A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 1 (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 144
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Ev sahibi yeməyə hamıdan tez başlamalı və hamıdan gec qurtarmalıdır.

 

 

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Nəql olunmuş rəvayətlərdə mö᾽minlərin bir-birləri ilə görşü necə vəsf edilir?

2. Istək və ehtiyac üzündən mö᾽minlərin görüşünə getməyin dəyəri vardırmı?

3. Mö᾽minlərlə görüşün [mə᾽nəvi] dəyərlərindən bir neçəsi haqda danışın.

4. Mə᾽sum imamlar (ə) tərəfindən nəql olunmuş rəvayətlərdə qonaqlıq haqda nə deyilir?

5. Qonaqlıq və ziyafət zamanı riayət olunması lazım olan şeyləri ixtisarla izah edin.

IYIRMINCI DӘRS

SALAM

Insanlar qədim zamanlardan bəri hansı millət və mədəniyyətə mənsub olmalarından asılı olmayaraq, bir-birləri ilə görüşərkən sevinc, istək və rəğbətlərini bildirmək üçün özlərinə məxsus ünsiyyət formaları seçmiş, öz hiss və duyğularını müxtəlif hərəkətlərlə çatdırmaq istəmişlər.

Islam mədəniyyətində bu xoş məram və rəğbət hissi «salam» sözü ilə ifadə olunmuş və tərəf müqabillərin əl-ələ və ya çiyin-çiyinə görüşmələri ilə bildirilmişdir. Imam Sadiq (ə) bu haqda buyurur: «Salam bizim ümmətin salamlaşma tərzi və Allahın bizim üçün pənah və sığınacağıdır».[279]

Qur᾽ani-Kərimin bir çox ayələrində müsəlmanlara «salam» vermək islami və ilahi bir alqış kimi xatırladılır:

«...Evlərə daxil olduğunuz zaman özünüzü [bir-birinizi, qohum-əqrəbanızı, dostlarınızı və dindaşlarınızı] Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. Allah öz ayələrini sizə belə izah edir ki, bəlkə düşünüb daşınasınız».[280]

«Rəhmanın [əsil] bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları [xoşlarına gəlməyən bir söz dedikləri] zaman onlarla gözəl, yumşaq danışarlar».[281]

Yə᾽ni, cahillər onlara [müsəlmanlara] xoşa gəlməz sözlər dedikdə onlarla gözəl və mülayim danışarlar.

Ibrahim (ə)-ın əhvalatında (dastanında) deyilir: Ibrahim (ə) bütlərə boyun əymədikdə əmisi onun daşqalaq olunacağı ilə hədələyir.

«Ibrahim (ə) belə cavab verir: Sənə salam olsun! [Allah özü sənə rəhm etsin. Məndən sənə heç bir pislik gəlməz]. Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O, mənə qarşı çox mehriban, lütfkardır [duamı qəbul edər!]».[282]

Elə həmin əhvalatda deyilir:

Mələklər Ibrahim (ə)-ın yanına nazil olub salam verdikdə onlarla salamlaşaraq belə cavab verir:

«Həqiqətən, elçilərimiz [mələklər] Ibrahimin yanına müjdə [Ishaqın anadan olacağı xəbəri] ilə gəlib: Salam! — dedilər. Ibrahim də: Salam!—deyə cavab verdi...»[283]

Qur᾽anın bir çox ayələrində əməli-saleh şəxs və ya təqvalı qövmlər haqda söhbət açıldıqda Allah-taala onlara salam göndərir:

«[Onu belə yad edirlər]: Ilyasinə [Ilyasa] salam olsun!»[284]

Qur᾽anın bir çox ayələrində Allah tərəfindən Cənnət əhlinə salam verildiyi bildirilir. Rə᾽d surəsinin 23-24-cü ayələrini buna misal çəkmək olar:

«...Mələklər də hər bir qapıdan [cənnət qapılarından] daxil olub onlara:

[Dünyada Allah yolunda bütün çətinliklərə] səbr etdiyinizə görə sizə salam olsun!...»

