əgər imanınız varsa, Allaha təvəkkül edin.”[3]

Başqa bir ayədə təvəkkül və Allaha e’timad mö’minlərin bariz sifətlərindən sayılır: “Mö’minlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə qorxudan ürəkləri titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar yalnız öz Rəblərinə təvəkkül edərlər.”[4] Növbəti bir ayədə Allaha e’timad və təvəkkül olduqca şiddətlə vurğulanır. “Şərqin və qərbin Rəbbi Odur. Ondan başqa heç bir mə’bud yoxdur. Yalnız Ona təvəkkül et.”[5] “Şərqin və qərbin Rəbbi” ifadəsi Allahın bütün varlıq aləminə hakimiyyətindən danışır. Ayənin məqsədi budur ki, yalnız bütün varlıq aləminə hakim olan Allah pərəstişə layiqdir. Bütün varlıq aləminə hakim olan Allaha təvəkkül etməmək, Onu bütün işlərdə tə’sirli saymamaq mümkündürmü?! Əgər Allahı yaddan çıxarmasaq, Ona təvəkkül etsək, ruhumuzu Onun zikri ilə gücləndirsək, könül bağlarımız daim xürrəm olacaq.

Könlümüzü güllər alıb qoynuna,

Pərişanlıq? − Könüldə yer yox ona!

Belə bir məqamda insan heç bir üstünlük dalınca qaçmır və hər iki aləmə arxa çevirir. Necə ki, Hafiz buyurur:

Dostdan savay bir kimsə yox könüldə,

Boşla dünyaları, dost varsa əldə.

Başqa bir beytdə isə belə oxuyuruq:

Qəlbdə dostun bircə əlif qaməti,

Öyrədən olmamış başqa hikməti.

Adi insanlar dünyəvi işlərdə daha çox müvəffəqiyyət qazanmaq üçün özlərinə vəkil seçdikləri kimi, Allah bəndəsi də bütün işlərdə Allah-təalanı vəkil seçməlidir. Bu halda istəklər iztirab və təşvişsiz həyata keçir. Başqa sözlə, öz ehtiyaclarını ödəmək istəyən insanın qarşısında üç yol var: Öz gücünə güvənmək; başqalarına güvənmək; hər şeydən ümidi üzüb, Allaha təvəkkül etmək.

Bu üç yol arasında ən pis yol başqalarına güvənməkdir. Belə bir üsul təkcə dini baxımdan yox, psixoloji baxımdan da bəyənilməmişdir. Belə bir üsul insanı cəmiyyət üçün ağır yükə çevirir. Belə bir yolla gedən insan tədricən öz müqəddəs ehtiyacsızlıq hissini unudur və ən kiçik işlərdə də başqalarının köməyinə göz dikir.

Amma psixoloqların “Özünəinam” (“E’timad be nəfs”) adlandırdığı birinci yol iki baxımdan araşdırılmalıdır: Pozitiv (müsbət) və neqativ (mənfi) baxımlardan.

Özünə inam yolunu müsbət mə’nada qəbul etmək bütün işlərdə özünə güvənməkdən ibarətdir. Pisixologiya özünəinam məhfumunu həmin bu müsbət mə’nada qəbul etsə də, tövhidi e’tiqad baxımından, bu baxış məqbul deyil. Çünki insan öz-özünü və Allahını daha dəqiq şəkildə tanıdıqda, zəif və aciz olduğunu anlayır. Aydın məsələdir ki, insanın malik olduğu bütün güc və enerji Allahdandır. Belə bir halda insan hansı əsasla yalnız özünə güvənə bilər?! Əgər insan özü və onun ixtiyarından olan hər şey Allaha aiddirsə, insan özünü həqiqi malik hesab edə bilməz. İnsanın Allaha təvəkkül və e’tiqadı öz Rəbbini tanıması yolu ilə hasil olan bir xüsusiyyətdir. Əgər insan bütün varlıq aləminin, eləcə də öz varlığının həqiqi sahibi kimi Allahı tanıyarsa, öz ehtiyaclarının tə’mini üçün başqalarına əl açmaz. Özünəinam hissinin mənfi yönümü, yə’ni başqalarına e’timadsızlıq həm psixoloji, həm də tövhidi baxımdan məqbul sayılır, özünü, başqalarına möhtac bilməyən insan üstün tutulur. Qur’ani-kərimdə və mə’sum imamlardan nəql olunmuş rəvayətlərdə uyğun mövzuda ətraflı şəkildə danışılmışdır. Uyğun mənbələrdə Allahdan qeyrilərinə güvənməyin ümidsizliklə sonuclandığı bildirilir. Əslində bu ayələrdə təvəkkül məsələsində tövhidə işarə olunur. Allah kimi e’tibarlı bir dayağa malik olan insan başqalarına ehtiyac duymadığından Qur’ani-məciddə buyurulur: “Diri və ölməz Allaha təvəkkül et.”[6] Başqa  bir ayədə oxuyuruq: “Yalnız Allaha təvəkkül et. Əlbəttə ki, sən haqsan və haqq olduğun açıq-aşkardır.”[7]

