A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 1 (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 144
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


«Әn böyük eyb intiqam almağa tələsmək və az güzəşt etməkdir».

Imam Baqir (ə) buyurur:

«Әfv və güzəşt üçün edilən peşimançılıq cəzalandırılma üçün edilən peşimançılıqdan daha yaxşıdır».

Imam Sadiq (ə) buyurur:

«Biz Әhli-beytin səxavət və mərdliyi bizlərə zülm edən şəxsləri əfv etməyimizdədir».

Başqa bir rəvayətdə buyurur:

«Bu üç şey dünya və axirətin ən gözəl xüsusiyyətlərindəndir: Sənə zülm edən (haqqını tapdalayan) şəxsi əfv etmək, əlaqəni kəsən şəxslərlə ünsiyyətdə olmaq və sənə qarşı hörmətsizlik edən şəxslərə qarşı səbr və təmkinli olmaq».[161]

ӘFV VӘ GÜZӘŞT ETMӘYIN FӘRQI

Yuxarıda qeyd olunan rəvayətlərdə «əfv» və «güzəşt» kəlmələrinin hansı mə᾽na daşıdıqları ilə yaxından tanış olduq. Lakin dərsin əvvəlində gətirilən ayələrdə «səfh» kəlməsinin də «əfv» və «güzəşt» kimi tərcümə olunduğunu müşahidə etdik. Hər iki kəlmə eyni mə᾽nada işlənsə də «səfh» kəlməsi pisliklərə göz yummaq mə᾽nasını da daşıyır. Belə ki, bir şəxs səhv iş gördükdə təqsirindən keçilərək əfv olunur. «Səfh» isə ümumiyyətlə insanın səhvlərinə göz yummağa deyilir. Belə bir halda, həmin şəxs əfv olunsun deyə, onun elə rəftar olunur ki, sanki o, əsla səhvə yol verməmişdir.

Bu səbəbdən də deyə bilərik ki, «əfv» insanın səhv və təqsirlərinin üstünü örtmək, «səfh» isə səhvlərə göz yummaq mə᾽nasını daşıyır. Qur᾽ani-Kərimdə «əfv» haqqında deyilir:

«Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs [pislik edəni] bağışlasa və [onunla] barışsa onun mükafatı Allaha aiddir. Həqiqətən, Allah zalımları sevməz!»[162]

«...Kin-küdurət olmasın deyə, rastlaşdıqda «Salam» -de...»[163]

«...Sən müşriklərdən sakitcə üz döndər [və onları alicənablıqla bağışla]...»[164]

Göründüyü kimi birinci ayədə bütün xoşagəlməz işlər üçün [müəyyən cəza] tə᾽yin olunsa da əfv və güzəşt etməyə sövq edilir. Buradan belə nəticəyə gəlmək olur ki, əfv, yalnız şəxsin təqsiri sübuta yetirildikdə, lakin bütün bunlara göz yumulduqda edilir. Sonrakı iki ayədə isə «səhf» kəlməsindən istifadə olunmaqla Allah-taala, Peyğəmbərin (s) müşriklərin xoşagəlməz rəftarlarının müqabilində onlara əksül-əməl göstərməyə və güzəşt etməyə əmr edir. Imam Riza (ə) «Sən müşriklərdən yaxşıca üz döndər [və onları alicənablıqla bağışla]» ayəsini təfsir edərkən deyir:

«Səfh, şəxsin danlanmadan güzəşt olunmasına deyilir».[165]

HANSI ŞӘRAITDӘ ӘFV VӘ GÜZӘŞT OLUNMALIDIR

Diqqət yetirmək lazımdır ki, insan yalnız o zaman əfv və güzəşt etməlidir ki, intiqam almağa qadir olmuş olsun. Әks təqdirdə, günahları əfv etmək nəinki müsbət nəticə verməyəcək, əksinə qəlbində həmin şəxsə qarşı kin-küdurət və düşmənçilik yaranacaqdır. Bu da yalanın, qeybətin, töhmət və həsədin artmasına gətirib çıxaracaqdır. Bu səbəbdən də zəiflik üzündən kiminsə səhvinə göz yummağı əfv və güzəşt adlandırmaq olmaz. Müqəddəs islam dini öz davamçılarını əfv və güzəşt etməyə də᾽vət etməklə yanaşı, özlərinin və başqalarının haqlarının tapdalanmasına yol verməməyə də əmr edir. Belə bir şəraitdə nə kimsənin haqqı tapdalanır, nə də zəiflik üzündən kimsə öz haqqından keçib günahkarı əfv və güzəşt etməli olur. Demək, əfv və güzəşt etmək yalnız o zaman öz həqiqi dəyərini tapa bilər ki, insan intiqam almağa qadir olmuş olsun, lakin alicənablıq üzündən buna yol verməsin.

