A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 1 (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 144
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Hucurat surəsinin 12-ci ayəsində deyilir:

«Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bə᾽zisi [heç bir əsası olmayan zənn] günahdır. [Bir-birinizin eybini, sirrini] arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın!...»

Göründüyü kimi Allah-taala bə᾽zi zənn və gümanların günah olduğunu bildirir. Bu da ondan irəli gəlir ki, bə᾽zən həqiqət bizim güman etdiyimiz kimi olur. Belə olduqda təbii ki, zənn və gümanlarımız günah və batil olmayacaqdır. Lakin zənn və gümanlarımızın bir qismi həqiqətlə müvafiq olmadığı üçün günah və yolverilməzdir.

Әgər başqaları haqda pis fikirləşmək istəməsək, gərək onların şəxsi işlərinə qarışıb adət və xüsusiyyətləri ilə yaxından maraqlanmayaq. Başqalarının şəxsi həyatına dəxalət etmək isə qeyri-əxlaqi iş olmaqla yanaşı, haram və günah da sayılır. Haqqında söhbət açdığımız ayədə də bu məsələyə toxunulur.

Digər tərəfdən isə başqalarının şəxsi məsələləri ilə maraqlanmaq qeybət xarakteri daşıyır. Çünki, insanların xüsusiyyətləri ilə tanışlıq hər şeydən əvvəl onlarla söhbət və ünsiyyətdə olmaqla əldə olunur. Bu səbəbdən də sui-zənn və bədgümanlıq böyük günah olmaqla yanaşı, digər günahların yaranmasına da səbəb olur. Mö᾽minlər belə bir böyük günaha mürtəkib olmasınlar deyə, Allah-taala bir-birlərinə qarşı zənn və gümana qapılmalarını qadağan edir. Nəql olunmuş rəvayətlərdə sui-zənn və bədgümanlıqdan yaxa qurtarmaq üçün mö᾽minlərin bir-birlərinə qarşı müsbət fikirdə olmalarına və biri digərinin səhvinə göz yumub güzəştə getmələrinə tövsiyə olunmuşdur.

Әli (ə) bu haqda buyurur:

Mö᾽min qardaşınızın bütün işlərini əlinizdə əsaslı dəlil olmayınca, qiymətləndirməyə bacarın. Onlardan eşitdiklərinizi müsbət mə᾽nalandıra bilirsinizsə, zənn və gümana qapılmayın.[383]

BӘDGÜMANLIĞIN VERDIYI NӘTICӘLӘR

Mə᾽sum imamlardan nəql olunmuş hədis və rəvayətlərdə sui zənn və bədgümanlığın verdiyi nəticələr belə izah olunur:

1. Әli (ə) buyurur:

Başqaları haqda pis təsəvvürə malik olan şəxslər daim qorxu və hürkü içində yaşayar.[384]

Yə᾽ni, bədbin insan hamıda eyb və nöqsan axtardığı üçün kimsəyə e᾽timad etməyib daim qorxu və hürkü içində yaşayar. Qəlbi sarsıntı onu rahat buraxmayıb hamıdan ehtiyat etməyə vadar edər. Bu da onların hamıdan uzaq düşüb tək həyat sürmələrinə gətirib çıxarar.

2. Başqa bir hədisdə buyurur:

Bədbinlik insanın əməllərini korlayır və onları pisliklərə vadar edir.[385]

Camaatın e᾽timadını qazanmaq düzgünlük və doğruluğun ən başlıca amillərindəndir. Belə ki, hər bir şəxs başqalarının onun düzgünlüyündən razı qalıb e᾽timad etmələrini istəyir. Insanlar bir-birlərinə qarşı bədbin olduqda isə qarşılıqlı e᾽timad öz mə᾿nasını itirəcək və artıq kimsə düzgünlük naminə zəhmətə qatlaşmayacaqdır. Nəticədə Әli (ə) buyurduğu kimi, həyat öz axarından çıxacaq və ictimai asayiş pozulacaqdır.