Axı Allah mövcud olduğu bir halda ondan qeyrilərinə üz tutmağa əsas nədir?! Məgər Allah-təalanın insana diqqəti ona bəs etmirmi?! Allah-təala buyurur: “Məgər Allah öz bəndəsi üçün bəs deyilmi?!”[8] Başqa bir ayədə oxuyuruq: “Allah göylərin və yerin Rəbbi olduğu halda ondan qeyrisinimi özünüzə hami seçirsiniz?!”[9]

Əgər insan bir təhlükə və zərərlə üzləşərsə, onu həmin vəziyyətdən yalnız Allah-təala qurtara bilər. Bütün səadət və xoşbəxtlikləri də öz bəndəsinə nəsib edən Allahdır. Qur’anda oxuyuruq: “Əgər Allah sənə bir zərər yetirsə, Ondan qeyrisi bu zərəri aradan qaldıra bilməz və əgər sənə bir xeyir yetirsə, O hər şeyə qadirdir.”[10] İstənilən bir şəkildə Allaha sığınıb ona ümid bəsləyən insana Allah bəs edir. Allah-təala Qur’ani-kərimdə buyurur: “Kim Allaha təvəkkül etsə, Allah ona bəs edər. Allah öz buyuruğunu yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü tə’yin etmişdir.”[11] Başqa bir ayədə İslam Peyğəmbərinə (s) xitabən buyurulur: “De ki, mənə təkcə Allah bəs edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər.”[12]

Mə’sumlardan nəql olunmuş rəvayətlərdə təvəkkül mövzusu

İmam Baqir (ə) buyurmuşdur: “Allaha təvəkkül edən kəs məğlub olmaz, Allaha sığınan kəs yenməz.”[13] İnsan öz istəyi ilə Allaha bağlanmalıdır. Çünki bizim ixtiyarımızda olan hər hansı bir vasitə məhdud tə’sirə malikdir. Bu vasitələrin tə’siri də Allahın ixtiyarındadır. İmam Sadiq (ə) buyurur: “Sizlərdən hər hansı biriniz arzusuna çatmaq istədiyi vaxt hamıdan ümidini üzməli və bilməlidir ki, onun arzusunun həyata keçməsi yalnız Allahın əlindədir.”[14] “Əl-mizan”da nəql olunmuş bir rəvayətdə İmam Sadiq (ə) buyurur: Allah-təala öz peyğəmbərlərindən birinə belə vəhy etdi: “And olsun izzət və cəlalıma, məndən qeyrisinə ümid bağlayanı naümid edəcək, xalq arasında ona zillət libası geydirəcək və onu öz mərhəmətimdən uzaqlaşdıracağam. Əgər çətinliklər mənim əlimlə açılırsa, nə üçün bəndəm başqasına ümid bəsləyir?

