A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 1 (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 144
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


«Allahın mələklərindən ikisi daim insanlara nəzarət edərlər. Allaha görə təvazökarlıq edənlərin məqamını yüksəldər, təkəbbür və lovğalıq edənləri isə xar və rüsvay edərlər».[79]

Peyğəmbər (s) və Mə᾽sum imamlardan (ə) təvazökarlığa dair bir çox hədis və rəvayətlər nəql olunmuşdur və biz burada onlardan bir neçəsini gətirməklə kifayətlənirik.

Imam Әli (ə) buyurur:

«Şərəfli insanın zinəti təvazökarlıqdır».[80]

«Təvazökarlıq şərəf və ucalığın zəkatıdır».[81]

Imam Әli (ə) övladı imam Həsən Müctəbaya etdiyi tövsiyələrin birində buyurur:

«Sənə təvazökar olmağı tövsiyə edirəm. Çünki, təvazökarlıq ibadətlərin ən böyüyüdür».[82]

Imam Həsən Әsgəri (ə) buyurur:

«Təvazökarlıq elə bir ne᾽mətdir ki, kimsə ona həsəd aparmayır».[83]

Diqqət yetirmək lazımdır ki, təvazökarlıq dedikdə hər bir şəxsə layiqincə ehtiram etmək və özümüzü onlardan üstün tutmamaq nəzərdə tutulur. Bunu da nəzərdən qaçırmamalıyıq ki, təvazökarlıq yalnız Allaha xatir edilməli və bu işdə də ən başlıca məqsəd Allahın razılığını qazanmaq olmalıdır. Zalım, lovğa, kafir və müşrik şəxslərə gəldikdə isə, onların qarşısında əsla təvazökarlıq edilməməlidir.

Təvazökarlıq ayrı-ayrı şəxslərin daşıdığı ictimai mövqe, vəzifə və məqamına görə deyil, onların iman və təqvasına görə olmalıdır.

Peyğəmbər (s) və imam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir:

«Varlıların var-dövlətinə xatir onların qarşısında təvazökarlıq edən şəxs dininin üçdə ikisini itirmiş olur».[84]

Әli (ə) buyurur:

«Dövlətlilərin Allaha xatir [Onun razlığını əldə etmək üçün] yoxsulların qarşısında təvazökarlıq etmələri necə də gözəl xüsusiyyətdir. Ondan da yaxşı rəftar, yoxsulların Allaha arxalandıqları üçün, varlıların var-dövlətinə e᾽tinasız yanaşmalarıdır».[85]

Islam dini iman və təqvadan savayı başqa bir yüksək me᾽yar tə᾽yin etmədiyi üçün, insanların var-dövlətlərinin və cəmiyyətdə tutduqları yüksək mövqelərinin qarşısında deyil, onların ali-mə᾽nəvi şəxsiyyətlərinin və təqvalarının qarşısında təvazökarlıq etmələrini tövsiyə edir. Bunu da nəzərə almalıyıq ki, hər şeydə olduğu kimi, təvazökarlıq etməkdə də həddi aşıb ifrat və təfritə varmamalıyıq. Çünki, təvazökarlıq həddindən artıq edildikdə insanın şəxsiyyətinə xələl gətirir və lazım olduğundan az edildikdə isə insanda lovğalıq və təkəbbür hisslərinin yaranmasına səbəb olur. Bu səbəbdən də təkəbbürdən qurtarmaqla yanaşı, həddindən artıq təvazökarlıq etməkdən də çəkinmək lazımdır. Qeyd etdiyimiz kimi, təkəbbürlü şəxslərin qarşısında təvazökarlıq etmək olmaz. Çünki, bu iş həmin şəxsin onların qarşısında kiçilməsinə, həm də onların daha da lovğa və təkəbbürlü olmalarına səbəb olur.

