A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 120
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Qur᾿an, Allah kəlamı olduğu üçün bir çox xüsusiyyətləri ilə digər kitablardan fərqlənir. Bu səbəbdən də Qur᾿an oxuyan hər bir şəxs bir sıra qanun və qaydalara riayət etməlidir. Bu qaydalardan bə᾿ziləri Qur᾿ana hörmət və ehtiram, bə᾿ziləri də qarilərin Qur᾿anın mə᾿na və məfhumunun dərk etməsi üçün nəzərdə tutulmuşdur. Bu dərsimizdə onlardan bə᾿ziləri haqda söhbət açacağıq.

QARİLӘRİN ӘDӘB QAYDALARI

Yaxşı olar qarilər özlərindən yaşca böyük olan şəxslərə hörmət və ehtiramla yanaşdıqları kimi, Qur᾿an oxuduqları zaman da təharətə (təmizliyə) tam şəkildə riayət edib dəstəmaz aldıqdan sonra Qur᾿an oxumağa başlasınlar. İstər ayaq üstə, istərsə də oturduğu vəziyyətdə Qur᾿anın qarşısında son dərəcə təvazökar olmağa çalışsınlar. Uzanan halda və ya ayaqları uzadan halda, ümumiyyətlə ədəb-ərkandan uzaq olan vəziyyətlərdə Qur᾿an oxumaqdan çəkinib daim dişlərini yumağa cəhd etsinlər.

Peyğəmbər (s) buyurur:

«Həqiqətən sizin ağzınız Qur᾿anın yoludur; onu yumaqla pak saxlayın.»[405]

QİRAӘT OLUNAN YERLӘR

Hamam, ayaq yolu, ümumiyyətlə hörmətsizliyə səbəb olan yerlərdə Qur᾿an oxunmamalıdır. Məscid, ziyarətgah və bu kimi müqəddəs yerlərdə isə Qur᾿an oxunmasına tə᾿kid olunmuşdur. Eyni zamanda evlərdə də Qur᾿anın qiraət olunmasına xüsusi diqqət yetirilməlidir. Bu məzmunda Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:

«Evlərinizi Qur᾿an nuru ilə münəvvər edin; yəhudi və məsihilər təkcə kilsə və mə᾿bədlərdə ibadət edib evlərinizi qəbristanlığa çevirməyin. Qur᾿an oxunan evlərdə xeyir bərəkət artar və ev sahibləri səadət və xoşbəxtçilik içində yaşayarlar.

Ulduzlar yerə işıq saçdığı kimi, həmin evlər də səma sakinlərinə nur saçar.»

Әli (ə) buyurur:

«Qur᾿an oxunub, Allah zikr olunan evlərdə xeyir-bərəkət artar və mələklərin daimi məskəninə çevrilər. Şeytanlar isə həmin evlərdən uzaq olarlar. Ulduzlar yer sakinlərinə nur saçdığı kimi, Qur᾿an oxunan evlər də nur kimi işıq saçar. Qur᾿an oxunmayan evlərdən isə xeyir-bərəkət azalar, mələklər oranı tərk edər, Şeytanlar isə oranı özlərinə məskən seçərlər».[406]

QİRAӘTİN MİQDARI

Nəql olunmuş rəvayətlərdə gün ərzində ən azı əlli ayə oxunulması tövsiyə olunur. İmam Sadiq (ə) buyurur:

«Qur᾿an, Allahla insanlar arasında bağlanan əhd-peymandır. Bunun üçün də hər bir müsəlman bu əhd-peymana sadiq qalmalı və hər gün ondan əlli ayə oxumalıdır».[407]

Səhabələrdən biri imam Sadiq (ə)-dan soruşur: «Qur᾿anı bir gündə xətm etmək olarmı?» İmam Sadiq (ə) həmin şəxsin cavabında buyurur: «Bir aydan az vaxtda xətm etməyini məsləhət görməzdim».[408]

Təbii ki, Qur᾿anı bir gün ərzində xətm edən şəxslər onun mə᾿na və məfhumunu olduğu kimi dərk etməyəcəklər. Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:

«Qur᾿anı üç gündən tez xətm edənlər onu dərk etməyəcəklər.»[409]

ŞEYTANI LӘ᾿NӘTLӘMӘK VӘ ALLAHIN ADINI ÇӘKMӘK

Qur᾿an oxunuşunda riayət olunması lazım olan şeylərdən biri də qarinin tilavət etməzdən əvvəl Şeytanı lə᾿nətləyib (Әuzu billahi minəşşəytanir-rəcim) Allahın adını çəkməsidir (Bismillahir rəhmanir rəhim). Nəhl surəsinin 98-ci ayəsində deyilir:

«[Ya Məhəmməd!] Qur᾿an oxumaq istədiyin zaman məl᾿un Şeytandan Allaha sığın! [Әuzu billahi minəşşəytanir-rəcim sözlərini de!]»

Şeytanı lə᾿nətlədikdən sonra isə Bismillahir-rəhmanir-rəhim deyərək Allahın adı çəkilməlidir. İmam Cə᾿fər Sadiq (ə) buyurur: «Günah qapılarını Şeytanı lə᾿nətləməklə bağlayın, Allaha itaət qapılarını isə Onun adını zikr etməklə açın.»[410]

TӘRTİL

Allah-taala Muzzəmmil surəsinin 4-cü ayəsində buyurur:

«...Həm də aramla, ağır-ağır Qur᾿an oxu!»

İmam Sadiq (ə)-dan ayənin izahı haqda soruşduqda buyurur: «Әmirəl-mö᾿minin (ə) bu haqda buyurmuşdur: Yə᾿ni, Qur᾿an oxuyarkən şe᾿r kimi sür᾿ətlə və qısa ifadələr tək pərakəndə deyil, kəlmələri açıq aşkar bəyan edin. Daşlaşmış qəlblərinizi Qur᾿an sədası ilə qorxuya salın və tələm-tələsik surəni başa vurmağa çalışmayın».[411]

Yə᾿ni, Qur᾿an sür᾿ətlə oxunmamalı, lazımı yerlərdə dayanılıb mə᾿na və məfhumuna diqqət yetirilməlidir.

GÖZӘL AVAZ

Yaxşı olar ki, qarilər Qur᾿anı gözəl və ürəyə yatımlı səslə oxusunlar.

Peyğəmbər (s) buyurur:

«Qur᾿ana gözəl avazla zinət verin».[412]

«Həqiqətən gözəl səs Qur᾿anın zinətidir».[413]

«Hər şeyin bir zinəti vardır, Qur᾿anın da zinəti gözəl avazdır».[414]

MӘLAHӘTLİ SӘS VӘ TӘVAZÖKARLIQ

Yaxşı olar ki, qarilər Qur᾿an oxuyarkən onun əzəmətinin qarşısında kiçilib həzin səslə oxusunlar. Belə olduqda ayələrin mə᾿naları qəlbə daha tez yol tapır və insanın mə᾿nən saflaşaraq ilahi göstərişlərə tabe olmasına köməklik edir.

Hədid surəsinin 16-cı ayəsində deyilir:

«İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan [Qur᾿an] üçün yumşalması vaxtı gəlib çatmadımı?...»

Peyğəmbər (s) buyurur:

«Qur᾿anı həzin səslə oxuyun, çünki o həzin olaraq nazil olmuşdur».[415]

DÜŞÜNCӘ

Qarinin üzərinə düşən ən başlıca vəzifələrdən biri də ayələrin mə᾿na və məfhumunu dərk etməsidir. Çünki, Qur᾿an oxumaqdan əsas məqsəd, əxlaq və hidayət xarakterli ayələrdən düzgün nəticə əldə etmək və onları əməli olaraq həyata keçirməkdir. Bunun üçün də qarilər Qur᾿an tilavət edərkən ayələrin mə᾿na və məfhumuna diqqət yetirməli, ayələrin mə᾿nasını dərk etmədikdə isə təfsir kitablarına və təfsirçilərin irəli sürdükləri fərziyyələrə müraciət etməlidirlər.

