A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 120
Çap növbəsi: Birinci
Tirajı: 3000
  İrəli


Din təlimləri 2
Uşaqlar və yeniyetmələr üçün dərslik

OTUZ BİRİNCİ DӘRS

İSLAMDA ELM VӘ ALİMİN FӘZİLӘTİ

İslam dini həyatın bütün sahələrində olduğu kimi, təlim və təhsil sahəsində də bəzi üsul və qanunlar müəyyən etmişdir. Onlardan bəziləri müəllimlərin tədrisinə, bəziləri şagirdlərin əxlaq və davranışlarına, bəziləri də şagirdlərlə müəllimlərin qarşılıqlı münasibətlərinə aiddir.

Növbəti dərslərimizdə bu haqda ətraflı söhbət açacağıq. Lakin hər şeydən əvvəl diqqətinizi islamın elm sahiblərinə verdiyi qiymətə cəlb edirik.

QURANIN ELM VӘ ALİMLӘRӘ VERDİYİ QİYMӘT

1. Peyğəmbərə (s) nazil olan ilk ayələrdə Allah-taala yaradılışın necəliyi haqda xəbər verdikdən sonra, bəşəriyyətə bəxş olunan ilk nemətin məhz elm olmasını buyurur.

«[Ya Peyğəmbər! Qurani-kərimi bütün məxluqatı] yoxdan yaradan Rəbbinin adı ilə [Bismillah deyərək] oxu!

O, insanı laxtalanmış qandan yaratdı.

[Ya Peyğəmbər!] Oxu! Sənin Rəbbin ən böyük Kərəm sahibidir!

O Rəbbin ki qələmlə [yazmağı] öyrətdi.

O Rəbbin ki, insana bilmədiklərini öyrətdi».[1]

2. Allah-taala elm sahiblərini başqalarından üstün tutur.

«...Allah da sizdən iman gətirənlərin və [xüsusilə] elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın...»[2]

3. Hikmət sahiblərinə böyük nemət nəsib olmuşdur.

«...Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir...»[3]

Hikmətə nail olmağın yollarından biri də elm və agahlıq əldə etməkdir.

4. Quran nöqteyi-nəzərindən elm sahibləri beş xüsusiyyətə malikdirlər:

a). İman; «...Elmdə qüvvətli olanlar isə: Biz onlara iman gətirdik, onların hamısı Rəbbimiz tərəfindəndir...»[4]

b). Tövhid; «Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir...»[5]

v). Allah qorxusundan qəm-qüssə; «Ondan əvvəl elmə çatmış kəslər yanlarında Quran oxunduğu zaman üzü üstə səcdəyə qapanarlar.»[6]

q). Təvazökarlıq; Yuxarıdakı ayələrdə bu haqda danışıldı.

d). Qorxu. «...Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar...»[7]

PEYĞӘMBӘRİN (S) KӘLAMLARINDA ELM VӘ ALİMİN DӘYӘRİ

1. «Allah-taala xeyir və səadətini istədiyi şəxsləri öz dinində idrak və düşüncə sahibi edər.»[8]

2. «Ümmətimin alimləri Bəni-İsrail peyğəmbərləri ilə bərabərdirlər».[9]

3. «Alimlər peyğəmbərlərin varisləridir».[10]

4. «Göylərdə və yerdə olanların hamısı alimlərin bağışlanmasını istəyər».[11]

5. «Alimlər insanları peyğəmbərlərin gətirdikləri şəriətlə hidayət etdikləri, mücahidlər isə peyğəmbərlərin gətirdiklərinin təlim olunmasının keşiyində durduqları üçün peyğəmbərlik məqamına ən yaxın olan kəslərdir».[12]

6. «Qiyamət günü alimlərin mürəkkəbi şəhidlərin qanı ilə ölçülər».[13]

7. «Həqiqətən yer üzünün alimləri göydəki ulduzlara bənzəyərlər. Onların gecənin qaranlığında dəniz və quruda saçdıqları işıqla insanlar öz yollarına davam edər, söndükdə isə yolu azmaq təhlükəsi ilə qarşılaşarlar».[14]

8. «Allah-taala İbrahim (ə)-a vəhy edərək buyurdu: «Ey İbrahim! Həqiqətən Mən Özüm aliməm, alimləri də sevirəm».[15]

