A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 1 (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 144
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


«Qonşularınızın hüququna riayət etdikdə Allahı nəzərə alın (yə᾽ni hər zaman Allahı xatırlayın və Onun buyuruqlarına tabe olun). Çünki, bunu sizlərə Peyğəmbəriniz tövsiyə etmişdir. Peyğəmbər (s) bu məsələyə o qədər diqqət yetirərdi ki, belə güman edərdik qonşularımız bizdən irs aparırlar».[38]

Burada həzrət Peyğəmbərin (s) qonşuların hüququna riayət etməyə dair etdiyi tövsiyələrin bir neçəsini gətirdik.

«Mö᾽min olmaq istəyirsinizsə qonşularınızla gözəl davranın».[39]

«Insan anasına hörmət etdiyi kimi qonşusuna da hörmət etməlidir».[40]

Həzrət Peyğəmbərdən (s) soruşurlar:

«Ey Allahın peyğəmbəri! Zəkatdan başqa insanın var-dövlətinə düşəcək digər ödənişlər də varmı?» Həzrət (s) buyurdu:

«Bəli, qohum-əqrəbaya və qonşulara yaxşılıq etmək, qonşusu ac oludğu bir halda tox qarına yatan şəxs mənə iman gətirməmişdir».[41]

Bir şəxs Həzrət Peyğəmbərin (s) yanına gəlib deyir:

«Bir ev almaq istəyirəm, harada alsam daha yaxşı olar? Cəhinə, Məzinə, Səqif, yoxsa Qureyş qəbiləsinin yanındamı alım?» Həzrət Peyğəmbər (s) buyurdu:

«Әvvəl qonşunu sonra evi və əvvəl yoldaş seç sonra gedəcəyin yeri».[42]

Peyğəmbər (s) bununla ev almaq və ya tikmək istəyən şəxslərə gələcəkdə kimlərlə qonşu olacaqlarına diqqət yetirmələrinə tövsiyə etmişdir. Әgər onlar yaxşı olarlarsa həmən yerdə ev alıb sakin ol. Yola çıxmaq istəyərkən də hər şeydən əvvəl özünə yaxşı yol yoldaşı seç və yalnız sonra yola çıx.

6. Peyğəmbər (s), qonşuların bir-birlərinin üzərində olan hüquqlarını belə izah edir:

«Qonşularınızın sizin üzərinizdə nə kimi hüquqlara malik olduqlarını bilirsinizmi?»

Dedilər: «Xeyr».

Həzrət (s) buyurdu:

«Әgər onlar sizdən kömək istəyirlərsə yardım etməli, borc istədikdə [imkan daxilində] verməli, bir şeyə ehtiyac duyduqda ehtiyaclarını tə᾽min etməli, uğur qazandığı zaman onu təbrik edib sevincinə şərik olması, xəstələnərsə görüşünə getməli, əzizlərindən birini itirdiyi zaman baş sağlığı verməli, dünyasını dəyişdiyi zaman dəfn mərasimində iştirak etməli, ev tikdiyin zaman icazəsi olmadan onun evinə külək və günəşin düşməsinin qabağını kəsməməli və meyvə aldığın zaman ona da verməlisən. Әgər bunu etməzsinizsə heç olmasa uşaqlarınız əlində meyvə küçəyə çıxmasın. Çünki, yoxsul qonşunuzun uşağının meyvəyə tamahı düşə bilər. Ləziz yeməklər bişirdiyin zaman onlara da bir pay verin və yeməyin iyi ilə onları buna həsrət qoymayın».[43]

7. Imam Səccad (ə) «Hüquq risaləsi»ndə qonşunun hüquqları haqda buyurur:

«Qonşun səfərdə olduğu zaman (və ya evdə olmadığı müddət ərzində) onu əvəz etməli, gəldiyi zaman gülər üzlə qarşılamalı və ona öz səmimiyyətinizi bildirməlisiniz. Hər hansı bir çətinliklə qarşılaşdığı və ya haqqı tapdalandığı zaman əlinizdən gələn köməyi ona etməlisiniz. Bir şeyi israr etdiyi zaman boyun qaçırmayın. Pislik gördüyünüz zaman güzəştə getməyi bacarın və onların bu hərəkətlərinə göz yumun. Nəsihətinizi qəbul edəcəyini bildiyiniz zaman onlara nəsihət edin. Çətinliklərlə qarşılaşdıqları zaman onları tək qoymayın, buraxdıqları səhvləri düzəltməyə çalışın. Günah etdikləri zaman onları bağışlamağı və eyblərini örtməyi bacarın. Və nəhayət onlarla gözəl davranıb, səmimiyyətlə rəftar edin».[44]