TӘVAZÖKARLIĞIN ӘLAMӘT VӘ LAZIMI HӘDDI

Təvazökarlığın əlamətlərini və hansı həddə olmasını bilmək üçün hər şeydən əvvəl Mə᾽sum imamlardan (ə) bu barədə nəql olunmuş rəvayətlərə diqqət yetirməliyik. Imam Riza (ə)-dan təvazökarlığın hansı həddə olmasını soruşduqda buyurur:

«Insanları sevdiyin qədər onlara qarşı təvazökar ol ki, onlar da sənə qarşı bir o qədər hörmət etsinlər».[86]

Imam Sadiq (ə) buyurur:

«Təvazökarlıq ona deyilir ki, iştirak etdiyin məclis sənin səviyyəndən aşağı olsa belə, orada olmağına razı olasan; qarşılaşdığın hər bir şəxs ilə görüşüb hal-əhval tutasan; haqlı olsan belə, mübahisə etməkdən çəkinəsən; unutma ki, bütün xeyir və yaxşılıqlar təvazökarlıqdan irəli gəlir».[87]

Başqa bir rəvayətdə buyurur:

«Insan pəhrizkar olduğuna görə başqalarının onu sevmələrinə can atmamalıdır».[88]

TӘVAZÖKARLIĞIN NӘTICӘLӘRI

Təvazökarlığın müsbət nəticələrindən biri imam Musa Kazım (ə)-dan nəql olunmuş rəvayətdə belə izah olunur:

«Belə bir ilahi hikmət təvazökar insanın qəlbində özünə yer tapır, amma təkəbbürlü insanlar isə belə bir gözəl insani xüsusiyyətdən məhrumdurlar. Çünki, Allah-taala təvazökarlığı əql, təkəbbürü isə cəhl və nadanlıq üçün bir vasitə qərar vermişdir».[89]

Buna oxşar başqa bir rəvayətdə deyilir:

«Günlərin bir günü Isa (ə) üzünü Həvarilərinə tutub buyurdu:

Bir istəyim var, əgər onu yerinə yetirəcəyinizə söz verirsinizsə, deyim.

Hamı bir nəfər kimi dedi: Hər nəyi əmr etsən tabe olacağıq. Isa (ə) ayağa qalxıb bir-bir onların ayaqlarını yudu. Həvarilər utandıqlarından xəcalət hissi keçirdilər. Lakin tabe olacaqlarına söz verdikləri üçün Isa (ə)-a bir söz demədilər. O da bir-bir onların ayaqlarını yuyub ayağa qalxdı. Həvarilər dedilər:

Sən bizim müəllimimiz və tərbiyəçimizsən, yaxşı olardı ki, biz sənin ayaqlarını yuyaq.

Isa (ə) buyurdu:

Bu işi görməklə insanlara xidmət etməyin ən xeyirxah iş olduğunu demək istəyirdim. Bu işlə həm özüm təvazökarlıq etmiş oldum, həm də sizlərə təvazökarlıq dərsini öyrətdim.

Məndən sonra insanların hidayət olunmalarını öz öhdənizə götürdükdə təvazökarlığı hər şeydən üstün tutun və bilin ki, toxum qayalıqlarda yox, yumşaq torpaqda bitdiyi kimi, təvazökarlıq da [sağlam qəlblərdə] özünə yer tapır.»

Həzrət Әli (ə)-dan nəql olunmuş rəvayətlərdə təvazökarlığın verdiyi müsbət nəticələr belə bəyan olunur:

«Təvazökarlığın səmərəsi dostluq və məhəbbət, təkəbbürün səmərəsi isə kin-küdurət və düşmənçilikdir.»[90]

«Təvazökarlıq, salamatçılığı sənin üçün ərməğan gətirər».[91]

«Təvazökarlıq sizlərə vüqar və ucalıq libasını geyindirər».[92]

Peyğəmbərdən (s) nəql olunmuş başqa bir rəvayətdə deyilir:

«Allah-taala təvazökar olmağı əmr etmişdir ki, biriniz digərinizin haqqını tapdayıb öyünməyəsiniz».[93]

Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, sülh və səmimiyyət, dostluq və qardaşlıq, sağlam həyat və gözəl əxlaqla başa vurulan həyat təvazökarlığın verdiyi müsbət nəticələrdəndir.

