A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 120
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsindən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir...»

4. Ailə qurmaqla hər iki tərəf yeni müştərək həyat tərzinə qədəm qoymuş olurlar. Fikir və düşüncələr, zehni məşğuliyyətlər azalır və insan özündə bir növ mə᾿nəvi rahatlıq hiss etməyə başlayır. Çünki subay şəxs özünün həm ev, həm də evdən xaric işlərinin öhdəsindən gəlmək məcburiyyətində qalır. Ailə qurduqda isə bütün bu işlər ərlə-arvadın arasında bölünür və hər birinin həyat tərzində müəyyən rahatlıq yaranır. Diqqət yetirmək lazımdır ki, Allah-taala evlilərin ehtiyaclarını tə᾿min edəcəyinə dair verdiyi və᾿dəni subay şəxslərə verməmişdir. Demək, belə bir şəraitdə onlar mə᾿nəvi saflığa və gündəlik ibadətlərinə daha çox diqqət yetirirlər.

5. Evlənmək yüksək əxlaqi xüsusiyyətlərə yiyələnməkdə və nəfsani istəklərlə mübarizədə ən başlıca yollardan biri hesab olunur. Nəql olunmuş bir çox rəvayətlərdə ailənin maddi ehtiyaclarının tə᾿min olunması, övlad və həyat yoldaşının hüququnu qorumaq, təsadüfü hallarda onların xoşagəlməz rəftar və davranışlarına səbr etmək və s. nəfs ilə mübarizə olduğu xatırladılır və bütün bunların müqabilində təqva sahiblərinin böyük savaba nail olacaqlarına və᾿də verilir.

Peyğəmbər (s) bu haqda buyurur:

«Ailəsinin maddi ehtiyaclarını tə᾿min edən şəxslər sanki Allah yolunda cihad etmiş olurlar».[118]

Bununla yanaşı, müsəlman əxlaq alimləri belə bir fikirdədirlər ki, ailə qurmaqla istər kişi, istərsə də qadın ruhi təkamülə və bunun da nəticəsində əbədi səadətə nail ola bilərlər. Başqa sözlə desək, Allah-taala kişi ilə qadını kamil yaratmamış, kişidə olan müsbət xüsusiyyətləri qadında, qadında olan müsbət xüsusiyyətləri isə kişidə qərar verməmişdir. Onları kamilliyyə aparan və kamil insan olmaqlarına səbəb olacaq şey varsa, o da onların ailə qurmalarıdır.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Qur᾿an, həyat yoldaşını nə üçün ilahi əlamət və nişanələrdən hesab edir?

2. Peyğəmbər (s) ümmətinin subay təbəqəsi haqda nə buyurur?

3. Ailə qurmağın müsbət nəticələrini ixtisarla bəyan edin.

4. Әli (ə) Şeytanın insanları haqq yoldan uzaqlaşdıracaq şeylərin hansına daha çox diqqət yetirir?

5. Peyğəmbər (s) ailəsinin maddi ehtiyaclarını tə᾿min edən şəxsləri kimlərlə müqayisə edir?

QIRX İKİNCİ DӘRS

KİŞİ İLӘ QADININ HÜQUQLARI

İstər kişinin, istərsə də qadının üzərinə müəyyən hüquq və vəzifələr düşür. Müştərək həyata qədəm qoymuş hər bir insan bu vəzifələrlə tanış olduqdan sonra ona riayət etməyə çalışmalı və heç bir səhlənkarlığa yol verməməlidir.

Qarşılıqlı vəzifələrlə tanışlıq kişi ilə qadının səmimi müştərək həyatının daha da sağlam əhval ruhiyyədə olmasına səbəb olur.