Əgər mən ehtiyacsız və bağışlayanamsa, bağlı qapıların açarı mənim əlimdədirsə, istəyənlərə bu qapını açıramsa, nə üçün mənim bəndəm məndən qeyrilərinə əl açır və ümidvar olur?!” Uyğun mövzunu İmam Sadiqdən (ə) nəql olunmuş başqa bir hədislə davam etdiririk:

Hüseyn ibn Ülvan deyir: “Elm və bilik qazanmaq məqsədi ilə bir məclisdə oturmuşdum. Səfər xərcliyim də qurtarmışdı. Dostlardan biri mənə dedi: “Bu vəziyyətdə ümidini kimə bağlamısan?” Dedim ki, filankəsə. Dedi: “And olsun Allaha, istəyin yerinə yetməyəcək və arzuna çatmayacaqsan.” Həmsöhbətim Allaha and içdiyindən təəccübləndim və soruşdum ki, haradan bilirsən? O dedi: “İmam Sadiqdən (ə) belə buyurduğunu eşitdim: “Allah-təala buyurmuşdur: “İzzət və cəlalıma, böyüklük və vüs’ətimə, ərşə olan hakimiyyətimə and olsun, məndən qeyrisinə ümid bağlayanı ümidsiz qoyacağam, xalq arasında ona zəlillik libası geydirəcəyəm, onu özümdən uzaqlaşdıracaq və mənə bağlılığını qıracam.”

Rəvayətin davamında nəql olunur ki, Allah öz bəndəsi üçün çətinliyi özü yaratdığını və onu özü aradan qaldıra biləcəyini önə çəkir. Belə bir halda insan hansı əsasla başqalarına əl açmalıdır?! Axı bu çətinliyi insanlar yaratmamışdır ki, onlar da aradan qaldıra bilsinlər. Rəvayətdə Allah-təalanın belə buyurduğu nəql olunur: “Çətinliklər mənim əlimdə olduğu halda, başqa birindən kömək istəyirmi?! Öz düşüncəsində məndən başqasının qapısını döyürmü?! Hansı ki, bütün qapıların açarı mənim əlimdədir və mənim qapım məni çağıranların üzünə açıqdır. Çətinlik zamanı mənə üz tutan hansı adamı çətinlikləri ilə təkbətək buraxmışam?! Böyük bir işdə mənə ümid bəsləyən hansı kəsin ümidini qırmışam?! Mən öz bəndələrimin arzularını özümdə saxladığım halda, onlar bununla razılaşmamış, başqalarının sorağına getmişlər. Səmalarımı mən təsbihdən yorulmayan mələklərlə doldurdum. Onlara tapşırdım ki, mənimlə bənlədərim arasındakı qapıları bağlamasınlar. Amma bəndələr mənim dediklərimə e’tina etmədilər. Bəndələrim bilmirmi ki, kimsə mənim iznim olmadan onların çətinliklərini aradan qaldıra bilməz?!”

Qur’ani-kərimdə də uyğun mövzuya toxunulur: Allah-təala buyurur: “Əgər Allah sənə bir zərər yetirsə, səni bu zərərdən Ondan başqası qurtara bilməz. Əgər Allah sənə  bir xeyir istəsə, kimsə Onun ne’mətinin qarşısını ala bilməz. Allah onu, bəndələrindən istədiyinə nəsib edər. O bağışlayandır.”[15]

