A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 120
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Səhabələr Peyğəmbərdən (s) soruşur: Ya Rəsuləllah! Dünya malına aludə olmaq dedikdə, nəyi nəzərdə tutursunuz? Buyurur:

«Padşah və soltanların getdikləri yolu davam etdirmək. Әgər belə edərlərsə, dininizi qoruyub saxlayasınız deyə, onlardan uzaq olun.

Allahın tükənməz rəhmət və mərhəmətindən bəhrələnmək üçün təhsilin ən başlıca şərtlərindən biri Allahın razılığını əldə etməkdir».

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Qurani-kərim kimlərin daha çox ziyana uğradığını bildirir?

2. Niyyəti necə saflaşdırmaq olar?

3. Peyğəmbər (s) hansı məqsədlər üçün elm öyrənməyi yasaq edir?

4. İmam Sadiq (ə) möminlərə hansı alimlərdən uzaq düşməyi tövsiyə edir?

5. Həzrət Məhəmməd (s) hansı alimləri Peyğəmbərlərin əmin olduqları şəxslər hesab edir?

OTUZ DÖRDÜNCÜ DӘRS

MÜӘLLİMLӘ ŞAGİRDLӘR ARASINDAKI QARŞILIQLI VӘZİFӘ VӘ MÜNASİBӘTLӘR (1)

Bir qədər əvvəl müəllimlə şagirdlər arasındakı qarşılıqlı vəzifə və münasibətlərlərdən biri ilə, yəni niyyət saflığı ilə tanış olduq. Bu dərsimizdə isə bununla əlaqəli olan digər məsələlər haqda söhbət açacağıq.

ELMӘ ӘMӘL ETMӘK

Müəllim və şagirdlərin üzərinə düşən ən ümdə vəzifələrdən biri də təhsil aldıqları və ya tədris etdikləri elmə gündəlik həyatlarında əməl etməkdir.

Bilməliyik ki, təhsil və elm öyrənməkdə ən başlıca məqsəd, rəftar və davranışların islah olunması və gözəl əxlaqi xüsusiyyətlərə yiyələnməkdir. Şübhəsiz ki, hər bir insan özünün gündəlik ictimai həyatında bir sıra rəftar və davranış tərzi nümayiş etdirməli olur. Onlar elm və agahlıq üzündən olmadıqda isə, insanların haqq yoldan uzaq düşüb tənəzzülə uğramasına səbəb olur.

Әli (ə) bu haqda buyurur:

«Elminə əməl etməyənlər düz yolda hərəkət etməyən müsafirlərə bənzərlər. Onlar nə qədər çox yol qət etsələr, çatmaq istədikləri son mənzildən bir o qədər uzaq düşərlər. Elmə əməl edənlər isə doğru yolda hərəkət edən müsafirlərə bənzəyər. Elə isə hər bir şüurlu insan getdiyi yolun onu hədəfə yaxınlaşdırıb və ya uzaqlaşdırmasına diqqət yetirsin».[70]

Әli (ə) buyurur:

«Hər bir insan özünün və başqalarının həyatına nəzər salmaqla tutduğu yolun düz olub olmadığını dərk etmiş olur».

Peyğəmbər (s) buyurur:

«Dini məsələlərdə anlayışı olmadan ibadət edən şəxslər, gecələr ev tikib səhər açıldıqda onu xarab edən şəxslərə bənzər».

Məlum məsələdir ki, gecələri ibadətlə keçirən şəxs gündəlik həyatında haramla halalın fərqinə varmadıqda, şəri hökmləri ayaq altına qoyub əldə etdiyi savabdan məhrum olur.