Həmçinin Nəhl surəsinin 32-ci ayəsində deyilir:

«O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: Sizə salam olsun! Etdiyiniz [gözəl] əməllərə görə Cənnətə daxil olun! — deyərlər».

Bə᾽zi ayələrdə isə cənnət əhlinin bir-birlərinə salam verdikləri göstərilir:

«Mö᾿minlərin Cənnətdəki duası: Pərvərdigara! Sən pak və müqəddəssən! – demək, salamlaşmağı: Salam! - sözü, duasının sonu isə: Həmd olsun aləmlərin Rəbbi Allaha!-söyləməkdir.»[285]

Bunlarla yanaşı Qur᾽ani-Kərimin bir çox ayələrində «salam!» ifadəsinin islamın şüarı olması bildirilir.

Peyğəmbər (s) və Mə᾽sum imamlardan (ə) nəql olunmuş bir çox rəvayətlərdə bu məsələyə dəfələrlə toxunulmuş və müsəlmanlar bu gözəl adət-ən᾿ənəyə sövq olunmuşlar.

Misal olaraq onlardan bir neçəsinə işarə edirik.

Peyğəmbər (s) buyurur:

«Cənnətdə elə evlər vardır ki, içəridən çölü, çöldən isə içərisini görmək olur. Bu evlərə ümmətimdən yalnız o kəslər sakin olar ki, camaatla yumşaq davranıb uca səslə onlara salam versin və yoxsullara yemək verib gecələri namaz [gecə namazı] qılıb ibadətlə keçirmiş olsunlar». (Biharul-ənvar, 8-ci cild, 23-cü fəsil, 5-ci hədis).

Peyğəmbər (s) Әbdülmütəllib övladlarına müraciət edərək buyurdu:

«Ey Әbdülmütəllib övladları! [Bir-birinizlə] uca səslə, açıq-aydın salamlaşın, qohum-əqrəbalarınızdan hal-əhval tutun, camaat şirin yuxuda olduqları zaman gecələri ibadətlə keçirin, yoxsullara yemək verin, camaata gözəl sözlər deyin ki, Cənnətə daxil olasınız».[286]

Peyğəmbər (s) buyurur:

«Qarşılaşdığınız hər bir şəxs və ev sakinləri ilə salamlaşın ki, Allah-taala yaxşı işlərinizi və xeyir-bərəkətinizi artırsın».

Yenə də o həzrət buyurur:

Sizi dünya və axirət sakinlərinin ən gözəl əxlaqı ilə agah edimmi?

Səhabələr dedilər: Bəli, ey Allahın Peyğəmbəri!

Peyğəmbər (s) buyurdu:

Bu açıq-aşkar uca səslə salam verməkdir.[287]

Peyğəmbər (s) buyurur:

Salam Allah-taalanın adlarından biridir. Elə isə onu uca səslə deyin.[288]

Imam Sadiq (ə) buyurur: «Allahın salam və rəhməti sənə şamil olsun — deyən şəxslərin əməl dəftərlərinə iyirmi beş savab yazılar».[289]

Başqa bir rəvayətdə buyurur: «Günahların bağışlanmasına səbəb olan şeylərdən biri də [camaata] gözəl sözlər deyib [gözəl davranıb] onları [uca səslə] salamlamaqdır».[290]

«Təvazökarlığın əlamətlərindən biri də budur ki, görüşdüyün şəxslərlə salamlaşasınız».[291]

Peyğəmbər (s) buyurur:

«Insanların ən paxılı o kəsdir ki, salam verməkdən çəkinsin».[292]

SALAM VERMӘYIN QAYDALARI

Salamın əhəmiyyəti ilə tanış olduqdan sonra onun necə verilməsi və qaydaları haqda da ümumi mə᾽lumat əldə etmək yerinə düşərdi.