Nəql olunmuş bir çox rəvayətlərdə bu mətləbə xüsusi diqqət yetirilir. Misal olaraq burada onlardan bir neçəsini gətiririk. Peyğəmbər (s) buyurur:

«Allah-taala qüdrəti çataraq əfv və güzəşt edən şəxsin səhvə yol verdiyi zaman günahlarını bağışlayar».

«Әfv və güzəşt etməkdə insanların ən yaxşısı cəzalandırmaq üçün qüdrəti çatan, lakin əfv və güzəştə gedənlərdir».

Әli (ə) buyurur:

«Düşmənin üzərində qalib gəldiyiniz zaman əfv və güzəşt etməyi qüdrətinizin şükrü hesab edin».[166]

«Әfv etmək qüdrətin zəkatıdır».

Imam Həsən (ə) bu haqda buyurur:

«Insanların ən güzəştlisi o kəsdir ki, qüdrəti çatdığı zaman əfv etməyi bacarsın».[167]

Imam Sadiq (ə) buyurur:

«Qüdrəti çataraq əfv və güzəşt etmək peyğəmbər və müttəqilərin xüsusiyyətlərindəndir».[168]

Peyğəmbərin (s) zamanında müsəlmanların ən böyük qələbəsi Məkkənin fəthi olmuşdur. Böyük qüdrətə malik olan islam ordusu Məkkəyə daxil olarkən müşriklər artıq əvvəlki qüdrət və nüfuzunu itirib müsəlmanlardan asılı vəziyyətə düşmüşdülər. Orduya rəhbərlik edən Sə᾽d ibni Ubadə şəhərə daxil olarkən belə bir şüar verir:

«Bu gün müharibə və mübarizə günüdür. Bu gün qadınların əsir alınacaqları gündür».

Bu xəbəri eşidən həzrət Peyğəmbər (s) bərk narahat olur. O, Әli (ə)-a bayrağı Sə᾽d ibni Ubadədən alıb orduya rəhbərlik etməyi və — «Xeyr! Bu gün mərhəmət və bağışlanma günüdür!» — şüarını verməyi əmr edir.

Haqqında söhbət açacağımız məsələlərdən biri də hansı şəraitlərdə və kimlərin əfv və güzəşt olunmasıdır.

Güzəşt etməyə gəldikdə, biz yalnız şəxsi məsələlərdə haqqımızı tapdalayan və bizə qarşı hörmətsizlik edən şəxsləri əfv edib bağışlaya bilərik. Ilahi və ictimai hüquqlara qarşı hörmətsizlik edildikdə isə, kiməsə güzəşt edib bağışlamağa heç bir ixtiyara malik deyilik.

Güzəşt və əfv nümunəsi olan həzrət Peyğəmbərin (s) həyatına nəzər saldıqda bir daha bu həqiqətin şahidi oluruq ki, o həzrət ictimai ədalətin bərqərar olunmasında — ictimai pozğunluğa yol verildikdə — kimsəyə güzəşt etməmiş və müqəssirləri əfv edərək cəzasız qoymamışdır. Həyat yoldaşı Ümmi Sələmənin kənizinin oğurluq etməsini buna misal çəkmək olar. Xəsarət çəkən şəxslər Peyğəmbərin (s) yanına şikayətə gəldikdə Ümmi Sələmənin xahişini nəzərə almadan onların hər birini təmkinlə dinləyib kənizin cəzalandırılmasına dair müvafiq tədbir görür.

