A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 1 (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 144
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Bu məzmunda nəql olunmuş rəvayətlərdən birində deyilir:

Imam Sadiq (ə)-ın tərəfdarlarından olan Әbu Hənifə Həcc ziyarətinə gələn zəvvarların karvanlarına baxar və onlara xidmət edərdi. O deyir: Bir gün kürəkənimlə mənim aramda irs barədə mübahisə meydana gəldi. Elə bu zaman Məfzəl bizə tərəf gəlib işin nə yerdə olduğu haqda maraqlanmağa başladı. O bizimlə bir qədər söhbət etdikdən sonra hər ikimizi evinə də᾽vət etdi. Evinə getdikdə dörd yüz dirhəm gətirib aramızdakı narazılığı həll etdi və razı qaldığımızı soruşduqda biz də tam razı qaldığımızı iqrar etdik. Məfzəl üzünü bizə tutub dedi: Sizə verdiyim pullar mənim öz pullarım deyildir. Onları mənə imam Sadiq (ə) həvalə edib ki, mö᾽minlər arasında narazılıq yarandığı zaman bu pullardan məsələni həll etmək üçün istifadə edim.

2. Bildiyimiz kimi yalan ən böyük günahlardan biri hesab olunmuş və Qur᾽ani-Kərimin bir çox ayə və nəql olunmuş onlarla hədis və rəvayətlərdə müsəlmanlara bu çirkin işdən çəkinmələrinə əmr edilmişdir.

Lakin bə᾽zi hallarda yalan danışmaqla müsəlmanlar arasında yaranmış ixtilaf və qarşıdurmaları həll etmək və bu kimi hallarda yalan danışmaq zəruri hala çevrilir. Imam Sadiq (ə) bu barədə buyurur:

Iki nəfər müsəlman şəxsin arasını düzəldən şəxs heç də yalançı deyildir. (Yə᾽ni onların arasını düzəldərkən yalan danışmış olarsa, onu yalançı hesab etmək olmaz).[223]

Imam Sadiq (ə) bu sözləri öz səhabələrindən birinə tövsiyə etmiş və onu digər iki nəfər şəxsin arasını düzəltməyə göndərmişdir. Həmin şəxs imam Sadiq (ə) özündən də bə᾽zi şeyləri əlavə etdikdə, bunun yalan olub-olmadığını soruşur. Imam Sadiq (ə) cavabında buyurur: Xeyr! Sənin niyyətin onların arasını düzəltmək olduğu üçün söyləyəcəyiniz şeylər heç də yalan deyildir.

DӘRSIN XÜLASӘSI

Әxlaqi xüsusiyyətlərdən biri də mö᾽minlərin qəlbinə sevinc gətirmək və qarşılaşdıqları çətinlikləri imkan daxilində aradan qaldırmaqdır.

Kin-küdurətin aradan qaldırılıb mö᾽minlər arasında sülh və əmin-amanlığın bərqərar olunması da digər əxlaqi xüsusiyyətlərdən biri hesab olunur. Istər Qur᾽an, istərsə də nəql olunmuş hədis və rəvayətlərdə bu mətləbə xüsusi diqqət yetirilmiş və bu xeyirxah işlərin dünya və axirət savabı haqda tövsiyələr olunmuşdur.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Peyğəmbər (s) Allah-taalanın ən sevdiyi işin nədən ibarət olduğu haqda nə buyurur?

2. Mö᾽minlərin qəlblərinə sevinc bəxş etmək yalnız onların maddi çətinliklərini aradan qaldırmaqla mümkündürmü?

3. Nəql olunmuş rəvayətlərə nəzər salmaqla, deyin görək nə üçün mö᾽minlərin arasında yaranmış ixtilafı həll etmək Şeytanın qəm-qüssəsinə səbəb olur?

