A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq)
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 35
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri  


İntizar, heç də bir yerdə oturmaq, laqeydlik və gələcəyə göz dikmək demək deyil. İntizar - ayağa qalxmaq, fəsad və zülmlərə qarşı etiraz etmək və aydın sabahlara zəmin yaratmaq dеmәkdir.

MÜNTƏZİRLƏRİN (intizarda olanların) XÜSUSİYYƏTLƏRİ

*Mehdini tanıyıb, imamlığına inanmaq

İmam Mehdini (əc.) tanımadan, onun imamlığına iman gətirmədən necə intizarda olmaq olaq?! Bu inam həqiqi müntəzirlərin ümdə xüsusiyyəti, intizarın mühüm amili və onun müqəddiməsidir. İmam Səccad (ə) bu barədə belə buyurur:

ان اهل زمان غيبته،القائلون بأمامته،المتظرون لظهوره،افضل اهل كل زمان

"Həqiqətən, qeyb dövrünün adamları onun imamlığını qəbul edib gözləsələr, digər zamanların adamlarından üstün olarlar"[54].

*Təqva və gözəl əxlaq

İslamda üstünlük və böyüklük meyarı yalnız təqvadan ibarətdir:

ان اكرمكم عند الله اتقكم

Allah yanında ən üstün və yaxşınız, ən təqvalı olanınızdır"[55].

Həmçinin, imanın dəyəri əxlaqın gözəlliyi ilə ölçülür:

افضلكم ايمانا احسنكم اخلاقا

"Sizin aranızda ən imanlı şəxs, əxlaqı daha gözəl olanınızdır".

Buna görə də intizar çəkməyin fəzilət və üstünlüyü,təqva və gözəl əxlaq olmadan əldə edilə bilməz.

İmam Sadiq (ə) buyurmuşdur:

من سر أن يكون من اصحاب القائم فلينتظر وليعمل باِلورع و محاسن الاخلاق وهو منتظر

"Bizim qiyam edənimizin dost və köməkçilərindən olmaq istəyən intizarda olmalı və zühuru gözlədiyi halda təqva və gözəl əxlaqla rəftar etməlidir"[56].

*İtaət və tabelik

Öz məsum imamının yolunu gözləyənlər, onun dini və dünyəvi rəhbərliyinə əqidə bəsləməli, itaətini vacib bilməli və qeyb dövründə əmrlərinə tabe olmaqla, özünü zühur vaxtı onun qeyd-şərtsiz itaətinə hazırlamalıdır.

İmam Sadiq (ə) buyurmuşdur:

طوبى لشيعة قائمنا المنتظرين لظهوره فى غيبته والمطيعين له فى ظهوره

"Xoş bizim qiyam edənimizin şiələrinin halına! Onlar qeyb dövründə intizarda olar, zühur dövründə isə ona itaət göstərərlər"[57].

*Həzrət Mehdinin (əc.) dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olmaq

Hər bir insanın ən mötəbər dostluq meyarlarından biri, onun dostluq və düşmənliklərini araşdırmaqdır. Düşmənin dostunu və dostun düşmənini heç zaman dost adlandırmaq olmaz; necə ki, dostun dostunu və düşmənin düşmənini düşmən hesab etmək düzgün deyildir. Təbiidir ki, hər bir insan öz dostunun dostlarıyla dost və düşmənlərilə düşmən olur. İmam Mehdinin (əc.) həqiqi müntəzirləri də, heç şübhəsiz ki, onun dostlarını sevib, düşmənlərinə qarşı düşmən olmalıdırlar; çünki onların bu intizarı, imamlarına olan eşq, məhəbbət və sonsuz hörmətlərinin təzahürüdür.

Peyğəmbər (s) buyurmuşdur:

طوبى لمن ادرك قائم اهل بيتى وهو يأتم به فى غيبته قبل قيامه وليتولى اوليا ئه و يعادى اعدائه

"Xoş olsun mənim əhli-beytimin qiyam edənini görəcək şəxslərə; onlara ki, hələ qeyb dövründə və qiyamından qabaq ona iman gətirər, dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olarlar"[58].

ZÜHURDAN ÖNCƏKİ ƏLAMƏTLƏR

Allah-taala həzrət Mehdinin (əc.) zühurunun böyük əhəmiyyəti və habelə yanılma və sui-istifadələrin qarşısını almaq üçün, "Zühurdan öncəki nişanələr" adıyla bəzi əlаmətlər müəyyənləşdirmişdir. Zühur əlamətlərini ümumi olaraq iki qismə bölmək olar: Qəti əlamətlər və qeyri-qəti əlamətlər.