Әli (ə) buyurur:

«Dini məsələlərdə anlayışı olmayan şəxslər gözü bağlı dəyirman atına bənzər. O, yerində dövr etsə də, irəli getdiyini güman edir».[71]

Belə şəxslər nə qədər zəhmətə qatlaşsalar da, heç bir mənəvi irəliləyişə nail olmurlar və nəticədə gördükləri işlər heç bir müsbət nəticə vermir. Çünki, onlar öz səhv hərəkətləri ilə gördükləri bütün xeyirxah işlərin dəyərini aradan aparmış olurlar. Məsələn, aclıq və susuzluğa tab gətirib Ramazan ayını oruc tutan şəxslər şəri məsələlərdən kifayət qədər anlayışı olmadıqları üçün orucu batil edən şeylərdən birinə düçar olmaqla bir aylıq ibadətlərini puça çıxarmış olurlar. Belə olduqda onlara qalan yalnız savab deyil, əzab-əziyyət olur. Bunun üçün də Әli (ə) bu kimi şəxsləri səhərdən axşamadək yerində fırlanan və heç bir irəliləyişə nail olmayan dəyirman atına bənzədir. Demək, əməl yalnız o zaman öz həqiqi dəyərini tapır ki, onu görən şəxs həmin işdən agah olmuş olsun. Әgər elm və agahlıq görülən işlərin mənşəyi olmazsa, onun əldə olunması üçün böyük zəhmət tələb olunacaqdır. Aşağıdakı mətləblərə diqqət yetirin:

1. Həyatda maddi-mənəvi olmasından asılı olmayaraq, fayda və tə᾿siri olmayan elmlərə yiyələnməməli;

Peyğəmbər (s) və Məsum imamların (ə) dualarından biri də bu olmuşdur:

«İlahi! Heç bir xeyiri olmayan elmdən, təvazökarlığın nə olduğunu bilməyən qəlblərdən, qəbul olunmayan dualardan və azğın nəfsdən Sənə sığınıram».[72]

Әli (ə) buyurur:

«Allah eşqindən kövrəlməyən qəlblərdə, ağlamayan gözlərdə və heç bir mənfəəti olmayan elmlərdə xeyir olmaz».[73]

«Xeyiri olmayan elmlər, şəfa verməyən dərmanlar kimidir».[74]

Demək, heç bir xeyiri olmayan elmlərə yiyələnmək üçün sərf olunan vaxt və istedad olduqca əbəs və əhəmiyyətsizdir.

2. Әldə olunan elm, əməli olaraq həyata keçirilməlidir. Allah-taala Qurani-kərimdə, deyilən sözlərə əməl etməməyi məzəmmət edərək buyurur:

«Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?

Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbinə səbəb olar».[75]

Başqa bir yerdə yəhudi alimlərini onlara nazil olmuş səmavi kitaba (Tövrata) əməl etmədikləri üçün uzunqulağa oxşadaraq buyurur:

«Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər [Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər] belində çoxlu kitab daşıyan [lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan] ulağa bənzərlər...»[76]

Peyğəmbər (s) və Mə᾿sum imamlardan (ə) nəql olunmuş hədislərdə dəfələrlə bu mətləbə toxunulmuş və elminə əməl etməyənləri nadan adlandırmaqla bərarbər, onların Cəhənnəm əzabı ilə də cəzalanacaqları buyurulmuşdur.

Әli (s) Peyğəmbərdən (s) nəql edərək buyurur:

«Alimlər iki dəstədən ibarətdir: Onlardan bir qismi bildiklərinə əməl edib uğur qazanar, digər qismi isə əməl etmədikləri üçün özlərini həlak edərlər. Cəhənnəm əhli elminə əməl etməyən alimlərin dözülməz üfunətli iyindən zara gələrlər. Cəhənnəm əhli arasında hamıdan daha çox o kəslər həsrət çəkər ki, başqalarını haqq yola hidayət edib özü isə nəfsinə uyaraq bildiklərinə əməl etməsin.

Çünki, insan öz nəfsani istəklərinə uyduqda həqiqətdən uzaq düşdüyü üçün arzuları çoxalır və axirəti unutmuş olur».[77]

Peyğəmbərdən (s) nəql olunmuş başqa bir hədisdə elmlərinə əməl edən şəxslərin yalnız alimlər olduğu göstərilir:

«Alim o kəsdir ki, bildikləri az olsa belə, ona əməl etmiş olsun».[78]

Әli (ə) buyurur:

«Elm əməldən asılıdır».