4. Nə üçün imam Sadiq (ə) mö᾽minlərin çətinliklərini aradan qaldırılmasında xüsusi büdcə ayırmışdır?

5. Mö᾽minlər arasında sülh və əmin-amanlığın bərpa olunması üçün nəyə görə yalan danışmağa icazə verilir?

ON ALTINCI DӘRS

YETIM VӘ KIMSӘSIZLӘRӘ QAYĞI GÖSTӘRMӘK

Mö᾽minlərə sevinc bəxş etməklə yanaşı, islam dininin tövsiyə etdiyi xeyirxah işlərdən biri də yetim və kimsəsizlərin qayğısına qalmaq və onları himayəyə götürməkdir. Ata-anasını itirmiş kimsəsiz uşaqların qayğısına qalan müqəddəs islam dini bu məsələyə xüsusi diqqət yetirmiş və müsəlmanlara valideyn himayəsindən məhrum qalan uşaqlara qarşı qayğıkeş olmalarını və onları nəvaziş göstərmələrini tövsiyə etmişdir. Allah-taala Qur᾽ani-Kərimdə Peyğəmbərə (s) xitab edərək buyurur:

«Məgər o səni yetim ikən tapıb sığınacaq vermədimi?!»[224]

Sonra Peyğəmbərə (s) tövsiyə edərək buyurur:

«Elə isə yetimə zülm etmə!»[225]

Bildiyimiz kimi, Peyğəmbər (s) dünyaya gəldiyi ilk gündən e᾿tibarən ata qayğısından məhrum qalmış və kiçik yaşlarından anasını itirərək yetimlik acısını dadmışdır. O həzrət (s) yetim uşaqlara mehriban olmaqla yanaşı, onlara qayğı göstərər və müsəlmanlara kimsəsiz uşaqları öz himayələrinə almalarını və imkan daxilində onların məişətlərini tə᾽min etmələrini tövsiyə edərdi. Bu haqda buyurardı:

Allahın ən sevdiyi ev, o evdir ki, orada yetim bir uşaq hörmət və nəvazişlə yaşamış olsun.

Yetim uşaqlara qarşı olduqca mehriban ol və bil ki, hər nə əksən, onu da biçərsən.[226]

Cənnətdə [olduqca gözəl] bir saray vardır. Ora fərəh və şadlıq adı ilə şöhrət tapmışdır. Oraya daxil olan şəxslər yalnız mö᾽minlərin yetim uşaqlarına sevinc bəxş edən şəxslər olacaqdır.

Üç nəfər yetim uşağı öz himayəsinə alan şəxs sanki gündüzlər oruc tutub, gecələri ibadətlə keçirmiş və səhərdən axşamadək Allah yolunda cihad etmişdir. (Sonra iki orta barmaqlarına işarə edib buyurdu): Bunlar iki bacı olduqları kimi, qiyamət günü mən də onunla cənnətdə qardaş olacağam.

Diqqət yetirmək lazımdır ki, yetim uşaqların himayə və tə᾽minatı islam dinində böyük əhəmiyyət kəsb etdiyi üçün vergi olaraq zəkatın bir hissəsi məhz yetim və kimsəsizlərə aid edilmişdir. Allah-taala Qur᾽ani-Kərimdə xeyirxah işlərdən biri yetim və yaxın qohum-əqrəbaya maddi yardımın göstərilməsini bildirir. Bir şərtlə ki, bu yardım yalnız Allahın razılığı xatirinə olmalı və başqa heç bir məqsəd nəzərdə tutulmamalıdır:

Xeyirxahlıq ona deyərlər ki, insan Allaha xatir öz var-dövlətindən yetim uşaqlar və ehtiyacı olan yaxın qohum-əqrəbalarına sərf etmiş olsun.[227]

Qur᾽ani-Kərim üç gün ardıcıl olaraq ailəsinin iftar yeməyini yoxsul bir kimsəyə verən Әli (ə)-ın belə bir xeyirxah və insanpərvər əməlini bu gözəl ifadələrlə vəsf edir:

«Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda [və ya Allah rizasını qazanmaq uğrunda] yeməyi yoxsula, yetimə və əsirə yedirdərlər.

[Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər]: Biz sizi ancaq Allah rizasından ötrü yedirtdik. Biz sizdən [bu ehsan müqabilində] nə bir mükafat, nə də bir təşəkkür istəyirik».[228]

Bu səbəbdən də yetim və kimsəsiz uşaqların məişətlərinin tə᾽min olunması hər bir müsəlmanını üzərinə düşən ictimai vəzifələrdən biri hesab olunur. Lakin onların maddi tə᾽minatlarını aradan qaldırmaqla üzərinə düşən məs᾽uliyyətin öhdəsindən gəldiyini hesab etməməlidir.

