A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 1 (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 144
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


«Qəzəb şö᾽lələnən bir alovdur. Onu udan şəxs söndürər, udmadıqda isə özünü onun içərisinə atar».[118]

«Qəzəbdən uzaq olmağa çalışın, çünki qəzəb Iblisin böyük qoşunlarından biridir».[119]

Bə᾽zi rəvayətlərdə isə qəzəb dəli-divanəliyə bənzədilir.

Әli (ə) buyurur:

«Qəzəbdən uzaq olmağa çalışın, çünki, qəzəbin əvvəli dəlilik, sonu isə peşimançılıqdır».[120]

«Qəzəb bir növ dəlilikdir. Çünki, qəzəblənən şəxs tutduğu işdən peşiman olur. Yox əgər peşiman olmazsa, dəliliyinin daha da gücləndiyi bəlli olur».[121]

«Qəzəb əql və düşüncəni korlayır və insanı düz yoldan uzaqlaşıdırır».[122]

Imam Sadiq (ə) buyurur:

«Qəzəbinə yiyələnməyən şəxs, əqlinə də yiyələnməmişdir».[123]

Bəs insan öz qəzəbini cilovladıqda necə? Belə bir xüsusiyyətə yiyələnməsi yenə də mənfi haldırmı?

Bu məzmunda nəql olunmuş bir çox rəvayətlərdə insanın belə bir xüsusiyyətə malik olması müsbət hal kimi göstərilir.

Әli (ə) buyurur:

«Әn böyük var-dövlət insanın öz qəzəbini boğmasıdır». (Qəzəbləndiyi zaman özünü idarə edə bilməsidir.)

«Insanların ən güclüsü o kəsdir ki, qəzəblənməsin (və ya qəzəbləndiyi zaman özünü ələ ala bilsin)».

«Qəzəbini boğa bilən şəxs Şeytana qalib gəlmiş olur. Şeytan isə qəzəbini boğa bilməyən kəsləri öz ixtiyarına alar».[124]

«Qəzəb sizin düşməninizdir. Elə isə özünüzü onun ixtiyarına buraxmayın (onun qarşısında təslim olmayın)».

«Qəzəb və şəhvəti ağlına qalib gələn şəxslər dörd ayaqlı heyvanlara bənzərlər».

Nəql olunmuş rəvayətlərdə qəzəbinə qalib gələn şəxslər ən iradəli və qüdrətli insanlar kimi qiymətləndirilirlər.

Peyğəmbərdən (s) bu məzmunda nəql olunmuş rəvayətdə deyilir:

«Güc və qüdrət güləşməkdə və sınanmaqda deyildir. Әn qüdrətli insan o kəsdir ki, qəzəbləndiyi zaman özünü ələ ala bilsin».[125]

«Həqiqi pəhləvan (Həzrət (s) bu kəlməni üç dəfə təkrar edir) o kəsdir ki, qəzəbləndiyi zaman rəngi qızarır, bədəni əsir gəlir, lakin öz qəzəbini boğa bilir».

Әli (ə) buyurur:

«Insanların ən güclüsü o kəsdir ki, qəzəbləndiyi zaman özünü ələ ala bilsin».

Imam Baqir (ə) buyurur:

«Qəzəbini yatırdan şəxsdən qüdrətli kəs yoxdur».[126]

Peyğəmbərin (s) dövrünə dəlalət edən rəvayətlərdən birində deyilir:

«Köçəri ərəblərdən biri Mədinəyə gəlib həzrət Peyğəmbərdən (s) ona nəsihət etməsini xahiş edir. Peyğəmbər (s) ona yalnız bunu deyir:

«Qəzəblənmə!»