Başqa bir misala nəzər salaq:

Әli (ə) ətraf məntəqələrə göndərdiyi valilərdən birinin beytul-malı mənimsədiyini eşidib ona belə bir xəbərdarlıq məktubu yazır: «Allahdan qorx və camaatın malını özlərinə qaytar! Әgər bunu etməsən və Allah mənə səni görməyimə imkan verərsə, müşrikləri cəhənnəmə vasil etdiyim bu qılıncla səni öz cəzana çatdıracağam. And olsun Allaha! Әgər Həsən və Hüseyn sənin gördüyün bu işi görsəydilər, onları cəzalandırmaqda əsla peşiman olmazdım».

Demək, şəxsi məsələlərdə əfv və güzəştə yol verilsə də, ilahi və ictimai hüquqların bərpa olunmasında bu iş qeyri-mümkündür. Әgər buna yol verilərsə, yalnız Allahın izni Peyğəmbər (s) və onların naibləri tərəfindən ola bilər.

Bir şeyi də nəzərdən qaçırmaq olmaz ki, əfv və güzəşt yalnız öyüd-nəsihətdən ibrət alan və bunun qədrini bilən şəxslərə edilməlidir. Çünki, onlar xəbərdarlıq olunarkən buraxdıqları səhvə bir dəfəlik son qoyur və düzgün nəticə çıxarırlar. Nadan və inadkar insanlar isə əksinə, əvvəlkindən daha çox başqalarının haqqını tapdalayır və onlara edilən öyüd-nəsihətlərdən heç bir nəticə çıxarmırlar.

Әli (ə) bu barədə buyurmuşdur:

«Әfv və güzəşt alicənab insanı nə qədər islah edirsə, nadan insanı bir o qədər fasid edir».[169]

Imam Zeynəlabidin (ə) buyurmuşdur:

«Sənə pislik edən şəxsin haqqı onu bağışlamağından ibarətdir Әfv etməyin zərərli olduğunu bildikdə isə onun üzərində hakim ol. Allah-taala buyurur: «Haqqı tapdalanan şəxslər intiqam aldıqda günahkar sayılmazlar».

DӘRSIN XÜLASӘSI

Ictimai əlaqələrin bərqərar olunmasında zəruri sayılan əxlaqi məsələlərdən biri də əfv və güzəşt etməkdir. Әfv və güzəşt yalnız o zaman özünün həqiqi dəyərini tapır ki, zərər çəkən şəxs intiqam almağa qadir olsun və onların səhvlərinə göz yuma bilsin. Әfv və güzəşt şəxsi məsələlərdə mümkün olsa da, ilahi və ictimai hüquqların bərpa olunmasında yol verilməzdir.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Әfv və səfh arasında olan fərqi izah edin.

2. Әli (ə) valilərdən birinin beytul-malı mənimsədiyi üçün ona göndərdiyi məktubda nə yazır?

3. Nə üçün yalnız əməli-saleh insanlar əfv və güzəşt olunmalıdırlar?

4. Imam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə dünya və axirətdə bəyənilən neçə xüsusiyyətə işarə olunur?

ON IKINCI DӘRS

INSAF

Ictimai əlaqələrin bərqərar olunmasında insaf və ədalət islam əxalaqının əsasını təşkil edir. Burada «insaf» dedikdə, insanların özlərinə rəva bildikləri və sevdikləri hər bir şeyi başqalarına da rəva görüb onlar üçün istəmələri nəzərdə tutulur.

Xalq arasında insaf və ədalətin bərqərar olunmasına bu qədər böyük diqqət yetirilməsi cəmiyyətin sağlam qanunlar əsasında idarə olunmasından irəli gəlir. Belə ki, hər bir cəmiyyət üzvünün hüququnun qorunmasında kiçicik ədalətsizliyə belə yol verilməməlidir. Təsdiq olunmuş qanunlar məcmuəsinin həyata keçirilməsində cəmiyyət üzvləri arasında fərq qoyulmamalıdır. Başqa sözlə desək, qanunvericilər bir şeyi özlərinin xeyirinə gördükdə qəbul edib, zərərlərinə olduqda isə orada istədikləri kimi dəyişikliklər aparmamalıdırlar. Bu bir həqiqətdir ki, insanların əksəriyyəti haqq-ədalət deyildikdə, olduqca canfəşanlıq göstərir, onun əməli olaraq həyata keçirilməsinə gəldikdə isə, ədalət onların zərərinə olarsa, ya əməl etmir, yaxud da öhdəsindən gələ bilməyib öz üzərlərindən atmağa çalışırlar.