Səhih və ya mütəvatir hədislərdə gəlmiş və onların baş verəcəyinə təkid göstərilmiş əlamətlər Qəti əlamətlər adlanır; məsələn: Süfyaninin zahir olması və Nəfsi-zəkiyyənin qətli.[59]

Qeyri-qəti əlamətlər isə ya qeyri-səhih hədislədə gəlmiş və ya məsum tərəfindən qətiliyi göstərilməmişdir; məsələn: 5 dəfə ayın və 15 dəfə günün tutulması [60].

Digər bir baxışdan isə, bu əlamətləri üç yerə bölmək olar: Yaranış alәmində olan qeyri-təbii əlamətlər, ictimai münasibətlərdə və insanların rəftarında olan əlamətlər və təbii fenomenlər; məsələn: Ramazan ayında ardıcıl olaraq gün və ay tutulmaları, şərq səmasında böyük alovun şölələnməsi, günəşin qərbdən doğması, fəsad və günahların artması, yalançı peyğəmbərlərin çoxalması və insanların yeddidə beşinin müharibələrdə həlak olması.

Zühur əlamətlərini araşdırarkən unutmaq lazım deyil ki, onların hər hansı birinin həyata keçməməsi zühurun təxiri demək deyil. Çünki, "Allah fərəc və zühura yalnız bircə gecədə şərait yaradacaqdır". Buna görə də daim intizarda olmaq lazımdır, belə ki, zühura hazırlıq hər gün yeniləşməlidir.

ZÜHUR

Səmadan gələn nida bütün insanlara həzrət Mehdinin (əc.) zühur xəbərini verəcəkdir.

İmam Mehdi (əc.) öz ümumdünya qiyamına Məscidül-həramda Kəbənin yanından başlayacaqdır.

İmamın ən yaxşı köməkçiləri və müntəzirləri olan 313 nəfər, onunla beyət etmək üçün Kəbədə ətrafına toplaşacaqlar.

Həzrət İsa Məsih (ə) səmadan enib öz namazını İmam Mehdiyə (əc.) iqtida edəcəkdir.

İmam Mehdinin (əc.) dünyanın müxtəlif bölgələrindən olan köməkçiləri Məkkəyə axışıb, o həzrətin rəhbərliyi ilə İraqa doğru hərəkət edəcəklər.

Süfyaninin qoşunu "Beyda" məntəqəsində həlak ediləcək və qalib İslam ordusu bütün dünyanı fəth edəcəkdir.

Həzrət Mehdi (əc.) Kufə şəhərini öz dövlətinin paytaxtı edəcəkdir.

ZÜHURDAN SONRAKI DÖVR

Həzrət Mehdinin (əc.) zühurundan sonrakı dövr, məsumların hədislərində müxtəlif baxışlardan izah olunmuşdur:

1-Ümumdünya İslam hakimiyyəti

İmam Sadiq (ə) buyurmuşdur:

"Bizim qiyam edənimiz (Qaimimiz) qiyam etdikdə bütün yer üzündə Allahın birliyinə və Peyğəmbərin (s) nübüvvətinə şəhadət veriləcəkdir"[61].

2-İlahi hökmlərin tam icrası

İmam Kazim (ə) "əl-Hədid" surəsinin 17-ci ayəsinin təfsirində buyurmuşdur:

"Allahın, yeri öldürdükdən sonra yenidən diriltməsində məqsəd, onu yağışla diriltməsi deyildir. Allah bəzi insanları göndərərək, yeri ədalət və ilahi hökmlərin icrasıyla dirildəcək-dir."[62]

3-Quran təlimlərinin dirçəldilməsi

Həzrət Əli (ə) İmam Mehdinin (əc.) qiyamının nəticələri barədə buyurmuşdur:

"İnsanlar Quranı öz istədiklərinə uyğun şəkildə izah etdikdə, o, onların fikir və nəzərlərini Qurana tərəf yönəldəcək və Quran həqiqətlərinə xidmət göstərməyə sövq edəcəkdir. O, unudulmuş Quran və sünnəni və onun həmişəyaşar təlimlərini necə dirçəldəcəyini sizə göstərəcəkdir"[63].

