A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 120
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Diş yumağın başqa bir müsbət xüsusiyyəti haqda Peyğəmbər (s) buyurur: «Dişləri yumaq fəsahətliliyi daha da artırır».[196]

DİŞLӘRİ NECӘ YUMALI

Peyğəmbər (s) bu haqda buyurur:

«Dişlərinizi uzununa deyil, eninə fırçalayın».[197]

Rəvayətlərdən birində deyilir: «Peyğəmbər (s) dişlərini hər gecə gündüz üç dəfə uzununa deyil, eninə fırçalayardı. O, dişlərini adətən yatmazdan əvvəl, sonra və namaz qılmazdan əvvəl təmizləyərdi».

Peyğəmbər (s) buyurur:

«Oruc tutan zaman dodaqları quruyan şəxslər səhər (azandan əvvəl) və axşam çağı dişlərini yusun.»[198]

«Səhər çağı və dəstəmaz almazdan əvvəl dişləri yumaq ən gözəl adət ən᾿ənələrdəndir».[199]

Başqa bir hədisdə buyurur:

«Fürsət olmadıqda belə, heç olmasa üç gündən bir dişlərinizi yumağa çalışın».[200]

TÜKLӘRİN QISALDILIB SӘLİQӘYӘ SALINMASI

Saç və bığın qısaldılması, saqqalın dibindən qırxılmaması və başın daranması islamın tövsiyə etdiyi ədəb-ərkan qaydalarındandır.

Peyğəmbər (s) buyurur:

«Bığ və burun tüklərini qısaldıb vaxtaşırı saçlarınızı darayın. Belə etməklə öz gözəlliyinizi qoruyub saxlamış olarsınız».[201]

İmam Sadiq (ə) buyurur:

«Burun tüklərini qısaltmaq üzün görünüşünə xüsusi gözəllik və yaraşıq verir».[202]

«Bığ tüklərinizi uzatmayın, çünki Şeytan oranı özünə sığınacaq edir».

İmam Sadiq (ə) buyurur:

«Bığlarını qısaltmayan kəs bizdən deyildir».[203]

Peyğəmbər (s) buyurur:

«Bığlarınızı qısaldın, saqqalınızı uzadın və özünüzü yəhudilərə oxşatmayın».[204]

Әli ibni Cə᾿fər deyir: Qardaşımdan (həzrət imam Musa Kazim (ə)) saqqalın qısaldılması haqda soruşduqda buyurdu:

«Yanaqlardan saqqalın qısaldılmasının heç bir nöqsanı yoxdur. Lakin qarşıdan qısaldılmamalıdır».[205]

Qeyd etmək lazımdır ki, saqqalın qısaldılıb və ya uzadılmasının da müəyyən həddi vardır. İmam Sadiq (ə) bu haqda buyurur: «Saqqalınızı əlinizə alın, ovucunuzdan çıxanını qısaldın».[206]

Başqa bir hədisdə buyurur:

«Saqqalın əlin içindən çıxanı cəhənnəm odunda olar». (Yə᾿ni, saqqal əlin içindən çıxacaq qədər böyük olmamalıdır».[207]

Peyğəmbər (s) buyurur:

«Gözəl tük Allahın insanlara bəxş etdiyi gözəl örtükdür, elə isə onun qədrini bilin».[208]

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Baş və üzün tükünü daramaq yoxsulluğu aradan aparır və bir çox xəstəliklərin qarşısını alır».[209]

Peyğəmbərdən (s) nəql edərək buyurur:

«Baş və üzün tükünü daramaq vəba xəstəliyinin qarşısını alır».[210]

İmam Riza (ə) Ә᾿raf surəsinin 31-ci ayəsi (Məscidlərə getdiyiniz zaman zinət əşyalarınızı da özünüzlə götürün) haqda buyurur:

«Zinət hesab olunan şeylərdən biri də namaz qılmazdan əvvəl daranmaqdır».[211]