Belə ki, maddi ehtiyaclarının ödənilməsi ilə yanaşı, ata-ana nəvazişinə, mehr-məhəbbətə də ehtiyacları vardır. Bu səbəbdən də onlarla gülərüz və mehribanlıqla davranmalı və valideyn nəvazişindən məhrum olduqlarını hiss etməmələrinə çalışmalıdır. Bir qədər əvvəl qeyd olunan ayədə biz «Elə isə yetimə zülm etmə» —əmr olunduğunun şahidi oluruq.

Demək, yetim və kimsəsiz uşaqların maddi tə᾽minatı əsas şərt deyildir. Bununla yanaşı onlara nəvaziş göstərib könüllərini də almaq lazımdır.

Qur᾽ani-Kərimin başqa bir ayəsində buyurulur:

«Xeyr! [Belə deməyin]. Doğrusu siz özünüz yetimə hörmət etmirsiniz] yetimin haqqını vermirsiniz].

Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz».[229]

Göründüyü kimi, birinci ayədə yetim və kimsəsizlərin nəvaziş olunmasına xüsusi əhəmiyyət verilir. Belə ki, bə᾽zən valideyn nəvazişindən məhrum olan şəxslər onlardan kifayət qədər irs apardığı üçün heç bir maddi yardıma ehtiyac duymurlar. Onların ehtiyac duyduqları yeganə şey varsa da, başqalarının onlara qarşı münasib rəftarı və gözəl davranışıdır. Ikinci ayədə isə söhbət yoxsullardan getdiyi zaman onlara göstərilən mehr və məhəbbətin kifayət etmədiyinə işarə olunur. Çünki, onlara maddi yardımın göstərilməsi hər şeydən mühüm və önəmlidir.

Maun surəsinin 1-3-cü ayələrində bu məsələyə işarə olunaraq deyilir:

«[Ya Peyğəmbər!] Dini [haqq hesab gününü] yalan hesab edəni [Әbu Cəhli] gördünmü?

O elə adamdır ki, yetimi itələyib qovar [haqqını verməz];

Və [xalqı] yoxsulu yedirtməyə rəğbətləndirməz [nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar]».

Göründüyü kimi, burada da yetim və kimsəsizlərin qovulmalarına, yoxsul və fəqirlərin isə maddi yardımdan məhrum olmalarına toxunulur. Diqqət yetirmək lazımdır ki, yetim və kimsəsizlərin, o cümlədən yoxsul və fəqirlərin maddi və mə᾽nəvi yardımdan məhrum olmaları dini nöqteyi-nəzərdən küfr və dinin özünün təkzib olunması hesab olunur.

Nəql olunmuş rəvayətlərdə də müsəlmanlara yetim və yoxsullara maddi və mə᾽nəvi dayaq olmağa xüsusi diqqət yetirilmişdir.

Peyğəmbər (s) bu haqda buyurur:

Allah-taala mehribançılıqla yetim bir uşağın başını sığallayan şəxsin əməl dəftərinə əlinin altındakı tükün sayı qədər savab yazar.

Peyğəmbərin (s) səhabələrindən biri deyir: Bir gün Peyğəmbərin (s) yanında oturmuşduq. Bir oğlan uşağı Peyğəmbərin (s) yanına gəlib dedi: Atam vəfat etmiş, anam, mən və bacım yoxsulluq içində yaşayırıq. Allahın sənə bəxş etdiyi şeylərdən bizə də ehsan et ki, sənə Öz tükənməz ne᾽mətlərindən razı qaldığın qədər əta etsin. Peyğəmbər (s) üzünü oğlana tutub buyurdu: Necə də gözəl sözlər dedin. Sonra Bilalı çağırıb buyurdu: Evdə olanlardan bu oğlan üçün gətir. Bilal evdən cəmi iyirmi bir dənə xurma gətirir və onları Peyğəmbərə (s) verir. Peyğəmbər (s) onları oğlana verib buyurdu: Yeddisi sənin, yeddisi ananın, yeddisi də bacının olsun.

Orada olanlardan Muaz ibni Cəbəl adlı bir şəxs ayağa qalxıb oğlanın başına sığal çəkib dedi: Allah-taala səni atanın yerinə layiqli bir şəxs etsin. (Oğlanın atası mühacirlərdən idi).