Dərsimizi Peyğəmbər (s) və Mə᾽sum imamların təvazökar həyat tərzlərinə dəlalət edən iki rəvayəti ilə başa vururuq:

1. «Bir gün Peyğəmbər (s) öz səhabələri ilə səfər zamanı bir yerdə düşərgə qurmalı olurlar. Belə qərara gəlirlər ki, bir qoyun kəsib ətini kabab etsinlər. Səhabələrdən biri qoyunun kəsilməsini, başqa birisi soyulmasını, digəri isə bişirilməsini öz öhdəsinə götürür. Beləliklə, yemək hazırlamaq üçün hərə öz üzərinə bir məs᾽uliyyət götürdü. Peyğəmbər (s) hər kəsin bir işi üzərinə götürdüyünü görüb buyurur: Elə isə odun yığmaqda mənim boynuma. Səhabələrdən biri dedi: Ya Rəsuləllah! Sizin zəhmət çəkməyiniz lazım deyil. Biz özümüz nə lazımsa edəcəyik. Peyğəmbər (s) buyurdu: Bilirəm ki, siz bu işləri görəcəksiniz. Lakin, Allah-taala özünü başqalarından fərqləndirən şəxsləri sevmir. Bunu deyib səhraya tərəf getdi və kifayət qədər quru odun yığdı.»

Imam Həsən Әsgəri (ə)-dan nəql olunan digər rəvayətdə deyilir:

«Bir gün Әli (ə)-ın evinə iki nəfər qonaq gəlir. Onlardan biri ata, digəri isə onun övladı idi. O həzrət onları gülər üzlə qarşılayıb evə də᾽vət etdi və özü də onların qarşısında oturdu.

Sonra buyurdu ki, yemək gətirsinlər. Yemək yeyib qurtardıqdan sonra həzrətin xidmətçisi Qənbər əl yumaq üçün ləyən və su gətirdi. Әli (ə) dolçanı Qənbərin əlindən alıb özü qonaqların əlinə su tökməyə başladı. Yaşca böyük olan şəxs xəcalət çəkdiyindən nə edəcəyini bilməyib yerindən qalxaraq dedi: Ya Әmirəl-mö᾽minin! Allah sənin mənim əlimə su tökdüyünü görürmü?

Әli (ə) buyurdu:

Otur əllərini yu. Allah həm səni, həm də özünü səndən üstün tutmayan və axirətdə dünya əhlinin ona on dəfə çox xidmət etmək məqsədilə sənə xidmət edən bəndəsini də görür. Sonra qonağı yerində oturdub buyurdu:

Səni and verirəm Allaha! Qənbər əlinə su tökərkən özünü nə qədər rahat hiss edirsənsə, indi də özünü bir o qədər rahat hiss et və əllərini yu.

O həzrət sözlərini bitirib suyu qonağın əllərinə tökdü. Yaşca böyük olan qonaq əllərini yuyub qurtardıqdan sonra həzrət Әli (ə) dolçanı oğlu Məhəmməd Hənəfiyyəyə verib buyurdu: Әgər bu oğlan tək mənə qonaq gəlsəydi, mən özüm onun əllərinə su tökərdim. Amma Allah-taala ata ilə oğul arasında eyni səviyyədə ehtiram qoyulmasını istəmir. Ata, atanın əlinə su tökdüyü kimi, oğul da oğulun əlinə su tökməlidir. Məhəmməd Hənəfiyyə dolçanı alıb qonağın əlinə su tökdü.

Imam Həsən Әsgəri rəvayəti nəql etdikdən sonra buyurur:

Hər kim Әlidən belə örnək götürərsə, onun həqiqi tərəfdarlarından olar».[94]

DӘRSIN XÜLASӘSI

Cəmiyyət üzvləri ilə ünsiyyətdə olmaq üçün zəruri olan gözəl xüsusiyyətlərdən biri də təvazökarlıqdır. Allah-taala bunu əməli-saleh bəndələrinin xüsusiyyətlərindən biri hesab edir. Təvazökar olmaq insanlar arasında dostluq, məhəbbət və səmimiyyətin artmasına səbəb olur.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Təvazökarlığı izah edin.