1. Salamlaşmaq xeyirli iş olduğu üçün Allah-taala Qur᾽ani-Kərimdə bu haqda buyurur:

«...Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın...»[293]

Elə isə mö᾽minlər salam verməkdə bir-birlərini qabaqlamağa çalışmalıdırlar. Peyğəmbərin (s) həyatına nəzər saldıqda bu həqiqətin şahidi oluruq ki, o həzrət qarşılaşdığı bütün şəxslərdən əvvəl salam verər və onları qabaqlamağa qoymazdı.

Әli (ə) bu haqda buyurur:

«Salamın yetmiş savabı vardır, altımış doqquzu salam verənin, biri isə salamı alanın payına düşür».[294]

Imam Sadiq (ə) buyurur:

«[Sözünü] salamla başlayan şəxs Allaha və Onun Peyğəmbərinə (s) daha yaxındır».[295]

2. Salam və onun cavabı uca səslə verilməlidir ki, həmin şəxs salamın cavabını eşidə bilsin.

Imam Sadiq (ə) bu haqda buyurur:

«Salamı uca səslə verin ki, (qarşı tərəf onu eşitməmək ucbatından cavab verməsin) və sonra deməyəsiniz ki, salam verdim, amma salamımı almadı. Çünki salamı asta verdiyiniz üçün onlar da onu eşitməyə bilərlər. Başqalarının salamını aldıqda da uca səslə dillənin ki, (onlar da) deməsinlər ki, salam verdim, amma cavab vermədi».[296]

3. Salam hər sözə başlamazdan əvvəl deyilməlidir.

Peyğəmbər (s) bu haqda buyurur:

«Salam vermədən əvvəl sözə başlayan şəxslərə cavab verməyin».[297]

Başqa bir hədisdə buyurur:

«Salam verməyənədək bir kəsi süfrənə də᾽vət etmə».[298]

Imam Hüseyn (ə) buyurur:

«Salam vermədən bir kəsə iş görməyə icazə verməyin».[299]

Imam Sadiq (ə) buyurur:

«Sözə başlamazdan əvvəl salam verilməlidir».[300]

3. Hər bir şəraitdə salam vermək gözəl xüsusiyyətdir.

Peyğəmbər (s) yol gedərkən hətta küçədəki azyaşlı uşaqlara də salam verərdi. Peyğəmbər (s) özü bu haqda buyurur:

«Beş şeyi ömrümün sonunadək tərk etməyəcəyəm. Onlardan biri uşaqlara salam verməkdir. Onlara salam verirəm ki, bu məndən sonrakılar üçün də adət halını alsın».

Islam dinində kimlərin əvvəl salam vermələrinə də müəyyən şərtlər qoyulmuşdur.

Peyğəmbər (s) bunu belə izah edir:

«Atlı piyadaya, atlı qatıra minənə, kiçik böyüyə, az kütlə özündən sayca çox olan kütləyə, ayaq üstə olan oturana salam verməlidir».

Buradan belə bir nəticəyə gəlmək olur ki, ictimai mövqeyi və ya mövcud şəraiti başqalarından üstün olan şəxslər daha tez salam verməlidirlər. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə onların hər biri haqda ayrı-ayrılıqda danışılmışdır.

5. Salamın cavabı daha gözəl tərzdə və ya heç olmasa həmin qaydada alınmalıdır.

Nisa surəsinin 86-cı ayəsində bu haqda deyilir:

«Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya [eynilə sahibinə] qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır».

