A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 1 (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 144
Çap növbəsi: Birinci
Tirajı: 2000
  İrəli


Din təlimləri 1
Uşaqlar və yeniyetmələr üçün dərslik

BIRINCI DӘRS

ISLAM ICTIMAI DINDIR

Islamı digər din və məktəblərdən fərqləndirən xüsusiyyətlərdən biri də onun ictimai din olmasıdır. Burada təkcə ayrı-ayrı fərdlərin deyil, ictimaiyyətin islah olunmasına və onun düz yolu seçib saflaşmasına diqqət yetirilir.

Dediklərimizə aydınlıq gətirmək üçün qeyd etməliyik ki, insanların qarşılarına qoyduqları ən başlıca məqsəd onların səadət və xoşbəxtliyə nail olmalarıdır.

Hər bir insan hamıdan üstün olmasını və ixtiyarında olan şeylərin ən yaxşısına yiyələnməsini istəyir. Onlar daim ən yüksək məqamlara nail olmağa və çatışmazlıqları aradan qaldıraraq xoşbəxt həyat tərzi sürməyə can atırlar.

Bu bir həqiqətdir ki, hər bir insan dünənindən daha yaxşı yaşamağa can atır və mümkün qədər çox var-dövlət sahibi olmaq istəyir.

Kamal və səadətə nail olmaq istəyi ilə yanaşı, insanlar bu yolda müxtəlif maneə və çətinliklərlə qarşılaşmağı və tənəzzülə uğramağı sevmirlər. Bu səbəbdən də çətinliklərlə üzləşərkən özlərində bir növ narahatçılıq və ümidsizlik hiss edirlər. Bu xüsusiyyəti islam alimləri «kamillik axtaran fitrət» adlandırırlar.

Belə nəzərə çarpır ki, belə bir fitri xüsusiyyət insanda hansısa şəkk və tərəddüd olunası şəxs tərəfindən vücuda gəlməmişdir. Bütün din və ideoloji məktəblər yekdilliklə belə bir xüsusiyyətin insan fitrətində mövcud olduğunu e᾽tiraf etmiş, lakin bir-birindən fərqli olaraq insanın səadət və kamala çatması üçün bəşəriyyətə müxtəlif üsullar təqdim etmişlər. Yaranmış ixtilaf da yalnız insanın kamala çatması üçün ona təqdim olunan yolların hansının haqq və həqiqət olmasından ibarətdir.

Istər ilahi, istərsə də qeyri-ilahi məktəblərin prinsiplərini nəzərdən keçirdikdə belə qənaətə gəlmək olur ki, onların hər biri insanın kamala çatması üçün yalnız öz ideya və amallarının həqiqət olduğunu hesab edir. Bu səbəbdən də deyə bilərik ki, dinlər arasında mövcud olan ən başlıca fərq insanın xoşbəxt həyat və səadətə necə çatmasındadır. O, buna nail olmaq üçün görəsən hansı yolları keçməli və hansı əxlaqi xüsusiyyətlərə malik olmalıdır?

Qeyd etdik ki, insan xoşbəxt həyata meyl etməklə yanaşı bu yüksəlişin heç vaxt sona çatmamasını da arzu edir. Buradan belə bir nəticəyə gəlmək olur ki, insanın arzu etdiyi səadət və xoşbəxt həyat, sonsuz xoşbəxtlikdir. Әgər bunu qəbul edəriksə, sözün əsl mə᾽nasında islam dininin bəşəriyyətə təqdim etdiyi səadəti qəbul etmiş olarıq. Bu isə Allaha yaxınlıq və Onun razılığını qazanmaq deməkdir. Çünki, varlıqlar arasında yeganə sonsuz və mütləq qüvvə Allahın müqəddəs vücudu və zatıdır. Insan kamala yalnız o zaman nail ola bilər ki, Allahın razılığını qazanmaqla Ona yaxınlaşmış olsun. Bunun isə yeganə yolu ibadət və ilahi göstərişlərə layiqincə əməl etməkdir.