QADININ KİŞİYӘ QARŞI OLAN VӘZİFӘLӘRİ

1. İmam Baqir (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: «Bir qadın Peyğəmbərin (s) yanına gəlib deyir: Ya Rəsuləllah! Qadının üzərində kişinin nə kimi hüququ vardır? Peyğəmbər (s) buyurur:

Qadın ərinə itaət edib onun sözündən çıxmamalıdır, ərinin icazəsi olmadan kimsəyə evindən bir şey verməməli və ərinin icazəsi olmadan müstəhəb oruc tutmamalıdır. Әrinin icazəsi olmadan evindən xaric olmamalı və əgər xaric olarsa, evə qayıdanədək yerin və göyün qəzəb və rəhmət mələkləri ona lə᾿nət oxuyarlar. Sonra qadın soruşdu: Ya Rəsuləllah! Kişinin üzərində hamıdan çox kimin haqqı vardır? Buyurdu:

Ata və anasının.

Daha sonra kimin?-deyərək, qadın sualını davam etdirdi.

Buyurdu:

Həyat yodaşının...».[119]

2. Qadının üzərinə düşən digər vəzifələrdən biri də həyat yoldaşı ilə müəyyən oxşarlıqlara malik olmasıdır. Bu isə iki halda lazımdır:

a). Әxlaqi xüsusiyyətlərdə;

Çünki iki nəfər şəxs ailə qurmazdan əvvəl bir-birindən fərqli xüsusiyyətlərə malik olurlar. Təbii ki, bir-birlərinin bə᾿zi xasiyyətlərinə mənfi baxırlar. Bunu da bilirik ki, həyat yoldaşını seçərkən onun bütün xüsusiyyətlərinə göz yumub güzəştə getməyi bacarmaq lazımdır. Peyğəmbər (s) bu haqda buyurur:

«Allah-taala, ərinin xoşagəlməz əxlaq və davranışına səbr edən qadına, Muzahim qızı Asiyaya (Fir᾿onun qızı) bəxş etdiyi savabı əta edər».[120]

İmam Məhəmməd Baqir (ə) buyurur:

«Həqiqətən Allah-taala kişilərə bir cür cihad, qadınlara isə başqa bir cihad növünü vacib etmişdir. Kişilərin cihadı qan və canlarını Allah yolunda fəda etməkdən, qadınların cihadı isə ərlərinin qeyrət və əziyyətlərinin müqabilində səbr etmələrindən ibarətdir».

Başqa bir hədisdə buyurur:

«Qadınların cihadı ərlərinə yaxşı həyat yoldaşı olmalarından ibarətdir».

b). Әrinin maddi imkanının aşağı olması;

Ehtiyac və maddi imkanın aşağı olması təbii hallardandır. Lakin bu heç də o demək deyildir ki, ailənin maddi tə᾿minatını öz üzərinə götürmüş bir şəxs əzab-əziyyətə qatlaşaraq özünü və ailəsini həyatın şirinliyindən məhrum etməlidir. Ailənin maddi imkanı aşağı səviyyədə olduqda, hər iki tərəf bir-birləri ilə həmdərd olmalı və keçirdikləri həyat tərzinə qane olmağa çalışmalıdırlar. Həyatın acılı-şirinli günlərində bir-birinə yardımçı və həmfikir olmalıdırlar.

Peyğəmbər (s) bu haqda buyurur:

«Әri ilə həmrə᾿y olmayan və onu qadir olmadığı şeylərə vadar edən qadınlardan heç bir savab qəbul olunmaz. Onlar [qiyamət günü] Allah-taala ilə qəzəbli olduğu zaman görüşərlər [sorğu-sual olunarlar]».[121]

Başqa bir hədisdə buyurur:

«Ağır sözlə ərinin xətrinə dəyən qadınların gecələri ibadətlə keçirib, gündüzləri oruc tutsa da, köləlikdə olanları azad edib, Allah yolunda cihad etsə də, onu razı salmayınca heç bir savab və xeyirxah işi qəbul olunmaz. Cəhənnəm oduna daxil olan ilk şəxs məhz onlar olacaqlar».

v). Qadın ərinə görə öz gözəlliyinə diqqət yetirməli, gözəl ətirlərdən istifadə etməlidir; Әrindən başqa ona məhrəm olmayan şəxslərə görə isə buna yol verməməlidir. Nur surəsinin 31-ci ayəsində Allah-taala, Peyğəmbərə (s) mö᾿min qadınlara özlərini məhrəm olmayan yad kişilərdən gizlətmələrinə əmr edir:

«Mö᾿min qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər [naməhrəmə baxmasınlar], ayıb yerlərini [zinadan] qorusunlar [və ya örtülü saxlasınlar]; öz-özlüyündə görünən [əl, üz] istisna olmaqla, zinətlərini [zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə] göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər [boyunları və sinələri görünməsin]; zinət yerlərini ərlərindən yaxud, öz atalarından [qayınatalarından], yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından...)