Peyğəmbər (s) üzünü Muaza tutub soruşdu: Bunu etməkdə məqsədin nə idi? Dedi: Heç, sadəcə olaraq ona mehribanlıq göstərmək istədim. Peyğəmbər (s) buyurdu: Sizlərdən hər hansı biriniz mehribanlıqla yetim və kimsəsiz uşaqları nəvaziş edib başına sığal çəkərsə, Allah-taala əlinizin altındakı tükün sayı qədər məqamınızı ucaldar və bütün pislikləri sizlərən uzaq edər.

Peyğəmbərdən (s) nəql olunmuş başqa bir rəvayətdə deyilir: Yetim bir uşaq ağladığı zaman Allah-taalanın ərşi lərzəyə gələr və Ondan belə bir xitab olunar:

Kiçik yaşında ata-anasını aldığım bəndəmi kim ağlatmışdır? And olsun izzəti-cəlalıma, uşağı sakit edən şəxsə cənnəti vacib edəcəyəm.[230]

Başqa bir rəvayətdə deyilir: Bir şəxs özünün daş qəlbliliyindən və rəhmsizliyindən Peyğəmbərə (s) şikayətlənir. Peyğəmbər (s) onu axıradək təmkinlə dinlədikdən sonra buyurdu: Qəlbinin yumşalmasını və hacətinin rəva olmasını istəyirsənsə yetim və kimsəsizlərə mehribanlıq et! Onların başlarına sığal çəkib nəvaziş et. Öz yeməyindən onlara da yedizdir. Belə etsən həm qəlbin yumşalar, həm də istəyinə çatarsan.

Indi isə Mə᾽sum imamlardan birinin həyatına nəzər salaq:

Həzrət Әli ibni Әbi Talib (ə) özünün xilafəti dövründə günlərin bir günü küçədə zəhmətlə su daşıyan bir qadınla rastlaşır. Әli (ə) kömək məqsədilə qadına yaxınlaşıb su dolçasını alıb onun evinə gətirir. Yolda qadının güzəranı ilə maraqlanır və ailəsinin hansı vəziyyətdə olduğu haqda soruşur. Qadın Әli (ə)-ı tanımadığı üçün deyir: Әli ibni Әbi Talib ərimi sərhəd məntəqlərini qorumaq üçün göndərdi və orada qətlə yetirildi. Әli uşaqlarımı yetim qoydu. Bunun üçün də uşaqlarımın və özümün tə᾽minatımı ödəyim deyə, başqalarına xidmətçilik etməli oluram.

Həzrət Әli (ə) bir söz deməyib suyu qadının evinə gətirib öz evinə qayıtdı. Lakin iztirab və nigarançılıq hissi onu rahat buraxmadı. Beləliklə gecəni səhərədək oyaq qaldı. Həmin günün səhəri bir bağlama yemək hazırlayıb qadının evinə gətirdi. Həzrət Әli (ə) yolda səhabələrdən bir neçəsi ilə rastlaşır və onlar bağlamanı onun əvəzinə həmən evə aparmalarını istəyirlər. Lakin, Әli (ə) onlara cavab verərək buyurur: Qiyamət günü mənim günahlarımı kim öz üzərinə götürəcək? Әli (ə) nəhayət həmin dul qadının evinə çatır və qapını döyür. Qadın içəridən səslənərək — kimdir? — deyə soruşur. Әli (ə) cavab verir: Dünən sənin su dolçanı evinə gətirən şəxsəm. Qapını aç, uşaqların üçün bir qədər yemək gətirmişəm. Qadın qapını açıb dedi: Allah səndən razı olsun və mənimlə Әli ibni Әbi Talibin arasında özü qəzavət etsin. Әli (ə) içəri daxil olub buyurdu: Savab bir iş görmək istəyirəm. Bu iki işdən birini seç, ya mən uşaqlarını saxlayım, sən isə buğda üyüdüb çörək bişir, ya da uşaqları sən saxla, mən buğdanı üyüdüb çörəyi bişirim. Qadın dedi: Yəqin ki, çörəyi mən səndən yaxşı bişirərəm. Elə isə uşaqlardan muğayat ol. Qadın buğdanı üyüdüb xəmir yoğurduğu zaman Әli (ə) gətirdiyi ətdən bir qədər kabab bişirib uşaqları yedizdirməyə başladı. O hər bir tikəni uşaqların ağzına qoyduğu zaman deyirdi: Oğul! Әli sizi çətinliyə saldığı üçün onu bağışlayın. Xəmir hazır olduğu zaman qadın səsləndi: Ey Allah bəndəsi təndiri qala ki, çörək bişirim. Әli (ə) təndiri qalayıb üzünü şö᾽lənən oda yaxınlaşdırıb buyurdu: Әli, dad alovun dadını! Bu, dul qadınların və yetim uşaqların haqqını ödəməyən şəxsin cəzasıdır.