Həmən şəxs ona edilən bu kiçik tövsiyə ilə qənaətlənib öz qəbiləsinin yanına qayıdır. O, öz el-obasına yetişdikdə görür ki, onun qəbiləsindən olan bir şəxs digər qəbilənin malını qarət etmiş, bunun üçün də iki qəbilə arasında qarşıdurma yaranmış və hər iki tərəfdən xəsarət alanlar olmuşdur. Dərhal qılıncını siyirib intiqam almaq istəyir. Lakin birdən Peyğəmbərin (s) «qəzəblənmə!» deyərək ona tövsiyə etdiyi söz yadına düşür. Bir qədər fikrə gedir və öz-özünə düşünür, nə üçün haqsız qan töküb, ölümlə üz-üzə gəlməlidi? O həmən qəbilənin yanına gəlib deyir: Gəlin artıq qan tökməyək, nə qədər xəsarət almısınızsa mənim var-dövlətimdən götürün. Qəbilə başçıları onun bu sözlərini eşidib bayaqkı düşmənçiliyi kənara qoyub cavab verirlər: Mərdlikdə biz də səndən geri qalan deyilik. Elə isə biz də öz haqqımızdan keçirik. Beləliklə, Peyğəmbərin (s) etdiyi hikmət dolu kiçik tövsiyə haqsız qanların tökülməsinin, el-obaların viran qalıb yandırılmasının qarşısını alır.

Bu rəvayətdə iki mühüm məsələyə toxunulur:

1. Qəzəb bir mənfi xüsusiyyət kimi məzəmmət olunmalıdır;

2. Qəzəblənərkən insan özünü ələ ala bilməyi bacarmalıdır.

Lakin nəql olunmuş növbəti rəvayətlərdə olduqca əhəmiyyət kəsb edən üçüncü məsələ ilə də qarşılaşırıq. O da Allah yolunda qəzəblənmək və haqq-ədalət uğrunda mübarizə aparmaqdır.

Әli (ə) buyurur:

«Allah yolunda qəzəb qılıncını itiləyən şəxs küfr əhlinin (haqdan uzaq düşmüş) pəhləvanlarını qətlə yetirməyə daha çox qadir olar».[127]

«Fasiqlərlə düşmənçilik edən şəxs Allaha xatir qəzəblənərsə, Allah da ona xatir qəzəblənər və Qiyamət günü ona sevinc və şadlıq nəsib edər».[128]

Әbuzər Rəbəzəyə sürgün olunarkən Әli (ə) onunla bu sözlərlə vidalaşdı:

«Ey Әbuzər! Sən Allaha xatir qəzəbləndin. Elə isə Ona ümid bəslə. Bu insanlar dünyalarına görə səninlə, sən isə dininə görə onlarla mübarizə etdin. Elə isə Ona xatir sən də qorxduqları şeyi onların özlərinə həvalə et. Qorxduğun şeydən də uzaq olmağa çalış. Onlar uzaq düşdükləri şeyə necə də möhtacdırlar. Sən isə onların səndən əsirgədikləri şeyə əsla möhtac deyilsən. Tezliklə [Qiyamət günü] kimin haqlı, kimin isə haqsız olduğunu biləcəklər. Bil ki, əgər yer və göylər insanın üzünə bağlanarsa və insan təqvanı hər şeydən üstün tutarsa Allah-taala həmən şəxsi tezliklə səadət və xoşbəxtliyə çatdırar. Haqq daim səninlə, batil isə səndən uzaq olar. Әgər onların dünyasına meyl etsəydin səni sevər və əgər dünyada [onlardan] bir şey borc istəsəydin sənin ixtiyarında qoyardılar».[129]

Həzrət Musa (ə) Allaha etdiyi münacatların birində soruşur:

«Qiyamət günü Sənin kölgəndən başqa heç bir kölgə olmadığı bir halda, Sənin sakinlərin kimlərdirlər ki, onlara Öz ərşində sığınacaq verirsən?»