Bu məzmunda digər mə᾿sum imamlardan da bir çox nəsihətamiz hədis və rəvayətlər nəql olunmuşdur. Imam Həsən (ə) buyurur:

«Kiçik yaşlarımda görərdim ki, anam həzrət Zəhra (ə) cümə günləri axşam namazından sonra qonşu və tanıdığı bütün şəxslərin adını çəkər və onlar üçün dua edərdi. Bir gün qulaq asdım ki, görüm özü üçün də dua edirmi? Lakin nə qədər diqqət yetirdimsə, öz istək və hacətlərini dilinə də gətirmədi. Səhər açıldıqda anamdan soruşdum: Ana, dünən axşam etdiyin dualara qulaq asırdım, başqalarına xeyir-dua edir, amma özün üçün əsla dua etmədin. Anam buyurdu:

«Oğlum, əvvəl qonşu sonra evin içi».

Әhli-beyt (ə) tərəfindən nəql olunmuş rəvayətlərdə qonşularla gözəl rəftar etməklə yanaşı, hüquqlarının qorunması və onlarla səmimi ünsiyyətdə olmaq barəsində də kifayət qədər rəvayət nəql olunmuşdur.

Həzrət Әli (ə) bu haqda buyurur:

«Hər kim qonşularına yaxşılıq edərsə başqalarından daha çox qayğı görər».[45]

Başqa bir yerdə buyurur:

«Hər kim qonşuları ilə gözəl rəftar etsə, qonşularının sayı bir o qədər çox olar».[46]

Göründüyü kimi Həzrət Әli (ə) özünün birinci hədisində bunu nəzərdə tutmuşdur ki, əgər insan qonşuları ilə gözəl rəftar etmiş olarsa təbii ki, onlar da qarşılaşdığı çətinliklərdə öz köməklərini ondan əsirgəməyəcəklər.

Ikinci hədisdə isə buna işarə edir ki, əgər insan öz qonşuları ilə səmimi ünsiyyət bərqərar edib onlara qarşı gözəl əxlaq nümayiş etdirərsə, onlar da öz növbələrində onunla mehribanlıqla rəftar etmiş olarlar. Bu isə insanı tənhalıq və qəriblik hissi keçirməyə qoymaz, hamı onun bu gözəl xüsusiyyətini görüb onunla qonşuluq etmək istəyər.

Imam Sadiq (ə) qonşuların insana qarşı olan tə᾽siri və xeyir-bərəkətləri haqda buyurur:

«Yaxşı qonşuluq etmək ruzinin artmasına səbəb olur».[47]

Başqa bir rəvayətdə buyurur:

«Qonşularla gözəl rəftar etmək ömrü uzadır və yerlərin abadlaşmasına səbəb olur».[48]

QONŞUNUN ӘZAB-ӘZIYYӘTI

Nəql olunmuş rəvayətlərdə qonşuların hüquqlarına riayət olunmasına böyük əhəmiyyət verildiyi kimi, onlara qarşı hörmətsizlik və kobudluq edilməməsinə də böyük diqqət yetirilmişdir. Həzrət Peyğəmbər (s) buyurur:

«Allaha və axirət gününə iman gətirmiş şəxs öz qonşusuna əziyyət etməməlidir».[49]

Әnsardan biri həzrət Peyğəmbərin (s) yanına gəlib deyir:

«Ya Rəsuləllah! Filan qəbilənin yanında bir ev aldım. Qonşu olacağım şəxsdən mənə xeyir dəyəcəyinə ümid etmirəm, həmçinin zərərinin yetişməyəcəyindən də arxayınam». Həzrət Peyğəmbər (s) üzünü imam Әli (ə), Salman, Әbuzər və Miqdada tutub buyurur:

«Məscidə gedib uca səslə deyin: Qonşusu əzab-əziyyətindən əmin olmayan şəxs iman gətirməmişdir».[50]

Başqa bir rəvayətdə deyilir: Bir şəxs həzrət Peyğəmbərin (s) yanına gəlib öz qonşusundan şikayətlənir. Həzrət Peyğəmbər (s) ona səbr etməyi tövsiyə edərək buyurur:

«Səbr et! Bəlkə o öz rəftarını dəyişsin».