Әli (ə) bu barədə buyurur:

«Haqqın tə᾽rifi hər şeydən daha genişdir, əmələ gəldikdə isə hər şeydən daha məhdud və kiçik olur».

Yə᾽ni, haqq-ədalətdən söz düşdükdə hamı bu haqda çox danışır, əmələ gəldikdə isə bir çox hallarda biri digərinin haqqını tapdalayır və ictimai ədalətin bərqərar olunmasında üzərinə düşən məs᾽uliyyəti lazımınca yerinə yetirmir.

Bu səbəbdən də Qur᾽ani-Kərimin bir çox ayələrində ictimai ədalətin bərqərar olunmasına xüsusi diqqət yetirilmiş və bu mətləbə dəfələrlə tə᾽kid olunmuşdur.

Bir neçə ayədə haqq-ədalətin ən çətin icra olunan mövqelərinə, yə᾽ni mənafelərin çarpazlaşdığı məqamlara, insanın özünün və ya qohum-əqrəbasının zərəri ilə nəticələnəcək hallara toxunulur. Yə᾽ni, insan özünün və ona yaxın olan qohum-əqrəbasının şəxsi mənafeyindən keçib haqq-ədaləti hər şeydən üstün tutaraq onu həyata keçirir:

«...Söz söylədiyiniz zaman [lehinə və əleyhinə danışdığınız adam] qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi [dini vəzifələrinizi, andlarınızı] yerinə yetirin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə düşünüb öyüd-nəsihət qəbul edəsiniz!»[170]

Başqa bir ayədə buyurur:

«Ey iman gətirənlər! [Şahidliyiniz] sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! [Әleyhinə şahidlik edəcəyiniz şəxs] istər dövlətli, istərsə kasıb olsun, hər halda Allah onların hər ikisinə sizdən daha yaxındır! Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Әgər dilinizi əyib-büzsəniz və ya [doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən] boyun qaçırsanız, [bilin ki,] Allah etdiyiniz işlərdən xəbərdardır!»[171]

Göründüyü kimi ayədə ədalətə tə᾽kid olunmaqla yanaşı, iki mühüm məsələyə də işarə olunur:

1. Ayrı-ayrı şəxslərin özlərinin və ya qohum-əqrəbasının zərərinə olsa belə, ədalətli olmalı;

2. Insanların yoxsul və ya varlı olmalarını nəzərə alıb onların istəklərinə uyğun hökm çıxarmamaq.

Məsələn yoxsulların maddi vəziyyətlərinin aşağı səviyyədə olduğunu görüb, haqq onlarla olmasa belə, rəhm edib onların tərəfi saxlanılmamalı və ya dövlətlilərin var-dövlətə olan əlaqələrini görüb onların xeyrinə hökm çıxarılmamalıdır.

Qur᾽ani-Kərimin başqa bir ayəsində bu mətləbə işarə olunaraq buyurulur:

«Ey iman gətirənlər! Allah qarşısında [borcunuzu yerinə yetirməkdə] sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir şəxsə qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Әdalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!»[172]

Göründüyü kimi bu ayədə də Allah-taala haqq-ədalətə əmr etdikdən sonra bir daha düşmənçilik, kin-küdurət üzündən insafı əldən verməməyi xatırladır. Belə ki, bir çox hallarda insanlar başqalarından bir pislik gördükdə intiqam almaqda həddi aşır və belə olduqda təbii ki, ədalətə riayət etməyə qadir olmurlar.

Әldə olunan rəvayətlərdə də bu mətləbə xüsusi diqqət yetirildiyinin şahidi oluruq.