Əvvəlcə zikr etdiyimiz rəvayətin davamında Allah-təala buyurur: “Nə üçün bəndəm məndən üz döndərmişdir?! Öz mərhəmətimlə ona istəmədiyi şeyləri verdim. Həmin ne’mətləri geri aldığım zaman o mənə yox, başqalarına üz tutdu.” Bəli, Allah-təala öz bəndəsinə onun ağlına gəlməyən ne’mətlər əta etmişdir. Sağlamlıq, göz, qulaq, ata-ana, övlad, müəllim və bu kimi başqa ne’mətlər məgər bəşəriyyətin ağlına gələrdimi?! Hələ insan dünyaya gəlməmiş Allah-təala ananın sinəsində onun üçün qida hazırladı. Amma bə’zi ne’mətlər insandan alındığı vaxt o başqalarına üz tutdu, başqalarına əl açdı! Rəvayətdə buyurulur: “Mən ki əvvəllər, bəndəm istəmədiyi halda ona əta edirdim. Yoxsa güman edir ki, onun istəklərinə cavab verməyəcəyəm?! Yoxsa bəndəm məni xəsis tanıyır?! Məgər bütün bəxşişlər məndən deyilmi?! Məgər əfv və mərhəmət mənim əlimdə deyilmi?! Məgər arzuları yerinə yetirən mən deyiləmmi?! Arzuları məndən savay qət edəcək bir kəs varmı?! Məndən qeyrisinə üz tutanlar qorxmurlarmı?! Əgər bütün göylərin və yerin əhli mənə ümid bağlasalar və onların hər birinə istədikləri qədər əta etsəm, mülkümdən qarışqa qılçası qədər azalmaz. Mənim öhdəmə götürdüyüm bir mülk necə azala bilər?!” Bəli, insanların ağlına gələn istənilən bir ne’mətin onlara əta olunması Allahın mülkünü azaltmaz. Bu ne’mətləri bir istəklə yaratmış Allah üçün bənədlərinə əta etmək çətin deyil. Qur’ani-məciddə oxuyuruq: “Bir şey istədiyi zaman Allah yalnız “ol” buyurar, o da dərhal olar”[16]

Rəvayətlərdən birində oxuyuruq: “Vay o insanların halına ki, mərhəmətimdən ümidsizdirlər. Vay o insanların halına ki, itaətsizlik etdilər və məndən çəkinmədilər.”[17] Belə bir mülk və əzəmət sahibi olan Allaha qarşı itaətsizlik necə də pisdir! Bu rəvayət başqalarına ümid bəsləməyin məzəmmət edildiyi rəvayətlərdən biridir. Bu xüsusiyyət tövhid ruhi ilə bir araya sığmır.

Bugünkü dünyamızda özünəinam haqqında çox danışılır və psixoloqlar bunu müsbət bir xüsusiyyət kimi qəbul edirlər. Bu mövzuda çoxsaylı kitablar yazılır, insanlar özünəinama təşviq olunur. Eyni zamanda başqalarına ümid bəsləməyin zərərləri önə çəkilir. İnsanın özünə inamı əqli cəhətdən müsbət görünsə də, tövhid baxımından məzəmmət olunmuşdur. Çünki bizim nəyimiz varsa əmanətdir. Əgər insanın malik olduğu bütün şeylər Allahın mülküdürsə, əmanət verilmiş şeylərə e’timad göstərmək olarmı?! Axı insan hansı əsasla arxayındır ki, Allah verdiyi əmanəti geri almayacaq?! Demək, yalnız Allaha e’timad göstərilməlidir. Allaha e’timad və təvəkkül çoxsaylı ayələrdə mədh olunmuş, və’d edilmişdir ki, Allaha təvəkkül edənlər üçün Allah bəs edəsidir. İki Qur’an ayəsinə nəzər salaq: “Kim Allaha təvəkkül edərsə, Allah ona kifayət edər.”[18] Məgər Allah öz bəndəsinə kifayət deyilmi?!”[19] Doğrudan da, Allah-təalanı Rəbb, Malik, ixtiyar sahibi kimi tanıyan insan başqalarına əl açmaz.

Ustadlarımızdan biri belə bir əhvalat nəql edirdi: “Qonşuluğumuzda bir uşaq öz evlərinin kənarında oturmuşdu. Bu vaxt bir dilənçi ona yaxınlaşdı və dedi: “Get, anandan mənim üçün bir qədər çörək al gətir.” Uşaq ona dedi: “Get öz anandan al.” Uşağa elə gəlirdi ki, hərənin ehtiyacını öz anası ödəməlidir. Əgər biz Allahı bu uşaq öz anasını tanıdığı kimi tanısaydıq, başqalarının ardınca qaçmazdıq. Bir halda ki, Allah ən mehriban, ən qüdrətli varlıqdır, nə üçün də başqalarına əl açaq?!

