A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 1 (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 144
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Həzrət Әli (ə) buyurur:

«Yalan və zarafatı, həmçinin haqlı olsa belə, mübahisəni tərk etməyincə insan xalis imana nail ola bilmir».

«Zarafat öz arxasınca kin-küdurət gətirir.[191]

«Hər şeyin bir kökü vardır. Әdavət və düşmənçiliyin də kökü zarafatdır».

«Heybət və vüqara xələl gətirən şey zarafatdır».

«Insan zarafat etməklə kiçilir».[192]

Imam Sadiq (ə) buyurur:

«Zarafat etməyin ki, camaat da cür᾽ət edib sizə qarşı hörmətsizlik etməsin».

Imam Sadiq (ə) buyurur:

«Zarafat etməkdən çəkinin. Çünki, zarafat kişilərin mənlik və şəxsiyyətinə xələl gətirir».

Imam Sadiq (ə) öz səhabələrindən birinə nəsihət verərək buyurmuşdur:

«Hər şeydən əvvəl sənə təqvalı olmağı və zarafat etməkdən çəkinməyi tövsiyə edirəm. Çünki, zarafat şəxsiyyətinə xələl gətirir».

Nəql olunmuş rəvayətlərdən belə bir nəticəyə gəlmək olur ki, zarafat islam nöqteyi-nəzərindən nisbi (yə᾽ni, zaman və məkan baxımından heç də sabit olmayan) bir rəftar tərzidir.

Bir sözlə, islam mö᾽minlərə bütün ömürlərini zarafat və deyib-gülməklə keçirmələrini, habelə başqalarının könlünü almaq xatirinə görülən bütün işləri qətiyyətlə pisləyir və eyni zamanda yaşadığı cəmiyyətdə ünsiyyətdə olduğu şəxslərlə səmimi rəftar etmələrini və onlarla gülər üzlə davranmağı tövsiyə edir.

Yə᾽ni, zarafat edərkən ifrata varmamalı və xoşagəlməz sözlər deməklə başqalarının qəlblərini qırmamalıdır. Bütün bunlarla yanaşı, haqdan uzaq düşərək yalan və iftiraya da yol verməməlidir.

Buradan artıq, eyni məzmunda nəql olunmuş rəvayətlərin iki hissəyə bölündüyü mə᾽lum olur. Onlardan birində ifrata varıldıqda zarafatın verdiyi mənfi nəticələr, digərində isə həddi aşmadan səmimiyyətin artması üçün edilən münasib zarafatlar nəzərdə tutulur. Peyğəmbər (s) bu haqda buyurur:

«Çox zarafat etmək insanın şəxsiyyətinə xələl gətirir».

Әli (ə) buyurur:

«Çox zarafat etmək, insanın şəxsiyyət və dəyərini aşağı salır».

«Çox zarafat etmək insanın şəxsiyyətinə xələl gətirməklə yanaşı düşmənçiliyə də səbəb olur».

«Çox zarafat edən şəxsin vüqar və əzəməti azalar».

Demək, insanların təqva və şəxsiyyətinə xələl gətirməyəcəyi təqdirdə, dostluq və səmimiyyətin artması üçün zarafat etməyin heç bir irad və nöqsanı yoxdur.

Peyğəmbər (s) və Mə᾽sum imamların (ə) həyat və sünnəsi bizlərə onların hansı şəraitdə, necə və kimlərlə zarafat etdikləri haqda kifayət qədər mə᾽lumatlar əldə etməyə imkan verir. Dərsin əvvəlində Peyğəmbərdən (s) nəql olunmuş bir hədis qeyd etmişdik. Orada deyilirdi:

«Mən zarafat edirəm, lakin həqiqətdən başqa bir şey söyləmirəm».

Peyğəmbərin (s) zarafat etməsi haqda nəql olunmuş rəvayətlərin bir neçəsinə diqqət yetirin:

«Bir gün bir ağbirçək qadın Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) onu görçək buyurur: Qoca qadınlar cənnətə getməyəcəklər. Qadın bunu eşitcək ağlamağa başlayır. Peyğəmbər (s) gülümsəyərək buyurur: Sən cənnətə daxil olarkən qoca olmayacaqsan. (Peyğəmbər (s) bunu demək istəmişdir ki, cənnət əhli cavan yaşlarında olacaqlar.) Sonra o həzrət bu ayəni oxudu:

«Şübhəsiz ki, Biz cənnət qadınlarını başaq cür [yeni bir yaradılışla] yaradacağıq!