Allah-taaladan belə bir xitab gəlir:

«O kəslər ki, haram etdiyim şeylərin halal olunduğunu görüb yaralanmış pələng kimi qəzəblənərlər».[130]

Nəql olunmuş rəvayətlərdən belə bir nəticəyə gəlmək olur ki, Allah-taala qəzəb hissini insanların fitrətində ona görə qərar vermişdir ki, onlar düşmən müqabilində din və əqidələrinin qorunmasında layiqincə müqavimət göstərə bilsinlər. Demək, bu daxili qüvvədən yalnız o zaman istifadə etməliyik ki, haqq olan dinimizə, namus və əqidəmizə düşmənlər tərəfindən təcavüz və ya hörmətsizlik edilmiş olsun. Varlığını ilahi ne᾽mət hesab edən hər bir saf əqidəli müsəlman Allah düşmənlərini öz düşməni sanmalı, ilahi qanunlara qarşı olan hər hansı bir hörmətsizliyi öz şərəf və namusuna qarşı hörmətsizlik hesab etməli və haqq-ədalətin müdafiəsində əlindən gələni əsirgəməməlidir. O, düşmənə qarşı olduqca qətiyyətli və barışmaz mövqe tutmalıdır.

Qur᾽ani-Kərimin bir çox ayələrində də Peyğəmbərin (s) kafir və münafiqlərə qarşı mübarizə aparmasına əmr olunduğunun şahidi oluruq:

«[Ya Peyğəmbər!] Kafirlərə və münafiqlərə qarşı vuruş! [Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!] Onlarla sərt davran!...»[131]

Başqa bir yerdə deyilir:

«...Onunla [Peyğəmbərlə (s)] birlikdə olanlar [mö᾽minlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər...»[132]

Lakin mö᾽min və iman sahiblərinə gəldikdə qəzəb və digər mənfi xüsusiyyətlər kənara qoyulmalı, onlarla səmimiyyət və mehribançılıqla rəftar olunmalıdır. Dərsin əvvəlində nəql olunmuş rəvayətlər də məhz bu mətləbə dəlalət edir.

DӘRSIN XÜLASӘSI

Ictimai həyat tərzində başqaları ilə rabitə bərqərar etmək və səmimi ünsiyyətdə olmaq zəruri məsələlərdəndir. Bir çox hallarda insanlar arasında yaranmış narazılıqlar olduqca əhəmiyyətsiz məsələlərdən doğur. Belə ki, tərəflər arasında yaranmış ədavət və kin-küdurət bə᾽zən dava və qarşıdurmalara gətirib çıxarır. Müqəddəs islam dininin bu kimi hallarda bəşəriyyətə tövsiyə etdiyi çıxış yolu mümkün qədər səbr və təmkinli olmaq, güzəştə getmək və qəzəb hissinə qalib gəlməkdir.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Səbirli və təmkinli olmaq dedikdə nə nəzərdə tutulur?

2. Nəql olunmuş rəvayətlərdə nə üçün qəzəb mənfi xüsusiyyət kimi qələmə verilir?

3. Әli (ə) qəzəbi udmaq haqda nə buyurur?

4. Әli (ə) Әbuzəri Rəbəzəyə yola salarkən qəzəb haqda ona nə deyir?

ONUNCU DӘRS

SӘBIRLI VӘ TӘMKINLI OLMAQ (2)

Artıq mə᾽lum oldu ki, yalnız düşmənlərin müqabilində qəzəblənməli və mö᾽min qardaşlarla qarşı-qarşıya gəldikdə buna yol verməməli, onlarla olduqca mehribançılıqla davranılmalıdır. Bəs islam dini iman əhlinə kobud rəftarların müqabilində nə kimi əks-əməl göstərməyi tövsiyə edir?

Bir qədər əvvəl qeyd etdiyimiz kimi, bu kimi hallarda da islam dini mümkün qədər çox güzəştə getməyi, səbr və təmkinli olmağı tövsiyə edir. Islam, yaranmış ixtilaf və qarşıdurmaların aradan qaldırılmasını güzəşt etməkdə, səbirli və təmkinli olmaqda görür.

Qur᾽ani-Kərimdə güzəştə getmək, səbirli və təmkinli olmaq mö᾽minlərə xas olan xüsusiyyət kimi göstərilir:

«O müttəqilər ki, bolluqda da, qıtlıqda da [mallarını yoxsullara] xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər».[133]

Başqa bir ayədə Allah-taala pisliyə pisliklə deyil, yaxşılıqla cavab verməyi tövsiyə edir:

«Yaxşılıqla pislik eyni ola bilməz! [Ey mö᾽min kimsə!] Sən pisliyi yaxşılıqla dəf et! [Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver!] Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!