2. Allah-taala Furqan surəsinin 63-cü ayəsində əməli-saleh insanların ilk növbədə hansı xüsusiyyətini qeyd edir?

3. Imam Riza (ə) təvazökarlığın lazımi həddi barədə nə buyurur?

4. Təvazökarlıq nə kimi müsbət nəticələr verir?

SӘKKIZINCI DӘRS

ӘHDӘ VӘFALI OLMAQ

Ictimai əlaqələrin bərqərar olunmasında hər bir müsəlmana zəruri olan digər əxlaqi xüsusiyyətlərdən biri də əhdə vəfalı olmaqdır.

Qur᾽ani-Kərimin bir çox ayələrində və Mə᾽sum imamlardan nəql olunmuş rəvayətlərdə bu məsələyə böyük əhəmiyyət verilmişdir. Bağlanılan bütün əhd-peymanlara əməl etməyi Qur᾽an vacib hesab edir:

«...Әhdə vəfa edin. Çünki [insan] əhd barəsində [qiyamət günü] cavabdehdir. [Insan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda sorğu-suallara tutulacaqdır]».[95]

«Ey iman gətirənlər! Әhdlərə sadiq olun...»[96]

Әhd-peymana əməl olunmasının zəruri olduğunu qeyd etməklə yanaşı, onun pozulmamasına da ciddi xəbərdarlıq edilir:

«Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?...»

«Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.»[97]

Bağlanılan əhd-peymana istər fərdi olsun, istərsə də ümumi, istər müsəlmanlarla olsun, istərsə də müşrik və kafirlərlə, vəfalı olmaq hər bir müsəlmana vacibdir. Allah-taala Qur᾽ani-Kərimdə Peyğəmbərə (s) xitab edərək buyurur:

«...Onlarla əhdinizə axıra qədər [müddəti bitənədək] vəfa edin...»[98]

Imam Sadiq (ə) buyurur:

«Üç halda kimsənin üzrü qəbul olunmayır:

1. Әmanətin öz sahibinə qaytarılmasında (mal sahibinin əməli-saleh bir şəxs olub-olmamasından asılı olmayaraq);

2. Kimliyindən asılı olmayaraq əhdə vəfa etmədikdə;

3. Ata-anaya yaxşılıq etmədikdə (istər onlar əməli-saleh olsun, istərsə də yox).[99]

Mə᾿lum məsələdir ki, cəmiyyətdə nizam-intizam yaradılması və onun sağlam bir tərzdə inkişaf etdirilməsi üçün ilk növbədə bağlanmış əhd-peymanlara riayət edilməlidir. Çünki, əgər ayrı-ayrı fərdlər arasında bağlanılan əhd-peymanlara riayət olunmazsa hərc-mərclik baş alıb gedəcək və ictimai işlər öz təbii məcrasından çıxacaqdır. Belə bir şəraitdə yalnız güclülər davam gətirəcək və öz mənafelərini müəyyən mə᾿nada qoruyub saxlaya biləcəklər. Bu səbəbdən də imam Sadiq (ə) bu üç şeyə (əmanətin qaytarılması, əhdə vəfalı olmaq və valideynə yaxşılıq etmək) riayət etməyənlərin üzürlü hesab edilməyəcəyini buyurmuşdur.

Әli (ə) Malik Әştəri Misrə vali göndərdiyi zaman bu haqda ona xüsusi göstərişlər verib buyurur:

«Әgər düşmənlərinlə onlara sığınacaq verəcəyinə dair əhd-peyman bağlayarsansa, əmanətə xəyanət etmədiyin kimi bu əhd-peymana da vəfalı ol. Çünki, fikir ayrılığına baxmayaraq, din və məzhəbindən asılı olmayaraq hamının yekdilliklə qəbul etdiyi şeylərdən biri də əhdə vəfalı olmaqdır. Hətta müşriklər də əhd-peymana vəfalı olmamağın aqibətini gördükləri üçün müsəlmanlarla bağladıqları əhd-peymanlara və sülh sazişlərinə riayət etmişlər. Bu səbəbdən də üzərinə götürdüyün məs᾽uliyyəti üzürlü hesab etmə və düşmənlərini aldadıb bağladığın əhd-peymana qarşı çıxma. Nadanlıq üzündən Allaha qarşı yalnız inadkar və cahil insanlar çıxarlar.

