A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 120
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


İmam Sadiq (ə) buyurur:

«Həzrət Məhəmməd (s) peyğəmbərliyə tə᾿yin olunduğu ilk gündən ömrünün sonunadək, yemək yediyi zaman heç bir yerə söykənməzdi. O, adi bəndələr kimi oturar, onlar kimi də yemək yeyərdi. Səbəbini soruşduqda buyurardı: «Allah qarşısında təvazökar olduğum üçün belə edirəm».[264]

ALLAHIN ADI İLӘ BAŞLAMALI

Peyğəmbər (s) Әli (ə)-a etdiyi tövsiyələrin birində buyurur: «Yemək yeməyə başlarkən «Bismillah», qurtardıqda isə Ona şükr edərək «Әlhəmdulillah» deyin. Belə etdikdə xeyirli işlərinizi yazan iki mələk istirahətin nə olduğunu bilməyəcəklər».[265]

Әli (ə) buyurur:

«O kəslərin sağlamlığına zəmanət verirəm ki, yemək yeməyə başlarkən Allahın adını çəkmiş olsunlar».[266]

İmam Cə᾿fər Sadiq (ə) buyurur: «Süfrədə olan bütün yeməkləri yeməzdən əvvəl «Bismillah» deməyi unudan şəxslərin, yeməyə başlamazdan əvvəl «Bismillah min əvvəlihi ila axirihi» deməsi məsləhətdir.»[267]

Әxlaq alimlərinin bir çoxu tövsiyə etmişlər ki, yemək yeməyə başlamazdan əvvəl «Bismillah» deməklə yanaşı, ağıza hər bir tikə qoyulduqda belə, Allahın adı çəkilsin. Belə etdikdə, yeməyin ləzzəti Allahı yad etməyə mane olmur.

NİYYӘT

İnsan yemək yedikdə ən başlıca məqsədi yeməklərin dadından ləzzət aparmaq deyil, Allah qarşısında ibadətlərini layiqincə yerinə yetirmək və əmli-saleh işlərə daha çox can atması olmalıdır.

Belə olduqda, insan ilə heyvan arasındakı fərq özünü bir daha büruzə verir. İnsanın yemək yeməsi, mə᾿nəvi dəyər taparaq müstəhəb bir əməl kimi Allahın razılığına səbəb olur.

Әli (ə) öz oğlu imam Həsən (ə)-a tövsiyə edərək buyurur: «Oğlum! Hər hansı bir isti və ya soyuq tikə və ya bir qurtum su içməzdən qabaq de: - İlahi! Yemək və içməklə Səndən xəstəliklərdən şəfa və sağlamlıq, Səndən layiqincə itaət etmək və şükrünü yerinə yetirməyə qüdrət istəyirəm. Yemək və içməkdən aldığım qüdrətdən Sənə ibadət etməyimə qadir et. Və mənə günahdan uzaq olmaq üçün ilham bəxş et! -demədən nə bir tikə çörək ye, nə də bir qurtum su iç».[268]

YEMӘK YEMӘYӘ NECӘ BAŞLAMALI

Süfrə arxasına oturduqdan sonra Allahın adını çəkib yeməyi sağ əllə yeməyə başlamaq lazımdır.

Səhabələrdən biri deyir: İmam Sadiq (ə)-dan sol əli ilə yeyən şəxslər barədə soruşduqda buyurdu: «Sol əllə bir şey yeməməli, içməməli və hər hansı bir iş görməməlidir.»[269]

Başqa bir rəvayətdə deyilir:

«Sağ əlinizlə yeyə bildiyiniz halda, sol əlinizlə yeməyin».[270]

Әli (ə) buyurur:

«Yeməyə başlamazdan əvvəl bir qədər duz yeyin. Әgər camaat duzun nə qədər xeyirli olduğunu bilsəydi, ona zəhər dərmanından daha üstünlük verərdilər».[271]

İmam Sadiq (ə) buyurur:

«Biz yemək yeməzdən əvvəl bir qədər duz yeyər və yeməkdən sonra bir qədər sirkə içərik».[272]

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Yemək yeyərkən hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifə nədən ibarətdir?

2. İslam nöqteyi-nəzərindən süfrə arxasında necə oturulmalıdır?