Elə bu zaman yaxın bir qonşu, qadının həyətinə daxil olub Әli (ə)-ı görcək tanıdı və üzünü qadına tutub dedi: Vay sənin halına! Heç bilirsən kimi özünə xidmətçi tutmusan?! O, mö᾽minlərin əmiri Әli ibni Әbi Talib (ə)-dır.

Qadın, Әli (ə)-ı tanıdıqdan sonra tələm-tələsik ona tərəf gəlib dedi: Xəcalətliyəm, ey Әmirəl-mö᾽minin! Imam cavabında buyurdu: Xəcalətliyə qalsa haqqınızı ödəmədiyim üçün sizin yanınızda xəcalətli olan mənəm.

Bura qədər dediklərimiz yetim və kimsəsizlərin hüquqlarının qorunmasına dair mö᾽minlərin üzərinə düşən məs᾽uliyyət və vəzifələrə dəlalət edirdi. Cəmiyyətdə yoxsulluğun aradan qaldırılması üçün müqəddəs islam dini var-dövlət sahiblərinə müəyyən vəzifələr tə᾽yin etmişdir. «Zəkat» adlanan dini verginin vaxtlı-vaxtında ödənilməsi bu məsələnin həllinə böyük köməklik göstərir. Hətta Qur᾽ani-Kərimin iki ayəsində bu xislət mö᾽min və pəhrizkarların xüsusiyyətlərindən biri kimi göstərilir. «Zariyat» surəsinin 19-cu ayəsində deyilir:

«Mallarında da dilənçinin və [abrına qısılıb dilənməyən] yoxsul haqqı [payı] var idi [şəriətə müvafiq olaraq var-dövlətlərinin müəyyən hissəsini ehtiyacı olanlara paylayırdılar]».

«Məaric» surəsinin 24-25-ci ayələrində Allah-taala həqiqi namaz qılanların xüsusiyyətlərini vəsf edərkən buyurur:

«O kəslər ki, onların mallarında müəyyən bir haqq [pay] vardır.

Dilənən və [hər şeydən] məhrum olan [lakin abrına qısılıb dilənməyən] kimsə üçün».

Hər iki ayədən belə bir qənaətə gəlmək olur ki, yoxsul və imkansızlara maddi yardımın göstərilməsi hər bir müsəlmanın üzərinə düşən ictimai vəzifədir. Ayələrdə istifadə olunan «haqq» kəlməsi yoxsul və maddi imkanı olmayan şəxslərə dəlalət edir. Yə᾽ni, var-dövlət sahibi olan hər bir müsəlman malının bir hissəsinin ona aid olmadığını və sözün əsl mə᾽nasında bunu yoxsullara ödəməli olduğunu Allah tərəfindən ona verilmiş bir əmanət hesab etməlidir. O, malının müəyyən bir hissəsini yoxsullara verdikdə əmanəti öz sahibinə çatdırmış olur və bütün bunlarla yanaşı o, kimsəyə minnət qoymamalıdır.

Qur᾽ani-Kərimin bir çox ayələrində yoxsullara maddi yardım etdikdən sonra onlara minnət qoyulmamasını tə᾽kid edilərək iman sahiblərinə bununla öz əməllərini batil etməmələrinə ciddi xəbərdarlıq olunur. «Bəqərə» surəsinin 264-cü ayəsini buna misal çəkmək olar:

«Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla [özünü xalqa göstərmək üçün] sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın...»

DӘRSIN XÜLASӘSI

Insanların qəlblərinə sevinc və şadlıq gətirəcək şeylərdən biri də yoxsullara, yetim və kimsəsizlərə maddi və mə᾽nəvi yardım göstərməkdir.

Yetim və kimsəsizlərin himayəsi va yoxsullara maddi yardımın göstərilməsi ictimai vəzifə kimi həyata keçirilməlidir. Maddi yardımla yanaşı onlara mə᾽nəvi dayaq olmalı və ruhiyyələrinin güclənməsinə böyük əhəmiyyət verilməlidir.

