A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 1 (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 144
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Peyğəmbər (s) bu haqda buyurur:

Xəstlərin görüşünə getdiyiniz zaman əlinizi onların üzərinə qoyub səhhətini və gecəni sübhədək necə yatdıqlarını xəbər alın. Istər gəldikdə, istərsə də ayrılıb getdikdə əl-ələ verib onlarla salamlaşın.[239]

Xəstələrinizi vaxtaşırı yoluxub onlar üçün dua edib, deyin: Ilahi! Onu dərd və bəladan uzaq et və Özün ona şəfa, sağlamlıq bəxş et».[240]

4. Xəstələrə ürək-dirək verib onların ruhiyyələrinin qaldırılması;

Peyğəmbər (s) bu haqda buyurur:

Xəstələrin görüşünə getdiyiniz zaman onlara ürək-dirək verib sağalmağına ümidvar idin. Bu heç nəyi dəyişməsə də onlarda ruhi arxayınçılığa səbəb olur.[241]

5. Ev sahibindən təm-təraqlı süfrə açmasını gözləməməli, əksinə onları imkan daxilində bu işdən çəkindirməyə çalışmaq lazımıdır.

Nəql olunmuş rəvayətlərdən birində deyilir:

Peyğəmbər (s) mö᾽minləri xəstələrin yanında yeyib-içməyi qadağan edər və bunu onları savabdan məhrum etdiyini bildirərdi.[242]

DӘRSIN XÜLASӘSI

Xəstələrin görüşünə gedib onların qəlblərinə sevinc bəxş etmək islam dininin müsəlmanlara tövsiyə etdiyi ictimai məsələlərdən biridir. Belə ki, bu ilahi vəzifə müsəlmanların üzərlərinə qoyulmaqla yanaşı, bu xeyirxah işə sövq edilərək əbədi cənnət və oranın tükənməz ne᾽mətlərinə nail olacaqlarına və᾽də verilmişdir. Xəstələrin görüşünə gedərkən bir neçə mühüm şərtə riayət etmək lazımdır. Әn başlıca şərtlərdən biri xəstə üçün xeyirli olan qida məhsulları tədarük görmək, xəstənin yanında çox yubanmamaq, səhhətini soruşmaq, onun üçün dua edib toxtaqlıq vermək və nəhayət ev sahibindən qonaqlıq gözləməməkdir.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Xəstələrin görüşünə getmək nə üçün onların qəlblərinə sevinc bəxş etmək hesab olunur?

2. Müsəlmanların üzərinə düşən bu ağır və ilahi vəzifə nə kimi müsbət nəticələr verir?

3. «Allahın görüşünə getmək» deyildikdə nə nəzərdə tutulur?

4. Görüş zamanı riayət olunması lazım olan şərtləri ixtisarla izah edin.

ON SӘKKIZINCI DӘRS

MÜSӘLMANLARIN SEVINC VӘ KӘDӘRINDӘ ŞӘRIK OLMAQ

Mö᾽minlər öz sevinclərini bir-birləri ilə bölüşdürdükləri kimi, qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında, dərd-qəmlərində də bir-birləri ilə həmrə᾽y və şərik olmalıdırlar.

Ümumiyyətlə həqiqi dostluq və qardaşlıq yalnız o zaman özünü büruzə verir ki, müsəlman bir şəxs öz müsəlman qardaşının sevincində sevinc və fərəh, dərd-qəmində isə kədər hissi keçirmiş olsun. Әvvəlki dərsimizdə işarə etdiyimiz kimi belə bir gözəl xüsusiyyət mö᾽minlərin qəlblərinə sevinc və şadlıq gətirir.

Həyatımızda sevinc və kədərə səbəb olan bir çox hadisələr baş verir. Bu kimi hallarda adətən başqalarının bizimlə həmrə᾽y və şərik olmasını istəyirik. Çünki onların sevinc və kədərimizdə şərik olmaları bizə mə᾽nəvi rahatlıq verir. Bu səbəbdən də başqalarının bizim sevinc və kədərimizdə şərik olmalarını istədiyimiz kimi, biz də onlara qarşı həmin münasibətdə olmalıyıq. Yə᾽ni, sevinclərində şad, qəm-qüssələrində isə kədərli olmalıyıq. Ümumiyyətlə bir tərəfli münasibətin müsbət nəticə verməsi qeyri-mümkündür. Çünki biz başqalarından bu kimi münasibət gözlədiyimiz kimi, onlar da bizdən qayğı və mərhəmət umur, qarşılıqlı münasibətlər onlara da belə tə᾽sir bağışlayır.