Rəvayətlərdən birində deyilir: Səhabələrindən biri Peyğəmbərin (s) yanına gəlib o həzrətə «əssəlamu ələyk» ifadəsi ilə salam verir. Peyğəmbər (s) cavabında buyurur: «Әləykəs-səlam və rəhmətullah». Başqa birisi «əssəlamu əlyəkə və rəhmətullah»—deyərək salam verir. Peyğəmbər (s) cavabında buyurur: «Әssəlamu ələykə və rəhmətullahi və bərəkatuh». Üçüncü bir şəxs gəlib «əssəlamu əlyəkə və rəhmətullahi və bərəkatuh»—deyərək salamlaşır. Peyğəmbər (s) həmin qaydada «əssəlamu əlyəkə və rəhmətullahi və bərəkatuh»—buyuraraq salamın cavabını verir. Orada olan və Peyğəmbərin (s) verdiyi bütün cavabları eşidən səhabələrdən biri o həzrətə deyir: Ya Rəsulləllah! Birinci və ikinci şəxsin verdiyi salamın cavabına bir söz artırdınız, üçüncü şəxsin salamını isə olduğu kimi qaytardınız. Peyğəmbər (s) buyurudu: «Çünki o, artırmaq üçün bir şey qoymadı. Mən də ona həmin qaydada cavab verdim».

Qeyd etmək lazımdır ki, «salam» müsəlmanların bir-birlərinə xitab etdikləri islami adət-ən᾿ənlərdən biridir və nəql olunmuş rəvayətlərdən belə nəticəyə gəlmək olur ki, müsəlmanlar kafir və fasiqlərə [soyuq münasibət bəsləyərək] salam verməməlidirlər.

ӘL-ӘLӘ VӘ YA ÇIYIN-ÇIYINӘ GÖRÜŞMӘK

«Salam»dan sonra islam adət-ən᾿ənəsində böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də müsəlmanların bir-birləri ilə qarşılaşdıqları zaman əl-ələ və ya çiyin-çiyinə görüşmələridir.

Әli (ə) bu haqda buyurur:

Müsəlman qardaşlarınızla üz-üzə gəldiyiniz zaman gülər üz göstərib əl-ələ görüşün ki, ayrıldığınız zaman günahlarınız bağışlansın.[301]

Imam Məhəmməd Baqir (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:

Bir-birinizlə görüşdüyünüz zaman əl-ələ verib salamlaşın. Ayrıldığınız zaman isə Allah-taaladan bağışlanmağınızı diləyin.[302]

Peyğəmbər (s) buyurur:

Bir-birinizlə əl-ələ görüşüb salamlaşın, çünki bu gözəl rəftarınız kin-küdurəti aradan aparır.[303].

Imam Sadiq (ə) buyurur:

«Mö᾽minlər bir-birləri ilə çiyin-çiyinə görüşərkən Allahın rəhmət və mərhəmətində qərq olurlar».[304]

Başqa bir hədisdə deyilir:

«Gündəlik gördüyünüz şəxslərlə əl-ələ, səfərə gedən şəxslərlə isə qucaqlaşaraq görüşün».[305]

Peyğəmbər (s) adətən salam verib görüşdüyü şəxslərin əlini ayrılana qədər buraxmazdı. Әslində o həzrət bu hərəkəti ilə tərəf müqabilinə öz rəğbət və səmimiyyətini göstərirdi.

Imam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir:

«Mö᾽minlər bir-birləri ilə əl-ələ görüşdükləri zaman Allah-taala əlini onların əllərinin arasına salar».[306]

Yə᾽ni, mö᾽min qardaşlarına sevgi v məhəbbət göstərən şəxslər Allahın lütf və mərhəmətindən bəhrələnər və sanki əlini Allahın əlinin içinə qoymuş olarlar.

DӘRSIN XÜLASӘSI

Salamlaşmaq, əl-ələ və ya çiyin-çiyinə görüşmək mö᾽minlərin ünsiyyət və səmimiyyət nişanələrindən hesab olunur. Salamlaşmaq isə daha böyük əhəmiyyət kəsb edir. Nəql olunmuş rəvayətlərdə salamlaşdıqda başqalarını qabaqlamağa, uca səslə və daha yaxşı tərzdə salam verib salamın cavabını almağa tövsiyə olunmuşdur.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Salama dəlalət edən ayələrdən hansı nəticəyə gəlmək olur?