İmam Sadiq (ə) buyurur: «Peyğəmbərin (s) saçı qulaqlarının ucundan çox uzanmazdı».[212]

DIRNAQLARIN TUTULMASI

Peyğəmbər (s) buyurur:

«Hər kim cümə günləri dırnaqlarını tutarsa, Allah-taala bütün ağrı və xəstəlikləri onun barmaqlarından uzaq və onları daim sağlam edər».[213]

Səhabələrdən biri deyir: İmam Cə᾿fər Sadiq (ə)-dan ruzinin artması üçün mənə dua öyrətməsini xahiş etdim. İmam (ə) cümə günlərində bığ tüklərimi azaldıb, dırnaqlarımı tutmağı mənə tövsiyə etdi».[214]

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Cümə günü dırnaqları tutmaq, cüzam və qotur kimi qorxulu xəstəliklərin qarşısını alır».[215]

Başqa bir hədisdə buyurur: «Cümə günü bığ tüklərini qısaldıb dırnaqlarını tutan hər bir şəxs «Bismillah və əla sunnəti Muhəmməd və ali Muhəmməd» deyərsə, tutduğu hər bir dırnağın və kəsdiyi hər bir tükün müqabilində həzrət İsmayıl (ə) övladlarından bir qul azad etmiş savabı qazanmış olar».[216]

Әlbəttə, nəzərdən qaçırmamalıyıq ki, nəql olunmuş rəvayətlərdə cümə gününə tə᾿kid olunması həmin günün əhəmiyyətindən və təmizliyə verilən diqqətdən irəli gəlir. Yə᾿ni, tük və dırnaqlar uzandıqda onların qısaldılmasının cümə gününə tə᾿xirə salınması heç də zəruri deyildir. Bu mətləbə dəlalət edəcək rəvayətlərdən birində deyilir:

İmam Musa Kazim (ə)-ın səhabələrindən biri ona müraciət edərək deyir: Bə᾿ziləri bığ tüklərinin və dırnaqların cümə günlərində qısaldılmasına tə᾿kid edirlər. İmam Kazim (ə) təəccüblənərək buyurur:

«Allah pak və münəzzəhdir! Onları istər cümə, istərsə də qeyri günlərdə qısaldıb təmizliyinizə diqqət yetirin.»[217]

Lakin cümə günləri bığın və dırnaqların qısaldılması, ümumiyyətlə həmin gün təmizliyə riayət etməyin daha çox savabı vardır.

İmam Cə᾿fər Sadiq (ə)-ın səhabələrindən biri cümə günü bığ tüklərinin və dırnaqların qısaldılması haqda ondan soruşduqda buyurur: «Belə bir gözəl adətə vərdiş edən şəxslər gələn cüməyədək daim təmizlikdə olarlar».[218]

Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə də deyilir: «Cümə və cümə axşamı günlərində bığ tüklərini və dırnaqlarını qısaldan şəxslər diş və göz ağrılarından amanda qalarlar».[219]

İmam Sadiq (ə) dırnaqların necə tutulması haqda buyurur: «Cümə günü dırnaqlarınızı tutduqda sol əlinizin kiçik barmağından başlayıb sağ əlinizin kiçik barmağında qurtarın».[220]

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Peyğəmbər (s) diş yuyulduqdan sonra qılınan namazın dəyər və əhəmiyyəti haqda nə buyurur?

2. Peyğəmbərin (s) diş yumaq haqda sadaladığı müsbət xüsusiyyətlərdən bir neçəsini əzbərdən deyin.

3. Dişlər nə zaman və necə yuyulmalıdır?

4. Mə᾿sum imamlar (ə) baş və üz tükləri haqda nə buyurmuşlar?

5. Mə᾿sum imamlar (ə) baş və üzün daranması haqda nə kimi tövsiyələr etmişlər?

6. İslam nöqteyi-nəzərindən dırnaqlar nə zaman və necə qısaldılmalıdır?

