A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 1 (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 144
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


5. Әmanət hansı şeylərə şamil olunur?

IYIRMI IKINCI DӘRS

DOST VӘ YOLDAŞ

Hər bir insan yaşadığı cəmiyyətdə təbii olaraq, kimlərləsə dostluq edir, gediş-gəliş əlaqələri yaradır və səmimi münasibətlər bərqərar edir. O, əlaqə yaratdığı şəxslərlə fikir mübadiləsi edir, qarşılaşdığı çətinliklərdə onlarla məsləhətləşir, özünün və onların ehtiyaclarının aradan qaldırılmasında müxtəlif tədbirlərə əl atır. Nəhayət onlara lazımı köməklik göstərir.

Islam dininin dostluq əlaqələrinin bərqərar olunmasına və dostlar arasında səmimiyyətin güclənməsinə böyük əhəmiyyət vediyi haqda əvvəlki dərslərimizdə söhbət açdıq. Qur᾽ani-Kərimin bir çox ayələrində və Әhli-beyt (ə)-dan nəql olunmuş hədis və rəvayətlərdə dəfələrlə bu mətləbə toxunulmuş və bu haqda dəyərli məsləhətlər verilmişdir.

Әli (ə) bu haqda buyurur:

Dostu, sirdaşı olmayan kəslər heç nə əldə etməmişlər.[323]

«Dostlar müxtəlif bədənlərdə vahid ruhdurlar».[324]

Lakin islam, dostluğa ləyaqəti olmayan şəxslərlə dostluq etməyi məsləhət görmür. Yaxın dost insana yaxın qohumlardan daha yaxın olduqda təbii ki, ona başqalarından daha çox tə᾽sir göstərəcəkdir.

Peyğəmbər (s) buyurur:

Insan, dostunun dinində olur. Elə isə kiminlə dostluq etdiyinizə diqqət yetirin. Yə᾽ni, insan dostluq etdiyi şəxsin tə᾽siri altına düşür. Bə᾽zən onun müsbət xüsusiyyətlərindən bəhrələnir, bə᾽zən də mənfi xüsusiyyətlərindən zərər çəkir.[325]

Insanları dostluq etdiyi şəxslərlə tanıyın. Çünki hər bir şəxs xoşuna gəldiyi kəslərlə dostluq edər.[326]

Әli (ə) buyurur:

Hər bir adam öz səviyyəsində olan şəxslərə doğru meyl edir».[327]

Әli (ə) buyurur:

Yaxşı insanlarla yalnız özləri kimi əməli-saleh şəxslər, fasiq və nadanlarla da günahdan çəkinməyən kəslər dostluq edər.[328]

Nəql olunmuş rəvayətlərin məzmunundan belə bir nəticəyə gəlmək olur ki, hər bir insan özünə dost və yoldaş seçdiyi zaman hər şeydən əvvəl onun kimliyinə və xüsusiyyətlərinə diqqət yetirməlidir.

Bu dərsimizdə Qur᾽an ayələrindən və Mə᾽sum imamlardan (ə) nəql olunmuş rəvayətlərdən istifadə edərək dostluğa seçilən şəxslərin ən başlıca xüsusiyyətləri haqda söhbət açacağıq.

Növbəti dərsimizdə isə kimlərin dostluğa layiq olmadıqları haqda danışacağıq.

Allah-taala Qur᾽ani-Kərimdə iki yerdə daim Onu yad edən kəslərlə dostluq etməyi tövsiyə edir:

«[Ya Rəsulum!] Rəbbinin camalını diləyərək səhər-axşam Ona dua edənləri yanından qovma...»[329]

«Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbrli apar [nəfsini qoru]...»[330]

2. Peyğəmbər (s) alicənab şəxslərlə dostluq etməyi tövsiyə edərək buyurur:

Insanların ən xoşbəxti o kəsdir ki, alicənab şəxslərlə əlaqə saxlamış olsun.[331]

3. Başqa bir hədisdə Peyğəmbər (s) təqvalı və pəhrizkar insanlarla yoldaşlıq etməyi tövsiyə edir:

«O kəslərlə dostluq edin ki, onları görməklə Allahı yada salasınız və onların söylədikləri şeylər və gördükləri hər bir iş sizlərə axirəti xatırlatsın».[332]

4. Imam Həsən Әskəri (ə) imam Səccad (ə)-dan nəql etdiyi hədisdə insanların tanınması üçün lazım olan me᾽yarları ətraflı izah edir. Insanların xüsusiyyətlərini tanımaq üçün bu me᾽yarlar olduqca lazım və faydalıdır.