4-Zülmün məhv və ədalətin bərqərar edilməsi

Peyğəmbər (s) buyurmuşdur:

"Mehdi (əc.) mənim övladlarımdandır. O, qeybə çəkiləcək, zühur etdikdə isə, zülmlə dоlmuş yer üzünü ədalətə qərq edəcəkdir"[64].

5-İslamın yenidən başlanması

İmam Baqir (ə) buyurmuşdur:

"Peyğəmbərin (s) etdiyi işləri o da edəcəkdir. Peyğəmbər (s) cahiliyyət adətlərini sındırdığı kimi, o da qabaqkı qanunları ləğv edəcəkdir. O, İslamı əvvəldən başlayacaqdır"[65].

6-İnsanlar arasında elmin kamilləşməsi

İmam Sadiq (ə) buyurmuşdur:

"Elm 27 hərfdən ibarətdir. Peyğəmbərlərin gətirdiyi bütün təlimlər onun yalnız 2 hərfidir. Bizim Qaimimiz qiyam etdikdə, onun digər 25 hərfini də aşkara çıxaracaq və insanlar arasında yayacaqdır"[66].

7-Əqli inkişaf

İmam Baqir (ə) buyurmuşdur:

"Bizim Qaimimiz qiyam etdikdə, Allah, bəndələrin ağıllarını toplayacaq, sahmana salacaq, fikir və düşüncələrini kamilləşdirəcəkdir"[67].

8-Təhlükəsizlik

İdris peyğəmbərin (ə) səhifələrindən belə nəql olunmuşdur:

"Məhəmməd ailəsinin Qaimi (əc.) zühur etdiyi zaman yer üzünə təhlükəsizlik bəxş edəcək, insanların bir-birinə zərər yetirmələri və bir-birindən qorxmaları aradan qalxacaqdır"[68].

Həmçinin, İmam Əli (ə) buyurmuşdur:

"O zaman bir qadın İraqdan Şama qədər piyada gedər; halbuki, heç kim və heç bir şey onu qorxutmaz"[69].

9-İnsanlar arasında birlik və məhəbbət

Əmirəl-möminin Əli (ə) buyurmuşdur:

لو قد قام قائمنا...لذهبت الشخاء من قلوب العباد

"Bizim Qaimimiz (əc.) qiyam etdikdə kin və düşmənliklər bəndələrin qəlbindən çıxacaqdır"[70].

10-Yer üzünün günahdan paklanması

İmam Sadiq (ə) həzrət Mehdinin (əc.) zühurundan sonrakı insanlar haqqında buyurmuşdur:

ولا يعصون الله عز وجل فى أرضه

"İnsanlar yerdə Allaha itaətsizlik göstərməzlər"[71].

SON SÖZ

İmam Mehdiylə (əc.) tanışlıq öhdəlikli və məsuliyyətli bir tanışlıqdır.

Vilayət ipindən tutmaq, təqvalı olub, İmam Mehdiyə (əc.) qarşı durmaqdan çəkinmək, zühura zəmin yaratmaq üçün səy və mübarizə, o həzrətə məhəbbət və kömək göstərmək yolunda mətanət, zühurun yaxınlaşması və o həzrətin müqəddəs məqsədlərinin həyata keçməsi üçün davamlı dua etmək, heç bir müntəzir şiənin unutmayacağı vəzifə və məsuliyyətlərdəndir.

İmam Mehdini (əc.), onun məqsəd və amallarını tanıdıqdan sonra sakit oturmaq, nəinki təkcə o həzrətin, hətta Allah-taalanın da istədiyi işlərə qarşı laqeydlik göstərmək, əsla mümkün deyil.

XƏTMİ-KƏLAM

İmam Mehdidən (əc.), kiçik qeyb dövründə yazdığı və şiələrin suallarına cavabdan ibarət olan məktublardan savayı, bəzi xüsusi dua və ziyarətlər nəql olunmuşdur. Bunlarla məşğul olmağın möminlərin mənəvi yüksəlişi və hacətlərin qəbul olunmasında xüsusi təsiri vardır.

Bu qısa kitabçanın sonunda həmin duaların "Həzrət Mehdiyə (əc.) istiğasə" adlı birisini qeyd edirik.