9. «Bir alimin ölümü bir qəbilənin ölümündən daha ağırdır».[16]

10. «Alimlərin məqamı abid və pəhrizkarların məqamından yetmiş dəfə ucadır. Onlar arasındakı məsafə o qədər böyükdür ki, çapar atlar bu iki məqamın arasını yetmiş ilə qət edərlər. Alimlərin onlardan üstün olmaları bundan irəli gəlir ki, abidlər ibadətlə məşğul olduqları bir halda Şeytan bidətçilik məqsədilə onları haqq yoldan azdırmaq istərkən, yayılmaqda olan bidətin qarşısını məhz alimlər alarlar».[17]

11. «Min abidin mövcud olmasına  dözmək, Şeytan üçün bir alimin mövcud olmasına dözməkdən daha asandır».[18]

12. «Allah-taala, dinini öyrənmək üçün sə᾿y edən şəxslərə güman etmədiyi yerdən ruzi verib ehtiyacsız edər».[19]

13. «Qiyamət günü üç dəstəyə şəfaət edərlər: Peyğəmbərlər, alimlər və şəhidlər».[20]

14. «Әn gözəl sədəqə odur ki, insan elm öyrənib onu müsəlman bacı-qardaşlarına da təlim etsin».[21]

15. «Mələklər, hətta qarışqa və dənizdəki balıqlar da insanlara elm öyrədib haqq yolu göstərənləri alqışlayarlar».[22]

16. «Alimlərin üzlərinə nəzər salmaq ibadətdir».[23]

17. «Alimin dünyadan köçməsi islam dinində elə bir boşluq yaradır ki, gecə və gündüzün bir-birinin yerini dəyişməsi bu boşluğu doldurmur».[24]

PEYĞӘMBӘRİN (S) KӘLAMLARINDA ŞAGİRD VӘ TӘLӘBӘLӘRӘ VERİLӘN QİYMӘT

1. «Elm öyrənmək hər bir müsəlmana vacibdir».[25]

2. «Elm Çində olsa belə öyrənin. Çünki elm öyrənmək hər bir müsəlmana vacibdir».[26]

3. «Allah-taala elm dalınca gedib onu əldə edən şəxslərə iki mükafat, elm dalınca gedib onu əldə edə bilməyənlərə isə bir mükafat bəxş edər».[27]

4. «Allahın Cəhənnəm odundan nicat tapmış şəxsləri görmək istəyənlər tələbələrə nəzər salsın. And olsun canım əlində olan Allaha! Elə bir tələbə yoxdur ki, elm əldə etmək üçün alimlərin yanına gediş-gəliş etdikləri zaman atdıqları hər bir addım bir illik ibadətin savabını qazanmamış olsun. Atdığı hər bir addımın müqabilində Cənnətdə onun üçün bir ev tikilər. Üzərinə qədəm basdığı yer belə Allah-taaladan onun bağışlanmasını istər. Gününü başa vurmaqla Allah-taala onun bütün günahlarını bağışlayıb əfv edər. Mələklər şəhadət verərlər ki, onlar Allahın Cəhənnəm odundan nicat verən kəslərdir».[28]

5. «Elmə yiyələnənlər, sanki gündüzləri oruc tutub gecələrini ibadətlə keçirərlər. Elmdən nəisə öyrənmək onun üçün Әbu Qubeys dağı boyda qızıl ehsan etməkdən daha xeyirlidir».[29]

6. «Elm məqsədilə evindən xaric olan şəxs qayıdanadək Allah yolunda olar».[30]

7. «Nadanlar arasında olan tələbə, ölülər arasında olan diriyə bənzəyər».[31]

8. «Elm öyrənərkən dünyasını dəyişən tələbə şəhadətə nail olmuş olar».[32]

9. «İslamın dirçəlişinə səbəb olan, elmə yiyələnən şəxslərlə, Cənnətdə peyğəmbərlər arasında yalnız bir dərəcə fasilə olar».[33]

10. «Mələklər tələbələrin əldə etdiklərini elmə razılıq əlaməti olaraq öz qanadlarını onların ayaqları altına salarlar».[34]