Allah-taala Sad surəsinin 29-cu ayəsində buyurur:

«[Ya Peyğəmbər! Bu Qur᾿an] sənə nazil etdiyimiz mübarək [xeyir-bərəkətli] bir kitabdır ki, [insanlar] onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də [ondan] ibrət alsınlar».

Başqa bir ayədə buyurulur:

«Onlar Qur᾿an barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?...»[416]

Әli (ə) buyurur:

«Bilin ki, qiraət edərkən ayələrin mə᾿na və məfhumunu dərk etmədikdə heç bir xeyir əldə etmək olmaz».[417]

KİTABI [QUR᾿ANI] ÜZÜNDӘN OXUMALI

Qur᾿an oxuyan hər bir şəxs tilavət etdiyi surə, ayə və yaxud bütün Qur᾿anı əzbər bilsə belə yaxşı olar ki, onu əzbərdən deyil, Qur᾿ana nəzər salaraq oxusun. Belə ki, nəql olunmuş rəvayətlərdə Qur᾿anın üzündən oxunuşunun özünün ibadət olduğu göstərilir. İmam Cə᾿fər Sadiq (ə)-ın səhabələrindən biri deyir: İmam Cə᾿fər Sadiq (ə)-a dedim: Qur᾿anı əzbər bilirəm, onu əzbərdən oxusam yaxşı olar, ya baxaraq?

Buyurdu: «Qur᾿anı baxaraq oxusan daha yaxşı olar. Məgər bilməyirsənmi ki, Qur᾿ana baxmaq özü bir ibadətdir?!»

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Qur᾿an oxuyan şəxs qiraət zamanı hansı hisslər keçirməlidir?

2. Qur᾿an hansı yerlərdə oxunmalıdır?

3. Gün ərzində ən azı neçə ayə oxunmalıdır?

4. Tərtil nə deməkdir?

5. Qur᾿anın mə᾿na və məfhumunu dərk etməyin əhəmiyyətini bəyan edin.

ƏLLİ YEDDİNCİ DӘRS

DUA VӘ ZİYARӘTİN ӘHӘMİYYӘTİ

Bu dərsimizdə hər şeydən əvvəl aşağıdakı suala cavab tapmaq istəyirik:

İnsanın Allah dərgahına üz tutub, dua edib ehtiyaclarını diləməsi islam dinində nə kimi əhəmiyyət kəsb edir?

Belə bir tanışlıqdan sonra duanın dəyər və fəziləti haqda söhbət açacaq, daha sonra müqəddəs övliyaların sağ olduqları zaman və dünyalarını dəyişdikdən sonra qəbirlərinin ziyarət olunması haqda danışacağıq.

DUA

Allah dərgahında edilən duaların nə kimi əhəmiyyət kəsb etdiyini bilmək üçün, hər şeydən əvvəl bu məzmunda nəql olunmuş bir neçə hədisə diqqət yetirək.

Peyğəmbər (s) buyurur:

«Dua ibadətin cövhəridir. Onunla kimsə çətinliyə düçar olmur».[418]

Başqa bir hədisdə buyurur:

«Duanı tərk etmək Allaha itaətsizlik deməkdir».[419]

Әli (ə) buyurur:

«Allah dərgahında gördükləri işlərin ən sevimlisi insanların dua etmələridir.»[420]

İmam Məhəmməd Baqir (ə) buyurur:

«Mənə ibadət etməyi öz qürurlarına sığışdırmayanlar Cəhənnəmə zəlil olduqları halda girəcəklər» ayəsindən məqsəd ibadətdir və dua ibadətlərin ən yaxşısıdır».[421]

İmam Məhəmməd Baqir (ə)-ın səhabələrindən biri ondan soruşur: «İbadətin daha fəzilətlisi hansıdır?» Buyurur: «Allah dərgahında duadan daha fəzilətli ibadət yoxdur, ən mənfuru isə Ona qarşı təkəbbürlü olub ehtiyacların Onun dərgahından dilənilməməsidir.»[422]

Mə᾿sum imamların (ə) kəlamlarından belə bir qənatə gəlmək olur ki, duanın islam dinində xüsusi yeri vardır. Çünki, insan xilqətində olan ilahi istək və iradə onun səadət və kamala çatmasından irəli gəlir. Bu isə yalnız Allaha saf niyyətli ibadətlə mümkündür. Allah-taala Qur᾿ani-kərimdə buyurur:

«Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!»