Mərhum Seyid Əli Xan özünün "əl-Kəlimüt-təyyib" kitabında buyurmuşdur: Bu, həzrət Sahibəz-zamana (əc.) istiğasə və ondan kömək diləməkdir. Harada olsan, bir həmd və istədiyin daha bir surə ilə iki rəkət namaz qıl və sonra açıq səma altında üzü qibləyə dayan və de:

Səlamullahil-kamilut-tamm, əş-şamilul-`amm, və sələvatuhud-daimətu və bərəkatuhul-qaimətut-tammətu `əla hüccətillahi və vəliyyihi fi ərzihi və biladih, və xəlifətihi `əla xəlqihi və `ibadih, və sulalətin-nubuvvəti və bəqiyyətil-`itrəti vəs-səfvəti Sahibizzəman, və muzhiril-iman, və muləqqini əhkamil-Quran, və mutəhhiril-ərzi və naşiril-`ədl, fit-tuli vəl-`ərz, vəl-huccətil-Qaimil-Mehdiyyil-İmamil-Muntəzəril-Mərziyy, vəbnil-əimmətit-tahirin, əl-vəsiyyibnil-əusiyail-mərziyyin, əl-hadil-mə`sumibnil-əimmətil-hudatil-mə`sumin.

Əssəlamu `ələykə ya Muizzəl-momininəl-mustəz`əfin! Əssəlamu `ələykə ya Muzilləl-kafirinəl-mutəkəbbirinəz-zalimin! Əssəlamu `ələykə ya məulayə ya Sahibəzzəman! Əssəlamu `ələykə yəbnə Rəsulillah! Əssəlamu `ələykə yəbnə Əmiril-mominin! Əssəlamu `ələykə yəbnə Fatimətəz-Zəhra, səyyidəti nisail-`aləmin! Əssəlamu `ələykə yəbnəl-əimmətil-hucəcil-mə`sumin, vəl-imami `ələlxəlqi əcməin! Əssəlamu `ələykə ya məulayə, səlamə muxlisil-ləkə fil-vilayəh. Əşhədu ənnəkəl-imamul-Mehdiyyu qəulən və fi`lən, və əntəlləzi təmləul-ərzə qistən və `ədlən bə`də ma muliət zulmən və cəura. Fə`əccələllahu fərəcək, və səhhələ məxrəcək, və qərrəbə zəmanək və kəssərə ənsarəkə və ə`vanək, və əncəzə ləkə ma və`ədək, fəhuvə əsdəqul-qailin: "Və nuridu ən-nəmunnə `ələlləzinəstuz`ifu fil-ərzi və nəc`ələhum əimmətən və nəc`ələhumul-varisin".

Ya məulayə, ya Sahibəz-zəman, yəbnə Rəsulillah, hacəti... (burada öz hacətini dilə gətir). Fəşfə` li fi nəcahiha fəqət-təvəccəhtu iləykə bihacəti li`ilmi ənnə ləkə `indəllahi şəfa`ətən  məqbuləh, və məqamən məhmuda. Fəbihəqqi mənixtəssəkum biəmrihi vərtəzakum lisirrih, və biş-şənilləzi ləkum `indəllahi bəynəkum və bəynəh, səlillahə tə`ala fi nuchi təlibəti və icabəti də`vəti və kəşfi kurbəti.

Bundan sonra hacətini istə, inşallah qəbul olar.

Mərhum müqəddəs Qumi "Məfatihul-cinan" kitabında yazır:

"Yaxşı olar ki, bu namazın birinci rəkətində "Həmd" surəsindən sonra "Fəth", ikinci rəkətində isə "Nəsr" surəsi oxunsun".

MÜQƏDDƏS CƏMKƏRAN MƏSCİDİ İLƏ TANIŞLIQ

Müqəddəs Cəmkəran məscidi həzrət İmam Mehdinin (əc.) xüsusi nəzəri sayəsində, onun əmrilə tikilmişdir. Bu məscidin tarixçəsi belədir:

Şeyx Həsən ibn Müslə Cəmkərani deyir: "Ramazan ayının 17-i çərşənbə axşamı idi. Öz evimdə idim. Birdən bir dəstə adam qapımıza gəlib dedilər: "Həzrət Mehdi (əc.) səni istəyir". Ayağa qalxıb, o cənabın hüzuruna getdim. Xızır peyğəmbər (ə) də onun yanında idi. İmam, Müqəddəs Cəmkəran məscidinin tikilməsini əmr edib, buyurdu:

"Camaata deyin ki, bu məkana rəğbət göstərib, hörmətlə yanaşsınlar və onda dörd rəkət namaz qılsınlar. Bu iki namazı (iki ikirəkətli namazı) qılan şəxs Kəbədə namaz qılmış kimidir".