Şikayət üçün ikinci dəfə həzrət Peyğəmbərin (s) yanına gəldikdə yenə də ona səbr etməyi tövsiyə edir. Üçüncü dəfə şikayətə gəldikdə isə həzrət Peyğəmbər (s) buyurur:

«Cümə günü ev əşyalarını bayıra çıxarıb camaatın gəlib-getdiyi yolun üstünə qoy. Onlar səndən bunun səbəbini soruşduqda de ki, qonşum mənə əziyyət etdiyi üçün belə edirəm».

Həmin şəxs həzrət Peyğəmbərin (s) dediyi kimi də edir. Qonşusu el arasında rüsvay olacağını görüb yalvar-yaxar edərək evinə qayıtmasını xahiş edir və söz verir ki, bundan sonra bir daha onun narahatçılığına səbəb olacaq heç bir iş görməyəcəkdir.

Nəql olunmuş rəvayətlərdə həmçinin qonşuların çətinlikləri ilə maraqlanmağa və bu işdə səhlənkarlığa yol verməməyə tə᾽kid olunur. Həzrət Peyğəmbər (s) buyurur:

«Qonşusu ac olduğu bir halda tox qarına yatan şəxs müsəlman deyildir».[51]

Başqa bir rəvayətdə həzrət Әli (ə) həzrət Peyğəmbərdən (s) nəql edərək buyurur:

«Qonşusu ac olduğu bir halda tox qarına yatan şəxs Allaha və axirət gününə iman gətirməmişdir».

Səhabələr heyrətə gələrək soruşdular: «Elə isə vay bizim halımıza!» Həzrət Peyğəmbər (s) buyurdu:

«Yediyiniz xurma və yeməklərinizin artığı, pul, əxlaq və artıq paltarlarınızla Allahın qəzəbini yatırın».

Yə᾽ni yediyiniz yemək, geydiyiniz paltar, pul və s. şeyləri sədəqə verməklə Allahın razılığını qazanmağa çalışın.[52]

Bunu da qeyd etmək lazımdır ki, rəvayətlərdə qonşu deyildikdə dörd tərəfdən ətrafdakı qırx ev nəzərdə tutulur.

Həzrət Әli (ə) buyurur:

«Məscidin sahəsi qırx addım, qonşuluq isə hər dörd tərəfdən qırx ev hesab olunur».[53]

Islamın böyük alim və görkəmli şəxsiyyətləri həzrət Peyğəmbər (s) və mə᾽sum imamların sünnəsinə tabe olaraq qonşunun hüququna riayət edilməsinə böyük diqqət yetirmişlər.

Misal olaraq onlardan bir neçəsinə işarə edirik:

Görkəmli fiqh alimlərindən olan mərhum şeyx Seyyid Cavad Amili öz xatirələrində yazır: «Günlərin bir günündə axşam yeməyini yediyim zaman illər boyu elmindən bəhrələndiyim mərhum ustad Bəhrul-ülumun xidmətçilərindən biri qapını döyüb məni səslədi. Qapını açdıqda dedi: «Ustad sizi çağırır, şam süfrəsi kənarında əyləşib amma siz gəlməyincə yeməyə əlini yeməyə uzatmayacaq.» Tələm-tələsik evdən çıxıb ustadın evinə gəldim. Evə daxil olduqda əsəbi halda üzünü mənə tutub dedi: Heç Allahdan çəkinmirsən?! Ustadın bu sözlərindən heyrətə gələrək təəccüblə soruşdum: Deyə bilərsinizmi təqsirim nədir? Dedi: «Yeddi gündür qonşun ailəsi üçün yemək tədarükü görə bilmir və neçə müddətdir ki, qonşuluqdakı dükandan ucuz xurmalar nisyə götürür. Bu gün də xurma almaq üçün dükana gedib, dükançı borcunun çoxaldığını bəhanə gətirib ona nisyə heç bir şey verməyib. O da xəcalət çəkərək kor-peşiman evinə qayıdıb və bu gün ailəsi ac qalıbdır.»