2. Islam nöqteyi-nəzərindən kimlər daha tez salam verməlidir?

3. Salamın cavabı necə verilməlidir.

IYIRMI BIRINCI DӘRS

HÜQUQ VӘ QANUNLARA RIAYӘT ETMӘK

Allah-taala yaradılış aləmində insan və digər məxluqlar üçün müəyyən qanun və hüquqlar tə᾽yin etmişdir ki, onlara riayət etmək vacib və zəruridir. Qayda-qanunlara riayət etmək hər şeydən əvvəl ictimai həyatda başqalarının əmin-amanlıqlarının tə᾽min olunmasına səbəb olur. Asayiş və sabitlik baxımından insanların canı, malı, tutduqları mövqe və digər məsələlər yalnız o zaman tə᾽min oluna bilər ki, hər bir şəxs yaşadığı cəmiyyətdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsin və başqalarının hüququna riayət etmiş olsun. Yalnız belə olduqda ictimai asayiş və əmin-amanlığa nail olmaq olar. Sabitlik hökm sürən cəmiyyətdə insanlar ictimai münasibətləri daha asanlıqla tənzim edir və qarşılarına qoyduqları hədəf və məqsədlərə daha tez nail olurlar. Әksinə, cəmiyyətdə hərc-mərclik hökm sürərsə, insanlar bir-birlərinə qarşı e᾽tinasız olarlarsa və bir-birlərinin hüququnu tapdalayıb qanunsuz şəkildə digərlərinin var-dövlətlərini mənimsəyərlərsə, gələcəyə olan ümid çırağı zəifləyər və cəmiyyət fəlakətə doğru sürüklənər. Belə bir acınacaqlı şəraitdə nəinki ideal və mədəni cəmiyyət qurmaq olmaz, hətta insanların ibtidai hüquqlarının tə᾿minatı üçün heç bir şərait yaranmaz. Bu səbəbdən də Allah-taala bəşəriyyət üçün müəyyən hüquq və qanunlar tə᾽yin etmiş və bu qanunlara hörmətlə yanaşıb bir-birlərinin hüquqlarına təcavüz etməmələrini əmr etmişdir. Әlbəttə, Allah-taala Özü ümumbəşəri hüququn qorunması və qanun pozğuntuluğuna yol verilməməsi üçün müxtəlif yollar müəyyənləşdirmişdir. Hər şeydən əvvəl Allah-taala tə᾿lim və təşviq yolu ilə insanları digərlərinin hüququna riayət etməyə də᾿vət edir. Sonrakı mərhələdə isə onları qanun pozğuntuluqlarına yol verdikləri təqdirdə müvafiq cəza tədbirləri ilə qorxudur.

Söbətimizin mövzusu əxlaq və ədəb qaydalarından bəhs etdiyi üçün bu barədə geniş şəkildə söhbət etməyəcək və nəzərdə tutulan hüquq və qanunlar haqda ümumi tanışlıq verəcəyik. Çünki, qanun pozğuntuluğuna yol verən şəxslərin cəzalandırılması olduqca geniş bir məsələdir və bu haqda ayrı-ayrılıqda söhbət açmaq lazımdır.

1. Şəxsi toxunulmazlıq:

Şəxsi toxunulmazlıq deyildikdə hər bir şəxsin gündəlik həyatı üçün nəzərdə tutduğu və onun ixtiyarında olan şəxsi mülkiyyət nəzərdə tutulur. Hər bir şəxsin evini, həyət-bacasını və ev əşyalarını buna misal çəkmək olar. Belə ki, onların sahibi kənar şəxslərin istədikləri vaxt onun evinə, həyətinə daxil olmalarına və oradan istədikləri kimi istifadə etmələrinə icazə vermir.

Nur surəsinin 27 və 28-ci ayələrində bu haqda deyilir:

«Ey iman gətirənlər! Başqalarının evlərinə [sizin olmayan evlərə] sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, [ədəb-ərkan baxımından] sizin üçün daha yaxşıdır. Bəlkə, [Allahın bu əmrinin hikmətini] düşünüb anlayasınız [və həmişə yadda saxlayıb ona əməl edəsiniz].

