A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 120
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Әli (ə) buyurur: «Namaz Şeytanın yürüşlərinin qarşısında böyük bir dərədir [maneədir]».[328]

«Namazla Allahın rəhməti nazil olur».[329]

«Namaza görə Allahı, Allahı nəzərə alın, çünki namaz dinin sütunudur».[330]

«Allah imanı şirkdən, namazı isə qürur və təkəbbürlükdən uzaq olmaq üçün vacib etmişdir.»[331]

«Namaz qılan şəxs əgər Allahın izzət və cəlalının onu necə əhatə etdiyini bilsəydi, səcdədən qalxmaq istəməzdi».[332]

İmam Baqir (ə) buyurur: «Namaz ixlas evi və təkəbbürlükdən uzaq olmağın ən gözəl vasitəsidir.»[333]

«Namaz qılan şəxs üzünü qibləyə tərəf tutduğu zaman, O bir olan Allah ona üz tutar».[334]

«[Qiyamət günü] hər bir insandan soruşulacaq ilk şey namazdır. Әgər namaz qəbul olunarsa, insanın digər əməlləri də qəbul olunar».[335]

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Hər bir şeyin öz siması vardır, dinin də siması namazdır».[336]

«Allaha itaət və Ona xidmət etmək yerdə olunur. Әn yaxşı xidmət isə qılınan namazlardır.»

«Namaza həqiqi qiymət verib qılan şəxsləri Allah-taala rəhm edərək bağışlayar».[337]

«Namazı tərk edən şəxslər islamdan heç bir bəhrə əldə etməzlər».[338]

«Namaz Allahın yer üzərində çəkdiyi səddir. Bunun üçün də hər bir insan qıldığı namazlardan nə dərəcədə bəhrələndiyini bilmək istəsə, namazın onu günah və xoşagəlməz işlərdən nə qədər çəkindirdiyinə diqqət yetirsin».[339]

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Namaz islam dinində nə kimi əhəmiyyət kəsb edir?

2. Peyğəmbər (s) namaza olan əlaqəsini necə bəyan edir?

3. Peyğəmbər (s) namazı nəyə bənzədir?

4. Mə᾿sum imamlar (ə) namazı necə vəsf edirlər?

ƏLLİ ÜÇÜNCÜ DӘRS

NAMAZIN QAYDALARI

RİAYӘT OLUNMASI LAZIM OLAN ŞӘRTLӘR

Hər bir namaz qılan şəxsin üzərinə düşən ən başlıca vəzifə, namazın qılınmasında zəruri olan qaydalara əməl etməsidir. Dəstəmaz, təharət, paltar, vaxt, yerin şərtləri, qiraətin düzgün oxunması və namazın qılınmasında ardıcıllığa riayət etmək haqda ətraflı mə᾿lumat əldə etmək üçün risalə və digər fiqh kitablarına müraciət olunmalı və qeyd olunan bütün şərtlərə lazımınca əməl edilməlidir. Әks təqdirdə, şər᾿i qanunlara əsasən namaz batil olar və Allah dərgahında vacib bir ibadət kimi qəbul olunmaz.

NAMAZA DURUŞ

Hər bir namaz qılan şəxs üzünü qibləyə tərəf tutmalı, namaza başladığı zaman özünü Allah qarşısında hiss etməli və Onunla həmsöhbət olduğunu bilməlidir. Demək, başqalarına hörmətlə yanaşaraq qarşılarında ədəb-ərkan nümayiş etdirdiyimiz kimi, namaz qılarkən də bu məsələyə son dərəcə diqqət yetirməli, artıq hərəkət və ifadəyə yol verməməliyik.