Dedim: Ustad! And olsun Allaha, bütün bunlardan xəbərsizəm, yoxsa əlimdən gələn köməyi əsirgəməzdim.

Dedi: «Məni də narahat edən budur ki, nə üçün bu müddət ərzində qonşundan xəbər tutmayıb, ac qaldıqları günlərdə onlara heç bir köməklik etməmisən. Әgər xəbərin olan halda kömək etməsəydin müsəlman yox, yəhudi hesab olunardın». Sonra yeməklə dolu sinini mənə verib dedi: «Xidmətçi ilə birlikdə həmən şəxsin evinə gedin və bu yeməkləri ona verib deyin ki, bu gün şam yeməyini birlikdə yeyəcəyik.» Sonra ayağa qalxıb bir qədər pul verib dedi: «Bu pulu da süfrənin altına qoyarsan....»

Mərhum Seyyid Bəhrul-üluma bu haqda kimsənin mə᾽lumat vermədiyi bir halda, bütün bunlardan necə xəbərdar olması söhbətimizdən xaricdir. Lakin, dediklərimizdən bu nəticəyə gəlmək olur ki, bu kimi böyük şəxsiyyətlər yaşadıqları cəmiyyətin sosial vəziyyəti ilə yaxından maraqlanmış və qonşuların hüquqlarının riayət olunmasına xüsusi diqqət yetirmişlər.

DӘRSIN XÜLASӘSI

Müqəddəs Islam dinində qonşuların hüquqlarına riayət olunmasına xüsusi diqqət yetirilmişdir. Belə ki, həzrət Peyğəmbər (s) və Imamlar (ə) nəql etdikləri hədis və rəvayətlərdə bu əməlin ruzinin artmasına və ömrün uazanmasına səbəb olduğuna işarə etmişlər.

Eyni zamanda qonşulara qarşı diqqətsizliyin Allahın qəzəbinə səbəb olduğu və onlara əziyyət edən şəxsin Allaha iman gətirmədiyinə dəlalət etdiyi göstərilir.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Həzrət Peyğəmbərin (s) qonşular haqda etdiyi tövsiyələrdən birini deyin.

2. Həzrət Әli (ə) qonşularla gözəl rəftar etmək haqda nə buyurmuşdur?

3. Qonşulara əziyyət etmək haqda nəql olunmuş rəvayəti nəql edin.

4. Seyyid Bəhrul-ülum qonşusundan xəbərsiz olan şəxs barədə nə buyurmuşdur?

ALTINCI DӘRS

ӘXLAQI DAVRANIŞLAR

Cəmiyyət arasında düzgün əlaqə və rabitə bərqərar etmək üçün bir sıra me᾽yarlara riayət etməliyik ki, ilk növbədə özümüzü gözəl şəxsiyyət və bir ideal insan kimi tanıtdıra bilək. Çünki, bir tərəfdən gözəl əxlaq və davranış tərzi görməklə camaatda bizə qarşı rəğbət hissi yaranacaq, digər tərəfdən də özümüz insani [mə᾽nəvi] dəyərlərə nail olacağıq. Və eyni zamanda başqalarının bizim üzərimizdə nə kimi hüquqlara malik olduqlarını bilməli və onların hüquqlarının tapdalanmasına yol verməməliyik.