Yoxsullara isə əksər hallarda maddi yardım göstərilməlidir. Onlara göstərilən maddi-mə᾽nəvi yardım hər bir müsəlmanın üzərinə düşən dini vəzifə olduğu halda, minnət qoyulmamalı və onlardan təşəkkür və minnətdarlıq hissi gözlənilməməlidir.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Allah-taala Peyğəmbərə (s) yetim və kimsəsizlər haqda nəyi əmr edir?

2. Yetim və kimsəsizləri öz himayəsinə götürən şəxsləri hansı savaba nail olacaqlarını ixtisarla bəyan edin.

3. Yetim və kimsəsizlərin ehtiyacı necə tə᾽min olunmalıdır?

4. Allah-taala yetim və kimsəsizlərə sevinc bəxş edən şəxslərə nəyi və᾽də vermişdir?

5. Yetim və yoxsulların ehtiyacları arasında olan fərq nədən ibarətdir?

6. Yoxsullara maddi yardım etdikdən sonra nə üçün onlara minnət qoyulmamalıdır?

ON YEDDINCI DӘRS

XӘSTӘLӘRLӘ GÖRÜŞ

Xəstələrin görüşünə gedib onların qəlblərinə sevinc bəxş etmək islam dininin müsəlmanlara tövsiyə etdiyi digər əxlaqi xüsusiyyətlərdən biri hesab olunur.

Bu dərsimizdə xəstələrin görüşünə getməyin zəruriliyi və onların qəlblərinə sevinc bəxş etmək haqda söhbət açacağıq.

Haqqında söhbət açacağımız şey ilk növbədə islam dininin bu məsələyə olan baxışı, müsəlmanların bu xeyirxah işə necə sövq olunmaları və bütün bunlarla yanaşı görüşə gedərkən hansı şərtlərə riayət olunmasıdır.

XӘSTӘLӘRLӘ GÖRÜŞ

Islam nöqteyi-nəzərindən xəstələrlə görüşə getmək hər bir müsəlmanın üzərinə düşən və olduqca əhəmiyyət kəsb edən məsələlərdən biridir.

Әvvəlki dərsimizdə qeyd etdik ki, başqalarının haqqı hesab etdiyimiz hər hansı bir məslədə onun [yə᾽ni haqqın] öz sahibinə çatdırılması hər bir müsəlmanın bir növ üzərinə düşən vəzifəsidir. Başqa sözlə desək, hər bir şəxs üzərinə düşən vəzifənin öhdəsindən gəlməklə əmanəti öz sahibinə çatdırmış və əhdə vəfa etmiş olur. Bunu da qeyd etdik ki, bu kimi məsələlərdə yardım etmiş şəxs, kimsənin boynuna minnət qoymamalı və onlardan təşəkkür etmələrini gözləməməlidir. Bu məzmunda nəql olunmuş bir neçə rəvayətə diqqət yetirin. Peyğəmbər (s) buyurur:

Hər bir müsəlmanın başqa bir müsəlmanın üzərində olan haqqı bundan ibarətdir ki, görüşdüyü zaman onlarla salamlaşsın, xəstə olduğu zaman görüşünə getsin və dünyasını dəyişdikdə dəfn mərasimində iştirak etsin.

Әli (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:

Hər bir müsəlmanın müsəlman qardaşının üzərində otuz haqqı vardır. O, üzərinə düşən vəzifəni yerinə yetirməyincə və ya müsəlman qardaşı onu bağışlamayınca (haqqını halal etməyincə) böyük məs᾽uliyyət daşıyır. (Müsəlmanın üzərinə düşən otuz vəzifədən biri də) müsəlman qardaşı xəstələndiyi zaman onun görüşünə getməsidir.[231]

Imam Sadiq (ə)-ın səhabələrindən olan Məəlla ibni Xənisə deyir: Imam Baqir (ə)-dan müsəlmanın öz müsəlman qardaşının üzərində nə kimi haqqı olduğu haqda soruşdum. Buyurdu: Hər bir müsəlmanın öz müsəlman qardaşının üzərində yeddi haqqı vardır. Onların hər birini yerinə yetirmək onun üçün vacib və zəruridir. O, öz müsəlman qardaşının hər hansı bir haqqını tapdadıqda (yə᾽ni üzərinə düşən vəzifənin öhdəsindən gəlmədikdə) Allahın bəndəliyindən xaric olur və Allah-taala onun bəndəliyindən heç bir bəhrə əldə etmir (yə᾽ni sanki o, Allaha bəndəlik etməmişdir). Sonra mən imam Sadiq (ə)-dan o yeddi haqqın nədən ibarət olduğunu soruşdum.