Nəql olunmuş rəvayətlərdə müsəlmanların qarşılıqlı münasibətləri, onların bir-birlərinin qayğılarına qalmaları «uxuvvət»—yə᾽ni qardaşlıq adlandırılır. Həyatın bütün sahələrində ədalət və bərabərlik əsas me᾽yar götürüldüyü kimi, müsəlmanlar bir-birlərinin sevinc və kədərlərində də bu me᾽yarı əsas tutmalı və aralarındakı qardaşlıq əlaqələrini daha da gücləndirməlidirlər.

Burada iki mühüm mətləbə işarə etmək yerinə düşərdi:

1. Də᾽vəti qəbul etmək;

Hər bir müsəlmanın üzərinə düşən vəzifələrdən biri də müsəlman qardaşının də᾽vətini qəbul etməsidir. Nəql olunmuş rəvayətlərdə müsəlmanların bir-birlərinin də᾽vətini qəbul etmələri «haqq» adlandırılır. Imam Cə᾽fər Sadiq (ə) bu haqda buyurur:

«Müsəlman bir şəxsin üzərinə düşən vəzifələrdən biri də müsəlman qardaşı də᾽vət etdiyi zaman onun də᾽vətini qəbul etməsidir».[243]

Başqa bir rəvayətdə isə də᾽vətin qəbul olunmaması müsəlman qardaşına qarşı cəfa və hörmətsizlik kimi göstərilir. Imam Cə᾽fər Sadiq (ə) atasından Peyğəmbərin (s) buyuruqlarından birini nəql edərək deyir:

«Bu üç şey [müsəlmana qarşı] cəfa və hörmətsizlik hesab olunur: Də᾽vəti qəbul etməmək və ya qəbul edib süfrədən bir şey yeməmək.....»[244]

Başqa bir rəvayətdə buyurur:

«Hər bir mö᾽min şəxsin üzərinə düşən vacib vəzifələrdən biri də müsəlman qardaşının də᾽vətini qəbul etməsidir».[245]

Göründüyü kimi, nəql olunmuş rəvayətlərdə də᾽vətin qəbul olunmasının zəruriliyindən söhbət açılır. Çünki, olunan də᾽vətlər müxtəlif məqsədlər daşıya bilər. O cümlədən borc istəmək, əmanət vermək və ya hər hansı bir əşyanı müvəqqəti istifadə üçün təhvil alınmasını buna misal göstərmək olar. Lakin bir çox hallarda qonaqlıq təşkil olunan ziyafətlər və bu qonaqlıqlarda iştirak etmək nəzərdə tutulur. Təbii ki, bir şəxs qonaqlıq təşkil etdiyi zaman özünü zəhmətə salır və nəzərdə tutduğu şəxslərin sayına müvafiq olaraq müəyyən qədər xərc çəkməli olur. Bir sözlə o, də᾽vət etdiyi şəxslərin məclisdə iştirak edəcəyini nəzərə alıb lazımı tədarük görür. Də᾽vət olunan şəxslərin məclisdə iştirak etmələri bir tərəfdən ev sahibinin sevincinə, digər tərəfdən isə ona göstərilən hörmət və qayğıya dəlalət edir. Bunun üçün də həm mö᾽min bir şəxsin sevinci, həm də qarşılıqlı hörmət və ehtiramın artması üçün üzürlü səbəblər istisna olmaqla ev sahibinin də᾽vəti qəbul olunmalıdır. Də᾽vətin qəbul olunmasının böyük əhəmiyyət kəsb etdiyi Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə özünü bir daha büruzə verir:

«Ümmətimin burada olan və olmayanlarına tövsiyə edirəm ki, müsəlman qardaşlarının də᾽vətini qəbul etsinlər. Aranızdakı məsafə beş mil olsa belə (bir mil=900 metrə), də᾽vəti qəbul edib məclisdə iştirak edin. Çünki bu, dinin yarısıdır».[246]