Məscidin təhiyyət namazı: Bu namaz iki rəkətdir. Hər rəkətdə "Həmd" surəsindən sonra 7 dəfə "Qul huvəllah" surəsi deyilir. Rükunun ("Subhanə rəbiyyəl-`əzimi və bihəmdih") və səcdələrin ("Subhanə rəbiyyəl-ə`la və bihəmdih") zikrləri də 7 dəfə təkrar olunmalıdır.

Sahibəz-zaman (əc.) namazı: Bu namaz da iki rəkətdir. Hər rəkətdə "Həmd" surəsini oxuyarkən, "İyyakə nə`budu və iyyakə nəstə`in" ayəsini 100 dəfə təkrar edib, namazı davam etdirmək lazımdır. Bu namazda da "Qul huvəllah" surəsi, habelə rüku və səcdələrin zikrləri 7 dəfə deyilir. Namazı qurtardıqdan sonra bir dəfə "La ilahə illəllah" deyib, həzrət Fatimeyi-Zəhra (ə) təsbehini zikr etmək, daha sonra isə səcdəyə gedib 100 dəfə salavat demək lazımdır.

GÖRKƏMLİ MÜASİR MÜCTƏHİDLƏRİN CƏMKƏRAN MƏSCİDİ BARƏSİNDƏ FİKİRLƏRİ

Ayətullah Bürucerdi: "Əgər imkanım olsaydı, gündəlik vacib namazlarımı müqəddəs Cəmkəran məscidində qılardım".

Ayətullah Mər`əşi Nəcəfi: "Müqəddəs Cəmkəran məscidində çoxlu kəramətlər müşahidə etmiş və qırx çərşənbə axşamı gecəsini sübhə qədər orada qalmağa müvəffəq olmuşam".

Ayətullah Xameneyi: "Müqəddəs Cəmkəran məscidi, bəhrələnməli olduğumuz tükənməz xəzinədir".

Ayətullah Bəhcət: "Müqəddəs Cəmkəran məscidi kimi məscidlər xüsusi tanıtdırmaya ehtiyaclı deyillər. Onların ən yaxşı tanıtdıranı özləridirlər".

Ayətullah Safi Gülpayiqani: "Ümidvarıq, nə qədər ki, ömrümüz var, Allah-taala bizi bu məscidə getmək şərəfindən məhrum etməz".

Ayətullah Məkarim Şirazi: "Bu məscidin ilahi fəzasında olanlar qəribə ruhani hiss və qeyri-adi mənəvi cazibə duyurlar".

Ayətullah Fazil Lənkərani: "Tələbə olarkən Cəmkəran məscidinə çox getmiş, orada çoxlu kəramətlər görmüş və eşitmişəm".

MÜNTƏZİRİN”

Mədəni-Maarif Birliyi

Birliyimizin rəsmi saytı:

sonumid.com

Birliyə ünvanlanan məktublarınız üçün:

muntezirin_mmb@sonumid.com

Saytımıza ünvanlanan məktublarınız üçün:

sonumid@sonumid.com

Saytımıza ünvanlanan məktublarınız üçün:

info@sonumid.com

Sayt rəhbərliyinə ünvanlanan məktublarınız üçün:

admin@sonumid.com



[1] İmam Hadidən (ə) nəql olunan "Camiə kəbirə" ziyarətnaməsi.

[2] Yenə orada.

[3] Biharul-ənvar, c. 22, səh: 331, hədis: 317.

[4] Yenə orada, c. 53, səh: 187, hədis: 18.

[5] Yenə orada, c. 51, səh: 3-4.

[6] Qəsəs/5.

[7] Biharul-ənvar, c. 51, səh. 4.

[8] On ikinci imamın viladəti və imamətinin bəyan olunması üslubu o qədər dəqiq işlənilmişdir ki, hətta qeyri-şiələr belə onu inkar etməyə qadir deyillər. Dəyərli "Müntəxəbül-əsər" kitabında (səh: 322-341), öz əsərlərində onu etiraf edən 65 sünni aliminin adı qeyd olunmuşdur.

[9] Müntəxəbül-əsər, səh: 320.

[10] Yenə orada, səh: 323. İmam Mehdinin (əc.) anası 258-ci ildə vəfat etmişdir.

[11] İmam Həsən Əsgərinin (ə) həyatı; İrşad, səh: 383.

[12] Məryəm/12.

[13] Məryəm/30.

[14] Müntəxəbül-əsər, səh:301.