Buyurdu: Ey Məəlla! Mən sənin üçün çox nigaranam. Qorxuram onları sənə deyim və sən də onları bilə-bilə əməl etməyib başqalarının haqqını tapdalamış olasan.

Məəlla deyir: Heyrətə gəldiyimdən nə edəcəyimi bilməyib dedim: (La hövla vəla quvvətə illa billah) — Allahdan böyük qüdrət sahibi yoxdur.

Sonra imam Sadiq (ə) üzünü mənə tutub buyurdu: Onlardan ən sadəsi bundan ibarətdir ki, özün üçün istədiyin hər bir şeyi öz müsəlman qardaşın üçün də istəyəsən və özünə rəva bilmədiyin şeyləri onlara da rəva bilməysən... Sonuncu yeddinci haqqı isə and içdiyi zaman [inanıb] andını, evinə çağırdığın zaman isə də᾽vətini qəbul edəsən. Xəstə olduğu zaman görüşünə, vəfat etdiyi zaman isə dəfn mərasiminə gedəsən. Həmçinin bir şeyə ehtiyacı olduğunu bildikdə onun üçün əlindən gələni edəsən və öz ehtiyacını sənə deməsinə vadar etməyəsən...[232]

Imam Sadiq (ə)-ın səhabələrindən olan Muaviyə ibni Vəhəb deyir: Imam Sadiq (ə)-dan bizimlə dostlar, qohum-əqrəba və gediş-gəliş etdiyimiz qonşular arasında mövcud olan əlaqələrin necə olmasını soruşdum. Buyurdu: Әmanətlərini onların özlərinə qaytarın və onların yolunda şəhid olmağa hazır olun. Istər onların xeyirinə olsun, istərsə də zərərlərinə, xəstələrinin görüşünə gedin və vəfat etdikləri zaman dəfn mərasimlərində iştirak edin.

Yuxarıda qeyd olunan rəvayətlərdən belə mə᾽lum olur ki, mö᾽minlər öz xəstə müsəlman qardaşının görüşünə getməklə sözün əsl mə᾽nasında üzərlərinə düşən ilahi vəzifənin öhdəsindən layiqincə gəlmiş olurlar. Onlar belə bir xeyirxah işləri ilə həm müsəlman qardaşlarının qəlbinə sevinc bəxş etmiş olur, həm də özlərində rahatlıq hiss edirlər. Çünki onlar üzərlərinə düşən vəzifəni yerinə yetirməklə Allahın razılığını qazanmış olurlar. Allahın razılığını qazanan şəxslər isə böyük savab və mükafata [əbədi cənnətə] nail olarlar. Bu haqda isə bir qədər sonra söhbət açacağıq.

MÜSӘLMANLARIN XӘSTӘLӘRIN GÖRÜŞÜNӘ GETMӘLӘRINӘ SÖVQ OLUNMALARI

Bunun hər bir müsəlmanın üzərinə düşən ilahi və dini vəzifə olduğunu bəyan etdikdən sonra, nəql olunmuş hədis və rəvayətlərdə müxtəlif üsullarlar bu xeyirxah işə sövq olunduqlarına toxunulur. Peyğəmbər (s) bu haqda buyurur:

Müsəlman bir şəxs öz xəstə müsəlman qardaşının görüşünə getdiyi zaman Allah-taala tərəfindən ona belə bir xitab olunar: Cənnətin uca məqamlarından birinə nail oldun. [Bu xeyirxah işinlə] həm özünü, həm də müsəlman qardaşını pak və rahat etdin (yə᾽ni günahlarını yudun].

Başqa bir rəvayətdə deyilir:

Səhər çağı xəstə müsəlman qardaşının görüşünə gedən mö᾽minləri yetmiş min mələk müşayiət edər. O, xəstənin yanında bir qədər oturarsa Allahın rəhməti onun üçün nazil olar və mələklər axşamadək Allahdan onun bağışlanmasını diləyərlər. Әgər axşam çağı xəstənin görüşünə gedərsə mələklər səhərədək Allahdan onun bağışlanmasını diləyərlər.[233]

Qiyamət günü Allah-taala Öz bəndələrindən birini danlayıb deyər:

Ey bəndəm! Nə üçün xəstələndiyim zaman məni yoluxmağa gəlmədin?