Peyğəmbər (s) buyurur:

«Allaha elə ibadət edin ki, sanki Onu görürsünüz və bilin ki, siz Onu görməsəniz də O, sizi görür».[340]

Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün Peyğəmbər (s) məscidə daxil olub Әnəs ibni Malikin namaz qıldığını, lakin eyni zamanda ətrafa da nəzər saldığını görür. Dərhal ona müraciət edərək buyurur: «Ey Әnəs! Namazı elə qıl ki, sanki bundan sonra namaz qılmayacaqsan və bu sənin vida namazın olacaq. Elə isə yalnız səcdə etdiyin yerə nəzər sal və ətrafında olanlara diqqət yetirmə. Bil ki, sən elə bir varlığın qarşısındasan ki, sən Onu görməsən də O, səni görür».[341]

Başqa bir rəvayətdə deyilir: Peyğəmbər (s) namaz qılarkən saqqalı ilə oynayan şəxsi görüb buyurur:

«Әgər onun qəlbi Allaha bağlı olsaydı, bədən üzvləri də Allaha müt᾿i və bağlı olardı».

«Allah-taala altı şeyi sizlər üçün bəyənmir. Onlardan biri də namaz qılarkən başqa şeylərlə məşğul olmağınızdır.»[342]

İmam Baqir (ə) atası imam Zeynəlabidin (ə) haqda buyurur:

«Atam namaz qılarkən ağac gövdəsi tək hərəkətsiz qalardı».[343]

EŞQ VӘ MӘHӘBBӘT

İnsan, namazı böyük həvəslə qılmalı və bu işdə süstlük və tənbəlliyə yol verməməlidir.

Qur᾿ani-kərim münafiqlərin hiylə və məkrlərini aşkara çıxardığı zaman, onların namaza səhlənkar yanaşdıqlarını tənqid edərək buyurur:

«Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində Allah onları aldadır. Onlar namaza durduqları zaman [yerlərindən] tənbəlliklə [könülsüz] qalxar, özlərini [yalandan] xalqa göstərər və Allahı olduqca az yad edərlər».[344]

Peyğəmbər (s) buyurur: «İnsanların ən yaxşısı o kəsdir ki, eşq və rəğbətlə ibadət edə, Allahı səmimi qəlbdən sevib bütün vücudu ilə ona bağlı ola və nəhayət ibadət üçün özünü bütün işlərdən azad edə. Belə şəxsləri yoxsulluq, asayiş və ya dünyəvi işlər əsla nigaran etməz».[345]

İmam Baqir (ə) buyurur:

«Namazlarınızı yuxusuz, halsız və ya tənbəlliklə qılmayın, çünki bu, aranızda nifaq toxumunun səpilməsinə səbəb olur. Allah-taala mö᾿minləri məst halda [yə᾿ni yuxusuzluqdan məst olduqları halda] namaz qılmağı qadağan etmişdir».[346]

TӘVAZÖKARLIQ

(Allah qarşisinda kiçilmәk)

Allah-taala Qur᾿ani-kərimin «Mu’minun» surəsinin 1-2-ci ayələrində namazlarında təvazökar olanlara nicat tapacaqlarına və᾿də verir:

«Həqiqətən, mö᾿minlər nicat tapmışlar! [Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!]

O kəslər ki, namazlarında [hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha] müt᾿i olub [Ona] boyun əyərlər! [Allahın qarşısında kiçilərlər]»

Peyğəmbərdən (s) təvazökarlığın [kiçilməyin] mə᾿nasını sorşduqda buyurur: «Namaz qılarkən kiçilmək, insanın tamamilə Allaha bağlı olması deməkdir».[347]

Әxlaq alimlərinin fikrincə namaz qılarkən kiçilmək iki hissəyə bölünür:

1. Qəlbin kiçilməsi-yə᾿ni insan, onu özünə cəlb edən bütün zehni məşğuliyyətlərdən əl çəkib yalnız Allahı yad edir.

2. Namaz qılarkən bədən üzvləri yalnız namaza xas olan hərəkətlər yerinə yetirməli və gözlərini səcdəgahdan ayırmamalıdır.