Bu me᾽yarlar ümumiyyətlə iki hissəyə bölünür: Onlardan biri başqalarının qarşısında nümayiş etdirməli olduğumuz xüsusiyyət və rəftar normaları, digəri isə tərk etməyimiz zəruri olan bə᾽zi xoşagəlməz xislət və xüsusiyyətlərdir. Başqa sözlə desək, birinci dəstəyə aid olan me᾽yarlar islam dininin bizlərə tövsiyə etdiyi gözəl əxlaqi xüsusiyyətlər, ikinci hissəyə aid olanlar isə ictimai həyatımızda tərk etməyimiz zəruri olan bir sıra mənfi xüsusiyyətlərdir. Demək, ictimai həyatın normal hal tapması üçün biz ilk növbədə mənfi xüsusiyyətlərdən çəkinməli və gözəl əxlaqa malik olmalıyıq. Gözəl əxlaqa malik olmaq və xoşagəlməz xüsusiyyətlərdən çəkinməyə də «əxlaqi davranış» deyilir. Bu dərsimizdə onların hər biri haqda ayrı-ayrılıqda söhbət açacağıq.

GÖZӘL XÜSUSIYYӘT

Ictimai həyat və əlaqələrin bərqərar olunmasında hamı başqalarının hörmət və ehtiramını qazanmaq istəyir. Insanlarda cəmiyyət arasında hörmət və nüfuz sahibi olmaq marağı, onlarda qürbət və təklikdən qorxu hissindən yaranmışdır. Çünki, bir qədər əvvəl qeyd etdik ki, insanın bir çox maddi-mə᾽nəvi və ruhi ehtiyacları ictimai əlaqələri bərqərar etməklə tə᾽min olunur. Bu kimi ehtiyacların tək başına tə᾽min olunması sadəcə olaraq qeyri-mümkündür. Bu səbəbdən də insan, ehtiyaclarının aradan qaldırılmasında başqalarından asılı olduğunu hiss edir. Təklik və qürbət hissi onu kədərləndirir və çıxış yolu axtarmağa vadar edir. Beləliklə də maddi-mə᾽nəvi ehtiyaclarının aradan qaldırılamasını yaşadığı cəmiyyətdə ictimai əlaqələrin bərqərar olunmasında görür. Normal əlaqələrin bərqərar olunması üçün də ondan cəmiyyətin fəal bir üzvünə çevrilməsi, ictimaiyyətdə müəyyən bir [müsbət] mövqeyə malik olması tələb olunur. Bununla da insan başqalarından bir çox müsbət xüsusiyyətlər öyrənərək özünün insani xüsusiyyətlərini büruzə verir, müəyyən üstünlüklər əldə edir və eyni zamanda maddi ehtiyaclarının tə᾽min olunmasına nail olur. Insanların qəlblərinə yol tapmağın və onların razılığının qazanılmasının ən başlıca amili «gözəl əxlaq və xüsusiyyətə» malik olmaqdır. «Gözəl əxlaq» təkcə insanların razılığını əldə etməyin başlıca amili deyil, bir çox digər insani dəyərlərin də əsasını təşkil edir. Yə᾽ni, insan «gözəl əxlaqa» malik olmayınca, onda digər insani dəyərlər özünü büruzə vermir. Məsələn, «gözəl əxlaqa» malik olmayan bir şəxsdə şücaət, səxavətlilik və bu kimi digər xüsusiyyətlər müşahidə olunsa da, onlar öz həqiqi dəyərlərini tapmır. Gülərüz və mehribançılıqla verilməyən hədiyyəni kimsə qəbul etmir. Demək, bütün müsbət keyfiyyətlər yalnız o zaman özünün həqiqi dəyərini tapa bilər ki, bu xüsusiyyətlərə malik olan hər bir şəxs «gözəl əxlaqa» yiyələnmiş olsun.

Әxlaqın tə᾽rifində deyilir:

«Әxlaq - elə bir daxili hissiyyata deyilir ki, digər müsbət xüsusiyyətlərlə yanaşı, insanı başqaları ilə gözəl ünsiyyətdə olmağa da sövq etmiş olsun».