Bir qədər əvvəldə bunun şahidi olduq ki, Peyğəmbər (s) duanı ibadətin cövhəri və islam dininin ayrılmaz bir hissəsi hesab etmişdir.

Ümumiyyətlə, insan kiməsə ehtiyac duyduqda istək və ehtiyaclarını tə᾿min etmək üçün ona üz tutur, ehtiyac duymadıqda isə təbii ki, ehtiyaclarının tə᾿min olunması heç bir mə᾿na kəsb etməyəcəkdir. Bunun üçün də insan bilməlidir ki, o bir varlıq kimi tamamilə Allaha möhtacdır. Onun ixtiyarında mövcud olan və ehtiyac duyduğu bütün şeylər Allahın əlindədir. Fatir surəsinin 15-ci ayəsində deyilir:

«Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə [heç nəyə, o cümlədən sizin ibadətinizə] möhtac deyildir və hər cür şükrə, tə᾿rifə layiqdir!...»

İnsan bu həqiqəti dərk etdiyi andan Allaha üz tutur və Ona möhtac olduğunu iqrar edir. Allaha möhtac olduğuna inanmadıqda isə, qürur hissi onu Allaha ibadət etməkdən çəkindirir. Bunun üçün də Allah-taala Ğafir surəsinin 60-cı ayəsində bu kimi şəxslərin Cəhənnəm əzabına düçar olacaqlarını belə bəyan edir:

«Rəbbiniz buyurdu: Mənə dua edin. Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!»

Yə᾿ni, əgər Allah dərgahına dua etmirsinizsə, bu sizin özünüzü Ondan ehtiyacsız hiss etmənizdən irəli gəlir. Buna da səbəb olan sizin qürur və təkəbbürünüzdür.

Allah-taala Qur᾿ani-kərimin bir çox ayələrində insanların Onun dərgahına üz tutub dua etmələrini əmr edir. Ә᾿raf surəsinin 56-cı ayəsində deyilir:

«...Allaha həm qorxu, həm də istəklə [ümidlə] dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır».

Ğafir surəsinin 14 və 60-cı ayələrində də deyilir:

«...Allaha, dini yalnız Ona aid edərək ibadət edin».

«Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! [Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!] Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlr Cəhənnəmə zəlil olaraq girəcəklər».

Peyğəmbər (s) duanın tərk olunmasını Allaha itaətsizlik hesab edir. Çünki, Allah-taala insanları dua etməyə əmr etdikdə onun ibadətlə bərabər olduğunu bildirmiş, əmrə itaətsizliyi isə «təkəbbürlük» adlandırmışdır. Demək, duanın tərk olunması Allaha itaətsizlik, Onun dərgahına üz tutaraq təvazökarlıqla istək və hacətlərin dilənməsi isə həqiqi itaət nişanələrindəndir. Bu səbəbdən də Allah-taala Özünün yaxşı bəndələrini belə vəsf edir:

«Onlar ibadət üçün yataqlarından qalxar [gecələr az yatar], qorxu və ümid içində [Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək] Rəbbinə dua edər...»

Həmçinin Allah-taala həzrət Zəkəriyyə və onun ailəsini belə vəsf edir:

«...Rəğbət və qorxu ilə [rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq] Bizə ibadət edərdilər. Onlar Bizə müt᾿i idilər».[423]

 

 

 

 

 

DUANIN İSLAM NÖQTEYİ-NӘZӘRİNDӘN DӘYӘR VӘ ӘHӘMİYYӘTİ

Peyğəmbər (s) buyurur:

«Dua mö᾿minin silahı, dinin sütunu, yer və göylərin nurudur».[424]

«Allahın qəza-qədərini duadan savayı heç bir şey qaytarmır».[425]

«Xəstələrinizi sədəqə verməklə sağaldın, dərd-bəlaların qapılarını isə dua etməklə bağlayın».