İmam Sadiq (ə) buyurur:

«Boynunda cənabət qüslü olan bir şəxs özünü pak etməyincə namazları qəbul olunmadığı kimi, ərindən qeyrisi üçün gözəl ətirlərdən istifadə edən qadınlar da, bu iyi özlərindən aparmayınca ibadətləri qəbul olunmaz.»[122]

q). Qadın ərinin icazəsi olmadan evindən xaric olmamalıdır.

İmam Məhəmməd Baqir (ə)-ın Peyğəmbərdən (s) nəql etdiyi hədisdə bu barədə danışılırdı. İmam Sadiq (ə)-ın Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyilir:

«Әrinin icazəsi olmadan evdən xaric olan qadına evə qayıdanadək xərclik pulu verilməməlidir».

Başqa bir hədisdə buyurur:

«Әrinin icazəsi olmadan paltarını başqa evlərdə əynindən çıxaran qadınlar (yə᾿ni, ərinin icazəsi olmadan qohum-əqrəbanın və s. evlərində qalan qadınlar) evlərinə qayıdanadək Allahın lə᾿nətinə gələrlər».

Nəql olunmuş başqa bir rəvayətdə deyilir:

«Peyğəmbərin (s) səhabələrindən biri səfərə çıxmalı olur. Getdiyi zaman həyat yoldaşına qayıdanadək evdən eşiyə çıxmamağı əmr edir. Әri səfərə çıxandan bir neçə gün sonra qadına atasının xəstə olduğunu xəbər verirlər. Qadın yaxınlarından birini Peyğəmbərin (s) yanına göndərib onu əhvalatdan agah edir və icazə verməsini istəyir. Peyğəmbər (s) qadına xəbər göndərərək evində oturub ərinə itaət etməsini əmr edir. Bir neçə gün sonra qadına xəbər çatır ki, atası artıq dünyasını dəyişmişdir. Qadın bir daha Peyğəmbərin (s) yanına adam göndərib ondan atasının yas məclisində iştirak etmək üçün izn verməsini istəyir. Lakin Peyğəmbər (s) bu dəfə də ona həmin xəbəri göndərir. Dəfn mərasimi başa çatdıqdan sonra Peyğəmbər (s) qadının yanına adam göndərib ona xəbər verir ki, Allah-taala, ərinə itaət etdiyi üçün sənin və atanın günahlarından keçib əfv etmişdir».

KİŞİNİN ÜZӘRİNӘ DÜŞӘN VӘZİFӘLӘR

Qadının üzərinə müəyyən vəzifələr düşdüyü kimi, ailə qurduqdan sonra kişinin üzərinə yerinə yetirməsi zəruri olan bə᾿zi maddi və mə᾿nəvi vəzifələr də düşür. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə qadının hüququ barədə deyilir:

«Cəbrail (ə) mənə qadının hüququ barədə o qədər tövsiyələr edərdi ki, qadını pozğunçuluğa yol verməkdən savayı heç bir şey üçün boşamaq mümkün olmadığını güman edərdim.»[123]

1. Kişinin üzərinə düşən ən başlıca vəzifələrdən biri qadının maddi tə᾿labatını ödəməkdir.

İmam Sadiq (ə)-ın səhabələrindən olan İshaq ibni Әmmar, ondan qadının hüququ barədə soruşduqda, belə cavab verir: «Hər şeydən əvvəl onu doyurmalı, bədənini örtməli (yə᾿ni yemək və geyimlə lazımınca tə᾿min etməli) nadanlıq etdikdə isə bağışlamağı bacarmalı».