3. Yemək yeməyə necə başlamaq lazımdır?

4. Hansı niyyətlə yeyilib içilməlidir?

ƏLLİNCİ DӘRS

YEMӘK VӘ İÇMӘYİN QAYDALARI

YEMӘK YEMӘYİN QAYDALARI

Süfrə arxasında oturduqda başqalarının qarşısından deyil, əl çatan ən yaxın yerlərə qoyulan yeməklərdən istifadə etmək lazımdır. Həzm və çeynəməyin asan olması, həmçinin üzün xoşagəlməz hala düşməməsi üçün ağıza qoyulan tikələr balaca olmalıdır. Tikələr yalnız yaxşıca çeynəldikdən sonra udulmalıdır. Yeməyə qabın ortasından deyil, qırağından başlamaq lazımdır və ağızdakı tikəni udmayınca, ağıza növbəti tikə qoyulmamalıdır. Yemək zamanı imkan daxilində başqalarının üzünə nəzər salınmamalı və yemək yedikdə tələsməmək lazımdır. Süfrə arxasında bir qədər çox oturmalı və süfrəyə qoyulan yeməklər dadlı olmadıqda onlara məzəmmətlə yanaşılmamalıdır.

İmam Həsən Müctəba (ə) buyurur:

«Hər bir müsəlman yemək yeməzdən əvvəl bu on iki şeyi bilməlidir. Onlardan dördü vacib, dördü sünnə, dördü isə əxlaq və ədəb-ərkan qaydalarından ibarətdir. Vacib olan dörd şey bunlardır: 1. Tanışlıq. 2. Razılıq (yə᾿ni, ruziyə qane olmaq). 3. [Yeməyə başlamazdan əvvəl] Allahın adını çəkmək. 4. [Yeyib qurtardıqdan sonra] Allahın şükrünü yerinə yetirmək.

Sünnəyə aid olan bunlardır: 1. Yeməyə başlamazdan əvvəl dəstəmaz almaq. 2. Sol tərəfi üstə oturmaq. 3. Üç barmaqla yemək. 4. Yedikdən sonra barmaqları yalamaq.

Әxlaq və ədəb-ərkan qaydalarına aid olanlar isə bunlardır: 1. Qarşıda olanlardan yemək. 2. Tikələri kiçik götürmək. 3. Həzmi asanlaşdırmaq üçün çoxlu çeynəmək. 4. Süfrə arxasında oturanlara nəzər salmamaq».[273]

İmam Cə᾿fər Sadiq (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur: «Yemək yediyiniz zaman qarşınızda olanlardan yeyin».[274]

Başqa bir hədisdə buyurur:

«Hər bir şeyin müəyyən həddi-hüdudu vardır». Bu zaman ortaya süfrə salındı. Səhabələrdən biri süfrənin həddi-hüdudunun nədən ibarət olduğunu soruşduqda buyurdu: «Süfrənin həddi-hüdudu bundan ibarətdir ki, oraya əl uzatdıqda «Bismillah», qurtardıqda isə «Әlhəmdulillah» deyilsin və süfrə arxasında oturan hər bir şəxs başqaların qarşısından deyil, yalnız öz qarşısındakı yeməklərdən istifadə etmiş olsun».[275]

«Süfrə arxasında oturmaq insanın ömründən hesab olunmadığı üçün orada bacardığınız qədər çox oturun».

«Qarşınıza isti yemək qoyulduqda soyumasını gözləyin. Peyğəmbər (s) üçün isti yemək gətirdikdə buyurardı: «Gözləyin bir qədər soyusun. Allah-taala yeməklərimizin oddan olmasını sevməz. Bərəkət varsa, o da soyuq yeməklərdədir».[276]

Başqa bir hədisdə atasından nəql edərək buyurur: «Peyğəmbər (s) dadsız yeməkləri yeməyi yasaq edərdi».[277]

ÇOX YEMӘMӘLİ

Yemək və içməkdə riayət olunması zəruri olan məsələlərdən biri də ifrata yol verilməməsidir. Çox yemək bədən sağlamlığına ziyan vurmaqla yanaşı, ibadət və mə᾿nəvi saflığa lazımı diqqətin yetirilməsinə mənfi tə᾿sir göstərir.

Nəql olunmuş rəvayətlərdə mö᾿minlərə çox yeməyin zərərli olduğu haqda xəbərdarlıq etməklə yanaşı, yemək vaxtlarının zamanı və lazımı miqdarı barədə dəyərli tövsiyələr edilmişdir.