11. «Elm öyrənmək məqsədilə səfərə çıxan şəxsləri Allah-taala Cənnətin yollarından birinə hidayət edər».[35]

12. Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün Peyğəmbər (s) məscidə daxil olub orada bəzilərinin ibadət, bəzilərinin də öyrənməklə məşğul olduğunu görüb buyurur: «Onlar ibadət edib Allahı çağırır, bunlar isə elm öyrənməklə nadan və cahilləri həqiqətdən agah edirlər. Mən də Allah tərəfindən elm öyrədib həqiqəti agah etmək üçün göndərilmişəm». Peyğəmbər (s) sözlərini bitirib elm öyrənənlərə tərəf gedir».[36]

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Quranda işarə olunan elm sahiblərinin xüsusiyyətlərini sadalayıb buna dəlalət edən ayələri əzbərdən oxuyun.

2. Peyğəmbər (s) alimin hansı məqama layiq olduğunu buyurur?

3. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə kimlərin Cəhənnəm odundan nicat tapacaqlarına işarə olunur?

4. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə hansı dəlillər üzündən alimlər abid və zahidlərdən üstün hesab olunurlar?

OTUZ İKİNCİ DӘRS

İSLAMDA ELM VӘ ALİMİN DӘYӘRİ

ӘHLİ-BEYT (Ә)-DAN NӘQL OLUNMUŞ HӘDİSLӘRDӘ ELM VӘ ALİMİN DӘYӘRİ

1. Әli (ə) buyurur: «Ey camaat! Agah olun ki, dininizi yalnız elmə yiyələnməklə kamil edə bilərsiniz. Elmə yiyələnmək, sizin üçün var-dövlət əldə etməkdən daha vacibdir. Çünki, var-dövlət sizin üçün bölünmüş və hər birinizin qisməti əvvəlcədən müəyyənləşdirilmişdir. Allah onu sizin aranızda ədalətlə bölmüş və siz ona vəfalısınız. Lakin elm öz sahiblərinin yanında qorunub saxlanılır və sizlərə əmr olunmuşdur ki, onu elm sahiblərindən əldə edəsiniz. Elə isə elm əldə etməyə çalışın».[37]

2. Başqa bir hədisdə buyurur: «Elmin, var-dövlətdən yeddi üstünlüyü vardır:

a). Elm peyğəmbərlərin, var-dövlət isə fironların mirasıdır;

b). Elm verməklə azalmaz, var-dövlət isə azalıb qurtarar;

v). Var-dövləti qorumaq lazımdır, elm isə öz sahibinin qoruyucusudur;

q). Elm insanla birlikdə kəfənlənir (yəni insanla birlikdə Allahın məhzərinə çağırılır), var-dövlət isə bu dünyada qalır;

d). Var-dövləti həm kafir, həm də möminlər əldə edərlər, həqiqi elmə isə yalnız möminlər yiyələnərlər;

ğ). Dini məsələlərdə insanlar var-dövlətə deyil, alimlərə ehtiyac duyur;

e). Elm, insana sirat körpüsünü keçməkdə köməklik edər, var-dövlət isə buna mane olar (yəni, var-dövlət sahibi əldə etdiyi sərvət üçün məhşərdə Allah-taalaya hesab verməli olduğuna görə dayanmalı olur).[38]

3. «Bütün yaxşılıq və fəzilətlərin mənşəyi elmdir və elm ən yüksək fəzilətdir».[39]

4. «Elm ən gözəl mirasdır».[40]

«Elm möminlərin itirdiyi şeydir».[41]

5. İmam Zeynəlabidin (ə) buyurur: «Әgər camaat elmə yiyələnməyin nə olduğunu bilsəydilər, bütün cəfa və çətinliklərə razı olub onun ardınca gedərdi. Allah-taala Danyal peyğəmbərə vəhy edərək buyurmuşdur:

«Mənim nəzərimdə insanların ən pisi o kəsdir ki, alimlərə qarşı etinasızlıq edib onların tutduqları yolu getməsinlər. Bəndələrimdən ən sevimlisi isə böyük savaba nail olmaq istəyən alimlərin davamçıları olan pəhrizkarlardır. Onların ünsiyyətdə olduğu şəxslər alim və hikmət sahibləri olarlar».[42]