Peyğəmbər (s) buyurur:

«Həqiqətən namaz, insanın möhtac, yoxsul, peşiman və ümidvar olduğunu bildirir. İnsan əllərini qaldırıb «İlahi! İlahi!» deyir. Belə etməyənlərin namazı sözsüz ki, naqisdir».[348]

QӘLBİN HAZIRLIĞI

Namaz, insanla Allah arasında birbaşa ünsiyyət olduğu üçün namaz qılan hər bir şəxs, xüsusilə niyyət etdiyi zaman özünü Allah hüzurunda hiss edərək bütün zehni məşğuliyyətlərdən uzaq olmağa çalışmalı və bütün diqqətini namaza yönəltməlidir.

Peyğəmbər (s) buyurur:

«Allah-taala qəlbi cismi ilə olmayan şəxslərin namazını qəbul etmir».[349]

Әli (ə) buyurur:

«Yorğun və yuxusuz olduğunuz zaman namaz qılmayın və namaz qılmazdan əvvəl fikir və xəyala dalmayın. Çünki, namaz qılarkən insan Allah hüzurunda olur və etdiyi ibadətin fəzilətinin ona yalnız o qədəri nəsib olur ki, namaza qəlbən bağlı olmuş olsun».[350]

Әbu Həmzə Somali deyir: İmam Zeynəlabidin (ə) namaz qılarkən əbasının bir tərəfi çiynindən sürüşdü. Lakin o, buna əhəmiyyət verməyib namazını davam etdirdi. Namazı qurtardıqdan sonra əbasını nə üçün düzəltmədiyini soruşdum. Buyurdu: «Vay halına! Bilirsənmi kimin hüzurunda dayanmışdım? İnsanın qıldığı namazdan yalnız o qədəri qəbul olunur ki, qəlbən Allaha bağlı olmuş olsun».[351]

Peyğəmbər (s) buyurur:

«İnsan namaz qılsa da, ona namazının altıda biri və ya onda birinin savabı yazılmır. Qıldığı namazın savabı ona yalnız onu dərk etdiyi qədər yazılır».[352]

NAMAZ UCA TUTULMALIDIR

Hər bir müsəlman namaza böyük əhəmiyyət verib ona hörmətlə yanaşmalıdır.

Namazı gərəksiz və əhəmiyyətsiz hesab etmək isə böyük günahlardan hesab olunur. Peyğəmbər (s) və Mə᾿sum imamlar (ə) namaza əhəmiyyət verməyən şəxslərə olduqca mənfi münasibət bəsləyir və onları özlərindən uzaqlaşdırmağa çalışardılar.

Peyğəmbər (s) bu haqda buyurur:

«Namazı əskik sayanlar məndən deyillər. And olsun Allaha, onlar Kövsərin kənarında mənimlə görüşməyəcəklər.»[353]

İmam Baqir (ə) buyurur:

«Namaza süstlüklə yanaşmayın. Peyğəmbər (s) dünyasını dəyişərkən buyurmuşdur: «Namazını kiçik sayan məndən deyildir».[354]

İmam Sadiq (ə) buyurur:

«Namazı əskik sayanlara biz şəfa etməyəcəyik.»[355]

NAMAZ VAXTLI-VAXTINDA QILINMALIDIR

Yaxşı olar ki, insan namazlarını vaxtlı-vaxtında qılsın və imkan daxilində tə᾿xirə düşməsinə və ya vaxtından sonra qılınmasına yol verməsin. Nəql olunmuş rəvayətlərdə namazın vaxtlı-vaxtında qılınmasına bir çox tövsiyələr olunmuşdur. Belə ki, insanın namazı vaxtında qılması onun bu ilahi əmrə olan ehtiram və qəlbi bağlılığından xəbər verir.