Әgər orada heç kəsi tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin. Sizə: Geri dönün! — deyilsə, geri dönün. Bu, Allah yanında sizin üçün daha yaxşıdır. Allah nə etdiklərinizi bilir!»

Imam Sadiq (ə) başqalarının evinə girərkən üç dəfə icazə almağı tövsiyə edir: [Ev sahiblərindən] üç dəfə icazə alın. Birinci dəfə icazə [ev sahibi gəlişinzi bilməkdən] ötürü, ikinci dəfə hazırlıq [ev sakinləri özlərini və evi sahmana salmaqdan] ötürü, üçüncü dəfə isə ev sahibinin icazəsini almaq üçün. Ev sahibi icazə vermədiyi təqdirdə isə bir söz deməyib geriyə qayıdın.[307]

Evlərə qapılarından deyil, divar, pəncərə və bacadan daxil olmaq şəxsi toxunulmazlığın pozulmasının başqa bir növüdür.

Belə ki, islamın zühur etdiyi ilk illərdə cahil ərəblər ev sahiblərinə öz səmimiyyətlərini bildirmək üçün onların xəbəri olmadan pəncərə və ya bacadan daxil olardılar. Bəqərə surəsinin 189-cu ayəsi nazil olmaqla Allah-taala mö᾽minlərə bu işi yasaq etdi. Orada buyurulur:

«...Evlərinizə [cahiliyyət dövründə olduğu kimi] arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş insanın pis əməllərdən çəkinməsidir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!»

2. Məhdudiyyətin başqa bir növü ev sahiblərinə, hətta ata-ana kimi məhrəm şəxslərə şamil olunur:

Nur surəsinin 58-59-cu ayələrində bu haqda deyilir:

«Ey iman gətirənlər! Sahib olduğunuz kölə və kənizlər, həddi-buluğa çatmayanlar [yanınıza daxil olmaq istədikdə] bu üç vaxtda sizdən icazə alsınlar: Sübh namazından əvvəl, günorta [yatıb, istirahət etmək üçün] paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. [Bu vaxtlar insan paltarını çıxarda bilər, zövcəsi ilə bir yerdə uzanıb ixtilat edə bilər və s.] Bu üç vaxt sizin üçün xəlvət vaxtdır [paltarsız ola bilərsiniz]. Qalan vaxtlarda bir-birinizin yanına [icazəsiz] girib çıxmaqda sizə də, onlara da heç bir günah yoxdur. Allah Öz ayələrini sizə belə izah edir. Allah [hər şeyi biləndir və hikmət sahibidir!

Sizdən olan uşaqlar da həddi-büluğa çatanda [yanınza daxil olmaq istədikləri zaman] özlərindən əvvəlkilər kimi izn istəsinlər. Allah [hər şeyi] biləndir və hikmət sahibidir».

EYB VӘ NÖQSANLAR

Həzrət Peyğəmbər (s), qızı həzrət Fatimə (ə) və on iki Mə᾽sum imamlar istisna olmaqla, hər bir insan bə᾽zi eyb və nöqsanlara malikdir. Heç bir şəxs başqalarının onların eyb və nöqsanlarını aşkar etmələrini istəməzlər. Allah-taala da öz eyblərini başqalarından gizli saxlayan şəxslərin eyb və nöqsanlarını daim gizli saxlayır. Allahın müqəddəs adlarından biri də «Səttarul-uyub»—yə᾽ni «eybləri örtən»dir. Allah-taala insanlara başqalarının eyb və nöqsanları ilə maraqlanıb onları aşkara çıxarmağı qətiyyətlə qadağan edir. Nəzərə çarpan nöqsanlar istər cismi, istər əxlaqi, istər şəxsi xüsusiyyət və ya var-dövlətdə olsun, insanların şəxsiyyət və mə᾽nəviyyatına xələl gəlməsin deyə, aşkar olunmamalıdır.