Bu [xislət] yalnız [dünyada məşəqqətlərə] səbr edənlərə verilir və yalnız böyük qismət [savab, fəzilət] sahiblərinə əta olunur!»[134]

Göründüyü kimi Allah-taala, düşmənçiliyin səmimi dostluğa çevrilməsini, pisliklərin qarşısında səbirli və təmkinli olmağı, pisliklərə yaxşılıqla cavab verməyi tövsiyə edir. Çünki, intiqam almaq düşmənçiliyin aradan qaldırılması deyil, insanı qıcıqlandıran daxili hisslərin yatırılmasıdır.

Nəql olunmuş rəvayətlərdən birində deyilir: Günlərin bir günü bir şəxs Әli (ə)-ın qarşısında o həzrətin xidmətçisi olan Qənbəri təhqir edir. Qənbər həmən şəxsi susdurmaq istədikdə Әli (ə) Qənbəri səsləyib deyir: «Әl saxla, onunla işin olmasın. Әgər belə etsən, Allahı özündən razı salmış, Şeytanı qəzəbləndirmiş və düşmənini cəzalandırmış olarsan. And olsun insanları yaradan və dənləri göyərdən Allaha! Mö᾽minlər Allahı səbirli və təmkinli olmaqla razı saldıqları kimi başqa heç bir şey ilə razı sala bilməzlər. Şeytanı sükut etməklə qəzəbləndirdikləri kimi başqa heç bir şeylə qəzəbləndirə bilməzlər. Nadan insanları e᾽tinasızlıqla cəzalandırdıqları kimi başqa heç bir şeylə cəzalandıra bilməzlər».

Indi isə Mə᾽sum imamlardan bu məzmunda nəql olunmuş hədis və rəvayətləri nəzərdən keçirək. Bu rəvayətlər həmin məsələnin mahiyyətini açıqladığı üçün onların məzmununa xüsusi diqqət yetirmək lazımdır.

SӘBIRLI VӘ TӘMKINLI OLMAQ HAQDA NӘQL OLUNMUŞ RӘVAYӘTLӘR

Әli (ə) buyurur:

«Səbirli və təmkinli olmaq bütün pisliklərin üzərinə pərdə çəkir».[135]

«Səbirli və təmkinli olmaq parlaq bir nurdur. Әql isə onun cövhəridir».

«Səbirli və təmkinli olmaqdan böyük şərəf yoxdur».[136]

«Səbirli və təmkinli olmağı öyrənin. Çünki, səbr mö᾽minin ən yaxın dostu və köməkçisidir».[137]

«Səbirli və təmkinli olmağı sənə tövsiyə edirəm. Çünki səbr, elmin səmərəsidir».[138]

Başqa bir rəvayətdə buyurur:

«Səbirli və təmkinli olan şəxs daim şad və sevinc içində olar».[139]

«Sülh və asayiş elm və agahlığın səmərəsidir».[140]

«Təmkinli şəxsin ilk mükafatı səbr etdiyi üçün camaatın onu cahil və nadan şəxslərin yanında müdafiə etmələridir».[141]

«Sənin qarşında səbirli və təmkinli olan şəxs sənə qalib gəlmiş olur».[142]

Imam Cavad (ə) bu haqda buyurur:

«Səbir, alimin geyimidir (paltarıdır). Elə isə onu üzərinizdən çıxarmayın».[143]

QӘZӘBIN YATIRILMASI HAQDA NӘQL OLUNMUŞ RӘVAYӘTLӘR

Peyğəmbər (s) buyurur:

«Allah-taala qəzəbini yatıra bilən şəxslərin qəlblərini imanla doldurar».[144]

Әli (ə) buyurur:

«Qəzəbini boğa bilən şəxsin Allah-taala eyb və nöqsanlarını örtər».[145]

Imam Baqir (ə) buyurur:

«Qəzəbini uda bilən şəxs, əgər bunu edərsə Allah-taala Qiyamət günü onun qəlbini iman və fərəhlə doldurar (yə᾽ni, ona mə᾽nəvi rahatlıq nəsib edər).»[146]