Islam nöqteyi-nəzərindən Allahdan başqa hər bir şey fani və məhduddur. Insanın daimi istək və ehtiyaclarını tə᾽min edən yeganə və mütləq varlıq Allahın müqəddəs vücududur. Bu səbəbdən də xoşbəxtliyi var-dövlətdə görənlər böyük səhvə yol vermiş olurlar. Çünki, pul və var-dövlət nə qədər çox olarsa, yenə də fani və tükənəsidir. Var-dövlət çox olduqda belə, insan bir çox hallarda qarşılaşdığı çətinlikləri pulla aradan qaldırıb hər şeyi onunla əldə edə bilmir və xəyalında yaradıb-yaşatdığı xoşbəxtliyə çatmır. Aləmləri yaradan, bütün xeyir və gözəlliklərin səbəbkarı olan Allah isə fani deyil, əbədidir. Insan yalnız Allaha arxalanmaqla öz ehtiyaclarını ödəyə və əbədiyyətə qovuşa bilər.

Fatir surəsinin 15-ci ayəsində bu haqda deyilir:

«Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə [heç nəyə, o cümlədən sizin ibadətinizə] möhtac deyildir və hər cür şükrə, tə᾽rifə layiqdir! [Onun bütün işləri bəyəniləndir]».

Imam Hüseyn (ə) Әrəfə duasında bu mətləbə işarə edərək buyurur:

«Ilahi! Səni itirən şəxs nəyi axtarır və Səni tapan şəxs nəyi itirmiş olur?»

Imam Hüseyn (ə) bu ifadələri bəyan etməklə Allahın ən kamil varlıq olmasına işarə etmişdir.

Allahdan qeyrisinə üz tutan şəxs sanki puçluğa və faniliyə doğru hərəkət edir və hər şeydən məhrum olur. Lakin Allaha üz tutan şəxs bütün ehtiyac və nöqsanlarını aradan qaldırmış olur.

Bəs islam dini insanın kamala çatması üçün hansı yolu nəzərdə tutmuşdur?

Bu suala cavab tapmaq üçün Qur᾽ana müraciət edirik. Kəhf surəsinin 110-cu ayəsində deyilir:

«...Kim Rəbbi ilə qarşılaşacağına [qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına] ümid bəsləyirsə, [yaxud qiyamətdən qorxursa], yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın».

Göründüyü kimi bu ayədə Allah-taala insanın dünya və axirət səadətinə qovuşması və Onun razılığını qazanması üçün qarşıya iki əsas şərt qoyur:

1. Әməli-saleh iş görmək;

2. Allahın birliyinə iman gətirib ibadəti saf niyyətlə yerinə yetirmək.

Deyə bilərik ki, islam nöqteyi-nəzərindən insanın kamala çatmasının ən başlıca şərti Allahın razılığını qazanmaq məqsədi ilə ilahi göstərişlərə əməl etmək və Onun qoyduğu yasaq və qadağalara tabe olmaqdır.

Insan, Allahın razılığına və Onun tükənməz maddi və mə᾽nəvi ne᾽mətlərinə yalnız ibadət yolu ilə nail ola bilər.

Ilahi göstərişlərə [istər ibadi olsun, istər qeyri-ibadi] diqqət yetirdikdə bu həqiqətin şahidi oluruq ki, onların əksəriyyətinin insan cəmiyyəti ilə sıx bağlılığı vardır və şəriət hökmlərinin çox az bir qismi ayrı-ayrı fərdlərə aid olur.

Başqa sözlə desək islam, insanın Allaha yaxınlaşmasını yalnız saf niyyətlə həyata keçirilən ibadətdə görür. Amma bu heç də o demək deyildir ki, o, cəmiyyətdən uzaq düşərək ömrünü-gününü ibadətdə keçirməlidir. Insan daim özünü cəmiyyətin bir üzvü bilməli, yaranmış çətinliklərin aradan qaldırılmasında onlarla qarşılıqlı həmkarlıq və dostluq əlaqələri qurmalıdır.