2. İmam Zeynəlabidin (ə) buyurur:

«Allah-taala həyat yoldaşlarınızı [zövcələrinizi] sizin rahatlığınız üçün xəlq etmişdir. Onları Allah tərəfindən sizlərə bəxş olunmuş bir ne᾿mət hesab edin. Elə isə sənin haqqın onun haqqından vacib olsa da, xətrini əziz tutub gözəl davran...»[124]

3. Kişi öz həyat yoldaşına qarşı mehriban olmalı və onunla gözəl davranmalıdır.

Peyğəmbər (s) buyurur:

«Kişinin həyat yoldaşına «səni sevirəm» deməsi, heç vaxt onun qəlbindən çıxmır».[125]

Başqa bir hədisdə buyurur:

«Allah-taala, qadının pis əxlaqına səbr edən kişilərə, başına gəlmiş müsibətlərə səbr etmiş Әyyub (ə)-a bəxş etmiş savabı əta edər».[126]

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Hər bir ailə başçısı öz ailəsinin yanında, təbiətinə uyğun olmasa da, üç xislətə yiyələnməlidir: Gözəl davranış, öz həddi-hüdudunda əli açıqlıq və ailəsinin keşiyində durmaq üçün qeyrətli və qürurlu olmaq».

Başqa bir hədisdə buyurur:

«Kişi ailə qurduqdan sonra üç şeyə ehtiyac duyur: Qadını özünə cəlb edincə onunla həmfikir olmalı, gözəl davranaraq özünə fikir verib qəlbini ələ almalı və ona qarşı əliaçıq olmalıdır.»[127]

4. Kişi qadına qarşı zor tətbiq etməməli və onunla kobud davranmamalıdır. Peyğəmbər (s) bu haqda buyurur:

«Ümmətimin kişiləri o kəslərdir ki, zövcələri ilə mehribanlıqla davranıb onların haqlarını taptamasınlar». Sonra bu ayəni oxudu:

«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və kişilərin öz mallarından [qadınları üçün] sərf etməsinə görədir».[128]

Peyğəmbərdən (s) nəql olunmuş hədisin davamında deyilir: «Bütün bunlar eynilə kişilərə də aiddir. Yə᾿ni, əgər kişi öz qadınına zülm edib haqqını taptalayarsa, razı salmayınca gördüyü xeyirli işlərin və ibadətlərinin heç biri ondan qəbul olunmaz və onlar gündüzləri oruc tutub, gecələrini ibadətlə keçirsələr belə və əsirlikdə olanları azad edib Allah yolunda cihad etsələr də, Cəhənnəmə daxil olan ilk kəslər olacaqlar.

Bunu da qeyd edək ki, nəql olunmuş hədis və rəvayətlərdə Peyğəmbər (s) və Mə᾿sum imamlardan (ə) həyat yoldaşının seçilməsi, mehriyyənin tə᾿yin olunması, evlənmə mərasimlərinin hansı şəraitdə keçirilməsi haqda dəyərli məsləhət və tövsiyələr edilmişdir. Bu haqda ətraflı mə᾿lumat əldə etmək istəyənlər digər mənbələrə müraciət edə bilərlər.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Qadının üzərinə düşən vəzifələri bəyan edin.

2. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə Cəhənnəm əzabının nə zaman veriləcəyi haqda danışılır?

3. Nəql olunmuş hədis və rəvayətlərdə qadınların cihad etməsinin nədən ibarət olduğu göstərilir?

4. Kişinin üzərinə nə kimi vəzifələr düşür?

5. Peyğəmbər (s) ümmət içərisində kimləri ən yaxşı insanlar hesab edir?

QIRX ÜÇÜNCÜ DӘRS

QAZANC VӘ İŞLӘMӘYİN FӘZİLӘTİ

Müqəddəs islam dininin diqqət yetirdiyi məsələlərdən biri də maddi ehtiyacların tə᾿min olunması, qazanc əldə etmək, işlə tə᾿min olmaq və iş zamanı başqaları ilə gözəl rəftar və davranış tərzidir. Lakin bu haqda söhbət açmazdan əvvəl böyük əhəmiyyət kəsb edən bir suala cavab verməliyik. İslam dini qazanc və gəlir əldə etməyə necə münasibət bəsləyir? Bu məsələyə baxış müsbətdirmi? Әgər müsbətdirsə, nə dərəcədədir? Bu dərsimizdə həmin bu suala ətraflı cavab verəcək və növbəti dərslərimizdə qazanc və gəlir əldə etməyin qayda-qanunları haqda söhbət açacağıq.