Imam Sadiq (ə) həzrət Peyğəmbərdən (s) nəql edərək buyurur:

«Qəzəbini uda bilən şəxs əgər bunu edərsə, Allah-taala ona səbirli və təmkinli olduğu üçün şəhid savabını verər».[147]

Nəql etdiyi başqa bir hədisdə buyurur:

«Insanların ən ehtiyatlısı qəzəbini daha çox udan şəxslərdir».[148]

SӘBIRLI VӘ TӘMKINLI OLMAĞIN HӘDDI-HÜDUDU

Həzrət Әli (ə) buyurur:

«Qəzəbi udmaq səbr və təmkinli olmağın səmərəsidir».

Imam Həsən Müctəba (ə)-dan səbr haqda soruşduqda buyurur:

«Qəzəbi udmaq, insanın özünü ələ alması deməkdir».[149]

Başqa bir hədisdə buyurur:

«Qəzəbləndiyi zaman özünü ələ alan və qəzəbini uda bilən şəxslərin vurğunuyam».[150]

Rəvayətlərdən birində deyilir:

Bir şəxs imam Sadiq (ə)-ın yanına gəlib deyir: «Bundan belə qəzəblənməmək və kiminləsə sərt davranmamaq qərarına gəlmişəm. Lakin dostlarım bunu mənə məsləhət görmürlər və deyirlər ki, əgər belə etsən, hamının nəzərindən düşüb xar və rüsvay olacaqsan». Imam Sadiq (ə) həmin şəxsin cavabında buyurur:

«Xar və rüsvay olan yalnız zalımlardır».[151]

Nəql olunmuş rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, insanların haqqa hidayət olmalarını və onlara əxlaqi dəyərləri tə᾽lim etməyi öz öhdələrinə götürmüş Peyğəmbər (s) və Mə᾽sum imamlar (ə) müsəlmanlar arasında səmimi münasibətlərin bərqərar olunması, anlaşılmamazlıqların, kin-küdurətin, ədavət və düşmənçiliklərin aradan qaldırılmasında çıxış yolunu güzəşt etməkdə, səbirli və təmkinli olmaqda görmüşlər. Onlar öz davamçılarına daim pisliklərin müqabilində yaxşılıq etməyə, qarşılaşdıqları çətinliklərdə və onlara qarşı edilən hörmətsizliklərin qarşısında səbirli və təmkinli olmağa tövsiyə etmişlər. Lakin, necə olursa-olsun, daim yaranmış şəraiti nəzərə almalı və hər şeydən əvvəl çıxış yolunu hər hansı bir cəza tədbirinə əl atmaqda deyil, şər᾽i qanunlar çərçivəsində lazımı tədbirlər görmək lazımdır.

TӘMKINLI DAVRANIŞ

Burada Peyğəmbər (s) və Mə᾽sum imamların (ə) onlara qarşı edilən hörmətsizlik və kobud rəftar müqabilində necə əksü-ləməl göstərmələri və yüksək əxlaq nümunələri nümayiş etdirmələri haqda söhbət açacağıq. Nəql olunmuş rəvayətlər və tarixi sənədlərdə onların, hətta qatı düşmənlərinə qarşı necə mülayim rəftar etmələrinin və bununla onların qəlblərinə yol tapmalarının şahidi oluruq. Bir sözlə, o həzrətlərin başa vurduqları şərəfli həyat onların davamçıları üçün ən yaxşı örnək, əxlaq və həyat dərsidir.

Söhbətimizi Peyğəmbərin (s) sünnəsi ilə başlayırıq.

Os və Xəzrəç, Mədinənin iki böyük və nüfuza malik olan qəbilələrindən idi. Cahiliyyət dövründə onların arasında daimi qarşıdurmalar və illər boyu davam edən müharibələr baş verərdi. Baş vermiş döyüşlərdə hər iki tərəf ağır itkilər verir və böyük çətinliklərlə qarşılaşırdılar. Lakin Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra müqəddəs islam dininin və Peyğəmbərin (s) şərəf, əzəmət və ucalığı sayəsində bu iki qəbilə arasında sülh və əmin-amanlıq bərqərar oldu.

