A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 120
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


2. Şagirdlər elm və təhsil üçün münasib olan cavanlıq illərini mə᾿nasız məşğuliyyətlərlə keçirməməlidirlər. Çünki insanın əhval-ruhiyyəsi onun cavanlıq dövründə daha da fəal olur. Həmçinin ictimai və şəxsi məs᾿uliyyətlər adətən zehni məşğuliyyətlərə səbəb olacaq həddə olmur. Bunun üçün də cavanlıq illərində elm və təhsillə məşğul olmağa daha çox imkan yaranır.

Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir:

«Kiçik yaşlarında öyrənilən elm daş üzərinə yonulan yazıya, qocalıqda öyrənilən elm isə su üzərində yazılan yazıya bənzəyir».[100]

Bunu da qeyd etmək lazımdır ki, insan yaşa dolduqca onun cismi və zehni qabiliyyəti zəifləyib azalmağa doğru gedir. Yasin surəsinin 68-ci ayəsində deyilir:

«Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik [qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik]...»

İnsan yaşa dolduqca elm və təhsilə lazım olan şərait məhdudlaşır və elmə yiyələnmək olduqca çətinləşir. Kiçik yaşlarında elmə yiyələndikdə isə insanın əhval-ruhiyyəsi yaşa dolduqca da ona elmi fəaliyyətlərini davam etməyə imkan verir. Lakin kiçik yaşlarından elm və təhsildən uzaq düşdükdə, bir çox hallarda yaş həddi ötdükdə elmə yiyələnmək olduqca çətin olur. Hərçənd istənilən yaş həddində elmə yiyələnmək heç də qeyri-mümkün deyildir. Belə ki, tarixə nəzər saldıqda orta yaşlarında elm və təhsilə başlayan və bu yolda ağır zəhmətlərə qatlaşan və nəticədə böyük nailiyyətlər əldə edən şəxslərin şahidi oluruq. İslam dünyasının dahi alimlərindən olan Səkkakini buna misal çəkmək olar.

3. Elm sahəsində fəaliyyət göstərən şəxslər imkan daxilində onları elmi fəaliyyətlərdən uzaqlaşdıran məşğuliyyətlərdən uzaq olmağa çalışmalıdırlar. Çünki, daim yemək, geyim, məskən, gəzinti, qazanc və bu kimi şeylər haqda düşündükdə elm və təhsil üçün düşünüb-daşınmağa onda nə vaxt qalır, nə də maraq. Elm rifah, naz-ne᾿mətlə dolu olan həyatla deyil, yalnız səbr və təmkinlik, müvəqqəti ləzzətlərə göz yummaqla əldə olunur.

4. Elm adamları onları elm və təhsildən uzaqlaşdırıb mə᾿nasız əyləncələrə sürükləyən şəxslərdən uzaq olmağa və elmi fəaliyyətlərə sövq edən və bu işdə onlara köməklik edən şəxslərlə ünsiyyətdə olmağa çalışmalıdırlar.

5. Elm sahəsində fəaliyyət göstərən şəxslər öz hədəflərinə çatmaq üçün mətin və vüqarlı olmalıdırlar. Yalnız belə olduqda insan yüksək elmi məqamlara nail ola bilər. Çünki kiçik elmi dərəcələrə qane olmaq insana elm və təhsildə böyük maneələr yaradır və insan adətən istəyindən azına nail olur. Onun arzuları isə əldə etdiklərindən daha çox olur. Bunun üçün də böyük elmi dərəcələrə nail olmaq istəyən hər bir şəxs bu yolda əzab-əziyyətlərə qatlaşmalı olur, lakin bə᾿zən məqsədinə çata bilmir. Hədəfi kiçik elmi dərəcələr olan şəxslər isə çox az hallarda buna nail ola bilirlər.

6. Elm sahəsində fəaliyyət göstərən şəxslər elmi mətləblərə böyük həvəs və maraqla yanaşmalı, hər hansı bir şəraitdə yeni elmi mətləblərlə qarşılaşdıqda tənbəllik etmədən onun öyrənilməsinə can atmalıdırlar.