Təvəkkül Allaha imanın şərtidir

Bir çox peyğəmbərlərin də’vətinin sərlövhəsini Allaha iman və ona təvəkkül təşkil etmişdir. Allaha imanın xüsusiyyətlərindən biri budur ki, insan ona təvəkkül etsin. Allahın rübubiyyətini qəbul edən insan inanır ki, bütün varlıq aləminə məhz o hakimdir və pərəstişə layiq olan yeganə mə’bud Odur. Belə bir e’tiqada malik olan insan başqalarına ağız açmır, kömək istəmir. O xəstələndikdə Allahdan şəfa diləyir, çətinliyə düşdükdə Allah dərgahında çarə axtarır. Qur’ani-kərimdə müxtəlif məqamlarda Allaha təvəkkül iman xüsusiyyəti kimi təqdim olunur. Ayələrdən birində oxuyuruq: “İmanlı insanlar yalnız Allaha təvəkkül edər.”[20] İmanlı insanlar Allaha təvəkkül və e’timad vasitəsi ilə onunla bağlılıqlarını möhkəmləndirir və kamala doğru hərəkət edirlər. Çünki ruhi və mə’nəvi kamillik yalnız ilahi eşq sayəsində hasil olur. Dəyərsiz bir zərrə Allaha e’timad və eşq sayəsində günəş tək parlayır və kiçik bir damcı sonsuz dərya tək coşub daşır. Hafizin tə’birincə:

Özünü zərrədən əskik bilmə sən,

Parlaq günəşin də ilki zərrədən.

Zərrə tək dəyərsiz olsam da bax gör,

Eşqin sayəsində torpaq oldu dürr.

Təvəkkül və fəaliyyətin zəruriliyi

Təvəkkül o demək deyil ki, insan məsciddə e’tikaf edib, Allaha ümüd ilə bütün işlərdən əl çəksin. Şübhəsiz ki, belə bir yol seçən insanlar yanılmışlar. Həqiqi təvəkkül belə bir düşüncədən çox-çox uzaqdır. Rəvayətdə nəql olunur:

İslam Peyğəmbəri (s) bir qrup adamın işdən çəkindiyini görüb, bunun səbəbini soruşdu. Dedilər: “Biz Allaha təvəkkül edənlərik.” Həzrət buyurdu: “Siz təvəkkül edənlər yox, cəmiyyətə artıq yüksünüz.”

Allahı tanıyanlar yaxşı bilirlər ki, Allahın hikmətinə əsasən, işlər vasitələrlə gerçəkləşir. Bə’zən bu vasitələr maddi və təbii olur, bə’zən isə mə’nəvi. Qeyri-adi və xariqüladə səbəblər də ola bilər. İstənilən bir halda hadisələr səbəblər yolu ilə həyata keçir. İnsan Allahı tanımaqla işlərin səbəblər vasitəsi ilə həyata keçdiyini də anlayır. İnsanın təkamülü səbəblər nizamından asılı olur və bu yolla bəşəriyyət imtahana çəkilir. Əks təqdirdə, insan kamala çata bilməzdi. Çüki təkamül bəndəlik vəzifələrinin icrasından asılıdır. Bir kənara çəkilib yalnız ibadətlə məşğul olan, gün uzunu əlini ağdan qaraya vurmayan insan ilahi hikmətin ziddinə hərəkət edir. Bu halda Allahdan ruzi gözləmək də nahaqdır. Mövləvinin tə’birincə:

Təvəkkül etdinsə, ək-becər ki, sən

Zəhmətlə bərəkət enəsi göydən.

Bəli, ilahi hikmət tələb edir ki, insan öz ehtiyaclarını ödəmək üçün vasitələrdən bəhrələnsin. Əgər Allahı çağırmaqla göydən ruzi nazil olsaydı, kimsə iş dalınca getməzdi. Belə bir halda insanların sınağa çəkilməsi də mümkünsüz olardı. İnsan məhz çətinliklər meydanında imtahan verir. Müxtəlif çətinliklərlə üzləşən insan ya kamala çatır, ya da süquta uğrayır. İnsanın müxtəlif vasitələrə üz tutması üçün vəzifələr müəyyənləşdirilmişdir. Ruziyə ehtiyac duyan insan işləməli, öz zəhməti sayəsində möhtaclıqdan qurtarmalıdır. Kimi müəyyənləşmiş vəzifəsinə əməl edərək çalışır, kimi də öz ehtiyaclarını ödəmək üçün başqalarına əl atır. Əgər iki rəkət namaz müqabilində insana behiştdən ruzi göndərilsəydi, bəşəriyyətin imtahana çəkilməsi mümkünsüz olardı. Bu vaxt saleh insan günahkardan seçilməzdi. Kimin əziyyətə dözdüyü, kimin zülmə əl atdığı bilinməzdi.