QIRX YEDDİNCİ DӘRS

SӘLİQӘ VӘ TӘMİZLİK

ӘTİRLӘRDӘN İSTİFADӘ

Nəql olunmuş rəvayətlərdə mö᾿minlərə paltar və bədənlərinin səliqə və təmizliyinə diqqət yetirmələri ilə yanaşı, gözəl ətirlərdən istifadə etmələrinə də tə᾿kid olunmuşdur. Bu məzmunda nəql olunmuş bir çox rəvayətlərdə mö᾿minlərin, ətirlərdən istifadə etməsi məsləhət görülməklə yanaşı, böyük savaba nail olacaqları haqda da danışılmışdır.

Peyğəmbər (s) buyurur:

«Gözəl iy qəlbə güc verir».[221]

«Әtir vurmaq peyğəmbərlərin gözəl adət ən᾿ənələrindən olmuşdur».[222]

İmam Riza (ə) buyurur:

«Peyğəmbərlərin gözəl xüsusiyyətlərindən biri də gözəl ətirlərdən istifadə etmək olmuşdur».[223]

İmam Sadiq (ə) buyurur:

«Həqiqətən Allah gözəllik və zinətləndirməyi sevər, qəmginlik və qaraqabaqlığı xoşlamaz. Allah-taala Öz bəndəsinə ne᾿mət bəxş etdiyi zaman onun əlamətlərini Öz bəndəsində görmək istər. Onun qəmgin və qaraqabaq görməsini isə əsla istəməz. İmam Sadiq (ə)-dan bunun necə olduğunu soruşduqda buyurur: «Paltarını təmizləyib, gözəl ətirlər vurmuş olsun və evinin divarlarını ağardıb tozunu alaraq səliqə-səhmana diqqət yetirsin. Həqiqətən gün batmazdan əvvəl həyəti işıqlandırmaq həm yoxsulluğa son qoyur, həm də ruzinin artmasına səbəb olur».[224]

Peyğəmbər (s) buyurur:

«Dünyanızda məni sevindirən iki şey var: Ailə qurub gözəl ətirlərdən istifadə etməniz, gözlərimə nur verən isə namazdır».[225]

Peyğəmbər (s) buyurur:

«Dörd şey peyğəmbərlərin gözəl adət ən᾿ənələrindən olmuşdur: Gözəl ətirlərdən istifadə etmək, ailə qurmaq, dişləri yumaq və vaxtaşırı hənadan istifadə etmək».[226]

Başqa bir hədisdə buyurur:

«Mələklər gözəl ətirləri iylədikləri üçün mö᾿minlər bu gözəl sünnəni tərk etməməlidirlər. Elə isə cümə günlərində ətir vurmağı unutmayın».[227]

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Gözəl ətirlərə nə qədər pul xərcələsəniz israfa yol vermiş olmazsınız».[228]

İmam Musa Kazim (ə) buyurur:

«İnsan ətir vurmağı tərk etməməlidir. Әgər gündəlik ətirdən istifadə etməyə imkanı olmazsa, iki gündən bir, buna da qadir olmadıqda, heç olmasa həftədə bir dəfə ətirdən istifadə etməlidir».[229]

İmam Cə᾿fər Sadiq (ə) başqa bir hədisdə buyurur: «Peyğəmbər (s) ətirə çörəkdən daha çox pul xərclərdi».[230]

Әli (ə) buyurur:

«Bu bir həqiqətdir ki, Peyğəmbərə (s) ətir və ya şirniyyat şeyləri gətirdikdə heç vaxt onu geri qaytarmazdı».[231]

Әnəs ibni Malik deyir:

«Peyğəmbər (s) sovqat olaraq gətirilən ətirləri geri qaytarmazdı.»[232]

Səhabələrdən biri deyir: «İmam Sadiq (ə)-dan sovqat olaraq verilən ətrin geri qaytarılmaması haqda soruşduqda buyurur:

«Belə bir böyük hörməti geri qaytarmaq yaxşı iş deyildir».[233]