Onları bakirə qızlar [kimi] yaradacağıq».[193]

Başqa bir rəvayətdə deyilir:

«Ümmü Әymən adlı bir qadın Peyğəmbərin (s) yanına gəlib deyir: Әrimin sizinlə işi vardır. Peyğəmbər (s) soruşur: Sənin ərin gözündə ağ olan həmin şəxsdirmi? (Ümmi Әymən belə güman edir ki, Peyğəmbər (s) göz xəstəliyi olan mirvari suyunu deyir.) Bunun üçün də deyir: Xeyr! And olsun Allaha onun gözündə ağlıq yoxdur. Peyğəmbər (s) bir daha buyurur: Amma onun gözündə ağlıq vardır.

Ümmi Әymən deyir: Xeyr! And olsun Allaha!

Peyğəmbər (s) təbəssüm edərək buyurur:

Elə bir insan yoxdur ki, gözünün ağı olmasın.»

Digər bir rəvayətdə deyilir:

«Bir çöl ərəbi vaxtaşırı Peyğəmbərin (s) yanına gələr və onun üçün hədiyyələr gətirərdi. Lakin Peyğəmbərdən (s) gətirdiyi hədiyyələrin pulunu istəyərdi. Həmin şəxs hər dəfə hədiyyələrin pulunu istəyəndə Peyğəmbəri (s) gülmək tutardı. Bunun üçün də qəmgin olduğu vaxt buyurardı:

Kaş, həmin çöl ərəbi bir də gələydi.»

Başqa bir əhvalatda deyilir:

«Bir şəxs Peyğəmbərdən (s) onu dəvəyə mindirməsini xahiş edir. Peyğəmbər (s) buyurur:

Mən səni dəvənin balasına mindirəcəyəm. Həmin şəxs təəccüblə deyir: Dəvə balasının ki, mənə gücü çatmaz. Peyğəmbər (s) buyurur:

Hər bir dəvə başqa bir dəvənin balası deyilmi?»

Bu hədislər və Mə᾽sum imamların etdikləri zarafatlar haqda nəql olunmuş rəvayətlərin məzmununa nəzər saldıqda bu həqiqətin şahidi oluruq ki, onların etdikləri zarafatlar olduqca qısa və məhdud olmuş və orada yalan, qeybət və iftiraya yol verilməmişdir.

DӘRSIN XÜLASӘSI

Cəmiyyət üzvləri arasında qarşılıqlı həmkarlıq və dostluq münasibəti yaradan xüsusiyyətlərdən biri də təbəssümlü və gülərüz olmaqdır. Mə᾿lum olduğu kimi, bu əxlaqi xüsusiyyət insanlarla gözəl rəftar etməyə və onlarla xoş münasibətdə olmağa dəlalət edir. Bütün bunlar insanlar arasında dostluq və səmimiyyəti artırmaqdan əlavə, kin-küdurət, ədavət və şəxsi qərəzlərin də müəyyən mə᾿nada məhv olub aradan getməsinə səbəb olur. Gülərüzlüyün bir növü də zarafatdır. Bir şərtlə ki, bu işdə də ifrata, kimlərinsə haqlarının tapdalanmasına, yalan və iftiraya yol verilməməlidir.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Mə᾽sum imamların (ə) cəmiyyətdə gülərüzlüyün verdiyi müsbət nəticələrin nədən ibarət olduğunu hesab etdiklərini izah edin.

2. Zarafat hansı şəraitdə müsbət hal kimi dəyərləndirilir?

3. Әli (ə) zarafat haqda nə buyurur?