Peyğəmbər (s) buyurur:

«Әkin sahələrinə çox su verməklə məhv olduğu kimi, çox yeyib-içməklə qəlblərinizi məhv etməyin».[278]

Başqa bir hədisdə buyurur:

«Qarnı dolu olanlar yerin və göyün hikmət və sirlərindən agah olmazlar».[279]

«Allah-taala yanında bəyənilməyən şeylərdən biri də dolu qarınd[280]ır».

«Çox yeyib-içməkdən çəkinin, belə etməklə qəlbləriniz süstləşəcək, bədən üzvləriniz Allaha itaət etməkdə süstlük edəcək və nəsihətamiz tövsiyələri eşitməkdən nakam qalacaqsınız».[281]

Әli (ə) buyurur:

«Çox yemək və çox yatmaq insanı süstləşdirir, zərəri zərər ardınca gətirir».[282]

Başqa bir hədisdə buyurur:

«Çox yeyənlərin səhhəti pozular və gündəlik xərcləri də çox olar».[283]

«Çox yeməməyi sizlərə tövsiyə edirəm. Bu, sizləri namaz qılmaqdan soyudacaq, qəlblərinizi süstləşdirəcək və səhhətinizin pozulmasına səbəb olacaqdır».[284]

«Zirəklik və cəldliyə çox yeməklə nail olmaq olmur».[285]

«Toxluq təqvanı məhv edir».[286]

«Toxluq günahlar üçün necə də gözəl sirdaşdır».[287]

Peyğəmbər (s) buyurur:

«Yeməyi az olanların qəlbi saf, bədəni sağlam, yeməyi çox olanların bədənləri xəstə, qəlbləri isə daşdan daha möhkəm olar».[288]

«Yeməyi az olanların [qiyamət günü] sorğu-sualı da az olar».[289]

Әli (ə) buyurur:

«Yeməyin azlığı nəfsin kəraməti və səhhətin sağlamlığı deməkdir».[290]

«Allah öz bəndəsinin islah olunmasını istədikdə ona az yeməyi, az danışmağı və az yatmağı ilham edər».[291]

Başqa bir hədisdə buyurur:

«Yeməyin azlığı iffət, çoxluğu isə israf deməkdir».[292]

Peyğəmbər (s) buyurur:

«Yeməyə meyliniz olduğu zaman süfrə arxasına oturun və yeməyə meyliniz olduğu halda yeməkdən əl çəkin».[293]

Әli (ə) buyurur:

«Yeməyə meyliniz ola-ola yeməkdən əl çəkin. Belə etsəniz yediyiniz yemək sizlər üçün daha ləzzətli olar».[294]

CӘM HALDA YEYİLMӘLİ

Yaxşı olar ki, yemək cəm halda yeyilsin. Lakin ailə birlikdə olduqda başqalarını yemək süfrəsinə də᾿vət etməyin heç bir lüzumu yoxdur.

Peyğəmbər (s) buyurur:

«Allah-taalanın, yediklərinizi daha da bərəkətli etməsi üçün süfrə arxasına cəm halda əyləşin».[295]

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

Yeyilən şeylər bu dörd xüsusiyyətə malik olarsa onu tamam-kamal hesab etmək olar:

1. Halal şeylərdən hazırlanmış olsun;

2. Cəm halda yeyilmiş olsun;

3. Yeməyə başladıqda Allahın adı çəkilmiş olsun;

4. Yedikdən sonra Allaha şükr edilmiş olsun.[296]

CӘM HALDA YEMӘK YEMӘYİN QAYDALARI

Yaş və şəxsiyyət baxımından kiçik olanlar böyüklərdən əvvəl yeməyə başlamamalı, yaşca böyük olanlar da eyni zamanda onları gözləməyə vadar etməməlidirlər. Xüsusilə ağızda yemək olarkən yaxşı olar ki, az danışılsın. Süfrə arxasında oturanlar başqalarını da nəzərə almalı, ortalığa qoyulan yeməklərdən istədikləri kimi istifadə etməyə mane olmamalıdırlar.

Süfrəyə yemək qoyulduqdan sonra kiminsə təklif etməsini gözləməməli, ev sahibi də eyni zamanda öz təklifləri ilə qonaqları utandırmamalıdır. Yemək yeyərkən başqalarının üzünə baxmamalı və onları utandıraraq doymazdan əvvəl süfrədən əl çəkmələrini vadar etməməlidir.