3. Әli (ə) başqa bir hədisdə bədbinliyi təfriqə və ixtilafların yaranmasına səbəb olan ən başlıca amil hesab edir:

Bədbinliyə düçar olan şəxslər öz dostları arasında mehribançılıq və səmimiyyəti aradan aparmış olur.[386]

4. Sui-zənnin isə ibadəti aradan aparmasını vurğulayır:

«Sui-zəndən uzaq olmağa çalışın! Çünki, sui zənn ibadəti aradan aparmaqla yanaşı, günahları da böyüdür.[387]

Sui-zənn (bədbinlik) mö᾽minlər üçün xoşagəlməz xüsusiyyət olduğu kimi, hüsni-zənn də (nikbinlik, başqaları haqda xoş təəssüratda olmaq) mö᾽minlər üçün gözəl xüsusiyyət hesab olunur. Mə᾽sum imamlardan nəql olunmuş rəvayətlərdə mö᾽minlərin bu gözəl xüsusiyyətə sövq olunduqlarının şahidi oluruq.

Әli (ə) buyurur:

Hüsni-zənn ən gözəl xüsusiyyət və insanın əldə etdiyi gözəl bəhrədir.[388]

Hüsni-zənn dinin qorunmasına və qəlbi rahatlığa səbəb olur.[389]

Hüsni-zənn nigarançlığı azaldır və günah sarsıntısına son qoyur.

Hüsni-zənn edənlər camaatın məhəbbətini qazanmış olarlar.[390]

Imam Sadiq (ə) buyurur:

Hüsni-zənn insanın gözəl əxlaq və saf imanından irəli gəlir.[391]

Peyğəmbər (s) buyurur:

Mö᾽min qardaşlarınız haqda daim yaxşı fikirdə olun. Beləliklə siz mə᾿nəvi saflığa və gözəl təbiətə nail olarsınız.[392]

Bədbinlik nikbinliklə əvəz olduqda qəlblərdən kin-küdurət gedir və insanda hamıya qarşı sevgi, məhəbbət və qardaşlıq hissi yaranır.

Bu səbəbdən də mö᾽minlərin bir-birlərinə qarşı müsbət fikirdə olmaları [aralarında dostluq və səmimiyyətin bərqərar olunması üçün] ən başlıca me᾽yar hesab olunur. Lakin bunu da bilməliyik ki, hər şeydə oluduğu kimi, hüsni-zənnin də müəyyən həddi-hüdudu vardır. Bu həddi keçdikdə heç də müsbət xüsusiyyət hesab olunmur.

Bunun üçün də hər şeydən əvvəl nə zaman bədbin və nə zaman nikbin olmağımızı bilməliyik.

Mə᾽sum imamlardan nəql olunmuş rəvayətlərdə bunun üçün ən başlıca şərt cəmiyyətdə haqq-ədalətin bərqərar olunması, zülm, fitnə-fəsadın aradan götürülməsi və insanlar arasında sülh və əmin-amanlığın bərpa olunması hesab olunur. Belə ki, əgər cəmiyyətdə haqq-ədalət zülm və ədalətsizliyə, sülh və əmin amanlıq ixtilaf və qarşıdurmalara qalib gələrsə hüsni-zənn öz yerini tapacaqdır. Әksinə, zülm və pozğunluq baş alıb gedərsə, əməli-saleh insanları tanımaq bir o qədər də asan olmayacaqdır. Belə bir şəraitdə ictimai münasibətlər də müsbət bir xüsusiyyət kimi öz yerini tapa bilməyəcəkdir.