Əlbəttə ki, bə’zən ilahi hikmət əsasında xariqül’adə işlər də baş verir. Həzrət Məryəmin əhvalatını misal çəkmək olar. Qur’ani-kərimdə buyurulur: “Zəkəriyya Məryəmin yanına gəldiyi vaxt onun yanında ruzi görərdi.[21] Belə bir hadisə də ilahi hikmət əsasında baş verir. Allah bu yolla layiqli bəndələrinə öz mərhəmətini göstərir. Bu sayaq hadisələr başqaları üçün də bir ibrətdir. İnsan əldə etdiyi ne’mət vasitəsi ilə imtahana çəkilir. Kimi şükr edərək Allahın razılığını qazanır, kimi də ne’mət sahibinə arxa çevirir.

Bir çox hallarda hadisələr adi səbəblər vasitəsi ilə baş verir. Əgər bir şəxs adi vasitələrlə məqsədinə çatmaq istəməsə, Allahın istəyinə qarşı çıxmış olur. Saleh insanın işi və ibadəti Allahın razılığı əsasındadır. Əgər Allah bu gün varlıq aləmindəki nizamı bəyənmişdirsə, mö’min insan bu nizama qarşı çıxa bilməz. Əgər Allah ruzinin yetişmə yolunu müəyyənləşdirmişdirsə, bəndə başqa bir yol axtarmamalıdır. Təbii səbəblər olmadan məqsədinə çatmaq istəyən insan ilahi hikmətə qarşı çıxır və onu tənbəl adlandırmaq daha düzgün olar.

Əgər bildirilirsə ki, insanlar öz məqsədlərinə vasitələr yolu ilə çatmalıdırlar, bu o demək deyil ki, bu işdə Allahın rolu yoxdur. İlahi hədəflərin gerçəkləşməsi üçün insan vəzifəsini yerinə yetirməlidir. Vəzifələrə əməl insanın təkamülünü tə’min edir.

Demək, təvəkkül edən insan işdən çəkinməməlidir. Əgər həm təvəkkül edən insan, həm də təvəkkül etməyən insan çalışmalıdırsa, bəs onların arasındakı fərq nədir? Fərq qəlb halətindədir. Təvəkkül edən insan öz ümidi ilə Allaha itaət etmiş olur. Təvəkkül etməyən insan isə yalnız özünə və başqalarına güvənir. Təvəkkül edib çalışan insanın yeganə ümidi Allahadır. Vasitələr səmərə vermədikdə belə, onun ümidi üzülmür. Var-dövləti əlindən çıxmış mö’min insan heç zaman naümid olmur. O bilir ki, onun xəzinəsi boş olsa da, Allahın xəzinəsi doludur.

Həzrət İbrahim və onun Allaha e’timadı

Allaha e’timad və təvəkküldən bir an qəflətdə qalmayan və bəşəriyyət üçün nümunə olan həzrət İbrahim (ə) əzəmətli tonqala atıldığı vaxt yalnız Allaha e’timad etdi. Qur’ani-kərimdə buyurulur: “Onlara deyildi: “Əgər bacarırsınızsa, onu yandırın və öz tanrılarınıza yardım göstərin.”[22]

Mərhum Təbərsi yazır: Camaat odun toplamağa başladı. Hətta xəstələr o birilərinə vəsiyyət edirdilər ki, onların pulundan bir miqdar sərf edib, İbrahimin yandırılmısı üçün odun alsınlar. Bə’ziləri arvadlarının zəhmət haqqına odun alır və bu yolla öz tanrılarını razı salmaq istəyirdilər. Nəhayət, tonqal hazır oldu və onun alovu göyə ucaldı. Tonqal o qədər dəhşətli idi ki, ona yaxınlaşmaq mümkünsüz idi. İbrahimi tonqala atmaq istəyənlər çarəsiz qalıb, mancanaqdan istifadə etdilər. İbrahimi mancanağa qoyub, əzəmətli alovun qoynuna atdılar.