Başqa bir hədisdə buyurur: «Elminə əməl etməyən kəs həqiqi alim deyildir».

Həzrət İsa Məsih (ə)-dan nəql olunmuş rəvayətdə deyilir:

«Әməl etmədiyiniz elmlərin sizlərə heç bir xeyiri olmayacaqdır. Bildiklərinizdən bir çoxuna əməl etmədikdə, artıracağınız şey yalnız cəhalət və nadanlığınız olacaqdır».[79]

İmam Sadiq (ə) buyurur:

«Alimlər üçün ən böyük əzab, onların öz elmlərindən bəhrələnməməsidir».[80]

Başqa bir hədisdə buyurur:

«Yağış suyu qayalardan axıb töküldüyü kimi, elminə əməl etməyən alimlərin də verdikləri nəsihətlər qəlblərdə özünə yer tapmır».[81]

Әli (ə) xütbələrinin birində buyurur:

«Ey camaat! Hidayət ümidi ilə bildiklərinizə əməl edin. Әməlsiz alimlər cəhalətdən yaxa qurtarmağa ümidi olmayan nadan kəslərdir. Cahil insanların və əməlsiz alimlərin ömrü hədərə getsə də, alimlərin daha çox peşimançılıq çəkəcəklərini görürəm. Özünüzdə şəkk-şübhəyə yol verməyin, belə etsəniz küfr etmiş olarsınız. Süstləşməyəsiniz deyə, nəfsinizə qarşı səhlənkar olmayın. Həqiqəti asan hesab etməyin. Belə etsəniz, nəticədə özünüz zərər çəkənlərdən olacaqsınız. Həqiqət dedikdə alim olmağınız, elm və agahlıq dedikdə isə məğrur olmamağınız nəzərdə tutulur. Sizin aranızda özünüzə qarşı xeyirxahınız Allaha hamıdan daha çox itaət edənləriniz, özünüzə qarşı ən xain olanınız isə, Allaha hamıdan daha çox itaətsizlik göstərənlərinizdir. Allaha itaət edən şəxslər səadət və xoşbəxtliyə nail olar. Ona qarşı itaətsizlik göstərənlər isə ümidsiz olub peşimançılıq çəkər».[82]

Müfəzzəl ibni Әmrdən nəql olunmuş başqa bir rəvayətdə deyilir: İmam Sadiq (ə)-dan soruşdum: Cəhənnəm əzabından nicat tapanları hansı əlamət və nişanlərlə tanımaq olar? Buyurdu: «Dedikləri ilə əməlləri müvafiq olarsa, Cəhənnəm odundan nicat tapacağına şəhadət ver, müvafiq olmadıqda isə onun haqda bir söz demək çətindir (Onlar əməllərinin islah olunmasına cəhd edərlər)».[83]

Peyğəmbər (s) və Mə᾿sum imamlardan (ə) nəql olunmuş bir çox hədis və rəvayətlərdə elmlə əməlin birgə olmasına xüsusi diqqət yetirilir. Belə ki, elm yalnız əməli olaraq həyata keçirildikdə öz səmərəsini verə bilər, əks təqdirdə onun heç bir dəyəri olmayacaqdır.

Peyğəmbər (s) buyurur:

«Әməli ucaldıb dəyərləndirən şey varsa, o da elmdir. Yerinə yetirildikdə qalır, yetirilmədikdə isə öz dəyərini itirir».[84]

Bir sözlə, elm ilə əməl bir-birini tamamlamalıdır. Әgər gördüyü işlər onun elmi ilə müvafiq olarsa elm uzun müddət öz tə᾿sirini göstərəcək, müvafiq olmadıqda isə çox tez bir zamanda öz əhəmiyyətini itirəcəkdir.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Әli (ə) bir şeyə elmsiz əməl edən şəxsləri kimlərə bənzədir?