7. Elm sahəsində fəaliyyət göstərən şəxslər yiyələndikləri elmə ağıl və məntiqlə yanaşmalı, dərsin öyrənilməsində düzgün üsul seçməli və ibtidai məsələlərlə tanış olmadan çətin mövzulara girişməməlidirlər. Müqəddəimə ilə tanış olmadan yüksək səviyyəli mövzuları mütaliə etmək olduqca səhv və heç bir müsbət nəticə verməyən bir üsuldur. Lakin təəssüflər olsun ki, bə᾿ziləri başqalarının yanında iftixar hissi keçirsinlər deyə, belə bir yanlış üsula əl atırlar.

ŞAGİRDLӘ MÜӘLLİM ARASINDA QARŞILIQLI MÜNASİBӘT

1. Bu barədə şagirdlərin üzərlərinə düşən ən başlıca vəzifə, özlərinə elm və əxlaqi səviyyəsi yüksək olan müəllim və mütəxəssisləri seçmələridir. Müəllimin şagirdlərin tə᾿lim-tərbiyəsində qoyduğu tə᾿sirə nəzər salsaq, bunun əhəmiyyətini daha yaxından dərk etmiş olacağıq. Tə᾿lim-tərbiyəmizin və mə᾿nəviyyatımızın saflığını hər hansı bir müəllimin ixtiyarına qoyuruqsa, hər şeydən əvvəl tərbiyə aldığımız müəllimin təqva və davranışına, elmi səviyyəsinin hansı dərəcədə olduğuna diqqət yetirməliyik. Çünki müəllim öz elmi mə᾿lumatlarını mö᾿təbər mənbələrdən əldə etməli və masa arxasında oturmağa xatir yalnız bir neçə kitab mütaliə etməklə kifayətlənməməlidir.

2. Şagird müəllimini öz doğma atası, hətta ondan da üstün hesab etməlidir. Çünki ata adətən övladının cismi tərbiyəsi ilə məşğul olur. Müəllim isə onun ruhi tərbiyəsini öz öhdəsinə götürür. Bunun üçün də müəllimin hüququnu qorumaq hər bir şagird üçün vacib və zəruridir.

İmam Zeynəlabidin (ə) bu haqda buyurur:

«Təhsil aldığınız şəxslərə ehtiramla yanaşın. Onların dediklərini diqqətlə dinləyin, iştirak etdiyiniz məclislərdə onlara tə᾿zim edin. Səsinizi onların səsindən ucaltmayın, ona sual verildikdə qənaətbəxş cavab verməyincə qabaqlamağa can atmayın. Onun yanında kimsə ilə söhbət və kiminsə qeybətini etməyin. Sizin yanınızda onun haqda xoşagəlməz sözlər söylənilərsə, onu müdafiə etməyə çalışın. Çatışmazlıqlarına göz yumub müsbət xüsusiyyətlərini üzə çıxarın. Onlarla düşmənçilik edən şəxslərlə ünsiyyətdə olmayın və onun dostları ilə düşmənçilik etməyin. Әgər bunlara riayət etsəniz, O böyük Allahın mələkləri şəhadət verəcəklər ki, onun haqqını ödəmiş və tədris etdiyi elmi camaata xatir deyil, Allaha xatir öyrənmisiniz».[101]

3. Şagirdlər müəllimlərinin qarşısında təvazökar olmalıdırlar. Bu xüsusiyyət digər alimlərin qarşısında edilən təvazökarlıqdan daha artıq olmalıdır. Çünki o, öz elmi ilə yanaşı müəllimlik məqamına da yiyələnir. Şagird müəlliminin qarşısında təvazökarlıq edərsə, onun haqqını ödəməklə yanaşı elmindən də kifayət qədər bəhrələnmiş olur.