O, deyər: Ilahi! Sən aləmlərin Rəbbi, pak və münəzzəhsən. Eyb və nöqsandan uzaq olduğun bir halda ağrı və xəstəliyə tutularsanmı? Allah-taala buyurur:

Filan mö᾽min qardaşın xəstələndiyi zaman onun görüşünə getmədin. And olsun izzəti cəlalıma, əgər onun görüşünə getsəydin Məni orada görərdin. Bəndəmin xətiri əziz olduğu üçün Mən sənin istək və hacətini yerinə yetirərdim. Mən bağışlayan və rəhm edən Allaham.[234]

Imam Məhəmməd Baqir (ə) buyurur: Həzrət Musa (ə) öz münacatlarının birində Allah-taaladan soruşdu:

Ilahi! Xəstə bir şəxsin görüşünə gedən bəndələrini necə mükafatlandırırsan?

Allah-taala belə buyurdu:

Bir mələk ayıraram ki, qəbirdən məhşərə qədər ona baş çəkib halını soruşar.[235]

Imam Sadiq (ə) buyurur: Hər kəs Allaha xatir (Onun razılığını əldə etmək üçün) xəstələrin görüşünə gedərsə, Allah-taala xəstənin onun üçün etdiyi bütün duaları qəbul edər.[236]

Nəql olunmuş rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, vaxtaşırı xəstələrin görüşünə gedib onların qəlblərinə sevinc bəxş etmək Allahın razılığına, mələklərin Allahdan həmin şəxsin bağışlanmasını diləməklərinə, bu xeyirxah insanların əbədi cənnətə daxil olmalarına və nəhayət xəstələrin mə᾽nəvi rahatlıqlarına səbəb olur.

GÖRÜŞ ZAMANI RIAYӘT OLUNMASI LAZIM OLAN ŞӘRTLӘR

Bütün ictimai münasibətlərdə olduğu kimi xəstələrin görüşünə getdikdə müəyyən şərtlərə riayət etmək lazımdır:

1. Hədiyyə;

Xəstələrin görüşünə gedilən zaman tövsiyə olunan şərtlərdən biri də hədiyyələrin aparılmasıdır.

Peyğəmbər (s) bu haqda buyurur:

Hər bir şəxs özünün sevdiyi yeməklərdən xəstələrə də verərsə, Allah-taala cənnətin [tükənməz] meyvələrini onun ixtiyarına qoyar.[237]

Imam Sadiq (ə)-ın səhabələrindən biri deyir: Dostlarımızdan biri xəstələnmişdi. Onu yoluxmağa gedərkən yolda imam Sadiq (ə) ilə qarşılaşdıq. Bizi gördükdə hara getdiyimizi soruşdu. Dedik: Xəstə dostumuzu görməyə gedirik.

Buyurdu: Onun üçün alma, heyva, üzüm və ya ətir almısınızmı? Dedik: Xeyr.

Buyurdu: Məgər bilmirsinizmi ki, xəstənin qəlbi onun yanına gətirilən hədiyyələrlə təskinlik tapır?

2. Xəstənin yanında mümkün qədər az oturulmalı və onun rahatlığı pozulmamalıdır;

Xəstələr ağrı və narahatçılıq keçirdikləri üçün istirahət və təkliyə çox ehtiyac duyurlar. Yanlarında çox oturub vaxtlarını almaq isə təbii ki, onların narahatçılıqlarına səbəb olur. Bu səbəbdən də Peyğəmbər (s) bu məsələyə tövsiyə edərək buyurur:

Әn gözəl görüş, qısa və az müddətli olan görüşlərdir.

Başqa bir yerdə buyurur:

Xəstənin yanında dəvə yerə çökən qədər (yə᾽ni çox az müddətdə) oturun.

Әli (ə) buyurur:

Xəstə yanına gedən şəxslərin ən çox savaba nail olanı o kəslərdir ki, onun yanında çox az oturmuş olsun. Xəstə özü çox oturmağını istədikdə xahişini qəbul edib bir qədər də onunla həmsöhbət və həmdərd olmaq lazımdır.[238]



Geri   İrəli
Go to TOP