Әli (ə) bu məsələyə işarə edərək buyurur:

Düzgünlük insanlar və zəmanəyə hakim olduğu zaman günahı olmadığı bir şəxs başqa birisinə qarşı bədbin olarsa, sanki ona zülm etmiş olur. Zülm və ədalətsizlik baş alıb getdikdə isə biri başqasına qarşı yaxşı fikirdə olarsa, özünü aldanmış hesab etsin».[393]

Imam Kazim (ə) buyurur:

Zülm və ədalətsizlik haqq-ədalətə qalib gəldiyi zaman yaxşı insan olduğunu bilmədən biri digəri barədə yaxşı fikirdə olmamalıdır [hüsni-zənn etməməlidir].[394]

Imam Hadi (ə) buyurur:

Haqq-ədalət öz yerini tapdığı zaman kimliyini tanımadan kimsə digərinə qarşı bədbin olmamalıdır. Zaman dəyişib, zülm və ədalətsizlik haqq-ədalətə hakim olduqda isə şəxsin əməli-saleh bir insan olduğunu bilmədikdə kimsəyə hüsni-zənn olunmamalıdır.[395]

E᾽timad və hüsni-zənnə lazım olan şərtlərdən biri də tərəf müqabilinin xəyanətə yol verməməsidir. Belə ki, həmin şəxs xəyanət etdikdə öz e᾽tibarını itirmiş olur və belə bir şəraitdə e᾽timad və hüsni-zənn olunmamalıdır.

Imam Sadiq (ə) bu haqda buyurur:

Sizə xəyanət edən şəxslərə e᾽timad etməməli, əmin olduğunuz (güvəndiyiniz) şəxslərə də töhmət vurmamalısınız.[396]

DӘRSIN XÜLASӘSI

Töhmət — hər hansı bir şəxsə eyb və günahı olmadan müəyyən bir mənfi xüsusiyyəti aid etməyə və heç bir əsası olmadan günahlandırmağa deyilir. Islam dini bunun haram və böyük günahlardan olduğunu bildirərək müsəlmanların bu mənfi xüsusiyyətdən uzaq olmalarını tövsiyə edir. Mö᾽minlər ictimai münasibətlərdə bir-birlərinə töhmət vurub bədbin olmamalıdırlar (sui-zənn etməməlidirlər). Bu mənfi xüsusiyyəti kənara qoymaqla mö᾽minlər bir-birləri ilə səmimi münasibətlər bərqərar edə bilərlər. Cəmiyyətə zülm və ədalətsizlik hakim olduqda isə, e᾽tibarı sübut olunmadan başqalarına hüsni-zənn etmək olduqca yanlış fikirdir.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Qur᾽an ayələrindən və nəql olunmuş rəvayətlərdən istifadə edərək «töhmət»in tə᾽rifini deyin.

2. Töhmətin növlərini sayın.

3. Başqaları haqda müsbət fikirdə olmaq deyildikdə nə nəzərdə tutulur?

4. Sui- zənnin verdiyi mənfi nəticələri bəyan edin.

5. Hər bir şəraitdə hamı haqqında hüsni-zənn edə bilərikmi?

IYIRMI YEDDINCI DӘRS

MӘSXӘRӘ VӘ XӘBӘRÇILIK

Ictimai münasibətlərə xələl gətirən mənfi və olduqca xoşagəlməz xüsusiyyətlərdən biri də xəbərçilikdir. Bu ruhi xəstəliyin qoyduğu mənfi tə᾽sirlərdən biri də insanların bir-birlərinə qarşı e᾽timadsızlığı, kin-küdurət, ədavət və sairə xoşagəlməz hallardır. Xəbərçilik ixtilafların yaranmasına səbəb olan ən başlıca amillərdən biri olduğu üçün Qur᾽anda və nəql olunmuş rəvayətlərdə bu mətləbə dəfələrlə işarə olunmuş və o, böyük günahlardan biri kimi göstərilmişdir.