Peyğəmbər (s) bu haqda buyurur:

«Elmə yiyələnin və ona xatir vüqar və təmkinliyi öyrənin. Təhsil aldığınız şəxslərin qarşısında da təvazökar olun».[102]

4. Şagirdlərin üzərinə düşən vəzifələrdən biri də öz rə᾿ylərini müəllimin rə᾿yindən üstün tutub onun səhv və nəyisə bilməməsində ittiham etməməsidir. Şagirdlər imkan daxilində öz rə᾿ylərinin səhv, müəllimin rə᾿yinin isə doğru və düzgün olduğunu hesab etməlidir. Belə bir rəftar həm şagirdin müəllimə olan ehtiramına, həm də həqiqətin aşkara çıxmasına səbəb olur. Hətta müəllimin səhvə yol verdiyi şagirdə mə᾿lum olduqda belə, bunu dərhal şagirdlərin qarşısında aşkara çıxarmamalıdır. Alimlərin bir çoxu müxtəlif elmi məsələlərdə müəllimlərinin nəzərləri ilə müvafiq olmadıqda belə, onlar sağ olduqları son günədək öz fikirlərini bildirməkdən çəkinmişlər.

5. Şagird müəlliminə qarşı hörmətlə yanaşmalı və onu şə᾿ninə layiq olan ad və təxəllüslərlə çağırmalıdır. Yazı və ya çıxışlarında müəlliminin adını çəkdikdə onu hörmət və ehtiramla yad etməlidir.

6. Şagirdlər müəllimi sağ ikən qədrini bilməli, etdiyi nəsihətlərə qulaq asıb gündəlik işlərində ona kömək əlini uzatmalıdır. Dünyasını dəyişdikdə isə onun adına xeyirxah işlər görüb, dualarında Allah-taaladan bağışlanmasını diləməlidir.

7. Şagirdlər sinfin ən yaxşı yerində müəllimə yer təklif etməli, onunla ədəblə davranıb söhbət etməlidirlər. Müəllimə müraciət etdikdə ən gözəl ifadələrdən istifadə edib hörmət və ehtiramını saxlamağa çalışmalıdırlər.

8. Diqqət yetirmək lazımdır ki, müəllimin dərsə olan səy və çalışqanlığı şagirdlərin təhsilə olan həvəslərindən irəli gəlir. Bunun üçün də şagirdlər təhsilə böyük həvəs göstərib öz fəaliyyətləri ilə dərsin gedişatına rövnəq verməlidirlər.

9. Müəllim səhvə yol verdikdə şagirdlər sanki bunu hiss etməyib onun başqalarının yanında rüsvay olmasına yol verməməlidirlər. Müəllimin geyimində eyb və nöqsan olduqda (məsələn, düyməsi açıq olduqda), təklikdə müraciət edərək, ədəblə xəbərdarlıq etmək lazımdır.

10. Şagirdlər müəllimin narahatçılığına səbəb olan şeylərə yol verməməlidirlər. Elmi fəaliyyətələrlə, şəxsi və ailə məsələləri ilə məşğul olarkən vaxtını almamalı və yalnız qəbul üçün ayırdığı vaxtlarda müraciət eməlidirlər.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Elm və təhsil üçün hazırlığa necə nail olmaq olar?

2. Elm və təhsillə məşğul olmaq üçün hansı dövr daha münasib hesab olunur?

3. Elm və təhsillə məşğul olduqda nə kimi şeylərdən çəkinmək lazımdır?

4. Müəllim seçdikdə onun hansı xüsusiyyətlərinə diqqət yetirmək lazımdır?

5. Müəllimin şagirdin üzərində olan hüququnu izah edin.

6. Şagird müəllimə qarşı nə kimi əxlaqi xüsusiyyətlərə yiyələnməlidir?

QIRXINCI DӘRS

ŞAGİRDLӘRİN ÜZӘRİNӘ DÜŞӘN VӘZİFӘLӘR

ŞAGİRDLӘRİN DӘRS ZAMANI ÜZӘRLӘRİNӘ DÜŞӘN VӘZİFӘLӘR

1. Müsəlman əxlaq alimləri Qur᾿anın iki böyük xüsusiyyətini nəzərə alaraq, şagird və tələbələrə bu ilahi kəlamın oxunub hifz olunmasını tövsiyə etmişlər. Әvvəla ona görə ki, Qur᾿an bütün elmlərin mənbə və mənşəyidir. Bunun üçün də Qur᾿anla tanışlıq olmadan əldə olunan bütün elmlər naqisdir. Digər tərəfdən də Qur᾿an ömür və təhsilə bərəkət, qəlblərə saflıq, təravət bəxş edir və tələbələrdə elm və təhsilə rəğbət hissi yaradır.