6. İmam Baqir (ə) buyurur: «Kim insanların hidayət olunmaları üçün elminin yalnız bir fəslini təlim verərsə, ona əməl etmiş şəxslərin savabını qazanar. Onların haqdan uzaq düşmələri üçün azacıq fəaliyyət göstərən şəxslər isə həmin şəxslər qədər günaha düçar olmuş olarlar».[43]

7. «Sizlərdən elmə yiyələnənlərinizin hər biri elm ardınca gedən tələbələrin savabına nail olar. Elə isə elmi, onun həqiqi sahiblərindən öyrənin, alimlər sizlərə təlim etdikləri kimi, siz də müsəlman bacı və qardaşlarınıza təlim edin».[44]

8. Әbu Nəsir, imam Sadiq (ə)-dan nəql edərək deyir: «Başqasına xeyirxah işləri öyrədən şəxs həmən işə əməl etmiş kəslərin savabını qazanmış olar. Әbu Nəsir deyir: İmam Sadiq (ə)-dan soruşdum: Әgər bir başqasına öyrətsə, yenə də savab qazanmış olur? Buyurdu: «Әgər bütün insanları öyrətsə, yenə də həmin savabı qazanmış olur». Soruşdum: Dünyasını dəyişsədə? Buyurdu: «Bəli, dünyasını dəyişsə də».[45]

ALİMİN ABİDDӘN ÜSTÜNLÜYÜ

Peyğəmbər (s) və Məsum imamlar (ə) tərəfindən nəql olunmuş rəvayətlərin bir qismində elmin ibadətdən və alimlərin abidlərdən üstün olduqları buyurulur.

1. Peyğəmbər (s) buyurur:

«Elm ibadətdən daha üstündür».[46]

2. «Elm məqsədilə el-obasını tərk edən və əldə etdiyi həmin elmlə batili haqq və zəlaləti hidayət ilə əvəz edən şəxsin gördüyü iş abidin qırx illik ibadətinə bərabərdir».[47]

3. «Elm və agahlıq ilə yatmaq, cəhl və nadanlıqla namaz qılmaqdan daha yaxşıdır».[48]

4. «Allah-taala elmə yiyələnməyi namaz, oruc, həcc və Onun yolunda cihad etməkdən daha üstün tutur».[49]

5. «Gecənin qaranlığında ay öz nuru ilə digər ulduzlardan işıqlı olduğu kimi, alim də öz elmi ilə başqalarından çox fərqlənir».[50]

6. «Allahı tanıyan şəxsin bir rükət namazı nadan insanın min rükət namazından daha üstündür».[51]

7. Әli (ə) buyurur: «Bir şəxsin həkimanə bir söz eşidib ona əməl etməsi və ya başqalarına danışması bir illik ibadətdən daha yaxşıdır».[52]

8. İmam Baqir (ə) buyurur: «Bir saat elm ilə məşğul olmaq, gecəni sübhədək ibadətlə keçirməkdən daha yaxşıdır».[53]

9. «Öz elmindən bəhrələnən alim yetmiş min abiddən daha üstündür».[54]

MӘSUM İMAMLARIN ELMӘ YİYӘLӘNMӘYӘ OLAN MÜNASİBӘTLӘRİ

Әvvəlki iki dərsimizdə Peyğəmbər (s) və Məsum imamlardan (ə) elmin əhəmiyyət və fəzilətinə dair nəql olunmuş bir çox hədis və rəvayətlərin, həmçinin onların alimlərə necə böyük qiymət verdiklərinin şahidi olduq. Lakin belə bir sual meydana gələ bilər ki, görəsən Әhli-beyt (ə) bütün alim və elmə meyl göstərən şəxslər barəsində eyni fikirdədirmi? Həmçinin onların hamısını böyük bir fəzilət və tərifə layiq bilmişlərmi? Başqa sözlə desək, elmin hər hansı sahəsində olursa olsun, təhsil alan bütün tələbələr və ya şəxslər rəvayətlərdə qeyd olunan fəzilətlərə yiyələnə bilərlərmi?