Imam Zeynəlabidin (ə) buyurur:

Insanların zahiri davranışlarında təvazökarlıq, zahidlərə xas olan davranış gördükdə onlara məftun olmayın. Çünki, insanların bir çoxu aciz, qorxaq və zəif iradəli olduqları üçün haram mal yeyər və mümkün qədər çox dünya malı əldə etmək istəyər. Bunun üçün də camaatı aldatmaq məqsədilə dinlərindən tələ kimi istifadə edər və bir çoxlarını öz zahiri rəftarları ilə özlərinə cəlb edərlər. Qarşılaşdıqları bütün haram işləri bacardıqları qədər yerinə yetirər və haram bataqlığında qərq olarlar. Insanların haramdan göz yummaları da sizləri aldatmasın. Çünki, insanların nəfsani istək və tələbləri bir-birlərindən fərqli olur. Insanların bir çoxu bə᾽zən haram yeməkdən çəkinsələr də lakin nəfsləri onları digər günahlara vadar edər və bu yolla harama düçar olarlar. Onların bütün bunlardan da çəkindiklərini görüb hansı əqidəyə yiyələndiklərini bilməyincə, yenə də onlara aldanmayın. Çünki, insanların bir çoxu haram işlərdən çəkinsələr də, sağlam əqidə və təfəkkür tərzinə yiyələnməzlər. Bu səbəbdən də islah olmaq əvəzinə bir çox hallarda nadanlıq üzündən haqq yoldan uzaq düşərlər. Onların sağlam əqidəyə yiyələndiklərini görüb yenə də aldanmayın. Baxın görün onlar öz nəfslərinə qalib gələ bilmişlər, ya nəfsləri onları özünə əsir etmişdir? Baxın görün onların təqva və pəhrizkarlıqları batil əqidəyə hansı münasibət bəsləyir. Çünki, insanların bir çoxu həm dünya, həm də axirətlərini itirmişlər. Onlar batil hakimiyyətin sərvət və halal ne᾽mətlərdən üstün olduğunu güman edərək, dünyanı dünyaya xatir tərk etmişlər və bu ayəyə əsasən — «Onlara “təqvalı olun” deyildikdə təkəbbür onları günaha sürükləyir. Cəhənnəm onların məskəni olacaqdır. Ora necə də pis yerdir». Onlar gecənin zülmətində heç nəyi görmədən zəlalətə doğru gedərlər və ilk batil istəkləri onları uçuruma sürükləyər. Allah-taala da onları tövbə edib təqvalı olmadıqları təqdirdə, haqdan uzaq düşüb tüğyan etməkdə köməklik edər. Belə olduğu təqdirdə onlar Allahın haramını halal, halalını da haram edər.

Onlar istədiklərinə nail olduqda (yüksək məqama çatdıqda) dinlərini nə qədər itirsələr də heyflənməzlər. Onlar Allahın qəzəbinə gələn, Onun lə᾽nət etdiyi və [axirətdə] böyük əzaba düçar edəcəyi kəslərdir.

Lakin kamil insan o kəsdir ki, bütün istək və arzuları Allahın əmrinə tabe olmuş olsun. Bütün iste᾽dad və bacarığını Allahın razılığını əldə etmək üçün sərf edər. O haqq yolunda bütün çətinliklərə sinə gərməyi hər şeydən üstün tutar və bilir ki, haqq yolunda çətinliklərə dözüb sinə gərmək onu əbədi ne᾽mətə [axirət dünyasına] hidayət edəcəkdir.