Allah isə rəhmət qapılarını Öz bəndələrinin üzünə açmış və Öz rəhmət dərgahında onlara sığınacaq vermişdir. Onun pənahına sığınanlar nə aldadılar, nə də onların haqqı tapdanılar.»[100]

ӘHDӘ VӘFA ETMӘYIN ӘHӘMIYYӘTI

Әhdə vəfalı olmağın zəruriliyi və nə qədər əhəmiyyətli olduğu artıq bizə bəlli oldu. Indi isə baxaq görək islam nöqteyi-nəzərindən digər mə᾽nəvi dəyərlərlə yanaşı əhdə vəfalı olmağın nə kimi əhəmiyyəti vardır?

Burada bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1. Qur᾽ani-Kərimdə əhdə vəfalı olmaq, və᾽də verdikləri şeylərə əməl etdikdən sonra mö᾽minlərin ən başlıca xüsusiyyətlərindən biri kimi göstərilir.

«O mö᾽minlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar [onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər]».[101]

Məaric surəsinin 33-cü ayəsi də həmən mətləbə işarə edir.

Peyğəmbər (s) bu haqda buyurur:

«Allaha və Qiyamət gününə iman gətirmiş hər bir şəxs verdiyi və᾽dəyə əməl etməlidir».[102]

Әli (ə) buyurur:

«Mö᾽minlərin nişanələrindən biri də onların əhdə vəfalı olmalarıdır.»[103]

«Dinin sütunlarından biri də əmanətə və əhdə vəfa etməkdir».

Qur᾽ani-Kərimin başqa bir ayəsində əhdə vəfa etmək əməli-saleh insanların xüsusiyyətlərindən biri kimi göstərilir:

«Yaxşı insanlar əhd-peyman bağladıqda ona vəfalı olarlar.»[104]

Başqa bir ayədə Allah-taala həzrət Ismayıl (ə)-ı vəsf edərkən buyurur:

«[Ya Məhəmməd!] Qur᾽anda Ismaili də yada sal! O öz və᾽dinə sadiq və [Bizim tərəfimizdən öz ümmətinə] göndərilmiş bir peyğəmbər idi».[105]

Həzrət Ismayıl (ə)-ın peyğəmbərliyindən də əvvəl onun əhd-peymana sadiq olduğu göstərilir. Belə ki, nəql olunmuş rəvayətlərdən birində deyilir:

«Həzrət Ismayıl (ə) günlərin bir günü onunla görüşmək istəyən bir şəxslə görüş yeri tə᾽yin edir. O Həzrət və᾽dinə əməl edərək hər gün həmən yerə gedir və həmən şəxsi gözləyir. Lakin bir il ardıcıl getməsinə baxmayaraq, həmən şəxsi görə bilmir. Onu görənlər harada olduğunu və nə üçün və᾽dəsinə xilaf çıxdığını soruşurlar. Həmən şəxs nəhayət həzrət Ismayıl (ə)-ın yanına gəlib görüşü unutduğu üçün bu müddət ərzində gəlmədiyini bildirir. Həzrət Ismayıl (ə) təmkinlə onu dinləyib buyurur: And olsun Allaha! Әgər bu gündə gəlməsəydin, Qiyamət gününədək buraya gələcəkdim.

Bu əhvalatdan sonra Həzrət Ismayıl (ə)-a «Sadiqul və᾽d» ləqəbi verildi».

4. Imam Sadiq (ə)-dan nəql olunmuş rəvayətlərdən birində «əhdə vəfalı olmaq» hər bir müsəlmanın üzərinə düşən vəzifələrdən biri kimi göstərilir:

«Mö᾽min mö᾽minin qardaşıdır. Göz təki ona yol göstərər və heç vaxt haqqını mənimsəyib xəyanət etməz. Və᾽də verdiyi zaman aldatmadan əhdinə sadiq qalar».[106]

Әli (ə) buyurur:

Әhdə vəfalı olmaq sədaqətlə yanaşı olmalıdır. Və mən əhdə vəfadan möhkəm bir şey təsəvvür etmirəm. Insan Allahın hüzuruna qayıdacağını bildiyi halda başqalarına qarşı necə hiylə işlədə bilər?!