İmam Sadiq (ə) buyurur: “İbrahimi mancanağa qoyub oda atmaq istədikləri vaxt Cəbrail ona yaxınlaşdı və salam verib dedi: “Bir istəyin varmı? İbrahim onun cavabında dedi: “İstəyim sənə aid deyil.”

Cəbrail dedi: “Allahdan öz ehtiyacını istə” İbrahim dedi: “Onun mənim halımdan xəbərdar olması yetər.”[23] İbrahim dəhşətli odun içərisinə atıldı. Amma həmin od Allahın əmri ilə İbrahim üçün soyudu. Qur’ani-kərimdə oxuyuruq: “Dedik: Ey atəş, İbrahim üçün soyu və salamat ol!”[24] Bəli, Allahı özünə arxa seçənlərə Allah da öz yardımını göstərir və onları çətinlikdən xilas edir. Biganələrin inadkarlığının əksinə olaraq, Allahın rifah və asayişi ona təvəkkül edənlərə nəsib olur.

İkİncİ dərs

Təvəkkül və Allahın qəzavü-qədərindən razılığın dəyəri

Təvəkkül və rİzanın dəyərİ

−Ötən dərsdə təvəkkül və onun əhəmiyyəti haqqında ətraflı şəkildə araşdırma apardıq. İndi isə me’rac hadisəsinin digər bir cümləsi haqqında danışacağıq.

Allah-təalanın öz bəndələri üçün təqdiratı vardır, yə’ni onların taleyi ilə bağlı işlər müəyyənləşdirilmişdir. Bə’zən bu təqdirat bəndələrin istəyinə müvafiq olur və  bu işlərin baş verməsindən razı qalırlar. Bə’zi təqdiratlar isə bəndələrin ürəyincə olmur. Allahın istəyi budur ki, onun bəndələri bütün təqdirlərdən razı olsunlar və Allahın qəzavü-qədərinə e’tiraz etməsinlər. İtaətkar bəndə Allahın razılığını öz razılığından üstün tutmalıdır. Uyğun təqdirlər bə’zən təşrii, bə’zən isə təkvinidir. Təşrii işlərdə hamı vəzifəlidir ki, vacib əməlləri yerinə yetirib, haramdan çəkinsinlər. Şəriət göstərişlərinə əməl edən insan Allahın bu sahədəki razılığını qazansın. Əlbəttə ki, vacib əməlləri yerinə yetirib haramdan çəkinmək Allahın razılığının üstün tutulduğu ən aşağı təqva mərtəbəsidir. Bə’ziləri üçün hətta bu işlər də ikrahla başa gəlir. Amma Allahın övliyaları elə bir məqama çatmışlar ki, ibadətdən ləzzət alırlar.

Təkvini işlərdə insan varlıq aləmindəki nizama uyğun olaraq qarşısına çıxan hadisələrdən razı qalmalıdır. Əlbəttə ki, bu hadisələr çox acı da ola bilər. Mö’min bəndələr Allah  bölgüsündən həmişə razıdırlar.

Şübhəsiz ki, insanın ixtiyarında heç nə yoxdur. Öz gücünə danışdığını güman edən insan bilməlidir ki, onun danışığı Allahın ixtiyarında olan dildən, dodaqdan, səs tellərindən, havadan asılıdır. Əgər bu vasitələrə bir maneə yaransa, insan heç vəchlə danışa bilməz. Əgər danışmaq kimi sadə bir iş də insanın əlində deyilsə, zəlzələ, sel və bu kimi digər təbiət hadisələri haqqında danışmağa belə dəyməz. Axı danışdığı sözü bə’zən axıra çatdıra bilməyən insan zəlzələ kimi təkvini bir hadisənin qarşısında nə edə bilər?!



  İrəli
Go to TOP