Başqa bir rəvayətdə buyurur:

«Də᾽vəti qəbul etməyən şəxs sanki Allahın və Peyğəmbərin (s) itaətindən çıxmışdır. Yalnız dövlətlilər iştirak etdikləri məclislərə edilən də᾽vətlərin qəbul olunması məkruh və bəyənilməzdir».[247]

Hədisdə mö᾽minlərin də᾽vətinin qəbul olunmaması Allaha və Peyğəmbərə (s) itaətsizlik kimi qələmə verilir. Bunun isə mə᾽na və məfhumu bundan ibarətdir ki, mö᾽minlərin də᾽vətlərinin qəbul olunması eyni zamanda Allahın əmrinə itaət etmək deməkdir.

Peyğəmbərin (s) müsəlmanlara tövsiyə etdiyi şeylərdən biri də yalnız varlıların iştirak etdiyi məclislərdə iştirak etməməkdir. Belə ki, bəşəriyyətin son ilahi mənbəyi olan islam dini, maddi dəyərlər və insanların tutduqları dünyəvi mövqe baxımından bir-birlərinə fəxr etmələrini qətiyyətlə rədd və batil hesab edir. Üstünlük me᾽yarı varsa, o da insanların təqva və mə᾽nəviyyatıdır. Nə var-dövlət, nə də ad-san islam dinində insanlar üçün üstünlük me᾽yarı hesab olunmur.

Bütün bunları nəzərə alaraq, Peyğəmbər (s) məclislərə yoxsul təbəqənin də də᾽vət olunmasını tə᾽kid edir və səhabələrə var-dövlət, ad-san xatirinə təşkil olunan məclislərdə iştirak etməmələrini tapşırır.

Bir anlıq tarixə nəzər saldıqda, Peyğəmbərin (s) sadiq davamçıları olan Әhli-beytin (ə) bu məsələyə xüsusi diqqət yetirdiklərinin şahidi oluruq. Belə ki, Әli (ə) Bəsrə valisinin (Osman ibni Huneyf) belə bir qonaqlığa də᾽vət olunduğunu və onun bu də᾽vəti qəbul etdiyini eşitdikdə bərk narahat olur və göndərdiyi məktubda ona ciddi xəbərdarlıq edərək buyurur:

«Ey Huneyfin oğlu! Eşitdim Bəsrənin cavanları səni ziyafətə də᾽vət etmiş və orada rəngarəng yeməklər tədarük görmüşlər. Güman etməzdim ki, fəqirləri qapısından qovan və yalnız oraya dövlətlilər üçün ziyafət təşkil edən şəxslərin də᾽vətini qəbul edəsən».[248]

Bu haqda [qonaqlıq] növbəti dərsimizdə söhbət açacağıq. Haqqında danışdığımız məsələ də᾽vətin qəbul olunmasıdır. Peyğəmbərdən (s) nəql olunmuş hədisə və Әli (ə)-ın məktubuna işarə etməkdən məqsəd də᾽vətin qəbul olunmasının zəruriliyini göstərmək idi.

2. Başsağlığı vermək və dəfn mərasimində iştirak etmək:

Mö᾽minlərin üzərinə düşən vəzifələrdən biri də [müsəlman qardaşlarının] dəfn mərasimində iştirak etməkdən ibarətdir. Mə᾽sum imamlardan (ə) nəql olunmuş rəvayətlərdə dəfn mərasimlərində iştirak etmək və dünyadan köçmüş şəxsin qohum-əqrəbasına başsağlığı vermək haqda dəyərli tövsiyə və məsləhətlər verilmişdir. Bu rəvayətlərin böyük bir hissəsi müsəlmanları dünyasını dəyişmiş şəxsin qüsl və kəfən edilib dəfn olunmasında yaxından iştirak etməyə sövq edir və onlara bunların müqabilində böyük axirət mükafatına nail olacaqları müjdəsi verir. Belə ki, islam fiqhində bu kimi məsələlər «vacibi-kifayi» adlanır. Burada Әhli-beyt (ə) tərəfindən nəql olunmuş bir neçə rəvayəti gətiririk və xahiş edirik ki, onların məzmununa bir qədər dərindən diqqət yetirəsiniz.