2. Şagird və tələbələr öz iste᾿dad və bacarıqlarına uyğun elmlərə yiyələnməlidirlər. Әlbəttə insan elm yolunda nə qədər fəal olarsa, elm dairəsi bir o qədər genişlənər və daha çox elmi mə᾿lumatlara nail olar.

3. Şagirdlər düzgün təhsil üsulu seçdikdən sonra elmi məşğələlərə can atmalı və bütün bunlarla yanaşı yiyələndikləri elmin nə dərəcədə əsaslı və mö᾿təbər olduğuna diqqət yetirməlidirlər. Çünki, yanlış üsuldan istifadə etdikdə öyrənilən əsassız mətləblərin islah olunması olduqca çətin və bir çox hallarda isə qeyri-mümkün olur.

4. Şagird və tələbələr vaxtlarından səmərəli istifadə etmək üçün özlərinə müəyyən proqram tərtib etməlidirlər. Әks təqdirdə, üzərinə düşən vəzifənin məs᾿uliyyətini unudacaq, həyatının nəzmi tamamilə pozulacaqdır. Bə᾿zən şagirdlər özləri üçün müəyyən proqram tərtib etmədiklərinə görə gecə-gündüz işləyir, nəticədə işlərinin bir çoxunun yerinə yetirmədiklərindən agah olurlar.

5. Yaxşı olar ki, şagirdlər öz mütaliələrini səhər vaxtına salsınlar. Çünki buna həm havanın saflığı, həm də cismi hazırlıq imkan verir.

6. Dərsə girməzdən əvvəl şagirdlər dərs üçün tam hazırlıqlı vəziyyətdə olmalıdırlar. Әhval-ruhiyyənin yüksək olması üçün bir qədər idman edilməli, bədən və paltarının təmizliyinə diqqət yetirməli, əl-üzünü yumalı və kitab, dəftər, qələm və sair dərs ləvazimatını özü ilə gətirməlidir. Həmçinin dərsə girməzdən əvvəl keçdiyi dərsləri bir qədər mütailə etməyə çalışmalıdırlər.

7. Şagirdlər müəllimin söylədiklərinə diqqətlə qulaq asmalı və başa düşmədiyi mətləbin bir daha açıqlanmasını xahiş etməlidirlər. Belə güman etməməlidirlər ki, eşitdiklərini tamamilə yadda saxlayıb heç vaxt unutmayacaqdır. Bunun üçün də müəllimin mühazirələrini qeyd edib, dəfələrlə təkrar etmək və lazım gəldikdə onu əzbərləmək lazımdır.

8. Şagirdlər üzürlü səbəb olmadan dərsləri buraxmamalı və bütün dərslərdə iştirak etməyə çalışmalıdırlar. Mövzuların bir-birinə olan bağlılığı şagirdləri dərsləri ardıcıl olaraq izləməyə vadar edir. Çünki dərslər arasında verilən fasilələr onlara yetkin nəticə əldə etməkdə böyük çətinliklər yaradır.

9. Şagird və tələbələr sinfə daxil olarkən sinifdə olanlara salam verməlidir. Şagirdlər sinfə daxil olarkən əgər müəllim sinifdə olarsa, salam verib gülər üzlə hal-əhval tutmalıdırlar. Müəllim sinfə şagirdlərdən sonra daxil olduqda isə hörmət əlaməti olaraq ayağa qalxıb salam verməli və yalnız icazə verdikdən sonra oturmalıdırlar.

10. Şagirdlər dərs zamanı tamamilə bir-birlərinin hüquqlarına riayət etməlidirlər. Bunun üçün də onların müəllimi dinləmələrinə və ya yazı lövhəsindən istifadə etməyə mane olan bütün işlərdən çəkinmək lazımdır. Məsələn, boyu uca olan şagirdlər qısa boylu şagirdlərin yazı lövhəsini yaxşı görmələri üçün onlardan arxada oturmalı və onlara maneçilik törətməməlidirlər. Səsi asta şagirdlərə də bu kimi hallarda müəyyən güzəştlər olunmalıdır. Həmçinin müəllimin verdiyi suallara cavab verdikdə də bir-birlərinin növbələrini gözləyib sinifdə qalmaqala yol verməməlidirlər.