Imam Sadiq (ə)-dan nəql olunmuş rəvayətlə bu tə᾽rif arasında sıx bağlılıq vardır. Belə ki, imam Sadiq (ə)-dan «gözəl əxlaq nədir?» - deyə soruşduqda buyurur:

«Gözəl əxlaq odur ki, başqaları ilə şirin dillə danışıb mehribanlıqla rəftar etmiş olasan və müsəlman qardaşınla görüşdükdə onu gülər üzlə qarşılayasan»[54]

Gözəl əxlaqa yiyələnməyin və başqaları ilə gözəl ünsiyyətdə olmağın fəziləti haqda həzrət Peyğəmbər (s) və Mə᾽sum imamlardan kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Misal olaraq burada onlardan bir neçəsini gətiririk:

«Sizin ən yaxşınız, ən gözəl əxlaqa yiyələnənlərinizdir. Gözəl əxlaq sahibləri o kəslərdir ki, bir-birləri ilə qarşılaşarkən təvazökarlıq edər və başqaları ilə daim gözəl ünsiyyətdə olaraq evinin qapsını onların üzünə açıq qoyarlar».[55]

«Gözəl əxlaqa yiyələnənlərin savabı gecələri ibadətlə keçirən və gündüzləri oruc tutan şəxsin savabı qədər olar».[56]

«Qiyamət günü insanların əməl tərəzilərinə qoyulacaq ilk şey onların gözəl əxlaqı olacaqdır».[57]

«Qiyamət günü əməl tərəzisində gözəl əxlaqdan ağır şey olmayacaqdır».[58]

«Qiyamət günü mənə ən yaxın olanınız və ən sevimliniz gözəl əxlaqa yiyələniniz olacaqdır».[59]

Həzrət imam Әli (ə) buyurur:

«Sizin üçün gözəl əxlaqdan yaxşı heç bir şey yoxdur».[60]

Imam Həsən (ə) buyurur:

«Әn gözəl yaxşılıq, gözəl əxlaqdır».[61]

Imam Baqir (ə) buyurur:

«Sizin ən yaxşılarınız ən xoş rəftar olanlarınızdır; Belə şəxslər mülayimliklə bir-birlərinə xidmət edər, digərləri ilə ünsiyyət yaradar və digərləri də onlarla ülfət taparlar; bu insanların qapısı hamının üzünə açıq olar.»[62]

Bütün bunlar mə᾽sum imamlardan (ə) əxlaq barəsində nəql olunmuş rəvayətlərin yalnız bir neçəsidir. Qələm surəsinin 4-cü ayəsində Allah-taala Öz Peyğəmbərini (s) belə bir gözəl ifadələrlə vəsf edir:

«Doğrudan da sən böyük bir əxlaq sahibisən!»

Başqa bir ayədə Allahın mərhəməti sayəsində Peyğəmbərin (s) gözəl əxlaqa yiyələnməsi, insanların ona iman gətirməsinin əsas səbəbi kimi göstərilir:

«Ya Məhəmməd! Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Әgər qaba, sərt ürəkli olsaydın, əlbəttə onlar sənin ətrafından dağılıb gedərdilər...»[63]

Həzrət Peyğəmbərə (s) hamıdan yaxın olan və onu hamıdan daha yaxşı tanıyan Әmirəl-mö᾿minin Әli (ə) o həzrətin şəxsiyyəti haqda buyurur:

«O, hamıdan mehriban, bağışlayan, hövsələli, düzdanışan və əhdə vəfa edən idi. Hamı ilə gözəl rəftar edər və xoş ünsiyyətdə olardı. Onu ilk dəfə görənlər vəcdə gələr, əxlaq və rəftarına heyran olardı. Ünsiyyətdə olan şəxslər dərhal onu tanıyır və onu sevməyə başlayardılar. Ondan əvvəl və sonra onun kimi ikinci bir şəxs görmədim».[64]

Әli (ə) Peyğəmbərin (s) digər xüsusiyyətləri haqda deyərdi:

«Həzrət Peyğəmbər (s) bir yəhudiyə pul borclu idi. Günlərin bir günündə həmən şəxs həzrət Peyğəmbərin (s) yanına gəlib borcunun qaytarılmasını istədi. Həzrət Peyğəmbər (s) buyurdu:

«Hələlik sənin pulunu qaytara bilməyəcəyəm, bir qədər səbr et!»

Yəhudi dedi: Pulumu qaytarmayınca buradan heç bir yerə gedən deyiləm. Peyğəmbər (s) buyurdu:

«Elə isə mən də sənin yanında oturacağam».