Bir çox nəfsani istəklər isə onu sonu bilinməyən əzaba sürükləyəcəkdir. Belələri insanların ən təqvalı və ən xeyirlisidir. Onların tutduqları yolu gedin və onların vasitəsilə Allaha təvəssül edin. Çünki, Allah onların dualarını geri qaytarıb arzularını nakam qoymur».[333]

Göründüyü kimi imam Səccad (ə) zahiri davranışı, günah və haram şeylərdən çəkinməyi həqiqi təqva sahibinin və kamil insanın tanınması üçün əsas me᾽yar hesab etmir. Yeganə me᾽yar varsa, o da insanın nəfsani istəklərinə qalib gəlib, günah və Allahın haram etdiyi şeyləri özünə haram etməsi, Onun razılığını əldə etmək üçün haqq yolunda bütün çətinliklərə sinə gərməsidir. Bu işdə nümunəvi və yollarını davam etdirməli şəxslər varsa, o da məhz bu xüsusiyyətlərə malik olan kəslərdir.

5. Peyğəmbər (s) başqa bir hədisdə yoxsullar və hikmət sahibləri ilə yoldaşlıq etməyi tövsiyə edir:

[Bilmədiklərinizi] alimlərdən soruşun və hikmət sahibləri ilə ünsiyyətdə olub yoxsullarla həmsöhbət olun.[334]

Başqa bir hədisdə Әli (ə) buyurur:

Hikmət sahibləri ilə yol yoldaşı, alimlərlə həmsöhbət olun. Dünyadan uzaq olun ki, cənnəti özünüzə məskən edəsiniz.[335]

Әn çox xeyir və dəyərli məsləhətlər hikmət və düşüncə sahibləri ilə ünsiyyətdə olmaqla əldə olunur.

6. Imam Həsən Müctəba (ə) xütbələrinin birində öz səhabəsi Cünadə ibni Әbi Üməyyəyə baş ucalığı gətirəcək və onların vasitəsilə çatışmazlıqlarını aradan qaldıra biləcək şəxslərlə ünsiyyətdə olmağı tövsiyə edir:

Ünsiyyətdə olmaq istərkən o kəsləri özünə dost və yoldaş seç ki, onlarla dostluq etmək sənə vüqar və başıucalıq gətirsin. Onlara xidmət etdikdə şəxsiyyətini qiymətləndirsin, bir söz dedikdə söylədiklərini təsdiq edib, onlara xeyir əlini uzatdıqda yardım etsinlər. Hər hansı bir çatışmamazlığını gödükdə göz yumsun, gözəl rəftar və ya xüsusiyyət gördükdə isə qiymətləndirməyi bacarsın. Bir şey istədikdə səxavətli və əli açıq olsun, ehtiyac duyduğun, lakin ondan istəmədiyin şeyləri ixtiyarına qoysun və nəhayət [səndən] xoşagəlməz rəftar gördükdə inciməsin.

7. Həqiqi dostluq odur ki, dostlar bir-birlərinin eyb və nöqsanlarını gizlədib, qarşılıqlı olaraq müsbət xüsusiyyətlərindən bəhrələnə bilsinlər. Sadiq dostlar daim bir-birlərinin çətinliklərini aradan qaldırmağa çalışar və yalnız tə᾽rif, hörmət və ehtiram məqsədilə dostluq etməzlər.

Imam Baqir (ə) bu haqda buyurur:

O kəslərlə dostluq et ki, səni ağladar, lakin xeyirini istər. Güldürüb aldatmaq istəyən şəxslərdən isə daim uzaq olmağa çalış. Bilin ki, tezliklə hamı Allaha tərəf qayıdacaq və orada hər şeydən agah olacaqsınız».[336]

Imam Cə᾽fər Sadiq (ə) buyurur:

Dostların arasında hamıdan çox sevdiyim o kəslərdir ki, eyb və nöqsanlarımı mənə hədiyyə etmiş olsun.[337]

Imam Sadiq (ə)-dan nəql olunmuş hədisdə diqqəti cəlb edən məsələlərdən biri də bundan ibarətdir ki, verilən hədiyyələr insana sevinc bəxş etdiyi kimi, sadiq dostların bir-birlərinin eyb və nöqsanlarını xatırlamaları da onlara sevinc bəxş etsin.

DӘRSIN XÜLASӘSI

Dostluq və səmimi münasibətlər insanın əxlaq və davranış tərzinə böyük tə᾽sir qoyduğu üçün nəql olunmuş rəvayətlərdə bu mətləbə xüsusi diqqət yetirilmişdir. Bu rəvayətlərdə dostların seçilməsində (onların kimliyinin bəlli olmasında) diqqət yetirməyə və yalnız təqva sahibləri ilə dostluq etməyə tövsiyə olunmuşdur.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Imam Səccad (ə) təqva sahiblərinin tanınması üçün hansı me᾽yarları əsas hesab edir?