11. Şagirdlər qarşılıqlı olaraq bir-birlərinə hörmətlə yanaşmalı, biri digərinin hüququnun taptalanmasına yol verməməlidir. Onlar bir-birlərini təhqir edib xoşagəlməz ləqəblərlə çağırmamalıdırlar. Biri digərinin yerini tutub və ya yerini dar etməməli, əksinə çətinliklərinin aradan qaldırılmasında bir-birlərinə yaxından kömək etməlidirlər. Hafizəsi güclü olan şagirdlər digər yoldaşlarına köməklik edib dərslərin başa salınmasında əllərindən gələni əsirgəməməlidirlər.

YATAQXANA ŞӘRAİTİ VӘ ORANIN QAYDA-QANUNLARI

Dərsin əvvəlində qeyd etdik ki, başqalarından fərqli olaraq, yataqxana şəraitində müvəqqəti sakin olan tələbələrin üzərlərinə bir neçə vəzifə düşür. Onların ən başlıcası aşağıdakılardan ibarətdir:

1. Müxtəlif niyyət və məqsədlərlə tikilən məktəb və yataqxanalar şagird və tələbələrin ixtiyarına qoyulur. Onlardan bə᾿ziləri saf niyyətlə tələbələrin tə᾿lim-tərbiyəsi və dinə layiqincə xidmət göstərmək, bə᾿ziləri də dində bid᾿ətə yol vermək, ixtilaf və qarşıdurmaların yaranması üçün tikilir. Bunun üçün də tələbələr yataqxanalara ad yazdırmazdan əvvəl həmin yerlərin kimlər tərəfindən və hansı məqsədlər üçün tikildiyinə diqqət yetirilməlidirlər.

Qeyd etmək lazımdır ki, yataqxana və məktəb təs᾿is edən bə᾿zi xeyirxah insanlar, çəkdikləri zəhmətlərin müqabilində tələbələrin yalnız onların və dünyasını dəyişmiş ata-analarının Allah-taaladan bağışlanmalarını diləmələrini istəyirlər. Bunun üçün də yaxşı olar ki, tələbələr savab naminə öz namazlarında onları yad edib Allah-taaladan bağışlanmalarını diləsinlər.

2. Yataqxana mühitində nizam-intizamın qorunması üçün tələbələr hamılıqla məs᾿ul rəhbərlər tərəfindən tə᾿yin olunmuş inzibati qayda-qanunlara riayət etməlidirlər. Әlbəttə hər bir tələbənin inzibati qanunlardan fərqli olan öz zövqünə uyğun yaşayış, istirahət, təhsil üsulu ola bilər və onlar həmin inzibati qanunları ixtiyarlarının məhdudlaşdırılması kimi hesab edə bilərlər. Әgər onların hər biri öz istək və iradəsinə uyğun olaraq həyat tərzi keçirərsə, bu kimi yerlərdə qalmaq təbii ki, qeyri mümkün olacaqdır.

3. Yataqxana mühitində tələbələrin üzərinə düşən ən başlıca vəzifələrdən biri də təmizliyə riayət və bunun tə᾿min olunmasına sə᾿y etməliridir. Cəm halda yaşanan yerlərdə qanun və qaydaların riayət olunmasında hamı bir nəfər kimi məs᾿uliyyət daşıyır. Bunun üçün də kimsə e᾿tinasızlıq və xudpəsəndlik üzündən üzərinə düşən məs᾿uliyyətlərdən boyun qaçırmamalı və ya onu başqalarının üzərinə atmamalıdır. Tələbələr yataqxanada sağlam mühitin qorunub saxlanılması üçün bir-birləri ilə həmrə᾿y olub təmizliyə hamılıqla riayət etməlidirlər. Eyni zamanda tələbələr şəxsi əşyalarının, otaqlarının, bədən və paltarlarının təmizliyinə xüsusi diqqət yetirməli və başqalarının narahatçılığına səbəb olmamalıdırlar.