Imam Baqir (ə) buyurur:

«Müsəlman bir şəxsin dəfn mərasimində iştirak edən şəxslər qiyamət günü dörd şəfaətə nail olarlar. O, dünyadan köçmüş şəxs üçün hər nə dua edərsə, Mələk [ona] belə cavab verər: Dediklərin sənə də aid olsun».[249]

Imam Cə᾽fər Sadiq (ə) buyurur:

«Kim müsəlman bir şəxsi qəbr evinə qədər müşayiət edərsə, Allah-taala yetmiş min mələyi onun ardınca göndərər və [qiyamət günü] qəbrdən çıxdıqda Allah-taaladan onun bağışlanmasını diləyərlər».[250]

«Mö᾽min bir şəxsin dəfn mərasimində iştirak edən şəxsin iyirmi beş böyük günahı bağışlanar».[251]

Imam Sadiq (ə) özünün sadiq səhabələrindən olan Xəysəməyə tövsiyə edərək buyurur:

«Ey Xəysəmə! Dostlarımıza salam çatdır və onları O böyük Allahın haram etdiyi şeylərdən çəkinmələrini və dünyasını dəyişən müsəlman qardaşlarının dəfn mərasimlərində iştirak etmələrini tövsiyə et».[252]

Imam Baqir (ə) buyurur:

«Mö᾽min bir şəxs öz mö᾽min qardaşına qüsl verib çevirdiyi zaman bu duanı edərsə, «Ilahi! Bu mö᾽min bəndənin ruhunu bədənindən çıxarıb ruhu ilə bədəni arasında fasilə qərar verdin. Elə isə ona rəhm et və bağışla!» Allah-taala da onun bir illik böyük günahlarını bağışlayar».[253]

Imam Sadiq (ə) buyurur:

«Allah-taala bir mö᾽minə qüsl verib əmanətini qoruyan şəxsin günahlarını bağışlayar. Imam Sadiq (ə)-dan əmanət dedikdə nəyi nəzərdə tutduğunu soruşduqda, buyurdu: «Onda gördüklərini başqalarına söyləməmək».[254]

Imam Həsən Müctəba (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:

«Münafiq və ata-ananın üzünə ağ olan şəxslər istisna olmaqla, Allah-taala mö᾽min bir şəxsə meyit namazı qılan şəxslərə cənnəti vacib edər».[255]

Imam Sadiq (ə) atasından və o da Peyğəmbərdən (s) nəql edərək buyurur:

«[Müsəlmana] meyit namazı qılan şəxslərə yetmiş min mələk namaz qılar və Allah-taala onun günahlarını bağışlayıb əfv edər. Әgər dəfn olunmasını gözlərsə, atdığı hər atdıma görə Ühüd dağı boyda savaba nail olar».[256]

Müsəlmanların dəfn mərasimində iştirak etmək və bunun savab və fəzilətləri haqda nəql olunmuş rəvayətlərin bir qismi ilə tanış oldunuz. Bunu da bilməliyik ki, savab, görülən işin əhəmiyyəti müqabilində verilir. Bunun üçün də hər bir müsəlman gördüyü hər bir xeyirxah işin əhəmiyyətini dərk edib, onu Allaha xatir və məhz Onun razılığını əldə etmək üçün həyata keçirməlidir.

Müsəlmanların üzərinə düşən digər ilahi vəzifələrdən biri də dünyasını dəyişmiş mö᾽min qardaşlarını xoş xatirələrlə yad etmək, Allah-taaladan onun bağışlanmasını diləmək, vaxtaşırı qəbrini ziyarət etmək və yaxın qohum-əqrəbasına baş sağlığı verməkdən ibarətdir.