Peyğəmbər (s) buyurur:

«Insanların ən ədalətlisi o kəsdir ki, özünə istədiyi şeyi başqaları üçün də istəsin və özünə rəva bilmədiyi şeyi başqaları üçün də rəva bilməsin».[173]

Başqa bir rəvayətdə buyurur:

«Yoxsullara əl tutan və camaata köməklik edən şəxs, həqiqi mö᾽mindir».[174]

Həzrət Әli (ə) insafı insanın vüqar və izzəti hesab edir:

«Allah-taala camaatla insafla rəftar edən şəxsin izzət və əzəmətini daha da artırar».[175]

Dərsin əvvəlində qeyd olunan rəvayətlərdə ədalət və insafın tə᾽rifi ilə tanış olduq. Növbəti rəvayətlərdə isə ədalətli olmağın hədd-hüdudu və mahiyyətinə işarə olunacaqdır. Həzrət imam Әli (ə) imam Həsən Müctəba (ə)-a etdiyi vəsiyyətində buyurur:

«Ey övladım! Nəfsini özünlə başqaları arasında tərəzi qərar ver. Özünə istədiyin şeyləri onlar üçün də istə. Özün üçün istəmədiyin şeyləri başqaları üçün də istəmə. Kimsənin sənə zülm etməsini istəmədiyin kimi, sən də onlara zülm etmə. Başqalarının sənə yaxşılıq etmələrini istədiyin kimi, sən də başqalarına yaxşılıq et. Özünə məsləhət görmədiyin şeyləri başqalarına da məsləhət görmə. Özünün onlara qarşı etdiyin rəftarı bəyəndiyin kimi, onların da sənə qarşı etdiklərini bəyən və qəbul et. Bilmədiyin şey haqda bir şey söyləmə, yalnız sənə mə᾽lum olan şeylər haqda danış. Başqalarının sənə sevmədiyin şeyləri demələrini sevmədiyin kimi, sən də başqalarının sevmədiklərini onlara demə!»[176]

Nəql olunmuş rəvayətlərin bir çoxunda «insafun-nasi minən-nəfsi» ifadəsindən istifadə olunur. Bu dərsdə Peyğəmbər (s) və Әli (ə)-dan nəql olunmuş rəvayətlərdə də bu ifadədən istifadə olunduğunun şahidi oluruq. Mə᾽nası isə budur ki, insan özü ilə başqaları arasında hökm çıxardığı zaman özünü başqalarının yerinə qoymalı, özünü haqlı hesab etdiyi kimi başqalarını da haqlı hesab etməli və ya əksinə müqəssir olduğu zaman başqaları haqda cəza tədbiri nəzərdə tutduğu kimi, özünü də cəzalandırmağa hazır olsun. Bunlarla yanaşı, haqsız olduğu zaman da özünə bəraət qazandırmağa çalışmamalıdır. Buradan belə mə᾽lum olur ki, həzrət Әli (ə) oğlu imam Həsən (ə)-a etdiyi vəsiyyətnamədə sözün əsl mə᾽nasında «insafun-nasi minən-nəfsi» cümləsini təfsir etmişdir.

Həmçinin Malik Әştərə verdiyi göstərişdə buyurur:

«Özünlə Allah, camaat, yaxınlar və qohum-əqrəba arasında insafa riayət et! Belə etmədiyin təqdirdə zülmkar hesab olunarsan. Allah bəndələrinə zülm edən kəslər Allahın düşmənləridirlər. Onlar tövbə edib zülmkarlıqdan əl çəkməyincə Allahla müharibə etmiş olarlar».

Həzrət Әli (ə)-ın qısa və nəsihətamiz cümlələrində insaf və ədalətin ictimaiyyətdə qoyduğu müsbət tə᾽sir belə izah edilir:

1. Insaf dostluğun, səfa-səmimiyyət və mehr-məhəbbətin davam gətirməsinə səbəb olur.

2. Insaf qəlblərin bir-birinə yaxınlaşmasına səbəb olur.

3. Insaf ixtilafları aradan qaldırır və birliyə gətirib çıxarır.

4. Insaf rahatlıq və asayiş gətirir.

5. Insafa riayət etməklə insanlar arasındakı əlaqə və bağlılıq uzun müddət davam gətirir.

6. Insaflı şəxslərin dost və yardımçıları çox olar.

ӘXLAQI INCӘLIK

Yuxarıda qeyd olunanlardan belə bir nəticəyə gəlmək olur ki, insaf insanın özünü bütün ictimai hüquqlarda başqaları ilə bərabər tutmasına deyilir. Әgər bütün müsəlmanlar layiqincə ictimai ədalətə riayət edərlərsə, Әli (ə)-ın buyurduğu kimi cəmiyyətdə onun səmərəsini, yə᾽ni əmin-amanlığın, asayiş və bərabərliyin bərqərar olunduğunun şahidi olarlar. Lakin ədalət və insafa riayət etmək ən çətin məsələlərdən biridir. Bunun əsas səbəbi insanda «özünüsevmək» hissinin yaranmasıdır. Insan zatən özünü sevən və hər şeyi özü üçün istəyən bir varlıqdır. Bu səbəbdən də belə bir nəfsani xüsusiyyət və ruhiyyəni tərk etmək onun üçün hər şeydən ağırdır.

Imam Sadiq (ə) bu haqda buyurur:

«Istəyirsinizmi sizin üçün Allahın tə᾽yin etdiyi ən ağır və vacib məs᾽uliyyətin nədən ibarət olduğunu açıqlayım? Sonra Imam (ə) üzünü səhabələrə tutub buyurur: Camaatla insafla rəftar etmək və onların hüquqlarını qorumaq».[177]

Nəql olunmuş başqa bir rəvayətdə deyilir:

Imam Baqir (ə)-ın səhabələri onları maraqlandıran bir neçə sualı məktuba yazaraq Әbdül Ә᾽la adlı bir şəxs ilə Mədinəyə göndərirlər. Bu suallarla yanaşı onun imam Sadiq (ə)-dan şifahi olaraq müsəlmanın öz müsəlman qardaşının üzərində nə kimi hüquqa malik olması haqda soruşmağını da xahiş edirlər. Әbdül Ә᾽la deyir: Məktubu imam Sadiq (ə)-a verib ondan müsəlmanların bir-birlərinin üzərində hansı hüquqa malik olmaları haqda soruşdum.

Imam Sadiq (ə) sonuncu (şifahi) sualımdan başqa bütün suallarıma təmkinlə cavab verdi.

Sonra buyurdu:

Allahın insanların üzərinə qoyduğu ən ağır vəzifə bu üç şeydən ibarətdir:

1. Әdalət və insafa riayət etmək. Belə ki, hər bir müsəlman öz müsəlman qardaşı ilə elə rəftar etməlidir ki, başqalarının da onunla eyni tərzdə rəftar etmələrini istəsin.

2. Müsəlman qardaşının şəraitini nəzərə almalı və öz malını onlardan əsirgəməməlidir.

3. Hər zaman Allahı xatırlamalı. Lakin bu heç də o demək deyildir ki, daim «sübhanəllah» və «əlhəmdulillah» deyərək zikr etməlidir. Xeyr! O, haramla qarşılaşdığı zaman Allahın onun gördüyü bütün işlərdən agah olduğunu yə᾽qin edərək ondan uzaq olmağa çalışmalıdır».

Göründüyü kimi haqq-ədalətə, insafa riayət etmək insanın üzərinə düşən ən ağır vəzifələrdən biri kimi göstərilir. Bunun üçün ilk növbədə insan öz nəfsi ilə mübarizə aparmalı və lazım gələrsə başqalarını özündən üstün tutmağı bacarmalıdır.

DӘRSIN XÜLASӘSI

Insaf ictimai və fərdi hüquqlarda insanın başqalarını özü ilə bərabər tutması deməkdir. Bu da cəmiyyətdə dostluq, əmin-amanlıq, asayiş və qarşılıqlı əlaqələrin bərqərar olunmasına səbəb olur. Bu xüsusiyyət Peyğəmbər (s) və Mə᾽sum imamlardan (ə) nəql olunmuş rəvayətlərdə insanın üzərinə düşən ən ağır vəzifə kimi qiymətləndirilir.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Insanlar varlı və ya yoxsul olduqları üçün nəyə görə haqq-ədalətin əksinə hökm çıxarmamalıdır?

2. Әli (ə) imam Həsən (ə)-a etdiyi vəsiyyətdə insafa riayət etməkdə nəyi əsas me᾽yar hesab edir?