Yaşca böyük olanlar, xüsusilə ev sahibi yemək yeyərkən tələsməməlidir. Çünki belə olduqda bə᾿ziləri doymadan yeməkdən əl çəkməli olarlar.

Süfrə arxasında oturarkən xoşagəlməz səslər çıxarmaqla başqalarının narahatçılığına səbəb olunmamalıdır. Məsələn, tikəni çeynəyərkən ağızı marçıldatmamalı, dişləri bir-birinə toxundurmamalı, süfrə arxasında gəyirməməli və s. bu kimi xoşagəlməz hərəkətlərə yol verilməməlidir.

Qonaqları yeməyə daha da sövq etmək üçün ev sahibi hamıdan tez başlamalı və hamıdan gec qurtarmalıdır. Qonaqlar ev sahibi ilə yaxın dost və tanış olsalar belə, onu yemək tədarükü görməyə vadar etməməlidirlər. Belə ki, ev sahibinin buna imkanı çatmadıqda çıxılmaz vəziyyətə düşərək onların qarşısında xəcalət çəkməsinə səbəb olur.

Yemək süfrəyə qoyulduqdan sonra başqa heç bir şey gözləməməli və süfrəyə qoyulanlarla kifayətlənmək lazımdır.

Peyğəmbər (s) bu haqda buyurur:

«Çörəyi əziz tutun. Səhabələrdən biri-Çörəyi necə əziz tutmalı?-deyə soruşduqda buyurur: «Çörək süfrəyə qoyulduqda artıq başqa şey gözləməyin».[297]

SUALLAR VӘ TAPŞIRIQLAR

1. İslamın yemək yeyərkən riayət olunması lazım olan tövsiyələrini izah edin.

2. İmam Həsən Müctəba (ə)-ın nöqteyi-nəzərindən süfrəyə xas olan on iki xüsusiyyəti izah edin.

3. Peyğəmbər (s) çox yemək haqda nə buyurur?

4. Süfrə nə zaman tərk olunmalıdır?

5. Süfrə arxasında cəm halda yemək yeməyin qaydalarını ixtisarla izah edin.

ƏLLİ BİRİNCİ DӘRS

İBADӘT

İnsan övladı yarandığı ilk gündən müqəddəs varlıqlara pərəstiş onun həyatında xüsusi yer tutmuşdur. Hətta eramızdan əvvəl yaşamış insan həyatına nəzər saldıqda belə, elə bir qövm və ya millət tapmaq mümkün deyildir ki, hansısa müqəddəs hesab etdiyi varlığa pərəstiş etməmiş olsun. Demək, pərəstiş olunan şey insanın fitri xüsusiyyətlərindəndir və insan belə bir ehtiyacının tə᾿min olunması üçün ibadət etmiş və mə᾿nəvi çətinliklərinin aradan qaldırılmasında hər şeydən uca hesab etdiyi müqəddəs varlığa arxalanmışdır.

Әlbəttə, bir çox cəmiyyətlərdə bə᾿zilərinin nadanlığı və ya inadkarlığı üzündən müqəddəs ilahi din və ayinlər təhrif edilərək öz həqiqi axarından çıxmış, əsirlər boyu tağut və batil varlıqlara pərəstiş etmişlər.

Dini tə᾿limlərdən heç bir mə᾿lumatı olmayan və ucqar bir məntəqədə yaşayan hər hansı bir şəxsin həyatına nəzər salsaq, bu həqiqətin şahidi olacağıq ki, o, özünün mə᾿nəvi rahatlıq tapması üçün hər şeydən uca və hər şeyə qadir olan müqəddəs bir varlıq axtarır və özünü onun qarşısında son dərəcə kiçik və aciz hesab edir.

Ümumiyyətlə, Allaha pərəstiş və ibadət, haqq olaraq göndərilmiş bütün ilahi peyğəmbərlərin ən başlıca şüarı olmuşdur.

Bu dərsimizdə ibadətin insan həyatında oynadığı rol, ibadətdən məqsəd və onun əhəmiyyəti haqda söhbət açacağıq:

1. Yaradılış və peyğəmbərlərin göndərilməsindən ən başlıca məqsəd, ibadətdir.

Allah-taala Zariyat surəsinin 56-cı ayəsində buyurur:

«Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım».