Elə bir dövranda yaşayırıq ki, hiyləgərlik zirəklik hesab olunur və nadan insanlar bu şəxsləri zirək və bacarıqlı adlandırırlar. Görəsən onlar bundan nə kimi mənfəət əldə edirlər? Allah onları öldürsün! Şübhəsiz ki, [həqiqi] zirək və bacarıqlı insanlar hiyləgərliyin yolunu bilmirlər. Lakin ilahi yasaq və qadağalar onları bu işdən çəkindirir. Bunu bacarsalar da heç vaxt həyata keçirmirlər. Lakin, dinlə heç bir əlaqəsi olmayan şəxslər öz gündəlik həyatlarında dəfələrlə bu çirkin işə əl atarlar.[107]

Göründüyü kimi xütbədə «əhdə vəfalı olmaq» sədaqətlə eyni mə᾽na daşıyır, hiylə və məkr ilə tamamilə ziddiyyət təşkil etdiyi göstərilir. Iman sahibləri verdikləri və᾽dəyə və bağladıqları əhd-peymana daim sadiq qalarlar. Imanı zəif olanlar, dinə inam və e᾽tiqadı olmayan şəxslər isə heç nədən çəkinmədən öz əhd-peymanlarına sadiq qalmaz və çox asanlıqla hər şeyi alt-üst etməyə hazır olarlar. Bu bir həqiqətdir ki, Allaha iman gətirmiş əməli-saleh şəxslər müxtəlif bəhanələrə əl atıb verdikləri və᾽dəyə əsla xilaf çıxmazlar.

Bu səbəbdən də müşriklərin bağladıqları əhd-peymanlara riayət etməmələrinə baxmayaraq, həzrət Peyğəmbər (s) onların ardı-arası kəsilməyən tə᾽ziqlərinə dözür və onlarla bağladığı əhd-peymanları pozmurdu.

Nəhayət Tövbə surəsinin ilk ayəsi nazil oldu və müşriklərə çox ciddi xəbərdarlıq edildi:

«[Bu] Allahdan və Onun Peyğəmbərindən saziş bağladığınız müşriklərə [onlarla olan əhdlərin pozulması, əlaqlərin kəsilməsi haqqında] xəbərdarlıqdır!»[108]

Tövbə surəsinin bu və sonrakı ayələri nazil olduqdan sonra bir neçə qəbilələr istisna olmaqla, müsəlmanlarla müşriklər arasında bağlanılan əhd-peymanlara bir dəfəlik son qoyuldu.

5. Istər həzrət Peyğəmbər (s), istərsə də onun davamçıları olan Mə᾽sum imamlar (ə) müsəlmanların bağladıqları əhd-peymanlara və öz və᾽dələrinə sadiq qalmalarına tə᾽kid etmiş və onların pozulmasına yol verməmələrini tövsiyə etmişlər.

Peyğəmbər (s) bunu hətta münafiqlərin xüsusiyyətlərindən biri kimi qiymətləndirib buyurur:

«Bu üç şey münafiqlərin xüsusiyyətlərindəndir:

1. Bir şey danışdıqları zaman yalan söyləyər;

2. Bağladıqları əhd-peymanı pozar;

3. Verilən əmanətlərə xəyanət edər.[109]

Әli (ə) Malik Әştərə verdiyi göstərişlərin birində buyurur:

«Camaata və᾽də verdiyin zaman öz əhdinə sadiq qal. Çünki əhdə vəfa etməmək Allahla insanlar arasında düşmənçiliyə [insanların Allahdan uzaq düşmələrinə] səbəb olur. Allah-taala buyurur:

«Etməyəcəyiniz bir şeyi demək Allahın qəzəbinə səbəb olur».[110]

Imam Sadiq (ə) buyurur:

«Mö᾽minin öz din qardaşına verdiyi və᾽də, kəffarəsi olmayan nəzr kimidir. (Yə᾽ni, verilmədikdə kəffarə ilə əvəz etmək olmur). Әhdini pozmuş şəxs Allahın qəzəbinə gələrək Onunla müxalifət etmiş olur. Allah-taala Öz kitabında buyurur:

«Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz. Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar».[111]

Әli (ə) buyurur:

«Öhdəsindən gələ bilməyəcəyin hər hansı bir şey haqda əhd-peyman bağlama».