Qazanc və gəlirə dəlalət edən nəql olunmuş hədis və ayələr iki əsas hissəyə bölünür. Әksəriyyət təşkil edən birinci dəstəyə aid olan hədis və ayələrdə qazanc və gəlir əldə etmək, tacirlik, fəhlələrin gecə-gündüz zəhmət və çalışmalarının fəzilətinə toxunulmuş və müxtəlif şəkillərdə tə᾿rif olunmuşdur. Lakin ikinci dəstəyə aid olan hədis və ayələrdə var-dövlət və qazanc əldə etmək məqsədilə ticarət və digər işlərlə məşğul olmaq tənqid atəşinə tutulmuşdur. Bu dərsimizdə hər iki dəstəyə aid olan hədis və ayələr barəsində danışacaq və daha sonra söhbətimizi bu məsələyə aid olan mülahizələrlə bitirəcəyik.

BİRİNCİ QİSM

Allah-taala insanların diqqətini məişətlərinin böyük bir hissəsinin tə᾿min edən və böyük ne᾿mətlərdən biri olan günün işıqlığına cəlb edərək buyurur:

«Gündüzü isə dolanışıq [ruzi qazanmaq] vaxtı etdik».[129]

Başqa bir ayədə ruzinin ilahi ne᾿mətlərdən biri olduğuna və insanların onlara bəxş olunan ruzilərin müqabilində Allah-taalaya layiqincə şükr etmələrinə işarə olunur:

«Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükr edənlərsiniz!»[130]

Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:

«Günahlar arasında elə bir günah da vardır ki, ruzi əldə etmək üçün zəhmətə qatlaşmaqdan savayı onun qoyduğu tə᾿siri heç bir şey aradan aparmır».

Başqa bir hədisdə buyurulur:

«Daim halallıqla ticarət edən tacirlər, qiyamət günü məhşərə əməli-saleh şəxslər və şəhidlərlə daxil olarlar».[131]

«Başqalarına möhtac olub dilənməmək üçün halal ruzi qazanaraq ailəsinin maddi ehtiyaclarını ödəyən, qonşularına yaxşılıq edən şəxslər qiyamət günü Allah-taalanın görüşünə on dörd gecəlik ay kimi gələrlər».[132]

«Bazarlar Allahın ruzi süfrələridir. Oraya daxil olanlar ilahi ne᾿mətlərdən bəhrələnərlər».[133]

Başqa bir rəvayətdə deyilir:

«Günlərin bir günü Peyğəmbər (s) öz səhabələrilə şəhərin ətrafında oturduğu zaman günün qızmar istisində cavan bir oğlanın tər-qan içində işələdiyini görürlər. Səhabələrdən biri deyir: Heyf! Kaş öz qüdrətini Allah yolunda sərf edəydi. Peyğəmbər (s) buyurdu:

Onun haqda belə danışmayın. Әgər o, başqalarına möhtac olub yolçuluq etmək əvəzinə zəhmətə qatlaşırsa, Allah yolunda çalışmış olur. Әgər ata-anasının və övladlarının məişətini tə᾿min etmək üçün zəhmətə qatlaşırsa, yenə də Allah yolunda çalışmış olur. Yox, əgər var-dövlət əldə edib qürur və təkəbbürlük məqsədilə zəhmətə qatlaşarsa, Şeytan yolunda çalışmış olur».[134]

İmam Məhəmməd Baqir (ə) nəql edərək deyir: «Həccətul vida günü Peyğəmbər (s) buyurdu:

Agah olun ki, Cəbrail (ə) mənə ilham etmişdir ki, kimsə ruzisi tam verilməyincə dünyasını dəyişməyəcəkdir. Elə isə təqvanı hər şeydən üstün tutun və ruzi ardınca getdikdə ifrata varmayın. Lakin bu işdə süstlük göstərmək sizləri günaha vadar etməməlidir. Çünki, Allah-taala bəndələrinin ruzisini onların arasında haram olaraq deyil, halallıqla bölmüşdür. Demək, təqvalı olub səbr edən şəxslərə Allah-taala halal ruzi nəsib edər. Tələsik qeyri-halal yolla ruzi əldə edən şəxslərə isə həmin ruzinin miqdarında halal ruzisindən azaldar və qiyamət günü məhşərdə onu tənbeh edər».

Məhəmməd ibni Munkədər nəql edir ki, günlərin bir günü Mədinənin ətrafına getmişdim, elə orada Әbu Cə᾿fər Məhəmməd ibni Әli (imam Baqir (ə)) ilə qarşılaşdım. O, öz əkin sahəsində günün qızmar çağında əkinçiliklə məşğul idi. Onu belə görçək təəccüblənərək öz-özümə dedim: Sübhanəllah! Qureyşin adlı-sanlı bir şəxsiyyəti günün bu qızmar çağında qan-tər içində dünya malı fikrinə düşübmü?! Ona nəsihət etməyim lazımdır. Yaxınlaşıb salam verdim. İmam Baqir (ə) üzündən tər axdığı halda salamımın cavabını aldı. Ona bir qədər də yaxınlaşıb dedim. «Allah-taala Özü sizi salamat etsin. Sizin kimi Qureyşin adlı-sanlı şəxsiyyətlərindən birinə günün bu qızmar çağında bu qədər əzab-əziyyət çəkmək yaraşarmı?! Bu halda əcəl sizi haqlasa nə edəcəksiniz? İmam Baqir (ə) Məhəmmədi təmkinlə dinlədikdən sonra buyurdu:

Әgər bu halda ölüm məni haqlasa, mən dünyamı Allaha itaət etmiş kimi dəyişmiş olacağam. Çünki, belə etməklə özümü və ailə üzvlərimi səndən ehtiyacsız etmiş olacağam. Mən ondan qorxuram ki, əcəl çatdığı zaman Allaha itaətsizlik etmiş olum. Dedim: Düz deyirsən, Allah sənə rəhm etsin. Mən sənə nəsihət vermək istəyirdim, lakin sən mənə nəsihət verdin.[135]

İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: «Yoxsul olduğu bir halda haram qazancdan uzaq olub özünün və ailə üzvlərinin ehtiyaclarını tə᾿min edən şəxslər, sanki Allah yolunda cihad etmiş şəxslərə bənzərlər.»

Başqa bir hədisdə buyurur: «Ailə üzvlərinin ehtiyaclarını tə᾿min etmək üçün zəhmətə qatlaşan şəxslər Allah yolunda cihad etmiş şəxslərə bənzərlər».

İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:

«Məl᾿un (lə᾿nətlənmiş) o kəsdir ki, özünün xərc və tə᾿minatını başqalarının üzərinə qoymuş olsun».

Göründüyü kimi bu qismə aid olan hədis və rəvayətlərdə məişət ehtiyaclarının tə᾿min olunması üçün çəkilən zəhmət və sə᾿ylər nəinki pislənməmiş, əksinə, olduqca tə᾿rifəlayiq və axirət dünyasının savab və mükafatına səbəb olan bir iş kimi göstərilir. Mə᾿sum imamların (ə) həyatına nəzər saldıqda bu kimi məsələlərlə tez-tez rastlaşmaq olar. Bir qədər əvvəl qeyd etdiyimiz rəvayəti də buna aid etmək olar. Fəzl ibni Әbi Qurrənin imam Sadiq (ə) haqda nəql etdiyi başqa bir rəvayətdə deyilir: «Səhabələrdən bir neçəsi ilə imam Sadiq (ə)-ın mənzilinə doğru yola düşdük. Evinə çatdıqda divar hördüyünü gördük. Ondan kömək etməyimizə və ya işçi gətirməyimizə icazə istədikdə buyurudu: Xeyr! Öz işinizlə məşğul olun. İstərdim Allah-taala məni halal ruzi üçün çalışmağımı görsün».