Mə᾿lum olduğu kimi, Allahın biz insanların ibadətinə heç bir ehtiyacı yoxdur. Çünki O, hər şeydən ehtiyacsızdır. Zumər surəsinin 7-ci ayəsində bu haqda deyilir:

«...Çünki Allah sizə [sizin ibadətinizə] əsla möhtac deyildir...»

İmam Hüseyn (ə) özünün məşhur Әrəfə duasında buyurur:

«İlahi! Sənin zatın o qədər ehtiyacsızdır ki, Səndən özünə heç bir xeyir dəymir. Elə isə necə ola bilər ki, məndən ehtiyacsız olmayasan?»

Başqa bir ayədə Allah-taala peyğəmbərləri göndərməklə insanların hidayət olunmalarını göstərir:

«Biz hər ümmətə: Allaha ibadət edin, tağutdan çəkinin!-deyə peyğəmbər göndərmişdik...»[298]

Yuxarıda qeyd olunan iki ayədən belə nəticəyə gəlmək olur ki, ibadət və pərəstiş insanın özünə aiddir və onun kamala çatmasında ən başlıca rol oynayır. Çünki insanın kamala çatması Allaha yaxınlaşmasından asılıdır. Bu da yalnız ibadət və pəhrizkarlıqla müəyyən olur. Bəqərə surəsinin 21-ci ayəsində bu mətləbə işarə olunaraq buyurulur:

«Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə bununla müttəqi olasınız!...»

İmam Sadiq (ə) ibadətin əsas rüknü olan namazın fəziləti haqda buyurur:

«Namaz hər bir pəhrizkar insanı Allaha yaxınlaşdıran ən gözəl vasitədir».[299]

Demək, insan ibadətlə təqva və pəhrizkarlığa və bunun vasitəsilə Allaha yaxınlaşmağa və nəhayət, bu yolla kamala çatmış olur.

İBADӘTİN FӘZİLӘTİ

Әli (ə) buyurur:

«Pərəstiş zəfər deməkdir».[300]

«İman sahiblərinin üstünlüyü onların ibadətlərindədir».[301]

«Allah-taala sevdiyi bəndələrinə gözəl ibadət ilham edər».[302]

«İbadətin ardıcıllığı səadətə yetişmək əlamətlərindəndir».

«İbadətlə Allaha yaxınlaşmaq kimi, kimsə Ona başqa bir yolla yaxınlaşmamışdır».[303]

İBADӘTİN HӘQİQİ MAHİYYӘTİ

İmam Riza (ə) buyurur:

«Pərəstiş və ibadətin əvvəli Allahı tanımaq, Allahı tanımağın əsas kökləri isə Onun birliyini dərk etməkdir».[304]

İmam Sadiq (ə)-ın səhabələrindən biri deyir: İmam Sadiq (ə)-dan ibadətin həqiqi mahiyyəti haqda soruşdum. Buyurdu: «İbadət və bəndəliyin həqiqi mahiyyəti bu üç şeydən ibarətdir:

1. İnsan, Allahın Onun ixtiyarına qoyduğu şeyləri öz malı hesab etməməlidir, çünki insan heç nəyin həqiqi sahibi deyildir və hər şeyi Allahın malı hesab etməlidir. Demək, onları Allahın ona əmr etdiyi yerlərdə istifadə etməlidir.

2. Özü-özünə çarə və çıxış yolu tapıb müxtəlif tədbirlərə əl atmamalıdır (yə᾿ni, Allaha təvəkkül edərək Onun qoyduğu qanun çərçivəsində düşünüb-daşınmalıdır).

3. Yalnız Allahın ona əmr etdiyi şeylərlə məşğul və yasaq etdiyi şeylərdən uzaq olmalıdır... Bütün bunlar təqvanın ilk mərhələsidir».[305]

Әli (ə) buyurur:

«Bəndəlik beş şeydən ibarətdir:

1. Qarının boşluğu (az yemək);

2. Qur᾿an oxumaq;

3. Gecələri ibadətlə keçirmək;

4. Sübh namazlarında Allahla razi-niyaz etmək;

5. İbadət edərək Allahın qorxusundan ağlamaq».[306]

AGAHCASINA İBADӘT

Peyğəmbər (s) buyurur:

«Allahı tanımaq ibadətin başlanğıcıdır».[307]