İmam Baqir (ə) buyurur:

«Namazın ilk vaxtda qılınması hər şeydən üstündür. Elə isə xeyirli işlər görməkdə tələsin və bilin ki, Allahın sevdiyi şey, az olsa da ardıcıl olaraq yerinə yetirilən əməllərdir.»[356]

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Axirət, dünyadan üstün olduğu kimi, namazın ilk vaxtda qılınması da son vaxtda qılınmasından üstündür».[357]

«Namazın ilk vaxtda qılınmasının fəziləti mö᾿minlər üçün var-dövlət və övladdan daha üstündür».[358]

TӘMİZLİK VӘ SӘLİQӘ-SӘHMAN

Allah-taala Qur᾿ani-kərimin «Ә’raf» surəsinin 31-ci ayəsində Ona iman gətirmiş sadiq bəndələrinə xitab edərək buyurur:

«Ey Adəm oğulları! Hər ibadət vaxtı [namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən] gözəl libaslarınızı geyinin!...»

Yaxşı olar ki, namaz qılan hər bir şəxs, ibadət zamanı özünün ən gözəl və təmiz paltarını geyinib Allahın hüzurunda dursun. Әvvəlki dərslərimizdə bu haqda ətraflı söhbət açmışıq.

CAMAAT NAMAZLARINDA İŞTİRAK ETMӘK

Namaz qılan şəxs yaxşı olar ki, gündəlik və ya digər fərz namazlarını məscidlərdə camaatla birlikdə qılsın. Camaat namazları o qədər böyük əhəmiyyət kəsb edir ki, onun həqiqi dəyər və mahiyyətini dərk etmək kimsəyə müyəssər olmur.

Nəql olunmuş rəvayətlərdən birində bu haqda deyilir: «Camaat namazında on nəfər iştirak edərsə, bütün mələklər bunun savabını yazmaq istəsələr belə, yenə də öhdəsindən gələ bilməyəcəklər».

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Allahın hüzurunda necə hazır olmaq lazımdır?

2. Münafiqlərin namazı nəyə bənzədilir?

3. Peyğəmbər (s) kimləri insanların ən yaxşısı hesab edir?

4. Namazda təvazökar olmaq dedikdə nə nəzərdə tutulur?

5. Peyğəmbər (s) kimlərin onun şəfaətindən məhrum olacaqlarını bildirir?

6. Namazın ilk vaxtda qılınmasının nə qədər fəziləti vardır?

ƏLLİ DÖRDÜNCÜ DӘRS

ORUCUN FӘZİLӘTİ

Namazdan sonra hər bir müsəlmanın üzərinə düşən ilahi vəzifələrdən biri də Ramazan ayının vacib orucudur. Orucun hansı şəraitdə və hansı şərtlərlə tutulması haqda fiqh kitablarında ətraflı izahlar verilmişdir. Oruc, insanın günah, şəhvət, nəfsani istəklərdən uzaq olması üçün ən gözəl vasitədir. Bu yolla Allahın istək və məhəbbətini və bunun nəticəsində Onun rizasını qazanmaq mümkün olur.

Bu dərsimizdə Peyğəmbər (s) və Mə᾿sum imamların (ə) ürək oxşayan kəlamlarından istifadə edərək orucun əhəmiyyət və səbəbləri haqda söhbət açacaq və bununla da oruc tutan hər bir şəxsin üzərinə düşən vəzifələri aydınlaşdıracağıq.

ORUC MӘNİM ÜÇÜNDÜR

Peyğəmbər (s) buyurur:

«Allah-taala buyurur:

Hər bir xeyirxah işin ondan yeddi yüzə qədər savabı vardır. Onlardan fərqli olaraq orucun öz savabı vardır. O, Mənə məxsus olduğu üçün savabını da Mən Özümə verəcəyəm».[359]

Bu məzmunda imam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:

«Səbr etmək və namaz qılmaqla [Allahdan] kömək diləyin» ayəsindən məqsəd, Ramazan ayının orucudur».[360]

Buradan əgər «Yalnız [dünyada Allah yolunda çətinliklərə] səbr edənlərə [axirətdə] saysız-hesabsız mükafat veriləcəkdir!» ayəsi də diqqəti cəlb edərsə, hədisin mə᾿nası daha da açıqlanacaqdır. Çünki, bu hədisdə sair xeyirxah işlər üçün savablar müəyyən edilmiş, oruca gəldikdə isə, Allah-taala bu işin mükafatını şəxsən Öz üzərinə götürmüşdür.