4. Gülərüzlüyün axirət nəticələri haqda nəql olunmuş hədisi izah edin.

ON DÖRDÜNCÜ DӘRS

ÇӘTINLIKLӘRIN HӘLLI

Ikinci dərsdə qeyd etdik ki, mö᾽minlər bir-birləri ilə qardaş və həmrə᾽y olmalıdırlar. Bu isə o deməkdir ki, onlar bir ailə üzvləri kimi bir-birlərinin qayğılarına qalmalı, sevinc və kədərlərini birgə bölüşdürməlidirlər. Belə ki, hər bir insan özünü başqalarının sevinc və kədərində şərik hesab edirsə, başqalarından da özünə qarşı həmin rəftarı gözləyir. Demək, insanlar bir-birlərinə qarşı qarşılıqlı kömək və həmkarlıq vəzifəsi daşıdıqları üçün bir-birlərinin qarşılaşdıqları çətinliklərdə həmrə᾽y olmalı və əllərindən gələni əsirgəməməlidirlər.

Peyğəmbər (s) özünün məşhur hədislərindən birində buyurur:

«Mö᾽minlər mehr və məhəbbət baxımından bir bədən üzvü kimidirlər. Bədən üzvlərindən biri ağrıdığı zaman digər bədən üzvləri də onunla həmdərd olurlar».

Mö᾽minlərin birlik və həmrə᾽yliyinə dair bundan gözəl ifadə tapmaq mümkün deyil. Әgər hər bir mö᾽min insan həqiqətən başqalarını öz bədən və ya ailə üzvü hesab edərsə, nəinki qarşılaşdıqları çətinliklərdə onlara köməklik edəcək, hətta əvvəlcədən öz köməkliklərini onlara göstərəcək və bütün xoşagəlməz hadisələrin qarşısını almağa cəhd edəcəkdir. Çünki, hər bir vicdanlı insan özü çətinliklərlə qarşılaşdığı zaman başqalarının köməyinə ehtiyac duyduğu kimi, özü də onların çətinliklərinin aradan qaldırılmasında yaxından köməklik edir və heç vaxt razı olmur ki, yalnız başqaları onun çətinliklərində köməklik göstərsin, özü isə onlarla əlaqəsini kəsib heç bir iş görməsin.

Maddi və mə᾽nəvi yardım mö᾽minlər arasında qarşılıqlı şəkildə həyata keçirilir. Bu səbəbdən də əxlaq, tə᾽lim-tərbiyə mövzusunda bu məsələyə xüsusi diqqət yetirilir. Maidə surəsinin 2-ci ayəsində deyilir:

«...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun...»

Diqqət yetirmək lazımdır ki, ictimai əlaqələr, qarşılıqlı yardımlar həmrə᾽ylik və həmkarlıq ruhiyyəsindən nəş᾽ət tapır.

Həmrə᾽ylik və həmkarlıq ruhiyyəsi olmadan insan başqalarına qarşı qəlbən mehr və məhəbbət hissi keçirməyəcəkdir. Nəticədə insanların aqibəti onun üçün əhəmiyyətsiz olacaqdır.

Peyğəmbər (s) buyurur:

«Müsəlmanların xeyir və şər᾽ində iştirak etməyən və yardım diləyən müsəlmanın dadına çatmayan şəxs müsəlman deyildir».[194]

Imam Sadiq (ə) buyurur:

Çətinlikdə olan müsəlman qardaşını gülər üzlə qarşılamayan şəxs Allaha, həzrət Məhəmmədə (s) və Әli (ə)-a iman gətirməmişdir. Imkanı çatdığı təqdirdə özü onun ehtiyacını ödəməli, çatmadıqda isə başqalarını bu işə sövq etməlidir. Buna əməl etməyən şəxs ilə bizim [Әhli-beytin] aramızda heç bir vilayət [əhd-peyman] yoxdur. Nəql olunmuş rəvayətlərdə var-dövlətini müsəlmanların rifahı naminə onların ixtiyarına qoymayan şəxslərin acınacaqlı aqibətləri, Allahın qəzəbinə düçar olacaqları və nəticədə var-dövlətlərinin Allah düşmənlərinin yolunda sərf edəcəkləri nəql olunur.