4. Tələbələr bir-birlərinin hüquqlarına riayət etməli və biri dəgərinin haqqının taptalanmasına yol verməməlidir. Mütaliə, istirahət və yatmaq vaxtlarında tələbələr bir-birlərini narahat etməməli, yataqxanada sağlam mühitin bərqərar olunmasına xüsusi diqqət yetirməlidirlər. Tələbələrin bir-birlərinə olan münasibətləri elə səmimi olmalıdır ki, təhsil dövrü başa çatdıqdan sonra da, onlarhəmin illəri şirin xatirələrlə yad etsinlər.

5. Tələbələr başqalarına nümunə olmaq istərkən, o şəxslərlə ünsiyyətdə olmalıdırlar ki, onların təhsil və əxlaqına mənfi tə᾿sir göstərməsinlər. Təhsil və ünsiyyət qaydalarında edilən tövsiyələri burada da nəzərə almaq lazımdır.

6. Tələbələr vaxtaşırı bir-birlərinin otaqlarına baş vurub hal-əhval tutmalıdırlar, lakin bu gediş-gəlişlər onların istirahət və mütaliələrinə maneçilik törətməməlidir. Həmçinin qarşılaşdıqları çətinliklərdə bir-birlərinə köməklik göstərməli və bunu özlərinin yoldaşlıq borcu hesab etməlidirlər.

7. Bilmək lazımdır ki, tələbələr, xüsusilə ətraf şəhər və məntəqələrdən gəlmiş şəxslər müxtəlif əxlaq və xüsusiyyətlərə malik olurlar. Bunun üçün də onların bə᾿zilərinin rəftar və davranışları kiminsə ürəyincə olmaya bilər. Bu kimi hallarda tələbələr bir-birlərindən bundan artığını gözləməməlidirlər. Çatışmamazlıqlarını bir-birlərinin üzünə vurmayıb, güzəşt etməyi bacarmalıdırlar. Kiminsə rəftar və davranışı islam əxlaq və qanunları ilə müvafiq olmadıqda isə, düzgün üsullardan istifadə edərək həmin şəsxin islah olunmasına çalışmalıdırlar.

Şagirdlər nəzərə almalıdırlar ki, hər bir insan müəyyən nöqsan və çatışmamazlıqlara malikdirlər. Bunun üçün də yoldaşlarının hər bir çatışmamazlıqlarına görə onlardan üz çevirməməlidirlər. Onların səhvlərinə göz yumub mümkün qədər güzəşt etməyi bacarmalıdırlar.

8. Yataqxana sakinləri yataqxanaya giriş, çıxış, yatmaq, istirahət, mütaliə vaxtlarına və bütün inzibati qanunlara riayət edib hörmətlə yanaşmalıdırlar.

Eyni zamanda gediş-gəliş yolunun tutulması, başqalarının şəxsi əşyalarından istifadə etmək və bu kimi digər narahatçılıqlara səbəb olan şeylərə qətiyyən yol verməməlidirlər.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Qur᾿anın oxunub hifz olunması şagird və tələbələrə nə kimi müsbət tə᾿sir göstərir?

2. Tələbələr təhsil və mütaliə zamanı hansı göstərişlərə riayət etməlidilər?

3. Mütaliə üçün ən münasib vaxt günün hansı hissəsi hesab olunur?

4. Şagird və tələbələr sinfə daxil olarkən hansı göstərişlərə riayət etməlidilər?

5. Təhsil üçün hansı elm ocaqlarına üstünlük verilməlidir?

QIRX BİRİNCİ DӘRS

EVLӘNMӘ

Evlənmək və ailə qurmaq tarix boyu bütün millətlər arasında müxtəlif adət-ən᾿ənlər çərçivəsində mövcud olmuş və olmaqdadır. Әrlə arvad, uşaqlarla valideyn arasında bərqərar olunan qarşılıqlı münasibətlərdə müəyyən hüquq və qanunlar tə᾿yin edilmiş və bu məsələyə xüsusi əhəmiyyət verilmişdir. Bu və növbəti dərslərimizdə islamın evlənməyə olan münasibəti və evlənmənin islam nöqteyi-nəzərindən dəyər və əhəmiyyəti haqda söhbət açacağıq.