Ilahi göstərişlərin bir çoxu ictimai olmaqla yanaşı, kütləvi halda da həyata keçirilir. Hətta «e᾽tikaf» kimi müstəhəbbi əməl də məscidlərdə müəyyən şərait və qanunlar çərçivəsində cəm halda həyata keçirilir. Buradan ən başlıca məqsəd nəfsin saflaşması və insanın yüksək əxlaqi dəyərlərə yiyələnməsidir. E᾽tikafın əsas şərtlərindən biri onun ümumi şəkildə məscidlərdə təşkil olunması və oradan yalnız zəruri hallarda çıxılmasıdır. E᾽tikaf günlərində insan həqiqi səadətə çatmaq üçün öz mə᾽nəviyyatını saflaşdırır və qarşıdan gələn imtahanlar üçün batini güc toplayır.

Diqqət yetirilsə mə᾿lum olar ki, belə bir əxlaqi və mə᾿nəvi əməlin həyata keçirilməsi yalnız ictimai əlaqələrin bərqərar olunmasından asılıdır.

Qeyd etmək lazımdır ki, insanın xudpəsəndlik və pisliklərdən çəkinmə qabiliyyəti cəmiyyət üzvləri ilə ünsiyyətdə olarkən özünü daha da büruzə verir.

Belə bir nəticəyə gəlirik ki, insan öz səadət və xoşbəxtliyinə təklik və guşənişinlikdə deyil, cəmiyyətdə və cəmiyyət üzvləri ilə ünsiyyətdə olmaqla nail ola bilər.

Islamın ictimai məsələlərə yetirdiyi diqqəti nəzərə alaraq, bir neçə ictimai hökm və tövsiyələrə işarə edirik:

CAMAAT NAMAZI

Ilk növbədə belə nəzərə çarpır ki, namaz hər bir şəxsin axirət dünyasına və onun əbədi ne᾽mətlərinə nail olması üçün üzərinə düşən ən başlıca ibadi vəzifədir. Lakin bilmək lazımdır ki, islamda namazın cəm halda qılınmasına o qədər böyük diqqət yetirilmişdir ki, zəruri hallar istisna olunmaqla, qalan hallarda namazın cəm halda qılınmasının vacib olduğu təsəvvür edilir. Qur᾽ani-Kərimdə bu haqda deyilir:

«Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin».[1]

Islamın əvvəllərində baş verən bütün müharibələrdə düşmənlərin tam nəzarətdə saxlanılması və onların heç bir hərəkətini gözdən qaçırmamaq zərurətinə baxmayaraq, Peyğəmbər (s) namazların cəm halda qılınmasına xüsusi diqqət yetirərdi. Aşura günü imam Hüseyn (ə)-ın çox ağır şəraitdə hər tərəfli mühasirəyə alındığı səhnə tarixin hamıya bəlli olan səhifələrindəndir. Lakin belə bir ağır şəraitdə imam Hüseyn (ə) günorta namazını cəm halda qıldı. Imam Hüseyn (ə) və onun arxasında namaz qılanları qorumaq məqsədi ilə Səid ibni Abdullah adlı səhabə çox böyük bir fədakarlıq göstərdi və öz bədənini onlara qarşı yönələn oxların qarşısında sipər edərək şəhadət şərbətini içdi.

Peyğəmbərdən (s) nəql olunmuş bir hədisdə deyilir:

«Üzürlü hallar istisna olmaqla, qalan hallarda camaatla qılınmayan namazlar [Allah dərgahında qəbul olunmaz]».[2]

Bu hədisə istinad etməklə, fiqh alimləri öz risalələrində camaat namazına dair ayrıca fəsl ayırmış və üzürlü olmadan camaat namazlarının tərk olunmasını düzgün hesab etməmişlər.

Namazlar fərdi [ayrılıqda] qılındıqda belə, insana öz mö᾽min qardaşlarını nəzərdə tutması tövsiyə olunur.

Belə ki, gündəlik namazlarda dəfələrlə oxunan «həmd» surəsində —«Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik» və həmçinin salamlarda — «Salam olsun bizə və əməli saleh şəxslərə» — cəm şəkilçisindən istifadə olunmuşdur.

CÜMӘ NAMAZI

Islam dinində cümə gününün günorta namazının yerinə tə᾽yin olunan cümə namazına xüsusi diqqət yetirilmişdir.

Cümə namazı xüsusi şəraitdə cəm halda qılınır.