Imam Baqir (ə) buyurur:

«Müsəlman qardaşının qarşılaşdığı çətinliyin aradan qaldırılmasında və ehtiyaclarının ödənilməsində köməklik göstərməyən şəxs nəticədə günah edər və itaətsizlikdən çəkinməyən kəslərə yardım etməyə vadar olar. Bunun üçün onlar heç bir savaba nail olmazlar».[195]

Imam Sadiq (ə) buyurur:

«Allah-taala imkanı çatdığı təqdirdə bizim ehtyacı olan davamçılarımıza kömək etməyən şəxsi düşmənlərimizin ehtiyaclarını aradan qaldırmağa vadar edər və həmin şəxs qiyamət günü ağır əzaba düçar olar».[196]

Imam Musa Kazim (ə) bu haqda buyurur:

«Imkanı çatdığı təqdirdə yanına gələn müsəlman qardaşının ehtiyacını ödəməyən şəxs özü ilə Allah arasında olan əlaqəni kəsmişdir».

Imam Sadiq (ə)-dan nəql olunmuş başqa bir rəvayətdə ehtiyacı olan şəxslərə yardım etməyənlərin Allaha və Onun peyğəmbərinə xəyanət etdikləri göstərilir.

Allah-taala mö᾽min qardaşından ehtiyac duyduğu şeyi əsirgəyən və ya başqalarının vasitəsilə onun çətinliklərini aradan qaldırmayan şəxsləri qiyamət günü üzü qara və əlləri boyunlarından asılı bir halda məhşərə daxil edər. Onlar məhşərə daxil olarkən deyərlər: Bunlar Allaha və Onun Peyğəmbərinə xəyanət edən kəslərdir. Sonra onların cəhənnəmə aparılmalarına əmr olunar».[197]

Nəql olunmuş rəvayətlərdə hər şeydən əvvəl diqqəti cəlb edən məsələ, Allaha və Onun Peyğəmbərinə iman gətirmiş hər bir mö᾿min insana, yardıma ehtiyacı olan müsəlman qardaşına kömək edə bilməyəcəyi təqdirdə belə, məs᾽uliyyətin üzərindən götürülməməsidir. Belə ki, başqalarının vasitəsilə olsa da, müsəlman qardaşının çətinliklərini aradan qaldırmağa çalışmalı və bunu üzərinə düşən dini vəzifə və məs᾽uliyyət hesab etməlidir.

Məşhur islam alimlərindən biri olan Vaqidi deyir: «Iki nəfər şəxslə dostluq edərdim. Onlardan biri seyyid idi. Biz üç dost həddindən artıq səmimi idik. Bir il maddi vəziyyətim olduqca aşağı səviyyəyə düşdü və bütün ili yoxsulluqla başa vurmalı oldum. Bayram qabağı həyat yoldaşım mənə dedi: Biz çətinliyə dözə bilərik. Uşaqlar isə qonşu uşaqlarının bayrama necə təm-təraqla hazırlaşdıqlarını və təzə paltarlar geydiklərini görüb öz köhnə paltarlarından xəcalət çəkər və qəlbləri sınar. Әgər mümkünsə bir qədər pul tap ki, uşaqlar üçün təzə paltarlar alaq.

Seyyid dostuma məktub yazıb ondan bir qədər pul göndərməsini istədim. O da tez bir zamanda mənə min dirhəm pul göndərdi. Pul kisəsinin ağzını açmağa macal tapmamış, o biri dostumdan məktub aldım. Məktubda məndən kömək istəyirdi. Pul kisəsini açmadan ona göndərdim. Beləliklə, həyat yoldaşımın yanına əliboş qayıdacağımdan xəcalət çəkib məscidə tərəf getdim. Yolda təsadüfən seyyid dostuma rast gəldim. Həmin pul kisəsi də onun əlində idi. Göndərdiyi pulu nə etdiyimi soruşduqda əhvalatı olduğu kimi ona danışdım. Dostum pul kisəsini göstərib dedi: Sən onu mənim özümə qaytarmısan. Sözün doğrusu əlimdə olan pulu sənə göndərdikdən sonra özüm olduqca ağır vəziyyətə düşdüm. Bunun üçün də dostumuza məktub yazıb ondan kömək etməsini istədim. Lakin onun da vəziyyəti ağır olduğu üçün mənə heç bir köməklik edə bilmədi. Bunun üçün də sənə məktub yazıb köməklik etməyini istəmişdir. Beləliklə, pul kisəm mənim özümə qayıtmışdır. Indi ki, belədir, bu pulu üç hissəyə bölməliyik ki, hər üçümüz ondan istifadə edə bilək.