2. Imam Səccad (ə) yaxşı insanların tanınması üçün hansı me᾽yarları lazımlı hesab edir?

3. Nəql olunmuş rəvayətləri nəzərə alaraq kimlərlə dostluq və yoldaşlıq etməyə tövsiyə olunur?

IYIRMI ÜÇÜNCÜ DӘRS

DOST VӘ YOLDAŞ

Ötən dərsdə qeyd etdik ki, insan özünə dost seçdiyi zaman onların əxlaq və davranışlarına, şəxsiyyət və kimliyinə diqqət yetirməlidir. Demək o kəslərlə dostluq etməliyik ki, ilk növbədə mə᾽nəvi inkişafımıza və yaşadığımız cəmiyyətdə baş ucalığımıza səbəb olsunlar. Bu dərsdə Әhli-beytin (ə) bizlərə kimlərlə dostluq etməmək barədə buyurduğu tövsiyələr haqda söhbət açacağıq.

Hər şeydən əvvəl bilmək lazımdır ki, insan Allah-taala tərəfindən heç də mütləq şəkildə azad və muxtar bir varlıq kimi öz ixtiyarına buraxılmamışdır. Bu səbəbdən də o, istədiyi şəxslərlə ünsiyyət yaradıb öz əlaqələrini istədiyi kimi bərqərar edə bilməz.

Imam Zeynəlabidin (ə) bu haqda buyurur: Heç də elə deyildir ki, insan istədiyi şəxslərlə ünsiyyətdə olub onlarla dostluq əlaqələri bərqərar edə bilsin. Çünki, Allah-taala buyurur:

«[Ya Rəsulum!] Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyəşənə qədər onlardan üz çevir. Әgər Şeytan [bu qadağan əmrini] sənə unutdursa, xatırlayandan sonra o zalim tayfa ilə bərabər oturma.»[338]

Və heç də belə deyildir ki, insan istədiyi hər bir şeyi dilinə gətirib iqrar etsin. Çünki, Allah-taala buyurur:

«[Ey insan!] Bilmədiyin bir şeyin ardınca getmə [bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə]...»[339]

Peyğəmbər (s) bu haqda buyurur:

Allahın rəhməti şamil olsun o kəslərə ki, özü və başqaları bəhrələnsin deyə, danışdığı hər bir söz xeyirli olsun və ya [özünə və başqalarına zərər yetirməsin deyə] sükutu hər şeydən üstün tutsun.

Və heç də belə deyildir ki, insan istədiyi hər bir şeyə qulaq assın. Çünki, Allah-taala buyurur:

«...Çünki, qulaq, göz və ürək—bunların hamısı [sahibinin etdiyi əməl, dediyi söz barəsində] sorğu-sual olunacaqdır».[340]

Bunu da nəzərdən qaçırmamalıyıq ki, haram işlərdən çəkinməyən və günah etməyə adət edən şəxslərlə ünsiyyətdə olmaq tez bir zamanda bizə də öz mənfi tə᾽sirini göstərəcək və onlar kimi bizim də qəlbimizi qaraldıb ilahi əzaba düçar edəcək.