Әli ibni Әbi Həmzə nəql edərək deyir: «Bir gün imam Musa Kazim (ə)-ın öz əkin sahəsində işlədiyini gördüm. Ayaqlarının dizlərinə qədər torpağa batdığını gördükdə ürək ağrısı ilə dedim: Canım sənə fəda olsun, qulluqçuların haradadır? Buyurdu: Peyğəmbər (s) Әmirəl-mö᾿minin (ə) və ata-babalarım hamısı öz əlləri ilə əkib-biçər, özləri öz ruzilərini tə᾿min edərdilər. Bu peyğəmbərlərin və əməli-saleh şəxslərin xüsusiyyətlərindəndir».[136]

İKİNCİ QİSM

Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:

«Mənə ticarətlə məşğul olmaq və var-dövlət əldə etmək vəhy olunmadı, mənə vəhy olundu ki, yəqinlik hasil etmək üçün Allaha həmd-səna edib səcdə edənlərdən olum».[137]

«Allahdan bağışlanmağınızı diləyin, çünki bu, ruzinin artmasına səbəb olur».[138]

Nəql olunmuş başqa bir rəvayətdə deyilir: Allah-taala Davud (ə)-a vəhy edərək buyurur:

«Başqalarına ehtiyac duymayıb, yalnız Mənə təvəkkül edənləri ehtiyacsız edərəm».

Peyğəmbərdən (s) nəql olunmuş başqa bir rəvayətdə deyilir: «Allah-taala dünya sərvətini Öz bəndələrini axirət dünyasının əməllərinin müqabilində bəxş edir. Lakin axirət dünyasının xeyir və savabını dünyəvi işlərin müqabilində kimsəyə bəxş etmir».

Әli (ə) buyurur:

«Ruzi iki hissəyə bölünür: Onlardan biri tələb olunan (istənilən), digəri isə istənilmişdir. Dünya malını istəyənləri ruziləri tam verilmədən əcəl haqlayar, axirət dünyası üçün yaşayanları isə dünya ruziləri tam verilənədək dünya tələb edəcəkdir (yə᾿ni yaşamaqlarını istəyəcəkdir).»[139]

İkinci qismə aid olan hədis və rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, mö᾿minlər öz vaxtlarını ticarət və ya digər sahələrdə fəaliyyət göstərərək ruzi qazanmaq əvəzinə Allah-taaladan bağışlanmalarını diləyərək ömür-günlərini dua etmək və ibadət etməkdə keçirməlidirlər. İnsan, Allahdan bağışlanmasını diləməklə ruzi əldə etdiyi bir halda, nə üçün işləmək və ticarət fikrində olmalıdır? Peyğəmbər (s) «Allah-taala dünya sərvətini insanlara ibadət və əməli-saleh işlər görməklə bəxş edir» buyurduğu bir halda nə üçün ibadət, mə᾿nəviyyat, dua və münacatlar əvəzinə dünya və maddiyyat haqda düşünməliyik və s. Bir sözlə, mö᾿min insan qazanc və məşğuliyyət əvəzinə Allah-taaladan bağışlanmasını diləyərək səcdəyə qapılmalı, dərd-qəmini Onunla bölüşməlidir. Hər iki hissəyə aid olan hədis və rəvayətlərdən belə bir nəticəyə gəlirik ki, birinci dəstəyə aid olan rəvayətlərdə, yə᾿ni şəxsin özünün və ailəsinin məişət ehtiyaclarını tə᾿min etmək və faydalı işlərlə məşğul olmaq islam nöqteyi-nəzərindən tə᾿rifə layiq və savaba daha yaxındır. Hərçənd beytul-mal qoryucusu, qazi və ictimai işlərdə çalışan bə᾿zi şəxslərə özlərinin və ailə üzvlərinin məişət təlabatını tə᾿min etmək üçün «beytul-maldan» istifadə etməyə icazə verilmişdir. Lakin onlar da imkan daxilində öz iste᾿dad və bacarıqlarından istifadə etməlidirlər.