[15] Yənabiul-məvəddəh, səh: 461; Kəmalüd-din. Bəzi kitablarda isə belə yazılmışdır: "Əbu İsa ibn Mütəvkkil Mötəmid Abbasinin əmri ilə imama namaz qıldı".

[16] Səff/8.

[17] Süveydi, İbn Həcər, İbn Teymiyyə və Abdullah Füseymi belələrindəndir. Ətraflı məlumat üçün bax: "Həyatul-İmam əl-Mehdi (əc.)".

[18] əl-Qədir, c.3, səh:309.

[19] Müntəxəbül-əsər, səh:358.

[20] Həyatul-İmam əl-Mehdi, Qürəşi, səh:121-123; Biharul-ənvar, c.51, səh:. 344.

[21] Tənqih əl-muqal, c.3, səh: 149.

[22] Məraqidül-məarif, c. 1, səh: 25.

[23] Müntəxəbül-əsər, səh: 393.

[24] "Səmuri" daha düzgün nəzərə çarpır (müt.).

[25] Biharul-ənvar, c. 51, səh: 361.

[26] Yenə orada, səh: 360.

[27] Vəsailüş-şiə, Qəza və Bey` kitabları; Vilayəti-fəqih, İmam Xomeyni.

[28] İmam Sadiq (ə) buyurmuşdur: "Allah-təalanın hikmətli olduğunu bildikdə, onun bütün söz və işlərinin hikmət olduğunu təsdiq etməliyik; əsl həqiqəti bizə məlum olmasa belə": Kəmalüddin, c.2, səh: 482.

[29] Yenə orada, səh: 345.

[30] Yenə orada, səh: 481.

[31] Müntəxəbül-əsər, səh: 267.

[32] Yenə orada, səh: 101.

[33] Ehticac, səh: 263; Biharul-ənvar, c.52, səh: 92.

[34] Yənabiul-məvəddə, səh: 477.

[35] Kəmalüddin, c. 2, səh: 351.

[36] Müntəxəbül-əsər, səh: 277.

[37] Yenə orada, səh: 272.

[38] Biharul-ənvar, Nəcmüs-saqib, Cənnətül-məva, Darüs-səlam və Əbqəriyyül-hisan kimi kitablarda həzrət Mehdi (əc.) ilə görüşənlər haqqında yüzlərlə hekayə yazılmışdır.

[39] İmam Zamanın (əc.) ailə sahibi olması barədə ziddiyyətli fikirlər mövcuddur. Burada yazılan isə yalnız müəllifin mövqeyini əks etdirir (müt.).

[40] Biharul-ənvar , c.51, səh: 33.

[41] Yenə orada, səh: 32.

[42] Yenə orada, səh: 350.

[43] Qeybət-Nomani; Münəxəbül əsər, səh: 309.

[44] Kəmalüddin; Müntəxəbül-əsər, səh: 309.

[45] Qeybət-Nomani; Müntəxəbül-əsər, səh: 307.

[46] Müntəxəbül-əsər, səh: 310.

[47] Yenə orada; Qeybət-Nomani.

[48] Kənzül-ümmal, c. 6, səh: 39; Yənabiul-məvəddə, səh: 431.

[49] Yasin/82.

[50] Saffat/144.

[51] Müntəxəbül-əsər, səh: 276.

[52] Ənkəbut/14.

[53] Biharul-ənvar, c.52, səh: 126.

[54] Biharul-ənvar, c. 52, səh: 122, hədis: 4.

[55] Hucurat/13.

[56] Biharul-ənvar, c. 52 səh: 140, hədis: 50.

[57] Yenə orada, səh: 150, hədis: 76.

[58] Yenə orada, c. 51, sәh: 72.

[59] Müntəxəbül-əsər, səh: 439.

[60] Yenə orada, səh: 440.

[61] Biharul-ənvar, c.52, səh: 340.

[62] Mikyalul-məkarim, c. 1, səh: 81.

[63] Nəhcül-bəlağə, 134-cü xütbə, məlahim.

[64] Yənabiul-məvəddə, səh: 448.

[65] Mikyalul-məkarim, c. 1, səh: 57.

[66] Biharul-ənvar, c. 52, səh: 336.

[67] Müntəxəbül-əsər, səh: 483 ("Kafi"dən nəql olunub).

[68] Biharul-ənvar, c. 52, səh: 384.

[69] Mikyalul-məkarim, səh: 101.

[70] Yenə orada.

[71] Müntəxəbül-əsər, səh: 497.



Geri  
Go to TOP