Peyğəmbərdən (s) nəql olunmuş başqa bir hədisdə deyilir: «Allah-taala buyurur: Adəm övladlarının orucdan başqa gördükləri hər bir əməl onların özlərinə aiddir. Oruc isə Mənə aiddir və onun mükafatını da Mən Özüm verəcəyəm. Dünyada silahla özünüzü qoruduğunuz kimi, oruc da qiyamət günü mö᾿minlərin [axirətin əzabından] hifz edib qoruyar. Bu bir həqiqətdir ki, oruc tutan şəxsin ağızından gələn iy Allah üçün müşk iyindən daha gözəldir. Oruc tutan şəxslər iki dəfə sevinərlər: İftar etdikləri və məhşərdə Allahla görüşüb onları cənnətə daxil etdiyi zaman».[361]

«And olsun Allaha! Oruc tutan şəxsin ağzından gələn iy Allah üçün müşk iyindən daha gözəldir. Allah-taala buyurur:

«[Oruc tutan bəndəm] yemək-içməyin ləzzətini Mənə xatir tərk etmişdir. Oruc Mənə məxsusdur, onu da Mən özüm mükafatlandıracağam.»[362]

ORUC MÜSӘLMANIN QALXANIDIR

Peyğəmbər (s) buyurur:

«Oruc cəhənnəm odunun qarşısında [iman əhli] üçün bir sipərdir».[363]

«Oruc tutmağı sizlərə tövsiyə edirəm, çünki oruc cəhənnəm odunun qarşısında sipərdir. Әcəl sizləri haqladığı zaman ac ola bilirsinizsə, belə edin».[364]

Peyğəmbərin (s) orucu cəhənnəm odunun müqabilində qalxan və sipərə bənzətməsinin əsas səbəbi şəhvət və qəzəb qüvvələrindən qaynaqlanan günahların qarşısını almaq və insanın haqq yoldan uzaq düşməməsidir. Nə qədər ki, oruc tutan şəxs onu viran etməyib «Oruc, müsəlman üçün bir sipərdir».

Demək, düçar olduğu günahlarla orucunu batil edən şəxslər sanki öz sipərlərini əməlləri ilə yırtıb dağıtmış olarlar.

ORUCUN SӘBӘBLӘRİ

Әli (ə) buyurur:

«Allah-taala orucu insanların imanlarının sınağı üçün vacib etmişdir».[365]

Həzrət Fatimeyi Zəhra (ə) buyurur:

«Allah-taala orucu insanların öz imanlarında möhkəm və sabit olmaları üçün vacib etmişdir».[366]

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Oruc onun üçün vacib edilmişdir ki, varlı və yoxsul bərabər olsun. Çünki varlılar istədiklərini çətinlik çəkmədən əldə edir və aclığın nə olduğunu təsəvvür belə etmirlər. Varlıların, yoxsulların çətinliklərini dərk edib hallarına yanması və aralarında bərabərliyin bərqərar olunması üçün oruc vacib edilmişdir».[367]