İmam Sadiq (ə)-ın Әli (ə)-dan nəql etdiyi rəvayətdə deyilir:

«Allah-taala Davud (ə)-a vəhy edərək buyurur:

«Әgər beytul-maldan istifadə etməsəyədin bəndələrimin ən yaxşısı olardın.

Davud (ə) ona nazil olmuş bu vəhyi eşitdikdən sonra qırx gün qəm-qüssəyə qərq olub, qırx gün göz yaşları tökdü. Allah-taala dəmirə Davud (ə) üçün yumşalmasını əmr etdi. O da hər gün bir zireh düzəldib min dirhəmə satdı. Bir il ərzində üç yüz altmış zireh satıb üç yüz altmış min dirhəm qazandı. Beləliklə, «beytul-mala» heç bir ehtiyac duymadı.»[140]

Bütün bunları nəzərə alaraq, Peyğəmbər (s) və Mə᾿sum imamlar (ə) öz əkin sahələrində çalışar və özlərinin məişət ehtiyaclarını tə᾿min edərdilər. Demək, ticarət və qazanc məqsədilə müxtəlif sahələrdə çalışmaq özü-özlüyündə heç də xoşagəlməz bir şey deyildir. Xoşagəlməz şey varsa, o da aşağıda qeyd edəcəyimiz bu iki şeydən ibarətdir.

Onlardan biri var-dövlət əldə etməkdə ifrata varmaq və əldə olana qane olmamaqdır. Nəql olunmuş bir çox rəvayətlərdə bu məsələyə xüsusi diqqət yetirilmiş və o, təqva sahiblərinə xas olmayan bir xüsusiyyət kimi göstərilmişdir. Peyğəmbərin (s) «Həccətul-vida»da müsəlmanlara var-dövlət əldə etməkdə nə ifrata varmamalarına, nə də bu işdə süstlük göstərməklərinə dair etdiyi tövsiyələri buna misal çəkmək olar.

Başqa bir hədisdə deyilir: «İnsanların ən yaxşısı o kəsdir ki, dünya malından ehtiyacını ödəyənədək istifadə etmiş olsun».

Digəri isə insanı var-dövlət əldə edərək axirət dünyasından uzaqlaşdırmış olsun. Belələri dünyalarının abad və firavan olması üçün axirət dünyasını özləri öz əlləri ilə viran edərlər. Nur surəsinin 37-ci ayəsində buyurulduğu kimi:

«O kəslər ki nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz...»

İmam Sadiq (ə) ayənin izahında buyurur:

«Onlar bir neçə tacir idilər. Namaz vaxtı çatan kimi alış-verişlərini buraxıb namaza tələsərdilər. Onlar iş və qazanc fikrində olmayanlardan daha çox savaba nail olarlar».

Başqa bir rəvayətdə deyilir: «Təlaq surəsinin ikinci və üçüncü ayələri Peyğəmbərə (s) nazil olarkən, ticarətdən və onlara gəlir gətirən digər işlərdən əl çəkib ibadətə qapıldılar. Xəbər Peyğəmbərə (s) çatdıqda onlardan soruşur: Nə üçün işlərinizdən əl çəkmisiniz? Bunun səbəbi nədir? Dedilər: Allah-taala ruzi verəcəyinə və᾿də vermiş, biz də buna görə bundan belə yalnız ibadətlə məşğul olacağıq. Buyurdu: Allah-taala belə edənlərin duasını qəbul etməyəcəkdir. Siz özünüz ruzi dalınca getməlisiniz ki, Allah da sizə ruzi versin. Mən üzünü Allaha tutub ruzi dalınca getməyənləri sevmirəm».[141]

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Hədislərdən istifadə edərək iş və qazanc fəzilətini bəyan edin.

2. Peyğəmbərin (s) «Həccətul-vida»da oxuduğu xütbədən nə başa düşürük?

3. Var-dövlət əldə etməkdə ifrata varmamaq və bu işdə süstlük göstərməmək deyildikdə nə nəzərdə tutulur?



Geri   İrəli
Go to TOP