Bu məsələ şər᾽i nöqteyi-nəzərdən də təbii ki, qətiyyətlə yasaq olunmalıdır.

Peyğəmbər (s) bu haqda buyurur:

Müsəlman qardaşının günahlarından xəbərdar olub onu aşkara çıxarmayan şəxslərin [günahlarını] Allah-taala [qiyamət günü] aşkara çıxarmayacaqdır.

Başqa bir rəvayətdə deyilir:

Peyğəmbərin (s) səhabələrindən biri o həzrətə deyir: Istəyirəm ki, Allah-taala mənim eyblərimi daim gizli saxlasın.

Peyğəmbər (s) ona tövsiyə edərək buyurur:

Müsəlmanların eyb və nöqsanlarını ifşa etmə ki, Allah-taala da sənin eyblərini aşkara çıxarmasın.[308]

Mö᾽minlərin şəxsiyyətinə xələl gətirəcək və onun başqalarının gözündən düşməsinə səbəb olacaq sözlər danışan şəxsləri Allah-taala Öz bəndəliyindən xaric edib, Şeytanın bəndəliyinə daxil edər. Şeytan da onları qovaraq özündən uzaqlaşdırmaq istəyər.[309]

Imam Baqir (ə) buyurur:

Insan küfr və imansızlığa o zaman daha çox yaxın olur ki, bir gün kimi isə bədnam və rüsvay etmək üçün din adı ilə onunla dostluq etsin, onun eyb və çatışmazlıqlarını öyrənsin.[310]

Әli (ə) Malik Әştəri Misirə vali göndərdiyi zaman verdiyi göstərişlərdən biri də məhz bu idi:

Başqalarının eyb və nöqsanlarını axtaran şəxsləri özündən uzaq saxlamalı və onlar sənin nifrət etdiyin kəslər olmalıdırlar. Çünki camaatın elə çatışmazlıqları vardır ki, vali hamıdan daha çox onları gizli saxlamalıdır. Elə isə səndən gizli saxlanan eyb və nöqsanları aşkara çıxarmağa cəhd etmə. Çünki sənin vəzifən sənə aşkar olan çatışmazlıqları aradan qaldırmaqdır. Allah-taala səndən gizli qalan eyb və nöqsanlar barədə Özü hökm verəcəkdir. Elə isə bacardığın qədər camaatın sirr və eyblərini gizli saxla ki, Allah-taala da sənin camaatdan gizli saxlamaq istədiyin şeyləri ifşa etməsin».[311]

ӘMANӘT

Hüquq məsələlərindən biri də əmanətdir. Әmanət müxtəlif şəkillərdə ola bilər: Hər hansı bir əşya və ya pul, gizli saxlanılmalı sirr və mə᾿lumat və ya qorunub saxlanılmasında məs᾽uliyyət tələb olunan hər hansı bir şey. Әmanət tapşırılan adam da e᾽tibarlı, e᾽timadlı və düz danışan olmalıdır. Әmanət qəbul olunduqdan sonra tam məs᾽uliyyətlə qorunmalı və sahibi istədikdə olduğu kimi geri qaytarılmalıdır. Әmanətə xəyanət böyük günah və başqalarının hüququna təcavüz hesab olunur.

Qur᾽ani-Kərimdə mö᾽minlərin ən başlıca xüsusiyyətlərindən biri də onların «əmanətdar» olması göstərilir.

Mu᾽minun surəsinin 8-ci ayəsində deyilir:

«O mö᾽minlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar [onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərər]».