Xəbərçiliyin tə᾽rifində deyilir: Hər hansı bir şəxs barədə danışılan zaman dinləyicinin deyilənləri olduğu kimi həmin şəxsin özünə çatdırmasına xəbərçilik deyilir. Məsələn, «filan şəxs sənin barəndə belə fikirdədir» — demiş olsun. Bunu da qeyd edək ki, həmin şəxs barədə yalnız mənfi təəssürat yarada bilən sözlər xəbərçiliyə çevrilə bilər. Mə᾿lumdur ki, hər hansı bir şəxsi tə᾽riflədikdə kin-küdurətə səbəb olacaq heç bir yaranmır. Görkəmli islam alimlərindən olan Şəhid Sani xəbərçilik haqda deyir: Xəbərçilik o sirlərin açılmasına deyilir ki, deyən və ya nəzərdə tutulan şəxsi sarsıtmış olsun. Bu tə᾽rifə əsasən sirrin açılması istər ifadə, istər yazı, istərsə də işarələrlə olsun, xəbərçilik xüsusiyyəti daşıyır. Mö᾽minlər, qohum-əqrəba və dostlar arasında ixtilaf və ədavətin salınması qətiyyətlə pislənir və bu iş böyük günahlardan sayılır:

«...Fitnə, qətldən daha şiddətlidir...»[397]

«...Fitnə salmaq vuruşmaqdan daha betərdir...»[398]

Fitnə-fəsada və düşmənçiliyə səbəb olan xəbərçilik haqda deyilir:

«[Dalda] qeybət edib [üzdə] tə᾽nə vuran hər kəsin vay halına!»[399]

«Və həm də itaət etmə [yalan yerə] hər and içənə, alçağa.

Yalandan çox-çox and içənlərə, eyb axtaran və sözgəzdirənlərə itaət etmə.»[400]

Peyğəmbər (s) səhabələrə xitab edərək buyurur:

Sizin içərinizdə olan ən pis şəxsləri özünüzə tanıtdırımmı?

Dedilər: Bəli, ya Rəsuləllah!

Buyurdu:

O kəsdir ki, daim əməli-saleh insanların eyb və çatışmazlıqlarını axtarar və dostlar arasında təfriqə yaratmaq istəyər.[401]

Başqa bir hədisdə deyilir:

Allahın daha çox nifrət etdiyi şəxs o kəsdir ki, əməli-saleh insanların eyb və çatışmazlıqlarını axtarar və xəbərçilik etməklə dostlar arasında təfriqə yaratmaq istəyər.[402]

Әli (ə) buyurur:

Xəbərçilikdən uzaq olun. Çünki xəbərçilik düşmənçiliyə, insanın Allahdan və camaatdan uzaq düşməsinə səbəb olur.[403]

Peyğəmbər (s) xəbərçiliyin müsəlmana yaraşmayan bir xüsusiyyət olması haqda buyurur:

Xəbərçilik və düşmənçilik [Cəhənnəm] odundadır. Bu iki şey müsəlmanın qəlbində özünə yer tapmaz.[404]

Xəbərçilik və düşmənçilik Cəhənnəm odundadır - dedikdə, Peyğəmbər (s) Cəhənnəm əhlini nəzərdə tutur və belə bir xüsusiyyətə malik olan şəxsləri müsəlmançılıqdan xaric edir.

Başqa bir hədisdə buyurur:

Xəbərçilər Cənnətə daxil olmazlar.[405]

XӘBӘRÇILӘRLӘ RӘFTAR VӘ DAVRANIŞ

Xəbərçilər müsəlmanlar arasında təfriqə salıb öz çirkin niyyətlərinə nail olmasınlar deyə, Şəhid Sani Qur᾽an və nəql olunmuş rəvayətlərə istinad edərək, onların dediklərini dinləyən şəxslərin üzərinə altı vəzifənin düşdüyünü qeyd edir:

1. Hər şeydən əvvəl sözlərinə e᾿tina etməyib onları qəbul etməməli. Hucurat surəsinin 6-cı ayəsində onlar haqda deyilir:

«...Әgər bir fasiq sizə pis bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın...»

2. Xəbərçilik etməkdən çəkindirib onlara nəsihət etməli. Loğman surəsinin 17-ci ayəsində bu mətləbə işarə olunaraq buyurulur:

«...Yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə...»