Әhvalatı nəql etməkdən ən başlıca məqsəd təqva sahiblərinin Allaha xatir bir-birlərinə yardım etmələrini və din qardaşlarını özlərindən üstün tutmalarını göstərməkdir.

Әli (ə) buyurur:

«Bu üç şeyə riayət etməyən şəxsi həqiqi dost hesab etmək olmaz:

1. Çətinliklərlə qarşılaşarkən yardım etmək;

2. Elindən, obasından uzaq düşdükdə ailəsinin qayğısına qalıb namusunu qorumaq;

3. Vəfat etdikdə vəsiyyətlərini yerinə yetirib dəfn olunmasında iştirak etmək və ailə üzvlərinə yardım etmək.[198]

Qur᾽ani-Kərimdə mö᾽minlər arasındakı əlaqə haqda deyilir:

«...Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar...»[199]

Imam Sadiq (ə) müsəlmanları bir-birlərinə əl tutmağa sövq etmək məqsədilə buyurardı:

«Biri məndən nə isə bir şey istədiyi zaman mümkün qədər tez onun ehtiyacını ödəməyə çalışıram. Çünki, qorxuram o öz ehtiyacını başqa bir yolla tə᾽min edə və mənim ona köməklik etməyimə fürsət olmaya».[200]

Nəql olunmuş bir çox rəvayətlərdə müsəlmanların çətinliklərinin aradan qaldırılmasına və bu işin olduqca böyük savabı olduğuna da dəfələrlə işarə olunmuşdur.

Dərsin sonunda biz onlardan bir neçəsinə işarə edirik. Әli (ə) buyurur:

«Müsəlman qardaşına köməklik edən şəxsin ruzisi bol olar».[201]

Imam Sadiq (ə) buyurur:

«[Müsəlman] qardaşlarınıza kömək etməklə Allaha yaxınlaşın».[202]

Allah-taala qiyamət günü, mö᾽min qardaşının hacətini (istək və ehtiyacını) ödəyən şəxsin min istəyini yerinə yetirər. Istədiyi ilk şey özünün və qohum-əqrəbasının cənnətə daxil olması olar. Bu şərtlə ki, onlar Әhli-beyt düşmənlərindən olmasınlar.[203]

«Elə bir müsəlman yoxdur ki, öz müsəlman qardaşının ehtiyacını ödədikdən sonra Allah-taala tərəfindən belə bir nida gəlməsin:

Sənin mükafatlandırılmağın Mənim öhdəmdədir və Mən sənin üçün cənnətdən başqa heç nəyə razı deyiləm.[204]

Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə buyurulur:

And olsun Allaha! Mö᾽min bir şəxsin ehtiyacını ödəmək bir ay oruc tutub ibadət etməkdən daha yaxşıdır.[205]

Imam Sadiq (ə)-ın səhabələrindən Muşməil Әsədi adlı bir nəfər deyir: Bir il Həcc ziyarətinə getmişdim. Qayıtdıqda imam Sadiq (ə)-ın yanına getdim. Məni görcək soruşdu: Muşməil! Harada idin?» Dedim: Həcc ziyarətinə getmişdim. Buyurdu: «Bilirsənmi, hacılara nə qədər savab verilir?» Dedim: Siz bunu mənə deməyincə bilmərəm. Buyurdu: Allah-taala Həcc ziyarətinə gələn və orada bir həftə ərzində Kə᾽bəni təvaf edib Səfa və Mərva dağları arasında sə᾿yləri yerinə yetirən hər bir şəxsin əməl dəftərinə altı min savab yazılmasını əmr edir. Həmin şəxsin altı min günahı bağışlanır, altı min dəfə məqamı ucalır, altı min istəyi qəbul olunur və altı min istəyi axirət üçün saxlanılır. Dedim: Doğrudan da bu çox böyük bir mükafatdır.

Buyurdu: Səni bundan da böyük savabdan agah etməyimi istəyirsən?

Dedim: Bəli.