Həzrət Әli ibni Musa Riza (ə) buyurur: «Orucun mö᾿minlərə nə üçün vacib olduğunu soruşsanız, cavabında sizlərə deyiləcək: Yoxsulların aclıq və susuzluqlarını dərk edib özlərinin qiyamət günü əli boş olduqlarından agah olmaları üçün. Bu ilahi hökmün vacib olmasının səbəblərindən biri də oruc tutan şəxsin özünü Allah qarşısında kiçik və Ona möhtac olduğunu görməsidir. Orucluğun aclıq və susuzluğuna səbr edən iman sahibləri Allah rizasını qazanıb axirət dünyasının mükafatına nail olarlar. Bütün bunlarla yanaşı, mö᾿minlər oruc tutduqları müddət ərzində yoxsulların keçirdikləri ağır həyat tərzini özlərində yaşadır, qəzəb və şəhvət kimi şeytani xislətləri özlərindən uzaqlaşdıraraq mə᾿nəvi saflığa nail olurlar. Eyni zamanda mö᾿minlərin çəkdikləri zəhmət və məşəqqət onları yoxsul təbəqəyə maddi yardım etməyə sövq edir».[368]

ORUCUN MӘ᾿NӘVİ NӘTİCӘLӘRİ

Peyğəmbər (s) buyurur:

«Oruc tutan şəxsin yatmağı ibadət, aldığı nəfəs isə təsbihdir [Allahı zikr etmək]».[369]

«Həqiqətən Allah Öz mələklərinə oruc tutan şəxslərə dua etmələrini əmr etmişdir».[370]

«Әgər bir gün müstəhəb oruc tutan şəxsə durduğun yerin ağırlığı qədər qızıl verilsə, yenə də savabına layiq olmayacaqdır. Onların layiqli mükafatı yalnız axirət günü veriləcəkdir.»

Әli (ə) buyurur:

«Oruc tutan şəxsin yuxusu ibadət, sükutu isə Allaha zikrdir. Onların duası qəbul, gördüyü əməllərin savabı isə neçə bərabərində veriləcəkdir.»[371]

Peyğəmbər (s) buyurur:

«Oruc tutan şəxs müsəlman bir şəxsin qeybətini etməyincə, yatağında olsa belə, Allaha ibadət etmiş olur».[372]

ORUC NӘDİR?

İmam Cə᾿fər Sadiq (ə) buyurur: «Oruc tutmaq tək yemək yeməməkdən və su içməməkdən ibarət deyildir, insan gözü, qulağı, övrəti, ümumiyyətlə gördüyü bütün işlərlə oruc tutmalı və özünün şəhvət və nəfsani istəklərinə qalib gəlməyi bacarmalıdır. Bacardıqca az danışmalı və öz xidmətçilərinə qarşı olduqca mülayim olmalıdır».[373]

İmam Riza (ə) buyurur:

«Oruc tutduğunuz zaman qulağınız, gözünüz, dəriniz və tükləriniz də oruc tutmalıdır».[374]

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Nə üçün Allah-taala oruc tutan şəxsləri şəxsən Özü mükafatlandıracağına və᾿də verir?

2. Oruc tutan şəxsin iki sevinci nədən ibarətdir?

3. Orucu «Cəhənnəm odunun sipəri» adlandırmaq nə mə᾿na kəsb edir?

4. Orucun vacibliyinin səbəbləri nədən ibarətdir?

5. Orucun mə᾿nəvi nəticələrini bəyan edin.

6. Oruc dedikdə, yalnız yemək və içməkdən pəhriz nəzərdə tutulurmu?

ƏLLİ BEŞİNCİ DӘRS

QUR᾿ANIN FӘZİLӘTİ

Peyğəmbər (s) buyurur:

«Allah bütün varlıqlardan üstün olduğu kimi, Qur᾿an da digər kəlamlardan üstün və fəzilətlidir.»[375]

«Qur᾿an elə bir sərvətdir ki, nə ondan artıq sərvət var, nə də ondan sonra yoxsulluq».[376]

«Әn doğru söz, ən mö᾿təbər kəlam, hikmətli nəsihətlər və ən gözəl əhvalatlar Allahın kitabındandır.»[377]