«Yerinə yetirəcəyiniz şeyin öhdəsindən gələcəyinə əmin olmayınca və᾽də verməyin».[112]

DӘRSIN XÜLASӘSI

«Әhdə vəfalı olmaq» ən mühüm əxlaqi xüsusiyyətlərdən biridir. Qur᾽ani-Kərim bunu əməli-saleh insanların xüsusiyyətlərindən biri qiymətləndirir.

Qarşı tərəfin müsəlman, müşrik və ya kafir olmasından asılı olmayaraq, müsəlmanlar bağladıqları əhd-peymana sadiq qalmalıdırlar.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Allah-taala Qur᾽ani-Kərimdə əhd-peymanın pozulması haqda nə buyurur?

2. Әli (ə) Malik Әştərə göndərdiyi əhdnamədə əhdə vəfalı olmaq haqda nə buyurur?

3. Әhdə vəfalı olmaq islam dinində nə kimi əhəmiyyət daşıyır?

4. Nə üçün Allah-taala həzrət Ismayılı (ə) «Sadiqul və᾽d» adlandırır?

5. Әli (ə) əhd-peymanın bağlanılması üçün hansı şərtləri zəruri hesab edir?

DOQQUZUNCU DӘRS

SӘBIRLI VӘ TӘMKINLI OLMAQ (1)

Hər bir insan gündəlik həyatında özü kimi bir çox cəmiyyət üzvləri ilə qarşı-qarşıya gəlir və onlarla daimi ünsiyyətdə olur. Cəmiyyət üzvlərinin hər birinin özlərinə xas rəftar, davranış və təfəkkür tərzi vardır. Bə᾽zən elə şəxslərlə rastlaşırıq ki, onlar bir sıra əxlaqi xüsusiyyətlərə malik olmadıqları üçün adi davranış qaydalarında və başqaları ilə ünsiyyətdə kobudluğa yol verirlər. Bu da tərəf-müqabilin inciməsinə və narahatçılığına səbəb olur. Bəs bu kimi xoşa gəlməz rəftar və davranışların müqabilində nə kimi əks əməl göstərmək lazımdır?

Təbiidir ki, bu vəziyyətdə hər şeydən əvvəl insanın zehninə belə bir çıxış yolu gəlir. Ya onlarla tamamilə əlaqəni kəsməli, ya da yalnız gözəl əxlaqa malik olan şəxslərlə ünsiyyətdə olmalı. Belə təsəvvür olunur ki, insan yalnız bu yolla öz asayiş və rifahını tə᾿min edə bilər. Qeyd etmək lazımdır ki, bu işi həyata keçirmək qeyri-mümkündür. Çünki, hər bir cəhətdən gözəl xüsusiyyətlərə malik olan və bütün gözəl əxlaqi səciyyələrə yiyələnən belə bir ideal şəxsi tapmaq demək olar ki, qeyri-mümkündür. Insanlar mövcud olan varlıq aləmində bir-birlərindən fərqli ruhiyyə, zövq, iste᾽dad və s. keyfiyyətlərə malik olurlar. Belə bir fərqlilik daim hər yerdə mövcud olmuş və olmaqdadır. Bu səbəbdən də bütün xüsusiyyətlərlə bir-birinə oxşar iki nəfər şəxsi tapmaq adətən çox çətin olur. Bütün bunlarla yanaşı, ictimai ehtiyac və təlabatlar dediklərimizə bir başqa cür tə᾽sir göstərir. Bundan da əlavə, heç də bizə mə᾽lum deyil ki, əgər biz yaşadığımız ictimai mühitdə bütün cəmiyyət üzvləri ilə hər tərəfli əlaqələri kəsəriksə, onlar da bütün sahələrdə bizimlə öz əlaqələrini kəsəcəklərmi? Bütün bunları nəzərə alaraq qətiyyətlə deyə bilərik ki, belə bir çıxış yolu qeyri-mümkündür.