Onlar səhərdən axşamadək bir yerdə oturdular və həzrət Peyğəmbər (s) namazlarını da elə oradaca qıldı. Səhabələr bu əhvalatdan narahat olub həmən şəxsə hədə-qorxu gələrək xəbərdarlıq etməyə başladılar. Peyğəmbər (s) üzünü onlara tutub buyurdu:

«Bu necə rəftardır onunla edirsiniz?»

Dedilər: Ya Rəsuləllah! (Bu nə işdir,) elə bil burada sizi həbs etmişdir. Buyurdu:

«Allah-taala məni başqalarına zülm etmək üçün peyğəmbərliyə göndərməmişdir».

Həmin günün səhəri zöhr namazı vaxtı həmən yəhudi məscidə gəldi və islamı qəbul edib müsəlman oldu.

Sonra üzünü Peyğəmbərə (s) tərəf tutub dedi: And olsun Allaha! Әgər Tövratda sənin barəndə deyilənləri oxumasaydım belə etməzdim. Orada sənin barəndə deyilir:

«Allahın peyğəmbəri Məhəmməd ibni Abdullahın doğulduğu yer Məkkə, hicrət edəcəyi yer isə Mədinədir. O nə tünd xasiyyətli və nə də əsəbidir. Başqaları ilə səmimiyyət və mehribanlıqla rəftar edər. Kimsəni nə söyər, nə də təhqir edər».

Mən də Allahın birliyinə və sənin peyğəmbərliyinə iman gətirib öz var-dövlətimi Allah yolunda sədəqə verirəm. Bunlar mənim var-dövlətimdir. Istədiyin kimi hökm verə bilərsən.

Rəvayəti nəql etməkdə əsas məqsəd, həm həzrət Peyğəmbərin (s) xüsusiyyətlərindən biri, həm də Әhzab surəsinin 21-ci ayəsi ilə tanışlıqdır. Orada deyilir:

«Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər [Allahdan, qiyamət günündən qorxanlar] və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!»

Bilməliyik ki, islam zühur etdikdən sonra həzrət Peyğəmbərin (s) vasitəsilə islamı qəbul edən şəxslərin əksəriyyəti məhz onunla ünsiyyətdə olduqdan və onun gözəl insani xüsusiyyətlərinin şahidi olduqdan sonra bu ilahi dini qəbul etmişlər.

ӘXLAQ VӘ GÖZӘL DAVRANIŞIN NӘTICӘLӘRI

Cəmiyyətdə gözəl əxlaq nümayiş etdirmək və insanlarla gözəl davranmaq bir çox müsbət nəticələr verir. Onlardan bə᾽ziləri o qədər aşkardır ki, əsla izaha heç bir ehtiyacı yoxdur.

Buna baxmayaraq həzrət Peyğəmbər (s) və mə᾽sum imamlardan (ə) nəql olunmuş rəvayətlərdən istifadə edərək onlardan bir neçəsi haqda söhbət açacağıq.

Peyğəmbər (s) buyurur:

«Gözəl əxlaq ruzinin artmasına səbəb olur».[65]

Imam Әli (ə) buyurur:

«Gözəl əxlaq ruzini artırır və dostları bir-birləri ilə munis edir».

Yə᾽ni, daim bir-birləri ilə səmimi ünsiyyətdə olmalarına səbəb olur.[66]

«Xoşxasiyyət şəxslərlə ünsiyyətdə olmaq istəyənlər və onları sevənlərin sayı çox olar».[67]

«Həqiqətən gözəl əxlaq və davranış ömrü uzun, şəhərləri isə abad edir».

«Günəş dərini qurutduğu kimi, gözəl rəftar da səhv və günahları qurudub aradan aparır. Sirkə balı xarab etdiyi kimi, kobud rəftar da əməlləri məhv edir».[68]

Göründüyü kimi Imamlar (ə) bir tərəfdən bizləri gözəl davranışa sövq edir, digər tərəfdən isə xoşagəlməz rəftar və davranışlardan çəkindirərək bunun nə ilə nəticələnəcəyini çatdırırlar.