3. Onlarla, dedikləri sözlərə görə şəxsi qərəzlə deyil, Allaha xatir düşmənçilik etməli; Çünki, Allahın dostları ilə dostluq, düşmənləri ilə düşmənçilik etmək lazımdır.

4. Dediklərini eşidərkən dərhal müsəlman qardaşına qarşı pis fikrə düşməməlidir. Hucurat surəsinin 12-ci ayəsində bu haqda deyilir:

«...Çox zənn və gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bə᾽zisi [heç bir əsası olmayan zənn] günahdır...»

5. Xəbərçinin söylədiklərindən maraqlanıb başqalarının şəxsi həyatına dəxalət etməməlidir. Həmin ayədə deyilir:

«...[Bir-birinizin eyb və sirrini] arayıb axtarmayın...»

6. Həmin şəxs özü də xəbərçilik etməsin deyə, eşitdiklərinə razı olub başqalarına danışmamalıdır.

Bu barədə nəql olunmuş rəvayətlərdən birində deyilir:

Uzun illər ayrılıqdan sonra böyük alimlərdən birinin dostu onun görüşünə gəlir. Dostu söhbət əsnasında başqa birisinin alim barədə dediklərini ona nəql edir. Alim eşitdiklərindən çox narahat olub deyir: Neçə ildən sonra mənim görüşümə üç böyük günahlamı gəldin?! Әvvəla ona görə ki, məni o şəxsə qarşı bədbin edib aramızda düşmənçilik yaratdın. Ikincisi ona görə ki, bir qədər əvvəl çox rahat idim, indi isə eşitdiklərimdən kədərlənib nigarançılıq çəkməyə başladım və nəhayət üçüncü ona görə ki, başqasının haqqını tapdadığın üçün mənim nəzərimdə öz e᾽timadını itirmiş oldun.

Bu səbəbdən də xəbərçilərlə qarşı-qarşıya gəldikdə hər şeydən əvvəl onların dedikləri təkzib olunmalı və onlara qarşı olduqca e᾽tinasız yanaşmaq lazımdır.

Unutmamalıyıq ki, əgər xəbərçi başqalarının dediklərini bizə çatdırırsa, sözsüz ki, bizim də dediklərimizi başqalarına çatdırmaqda heç nədən çəkinməyəcəkdir. Bunun üçün də onlara e᾽timad etməməli və dedikləri təkzib olunmalıdır ki, əvvəla onlar gördükləri işdən peşiman olub bir daha təkrar etməsinlər. Digər tərəfdən də xəbərçilərin çirkin niyyətləri müsəlmanlar arasında dostluq və qardaşlığın aradan getməsinə səbəb olmasın.

Imam Musa Kazim (ə)-ın səhabələrindən olan Məhəmməd ibni Fəzl deyir: Imam Musa Kazim (ə)-dan soruşdum: E᾽timad etdiyim şəxslərdən yaxın dostlarım barədə xoşagəlməz şeylər eşidirəm. Lakin o, deyilənləri təkzib edir. Imam (ə) cavabında buyurdu: Ey Məhəmməd! Özü inkar etdiyi zaman əlli nəfər şəhadət versə belə, müsəlman qardaşın [mənfi xüsusiyyətləri] barədə deyilənlərə göz yum. Әlli nəfərin dediklərini təkzib, müsəlman qardaşının dediklərini isə təsdiq et. Şəxsiyyətinə xələl gəlməsin deyə, eşitdiklərini kimsəyə söyləmə. Yoxsa bu ayənin aşkar nümunəsnə çevrilərsən:

«Mö᾽minlər arasında [onları nüfuzdan, hörmətdən salmaq məqsədilə] pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir...»[406]

Tarixə nəzər saldıqda Mə᾽sum imamların xəbərçilərlə kəskin şəkildə davrandıqlarının şahidi oluruq.