«Allah dərgahında duadan əziz şey yoxdur».[426]

Әli (ə) buyurur: «Allahın agah bəndələri o kəslərdirlər ki, Allaha çox dua etsinlər».[427]

«Dua, Rəhmət qapılarının açarı, zülmət aləminin nurudur».[428]

İmam Sadiq (ə) buyurur:

«Dua bütün dərd və bəlaların şəfası olduğu üçün sizlərə bunu tövsiyə edirəm».[429]

Başqa bir hədisdə buyurur:

«Dua nizədən daha kəsərlidir».[430]

MÜQӘDDӘS ÖVLİYALARIN ZİYARӘTİ

İnsanlar özlərinin ictimai həyatlarında vaxtaşırı bir-birləri ilə görüşür və səmimi ictimai əlaqələr bərqərar edirlər. Bütün bunlar onların qarşılıqlı dostluq və mehr-məhəbbətindən irəli gəlir. Bir-birlərinin görüşünə gedən insanlar, biri digərinə öz istək və qayğısını bildirir və beləliklə, onların arasında sinfi və ya siyasi, fikir və həmkarlıq münasibətləri bərqərar olunur. Eyni zamanda müxtəlif qrup və təşkilatlar halında bir-birləri ilə görüşlər keçirir və qarşılıqlı olaraq özlərinin maddi-mə᾿nəvi ehtiyaclarını tə᾿min edirlər. Ümumiyyətlə, insanların bir-birləri ilə görüş keçirmələri üç əsas məqsəd daşıyır:

1. Məhəbbət, ünsiyyət və dostluq münasibətlərin genişlənməsi;

2. Fikri, sinfi və sair əlaqələrin bərqərar olunması;

3. Maddi-mə᾿nəvi faydalar.

Bu kimi əlaqələr din alimləri arasında da mövcuddur, çünki onlar cəmiyyətin dini əsaslarına yiyələnən ən qabaqcıl təbəqədir və belə bir mə᾿nəvi əlaqə bərqərar olduğu üçün onlar Allaha yaxın olan kəslərdir. Camaat onlarla ünsiyyətdə olmaqla dinə olan rəğbət hisslərini və din alimləri ilə yaratdıqları həmrə᾿yliyi büruzə vermiş və bununla da öz mə᾿nəvi ehtiyaclarını aradan qaldırmış olurlar.

Bu kimi əlaqələrin bərqərar olunması islam mədəniyyətində «Ziyarət» adlanır. Bütün əsr və dövrlərdə din alimlərinin və müqəddəs övliyaların ziyarəti lazım və müstəhəb əməllərdən olsa da, Peyğəmbərin (s) və Mə᾿sum imamların (ə) ziyarəti daim daha böyük əhəmiyyət kəsb etmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, onların sağlığında yaşayan şəxslər, keçirdikləri görüşlərdən mə᾿nəvi yüksəlişə nail olmuşlar. Sonrakı dövrlərdə yaşayan müsəlmanlara isə bu, onların qəbrlərini ziyarət etməklə müyəssər olmuşdur. Nəql olunmuş bir çox rəvayət və hədislərdə bu məsələyə xüsusi diqqət yetirilmiş və müsəlmanlara bu müqəddəs ziyarətgahları ziyarət etmələrinə dəyərli tövsiyələr edilmişdir. Bu məzmunda hədislərin bir qismini nəzərdən keçiririk:

Peyğəmbər (s) buyurur:

«Sağlığımda və vəfat etdikdən sonra məni ziyarət edənləri qiyamət günü şəfaət edərəm».[431]

«Harada olmasına baxmayaraq, kim mənə salam verərsə, mən onun cavabını verərəm. Qəbrimin qarşısında mənə salam verənləri də eşidərəm».[432]