2. Peyğəmbər (s) elmsiz abidləri kimlərə bənzədir?

3. Elmsiz abidlər haqqında Әli (ə)-ın fikri nədir?

4. Qur᾿ani-Kərim elimsiz alimləri nəyə bənzədir?

5. Әməlsiz alimlərin Cəhənnəm əzabına düçar olacaqlarına dəlalət edən hədislərdən birini əzbərdən deyin.

6. İmam Sadiq (ə) kimlərin Cəhənnəm odundan nicat tapacaqlarını hesab edir?

OTUZ BEŞİNCİ DӘRS

MÜӘLLİMLӘ ŞAGİRD ARASINDA QARŞILIQLI VӘZİFӘ VӘ MÜNASİBӘTLӘR (2)

ELMӘ YİYӘLӘNDİKDӘ TӘKӘBBÜRLÜ OLMAMAQ

Müəllim və şagirdlər saf niyyətlə, Allah rizası üçün elmin sirlərinə yiyələndikdə, onu əməli olaraq həyata keçirməklə yanaşı, təkəbbür hissinin onlara nüfuz etməsinə yol verməmələridir. İnsan daim kamala çatmaq arzusunda olan bir varlıq olduğu üçün əldə etdiyi hər bir şeydən, o cümlədən elm və təhsildən xüsusi zövq alır və əldə etdiyindən mümkün qədər daha artığına nail olmaq istəyir. Lakin diqqət yetirmək lazımdır ki, bütün bunlar həqiqi kamala çatmaq üçün sözün əsl mə᾿nasında bir vasitədir. Həqiqi kamala çatmaq isə Allaha yaxınlaşmaq deməkdir. Bunun üçün də elm və təhsil, əxlaqi və mə᾿nəvi dəyərlərə yiyələnmək Allah rizası üçün olmalıdır. Lakin bu hiss bə᾿zən bizi böyük təhlükə ilə üzləşdirir. Yə᾿ni, kamala çatmaq hissi bizi o qədər özünə cəlb elir ki, üzərimizə düşən vəzifəni kənara qoyub, tədriclə qarşımıza qoyduğumuz məqsəddən uzaq düşürük. İslam əxlaq elmində insanı Allahdan uzaqlaşdıran və Onun razılığını qazanmaq əvəzinə özünə cəlb edən şeylərə «Hicab» (maneə) deyilir. Elm və bir çox elmi məşğuliyyətlər insanı özünə cəlb edərək bu müqəddəs hədəfə çatmağa daha çox maneçilik törədir. Bunun isə ən başlıca səbəbləri aşağıdakılardır:

1. Elm insanın qüdrət və bacarığını artırır və ona varlıq aləminə hakim olan həqiqətdən agah olmağa köməklik edərək onu öz ixtiyarına keçirməyə imkan verir;

2. Elm mə᾿nəvi təkamüldə hər bir şeydən tə᾿sirlidir. Bu səbəbdən də elmə yiyələnən şəxslər, hətta ilk addımlarda elmin dərinliklərinə yol tapdıqlarını güman edərək özlərində qürur hissi keçirirlər. Bunun üçün də Peyğəmbər (s) elmi böyük hicab adlandırır:

«Elm böyük bir hicabdır».

Diqqət yetirilməsi zəruri olan digər məsələlərdən biri də bundan ibarətdir ki, bütün elmlərə yiyələnməkdə ən başlıca məqsəd insanın özünü, yaradılış aləmini, bir sözlə Allahı tanımaq olmalıdır. Yalnız bundan sonra insan öz nəfsini paklaşdırıb ilahi hədəfə nail ola bilər. Belə ki, elm və təhsildən məqsədimiz qürur və təkəbbür olarsa və yiyələndiyimiz elmlə Allahın qarşısında təvazö᾿karlıq etməriksə, bu nəinki bizi kamal və səadətə çatdırmayacaq, əksinə bütün insani dəyərlərdən məhrum edəcəkdir. Bunun üçün də elm sahəsində fəaliyyət göstərən şəxslər yiyələndikləri elmdən kamal və səadətə çatmaq üçün bir vasitə kimi istifadə etməlidirlər. Lakin bununla yanaşı, mə᾿nəvi saflığa da diqqət yetirməli, elmlə mə᾿nəviyyat arasında sıx əlaqə yaratmalıdırlar.