Әli (ə) buyurur: «Allahı tanıtdırmayan ibadətin heç bir xeyiri yoxdur».[308]

«Nəfsinizdə ibadət etdiyiniz şeyə yəqinlik hasil edin ki, sizə xeyir verən varlığa ibadət etmək üçün bədən üzvlərinizi hərəkətə gətirəsiniz».[309]

«Elmsiz və heç bir agahlığı olmayan abidlər, dəyirmanda yerində dövr edən, lakin bir addım da olsun irəli getməyən ulağa bənzər».[310]

İBADӘTDӘN MӘQSӘD

Әli (ə) buyurur:

«Bə᾿ziləri savab və cənnət xatirinə ibadət edər, bu tacir və alverçilərin ibadətinə bənzər; bə᾿ziləri cəhənnəm qorxusundan ibadət edər, bu da qul və kölələrin ibadətinə bənzər; bə᾿ziləri isə Allaha şükrünü yerinə yetirmək üçün ibadət edər, bu isə azad insanların ibadətidir».[311]

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Camaat Allaha üç cür ibadət edər: Bə᾿ziləri tamahkar və həris insanlar kimi Allaha savab və Cənnətə xatir ibadət edər, bə᾿ziləri kölələr tək cəhənnəm odundan qorxaraq ibadət edər. Lakin mən, Allaha eşq və məhəbbətlə ibadət edirəm. Bu isə azad və şərəfli insanların ibadətidir. Allah-taala bu haqda buyurur:

«...Belələri o günün [qiyamət gününün] dəhşətli qorxusundan əmi-amanlıq içində olarlar».[312]

Başqa bir ayədə buyurur:

«[Ya Məhəmməd!] De ki: Әgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı başlasın...»[313]

Allahı sevərsə Allah da onları sevər. Allah sevən şəxslər isə dünya və axirətdə daim əmin-amanlıq içində olarlar».[314]

İBADӘTİN NÖVLӘRİ

Peyğəmbər (s) buyurur:

«İbadət yetmiş hissədən ibarətdir, onların ən yaxşısı halal qazanc əldə etməkdir».[315]

Әli (ə) buyurur:

«İlahi ne᾿mətlər barədə düşünüb-daşınmaq ən böyük ibadətdir».[316]

«Yerin və göyün sirləri barədə fikirləşmək xalis insanların işidir».

«İbadətin bir növü də çox salam verib mülayim danışmaqdır.»[317]

Peyğəmbər (s) buyurur:

«Alimlərə nəzər salmaq özü də bir növ ibadətdir. Әdalətli hakimə nəzər salmaq özü bir ibadətdir, ata-anaya sevgi və mehribanlıqla nəzər salmaq özü bir ibadətdir. Allaha xatir sevdiyin [mö᾿min] qardaşın üzünə baxmaq da özü bir ibadətdir».[318]

Peyğəmbər (s) buyurur:

«Elm məqsədilə evindən çıxan şəxs yiyələndiyi elmin vasitəsilə kimisə haqqa hidayət edərsə, qırx il ibadət edən abidin savabına nail olar».[319]

Dərsimizin sonunda bunu da qeyd edək ki, ibadətə dair müxtəlif bəhsləri təfsilatı ilə bir çox əxlaq kitablarında mütaliə etmək olar. Burada isə yalnız ibadətin əhəmiyyət və dəyəri haqda söhbət açmaqla kifayətlənirik.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Nə üçün Allah-taala Qur᾿ani-kərimdə ibadəti yaradılışdan ən başlıca məqsəd hesab edir?

2. Nəql olunmuş hədis və rəvayətlərə istinad edərək ibadətin insan həyatında oynadığı rolu bəyan edin.

3. Bəndəlik nə deməkdir?

4. Necə ibadət olunmalıdır?

5. İbadətin hansı məqsədlər daşıdığını bəyan edin.

6. İslamda hansı əməllər ibadət sayılır?

ƏLLİ İKİNCİ DӘRS

NAMAZIN FӘZİLӘTİ

Namaz digər ibadətlərdən fərqli olaraq daha çox əhəmiyyət kəsb edir.