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Sizlərdən həccə gedən hər bir şəxs öz əməllərini bizi [Әhli-beyti] ziyarət etməklə başa vursun. Әgər belə edərsə, Həcc ziyarətini təkmil (tamamlamış) olur.»[433]

Bunun üçün də mö᾿minlər harada olurlarsa olsunlar, qəlbən Peyğəmbər (s) və onun Mə᾿sum Әhli-beytinə (ə) bel bağlamalı, onlara olan sevgi və məhəbbətlərini öz sədaqətləri ilə büruzə verməlidirlər. Beləliklə, onlar Allahın ən sevimli övliyalarının sevgi, razılıq və axirət dünyasında verəcəkləri şəfaətə nail olarlar. İlahi övliyalar Allaha hamıdan yaxın və Onun ən sevimli bəndələri olduqları üçün insanlar eyni zamanda onlara təvəssül edərək özlərinin maddi-mə᾿nəvi ehtiyaclarını da tə᾿min edə bilərlər.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Nəql olunmuş hədis və rəvayətlərdə dua nə üçün ibadətin cövhəri hesab olunur?

2. İstək və ehtiyacların büruzə verilməsinin ibadətlə nə kimi bağlılığı vardır?

3. Nəql olunmuş hədislərə diqqət yetirərək duanın verdiyi nəticələri bəyan edin.

4. İnsanın keçirdiyi görüşlər hansı məqsədlər daşıyır?

5. Müqəddəs övliyaların ziyarət olunması nə kimi səmərə verir?

ƏLLİ SӘKKİZİNCİ DӘRS

DUA VӘ ZİYARӘTİN QAYDALARI

1. DUA

ALLAHI TANIMA

Dua edən hər bir şəxs Aləmlərin Rəbbi və hər şeyə qadir olan Allaha iman gətirməlidir.

Peyğəmbər (s) bu haqda buyurur:

«Allah-taala buyurur: Kim Məndən bir şey istəsə, xeyir və zərərin Mənim əlimdə olduğunu bilsə, duasını qəbul edərəm».[434]

İmam Kazim (ə) buyurur:

«Səhabələr imam Sadiq (ə)-dan soruşdu: Nə üçün etdiyimiz dualar qəbul olunmur?

İmam (ə) buyurdu: Çünki tanımadığınız şəxsi çağırırsınız!?»[435]

2. ALLAHA ÜMİD BӘSLӘMӘLİ

Bir qədər əvvəl «Allaha həm qorxu, həm də istəklə [ümidlə] dua edin» ayəsinə işarə etdik.

Yə᾿ni, əgər Allaha ümid bəsləyirsinizsə bilin ki, O, istəklərinizi həyata keçirəcəkdir.

Peyğəmbər (s) buyurur:

«Dualarınızın qəbul olunacağını yəqin etdiyiniz bir halda Allahı çağırın».[436]

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Dua etdiyiniz zaman belə güman edin ki, hacətiniz evinizin kənarında hazırdır». (Yə᾿ni qəbul olunacağını yəqin bilin).[437]

3. DİGӘR VASİTӘLӘRӘ ÜMİD BӘSLӘMӘMӘLİ

Dua edən şəxs öz hacətini Allahdan dilədiyi zaman yalnız və yalnız Ona ümidvar olmalı və digər vasitələrə ümid bəsləməməlidir. İmam Cə᾿fər Sadiq (ə) buyurur: «Dualarınızın Allah dərgahında qəbul olunmasını istəyirsinizsə, yalnız Ona ümidvar olun və camaata əsla ümid bəsləməyin».[438]

4. QӘLBİN HÜZURU

Dua edən hər bir şəxs Allah dərgahına saf niyyətlə üz tutmalı və öz istəklərini səmimi qəlb ilə çatdırmalıdır. İmam Cə᾿fər Sadiq (ə) buyurur: «Allah, qəflət içində olan qəlblərdən duaları qəbul etməz. Elə isə Allah dərgahına dua etdiyiniz zaman qəbul olunacağını yəqin bilin».[439]