İSLAMIN EVLӘNMӘYӘ VERDİYİ DӘYӘR

Evlənmək və ailə qurmağın islam dinində xüsusi yeri vardır. Belə ki, ailənin qurulması din və mə᾿nəviyyatın təkamülünə səbəb olan ən başlıca amil hesab olunur. Peyğəmbər (s) və onun sadiq davamçıları olan Mə᾿sum imamlar (ə) və əməli-saleh mö᾿minlər daim müsəlmanları ruh və mə᾿nəviyyata müsbət tə᾿sir göstərən bu gözəl adət-ən᾿ənəyə sövq etmişlər. Evlənmək islam nöqteyi-nəzərindən müstəhəb və bə᾿zi hallarda zəruri məsələlərdən hesab olunur.

Misal olaraq burada bir neçə ayəni gətiririk:

«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi, mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda [bu yaradılışda] düşünən bir qövm üçün ibrətlər vardır».

Başqa bir ayədə Allah-taala mö᾿minləri evlənməyə əmr edir:

«[Ey mö᾿minlər!] Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh [yaxud evlənməyə qabil] kölə və cariyələrinizi evləndirin».[103]

Peyğəmbər (s) buyurur:

«Evlənmək mənim sünnəmdəndir. Kim mənim sünnəmdən üz çevirsə məndən deyildir».[104]                              

Başqa bir hədisdə buyurur:

«Mənim sünnəmdən üz çevirən şəxs məndən deyildir. Bilin ki, mənim sünnəmdən biri də evlənməkdir. Elə isə məni sevən şəxslər sünnəmə əməl etsinlər.»[105]                       

Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir:

«Yoxsulluqdan qorxaraq evlənməyən şəxslər bizdən deyildir».[106]

«Yoxsulluqdan qorxaraq evlənməyən şəxslər Allaha qarşı bədgüman olmuşlar».[107]

«Ümmətimin ən yaxşı şəxsləri o kəslərdir ki, evlənib ailə qurmuş olsunlar. Bundan boyun qaçıran şəxslər isə ümmətimin ən pis kəsləridir».[108]

«Sizin ən pisiniz subay olanınızdır. Evli adamın iki rük᾿ət namazı, subay şəxsin yetmiş rük᾿ət namazından daha yaxşıdır».[109]

«Dünyasını dəyişənlər içərisində ən pis şəxslər evlənməyənlərinizdir».[110]

«Evli adamın yatması, Allah yanında subay bir şəxsin gecələri ibadətlə keçirməsindən daha yaxşıdır».

«Ailə quran şəxslər dinlərinin yarısını qorumuş olurlar. Elə isə dininizin qalan hissəsinin qorunması üçün pəhrizkar və təqvalı olun».[111]

«Hər bir şəxs cavanlığının oğlan çağında ailə qurduqda Şeytan nalə çəkərək deyər: Vay halıma! O, dinin yarısını məndən qorumuşdur».[112]

«Hər kim ailə qurarsa ibadətlərinin savabının yarısı ona verilmiş olur».

«Allahın hüzuruna pak və təmiz getmək istəyənlər, Onun görüşünə ailə qurduqdan sonra getsin».[113]

EVLӘNMӘYİN MÜSBӘT XÜSUSİYYӘTLӘRİ

Qur᾿an və nəql olunmuş rəvayətlərdə evlənməyin dəyər və əhəmiyyəti ilə tanış olduqdan sonra, söhbətimizi ailə qurmağın müsbət xüsusiyyətləri və insan həyatındakı tə᾿sirləri haqda davam etdiririk. İslam alimləri bunun bir çox müsbət nəticələrindən danışmışlar. Qur᾿an ayələrinə istinad edərək, burada onlardan bir neçəsini gətiririk:

1. Evlənməyin ilkin və ən başlıca nəticələrindən biri nəslin artımı və davam etməsidir. Bəşəriyyətin yaşaması üçün Allah-taala bu batini qüvvəni kişi ilə qadının ixtiyarına qoymuşdur ki, onlar öz istək və iradəsi ilə bu təbiət qanununu həyata keçirsinlər.