Cavabında deyirik:

Elmin bütün sahələri olduqca zəruri və vacib məsələlərdəndir. Lakin elmin bütün sahələrinə yiyələnmək hər bir müsəlmanın üzərinə düşən ən ümdə vəzifələrdən olsa da, alimlərin fəziləti haqda nəql olunmuş rəvayətlərdə yalnız din alimləri nəzərdə tutulur.

Bu haqda nəql olunmuş rəvayətlərə diqqət yetirin:

1. «Alimlərin ölümü islam dininə elə bir xəsarət vurur ki, aylar-illər ötüb keçməsinə baxmayaraq, onların yeri həmişə boş görünür».[55]

2. «And olsun Allaha! Bir alimə [elmə] dözmək İblis üçün min abidə [ibadətinə] dözməkdən daha ağırdır. Çünki abidlər yalnız özlərini, alimlər isə başqalarını düşünərlər».[56]

3. Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün Peyğəmbər (s) məscidə daxil olub bir neçə şəxsin bir nəfərin ətrafına toplaşdığını görür.

Peyğəmbər (s) onun kim olduğunu soruşduqda: Әllamədir - deyərək cavab verirlər. Soruşdu: «Hansı elmlərə yiyələnib?» Deyirlər: Cahiliyyət dövründə yazılmış şer və baş vermiş əhvalatları, habelə ərəb qəbilələrinin ulu əcdadları haqda dərin məlumatlara malikdir. Buyurur: «Onun bildikləri nə kimsəyə xeyir verir, nə də ki, onun bilmədikləri kimsəyə zərər vurur. Elm üç şeydən ibarətdir: Әqidə əsasları, əxlaq və şəriət».[57]

4. İmam Cəfər Sadiq (ə) buyurur: «Həqiqətən də alimlər peyğəmbərlərin varisləridirlər. Peyğəmbərlər özlərindən sonra irs olaraq dirhəm və dinar qoymamışlar. Onların miras qoyduqları şeylər hikmətamiz hədis və buyuruqlardır. Bu hədislərdən birini öyrənən şəxs böyük mənfəət əldə etmiş olur. Bunun üçün də kimlərdən təhsil aldığınıza diqqət yetirin. Çünki bütün nəsillərdə biz Әhli-beytin (ə) adil alimləri olur ki, hədislərimizi təhrif edən və tam fərqli olaraq mənalandıran nadan və cahillərlə mübarizə edərlər».[58]

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Әli (ə) nə üçün elm əldə etməyi, var-dövlət əldə etməkdən vacib hesab edir?

2. Әli (ə) elmlə var-dövlət arasında hansı fərqləri görür?

3. Dərsdə qeyd olunan rəvayətlərdən istifadə edərək, deyin görək nə üçün alimlər abidlərdən daha fəzilətli hesab olunurlar?

4. İslam dini bütün elmləri eyni səviyyədə dəyərləndirirmi?

OTUZ ÜÇÜNCÜ DӘRS

MÜӘLLİMLӘ TӘLӘBӘ ARASINDA QARŞILIQLI MÜNASİBӘTLӘR

Elm və elmə yiyələnməyin nə qədər əhəmiyyətli olduğunu bildikdən sonra təhsil və tədris zamanı müəllimlə şagird arasındakı qarşılıqlı münasibətlərin hansı səviyyədə olması haqda söhbət açmağı daha məqsədə uyğun hesab edirik. İslamın görkəmli alimlərindən olan Şəhid Sani (Allah ona rəhmət etsin) bu münasibətləri üç hissəyə bölür:

1. Müəllimlə şagirdlər arasındakı müştərək vəzifələr;

2. Müəllimə xas olan vəzifələr;

3. Tələbəyə xas olan vəzifələr.

Şəhid Saninin bu məsələyə olan baxışından istifadə edərək bu və növbəti dərslərimizdə müəllimlə tələbə arasında şərikli vəzifələr haqda söhbət açacağıq.