Әli (ə) buyurur: «Sizlərə Qur᾿an oxumağı və Qur᾿anla yaşamağı tövsiyə edirəm. Onu özünüzə rəhbər və hidayətçi bilin».[378]

«Agah olun ki, kimsə Qur᾿anı dərk etdikdən sonra yoxsulluğa düçar olmayacaq və Qur᾿anı dərk etməzdən əvvəl kimsə var-dövlət sahibi olmayacaqdır. Elə isə Qur᾿andan xəstələriniz üçün şəfa və çətinlikləriniz üçün kömək diləyin. Çünki Qur᾿an sizin üçün ən böyük dərman və şəfa mənbəyidir. Qarşılaşdığınız bəla və müsibətlər isə küfr, nifaq və haqq yoldan sapınmağınızdır.»[379]

QUR᾿AN OXUMAĞIN FӘZİLӘTİ

Peyğəmbər (s) buyurur:

«Ümmətimin ən böyük ibadəti onların Qur᾿an tilavət etmələridir.»[380]

«Qur᾿an əhli, Allah-taalanın xas bəndələridirlər».[381]

«Dəmir pas atdığı kimi, qəlblər də daşlaşaraq məhv olur». Peyğəmbərdən (s) bundan necə yaxa qurtarmaq haqda soruşduqda buyurur: «Qur᾿an oxumaq və ölümü xatırlamaqla.»[382]

«Allahla danışmaq istəyirsinizsə Qur᾿an oxuyun».

«Sizlərə Qur᾿an oxumağı tövsiyə edirəm. Çünki, Qur᾿an günahların kəffarəsi və cəhənnəm odundan böyük bir sığınacaqdır.»[383]

«Qur᾿an oxumaqdan qafil olmayın, çünki Qur᾿an insanı günah və bütün pisliklərdən uzaq edir».[384]

Әli (ə) buyurur:

«Qur᾿an oxumağa alışan şəxslər, qardaşlarından (mö᾿min dostlarından) uzaq düşəcəyinə əsla nigaran olmazlar».[385]

«Qur᾿an oxumaq imanı gücləndirir.»[386]

İmam Cə᾿fər Sadiq (ə) buyurur: «Hər bir cavan mö᾿min Qur᾿an oxumaqla onu ət və qanına çəkir və Allah-taala onu axirətdə Özünün böyük peyğəmbərləri ilə birlikdə sakin edər».[387]

QUR᾿AN ÖYRӘNMӘYİN FӘZİLӘTİ

Peyğəmbər (s) buyurur:

«Həqiqətən Qur᾿an ilahi süfrədir, elə isə bacardığınız qədər ondan bəhrələnin».[388]

Peyğəmbər (s) Muaz ibni Cəbələ tövsiyə edərək buyurur: «Ey Muaz! Әgər xoşbəxt insanlar kimi yaşamaq, şəhidlər kimi ölmək, məhşərdə azad olmaq qiyamət günü əmin-amanlıqda qalmaq, o günün qaranlıq və zülmətindən yaxa qurtarmaq, qızmar günlərdə kölgə və asayişdə olmaq, susuz olduğun günlərdə susuzluğunu dəf etmək, çətinliklərlə qarşılaşdığın zaman öz mövqeyini qoruyub saxlamaq, haqq yoldan uzaq düşdüyün zaman hidayət olmağını istəyirsənsə, Qur᾿anı öyrən. O, mehriban Allahı yad etməkdə ən gözəl vasitə, Şeytanın müqabilində böyük bir zireh və əməllərin ölçülməsi üçün ən yaxşı me᾿yardır».[389]

Peyğəmbər (s) buyurur:

«Sizlərdən biriniz digərinizə Qur᾿an ayələrindən birini öyrədərsə, həmin şəxsin ağasına çevrilər. Elə isə onlara qarşı hörmətsizlik etməməli və hüquqlarını taptalamamalıdır. Belə bir kobudluğa yol verən şəxslər, sanki islamın dayaqlarından birini viran etmiş olarlar».[390]