Buyurdu: Mö᾽min bir şəxsin ehtiyacını ödəyib onun hər hansı bir istəyini yerinə yetirmək «bir Həcc ziyarətindən» (bunu on dəfə təkrar etdi) daha yaxşıdır.[206]

Bu o deməkdir ki, bu iş on həcc ziyarətindən daha üstündür.

Növbəti dərslərimizdə yenidən bu barədə söhbət açacağıq.

DӘRSIN XÜLASӘSI

Düşüncə və təfəkkür baxımından insanlar vahid bədən üzvünə bənzəyirlər. Ehtiyac içində yaşayan, lakin mö᾽min qardaşlarını bir an belə unutmayan şəxslər Allahın razılığını, maddi vəziyyəti imkan verdiyi təqdirdə belə, öz müsəlman qardaşlarına yardım etməyən şəxslər isə Allahın qəzəbinə düçar olarlar.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Nə üçün Peyğəmbər (s) müsəlmanların xeyir və şər᾽ində uzaq düşən şəxsi [həqiqi] müsəlman hesab etmir?

2. Qur᾽ani-Kərimdə mö᾽minlərin əlaqələri haqda nə deyilir?

3. Mö᾽minlərin çətinliklərinin aradan qaldırılması haqda nəql olunmuş rəvayətlərdən bir neçəsini izah edin.

4. Imam Sadiq (ə) mö᾽minlərin ehtiyaclarının ödənilməsi haqda nə buyurur?

ON BEŞINCI DӘRS

MÖ᾽MINLӘR ARASINDA SÜLH VӘ ӘMIN-AMANLIĞIN BӘRQӘRAR OLUNMASI

Ötən dərsdə yüksək əxlaqi xüsüsiyyətlərdən biri olan mö᾽minlərə yardım və onların maddi vəziyyətlərinin yaxşılaşdırılması haqda söhbət açdıq. Qeyd etdik ki, mö᾽min bir şəxsin öz mö᾽min qardaşına miqdarından asılı olmayaraq, maddi yardım etməsi onun rifahının yaxşılaşması ilə yanaşı, qəlbinə də sevinc gətirməsinə səbəb olur.

Bu xüsusiyyətə hər bir müsəlman malik olmalı və bunu üzərinə düşən ən ümdə dini və insani vəzifələrdən biri hesab etməlidir. Bu dərsdə digər əxlaqi xüsusiyyətlərdən biri, yə᾽ni mö᾽minlər arasında sülh və əmin-amanlığın bərqərar olunması haqda söhbət açacaq və bu məzmunda nəql olunmuş bir neçə hədis və rəvayət gətirəcəyik.

Peyğəmbərdən (s) soruşurlar:

Allah yanında ən sevimli iş nədən ibarətdir?

Buyurdu: Müsəlmanları sevindirməyə çalışmaq.

Soruşdular: Müsəlmanları necə sevindirməli?

Buyurdu: Ac olduğu zaman doydurmaq, kədərli olduğu zaman qəm-qüssəsini dağıtmaq və borclu olduğu zaman borcunu ödəmək.[207]

Әli (ə) səhabələrindən biri olan Kumeylə tövsiyə edərək buyurur:

Ey Kumeyl! Ailə üzvlərini gündüzlər fəzilət (savab) qazanmağa və gecələr yuxuda olan camaatın ehtiyaclarını ödəməyə vadar et. And olsun hər şeyi eşidən Allaha! Yad bir dəvə sürüdən ayrıldığı kimi, Allah-taala qəlblərə sevinc gətirən şəxslərin qəlblərindən qəm-qüssə ilə qarşılaşdıqları zaman dərdi uzaqlaşdırar.[208]

Imam Baqir (ə) buyurur: Müsəlman qardaşınızın üzünə gülüb onun dərd- qəmini dağıtmaq ən xeyirxah işlərdəndir. Və Allah yanında ən xeyirxah (sevimli) iş mö᾽min bir şəxsi sevindirməkdir.[209]

Imam Sadiq (ə) buyurur:

Sizlərdən heç biriniz belə güman etməsin ki, mö᾽min bir şəxsi sevindirməklə yalnız onu sevindirmiş olursunuz. And olsun Allaha, həmən şəxs həm biz Әhli-beyti, həm də Peyğəmbəri (s) sevindirmiş olur.[210]

Peyğəmbər (s) buyurur:

Mö᾽min bir şəxsi sevindirən bir şəxs məni sevindirmişdir və məni sevindirən şəxs Allahı sevindirmişdir.