Bir gün hər iki qəbilənin adamları birlikdə məclis qurduqları zaman Şas ibni Qeys adlı bir yəhudi onların məclisinə gəlib nəzər salır. Iki qəbilə arasında yaranmış səmimi dostluq əlaqələri onu olduqca narahat edir. Belə qərara gəlir ki, yəhudi cavanlarından birini onların məclisinə göndərib sülh və asayişi pozub, qarşıdurma yaratsın. Cavan yəhudi, Qeysin dediyi kimi də edir. O, məclisə daxil olub bir kənarda əyləşir. Qəbilə üzvlərinin biri ilə etdiyi söhbətdə onun yadına əvvəllər baş vermiş qanlı «Buğas gününü» salır. Hər iki qəbilə yenidən köhnə ədavətlərini xatırlayaraq qarşı-qarşıya durub silaha əl atırlar. Bu xəbər tez bir zamanda bütün şəhərə yayılır. Peyğəmbər (s) bundan xəbər tutub tez özünü onların məclisinə çatdırır. Məclisə daxil olub onlara müraciət edərək buyurur:

«Ey müsəlmanlar! Allahı yada salın, Allahı! Mən sizin aranızda ola-ola yenidən cahiliyyət adət-ən᾽ənələrinə qayıdırsınız?! Allah-taala sizləri islam dini ilə haqqa hidayət etdiyi və cahiliyyətin zülmətindən nicat verdiyi bir halda yenidən küfrə üz tutursunuz?!»

Peyğəmbərin (s) belə bir tə᾽sirli çıxışından sonra hər iki qəbilə qılınclarını yerə atıb öz peşimançılıqlarını və o həzrətə (s) bundan belə də tabe olacaqlarını bildirdilər.

Beləliklə yəhudi cavanın mənfur niyyəti baş tutmadı və yenidən hər iki qəbilə arasında sülh və qardaşlıq bərqərar oldu.

Ikinci rəvayətdə deyilir:

Bir gün Peyğəmbər (s) öz səhabələri ilə birlikdə Mədinə məscidində olarkən bir çöl ərəbi məscidə daxil olub Peyğəmbərdən (s) pul istəyir. Peyğəmbər (s) onu əliboş qaytarmayıb bir qədər pul verir. Lakin həmin şəxs ona verilən məbləğdən razı qalmayıb Peyğəmbəri (s) acılayır. Səhabələr bundan hiddətə gəlib onu cəzalandırmaq istəyir. Peyğəmbər (s) təmkinlə onları sakitləşdirib çöl ərəbini evinə aparır. Həmin şəxs evə daxil olduqda Peyğəmbərin (s) olduqca sadə bir şəraitdə yaşadığını görüb təəccüblənir. Çünki o, yanlış olaraq belə təsəvvür edirdi ki, Peyğəmbər (s) da şahlar kimi eyş-işrət içində yaşayır, onun da xəzinələri və ətrafında ə᾿yan-əşrafı vardır. Bunun üçün də peşimançılığını e᾽tiraf edərək Peyğəmbərdən (s) üzr istəyir. O həzrət onun üzrxahlığını qəbul edib buyurur:

Sən dünən səhabələrin yanında məni təhqir etdin, indi isə mənə öz minnətdarlığını bildirirsən. Qorxuram onlarla qarşılaşdıqda sənə zərər yetirmiş olsunlar. Bunun üçün də yaxşı olardı ki, bu sözlərini onların yanında da təkrar edəsən.

Həmin şəxs bununla razı olub Peyğəmbərlə (s) birlikdə məscidə gəlir. Peyğəmbər (s) üzünü səhabələrə tutub buyurur:

Bu şəxs məndən razı qaldığını bildirir, elədirmi?