Imam cümə namaza başlamazdan əvvəl oxuduğu birinci xütbədə cəmiyyəti maraqlandıran günün mühüm məsələlərinə toxunmalı, ictimai problemləri araşdırmalı və eyni zamanda onları üzərlərinə düşən vəzifələrlə tanış etməlidir.

XEYIRLI IŞLӘRӘ DӘ᾽VӘT, PIS IŞLӘRDӘN ÇӘKINDIRMӘK

Allah-taalanın Qur᾽ani-Kərimdə müsəlman ümmətinə vacib etdiyi məsələlərdən biri də xeyirli işlərə də᾽vət və pis işlərdən çəkindirməkdir. Ali Imran surəsinin 110-cu ayəsində bu haqda deyilir:

«[Ey müsəlmanlar!] Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz. [Onlara] yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız...»

Bu məzmunda kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Lakin yalnız bir şeyi qeyd etmək istəyirik ki, bu zəruri hökmün həyata keçirilməsindən ən başlıca məqsəd, hər bir fərdin yaşadığı cəmiyyətin əxlaqi dəyərlərə hansı səviyyədə riayət olunmasına nəzarət etməsi və ya başqa sözlə desək, xalq üzərində ictimai nəzarətin bərqərar olunmasıdır. Ümumilikdə götürsək, zəruri hesab olunan bu iki şey, ayrı-ayrı fərdlərin və cəmiyyətin islah olunması üçün kütləvi tədbir xarakteri daşıyır.

XÜMS VӘ ZӘKAT

Islamın cəmiyyət üçün [maddi vəziyyəti imkan verdiyi təqdirdə] vacib etdiyi şeylərdən biri də xüms və zəkat adlanan vergilərin ödənilməsidir.

Belə ki, hər bir müsəlman imkan daxilində malının bir qismini yardım məqsədi ilə ehtiyacı olanlara ayırmalı və onu lazımı şəxslərə çatdırmaq üçün dini hakimin [rəhbərin] ixtiyarına qoymalıdır.

Zəkatın ödənilməsi o qədər böyük əhəmiyyət kəsb edir ki, bu hökm Qur᾽ani-Kərimin bir çox ayələrində namazla birlikdə qeyd olunmuşdur:

«...Namaz qılın, zəkat verin və rüku edənlərlə rüku edin!»[3]

«O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək [onlara bir yer versək] namaz qılar, zəkat verər...»[4]

Bəqərə surəsinin 83-cü, Nisa surəsinin 77-ci, Maidə surəsinin 55-ci və bir çox başqa ayələr də həmin məzmuna dəlalət edir.

Islam dininin ictimai yönə malik olan məsələləri təkcə yuxarıda adlarını çəkdiyimiz hökmlərlə bitmir və qeyd olunanlar onların yalnız bir qismi idi. Cihad, yetim və kimsəsizlərə əl tutmaq, məsləhət və məşvərət, ümumi işlərdə qarşılıqlı həmkarlıq, müsəlmanların çətinlikləri ilə maraqlanmaq və bu kimi digər vəzifələri onlara misal çəkmək olar.

Bir sözlə, islam dini həmrəylik, öz ardıcıllarını səadət və xoşbəxtliyə çatdıran, insanı yaşadığı cəmiyyətlə sıx ünsiyyət saxlamağa sövq edən bir dindir.

Hər bir müsəlmanın üzərinə düşən fərdi və şər᾿i vəzifələri yaşadığı cəmiyyətdə ictimai əlaqələr yaratmaqla icra etməsini zəruri və labüd hesab edəriksə, bunu da qəbul etməliyik ki, cəmiyyət üzvləri ilk növbədə bir-birlərinə qarşı tə᾿yin olunan hüquq və vəzifələrlə tanış olmalı və onlara riayət etməlidirlər.

Bununla yanaşı xalq arasında bir sıra əxlaq normaları və ictimai qayda-qanunlar da vardır ki, insani dəyərlərin qorunması, ümumi asayiş və tarazlığın tənzim olunması onlara necə riayət etməkdən asılıdır. Təbiidir ki, bu normalara düzgün yanaşmayan şəxslər cəmiyyətdən uzaqlaşdırılacaq və kimsənin e᾽timadını qazanmayacaqdır.