Mə᾽sum imamlardan (ə) və Peyğəmbərdən (s) bu məzmunda nəql olunmuş bir neçə rəvayətə diqqət yetirin. Peyğəmbər (s) buyurur:

«Matəm sahiblərinə toxtaqlıq verən şəxslər onun özü qədər savab qazanar».[257]

«Yaxınlarını itirmiş mö᾽min qardaşına toxtaqlıq verən şəxslərə Allah-taala qiyamət günü böyük mükafat verər».[258]

Әli (ə) buyurur:

«Allah-taala övladını itirmiş anaya toxtaqlıq verən şəxslərə pənah veriləcək yer olmayan zaman [qiyamət günü] Öz ərşinin kölgəsində sığınacaq verər».[259]

Başqa bir rəvayətdə buyurur:

«Dünyadan köçmüş [müsəlman bacı və qardaşlarınızın] qəbrlərini ziyarət edin. Çünki onlar sizin gəlişinizdən sevinəcəklər. Hər kimin hacət və diləyi olsa, ata-anasının qəbrlərini ziyarət etdikdən sonra Allah-taaladan dualarının qəbul olunmasını istəsin».[260]

Rəvayətlərdən birində deyilir:

«Imam Sadiq (ə)-ın səhabələrindən biri o həzrətdən soruşur: Valideyinlərimizin və qohum-əqrəbalarımızın qəbrlərini ziyarət etməyimizin onlara bir xeyiri varmı?

Imam Sadiq (ə) həmin şəxsin cavabında buyurdu: «Bəli! Verilən hədiyyələr sizi sevindirdiyi kimi, sizin də onların qəbrlərini ziyarət etməyiniz onlara sevinc bəxş edir».[261]

DӘRSIN XÜLASӘSI

Mö᾽minlərin üzərinə düşən digər vəzifələrdən biri də öz müsəlman qardaşlarının də᾽vətini qəbul edib onların şadlıq və matəm mərasimlərində, habelə kəfən və qüsl edilib dəfn olunmasında iştirak edərək matəm sahiblərinə toxtaqlıq vermələridir.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Mö᾽minlərin də᾽vətinin rədd olunması nə üçün onlara qarşı hörmətsizlik hesab olunur?

2. Peyğəmbər (s) kimlərin də᾽vətinin qəbul olunmamasını tövsiyə edir?

3. Dünyasını dəyişmiş mö᾽minlərlə əlaqədar üzərimizə nə kimi vəzifələr düşür?

4. Matəm sahiblərinə qarşı üzərimizə nə kimi vəzifələr düşür?

5.  Dünyalarını dəyişən mö᾽minləri sevindirmək olarmı?

ON DOQQUZUNCU DӘRS

GÖRÜŞ VӘ QONAQLIQ

Mö᾽minlərin vaxtaşırı bir-birlərinin görüşünə gedib hal-əhval tutmaları islam dininin tövsiyə etdiyi digər ünsiyyət növlərindən biridir. Müsəlmanlar bir-birlərinə yaxın olduqları halda vaxtaşırı görüşüb hal-əhval tutmalı və gündəlik işlərində bir-birləri ilə həmkarlıq etməyə çalışmalıdırlar. Çünki, fasilə düşdükdə dostluq əlaqələri getdikcə soyuyur, qəlblər bir-birindən uzaq düşür və nəhayət ayrılıq onların arasında adi hala çevrilir. Dostlar bir-birlərindən uzaq məsafədə yaşadıqda isə məktub, telofon və sair vasitələrlə əlaqə saxlayaraq aralarındakı dostluq və səmimiyyətin daha da güclənməsinə çalışmalıdırlar. Müqəddəs islam dini dostluq və səmimiyyətə böyük əhəmiyyət verdiyi üçün bu məsələyə xüsusi diqqət yetirməyə tə᾽kid etmiş, hətta müsəlmanların bir-birlərinin görüşünə getmələrini Allahın görüşünə getmək kimi qiymətləndirmişdir.