5. AH-NALӘ

Dua edərkən insanın Allah qorxusundan ağlayıb ah-nalə etməsi, onun aləmlərin Rəbbinə möhtac olduğuna dəlalət edir. İnsan belə etməklə, tam ciddiliklə istək və arzularını büruzə verə bilər. Demək, dua edən hər bir şəxs öz ehtiyacını Allah dərgahında kiçilərək ürək yanğısı ilə büruzə verməlidir. İmam Cə᾿fər Sadiq (ə) buyurur: Qəlbiniz yumşaldığı zaman dua edin, çünki qəlb saflaşmadan yumşalmır».[440]

6. DUALARI ALLAHIN ADI İLӘ BAŞLAMALI

Peyğəmbər (s) buyurur:

«Allahın adı ilə başlanan dualar rədd olunmur».[441]

Ümumiyyətlə, hər bir müsəlman özünün bütün işlərini Allahın adı ilə başlamalıdır.

7. MӘDH [TӘ᾿RİF] VӘ SӘNA

İnsan dua etməzdən əvvəl Allahı Ona layiq olan adlarla mədh və tə᾿rif etməlidir. İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Allahı mədh və tə᾿rif etmədən olunan dualar naqis və heç nəticə vermir».[442]

8. PEYĞӘMBӘR (S) VӘ ONUN ӘHLİ-BEYTİNӘ SALAVAT VӘ SALAM

Allahı gözəl adlarla vəsf etdikdən sonra yaxşı olar ki, insan həzrət Məhəmməd (s) və onun Әhli-beytinə salavat və salam göndərsin.

Peyğəmbər (s) buyurur:

«Mənə salavat və salam göndərməniz dualarınızın qəbul və əməllərinizin saflaşmasına səbəb olacaqdır.»[443]

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Peyğəmbər (s) və onun Әhli-beytinə salam və salavat göndərməyincə dualarınız Allah dərgahına ucalmır».[444]

9. PEYĞӘMBӘR (S) VӘ ONUN ӘHLİ-BEYTİNӘ TӘVӘSSÜL

Peyğəmbər (s) və onun Mə᾿sum Әhli-beyti (ə) Allahla insanlar arasında rəhmət və mərhəmət vasitəsi olduqları üçün, onlar Allah dərgahında şəfaət etməyə ən layiqli şəxslərdir. Mö᾿minlər Allah dərgahından öz hacətlərini dilədikləri zaman onların böyüklüyünə and verir və onları özləri ilə Allah arasında şəfaətçi qərar verirlər.

10. GÜNAHA İQRAR

İnsan öz istək və hacətlərini diləməzdən əvvəl özünün Allah qarşısında aciz, peşiman və günahkar olduğunu iqrar etməlidir. İmam Cə᾿fər Sadiq (ə) buyurur: «And olsun Allaha! Günahını iqrar etməyincə kimsənin günahı bağışlanmır.»[445]

11. YEMӘK VӘ MӘ᾿NӘVİ PAKLIQ

Allah-taala hədisi-qüdsidə Peyğəmbərə (s) buyurur:

«Sənin vəzifən dua etmək, Mənim üzərimə düşən isə dualarını qəbul etməkdir. Qazancı haram yolla olanlardan başqa, kimsənin duası Məndən gizli qalmır».[446]

Peyğəmbər (s) buyurur:

«Dualarının qəbul olunmasını istəyənlər yemək və qazancını halal yolla əldə etməlidirlər.»[447]

12. İSRAR

İnsan dua edərkən öz istək və arzularından tez əl çəkməməli, Allahın rəhmət dərgahından bir an da olsun, ümidini qırmamalıdır. İnsanın bu işdə israr etməsi onun Allaha tam əmin və güvənməsindən xəbər verir. İstək və arzularının qəbul olunmasına ümid bəsləməyənlərin bu soyuq rəftarı, onların Allaha e᾿timad etməmələrinə dəlalət edir. Nəql olunmuş bir çox hədis və rəvayətlərdə müsəlmanlara dualarının qəbul olunmasında mümkün qədər çox israr etmələrinə tövsiyə olunur. Peyğəmbər (s) buyurur:

«Həqiqətən dualarının qəbul olunmasında israr edənləri Allah-taala çox sevər».[448]

13. DUALAR DӘSTӘ HALINDA OLUNMALI

Yaxşı olar ki, dualar cəm və kütləvi halda olunsun. İmam Cə᾿fər Sadiq (ə) buyurur: «Atam (imam Baqir (ə)) kədərli olduğu zaman qadın və uşaqlarını başına yığıb dua edər, onlar da amin deyərdilər».[449]

14. DUA ӘMӘLLӘ BİRGӘ OLMALIDIR

Dua etməklə yanaşı, insan daim zəhmətə qatlaşmalı və imkanlarından bacardığı qədər istifadə etməlidir. Әli (ə) bu haqda buyurur:

«Әməlsiz dua kamansız oxa bənzər».[450]

15. GӘLİB ÇATAN DUALAR

Yaxşı olar ki, insan Allah dərgahına üz tutduqda Mə᾿sum imamlardan (ə) bizlərə gəlib çatmış dualardan istifadə etsin. Әn gözəl ifadələr və ən gözəl diləklər məhz onların etdikləri dua və kəlamlarında nəzərə çarpır. Kumeyl, Səbah, Әbu Həmzə Somali, Şə᾿ban ayının münacatları və bu kimi dualar hər bir müsəlmanın mə᾿nəvi saflığına müsbət tə᾿sir göstərir. Bütün bunlarla yanaşı, insan dua edərkən təharətli olmalı, dəstəmaz alıb üzü qibləyə dayanmalı, zaman və məkanının münasib olub-olmamasına diqqət yetirməlidir.

ZİYARӘTİN QAYDALARI

1. QÜSL VӘ TӘHARӘT

Müqəddəs övliyaların qəbrini ziyarət etmək istəyən şəxslər yaxşı olar ki, bədən və paltarlarının təmizliyinə diqqət yetirib qüsl alsınlar.

2. QİBLӘYӘ TӘRӘF DURMALI

Ziyarət zamanı yaxşı olar ki, ziyarətçi üzünü qibləyə tərəf tutsun.

3. ӘDӘB VӘ EHTİRAM

Müqəddəs şəxslərin özlərini ziyarət edərkən qarşılarında hörmət və ehtiram göstərildiyi kimi, qəbirlərini ziyarət etdikdə də həmin ehtiramı qoruyub saxlamalı və yüksək əxlaq nümunəsi nümayiş etdirmək lazımdır.

4. ZİYARӘTGAHLAR

Yalnız salam verməklə olsa belə, yaxşı olar ki, rəvayətlərdə qeyd olunan yerlər ziyarət olunsun.

5. ZİYARӘT NAMAZI

Ziyarət etdikdən sonra yaxşı olar ki, ziyarət niyyəti ilə iki rük᾿ət ziyarət namazı qılınsın. Bunu da qeyd edək ki, ziyarət namazları yalnız Mə᾿sum imamlar (ə) üçün qılınmalıdır.

6. QUR᾿AN TİLAVӘTİ

Ziyarət etdikdən sonra yaxşı olar ki, Qur᾿an oxunub övliyaların ruhuna hədiyyə edilsin.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Edilən dualarda Allahtanıma nə kimi rol oynayır?

2. Dua edərkən insan hansı hissləri keçirməlidir?

3. Dua etdikdə insan nə üçün başqalarından ümidini kəsməlidir?

4. Dua etməzdən əvvəl nə kimi işlər görmək lazımdır?

5. Dua edərkən nə üçün Peyğəmbər (s) və Mə᾿sum imamlara təvəssül edilməlidir?

6. Nəql olunmuş hədis və rəvayətləri nəzərə alaraq, deyin görək kimlərin duası qəbul olunmur?

ƏLLİ DOQQUZUNCU DӘRS

SӘFӘRDӘN MӘQSӘD VӘ ONUN QOYDUĞU MÜSBӘT NӘTİCӘLӘR



Geri   İrəli
Go to TOP