Gələcək dərslərdə məhz həmin ictimai qayda-qanunlar haqqında qısa və ümumi şəkildə söhbət açacağıq.

DӘRSIN XÜLASӘSI

1. Islam nöqteyi-nəzərindən insanın kamillik və xoşbəxtliyi Allaha yaxınlaşmaqdadır.

2. Allahdan başqa bütün varlıqların fani olduğunu qəbul edəriksə, mütləq kamilliyə Allaha arxalanmaqla nail olmağı dərk edərik.

Allah-taala Qur᾽ani-Kərimdə insanın Ona yaxınlaşmasını yalnız iki şeylə mümkün hesab edir:

1. Әməli-saleh işlər görmək;

2. Saf niyyətlə ibadət etmək.

Bu iki xislətin hər bir insanda formalaşması onun öz həyatını tərki-dünyalıq və guşənişinlikdə keçirməsi ilə deyil, cəmiyyət üzvüləri ilə sıx ictimai əlaqələr qurması ilə mümkündür.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Kamillik və səadət axtaran fitrətin mə᾽nası nədir?

2. Islam nöqteyi-nəzərindən insanın həqiqi səadətə çatması üçün əsas şərt nədən ibarətdir?

3. Yalnız ictimai əlaqələrin bərqərar olunması ilə insanın həqiqi səadətə çatması mümkündürmü?

4. Peyğəmbər (s) camaat namazı barədə nə buyurmuşdur?

5. Allah-taala Qur᾽ani-Kərimdə xeyirli işlərə də᾽vət, pis işlərdən çəkindirmək barədə nə buyurmuşdur?

6. Islam dini xüms və zəkatın ödənilməsini nə üçün əhəmiyyətli hesab edir?

IKINCI DӘRS

ISLAM QARDAŞLIĞI

Mədinəyə daxil olduqdan sonra Peyğəmbərin (s) gördüyü ilk tədbirlərdən biri müsəlmanlar arasında —bir nəfər ənsarla bir nəfər mühacir—qardaşlıq əhd peymanını bağlamaq, qarətlər, qırğınlar və ardı-arası kəsilməyən müharibələrə adət etmiş pərakəndə ərəb qəbilələri arasında vəhdət və birliyi bərqərar etmək oldu.

Irqindən, milliyyətindən və rəngindən aslı olmayaraq, islam dinində bütün müsəlmanlar bir-birləri ilə qardaş və bərabər hüquqa malikdirlər. Birinin digərindən üstün olmasına əsas me᾽yar cismi sağlamlıq, maddi rifah, elmi səviyyə deyil, təqva və iman hesab olunur.

Hucurat surəsinin 13-cü ayəsində insanların bərabərliyi və onların yalnız təqva ilə bir-birlərindən üstün olmaları haqda deyilir:

«Ey iman gətirənlər! Biz sizi bir kişi və bir qadından [Adəm və Həvvadan] yaratdıq. Sonra bir-birinizi tanıyasınız [kimliyinizi biləsiniz] deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınız, pis əməllərdən ən çox çəkinəninizdir. Həqiqətən, Allah [hər şeyi] biləndir, [hər şeydən] xəbərdardır».

Islam dini zaman, məkan və şəraitdən asılı olmayaraq, müxtəlif millətlər arasında hakim olan qeyri-insani dəyər və me᾽yarları kənara qoyaraq, müsəlmanlar arasında vəhdət və qardaşlığın bünövrəsini qoydu.

Allah-taala Qur᾽ani-Kərimdə bir daha mö᾽minlərə xatırladır ki, onlar cahiliyyət dövründə ədavət, kin-küdurət bataqlığında qərq olduqları bir halda, qardaşlıq və bərabərlik ne᾽mətini onlara bəxş edərək nicat vermişdir.

«Hamınız bir yerdə Allahın ipindən [dinindən] möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi ne᾽mətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi [islam ilə] birləşdirdi və Onun ne᾽məti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən, O, sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız.»[5]

Peyğəmbər (s) və onun davamçıları olan Mə᾽sum imamlar (ə) bu məsələyə xüsusi diqqət yetirmiş və öz kəlamlarında bu ictimai xüsusiyyətin mə᾽nəvi əhəmiyyətinə tə᾿kidlə yanaşmışlar.

Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:

Hər kim Allaha xatir mö᾽min bir şəxslə qardaşlıq edrəsə, Allah-taala onun üçün cənnətdə elə bir məqam tə᾽yin edər ki, əməllərinin heç biri ilə ona nail ola bilməz.[6]

Başqa bir rəvayətdə deyilir:

Qiyamət günü üzləri bədrlənmiş ay tək parlaq olan bə᾽zi şəxslər üçün ərşin kənarında taxtlar ucaldılar. Insanların bir çoxu qorxaraq nalə etdikləri bir halda onlar nə qorxar, nə də nigarançılıq çəkərlər. Onlar Allaha yaxın olduqları üçün heç nədən qorxmazlar.

Səhabələrdən biri Peyğəmbərdən (s) soruşdu: Ya Rəsuləllah! Onlar kimlərdirlər?

Buyurdu: «Onlar bir-birlərini Allha xatir sevən [əməli saleh] kəslərdir».[7]

«Allah-taala buyurur: Mənim istək və məhəbbətim o kəslərə nəsib olar ki, Mənə xatir bir-birləri ilə görüşüb hal-əhval tutsunlar. Mənim istək və məhəbbətim o kəslərə nəsib olar ki, Mənə xatir bir-birlərinə kömək və yardım etsinlər. Mənim istək və məhəbbətim o kəslərə nəsib olar ki, Mənə xatir bir-birlərinə məhəbbət göstərərək sevmiş olsunlar. Mənim istək və məhəbbətim o kəslərə nəsib olar ki, Mənə xatir öz mallarından bir-birlərinə ehsan və sədəqə vermiş olsunlar.[8]

Imam Sadiq (ə) buyurur:

Bir gün Peyğəmbər (s) səhabələrə müraciət edərək onlardan soruşdu:

Imanın ən başlıca şərti nədən ibarətdir?

Onlar dedilər: «Allah və Onun Peyğəmbəri hər şeyi daha yaxşı bilir. Sonra onlardan bə᾽ziləri namazın, bə᾽ziləri də zəkat, oruc, həcc, ümrə və ya cihad olmasını dedilər.

Peyğəmbər (s) onları dinlədikdən sonra buyurdu: Dediklərinizin hər birinin ayrı-ayrılıqda savab və fəziləti vardır. Lakin onlardan heç biri imanın ən başlıca şərti deyildir. Imanın ən başlıca şərti Allaha xatir sevmək və Ona xatir düşmənçilik etməkdir. Həmçinin Allahın dostları ilə dostluq, düşmənləri ilə də düşmənçilik etməkdir.[9]

Göründüyü kimi burada da Allaha xatir dostluq və düşmənçiliyin dinin əsas şərtlərindən biri olduğu göstərilir. Belə ki, hər iki me᾽yar (yə᾽ni, istər dostluq, istərsə də düşmənçilik) başqa məqsəd üçün deyil, yalnız Allaha xatir olmalı və insanın mə᾽nəvi saflığını daha da gücləndirməlidir.

Allah-taala Qur᾽ani-Kərimdə mö᾽minləri bir-birləri ilə qardaş adlandırır:

«Həqiqətən mö᾽minlər bir-birləri ilə qardaşdırlar».

Bu səbəbdən də hər bir mö᾽min Allahın ona vacib etdiyi əmrə tabe olmalı və öz mö᾽min qardaşına ehtiramla yanaşmalıdır. Mö᾽minlərin bir-birlərini sevib qardaş olmaları onların Allaha olan e᾿tiqadı, Onun əmrlərinə tabe olmaları, eyni qibləyə üz tutmaları və eyni kitaba iman gətirmələrindən irəli gəlir.

Bu səbəbdən də maddi və dünyəvi maraqlara əsaslanan dostluq əlaqələri, zahiri istək və məhəbbət islam nöqteyi-nəzərindən batil və süst hesab olunur.