«Allahın evlərindən birinə [məscidlərdən] yığışıb Qur᾿anı öyrənən şəxslərə Allahın rəhmət və bərəkəti nazil olar və mələklər onları əhatə edərək xoş sözlərlə yad edərlər».[391]

«Allah-taala qiyamət günü övladına Qur᾿an öyrədən şəxslərin boynuna elə bir boyunbağı salar ki, gözəlliyindən məhşərdə hamını heyran edər».[392]

Әli (ə) buyurur: «Övladın atanın üzərində olan haqqı ona gözəl ad qoymaq, tərbiyə etmək və Qur᾿an öyrətməkdən ibarətdir».

«Qur᾿an oxumağı öyrənin, çünki o, ən gözəl kəlamdır; onun mə᾿na və məfhumunu dərk edib yaxşıca düşünüb daşının, çünki o, qəlblərə bahar gətirir; ondan şəfa istəyin, çünki o, canların şəfasıdır; onu gözəl oxuyun, çünki orada ən gözəl əhvalatlar söylənilir».[393]

İmam Cə’fər Sadiq (ə) buyurur:

«Yaxşı olar ki, mö᾿minlər dünyalarını dəyişməyənədək Qur᾿an öyrənsinlər və ya dünyalarını dəyişdikləri zaman Qur᾿an öyrənməklə məşğul olsunlar».[394]

QUR᾿ANI ӘZBӘRLӘYİB DӘRK ETMӘYİN FӘZİLӘTİ

Peyğəmbər (s) buyurur:

«Ümmətimin böyükləri Qur᾿an oxuyan və gecələrini ibadətlə keçirənlərdir.»[395]

«Qur᾿an oxuyanlar Cənnət əhlinin arifləri olacaqlar».[396]

«Allah-taala Qur᾿anı yaşadan qəlblərə əzab verməyəcəkdir.»

«Qur᾿an əhli Cənnətdə peyğəmbərlərdən sonra sakin olarlar. Elə isə Allahın yanında böyük məqam sahibləri olduqları üçün onların hüquqlarını taptalamayın.»[397]

«Qur᾿an bəxş olunan şəxslər, əgər Allahın kiməsə onlara veriləndən daha artığını bəxş etdiyini güman edərsə, ilahi ne᾿mətlərə təhqir gözü ilə baxmış olar».[398]

«Qur᾿anla yaşamayanlar xaraba evə bənzərlər».[399]

«Qur᾿ana əməl edən Qur᾿an hafizləri axirətdə Allahın peyğəmbərləri ilə birgə olarlar».[400]

«İnsanlardan bə᾿ziləri, başqaları filan şəxs «Qur᾿an qarisidir» desinlər deyə, bə᾿ziləri dünyəvi məqsədlər üçün, bə᾿ziləri də ömürləri ondan bəhrələnsin deyə, Qur᾿an oxuyarlar».[401]

QUR᾿ANIN DİNLӘNİLMӘSİ

Peyğəmbər (s) buyurur:

«Kim Allah aşiqidirsə, Onun kəlamını dinləsin».[402]

«Kim bir ayəyə qulaq asarsa, əməl dəftərinə iki bərabər savab yazılar. Onu dinləyənlər üçün isə məhşər olduqca nurlu olar».[403]

«Qur᾿an oxuyanlardan dünya, onu dinləyənlərdən isə axirətin dərd və bəlaları dəf olar».[404]

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Nəql olunmuş rəvayətlərdə Qur᾿anın dəyər və əhəmiyyəti haqda nə deyilir?

2. Qur᾿anın tilavəti nə kimi mə᾿nəvi nəticələr verir?

3. Qur᾿anı öyrənib tə᾿lim etmək nə kimi nəticələr verir?



Geri   İrəli
Go to TOP