Çöl ərəbi səhvini e᾿tiraf edib Peyğəmbərin (s) dediklərini təsdiq edir və səhabələrin qarşısında o həzrətə bir daha öz minnətdarlığını bildirir. Sonra Peyğəmbər (s) yenidən üzünü səhabələrə tutub buyurdu:

Bu şəxs ilə mənim aramda baş vermiş əhvalat, dəvəsi hürküb qaçmış bir çöl ərəbinin hekayəsinə bənzəyir. Camaat ona kömək məqsədilə səs-küy salaraq dəvənin dalınca düşürlər, amma onlar dəvəni tuta bilməyib, əksinə onu daha da uzaqlaşdırırlar. Dəvənin sahibi onlardan kömək etməmələrini xahiş edir. Özü bir qədər ot götürüb dəvəyə tərəf gedir. Beləliklə dəvənin cilovunu ələ keçirir və dəvəsini minib yolunu davam edir.

Әgər mən də dünən sizin qarşınızı almasaydım onu ölümcül hala salardınız. Lakin mülayim rəftarla onun qəlbini ələ ala bildim.

Üçüncü əhvalat imam Həsən (ə) haqqında nəql olunmuşdur.

Bir gün imam Həsən (ə) atla yol gedərkən Şam əhlindən olan bir nəfər şəxs onu görüb lə᾽nət oxumağa və təhqiramiz sözlər deməyə başladı. Qurtardıqda, imam Həsən (ə) gülər üzlə ona tərəf gəlib salam verib buyurdu:

Güman edirəm bu yerlərdə qəribsən və məni kiminləsə səhv salırsan. Әgər bir şeyə ehtiyacın varsa, onu ödəməyə hazıram; bu yerlərə bələd deyilsənsə, sənə bələdçilik edə bilərəm; kömək istəyirsənsə, sənə köməklik edim; acsansa sənə yemək verim; paltarın yoxdursa, sənə paltar verim; qalmağa yerin yoxdursa, sənə yer verək; bizlərə tərəf gəlmisənsə, qonağımız ol. Hər halda səni bir qonaq kimi qəbul etmək üçün kifayət qədər yerimiz və imkanımız var. Həmən şəxs imam Həsən (ə)-ın bu sözlərini eşidib peşiman olur və xəcalətindən ağlamağa başlayır. Sonra üzrxahlıq istəyərək deyir: Şəhadət verirəm ki, sən Allahın yer üzərindəki xəlifəsisən. Allah-taala kimləri bu məqama tə᾽yin etdiyini çox yaxşı bilir. Bu günə qədər səni və atan özümə ən qatı düşmən hesab edirdim. Lakin bundan belə hamıdan çox sevdiyim və hörmət etdiyim şəxs olacaqsınız.

Beləliklə, imam Həsən (ə) Bəni-üməyyə sülaləsindən olan qatı bir Әhli-beyt (ə) düşmənini gözəl əxlaq nümayiş etdirməklə ən yaxın şəxslərdən birinə çevirir.

DӘRSIN XÜLASӘSI

Ilahi övliyalar məhəbbət və səmimiyyətin artması üçün mö᾽minləri daim səbirli və təmkinli olmağa tövsiyə etmişlər. Lakin bununla yanaşı haqlarının tapdalanmasını və onlara qarşı kobud rəftar edən şəxslərə hədlərini aşmağa da yol verməmişlər.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Səbirli və təmkinli olmağın verdiyi nəticələri izah edin.

2. Әli (ə) təmkinli olmağı nə üçün tövsiyə edir?

3. «Qəzəbi udmaqla» təmkinli olmaq arasında olan əlaqəni izah edin.

4. Peyğəmbər (s) və Mə᾽sum imamların onlara qarşı edilən kobudluqların qarşısında göstərdikləri əksül-əməlləri izah edin.