Peyğəmbər (s) buyurur:

«Xoşa gəlməz davranış, bağışlanmaz bir günahdır».[69]

Imam Әli (ə) buyurur:

«Kobud rəftar ən pis xüsusiyyətdir».[70]

«Pis davranış həyatın acısı və sağlamlıq üçün bir təhlükədir).[71]

«Kobud rəftar səmimiyyət və mehribançılığı aradan aparır, insanı daim qorxu içində saxlayır».[72]

«Kobud rəftar yaxınları qorxudur, özgələrin nifrətinə səbəb olur».[73]

Peyğəmbər (s) buyurur:

«Bu iki xisləti mö᾽minlərdə görmək olmaz: Paxıllıq və kobud rəftar».[74]

DӘRSIN XÜLASӘSI

Cəmiyyətdə normal və sağlam ictimai əlaqələrin bərqərar olunması üçün hər bir şəxsin bir sıra müsbət xüsusiyyətlərə yiyələnməsi və mənfi xüsusiyyətlərdən çəkinməsi zəruri bir haldır. Gözəl əxlaq və davranış cəmiyyət üzvlərinin bir-birləri ilə səmimi ünsiyyətdə olmaları üçün ən başlıca amildir və hər bir şəxsin bu xüsusiyyətə malik olması sağlam cəmiyyət üçün böyük əhəmiyyət kəsb edir.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Islam alimləri əxlaqı necə tə᾽rif etmişlər?

2. Allah-taala Qur᾽ani-kərimdə Peyğəmbərin (s) gözəl əxlaqını necə vəsf edir?

3. Peyğəmbərin (s) əxlaqi davranışlardan birini nəql edin.

4. Gözəl davranışın qoyduğu tə᾽sirlərdən biri haqda danışın.

5 Peyğəmbər (s) kobud rəftar haqda nə buyurmuşdur?

YEDDINCI DӘRS

TӘVAZÖKARLIQ

Gözəl əxlaqa malik olduqdan sonra yaşadığı cəmiyyətdə hər bir şəxsə zəruri olan xüsusiyyətlərdən biri də təvazökarlıqdır. Allah-taala əməli-saleh insanların məziyyətlərini sadalayarkən təvazökarlığı ən mühüm xüsusiyyətlərdən biri kimi göstərir.

Furqan surəsinin 63-cü ayəsində buyurulur:

«Rəhmanın [əsil] bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları [xoşlarına gəlməyən bir söz dedikləri] zaman onlarla gözəl, yumuşaq danışarlar».

Göründüyü kimi, ayədə göstərilən təvazökarlıq hər bir əməli-saleh insanın yol getdiyi zaman özündən büruzə verdiyi ən başlıca xüsusiyyətdir. Çünki, insan yol gedərkən özündən asılı olmayaraq batini xüsusiyyətlərini nümayiş etdirir. Belə ki, hər bir təvazökar və ya təkəbbürlü insanı onun rəftarından, yol getməyindən və ya oturub-durmasından tanımaq olar.

Bu səbəbdən də Әli (ə) təvazökarlığı pəhrizkar və əməli-saleh insanların səciyyəvi xüsusiyyəti kimi qiymətləndirib buyurur:

«Pəhrizkarlar təvazökarlıqla yol gedərlər».

Başqa bir ayədə Allah-taala mö᾽minlərə dindən çıxdıqları və ya uzaq düşdükləri təqdirdə onları başqa bir qövm ilə əvəz edəcəyi haqda xəbərdarlıq edib buyurur:

«Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, [bil ki] Allah [onun yerinə] elə bir tayf gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar mö᾽minlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar...»[75]

Peyğəmbər (s) təvazökarlığı insanın vüqar və baş ucalığı hesab etmişdir:

«Həqiqətən təvazökarlıq insana baş ucalığı və yüksək məqam nəsib edir. Elə isə təvazökar olun ki, Allah-taala sizləri başı uca və vüqarlı etsin».[76]

Başqa bir yerdə buyurulur:

«Hər kəs Allaha xatir təvazökarlıq etsə, Allah-taala onu vüqarlı edər; həmən şəxs özünü nə qədər zəif hesab edərsə, camaatın nəzərində bir o qədər ucalar və hamının rəğbətini qazanmış olar».[77]

Imam Sadiq (ə) buyurur:



Geri   İrəli
Go to TOP