EV VӘ ӘTRAF MÜHİTİN TӘMİZLİYİ

İslam dini paltar və bədənin təmizliyinə diqqət yetirdiyi kimi, ev, ətraf mühit və məişət əşyalarının da təmizliyinə böyük əhəmiyyət verir. İstər Peyğəmbər (s), istərsə də onun sadiq davamçıları olan Mə᾿sum imamlar (ə) bədən və məişət təmizliyinə xüsusi diqqət yetirmiş və müsəlmanlara bu məsələyə ciddi yanaşmalarına tə᾿kid etmişlər.

Belə ki, istər əxlaq və davranış, istərsə də ictimai və məişət nöqteyi-nəzərindən hər bir müsəlmanın həyat tərzi başqalarına örnək və nümunə olmalıdır.

Bütün bunlarla yanaşı, təmizliyə riayət olunması haqda nəql olunmuş hədis və rəvayətlərdə natəmizliyə yol verilməməsinə və bunun nəticəsində bir çox xəstəliklərin qarşısının alınmasına xüsusi diqqət yetirilmişdir. Bunun üçün də nəql olunmuş bir çox rəvayətlərdə hər hansı bir əməlin bir çox qorxulu xəstəliklərin qarşısının alınmasına işarə olunmuşdur. Bəlkə də rəvayətlərin bir çoxunda Şeytan deyildikdə, müxtəlif virus və mikroblar nəzərdə tutulur.

Peyğəmbərin (s) buyurduğu «Bığlarınızı çox uzatmayın ki, Şeytan orada özünə yer etməsin» - hədisini buna misal göstərmək olar.

Bunun üçün də əgər hər bir müsəlman öz məişət və ictimai həyatında Peyğəmbərin (s) və Mə᾿sum imamların (ə) tövsiyələrinə əməl etsə, ətraf mühitin və özlərinin sağlamlıqlarını tə᾿min edəcək və çox nadir hallarda xoşagəlməz hadisə və xəstəliklərlə qarşılaşmış olacaqlar.

Bu dərsimizdə ilk növbədə Mə᾿sum imamların (ə) ev və şəxsi əşyaların təmizliyinə riayət olunması haqda etdikləri tövsiyələrdən söhbət açacaq, daha sonra ətraf mühitin və ümumi yerlərin təmizliyinə riayət olunması barədə nəql olunmuş hədis və rəvayətlərin bir neçəsini gətirəcəyik.

Lakin hər şeydən əvvəl nəzərdən qaçırmamalıyıq ki, hər bir müsəlman fərdi təmizliyə riayət etməklə yanaşı, ətraf mühitin və başqalarının narahatçılığına səbəb olacaq natəmizliyə və hüquqlarının taptalanmasına da yol verməməlidir.

İmam Məhəmməd Baqir (ə) buyurur:

«Evi vaxtaşırı təmizləyib süpürgələmək yoxsulluğu aradan aparır».[234]

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Qabların və evin təmizlənməsi ruzinin çoxalmasına səbəb olur».[235]

Peyğəmbər (s) buyurur:

«Şeytan özünə sığınacaq tapmasın deyə, yeməkdən əvvəl əllərinizi sildiyiniz bulaşıq dəsmalları və evi süpürdükdən sonra toz və zibili qapının arxasında saxlamayın».[236]

Başqa bir hədisdə buyurur:

«Şeytan özünə yer etdiyi üçün, istər axşam, istərsə də gündüz atılası zibili evlərinizdə saxlamayın».[237]

Әli (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:

«Yağlı əl dəstmallarınızı evlərinizdə saxlamayın, çünki Şeytan orada özünə sığınacaq tapır».[238]

Həmçinin Peyğəmbər (s) buyurur:

«Şeytanlar evlərinizdə hörümçək torlarında sakin olarlar».[239]

Әli (ə) buyurur:

«Evlərinizi hörümçək torlarından təmizləyin, onların qalması fəqr və yoxsulluğa səbəb olur».[240]

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Peyğəmbər (s) çıraq olmadan qaranlıq evlərə girməyi qadağan edərdi».[241]

Başqa bir rəvayətdə deyilir:

«Gün batmazdan əvvəl ev və həyəti işıqlandırmaq ruzini artırır və yoxsulluğa son qoyur».[242]

ӘTRAF MÜHİTİN TӘMİZLİYİ

Nəql olunmuş rəvayətlərdə yol (küçə, dalan), su kanallarına, meyvəli və kölgəsindən istifadə olunan ağacların dibinə, mənzil, məscid kənarına, ümumiyyətlə camaatın istifadə etdiyi və narahatçılıqlarına səbəb olacaq ümumi yerlərə sidik və nəcasət ifraz olunması qətiyyətlə yasaq olunmuşdur.

Demək, mö᾿minlər ətraf mühitin və yaşayışlarının dözülməz hala düşməsinə səbəb olacaq bu kimi xoşagəlməz işlərə yol verməməlidirlər.

İmam Cə᾿fər Sadiq (ə) atasından nəql edərək deyir: «Peyğəmbər (s) camaatı içmək üçün istifadə etdikləri quyu və çaylara, həmçinin meyvə ağaclarının dibinə nəcasət ifraz etməyə yasaq edərdi».[243]

Başqa bir hədisdə buyurur:

«Peyğəmbər (s) buyurardı: Kölgəliklərə nəcasət ifraz edənlər, ümumi su quyularından istifadə etməyi qadağan edənlər, ümumi yolları bağlayanlar Allahın lə᾿nətinə gələrlər».[244]

İmam Sadiq (ə) atasından nəql edərək buyurur: «Peyğəmbər (s) səhabələrə müraciət edərək buyurdu: Ey müsəlman ümməti! Allah-taala iyirmi dörd şeyi sizlərə yasaq edir. Onlardan biri də çaylara sidik və meyvə ağaclarının dibinə nəcasət ifraz etməməyinizdir.»[245]

Bir şəxs imam Zeynəlabidin (ə)-dan soruşur: «Qərib bir insan harada dəsətəmaz alıb nəcasətini ifraz etməlidir?» İmam Zeynəlabidin (ə) sualın cavabında buyurur: Çaya, axar sulara və meyvəli ağacların dibinə və ümumiyyətlə camaatın narazılığına səbəb olacaq yerlərə sidik və nəcasət ifraz etməməlidir».[246]

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Peyğəmbər (s) gözəl ətirlər haqda nə buyurur?

2. Әtir almaq üçün nə qədər pul xərclənməlidir?

3. Peyğəmbər (s) və Mə᾿sum imamlar (ə) yaşayış yerlərinin təmizliyi haqda nə fikirdə olmuşlar?

4. Nəcasətin ifraz olunması haralarda yasaq olunur?

QIRX SӘKKİZİNCİ DӘRS

AYAQ YOLUNUN QAYDALARI

Mə᾿sum övliyaların bə᾿zən paltar, mənzil və ətraf mühitin təmizliyi haqda etdikləri tövsiyələrlə tanış olduqdan sonra, ayaq yolunun qayda-qanunları və oranın təmizliyi barədə olunan dəyərli tövsiyələrə işarə etməyi məqsədə uyğun hesab edirik.

CAMAATDAN UZAQ OLMALI

Yaşayış yerlərində tikilən ayaq yolu mümkün qədər gizli və nəzərə çarpmayan yerlərdə olmalıdır. Səhra və açıq havada isə ayaq yoluna getmək istərkən, dərə, təpələrin arxasında və ya aralıqlardan istifadə etmək lazımdır.