Fürqan surəsinin 74-cü ayəsində Allah-taala, övladı insanın gözünün nuru adlandırır:

«...Ey Rəbbimiz bizə zövcələrimizdən və uşaqlarımızdan [sənə itaət etməklə bizi sevindirib] gözümüzün işığı [bəbəyi] olacaq övladlar ehsan buyur...»

Yaşı ötmüş həzrət Zəkəriyya nəslinin davamı üçün Allah-taaladan (ad və şərəfini qoruya biləcək) varis bəxş etməsini diləyir:

«[Ya Məhəmməd!] Zəkəriyyanı da yada sal! Bir vaxt o: Pərvərdigara! Məni tək [kimsəsiz, varissiz] buraxma. Sən varislərin ən yaxşısısan!-deyə yalvarıb Rəbbinə dua etmişdi.

Biz Zəkəriyyanın duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik...»[114]

Başqa bir ayədə buyurulur:

«[Ya Məhəmməd!] Bu, sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır!

Zəkəriyya, Rəbbinə gizlincə dua edib yalvardığı zaman

Belə demişdi: Pərvərdigara! Artıq sümüyüm sustamış, başım ağappaq ağarmışdır. Pərvərdigara! Sənə dua etməklə heç vaxt naümid olmamışam. [Nə dua etmişəmsə, qəbul olunmuşdur].

Mən özümdən sonra gələn qohum-əqrəbamdan [yerimə geçəcək əmioğlanlarımın və digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən] qorxuram. Zövcəm də ki, doğmur. Buna görə də mənə öz dərgahından bir oğul bəxş et».[115]

Demək, ailə qurmaqda ən başlıca məqsədlərdən biri də əməli-saleh övladlar dünyaya gətirməklə nəslin qorunub saxlanılmasıdır.

HӘYA VӘ İFFӘTİN QORUNMASI

Təqva və pəhrizkarlığa nail olmaq və Şeytani vəsvəsələrdən qorunmağı, ailə qurmaqlığın ikinci səmərsi hesab etmək olar. Nəql olunmuş rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, Şeytani vəsvəsələr hər şeydən əvvəl qəzəb və şəhvət hislərinə mənfi tə᾿sir göstərir.

Әli (ə) bu haqda buyurur:

«İblisin [insanları özünə çəkməkdə] qəzəb və qadından böyük ipi yoxdur».[116]

İmam Sadiq (ə) buyurur:

«İblisin qəzəb və qadından qüdrətli ordusu yoxdur».[117]

Lakin bu iki şeydən daha güclüsü hər bir insanda az və çoxluğundan asılı olmayaraq və büruzə verilməsi hər zaman mümkün olan şəhvət hissidir. Bir halda ki, zəif və bacarıqsız insanlar çox az hallarda öz qəzəblərini büruzə verə bilirlər. Bunun üçün də şəhvət, Şeytanın ən güclü cazibə qüvvəsi heab olunur. O, bu yolla Allah bəndələrini haqq yoldan uzaqlaşdırıb uçuruma doğru sürükləyir. Bütün bunları nəzərə alaraq islam, kişilərin onlara məhrəm olmayan qadınlarla təklikdə olmasını yasaq edir. Çünki belə bir şəraitdə Şeytani vəsvəsələrə münasib fürsət yaranmış olur. Demək, ailə qurduqda Şeytani vəsvəsələrin qarşısına böyük sədd çəkilir. Çünki ailə qurmaqla Şeytanın insanları haqq yoldan uzaqlaşdırmağa heç bir macalı olmur. Bunun üçün də nəql olunmuş rəvayətlərdə ailə qurmuş cavanların dinlərinin yarısını qoruduqları və Şeytanın nalə çəkərək «İmanını məndən qoruya bildi!» dediyinə toxunulur.



Geri   İrəli
Go to TOP