TӘVӘKKÜL

Elmin istər tə᾿lim və tədris, istər tədqiqat və araşdırma, istərsə də digər sahələrində fəaliyyət göstərən şəxslər özlərinə e᾿timad etməklə yanaşı, Allaha təvəkkül edib bunu özləri üçün şüar etməlidirlər. Çünki elmə yiyələnmək olduqca ağır və zəhmət tələb edən işlərdəndir və bu iş heç də asanlıqla əldə olunmur. Bunun üçün yüksək cəhd göstərməli və qarşıya çıxan maneələrə əzmlə sinə gərməlidir.

Demək, bütün işlərdə olduğu kimi, elmə yiyələnməkdə də Allaha təvəkkül etməli və yalnız Ondan kömək dilənməlidir. Çünki, Allahdan böyük qüdrət sahibi yoxdur.

Digər tərəfdən də elm sahəsində fəaliyyət göstərən şəxslər əksər hallarda öz xərclərini kifayət qədər ödəyə bilmirlər. Bunun üçün də bə᾿zən ehtiyac hissi onlarda ümidsizliyə, bə᾿zən də başqalarına ehtiyac içində olduqlarını bildirmələrinə səbəb olur. Bir halda ki, Peyğəmbərin (s) buyurduğu hədisə əsasən, Allah-taala elm aşiqlərinin ruzisini Özü tə᾿min etmişdir:

«Allah-taala elmi təhsil alan şəxslərin ruzisini başqalarından fərqli olaraq Öz öhdəsinə götürmüşdür».[85]

Bunun üçün də təhsil alan şəxslər başqalarından daha çox Allaha təvəkkül etməli və Ondan ruzilərinin artırılmasını diləməlidirlər. Lakin bunu da bilmək lazımdır ki, elmi nailiyyətlər əldə etmək heç də asan deyildir və bu sönməz nuru Allah-taala yalnız Öz sevimli bəndələrinə bəxş edir. O, istədiyini hidayət və elmin sirlərinə yiyələnməyə sövq edir. İmam Sadiq (ə) bu haqda buyurur:

«Elm öyrənməklə əldə olunmur. O, Allahın hidayət etdiyi şəxslərin qəlblərində saçan bir nurdur».[86]

Bunun üçün də elmin sirlərinə yiyələnmək üçün Allah-taaladan bizi hidayət etməyimizi diləməli və yalnız Ona təvəkkül etməliyik. Çünki O, verdiyi və᾿dəyə daim sadiq qalır.

TӘQVA VӘ MӘ᾿NӘVİ SAFLIQ

Bir qədər əvvəl qeyd etdik ki, müəllim və şagirdlərin üzərinə düşən üçüncü müştərək vəzifələrdən biri də qürur hissinin onların qəlblərinə yol tapmaması və Şeytani vəsvəsələrə uymamalarıdır. Bunun üçün də təhsil alan şəxslər hamıdan daha çox mə᾿nəvi saflığa diqqət yetirməli və bu yolda qarşılarına çıxan maneələri dəf etməyi bacarmalıdırlar. Yalnız bu yolla elmin sirlərinə yiyələnib Allaha yaxınlaşmaq olar. Elm və təhsilin digər şərtlərindən biri də təqvadır. Bəqərə surəsinin 3-4-cü ayələrində Allah-taala bəşəriyyətin hidayət olunmasında təqvanın əsas şərt olduğunu bildirir:

«Bu, [Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə] heç bir şəkk-şübhə olmayan və müttəqilərə [Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə] doğru yol göstərən Kitabdır».

Bunun üçün də Qur᾿anın səadətə qovuşduran hidayət nurundan yalnız təqva sahibləri bəhrələnə bilərlər.