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Ayaq yoluna getmək istərkən hamının nəzərindən uzaq və gizli yerləri seçin».[247]

Başqa bir hədisdə buyurur:

Həzrət Loğmanın, oğluna etdiyi tövsiyələrin birində deyilir:

«Cəm halında bir yerə getdikdə onlarla çox məşvərət et, ayaq yoluna getmək istədikdə isə onlardan səni görməyəcəkləri məsafəyədək uzaq olmağa çalış».[248]

İmam Sadiq (ə) buyurur:

«Həzrət Loğmana verilən hikmət heç də onun var-dövləti, fiziki sağlamlığı və ya gözəlliyinə görə bəxş olunmamışdır. O, olduqca təqvalı, pəhrizkar, sakit və daim ilahi əmrlərə müt᾿i olan bir şəxs idi. Olduqca həyalı olduğu üçün kimsə onu nə qüsl alarkən, nə də ayaq yoluna gedərkən görə bilərdi. Məhz bu xüsusiyyətlərinə görə ona ilahi hikmət bəxş olundu».[249]

ÖVRӘT ÖRTÜLÜ OLMALI

Hər bir müsəlman bütün hallarda, xüsusilə də ayaq yoluna gedərkən öz övrətini başqalarından gizli saxlamağa çalışmalıdır. Həmçinin birinin başqa birisinin övrətinə baxması da haram və böyük günah hesab olunur. Peyğəmbər (s) özünün «Mənahi» adlı hədisində buyurur:

«Çarəsizlikdən açıq havada qüsl aldıqda övrətinizi başqalarından gizli saxlayın. Hamamda qüsl aldıqda belə hökmən övrətinizi fitə ilə örtün. İstər kişilər, istərsə də qadınlar bir-birlərinin övrətlərinə baxmamalıdırlar. Agah olun ki, belə şəxslərə yetmiş min mələk nifrin edər və lə᾿nət oxuyar. Allah-taala bilərəkdən müsəlman qardaşının və yad qadının övrətinə nəzər salan şəxsləri, tövbə etmədikdə münafiqlər arasına qoyaraq dünyalarını dəyişmədən böyük rüsvayçılıqla üzləşdirər».[250]

İmam Cə᾿fər Sadiq (ə) Nur surəsinin 30-cu ayəsinin izahında buyurur: «Qur᾿ani-kərimin bütün ayələrində övrətin qorunması barədə söhbət açıldıqda, bu ayə istisna olmaqla, zinadan qorumaq nəzərdə tutulur. Burada isə başqalarının övrətinə nəzər salmaq nəzərdə tutulur. Ayədə buyurulur:

«[Ya Məhəmməd!] Mö᾿min kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar [və ya örtülü saxlasınlar]. Bu onlar üçün [ədəb-ərkan, təmizlik baxımdan] daha yaxşıdır».

NECӘ OTURMALI

Ayaq yolunda oturarkən nə arxa, nə də qabaq tərəf qibləyə olmamalıdır. Fiqhi bəhslərdə bu mətləbə toxunularaq deyilir: Ayaq yolunda ikən üzü və arxası qibləyə tərəf olan şəxslər günaha yol vermiş olurlar. Peyğəmbər (s) «Mənahi» hədisində bu mətləbə işarə edərək buyurur: «Ayaq yolunda olduğunuz zaman üzü və arxası qibləyə olmayın».[251]

Başqa bir hədisdə buyurur:

«Ayaq yolunda olduğunuz zaman üzü və ya arxası qibləyə tərəf deyil, şərq və ya qərb tərəfə oturun».[252]

Açıq havada ayaq yoluna getdikdə küləyin əks istiqamətində oturmamağı nəzərə almaq lazımdır. İmam Riza (ə)-dan ayaq yolunda necə oturmaq haqda soruşduqda buyurdu:

«Üzü və ya arxası küləyin əks istiqamətinə oturulmamalıdır».[253]

DANIŞIB SÖHBӘT ETMӘMӘLİ

Ayaq yolunda oturarkən heç kəslə danışılmamalı və Qur᾿an oxunulmamalıdır. Lakin azan vaxtı Allahı zikr edib zümzümə etməyin heç bir nöqsanı yoxdur.