Belə ki, bir şəxs Әli (ə)-ın hüzurunda başqa birisi barədə xoşagəlməz sözlər dedikdə, o həzrət dərhal onun sözünü kəsərək buyurdu:

Bil ki, sənin dediklərini yaxşıca araşdıracağıq. Düz demiş olsan (xəbərçilik etdiyin üçün) düşmən olduğun üçün, yalan olduqda isə (başqaları barədə xoşagəlməz sözlər dediyin üçün) cəzalandıracağıq. Әgər bağışlanmağını istəsən, səni bağışlayarıq. Həmin şəxs gördüyü işdən peşiman olub üzr istəyir.[407]

MӘSXӘRӘ

Məsxərə və ya istehza — kimlərinsə əxlaqi və cismi xüsusiyyətlərinə gülmək və ya güldürmək məqsədilə qeyri-adi tərzdə bəyan və ya təqlid olunmasına deyilir.

Mö᾽minlərin şəxsiyyət və mə᾽nəviyyatına xələl gəlməsinə və onların təhqir olunmasına səbəb olduğu üçün islam dinində kiminsə məsxərə və ya istehza olunması qətiyyətlə pislənilir. Qur᾽ani-Kərimdə mö᾽minlərə e᾽tinasız yanaşanlar və onları xar və rüsvay etmək istəyən şəxslər haqda deyilir:

«...Şərəf-şan da, qüvvət və qələbə də yalnız Allaha, Onun Peyğəmbərinə və mö᾽minlərə məxsusdur...»[408]

Başqa bir ayədə deyilir:

«Iman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır».[409]

Peyğəmbər (s) buyurur:

Allah-taala buyurur: And olsun Öz izzəti-cəlalıma! Elə bir məxluq yaratmadım ki, onu mö᾽min bəndələrimdən çox sevmiş olum.[410]

Cabir ibni Abdullah deyir: Bir gün Peyğəmbər (s) Kə᾽bəyə nəzər salıb buyurdu:

Mərhaba sənə ey Kə᾽bə! Allah yanında nə qədər hörmətin var. And içirəm ki, Allah yanında mö᾽minlərin hörməti səndən çoxdur. Çünki, Allah-taala səni bir, mö᾽minləri isə üç şeyə görə hörmət sahibi etmişdir. Onların malı, canı və haqlarında kimsəyə bədbin olmaq halal edilməmişdir.[411]

Imam Baqir (ə) buyurur:

Mö᾽minlərin hörməti Kə᾽bədən daha çoxdur.[412]

Allah-taala mö᾽minlər üçün olduqca böyük hörmət və ehtiram müəyyən etmişdir. Imam Sadiq (ə) bu haqda buyurur: Allah-taala buyurur:

Mö᾽min bəndəmi xar və rüsvay edən kəslər Mənimlə müharibəyə hazır olsunlar. Mö᾽min bəndələrimi əziz tutan kəslər isə özlərini qəzəbimdən amanda qalacaqlarına əmin olsunlar.[413]

Məsxərə və istehza mö᾽minlərin mə᾽nəviyyatına böyük zərbə vurduğu üçün Qur᾽an və nəql olunmuş hədis və rəvayətlərdə bu xoşagəlməz xüsusiyyətin tərk olunmasına qətiyyətlə tə᾽kid olunur.

Hucurat surəsinin 11-ci ayəsində deyilir:

«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyanlardan [Allah yanında] daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd etməsinlər. Bəlkə, rişxənd olunanlar rişxənd edənlərdən daha yaxşıdırlar...»

Başqa bir ayədə mö᾽minlərin məsxərə olunması münafiqlərə xas olan xüsusiyyətlərdən biri kimi göstərilir:

«Onlar mö᾽minlərlə qarşılaşdıqları zaman: Biz də [sizin kimi] iman gətirdik, — deyirlər. Halbuki öz şeytanları ilə [onları aldadan dostları ilə] təkbətək qalanda: Biz də sizinləyik, biz ancaq [mö᾽minlərə] istehza edirik, — deyirlər».[414]

Tövbə surəsinin 79-cu ayəsində isə mö᾽minləri istehza edən kəslərə kəskin cavab verilərək axirət günü böyük əzaba düçar olacaqlarına xəbərdarlıq edilir:

«Könüllü surətdə [bollu] sədəqə verən mö᾽minlərə tə᾽nə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!»