MÜӘLLİMLӘ TӘLӘBӘ ARASINDA QARŞILIQLI VӘZİFӘLӘR

İstər müəllim, istərsə də tələbə təhsil və tədris zamanı bu altı məsələyə xüsusi diqqət yetirməlidir:

1. Niyyət saflığı:

İslam, müsəlmanlara gördükləri bütün işlərin Allah dərgahında qəbul olunması üçün niyyətlərinin saf olmasını və Allaha xatir görmələrini tövsiyə edir. Çünki, görülən işlərin puçluğu və ya özünün həqiqi dəyərini tapması niyyətin saf olub-olmamasından asılıdır. Әgər niyyət saf və görülən işlər Allaha xatir və Onun razılığını qazanmaq üçün olarsa, Nəhl surəsinin 96-cı ayəsində deyildiyi kimi qoyduğu təsir əbədi olaraq qalacaqdır:

«Sizdə olan [dünya malı] tükənər, Allah dərgahında olan [axirət nemətləri] isə əbədidir...»

Bu səbəbdən də ilahi [saf] niyyət dedikdə verdiyi nəticə və dəyərinin Allahdan istənilməsi nəzərdə tutulur. Çünki biz özümüz fani bir varlıq olduğumuz kimi gördüyümüz işlərin də verdiyi nəticələr müvəqqəti və fani olacaqdır.

Qurani-kərim, Kəhf surəsinin 103-104-cü ayələrində gördükləri işlərdən pis məqsəd daşıyan şəxsləri insanların ən fasid və ziyana uğrayanı adlandırır:

«[Ya Məhəmməd!] De ki: Sizə əməlləri baxımından [axirətdə] ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?

O kəslər ki onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini [və bunun müqabilində mükafata nail olacaqlarını] zənn edirlər».

Başqa bir ayədə həyatlarında axirət dünyasının nemətlərini əldə etmək istəyənlər bol-bol nemətlər əldə edəcəklərinə, lakin dünyapərəst şəxslərin axirət dünyasında heç nə əldə edə bilməyəcəklərinə işarə olunur:

«Biz axirət qazancını [savabını] istəyənin qazancını artırar, dünya mənfəətini istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur».[59]

«Hər kəs fani dünyanı istəsə dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə [axirətdə] ona Cəhənnəmi məskən edərik. O, Cəhənnəmə qınanmış və [Allahın mərhəmətindən] qovulmuş bir vəziyyətdə daxil olar».[60]

Peyğəmbər (s), insanın əməl və rəftarında niyyətinin oynadığı rol haqda buyurur:

«Bütün işlərin etibar və dəyəri onun niyyətindən asılıdır. Hər bir şəxs əldə etdiyi şeyə hər hansı bir niyyətlə nail olur. Allah və Peyğəmbərin (s) razılığının əldə etmək məqsədilə görülən hər bir iş Allah və Onun Peyğəmbəri tərəfindən qəbul olunar və nəticədə Allaha və Onun Peyğəmbərinə qovuşar. Dünyaya meyl edən şəxslər isə ya dünya malına nail olar və ya onlara nəsib olan şey yalnız həyat yoldaşları olar. Demək hər bir şəxs nəyi nəzərdə tutmuşsa ona doğru gedib və həmin şeyə nail olar».

Bu səbəbdən də saf niyyətə nail olmaq üçün bütün işlərdə, o cümlədən elmə yiyələndikdə də hər şeydən əvvəl Allahın və Onun Peyğəmbərinin razılığını qazanmağı nəzərdə tutmalıyıq ki, gördüyümüz işlərin verdiyi nəticə uzun müddət öz səmərəsini vermiş olsun.

Peyğəmbər (s) bu haqda buyurur:

«Möminlərin qəsd və niyyətləri əməllərindən daha yaxşıdır [çünki mömin bir insan hər şeydən əvvəl Allahın və Onun Peyğəmbərinin razılığını qazanmaq niyyətində olar].

NİYYӘT SAFLIĞINA APARAN YOL

Niyyət saflığına nail olmaq üçün hər şeydən əvvəl batini paklığa diqqət yetirmək lazımdır. Allahdan qeyrisinə meyl etməməliyik və bu da yalnız Allaha xalis bəndəlik və ibadət etməklə mümkündür. Zumər surəsinin 2-3-cü ayələrində bu haqda buyurulur:

«...Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et...!

Bil ki, xalis din [sırf ibadət, təmiz itaət] ancaq Allaha məxsusdur...»