Həmin surənin 282-ci ayəsində insanlara təqvanı hər şeydən üstün tutmaqla agahlığa nail olacaqlarını və᾿də verir:

«Təqvalı və pəhrizkar olun ki, Allah-taala da sizə bilmədiklərinizi öyrətsin...»

Әnfal surəsinin 29-cu ayəsində isə buyurur:

«Ey iman gətirən şəxslər, əgər təqvalı olsanız, Allah-taala sizlərə «fürqan» [haqla batili ayırd etmək iste᾿dadı] verər.»

Fürqan bəsirətin elə bir agahlıq həddidir ki, insan bu iste᾿dada yiyələndikdə haqla batili ayırmaqda heç bir çətinliklərlə qarşılaşmır. İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyildiyi kimi elm, Allahın hidayət etdiyi şəxslərin qəlblərində saçdığı bir nurdur. Həqiqi elm Allahdan istənilməli və buna nail olmaq üçün təqvanı hər şeydən üstün tutmaq lazımdır. İnsan öz qəlb və ruhunu o qədər saflaşdırmalıdır ki, bu ilahi nur onun qəlbində saçmağa başlasın.

Bütün bunlarla yanaşı alimlərin rəftar və davranışları da daim diqqət mərkəzində olur. Çünki hamı onlara nümunə gözü ilə baxır və özlərinə bir növ örnək hesab edir. Dahilərdən biri demişdir: «Camaat mə᾿nəvi dəyərlər baxımından alimlərdən bir dərəcə aşağıda yerləşirlər. Әgər alimlər təqvalı və pəhrizkar olarlarsa, camaat öyünməyi özlərinə rəva bilməzlər. Әgər alimlər halala üz tutarlarsa, camaat səhvə yol verməz, alimlər səhvə yol verdikdə isə, camaat harama üz tutar və nəhayət camaat alimlərin harama yol verdiklərini gödükdə küfr edər».

GÖZӘL ӘXLAQ

Alimlər insanların hidayət olunmalarını öz üzərlərinə götürdükləri üçün öz rəftar və davranışları ilə onlara örnək və nümunə olmalıdırlar ki, rəhbərlik etdikləri kütləni özlərinə cəlb etmiş olsunlar. Bunun üçün isə ən başlıca şərt təvazö᾿karlıq, səmimiyyət kimi gözəl xüsusiyyətlərə yiyələnmələridir. İmam Sadiq (ə) bu haqda buyurur:

«Elm öyrənin və onu daha da zinətləndirməyə çalışın. Elm öyrəndiyiniz və ya tədris etdiyiniz şəxslərə qarşı təvazökar olun. Məğrur və təkəbbürlü alimlər kimi olmayın, əks təqdirdə batil əməlləriniz haqq kəlmənizi məhv etmiş olar».[87]

Ali-İmran surəsinin 159-cu ayəsində buyurulur:

«[Ya Məhəmməd!] Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Әgər qaba, sərt ürəkli olsaydın, əlbəttə onlar sənin ətrafından dağılıb gedərdilər...»

İFFӘT VӘ MӘTİNLİK

Rəhbərliyi öz üzərinə götürmüş alimlər, tə᾿minatlarının ödənilməsində özlərini başqalarından ehtiyacsız hiss etməlidirlər. Onlar ünsiyyətdə olduğu şəxslərlə elə rəftar etməlidirlər ki, maddi rifahlarının aşağı səviyyədə olduğunu hiss etməsinlər. Әks təqdirdə camaat onlara təhqir və ürək yanğısı hissi ilə nəzər salacaq və onları özlərindən asılı hesab edəcəklər. Eyni zamanda alimlər də özlərini onlara borclu hesab edərək onların istək və iradəsinə doğru meyl edəcəklər. Allah-taala onların ruzilərinin tə᾿min olunmasını Öz üzərinə götürdüyü bir halda, asılılıq hissi onları camaatın istək və iradəsinə müvafiq olaraq, hər hansı bir fikir irəli sürüb ona əməl etməyə vadar edəcəkdir. Maddi rifahın tə᾿min olunması üçün alimlərin camaatın yardımına göz dikmələri olduqca mənfi xüsusiyyətdir. Bundan da acınacaqlısı var-dövlət əldə etmək məqsədilə onların hakim təbəqəyə üz tutmalarıdır. Onlar öz məqsədlərinə çatıb-çatmamalarından asılı olmayaraq, dünya və axirətdə ziyana uğramış olurlar. Nəticədə həm camaat onlardan üz çevirmiş olur, həm də bir alim kimi üzərlərinə düşən ilahi vəzifənin öhdəsindən gələ bilməyib axirət dünyasının əzabına düçar olurlar.