DӘRSIN XÜLASӘSI

Başqalarında eyb və nöqsan axtarmaq, xəbərçilik, mö᾽minlər arasında təfriqə salmaq və onların sirlərini aşkara çıxarmaq islam nöqteyi-nəzərindən olduqca mənfi və xoşagəlməz xüsusiyyətlərdəndir. Hər bir müsəlman bu kimi xüsusiyyətlərdən uzaq olmaqla yanaşı, başqalarının öz müsəlman qardaşının barəsində pis fikirdə olmalarına yol verməməlidir.

Mö᾽minlərin mə᾽nəviyyatına xələl gətirdiyi üçün onların məsxərə və istehza olunması da islam nöqteyi nəzərindən haram və yol verilməzdir.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Xəbərçiliyin qadağan olunmasına əsas səbəb nədir?

2. Xəbərçilərin müqabilində üzərimizə hansı vəzifələr düşür?

3. Imam Musa Kazim (ə) mö᾽minlərin şəxsiyyətlərinin qorunması haqda nə buyurur?

4. Məsxərə və istehza nə kimi mənfi nəticələr verir?

IYIRMI SӘKKIZINCI DӘRS

HӘSӘD

Mənfi xüsusiyyətlərdən və böyük günahlardan biri də «həsəd»dir. Ictimai münasibətlərdə insanlar arasında kin-küdurət və ədavətin yaranmasına səbəb olan amillərdən biri də məhz həsəddir. Qur᾽ani-Kərimdə Adəm (ə)-ın yaradılışından söhbət açılarkən yer üzərində baş verən ilk günahın həsəd üzündən baş verdiyinə işarə olunur. Məhz bu xislət Iblisin cənnətdən qovulmasına və tarixdə ilk dəfə yer üzərində qan tökülməsinə səbəb olur. O gündən e᾽tibarən bu Şeytani xislət qəlblərdə özünə yer etmiş və minlərlə haqsız insanın qanının tökülməsinə, kin-küdurətin yaranmasına səbəb olmuşdur.

HӘSӘDIN TӘ᾽RIFI VӘ NÖVLӘRI

Həsəd – hər hansı bir şəxsin başqa birisinin malik olduğu ilahi ne᾽mətlərdən (istər maddi olsun, istərsə də mə᾽nəvi) məhrum olmasını arzu etməsinə deyilir. Belə şəxslər bə᾽zən bu yolda əzab-əziyyətə qatlaşmağa belə hazır olarlar.

HӘSӘDIN NÖVLӘRI

1. Özündə olmasını arzu etməsə belə, başqasının hər hansı bir ne᾽mətdən məhrum olmasını istəyər;

2. Başqa birisinin malik olduğu hər hansı bir şeydən məhrum olmasını arzu etməklə yanaşı, özünün də həmin şeyə malik olmasını istəyər;

3. Həmin şeyin özündə olmasını istəməsə də, ona oxşarına malik olmasını arzu edər. Әldə etmədikdə isə başqalarının həmin şeydən məhrum olmasını istəyər;

4. Başqalarının malik olduqları şeylərin oxşarını özündə də olmasını arzu edər və eyni zamanda onların da malik olduğu şeylərdən məhrum olmalarını istəməz.

Yuxarıda qeyd olunan dörd xüsusiyyətdən üçü mənfi, sonuncu xüsusiyyət isə müsbətdir və buna «qibtə» deyilir. Qibtə nəinki mənfi xüsusiyyət deyil, əksinə insanın əxlaq və mə᾽nəviyyatının təkamülünə də səbəb olur. Bə᾿zən insan başqalarına qibtə etməklə onların malik olduqları şeyləri əldə etmək üçün zəhmətə qatlaşmalı olur və bununla yanaşı başqalarının da zərər çəkmələrini arzu etmir.