Peyğəmbər (s) bu haqda buyurur:

«Zəruri bir işi olmamasına baxmayaraq, mö᾽min qardaşının evinə gedərək onları ziyarət edən şəxs Allah zəvvarlarından (ziyarət edənlərdən) sayılar. Allah isə öz zəvvarlarını daim əziz tutur».[262]

Başqa bir hədisdə buyurur:

«Mö᾽min qardaşlarının evinə onları görmək üçün gedən şəxslərə Allah-taala belə xitab edər: Sən Mənim qonağım və Mənim ziyarətçimsən. Bunun üçün də səni Mən qarşılamalıyam. Mö᾽min qardaşına sevgi və məhəbbət göstərdiyin üçün bil ki, cənnəti sənə vacib etdim».[263]

Imam Sadiq (ə) buyurur:

«Allaha xatir mö᾽min qardaşlarının görüşünə gedən şəxslərə Allah tərəfindən belə bir xitab olunar: Mənim görüşümə gəldiyin üçün mükafatını da Mən verəcəyəm və Mən cənnətdən başqa sənin üçün heç nəyə razı deyiləm».[264]

Imam Baqir (ə)-ın Peyğəmbərdən (s) nəql etdiyi başqa bir hədisdə deyilir:

«Allah-taala mələklərdən birini insan surətində yerə göndərir. O, qapının astanasında dayanmış bir şəxsdən soruşur: Bura gəlməkdən məqsədin nədir? Deyir: Məqsədim müsəlman qardaşımı görməkdir. Mələk dir daha soruşur: Yalnız onun görüşünə gəlmək? Şəxs deyir: Bəli, onu görməkdən savayı heç bir məqsədim yoxdur. Mələk deyir: Mən Allah tərəfindən göndərilmişəm. Allah-taala salam göndərir və cənnəti sənə vacib etdiyini bildirir. O, deyir: Yalnız görüş məqsədilə müsəlman qardaşının evinə gedən şəxs təkcə onu deyil, Məni də ziyarət etmiş kimidir və onun mükafatı Mənim öhdəmdədir».[265]

Nəql olunmuş rəvayətlərdə mö᾽minlərin bir-birləri ilə görüşü böyük əhəmiyyət kəsb etdiyi üçün «Liqaəllah — yə᾽ni Allahla görüş adlandırılmışdır. Bununla yanaşı diqqəti cəlb edən başqa bir məsələyə toxunulmuşdur O da mö᾽minlərin yalnız Allaha xatir bir-birlərinin görüşünə gedib mə᾽nəvi dəyərləri qoruyub saxlamalarıdır. Belə ki, ehtiyac üzündən müsəlman qardaşının görüşünə gedən hər hansı bir şəxs bunu Allaha xatir etdiyi və Onun razılığını qazanmaq istədiyini iddia etməməlidir.

Ümumiyyətlə bu kimi görüşlərdə heç bir mə᾽nəvi və əxlaqi dəyər görmək olmaz.

Nəql olunmuş rəvayətlərdə mö᾽minlərin bir-birləri ilə görüşlərinin bir çox müsbət tə᾽sir qoyduğu və mə᾽nəvi dəyərlərin güclənməsinə səbəb olduğu göstərilir.

Imam Sadiq (ə) bunu qəlblərin bir-birinə daha da yaxınlaşdıran vasitə hesab edərək buyurur:

«Qəlblərinizdə bir-birinizə sevgi və məhəbbət artsın deyə, vaxtaşırı bir-birinizin görüşünə gedin və məclislərinizdə bizim (Әhli-beytin) hədislərimizi nəql edin. Belə etsəniz aranızdakı dostluq və səmimiyyət daha da artacaqdır. Hədislərimizi unutduqda isə haqdan uzaq düşüb fəlakətə sürüklənəcəksiniz.

Mənəm sizin hidayətçiniz, hədislərimizi oxuyub onlara əməl edin».[266]

Imam Baqir (ə) buyurur:

«Bir-birinizin görüşünə getməyə tələsin. Çünki bu, biz Әhli-beytin adət-ən᾿ənəsinin davamına səbəb olur. Allah rəhmət etsin o kəslərə ki, daim bizim adət-ən᾿ənələrimizi yaşatmağa çalışırlar».[267]

Nəql olunmuş rəvayətlərdə diqqəti cəlb edən məsələrdən biri də Әhli-beytin öz davamçılarına onların nəql etdikləri hədisləri bir-birləri ilə görüşdükləri zaman xatırlamalarını tövsiyə etmələridir. Belə ki, bu hədisləri yaşatmaq onların arasındakı dostluq və səmimiyyəti daha da artırır, günahdan uzaqlaşıb hidayət olunmalarına böyük tə᾽sir göstərir.