Başqa bir çıxış yolunu bütün xoşagəlməz rəftar və davranışların müqabilində müxtəlif tədbirlərə əl atmaqda, hətta lazım gələrsə həmən şəxsləri görəcəkləri işlərdən peşiman olana qədər cəzalandırmaqda görmək olar. Belə təsəvvür olunur ki, onlar cəzalandırıldıqları təqdirdə bir daha kobud rəftara yol verməyəcəklər.

Belə bir çıxış yolu yalnız o zaman müsbət nəticə verə bilər ki, insan cəza tədbirinə yalnız bir dəfə əl atmış olsun və həmən şəxs (cəzalandırılan) intiqam almağa və əvəzini çıxmaq fikrinə düşməsin. Lakin bu işin qeyri-mümkünlüyü də göz qabağındadır. Tarixə nəzər saldıqda dəfələrlə bu həqiqətin şahidi oluruq ki, cəmiyyətdə narazılıq və qarşıdurmalar yaranarkən müxtəlif cəza tədbirlərinə əl atılmış, bir çox hallarda isə yüzlərlə günahsız insanların qanları tökülmüş və bu iş hətta amansız müharibələrlə nəticələnmişdir. Yaranmış kin-küdurət müvəqqəti olaraq yatırılmış, lakin ilk fürsətdə yenidən şö᾽lələnərək daha da böyümüşdür.

Bütün bu qarşıdurmaların köklərini və yaranma səbəblərini araşdırdıqda görürük ki, onların bir çoxu olduqca əhəmiyyətsiz səbəblər üzündən meydana gəlmiş, insanların inadkarlıqları üzündən get-gedə böyümüş və bir çox hallarda qarşıdurma hətta müharibələrlə belə nəticələnmişdir.

Nəzərdən qaçırmamalıyıq ki, başqalarına qarşı belə bir tədbirlərə əl atdıqda onlar da bizdən hər hansı bir xoşagəlməz rəftar gördükdə ciddi tədbirlər görmək haqda fikirləşəcəklər. Yə᾽ni, biz başqaları ilə necə davranarıqsa, onlar da bizimlə həmən tərzdə davranmalı olacaqlar. Təbii ki, yaranmış belə bir şəraitdə sülh, əmin-amanlıq əldə etmək mümkün olmayacaqdır və belə bir cəmiyyətdə yaşamaq hamı üçün olduqca ağır və təhlükəli olacaqdır.

ÇIXIŞ YOLU NӘDӘDIR?

Islam dininin belə bir şəraitdə bizlərə tövsiyə etdiyi şey, daha dəqiq desək, göstərdiyi yol «səbirli və təmkinli» olmaqdır.

Burada üç mühüm məsələyə xüsusi diqqət yetirmək lazımdır:

1. Qəzəbin mahiyyəti və qəzəb qüvvəsindən bəhrələnmək (istifadə etmək) tərzi;

2. Islam dinində səbirli və təmkinli olmağın dəyər və əhəmiyyəti;

3. Islam dininin səbr və təmkinliyə olan baxışı. Həzrət Peyğəmbər (s) və Imamların (ə) başqalarının kobud rəftarlarının qarşısında səbr və təmkinli olmaları.

Qəzəb:

Nəql olunmuş bir çox rəvayətlərdə qəzəbin həddin artıq mənfi xüsusiyyət olduğu göstərilmiş və müsəlmanlara bu xoşagəlməz xüsusiyyətdən uzaq olmaları tövsiyə olunmuşdur. Bə᾽zi rəvayətlərdə qəzəbin hətta bütün pisliklərin əsas səbəbkarı (açarı) olduğu göstərilir. Imam Sadiq (ə) buyurur:

«Qəzəb bütün pisliklərin açarıdır».[113]

Әli (ə) buyurur:

«Qəzəb elə bir şeydir ki, əgər onu öz başına buraxsan hər şeyi dağıdar və viran edər».[114]

«Qəzəb öz sahibini həlak edər və eyblərini üzə çıxarar».[115]

«Qəzəb gizli kinləri aşkar edər».[116]

Digər rəvayətlərdə qəzəb şö᾽ləli alova bənzədilir.

Peyğəmbər (s) buyurur:

«Qəzəb, Şeytanın alov şö᾽ləsindəndir».[117]



Geri   İrəli
Go to TOP