Başqa bir ayədə buyurulur:

«Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil [Peyğəmbər və Qur᾿an] gəldikdən sonra [dində] aryrılığa düşdülər [onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisə də şəkk-şübhə içində qaldı].»[61]

Başqa bir ayədə Allaha yaxınlaşmağın və əbədi səadətə nail olmağın ən başlıca şərti ibadətdə tövhid və saf niyyətli olmaqdır. Saf niyyətli ibadətin sayəsində isə əməli-saleh insanların əbədi Cənnətlə mükafatlandırılacaqları göstərilir. Kəhf surəsinin 110-cu ayəsində buyurulur:

«...Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın».

Bunun üçün də təhsildə hər şeydən əvvəl ən başlıca məqsəd, Allahın razılığını qazanmaq və dinin inkişafına xidmət etmək olmalıdır. Әks təqdirdə, əldə olunan elmin nəinki heç bir dəyəri olmayacaq, əksinə insanı əbədi Cəhənnəm əzabına da düçar edəcəkdir.

Peyğəmbər (s) bu mətləbə işarə edərək buyurur:

«Allahın razılığına səbəb olan elmlərdən birini dünyəvi hədəf və məqsədlər üçün öyrənən şəxslər qiyamət günü Cənnətin iyini də duymazlar».[62]

Başqa bir hədisdə buyurur:

«Allahdan qeyrisi üçün və Ondan başqasının istək və razılığına xatir elm öyrənən şəxslər Cəhənnəm oduna düçar olarlar».[63]

Həmçinin buyurur:

«Alimlərlə mübahisə aparıb nadan və cahillərin qarşısında öyünmək və ya camaatın nəzərini özünə cəlb etmək məqsədilə elm öyrənən şəxsləri Allah-taala Cəhənnəm oduna daxil edər».[64]

«Alimlərlə mübahisə aparıb nadan və cahillərin qarşısında öyünmək və camaatın nəzərini özünə cəlb etmək məqsədilə elm öyrənməyin. Elm öyrənməklə Allahın dərgahında olan ne᾿mətlərə nail olmağa çalışın. Çünki, Allah dərgahında olanlar sonsuz və əbədidir. Sadə geyinib gecələri ibadətlə keçirin. Belə etsəniz dünya sakinləri sizləri unutsa da, evlərin zinət və hidayət çırağına çevrilib Allah dərgahında əbədi olaraq şöhrət tapacaqsınız».[65]

«Bu dörd şeyə görə elm öyrənən şəxslər Cəhənnəm əzabına düçar olarlar:

1. Alimlərlə mübahisə aparmaq;

2. Nadan və cahillərin qarşısında öyünmək;

3. Camaatın nəzərini özünə cəlb etmək;

4. Yiyələndiyi elmin vasitəsilə hakim və əmirlərdən (dövlət başçılarından) pul və var-dövlət əldə etmək.[66]

«Elm artdıqca dünya malına meyl edən şəxslər Allahdan bir o qədər uzaq düşərlər».[67]

Әli (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:

«Elm və var-dövlət əldə etmək istəyənlər doymağın nə olduğunu bilməzlər. Allahın bəxş etdiyi ruziyə qane olanlar daim əmin-amanlıq içində olar, tövbə etməyib daim haram yeyənlər isə özlərini həlak edərlər. Elmi, həqiqi elm sahiblərindən öyrənib ona əməl edənlər uğur qazanar, elmi yalnız dünya məqsədi ilə öyrənənlər isə ondan yalnız dünyada bəhrələnərlər».[68]

İmam Sadiq (ə) bu haqda buyurur:

«Bilin ki, dünya malına meyl edən alimlər dinlərində süstlüyə yol vermişlər. Çünki, insan adətən onu əhatə edən şeyə məhəbbət göstərir». Sonra sözlərinə davam edərək buyurur:

«Allah-taala həzrət Davud (ə)-a belə bir vəhy etdi:

«Dünya malına aldanan alimlərə meyl etmə. Belə olduqda səni Məndən uzaq salarlar. Dünyapərəst alimlər əməli-saleh bəndələrimin var-dövlətlərini qarət etmiş oğrulardırlar. Onlara verdiyim cəzaların ən yüngülü Mənimlə etdikləri münacatların (duaların) şirinliyini qəlblərindən çıxarmağım olacaqdır».

Həmçinin imam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:



  İrəli
Go to TOP