Peyğəmbər (s) buyurur:

«Mö᾽minlərin [vaxtaşırı] bir-birləri ilə görüşmələri aralarındakı dostluq və səmimiyyətin daha da güclənməsinə səbəb olur».[268]

Әli (ə) bu gözəl adət-ən᾿ənəni hər bir insan üçün böyük qənimət hesab edərək buyurur:

«Dostlar az olsa belə, onlarla görüşmək böyük qənimətdir».[269]

ZIYAFӘT (QONAQLIQ)

Yaxın dost və tanışlar görüşümüzə gəldikləri zaman imkan daxilində süfrə açıb onlara qonaqlıq vermək istəyirik. Vaxtaşırı bu kimi məclislərin təşkil olunması müsəlmanlar arasında dostluq və səmimiyyətin artmasına səbəb olur. Onlar hal-əhval tutub bir-birlərinin vəziyyətləri ilə maraqlanırlar. Bütün bunları nəzərə alaraq, Peyğəmbər (s) və Mə᾽sum imamlar (ə) müsəlmanları bu xeyirxah işə də᾿vət edərək bu işlərin davam etdirilməsini tövsiyə etmişlər.

Peyğəmbər (s) bu haqda buyurur:

«Qonaq gəlməyən evlərə mələklər də daxil olmaz».[270]

«Qonaqlıq verməyən şəxslərin [malında, dövlətində] xeyir-bərəkət olmaz».[271]

Peyğəmbər (s) qonaqdan (qonaq qəbul etməkdən) razı qalmayan və onları sevməyən şəxslərin Allahdan narazı qaldıqlarını hesab edir. Bu haqda buyurur:

«Qonaq gəldikdə özünüzü çox zəhmətə salmayın ki, onlara qarşı qəlblərinizdə kin-küdurət yaratmış olarsınız. Qonaqdan narazı qalan şəxslər Allahdan narazı qalmış olarlar və kim Allahdan narazı qalsa, Allah da ondan narazı qalar».[272]

Başqa bir hədisdə buyurur:

«Qonaq öz ruzisini özü ilə gətirir və gedərkən ev sahibinin günahlarını özü ilə aparır».[273]

Әli (ə) buyurur:

«Allah-taala bir şəxsi var-dövlət sahibi edərsə, qohum-əqrəbaya əl tutub onlara ziyafət verməlidir».[274]

QONAQLIQDA RIAYӘT OLUNMASI LAZIM OLAN ŞӘRTLӘR

Islam nöqteyi-nəzərindən qonaqlıqda riayət olunması lazım olan müəyyən şərtlər vardır.

Onlardan daha çox əhəmiyyət kəsb edən şərtlərdən bir neçəsini qeyd edirik:

1. Hər bir müsəlman təqvanı ən başlıca me᾽yar götürərək ziyafət və qonaqlıq verdikdə də bu məsələyə xüsusi diqqət yetirməlidir. Belə ki, o fasiq və günahkar şəxsləri öz məclisinə gətirməməli və eyni zamanda onların da də᾽vətini qəbul etməməlidir. Qonaqlığa çağırdığı şəxslər mö᾽min, pəhrizkar və əməli-saleh şəxslər olmalıdır. Peyğəmbər (s) bu haqda buyurur:

«Pəhrizkarlardan başqa bir kimsənin yeməyini yeməməli və onlardan savayı bir kimsə də sənin yeməyini yeməməlidir. Fasiq insanların verdiyi yeməkləri yeməyin». (Biharul-ənvar, 11-ci cild, 4-cü fəsil, 2-ci hədis.)

«Allaha xatir sevdiyiniz şəxslərə yeyib-içdiyiniz şeylərdən qonaqlıq verin».[275]

Digər me᾽yarlardan biri də əvvəlki dərslərimizdə qeyd etdiyimiz kimi, varlıların yoxsullardan üstün tutulmamasıdır.