Imam Sadiq (ə) buyurur:

Allah-taala Davud (ə)-a belə bir vəhy nazil etdi:

Bəndələrimdən xeyirxah iş görənin hər birini cənnətə daxil edəcəyəm.

Davud (ə) soruşdu:

Ilahi! Həmən xeyirxah iş nədən ibarətdir?

Buyurdu:

Bir xurma ilə olsa belə, mö᾽min bəndələrimin qəlblərinə sevinc bəxş edib onları razı salmaq.

Davud (ə) sonra dedi:

Ilahi! Səni tanıyan bəndələrin Sənin üzərində olan haqları da bundan ibarətdir ki, bəslədikləri ümidi onlardan kəsməyəsən.

Peyğəmbər (s) buyurur:

Könül açan sözlərlə müsəlman qardaşının qəlbinə sevinc gətirən və qəm-qüssəsini dağıdan şəxs bu müddət ərzində Allahın rəhmət kölgəsində olar.[211]

Nəql olunmuş rəvayətlərdən mö᾽minlərin qəlblərinə sevinc gətirməyin nə qədər fəzilətli və Allah yanında sevimli bir iş olduğu artıq bizə mə᾽lum oldu.

Bu gözəl xüsusiyyətə hər bir müsəlman adət etməli və hansı şəraitdə olursa-olsun ona əməl etməyə cəhd göstərməlidir.

Maddi vəziyyəti imkan verməyən şəxslər bunu bəhanə gətirərək öz mö᾽min qardaşlarına sevinc bəxş etməkdən boyun qaçırmamalıdırlar. Belə ki, bir qədər əvvəl nəql olunmuş rəvayətlərdə bu mətləbə işarə olundu ki, maddi vəziyyəti imkan verməyən şəxslər öz mö᾽min qardaşlarını hətta ürəyə yatan bir xoş söz demək və ya bir xurma verməklə sevindirə bilər.

Axırda belə bir nəticəyə gəldik ki, öz müsəlman qardaşının çətinliklərinin aradan qaldırılmasında əlindən gələn köməkliyi edən, onların qəlblərinə sevinc və şadlıq gətirən şəxslər Allahın, Peyğəmbərin (s) və onun Әhli-beytinin məhəbbət və razılığını qazanmış olur.

MÖ᾽MINLӘR ARASINDA SÜLH VӘ ӘMIN-AMANLIĞIN BӘRQӘRAR OLUNMASI

Ictimai çatışmazlıqların aradan qaldırılmasında hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifələrdən biri də onun mö᾽minlər arasında sülh və əmin-amanlıq, asayiş və səmimiyyətin bərqərar olunmasında əlindən gələn köməkliyi göstərməsidir. Bu məzmunda nəql olunmuş rəvayət və Qur᾽an ayələri haqda söhbət açmazdan əvvəl qeyd etmək lazımdır ki, mö᾽minlərin bir-birləri ilə əlaqələrini kəsmələri və yaranmış cüz᾽i ixtilaflar nəticəsində bir-birlərinə düşmən kəsilərək soyuq münasibət bəsləmələri heç də müsəlmana xas olan xüsusiyyətlərdən deyildir.

Peyğəmbər (s) bu barədə buyurur:

Iki nəfər müsəlman şəxs üç gündən artıq bir-birindən küsülü qalsalar dindən xaric olmuş olarlar. Onlardan biri digəri ilə barışmayınca aralarında dini münasibətlər bərqərar olunmayacaq. Axirətdə isə həmin şəxs cənnətə daha tez daxil olar.[212]

Imam Sadiq (ə) buyurur:

Bir-birindən küsən iki nəfər müsəlman şəxs (xüsusilə müqəssir olanı) qəzəb və nifrətdən savayı bir şey əldə etməz.[213]

Nəql olunmuş rəvayətlərdə müsəlmanlar arasında kin-küdurət və düşmənçiliklərin şeytani vəsvəsələrdən meydana gəldiyi göstərilir. Bu rəvayətlərdə müsəlmanlara Şeytanın vəsvəsələrinə uymamaq tövsiyə olunur və bunun verdiyi ağır nəticələr haqda ciddi xəbərdarlıqlar edilir.