Tarixdə deyilir: Imam Riza (ə)-ın yaxın səhabələrindən olan Süleyman Cə᾽fəri nəql edərək deyir: Bir gün imam Riza (ə) atama dedi: Nə üçün Әbdürrəhman ibni Yə᾽qub ilə gediş-gəliş edirsən? Atam dedi: O, mənim dayımdır. Imam Riza (ə) buyurdu: O, Allah vəsf olunmadığı bir halda Allahın vəsf və məhdud olduğu haqda xoşagəlməz fikirlər irəli sürür. Atam dedi: Onun dediklərindən mənə nə, mən ki, bu əqidədə deyiləm. Imam Riza (ə) atamın cavabında buyurdu: Qorxmursanmı ki, onun üçün nazil olan bəla sizə də şamil olsun? Atası Fir᾽onun tərəfdarlarından olan Musa (ə)-ın səhabələrindən birinin əhvalatını eşitmisənmi? Fir᾽onun qoşunu Musa (ə) və ona iman gətirmiş şəxsləri tə᾽qib edərkən o, atasına nəsihət etmək və onu da özlərinə qoşmaq üçün Fir᾽onun dəstəsinə tərəf gəldi. Atası onu gördükdə onunla müxalifət edib özündən uzaqlaşdırdı. Beləliklə onlar dəryaya yaxınlaşdılar. Elə bu zaman ilahi əzab nazil oldu və onların hər ikisi [Fir᾽onun qoşunu ilə birlikdə] dənizdə boğuldular. Musa (ə) bundan xəbər tutduqda Cəbrail (ə)-dan onun aqibətini soruşdu. Cəbrail (ə) buyurdu: Qərq oldu, Allah rəhmət etsin. Onun əqidəsi atasından tam fərqli idi, lakin ilahi əzab nazil olduqda günahkarların kənarında olan kəslər nicat tapmazlar.[341]

Indi isə dostluğa layiq olmayan şəxslər haqda nazil olmuş Qur᾽an ayələrinə və Mə᾽sum imamlardan nəql olunmuş rəvayətlərə nəzər salaq:

1. Birinci dəstəyə Qur᾽an ayələrinə və dinə istehza ilə yanaşan şəxslər aiddir. Dərsin əvvəlində imam Səccad (ə)-dan nəql olunan rəvayətdə Әn᾽am surəsinin 68-ci ayəsini buna misal çəkmək olar. Göründüyü kimi burada Allah-taala mö᾽minləri Qur᾽an ayələrini istehza edən şəxslərlə dostluq münasibətlərində olmağı qətiyyətlə qadağan edir. Maidə surəsinin 57-ci ayəsində də kafir və dini məsxərə edən şəxslərlə dostluğun qətiyyətlə qadağan olunduğu göstərilir:

«Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın...»

2. Ikinci dəstəyə aid olanlar Peyğəmbər (s) və Mə᾽sum imamlara (ə) töhmət və tə᾽nə vuran kəslərdir.

Həzrət Məhəmmədə (s) peyğəmbərlik verildiyi ilk illərdə Hicaz bütpərəstlərindən olan Üqbə ibni Әbi Muit adlı bir şəxs var idi. O, müşrik və bütpərəst olmasına baxmayaraq, olduqca qonaqpərvər idi. Bir gün Peyğəmbər (s) onun evinin kənarından keçdiyi zaman nahara də᾽vət edir. Peyğəmbər (s) ayaq saxlayıb buyurdu: Səninlə yalnız o zaman bir süfrə arxasında əyləşərəm ki, islamı qəbul edib müsəlman olasan. Üqbə, Peyğəmbərin (s) süfrə arxasında oturmaq üçün onun qarşısına belə bir şərt qoyduğunu görüb kəlmeyi şəhadətini deyib müsəlman oldu. Üqbənin Ubəyy adlı başqa bir dostu da var idi. Üqbənin müsəlmanlığı qəbul etməsi xəbərini eşidib olduqca narahat oldu və əsəbi halda onun yanına gəlib bir xeyli danlayaraq dedi: Sən öz dinindən çıxırsanmı? Üqbə cavabında dedi: Elə bir şəxs mənə qonaq oldu ki, müsəlman olmasaydım süfrəmin kənarında oturmağa razı olmazdı. Ubəyy dedi: Indi ki, belədir, mən öz dotluğumu səninlə kəsirəm. Әgər dostluğumuzun davam etməsini istəyirsənsə, öz dininə qayıdıb Peyğəmbərə töhmət vurmalısan. Ubəyy çox israr etdikdən sonra Üqbə onun dediyi kimi edir, islam dinindən xaric olur və «Bədr» döyüşündə müsəlman fədailəri tərəfindən qətlə yetirilir. Ubəyy isə bir il sonra «Ühüd» döyüşündə qətlə yetirilir. Beləliklə hər ikisi müşrik olduqları halda dünyalarını dəyişirlər.