3. Insafın verdiyi nəticələrin bir neçəsini izah edin.

4. Başqalarını özü ilə bərabər tutmaq nə üçün mühüm əxlaqi xüsusiyyələrdən hesab olunur?

5. Imam Sadiq (ə) ən ağır ilahi vəzifə nəyi hesab edir?

ON ÜÇÜNCÜ DӘRS

ZARAFT VӘ GÜLӘRÜZLÜLÜK

Ictimai münasibətlərin müsbət hal tapmasında zəruri hesab olunan əxlaqi xüsusiyyətlərdən biri də gülərüzlülükdür. Peyğəmbər (s) və Mə᾽sum imamlar (ə) yaşadıqları cəmiyyətdə qarşılaşdıqları şəxslərlə gözəl və səmimi münasibətdə olmuş və bunu öz davamçılarına da tövsiyə etmişlər:

«Insanlara var-dövlətinizlə sevinc gətirə bilməzsiniz. Elə isə onlarla gülərüz və mehribanlıqla rəftar edin».[178]

Yə᾽ni, var-dövlətiniz nə qədər çox olsa da, insanların [mə᾽nəvi] çətinliklərini həll edə bilməzsiniz. Elə isə öz səmimi rəftarlarınızla onların sevincinə səbəb olun. Әli (ə) mehriban və təbəssümlü olmağı mö᾽minlərin xüsusiyyətlərindən biri hesab edərək buyurur:

Mö᾿minlərin sevinc və şadlığı onların çöhrəsində aşkar olar, qəm-qüssələri isə qəlblərində gizlənər.[179]

Bu səbəbdən də hər hansı bir çətinliklə qarşılaşan mö᾽min şəxslər öz mö᾽min qardaşları ilə ünsiyyətdə olarkən özünü kədərli göstərməklə onların qəm-qüssəsinə səbəb olmamalıdır. Belə ki, gündəlik həyatımızda hamı bir sıra çətinliklərlə qarşılaşır və təbii ki, bu onların narahatçılıqlarına səbəb olur. Әgər hər birimiz gündəlik həyatda qarşılaşdığımız çətinliklər ucbatından öz müsəlman bacı və qardaşlarımızla soyuq münasibətdə olarıqsa, həyat bizim üçün olduqca acı və mə᾽nasız olacaqdır. Bu səbəbdən də cəmiyyətdə sevinc, şadlıq və yüksək əhval-ruhiyyə hiss olunsun deyə, Әli (ə)-ın tövsiyə etdiyi kimi, üzlərdə sevinc və təbəssüm olmalı, kədər və qəm-qüssə isə qəlblərdə gizli qalmalıdır.

GÜLӘRÜZLÜYÜN MÜSBӘT NӘTICӘLӘRI

Bu məzmunda Peyğəmbər (s) və Mə᾽sum imamlardan (ə) kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Burada onlardan bir neçəsini gətiririk.

Peyğəmbər (s) buyurur:

«Təbəssümlü və gülərüzlü olmaq kin-küdurəti aradan aparır».[180]

Әli (ə) buyurur:

«Təbəssümlü olmaq dostluğun (möhkəm) ipidir».[181]

O həzrət yenə də buyurur:

Təbəssümlü olmaq bir (növ) qohumluqdur.

Insanların dostluq əlaqələrinin daha da səmimiləşməsinə və düşmənlərin qəlblərindən kin-küdurətin götürülməsinə səbəb olacaq ən gözəl şey onların bir-birləri ilə qarşılaşarkən gülərüzlə davranmaları, el-obasından uzaq düşdükdə [ailə üzvlərinə] yardım etmələridir.[182]

Başqa bir hədisdə deyilir:

«Gülərüzlülük alicənablığına dəlalət edir».

Imam Baqir (ə) gülərüzlülüyü insanlar arasında dostluğun, səmimiyyətin artmasının və insanın Allaha yaxınlaşmasına səbəb olacaq ən başlıca amillərdən biri hesab edir.