Nəql olunmuş rəvayətlərdə namaz «dinin sütunu», «mö᾿minin me᾿racı» və bu kimi ifadələrlə tə᾿bir olunmuşdur. Qiyamət günü hər bir insandan soruşulacaq ilk şey namazdır. Namaz qəbul olunarsa, insanın digər əməlləri də qəbul olunar, əks təqdirdə isə onun bütün əməlləri rədd olunar. Namazın əhəmiyyətinə, xüsusiyyətlərinə qayda-qanunlarına, namaz qılan şəxsin üzərinə düşən vəzifələrə, namazın necə və hansı şəraitdə qılınmasına, namazın növlərinə və s. dəlalət edəcək kifayət qədər ayə və hədis mövcuddur. Onların hər biri haqda ayrı-ayrılıqda söhbət açmaq, onlarla kitabı mütaliə və araşdırmaq deməkdir. Bu dərsimizdə yalnız namazın əhəmiyyət və dəyəri haqda söhbət açacaq və bu məzmunda nəql olunmuş bir neçə ayə və hədis gətirəcəyik:

NAMAZ QUR᾿ANDA

«Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!»[320]

«...Həqiqətən, namaz [insanı] çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək [Allahın, cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmağ], şübhəsiz ki, [savab e᾿tibarilə bütün başqa ibadətlərdən] daha böyükdür...»[321]

«O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək [onlara bir yer versək] namaz qılar, zəkat verərlər...]»[322]

«Sizi Cəhənnəmə salan nədir?

Onlar deyəcəklər: Biz namaz qılanlardan deyildik».[323]

«[Müsibət vaxtında] səbr etmək və namaz qılmaqla [Allahdan] kömək diləyin! Bu, ağır iş olsa da, Allaha itaət edənlər üçün ağır deyildir».[324]

«Ey Rəbbim! Məni də, nəslimdən olanları da [vaxtlı-vaxtında, lazımınca] namaz qılan et. Ey Rəbbim! Duamı qəbul buyur!»[325]

«...Çünki namaz mö᾿minlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir».[326]

NAMAZ - PEYĞӘMBӘRİN (S) KӘLAMLARINDA

«Yemək ac üçün, su da susuz üçün hər şeydən üstün olduğu kimi, Allah-taala da namazı gözlərimin nuru və onu mənim üçün hər şeydən əziz etmişdir. Ac adamlar yemək yediyi zaman doyur, susuz da su içdikdə susuzluğunu dəf edir, amma mən namazdan doymaq nə olduğunu bilmirəm».[327]

«Namaz dinin sütunudur. Bilərəkdən namazı tərk edən şəxslər dinini viran etmiş olarlar. Namazlarını vaxtlı-vaxtında qılmayanlar isə cəhənnəmin «vəyl» adlı təbəqəsində namaza səhlənkarlıqla yanaşanlarla birlikdə olarlar».

«Namazlarınızı hədər etməyin. Allah-taala namazı hədər edən şəxsləri qiyamət günü məhşərdə lə᾿nət etdiyi Qarun, Fir᾿on və Hamanla birlikdə xar və rüsvay edərək münafiqlərlə birlikdə cəhənnəm oduna salar. Vay olsun namaza əhəmiyyət verməyənlərin halına».

«Namaz xeymənin sütununa bənzəyir. Әgər xeymənin sütunu (dirəyi) möhkəm olarsa, onun mıx və ipləri də möhkəm olacaqdır. Dirək sındıqda isə mıx və iplərin heç bir köməyi olmayacaqdır.»

«Namazlarınıza fikir verin. Allah-taalanın qiyamət günü öz bəndələrindən soruşacağı ilk şey namaz olacaqdır. Namazlarını vaxtlı-vaxtında qılanlar nicat tapar, namazı tərk edənlər isə cəhənnəm oduna atılarlar».

«Namaza durub niyyət etdikdən sonra həmd-surəni oxuyub daha sonra rüku və səcdələri yerinə yetirib, təşəhhüd və salamları dedikdən sonra insanın bu və əvvəlki namazı arasındakı günahları bağışlanar.»

«Nə qədər namaz qılırsınızsa, O böyük padşahın (Allahın) qapısını döymüş olursunuz. Kim Onun qapısını çox döyərsə qapı onun üzünə açılar».

«Gündəlik namazların hər birinin vaxtı çatdıqda mələklərdən biri insanların arasına gəlib belə bir nida edər: Qalxın, aranızda qaladığınız odu namazlarınızla söndürün».

«Namaz dinin vacib hökmlərindən biridir. O, Allahın rizası və peyğəmbərlərin yoludur».



Geri   İrəli
Go to TOP