Furqan surəsinin 27-29-cu ayələrində Üqbənin aqibəti belə bəyan edilir:

«O gün zalim [küfrə düşməklə özünə zülm edən, peşmançılıqdan] əllərini çeynəyib deyəcəkdir: Kaş ki mən Peyğəmbər vasitəsilə [özümə] doğru bir yol tutaydım;

Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;

And olsun ki, Qur᾽an mənə gəldikdən sonra məni ondan [Qur᾽ana iman gətirməkdən] o sapdırdı. Şeytan insanı [yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra] yalnız buraxar [zəlil, rüsvay edər]».

Ayələrin məzmununa nəzər saldıqda fasiq insanların dostluqda qoyduqları mənfi tə᾽sir açıq-aşkar bəlli olur.

Göründüyü kimi burada bir daha Peyğəmbərə (s) müsbət münasibət bəsləməyən şəxslərlə dostluq əlaqələrinə son qoyulmasına əmr olunur.

Imam Cə᾽fər Sadiq (ə) bu haqda buyurur:

Nasibilərlə ünsiyyətdə olduğun və ya onların məclislərində iştirak etdiyin zaman özünü elə apar ki, sanki səni qaynar daşın üzərində oturtmuşlar (yə᾽ni mümkün qədər onların məclislərini tez tərk etməyə çalış). Çünki Allah-taala onları lə᾽nətləmiş və nifrin etmişdir. Mə᾽sum imamlar (ə) haqda xoşagəlməz sözlər söylədikdə tez onların məclislərini tərk edin. Çünki, Allah-taala elə həmin an onlara bəla nazil edər.[342]

«Ilahi övliyaları təhqir edib onlara xoşagəlməz sözlər deyən şəxslərlə eyni məclisdə iştirak etmək günah və Allaha itaətsizlik sayılır». (Həmin mənbə 50-ci səh.)

Allaha və axirət gününə iman gətirən şəxs Mə᾽sum imamlara və mö᾽minlərə eyb və nöqsan tutulan, onların ünvanına xoşagəlməz sözlər deyilən məclislərdə iştirak etməməldir».[343]

3. Üçüncü dəstəyə aid olan şəxslər dinin əsaslarına şəkk ilə yanaşanlar və bid᾿ətçilərdir.

Peyğəmbər (s) bu haqda buyurur:

Məndən sonra dinə şəkk ilə yanaşanlara və bid᾿ətçilərə qarşı öz nifrət hissinizi aşkar edin. Tənqid və təhqir etməklə onların cavabını verin ki, dində fitnə-fəsad törətməyə və insanları dindən uzaqlaşdırmağa cəsarət etməsinlər.

Allah-taala sizin üçün böyük mükafatlar və axirət dünyasında yüksək məqamlar nəzərdə tutmuşdur.[344]

Imam Cə᾽fər Sadiq (ə) buyurur:

Bid᾿ətçilərlə ünsiyyətdə olub məclislərində iştirak etməyin ki, camaat sizi onlardan biri hesab edər.

Peyğəmbər (s) buyurur:

Hər bir şəxs özünə layiq şəxslərlə dostluq və yoldaşlıq edər.[345]

4. Dördüncü dəstəyə aid olanlar fasiq və günahkarlar, Allahın hökm və əmrindən çıxan şəxslərdir.

Әli (ə) buyurur:

Müsəlman bir şəxsə fasiq və dinsiz adamlarla dostluq və qardaşlıq münasibətləri bərqərar etmək yaraşmaz. Çünki, onun gördüyü bütün işlər öz nəzərində gözəl və tə᾽rifə layiqdir. Bunun üçün də dostluq etdiyi əməli-saleh müsəlmanın özü kimi olmasını istər. Nə dünya, nə də axirətdə onun müsəlmana bir xeyiri dəyməyəcəkdir. Әksinə, vaxtaşırı müsəlmanın yanına gediş-gəliş etməsi ona rüsvayçılıqdan savayı bir şey nəsib etməyəcəkdir.[346]

Imam Cə᾽fər Sadiq (ə) bu haqda buyurur:

Müsəlmanlara [tərk etməyə qadir olduqları təqdirdə] haram məclislərdə iştirak etmək yaraşmaz.[347]

Әli (ə) buyurur:

Әməli-saleh insanların fasiqlərlə ünsiyyətdə olmaları camaatda əməli-saleh şəxslər haqda yanlış təsəvvür yaranmasına səbəb olur. Әməli-saleh şəxslərin bir-birləri ilə ünsiyyətdə olmaları isə fasiqləri əməli-saleh və xeyirxah insanlara yaxınlaşdırır. Әməli-saleh insanların günahkarlarla ünsiyyətdə olmaları onları günahkarlara daha da yaxınlaşdırır. Hansı dinə mənsub olduğunu bilmədiyiniz bir şəxs sizinlə [qısa bir zamanda] ünsiyyətdə olduğu zaman onun yoldaşlıq etdiyi şəxslərin kimliyinə diqqət yetirin. Әgər ilahi dində olarlarsa bilin ki, o da dindar və iman sahibidir. Yox əgər ilahi dinlərdən uzaq olarlarsa bilin ki, o da dindən heç bir bəhrə əldə edə bilməyib.

Peyğəmbər (s) buyurur:

Allaha və axirət gününə iman gətirən şəxs kafirlərlə dostluq, fasiqlərlə isə ünsiyyətdə olmamalıdır. Kafir və fasiqlərlə dostluq və ünsiyyətdə olan şəxslər özləri kafir və fasiq olacaqlar.[348].

Başqa bir hədisdə buyurur:

Fasiqlərlə ünsiyyətdə olmaq pislik ardınca pislik gətirir.[349]

Yə᾽ni onlarla ünsiyyətdə olduqda insanın özü də fasiq olacaqdır.

5. Beşinci hissəyə aid olan şəxslər din, əxlaq, davranış və düşüncələrində nöqsan və çatışmazlıq olan kəslərdir. Onlar [dində] fitnə-fəsad törətməsələr də [fasiq olmasalar da] yalan, paxıllıq, vəfasızlıq, həyasızlıq kimi mənfi və xoşagəlməz xüsusiyyətlərə malik olarlar.

Әli (ə) bu haqda buyurur:

Müsəlman bu üç [xüsusiyyətə malik olan] şəxslərlə - yalançı, nadan və əxlaqsız adamlarla səmimi [qardaşlıq] münasibətdə olmamalıdır.[350]

Həmçinin imam Baqir (ə) buyurur:

Atam Әli ibni Hüseyn bir gün məni yanına çağırıb dedi: Oğlum, beş şəxslə ünsiyyətdə olmamağı sənə tövsiyə edirəm. Onlarla nə həmsöhbət ol və nə də yoldaşlıq et. Atamdan onların kim olduğunu soruşduqda buyurdu: Yalançılarla həmsöhbət olma. Onların söylədikləri hər bir söz ilğıma bənzər. Yaxını sənə uzaq, uzağı isə yaxın göstərər. Fasiqlərlə də ünsiyyətdə olmaqdan çəkin. Onlar səni bir tikə yeməyə və ya ondan da dəyərsiz bir şeyə satmağa hazır olarlar. Paxıllardan uzaq olmağa çalış. Çünki bir şeyə ehtiyac duyduğun zaman öz mallarını səndən əsirgəyərlər. Nadan və cahillərlə də ünsiyyətdə olma. Çünki onlar sənə xeyir vermək istəyərlər, lakin ziyan yetirərlər. Qohumluq əlaqələrini kəsən şəxslərdən də uzaq olmağa çalış. Çünki Allah-taala onları Öz kitabında [Qur᾽ani-Kərimdə] lə᾽nətləmişdir.[351]

Sonra imam Baqir (ə) misal olaraq Məhəmməd surəsinin 22-23-cü, Rə᾽d surəsinin 25-ci və Bəqərə surəsinin 21-ci ayələrini tilavət etdi.[352]

Dörd şey hədərə gedər, onlardan birincisi vəfasızlarla dostluqdur.[353]

Imam Baqir (ə) buyurur:

Bu dörd şəxsdən - nadan, paxıl, qorxaq və yalançı adamlardan daim uzaq olmağa çalışın. Nadanlar sənə xeyir vermək istəyər, amma zərər yetirərlər, paxıllar daim səndən almaq istəyər, verməyə gəldikdə isə xəsislik edərlər, qorxaqlar (xətərlə üzləşdikdə) səni və öz doğma ata-anasını qoyub qaçmağa belə hazır olarlar. O ki, qaldı yalançılara, onlar düz danışsalar da, dediklərinə inanma».[354]

DӘRSIN XÜLASӘSI

Islam fasiq insanların qarşılıqlı ünsiyyətdə mənfi tə᾽sir qoyduqlarını və cəmiyyətdə fitnə-fəsad törətdiklərini nəzərə alıb mö᾽minlərə onlarla dostluq əlaqələri yaratmağı və səmimi münasibətdə olmağı qətiyyətlə yasaq edir.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Nə üçün hamı ilə dostluq etmək olmaz?