Maidə surəsinin 91-ci ayəsində deyilir:

«Şübhəsiz ki, Şeytan aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər...»

Imam Baqir (ə) buyurur:

Dinindən çıxmayınca Şeytan müsəlmanlar arasında düşmənçilik yaratmağa çalışar. Istəyinə nail olduqda arxası üstə uzanıb dərindən nəfəs alıb deyər: Qalib gəldim.

Imam Baqir (ə) sonra əlavə edərək buyurur:

Allahın rəhmət və mərhəməti şamil olsun o kəslərə ki, bizim dostlar arasında səmimiyyətin artmasına səbəb olur. Ey mö᾽minlər! Bir-birinizlə mehribanlıqla rəftar edin və aranızdakı səmimiyyətin güclənməsinə çalışın.[214]

Imam Sadiq (ə) buyurur:

Iki nəfər müsəlman bir-biri ilə küslü olduğu zaman Iblis sevinc hissi keçirər. Barışdıqda isə dizləri titrəyib yerə yıxılaraq fəryad edər: Vay halıma, artıq həlak oldum![215]

Yuxarıda qeyd olunan rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, müsəlmanlar arasında kin-küdurətin yaranmasına səbəb olan ən başlıca amil onların bir-birləri ilə əlaqələrini kəsmələri və qəlblərində şeytani vəsvəslərin güclənməsidir. Onlar dostluq və səmimiyyətin güclənməsinə nə qədər çalışırlarsa, şeytani vəsvəsələrin və kin-küdurətin aradan qaldırılması üçün də bir o qədər cəhd göstərməlidirlər.

Qur᾽ani-Kərimdə buyurulur:

«Həqiqətən, mö᾽minlər [dində] qardaşdırlar. Buna görə də [aralarında bir mübahisə düşsə] iki qardaşınızın arasını düzəldin...»[216]

 

«...Buna görə də əgər [həqiqi] mö᾽minsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin...»[217]

 

«Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyə, yaxud yaxşılıq etməyə və ya insanlar arasında sülh yaratmağa əmr edən şəxsin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən şəxsə [axirətdə] böyük mükafat verəcəyik!»[218]

Peyğəmbər (s) buyurur:

Allahın və Onun peyğəmbərinin sevdiyi sədəqənin nədən ibarət olduğundan sizi agah etməyimi istəyirsinizmi? Bu mö᾽minlər arasında soyuq münasibətlərin aradan qaldırılması və yenidən səmimiyyətin bərpa olunmasına cəhd göstərməkdir.[219]

Şeybə həmin hədisi imam Sadiq (ə)-dan nəql edir:

Allah-taalanın sevdiyi sədəqə mö᾽minlər arasında soyuq münasibətlər yarandığı zaman yenidən onların dostluq və səmimiyyətlərin artması üçün çalışmaqdan ibarətdir.[220]

Әli (ə) vəfat etməzdən əvvəl oğlanları Həsən və Hüseyn (ə)-a bu vəsiyyəti edir:

Sizləri, övladlarınızı, bütün qohum-əqrəbalarımı və mənim vəsiyyətnaməmi oxuyan bütün şəxsləri işlərində nizam-intizama hidayət etməyə, pəhrizkar olmağa və bir-birinizə səmimi münasibət bəsləməyə tövsiyə edirəm. Babanız Peyğəmbər (s) buyurardı:

[Dost və qohum-əqrəbanın bir-birləri ilə] gözəl münasibətdə olmaları bir illik qılınan namaz və tutulan orucdan daha yaxşıdır.[221]

Qeyd olunan ayə və rəvayətlərdən müsəlmanlar arasında kin-küdurətin aradan qaldırılmasının, dostluq və səmimiyyətin yenidən bərpa olunmasının əhəmiyyəti açıq-aşkar bəlli olsa da, bu xeyirxah işin nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyi haqda iki mühüm mətləbə işarə etmək lazımdır:



Geri   İrəli
Go to TOP