İmam Riza (ə) buyurur: Peyğəmbər (s) ayaq yolunda ikən kimsəyə cavab verməyi və söhbət etməyi qadağan edərdi».[254]

Әli (ə) buyurur: «Yeddi halda Qur᾿an oxunmamalıdır: Rüku və səcdəyə gedərkən, hamam və ayaq yolunda olarkən, qadınlar heyz və nifas, kişi və qadınlar isə cünub halında olduqları zaman.»[255]

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Ayaq yolunda olduğunuz zaman azan səsini eşitdikdə müəzzinin dediklərini təkrar edib Allahı yad edin. Çünki yaxşı olar ki, Allah bütün hallarda yad edilsin».[256]

DİGӘR QAYDALAR

«Ayaq yoluna sol ayaqla daxil olub, oradan sağ ayaqla xaric olunmalıdır və ayaq üstə idrar olunmamalıdır».

İmam Sadiq (ə) buyurur: «Üzürsüz olaraq ayaq üstə idrar etmək və nəcasəti sağ əllə təmizləməklə insan özü-özünə zülm etmiş olur».[257]

Qayalıqlara, axarı olmayan sulara, habelə havaya səpərək idrar olunmamalıdır.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. İlahi hikmətin həzrət Loğmana verilməsinə nə səbəb olmuşdur?

2. Peyğəmbər (s) mö᾿min qardaşının övrətinə nəzər salan şəxslər barədə nə buyurur?

3. Ayaq yolunda hansı tərəfə oturmaq haram hesab olunur?

4. Ayaq yolunda kiminləsə danışıb və ya kiməsə cavab vermək qadağandırmı?

5. Ayaq yolunun qaydalarını ixtisarla bəyan edin.

QIRX DOQQUZUNCU DӘRS

YEMӘK VӘ İÇMӘYİN QAYDALARI

Yemək və içmək insan həyatının ən başlıca hissəsini təşkil edir. Həyatın bütün sahələrində olduğu kimi, islam fiqh və əxlaqı bu məsələyə xüsusi diqqət yetirmiş və öz davamçılarına dəyərli tövsiyə və göstərişlər vermişdir. Bir qədər əvvəl qeyd etdik ki, bu göstərişlərə əməl və riayət etmək həm insanın öz cismi sağlamlığına, həm də yaşadığı cəmiyyətdə başqalarının hüququna hörmət sayıldığı üçün, onun mövqe və şəxsiyyətinin daha da ucalmasına səbəb olur. Bu və növbəti dərsimizdə islamın yemək və içməyə dair etdiyi tövsiyə və göstərişlər haqda söhbət açacaq və bə᾿zi mətləblərin izahını verməyə çalışacağıq.

YEMӘYİN PAK VӘ HALALLIĞI

Hər bir müsəlman istifadə etdiyi qida məhsullarında hər şeydən əvvəl onun pak olmasına diqqət yetirməlidir. Belə ki, şəriət nöqteyi-nəzərindən nəcasətdən qida kimi istifadə etmək qətiyyətlə haram hesab olunur. Bunun üçün də hər bir müsəlman istifadə etdiyi qida məhsullarının halal və ya haram şeylərdən hazırlanmasına xüsusi diqqət yetirməlidir. Məsələn yediyi ət, əti halal olan heyvanların ətindən olmalı və şər᾿i qanunlara uyğun kəsilməlidir.

Yeməyin və ya qida məhsullarının hazırlanmasında da təmizlik ən başlıca şərtlərdən biri hesab olunur.