Qeyd etmək lazımdır ki, alimlərin var-dövlət məqsədilə hakim təbəqəyə meyl etməsi onların şəxsiyyətinə xələl gətirsə də, müsəlmanların hüquqlarının qorunması üçün onların belə bir işi qəbul etməsi nəinki haram deyil, əksinə zəruri məsələlərdən biridir.

Tarixə nəzər saldıqda bu həqiqətin şahidi oluruq ki, Әli ibni Yəqtəyn, Məhəmməd ibni İsmayıl ibni Bəzi və Nuh ibni Dərrac və başqaları zalım xilafətə xidmət etmiş və bu yolla bir çox zülm və haqsızlıqların qarşısını ala bilmişlər. Hərçənd, belə olduqda da məqam və var-dövlət istəyi insanı zalım hakimlərə meyl etməyə sövq edə bilər.

ŞӘR᾿İ MӘSӘLӘLӘRӘ RİAYӘT OLUNMASI

Müəllim və şagirdlər şər᾿i hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Vaxtlı-vaxtında camaat namazlarında iştirak etməli, gündəlik vacib namazları tə᾿xirə salmadan qılmalı, müsəlman bacı və qardaşlarla səmimi münasibətdə olmalı, başqalarının hüquqlarına riayət etməli, yoxsul və imkansızlara maddi yardım göstərməli, xəstələrin görüşünə getməli, hamıya qarşı təvazökar olmalı və s.

Bütün bunlarla yanaşı təmizliyə xüsusi diqqət yetirməli və mö᾿minlərə xas olan xüsusiyyəti daim yaşatmağa çalışmalıdırlar. Təhsil alan şəxslər geyimlərinin təmizliyinə, cəmiyyət arasında rəğbətlə qarşılanan geyim tərzinə də xüsusi diqqət yetirməli və onlara xas olmayan geyimlərdən imkan daxilində çəkinməyə çalışmalıdırlar.

Bir sözlə, elm sahiblərinin geyim və davranışları elə bir tərzdə olmalıdır ki, hamı tərəfindən rəğbətlə qarşılanıb islam adət-ən᾿ənələrini özündə təcəlli etdirmiş olsun. Yalnız belə bir şəraitdə onlar özlərinə sadiq davamçı qazana bilərlər.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Peyğəmbər (s) elmi nə üçün «böyük hicab» adlandırır?

2. Təhsil alan şəxslər nə üçün başqalarından daha çox Allaha təvəkkül etməlidirlər?

3. Təqva nə üçün elmə yiyələnməyin əsas şərtlərindən biri hesab olunur?

4. Qur᾿an insanların Peyğəmbərə (s) tərəf meyl etmələrində hansı amilin səbəb olmasını göstərir?

5. Müəllimlə şagirdlər arasındakı müştərək vəzifələri ixtisarla izah edin.

OTUZ ALTİNCİ DӘRS

Müəllimlə şagirdin müştərək vəzifələri ilə tanış olduqdan sonra bu və növbəti dərslərimizdə onların üzərinə düşən vəzifələr haqda da ayrı-ayrılıqda söhbət açacağıq.