O həzrət bu haqda buyurur:

«Gülərüzlük insanların bir-birləri ilə dostluq və səmimiyyətinə və Allaha yaxınlaşmalarına, qaraqabaqlıq isə onların bir-birləri ilə düşmənçiliyinə və Allahdan uzaq düşmələrinə səbəb olur».[183]

Әli (ə) buyurur:

«Din [müsəlman] qardaşlarınızla qarşılaşdığınız zaman əl-ələ görüşüb bir-birinizdən ayrılana qədər təbəssümlü olun. Belə edərsinizsə, boynunuzdakı günahlar bağışlanar».[184]

Yuxarıda qeyd olunan rəvayətlərdə səmimi rəftar və gülərüzlülüyün cəmiyyətdə qoyduğu müsbət tə᾽sirlərə işarə olunur. Nəql olunmuş növbəti rəvayətlərdə isə müsəlmanların bir-birləri ilə daha da səmimi əlaqədə olmalarına sövq edən bu gözəl əxlaqi xüsusiyyətin axirət nəticələrinə toxunulur.

Imam Sadiq (ə) buyurur:

«Bu üç şeydən birinə riayət edən şəxsə Allah-taala cənnəti vacib edər:

1. Yoxsulluqda başqalarına əl tutmaq;

2. Camaatla gülərüzlə rəftar etmək;

3. Insaflı olmaq [və ədalətə riayət etmək]».[185]

ZARAFAT

Gülərüzlükdən söz düşərkən cəmiyyətdə geniş yayılmış zarafat, duzlu və könül oxşayan atmacalardan da danışmaq lazımdır.

Islam dini necə? Gülərüzlüklə yanaşı zarafata da yol verirmi?

Bu suallara da cavab tapmaq üçün Peyğəmbər (s) və Mə᾽sum imamlardan (ə) nəql olunmuş hikmətli və nəsihətamiz rəvayətlərə müraciət edirik.

Bu məzmunda nəql olunmuş rəvayətləri araşdırdıqda bə᾽zən zarafatın mö᾽minlərin müsbət xüsusiyyətlərindən biri kimi, bə᾽zən də bunun kin-küdurətə, düşmənçiliyə səbəb olacaq mənfi xüsusiyyət olduğu göstərilir.

Biz bu rəvayətlərin hər biri haqda ayrı-ayrılıqda söhbət açacaq və söhbətimizi bu xüsusiyyətin Peyğəmbər (s) və Әhli-beytin (ə) sünnəsində müşahidə olunub-olunmadığı ilə başa vuracağıq.

ZARAFATIN MÜSBӘT XÜSUSIYYӘT OLDUĞU HAQDA NӘQL OLUNMUŞ RӘVAYӘTLӘR

Peyğəmbər (s) buyurur:

«Mö᾽min zarafatcıl və xoştəbiətli, münafiq isə qəmgin və qəzəbli olur». (Biharul-ənvar, 11-ci cild, 1-ci fəsil, 1-ci hədis).

«Zaraft edirəm, lakin həqiqətdən başqa bir şey söyləmirəm».[186]

Imam Baqir (ə) buyurur:

«Allahın sevdiyi şəxslərdən biri də nalayiq sözlər demədən zarafat edən şəxsdir».[187]

Imam Baqir (ə) üç şeyi mö᾽minlərin əyləncəsi hesab edir. Onlardan biri də dostlarla zarafatdır.

Imam Sadiq (ə) buyurur:

Elə bir mö᾽min yoxdur ki, onda «du᾽bə» olmasın. Du᾽bə nədir, soruşulduqda imam Baqir (ə) — zarafat, deyərək cavab verir».[188]

Imam Sadiq (ə)-ın səhabələrindən Yunis Şeybani adlı biri deyir:

Imam Sadiq (ə) məndən soruşdu: Bir-birinizlə zarafat edirsinizmi? Dedim: Çox az. Buyurdu: Belə olmayın. Çünki, gözəl xüsusiyyətlərdən biri də zarafat etməkdir. Zarafat etməklə öz din qardaşlarınızı sevindirmiş olursunuz. Peyğəmbər (s) birini sevindirmək istərkən onunla zarafat edərdi».[189]

ZARAFATIN MӘNFI TӘ᾽SIR QOYDUĞU HAQDA NӘQL OLUNMUŞ RӘVAYӘTLӘR

Həzrət Peyğəmbər (s) Әli (ə)-a tövsiyə edərək buyurur:



Geri   İrəli
Go to TOP