Maddi maraq məqsədilə başqalarına ehtiramla yanaşan şəxslər bu səmimiyyəti ya var-dövlət əldə etmək üçün, ya həmin şəxsdən asılı olduğundan və ya müəyyən bir təhlükədən yayınmaqdan ötrü edir. O, istəyinə nail olduqda və ya ehtiram etdiyi şəxs tutduğu yüksək mövqedən məhrum olduqda təbii ki, bu növ dostluq əlaqələrinə də son qoyulur. Lakin islam dininin tövsiyə etdiyi dostluq və qardaşlıq prinsipləri müqəddəs ilahi dəyərlərdən qaynaqlandığı üçün daha möhkəm və sarsılmaz olur. Mö᾽minlər bir-birlərinə qarşı qayğı və məhəbbət göstərdikləri üçün maddi və sinfi ixtilaflar onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Tarixə nəzər saldıqda həzrət Peyğəmbər (s)-ın öz qulluqçuları ilə bir süfrə arxasında oturmasının və onların yedikləri yeməklərdən yeməsinin şahidi oluruq.

Cahiliyyət dövründə ərəblər dəvələrinin, övladlarının, bə᾽ziləri hətta qəbirlərinin çoxluğu ilə fəxr edir və ərəbin əcəmdən, ağ dərilinin qara dərilidən üstün olduğunu hesab edirdilər. Həzrət Peyğəmbər (s) isə qara dərili səhabə olan Bilal Həbəşini ən yüksək iftixarlardan birinə layiq görərək onu müəzzin (azan verən) tə᾽yin edir və milliyətcə fars olan Salmana «Səlmane Muhəmmədi» ləqəbini verərək onu öz ailə üzvündən biri hesab edir. Həmçinin məşhur varlı qəbilə başçısının qızı Zulfanı Cuvəybər adlı olduqca yoxsul bir zənciyə ərə verir. Bu kimi hallarda həzrət Peyğəmbər (s) buyurardı:

«Mö᾽min mö᾽minin şərikidir».

Beləliklə, həzrət Peyğəmbər (s), səhabələrə cahiliyyət dövründə adət olan ən᾿ənələrin batil və e᾽tibarsız olduğunu bir daha sübuta yetirir.

Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, başqalarının razılığını qazanmaq məqsədilə və ya maddi maraq və mənfəətlər üzərində qurulan dostluq əlaqələri islam nöqteyi-nəzərindən heç bir əhəmiyyət kəsb etmir və bir növ şirk hesab olunur. Çünki, insanda başqa birisinə qarşı olan məhəbbət hissi yalnız o zaman yaranır ki, həmin şəxs batini, və ya zahiri cəhətdən hansı bir gözəl xüsusiyyət və ya xislətə malik olsun. Bütün gözəlliklərin mənşəyi isə Allahın müqəddəs zatındadır. Әgər bir şəxsi Allaha xatir deyil, yalnız zahiri gözəlliyinə görə seviriksə, sözün əsl mə᾽nasında şirkə yol vermiş oluruq.

Bununla da, islam nöqteyi-nəzərindən təkcə Allaha görə qurulan dostluq və qardaşlığın e᾽tibarlı hesab edilməsinin səbəbi aydınlaşır. Islam bizləri mö᾽min və əməli-saleh şəcslərlə dostluğa sövq etməkdə iki əsas məqsəd nəzərdə tutur:

1. Hər hansı bir şəxslə dostluq əlaqələrinin qurulması onun öz dostları ilə də dostluq əlaqələrinin yaranmasına səbəb olur. Demək, Allahı sevmək, Ona yaxın olan iman gətirmiş əməli-saleh insanları və övliyaları sevməyimizə də səbəb olmalıdır;

2. Allaha yaxın olan insanları sevmək bizi daim Allahı xatırlamağa,onların gözəl xüsusiyyətlərindən bəhrələnməyə və nəticədə Allaha yaxınlaşmağa köməklik edir.