2. Sağlam əqidəyə malik olmayan şəxslərlə ünsiyyətdə olmağın nə kimi nöqsanı vardır?

3. Üqbə ibni Әbi Muitin əhvalatından hansı nəticələri əldə etmək olar?

IYIRMI DÖRDÜNCÜ DӘRS

QEYBӘT (1)

Altıncı dərsdə qeyd etdik ki, islam cəmiyyətində sağlam ünsiyyət və münasibətlər bir sıra əxlaqi me᾽yarlar əsasında formalaşmışdır. Onlardan bir qismi müsəlmanların [gündəlik] ictimai həyatlarında riayət etməli olduqları ədəb qaydalarıdır. Təvazökarlıq, insaf, gülərüzlük, əhdə vəfa və s. xüsusiyyətləri buna misal göstərmək olar. Ötən dərslərimizdə biz onların hər biri haqda ətraflı söhbət açdıq.

Digər dəstəyə isə o xüsusiyyətlər daxildir ki, müsəlmanların bu xoşagəlməz xüsusiyyətlərə malik olmaları ictimai əlaqələrin pozulmasına səbəb olur. Bu səbəbdən də bu xüsusiyyətlərin tərk olunması islam ictimai ədəb qaydalarının əsas şərtlərindən biri hesab olunur. Hər bir müsəlman şər᾽i vəzifə olaraq bu xüsusiyyətlərdən uzaq olmağa çalışmalıdır. Onlar buna nail olduqda qurduqları ictimai əlaqələr möhkəm və sağlam olacaqdır. Bu dərsdən e᾽tibarən kitabın sonunadək bu xüsusiyyətlər haqda söhbət açacağıq.

Bu xoşagəlməz xüsusiyyətlərdən ən başlıcası «qeybətdir». Bu haqda bir neçə məsələ barəsində danışmaq lazımdır.

QEYBӘTIN TӘ᾽RIFI

Qeybətin leksik mə᾽nası «iştirakı olmadan kiminsə [və ya kimlərinsə] ünvanına [ya onlar haqda] xoşagəlməz sözlər deməkdir». Şər᾽i termin olaraq isə «qeybət» - müsəlmanın öz müsəlman bacı-qardaşının iştirakı olmadan onun eyb və nöqsanları haqda danışmasından ibarətdir. Belə ki, əgər həmin şəxs onun haqda deyilən sözləri eşitsə, inciyib narahat olar. Eyb və nöqsan deyildikdə istər əxlaqi, istər cismi, istərsə də məişət çatışmazlıqları və s. nəzərdə tutulur.

Peyğəmbər (s) bu haqda buyurur:

«Qeybət, müsəlman bacı-qardaşınızın eşitmək və ya başqalarının bilməsini istəmədiyi hər hansı bir şey haqda danışmağa deyilir».

Peyğəmbərdən (s) soruşurlar: Әgər onun haqda deyilənlər doğru olsa yenə də qeybət hesab olunur?

Həzrət (s) buyurdu:

Әgər həmin eyb və nöqsan onda olarsa və onu başqalarına deyəriksə qeybət, əks təqdirdə isə ona töhmət vurmuş olarıq.

Başqa bir rəvayətdə deyilir:

Peyğəmbərin (s) səhabələri bir şəxs barədə söhbət edir və bir-birlərinə deyirdilər: Filankəs nə qədər də aciz və bacarıqsızdır. Peyğəmbər (s) onların söhbətini eşidib buyurur: Onun qeybətini etdiniz! Dedilər: Biz yalnız onda olanları dedik. Buyurdu: Әgər onda olmayanları desəydiniz, ona töhmət vurmuş olardınız.

Imam Sadiq (ə) buyurur:



Geri   İrəli
Go to TOP