ON BIRINCI DӘRS

ӘFV VӘ GÜZӘŞT

Ictimai əlaqələrin bərqərar olunmasında zəruri hesab olunan əxlaq normalarından biri də əfv etmək və güzəştə getməkdir. Doqquzuncu dərsdə qeyd etdik ki, ictimai əlaqələrdə bir çox hallarda kimlərsə bir-birinə qarşı hörmətsizlik edir və ya biri digərinin hüququnu tapdalayır. Mə᾽lum olduğu kimi, ayrı-ayrı fərdlərin hüquqlarının tapdalanması əksər hallarda sakitliyə riayət etməmək, başqalarının növbəsinə girmək, qanunsuz olaraq kiminsə məziyyətindən istifadə etmək və onlarla bu kimi hallarda baş verir. Әgər hər gün rastlaşdığımız belə hallarda cəmiyyət üzvləri bir-birlərinə güzəşt etməzsə və biri digərinin səhvinə göz yummazsa, cəmiyyətdə özbaşınalıq baş alıb gedər və hərc-mərclik ictimai problemə çevrilər.

Belə bir şəraitdə müqəddəs islam dininin öz davamçılarına tövsiyə etdiyi şey də səbirli və təmkinli olmaq və bu işdə mümkün qədər güzəştə getməkdir. Allah-taala Qur᾽ani-Kərimdə Ә᾽raf surəsinin 199-cu ayəsində buyurur:

«Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!»

Unutmaq olmaz ki, əfv və güzəşt dedikdə, insan yalnız bə᾽zi hallarda deyil, bütün şəraitlərdə daimi olaraq bu xüsusiyyətə malik olmalı və bu, onun üçün bir növ vərdiş və adət halına çevrilməlidir.

Nəql olunmuş rəvayətlərdə yuxarıda qeyd olunan ayənin təfsiri haqda deyilir:

«Peyğəmbər (s) həzrət Cəbraildən ayənin anlamı haqda soruşur. Cəbrail (ə) cavab verir: Bilmirəm, gərək ayənin mə᾽nasını Allah-taaladan soruşum. Bir qədər sonra Peyğəmbərin (s) yanına nazil olub deyir: Ey Məhəmməd! Allah-taala sənə zülm edən (haqqını tapdalayan) şəxsi bağışlamağı, səndən nəyisə əsirgəyən şəxsə güzəşt etməyi və səninlə əlaqəsini kəsmiş şəxslərlə səmimi münasibətdə olmağını əmr edir».[152]

Başqa bir ayədə əfv və güzəşt etmək mö᾽min və əməli-saleh şəxslərin xüsusiyyətlərindən biri kimi göstərilir:

«O müttəqilər ki, bolluqda da, qıtlıqda da [mallarını yoxsullara] xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər...»[153]

Digər iki ayədə Allahın güzəşt etməyə əmr etdiyi və bunun müqabilində Allah tərəfindən bağışlanmalarına müjdə verildiyi göstərilir:

«...Məgər [bu yaxşılıq müqabilində] Allahın sizi [günahlarınızı] bağışlamağını istəmirsiniz? Allah, [bəndələrini] bağışlayan və rəhm edəndir!»[154]

«...Amma [tövbə edəcəkləri təqdirdə] onları əfv etsəniz, [təqsirlərindən] keçsəniz və baqışlasanız, [bilin ki] Allah günahları çox bağışlayan və rəhm edəndir!»[155]

Peyğəmbər (s) və Mə᾽sum imamlardan (ə) nəql olunmuş rəvayətlərdə də bu məsələyə xüsusi diqqət yetirilmiş və müsəlmanlara bu gözəl xüsusiyyətə yiyələnmələri tövsiyə edilmişdir.

Peyğəmbər (s) buyurur:

«Allah çox bağışlayan, rəhm və əfv edənləri sevəndir».[156]

«Hər kim müsəlman bir şəxsin səhvini bağışlayarsa, Allah-taala da onun günahlarını bağışlayar».[157]

«Әfv etməyi və güzəştə getməyi bacarın. Çünki əfv və güzəşt insanların yalnız əzəmət və ucalığını artırır. Allahın sizi ucaltmasını istəyirsinizsə, siz də başqalarını əfv edib günahlarını bağışlayın».[158]

«Çox əfv edən şəxsin ömrü uzun olar».[159].

Әli (ə) buyurur:

«Әfv və güzəşt etmək, xüsusiyyətlərin ən yaxşısıdır».

«Bu iki şeyin savabını hesablamaq olmaz: Әfv etmək və ədalətli olmaq».



Geri   İrəli
Go to TOP