İslam dünyasının tanınmış müəllim və alimlərindən biri olan Şəhid Sani, müəllimlə şagirdin üzərinə düşən vəzifələri üç hissəyə bölmüşdür:

1. Müəllimin özünə aid olan vəzifələr;

2. Müəllimin şagirdlərə qarşı olan vəzifəsi;

3. Müəllimin sinifdə üzərinə düşən vəzifələr.

MÜӘLLİMİN ÖZÜNӘ AİD OLAN VӘZİFӘLӘR

1. Elm sahəsində addımlayan hər bir şəxs tədris etməzdən əvvəl özünün belə bir məs᾿uliyyətli işə hazır olub-olmadığına xüsusi diqqət yetirməli, təhsilini başa vurduqdan sonra müəllimlərinin qarşısında sınaq imtahanı verməli və yalnız onların icazəsini aldıqdan sonra tədris etməyə başlamalıdır. Әks təqdirdə, üzərinə düşən məs᾿uliyyətin öhdəsindən gələ bilməyərək özünü gülünc vəziyyətə salmış olar. Peyğəmbər (s) onları əyinlərinə böyük paltar geymiş şəxslərə bənzədir:

«Qisməti olmaya-olmaya, zorla özünü doymağa və ya ehtiyacını ödəməyə çalışan şəxslər, əyinlərinə böyük paltar geymiş şəxslərə bənzəyər».[88]

2. Müəllim, yiyələndiyi elmi, ona qiymət verməyi bacaran və eyni zamanda elmə yiyələnməyə iste᾿dad və marağı olan şəxslərə öyrətməlidir. Әks təqdirdə, elm öz e᾿tibarını itirib dəyərsizləşəcəkdir.

Keçmiş dövrün alimləri tədris üçün şagirdlərin evinə getməyi elmə qarşı hörmətsizlik sayardılar. Bu barədə diqqəti cəlb edən məsələlərdən biri də elm aşiqlərinin elm və təhsil yolunda öz doğma yurd-yuvalarını tərk edib uzaq ölkələrə mühacirət etmələridir. Bir çox çətinliklərə sinə gərən elm aşiqləri illər boyu qürbət ellərdə yaşayıb elmin açılmayan sirlərinə yol tapmağa cəhd etmişlər. Bu da bir daha elm və alimlərin tutduğu yüksək mövqeyə dəlalət edir.

3. Müəllimlə şagirdin müştərək vəzifələri haqda söhbət açdıqda qeyd etdik ki, istər müəllim, istərsə də şagird elmə Allaha xatir və saf niyyətlə yiyələnməli və ya tədris etməlidir. Lakin bunu da bilməliyik ki, müəllim öz elminə əməl etməkdə şagirddən daha diqqətli olmalıdır. Bu işdə səhlənkarlığa yol verdikdə, o, öz müəllimlik vəzifəsini layiqincə yerinə yetirməmiş olur. Belə bir şəraitdə şagirdlərdə müəllimə qarşı e᾿tinasızlıq yaranacaq və onun tədris etdiyi elm heç bir nəticə verməyəcəkdir. Şagirdlərdə belə bir fikir yaranır ki, əgər onun dedikləri haqdırsa, nə üçün özü bu məsələyə diqqət yetirmir.

Bəqərə surəsinin 44-cü ayəsində bu haqda deyilir:

«Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüz unudursunuz?....»

İmam Cə᾿fər Sadiq (ə) - «Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar» - ayəsinin izahında buyurur:

«Alim o kəsdir ki, öz əməli ilə dediklərini təsdiq etmiş olsun. Allahdan  qorxan da məhz o kəslərdir».

Başqa bir yerdə buyurur:

«Әməlsiz alimləri və cahil insanları görməyə taqətim yoxdur. Әməlsiz alimləri öz elmlərinə e᾿tinasız olub insanları elmdən uzaqlaşdırdıqları, cahil və nadanları isə nadanlıqları üzündən insanları din və ibadətdən ayrı saldıqları üçün».[89]

Müəllimlər öz şagirdlərinə bə᾿zi göstərişlər verdikləri zaman ilk növbədə özləri buna əməl etməlidirlər.



Geri   İrəli
Go to TOP