Imam Sadiq (ə) bu haqda buyurur:

Mö᾽minlər qibtə edər, lakin həsəd aparmazlar, münafiqlər isə həsəd aparar, lakin qibtə etməzlər.[415]

QUR᾽ANIN HӘSӘDӘ OLAN BAXIŞI

Allah-taala Peyğəmbərə (s) xitab edərək həsədin Şeytani vəsvəsələrlə eyni olduğunu bildirir:

1. «[Ya Peyğəmbər!] De ki: Pənah aparıram sübhün Rəbbinə!

2. Yaratdıqlarının [insanların, cinlərin, vəhşi heyvanların] şərindən;

3. Zülmətə bürünməkdə olan gecənin [və ya batan ayın, ziyası sönən ulduzların] şərindən;

4. [Ovsun oxuyub] düyünlərə üfürən [yaxud cadu edib iplərə düyün vuran] qadınların şərindən;

5. Və bir də paxılın şərindən!»[416]

Başqa bir ayədə Allah-taala mö᾽minlərə, başqalarına verilənləri arzu etmələrini tövsiyə edir. Çünki, hər bir insanın nəsibi vardır:

«Allahın [maddi, yaxud mə᾽nəvi cəhətdən] birinizi digərinizdən üstün tutduğu [birinizə digərinizdən artıq vediyi] şeyi [özünüzə] arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. [Dilədiyiniz şeyi] Allahın lütf və mərhəmətindən istəyin! Şübhəsiz ki, Allah hər şeyi olduğu kimi biləndir».[417]

Digər iki ayədə Allah-taala Peyğəmbərə (s) başqalarına verdiyi ne᾽mətləri istəməsini əmr edir:

«Mən səni [peyğəmbər] seçdim. Sənə vəhy olunanı dinlə!»[418]

Başqa bir ayədə kitab əhlinin müsəlmanların küfr etmələri üçün göstərdikləri sə᾿ylərə və islamı qəbul etdikləri üçün onlara həsəd etmələrinə işarə olunur:

«[Ey mö᾽minlər!] Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd [paxıllıq] üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər...»[419]

NӘQL OLUNMUŞ RӘVAYӘTLӘRDӘ HӘSӘD VӘ HӘSӘD EDӘN ŞӘXSLӘR HAQDA

Peyğəmbər (s)-dan nəql olunur ki, Allah-taala Musa (ə)-a xitab edərək buyurur:

Ey Imran oğlu! Camaata verdiklərimə göz dikib həsəd aparma və nəfsini [gördüklərinə] tabe etmə. Çünki, həsəd aparan şəxslər verdiyim ne᾽mətlərdən narazı qalıb bəndələrim arasında böldüyüm ne᾽mətləri əldə etmək istəyər.[420]

Peyğəmbər (s) səhabələrə müraciət edərək buyurur:

«Allahın ne᾽mətlərinə təcavüz etməyin»

Səhabələr soruşdu:

«Ya Rəsuləllah, kimlər Allahın ne᾽mətlərinə təcavüz edərlər?

Buyurdu:

Başqalarına həsəd aparan kəslər.[421]

Әli (ə) buyurur:

Həsəd sağalmayan bir xəstəlikdir.[422]

Həsəd ruhun zindanıdır.[423]

Həsəd xəstəliklərin ən ağırıdır.[424]

Həsəd pisliklərin mənbəyidir.[425]

Həsədin verdiyi səmərə dünya və axirət bədbəxtçiliyidir.[426]

Həsədi tərk edənlər insanların ən sevimlisidir.[427]

Həsəd aparan şəxslərə gəldikdə isə, Әli (ə) buyurur:

Həsəd aparan şəxslər bol-bol həsrət çəkər və neçə bərabərində günaha düçar olarlar.[428]

Həsəd aparan şəxslər heç vaxt faydalanmazlar.[429]



Geri   İrəli
Go to TOP