Dostluq və məhəbbətin yalnız Allaha xatir olduğunu bildikdən sonra, belə bir nəticəyə gəlmək olar ki, mö᾽min şəxs Allaha yaxın olan övliya və əməli-saleh insanları sevdiyi kimi, Allahın düşmənlərinə və kafirlərə qarşı da əks mövqe tutmalı və onları öz düşməni hesab etməlidir. Təbii ki, heç bir şəxs başqalarının onun sevdiyi şəxsə hörmətsizliklə yanaşmalarını və ona qarşı e᾽tinasız olmalarını istəməz. Bu səbəbdən də Allaha yaxın olan və Onun eşqi ilə yaşayan şəxslər Allaha iman və e᾽tiqadı olmayanlara qarşı nifrət edər və daim onlardan uzaq olmaq istər. Bir sözlə deyə bilərik ki, mö᾽minlər Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmalıdırlar. Fəth surəsinin 29-cu ayəsində bu haqda deyilir:

«Məhəmməd əleyhissəlam Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [mö᾽minlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər...»

Mö᾽minlər Allahı sevdikləri kimi Ona yaxın olan əməli-saleh insanları və övliyaları da sevər, onlara hörmətlə yanaşarlar. Allahla düşmənçilik edən şəxslərə qarşı çıxar və onlara düşmən kəsilərlər.

Aşura ziyarətində imam Hüseyn (ə)-a xitab olunaraq deyilir:

«Mən qiyamət gününədək səninlə sülh edən şəxslərlə sülh edəcək, döyüşən şəxslərlə döyüşəcəyəm».

Allah və Onun eşqi ilə yaşayan insanlara olan məhəbbət və onlarla düşmənçilik edən şəxslərə qarşı düşmənçilik hissi insanın bütün ilahi göstərişlərə tabe olmasını tələb edir. Allah-taala bizlərə həyat və saysız-hesabsız ne᾽mətlər bəxş etməklə Öz bəndələrinə olan yüksək sevgi və məhəbbətini göstərmişdir. Biz də Allaha olan istək və məhəbbətimizi göstərmək üçün Onun bütün göstərişlərinə tabe olmalıyıq.

Qur᾽ani-Kərimdə bu haqda deyilir:

«Әgər [Mənə] şükr etsəniz, sizə olan ne᾽mətlərimi artıracağam».[10]

Ne᾽mətlər artmaqla insan Allah dərgahında ən yüksək məqamlara nail olur. Ictimai həyatda ata-anaya, qohum-əqrəbaya, qonşulara və yoxsullara qarşı diqqətli olmağımızla yanaşı, bizdən mö᾽min qardaşlarımıza sevgi və qayğı göstərmək də tələb olunur. Bir müsəlman kimi üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməli və mö᾽min qardaşlarımızın hüquqlarına riayət etməliyik. Kafirlər və Allah düşmənləri ilə sıx dostluq əlaqələri bərqərar etmək isə bizləri tədriclə Allahdan uzaqlaşdırır və günbəgün günaha doğru sövq edir. Bu səbəbdən də ictimai əlaqələrin bərqərar olunmasında kimlərlə əlaqədə olub-olmamağımıza xüsusi diqqət yetirməliyik.

Qur᾽ani-Kərimdə bu haqda deyilir:

«Ey iman gətirənlər! Mö᾽minləri qoyub kafirləri dost tutmayın! Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz?»[11]

«Ey iman gətirənlər! Nə Mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun!...»[12]

DӘRSIN XÜLASӘSI

1. Mədinəyə daxil olduqdan sonra Peyğəmbərin (s) gördüyü ən başlıca işlərdən biri ənsarla mühacirlər arasında qardaşlıq əhd-peymanını bağlamaq oldu;

2. Insanların bir-birlərindən üstün olmalarının ən başlıca me᾽yarı iman və təqva hesab olunur. Istər sevgi və ya dostluq, istərsə də düşmənçilik Allah yolunda və Allaha xatir olmalıdır.

Allah-taala insanlara kimlərlə dostluq etməyin məsləhət olmasını və kimlərlə əlaqələrin tamamilə kəsilməsini və onlarla düşmənçilik etməyin vacib olmasını müəyyən etmişdir.

SUALLAR VӘ TAPŞIRIQLARLAR

1. Hücurat surəsində insanların bir-birlərindən üstün olmasını göstərən ən başlıca me᾽yarı nədir?

2. Peyğəmbər (s) mö᾽minlərin qardaşlıq münasibəti və səmimi əlaqələri haqda nə buyurur?



  İrəli
Go to TOP