Başqa bir ayədə Allah-taala əmanətin öz sahibinə qaytarılmasını əmr edir:

«Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir...»[312]

Peyğəmbər (s) buyurur:

Әmanətə xəyanət edən şəxslərin dini yoxdur.[313]

Әmanətə xəyanət edən kəslər bizdən deyildir.[314]

Münafiqlik və iki üzlülüyün üç əlaməti vardır: Bir şey deyərkən yalan söyləmək, və᾽də verdikdə və᾽dəyə əməl etməmək və əmanətə xəyanət etmək.[315]

Imam Sadiq (ə) buyurur:

Insanları tanımaq üçün [namaz qılarkən] rüku və səcdələrinin uzun olmasına baxmayın. Çünki, bə᾽zən bu onlar üçün adət halına çevrilir və adətlərini pozduqda özlərində narahatçılıq hiss edirlər. Onları tanımaq istəyirsinizsə düz danışmalarına və əmanətə vəfadar olmalarına diqqət yetirin.[316]

Әmanət islam dinində o qədər böyük əhəmiyyət kəsb edir ki, Mə᾽sum imamlardan (ə) nəql olunmuş rəvayətlərdə əmanətin qorunub saxlanılmasında əməli-saleh və fasiq şəxslər arasında heç bir fərq qoyulmamışdır. Hansı şəraitdə olursa olsun, əmanət lazımınca qorunmalı və vaxtı çatdıqda öz sahibinə qaytarılmalıdır.

Imam Sadiq (ə) bu haqda buyurur:

Әmanəti öz sahibinə qaytarın, istər onlar əməli-saleh olsunlar, istərsə də fasiq. Әgər Әli (ə)-ın qatili mənə bir şey əmanət versəydi [istədikdə] onun özünə qaytarardım.[317]

Әmanəti öz sahibinə qaytarın, hətta əgər o, Hüseyn ibni Әli (ə)-ın qatili olmuş olsa belə.[318]

Әli (ə) buyurur:

Bir şəxs sənə xəyanət etsə belə, onun sənə verdiyi əmanətə xəyanət etmə və əgər o sənin sirrini açsa belə, sən onun sirrini açıb ifşa etmə».[319]

Әmanətə sadiq və vəfalı olmaq barədə də kifayət qədər hədis və rəvayət nəql olunmuşdur.

Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir:

Әmanətə sadiq və vəfalı olmaq ehtiyacsızlığa, xəyanət isə fəqir və yoxsulluğa səbəb olur.[320]

Buna oxşar başqa bir rəvayət Әli (ə)-dan nəql olunmuşdur. Orada deyilir:

Әmanətə sadiq və vəfalı olmaq ruzinin artmasına, [əmanətə] xəyanət etmək isə fəqir və yoxsulluğa səbəb olur».[321]

Başqa bir hədisdə buyurur:

Әmanətə sadiq və vəfalı olmaq gücləndikdə sədaqət və düzlülük də artır».[322]

Söhbətimizin əvvəlində qeyd etdik ki, əmanət baha və ucuzluğundan asılı olmayaraq, hər hansı bir şey və ya gizli saxlanılması zəruri olan sirr, əhd-peyman və s. ola bilər. Bu kimi əmanətlərin lazımınca qorunub saxlanılması xəyanət hesab olunur və xəyanətkarlar Allahın qəzəb və narazlığına düçar olarlar.

DӘRSIN XÜLASӘSI

Cəmiyyətin hər bir üzvü müəyyən hüquq və ixtiyarlara malikdir və hər bir şəxs başqalarının hüquqlarını qorumalı, onlara qarşı hörmətsizliyə və haqlarının tapdalanmasına yol verməməlidir. Var-dövlət, şəxsiyyət, sirr, eyb-nöqsanlar, əmanət, ev və s. onların toxunulmaz hüququ və hesab olunur və sahibinin icazəsi olmadan kimsənin bu kimi yerlərə daxil olmağa haqqı yoxdur.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Şəxsi toxunulmazlıq deyildikdə nə nəzərdə tutulur?

2. Şəxsi yerlərə icazəsiz olaraq girmək yalnız yad və naməhrəm şəxslərə qadağandırmı?

3. Qur᾿an ayəsinə əsasən, ayrı-ayrı şəxslərin xüsusi vaxtları nə zamandır?



Geri   İrəli
Go to TOP