Mə᾿sum imamlar (ə) və islam alimləri bu fikirdə olmuşlar ki, yeməyin hazırlanmasında təmizliyə riayət etməmək və onun haram şeylərdən hazırlanması insanın mə᾿nəviyyatına, ruh və qəlbinin saflığına mənfi tə᾿sir göstərərək, onun ibadətdən uzaq düşməsinə səbəb olur. Bunu üçün də müxtəlif şəxslərdən və həmçinin təmizliyə riayət etməyən naşı şəxslərdən yemək məhsullarının alınmaması tövsiyə olunur. Lakin, bunu yalnız əxlaqi bir tövsiyə hesab etmək olar və biz aldığımız yemək məhsullarının natəmizliyinə yəqinlik hasil etməyənədək onu haram və natəmizlikdə ittiham edə bilmərik.

Bütün bunlarla yanaşı, yemək məhsullarının halal yolla əldə olunmasına xüsusi diqqət yetirmək lazımdır. Hər bir müsəlman özünün və ailəsinin yemək məhsullarını halal yolla tə᾿min etməklə yanaşı, illik gəlirinin xüms və zəkatını ödəməli və həmçinin başqalarının hazırladıqları yemək şeylərinin halal olub-olmamasına da diqqət yetirməlidir. Fiqh kitablarında bu məsələyə dair «Məkasibul muhərrimə-Halal qazanclar» adlı xüsusi fəsl ayrılmışdır. Bu haqda ətraflı mə᾿lumat əldə etmək istəyənlər bu kitablara müraciət edə bilərlər.

ӘLLӘRİN YUYULMASI

Gün ərzində müxtəlif əşyalarla təmasda olduğumuz üçün əllər istər-istəməz çirklənməli olur. Bunun üçün də bir çox xəstəliklərin qarşısını almaq üçün yemək yeməzdən əvvəl əllərin təmizliyinə xüsusi diqqət yetirilməlidir.

Peyğəmbər (s) buyurur:

«Yemək yeməzdən əvvəl dəstəmaz almaq yoxsulluğu, yedikdən sonra dəstəmaz aldıqda isə dəlilik xəstəliyini aradan aparır. Həmçinin gözün görmə qabiliyyətini də gücləndirir».[258]

Başqa bir hədisdə buyurur:

«Xeyirxah işlərinizin artmasını istəyirsinizsə, yemək yeməzdən əvvəl dəstəmaz alın».[259]

İmam Sadiq (ə) buyurur:

«Yemək yeməzdən əvvəl və sonra əllərini yuyan şəxslər üçün yedikləri yemək daha bərəkətli olar və ömürlərinin sonunadək bol ruzi və əmin-amanlıq içində yaşayar».[260]

Səfvan Cəmmal, imam Sadiq (ə)-ın səhabələrindən nəql edərək deyir: Bir gün imam Sadiq (ə)-ın evində olduğum zaman yemək gətirdilər. Xidmətçi su və ləyən gətirdi və İmam (ə) yeməzdən əvvəl dəstəmaz aldı. Әllərini qurulamağa dəsmal verdikdə onu geri qaytarıb buyurdu:

«Әlimi elə həmin şeylərdən yudum.». Yə᾿ni, əllərimi təmasda olduğum şeylərin çirk və natəmizliyindən yuyub təmizlədim. Onlarla yenidən təmasda olacaqdımsa, yumaq nəyə lazım idi?

Səhabələrdən biri deyir: İmam Musa Kazim (ə) yemək yeməzdən əvvəl əllərini yudu, lakin qurulamadı. Yeməkdən sonra yuduqda isə əllərini qurulamaq üçün dəsmal istədi».[261]

SÜFRӘ ARXASINDA NECӘ OTURMALI

İnsan süfrə arxasında oturarkən, özünü Allah qarşısında son dərəcə təvazökar və ona bəxş etdiyi ne᾿mətlərin müqabilində qədirbilən olduğunu göstərməlidir. Bunun üçün də yaxşı olar ki, yemək süfrəsi yerdə açılsın.

Peyğəmbər (s) buyurur:

«Söykənərkən yemək yemirəm. Allah bəndəsi olduğum üçün adi bəndə kimi oturur, adi bəndə kimi də yemək yeyirəm».[262]



Geri   İrəli
Go to TOP