2. Qonaqlığa də᾽vət etdikdə də adi halda olduğu kimi məclisdə iştirak edənlərin yoxsul və ya varlı olmalarına diqqət yetirilməməlidir. Әgər ev sahibi mö᾽min və təqvalı olarsa, onun varlı və ya yoxsul olmasına baxmayaraq də᾽vətini qəbul edib, təşkil etdiyi ziyafət məclisində iştirak etmək lazımdır. Nəql olunmuş rəvayətlərin birində deyilir: «Bir gün imam Həsən Müctəba (ə) bir məhəllədən keçərkən bir neçə yoxsul dilənçinin yolun kənarında yemək yediyini görür. Onlar imam Həsən (ə)-ı öz kasıb süfrələrinə də᾽vət edirlər. Imam (ə) onların də᾽vətini qəbul edib buyurur: «Bəli, Allah-taala lovğaları, özünü başqalarından üstün tutanları sevmir. O həzrət (ə) atından enib onlarla birlikdə yemək yeyir, sonra atını minib yoluna davam edir.

Yolun uzaqlığı da də᾽vətin qəbul olunması üçün bəhanə olmamalıdır. Әvvəlki dərsimizdə qeyd etdik ki, Peyğəmbər (s) yolun və fasilənin uzaq olmasına baxmayaraq müsəlmanların də᾽vətinin qəbul olunmasına tə᾽kid etmişdir.

3. Qonaq məclisə daxil olarkən məclisin yuxarı başında və ən yaxşı yerdə oturmaq fikrində olmamalıdır. Təvazökarlıqla ev sahibinin göstərdiyi yerdə əyləşib başqalarının əziyyətə salmamalıdır.

4. Ev sahibi qonağa iş buyurmamalıdır. Qonaq hər hansı bir iş görmək istədikdə Imam Sadiq (ə) ona mane olar və həmin işi özü görüb buyurardı: «Peyğəmbər (s) qonağa iş buyurmağı qadağan etmişdir».[276]

5. Ev sahibi özünü və ailə üzvlərini qonağa görə məşəqqətə salmamalıdır. Rəvayətlərdən birində deyilir: Bir şəxs Әli (ə)-ı evinə də᾽vət edir. O həzrət buyurur: «Də᾽vətini o zaman qəbul edərəm ki, bu üç şərtə riayət etmiş olasan». Onların nədən ibarət olduğunu soruşduqda Әli (ə) buyurur: «Mənə görə nə eşikdən bir şey alacaqsan, nə bir şey ehtiyatda saxlayacaqsan və nə də ailəni məşəqqətə salacaqsan».[277]

Həmin şəxs razılığını bildirdikdə Әli (ə) onun də᾽vətini qəbul edir.

Ümumiyyətlə böyük xərc tələb edən ziyafət və qonaqlıqlar həqiqi dostluq və qardaşlıq prinsipləri ilə ziddiyyət təşkil edir. Çünki, bu kimi qonaqlıqları təşkil etmək hər zaman hamıya müyəssər olmur. Bu isə onların utanıb xəcalət çəkməsinə səbəb olur. Nəticədə dostlar arasında soyuqluq yaranır və gediş-gəliş azalır. Bu kimi qonaqlıqların qoyduğu mənfi tə᾽sirlərdən biri də varlı təbəqə arasında rəqabətin yaranmasıdır. Belə ki, onlardan hər biri təşkil etdikləri məclislərin mümkün qədər təmtəraqlı və başqalarından daha rəngarəng olmasına can atır. Beləliklə, səmimiyyət və mehribançılıq vasitəsi olan qonaqlıq rəqabət və qarşıdurma amilininə çevrilir.

6. Ev sahibi hamıdan tez yeməyə başlamalı və hamıdan gec süfrədən çəkilməlidir. Imam Sadiq (ə) bu haqda buyurur:

«Peyğəmbər (s) süfrə başında məclis əhli özünü rahat hiss etsin deyə hamıdan tez yeməyə başlar və əlini hamıdan gec süfrədən çəkərdi ki, doymayanlar süfrədən uzaq düşməsinlər».[278]

7. Ev sahibi qonağı qapıyacan ötürməli və ondan tez-tez gediş-gəliş etməsini xahiş etməlidir. Qonaq da öz növbəsində ev sahibindən icazə aldıqdan sonra getməli və oranı gülərüzlə tərk etməlidir.

DӘRSIN XÜLASӘSI



Geri   İrəli
Go to TOP