A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq)
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 35
Çap növbəsi: Birinci
Tirajı: 3000
  İrəli


BİZİMLӘ, BİZDӘN GİZLİ
İMАM MEHDİ (Ә.C.) İLӘ TАNIŞLIQ

MÜQӘDDӘS CӘMKӘRАN MӘSCİDİNİN TӘDQİQАT BÖLMӘSİ

ÖN SÖZ

(Ey Sahibəz-zaman, fəryada çat!)

İmam Mehdi (əc.) ilə tanışlıq Allahı tanımaq üçün ən gözəl vasitə və ən etibarlı yoldur. "Allahı istəyən sizdən başlayar, onun birliyinə inanan yalnız sizin sözlərinizi qəbul edər, ona dоğru getmək istəyən sizə üz tutar”[1].

İmam Zamanla (əc.) tanışlıq onu sevməyin, onu sevmək isə Allahı sevməyin başlanğıcıdır.

"Sizi sevən Allahı sevmişdir"[2].

Hәzrәt Mehdiylə (əc.) tanışlıq cahiliyyət boyunduruğundan qurtuluş yoludur. Dini, Quranı və bütün ilahi təlimləri yalnız onu tanımaqla öyrənmək olar. Onu tanımadan dini öyrənmək, Quranı başa düşmək, İslam maarifini anlamaq və cahiliyyətdən xilas olmaq mümkün deyil.

Məhəmməd peyğəmbər (s) buyurmuşdur:

"Zamanın imamını tanımadan ölən şəxs, cahiliyyət zamanının ölümü kimi ölmüşdür"[3].

İmam Mehdiylə (əc) tanışlıq hidayət olunmaq və haqdanazmadan qurtulmaq üçün ən möhkəm vasitədir.

"İlahi, öz höccətini mənə tanıtdır. Əgər tanıtdırmasan, dinin yolunu azaram".[4]

İmam Zamanı (əc) tanımadan onun yolunu tanımaq, onun yolunu tanımadan şəriəti tanımaq, şəriəti tanımadan isə dünya və axirət səadətinə nail olmaq mümkünsüzdür. İmam Mehdini (əc.) tanımaq, onun məqsəd və amallarını öyrənmək və ona köməkçi olmağa hazırlaşmaq lazımdır. Çünki o, zamanın yeganə imamı və bəşəriyyətin nəzarətçisidir. O, Allahın yer üzündə saxladığı yeganə höccəti, peyğəmbərlər sülaləsinin pak gövhəri və məsum imamlar nəslinin bircə yadigarıdır.

Onun qəribə həyatı, sirlə dolu qeybolması, möcüzəli uzun ömrü və aləmə yeni həyat bəxş edəcək nurlu zühuru, hamılıqla, nəinki bəşər tarixinin ən səmərəli və misilsiz dövrünün, həm də bütün yaranış tarixinin ən uca və əhəmiyyətli hissəsinin, yəni "Ümumdünya Tövhid hakimiyyətinin" müqəddiməsidirlər. O günün ümidiylə!

NUR TƏVƏLLÜDÜ

Samirə şəhərinə hakim kəsilən qorxunc mühitdə, zalım Abbasi hökuməti casuslarının gözlərindən uzaq, hicri 255-ci il şəban ayının 15-i (Miladi tarixi ilə 868-ci ildə) cümə gününün alatoranlığında İmam Həsən Əsgərinin (ə) kiçik evində vilayət səmasının sonuncu ulduzu doğdu[5].

O, viladətinin ilk anlarında Allahın birliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verdi, yeddinci gündə isə, atasının qucağında ikən Qurani-kərimin bu ayəsini tilavət etdi:

و نريد ان نمن على الذين استضعفوا فى الارض و نجعلهم ائمة ونجعلهم الوارثين

"Biz istəyirik ki, yerdə zəif düşüb əzilənlərə mərhəmt göstərək, onları öndə gedənlər və varislər edək"[6].

Peyğəmbərin (s) vəsiyyətinə və müjdəli hədislərə müvafiq olaraq, onun adını Məhəmməd qoydular. Təkcə Peyğəmbərə (s) oxşayan gözəl çöhrəsilə yox, həm də adı və məramıyla Allahın böyük və sonuncu elçisini, öz əziz babasını xatırlatsın deyə, onu Məhəmməd adlandırdılar. Elə məhz ona görə də künyəsini Əbül-Qasim qoydular; baxmayaraq ki, sonralar Əbu Cəfər, Əbu Əbdillah və Əbu Saleh künyələri də buna əlavə olundu.

Mehdi, Qaim, Müntəzər, Sahibül-əsr, Sahibül-əmr, Sahibəz-zaman, Höccətul-lah, Mənsur, Xələfüs-saleh və Mov`ud, hədis, dua və tarix kitablarında İmam Mehdi (əc.) üçün göstərilən ən məşhur ləqəblərdir.

ATASININ FƏZİLƏTİ

Həzrət Əbu Məhəmməd İmam Həsən Əsgəri (ə) öz şərəfli ömrünün iki onilliyi ərzində əzab və çətinlikdən başqa bir şey görməmiş, zalım Abbasi xilafətinə qarşı apardığı mübarizədə daim həbs və sıxıntılara məruz qalmışdı. O, bərəkətli ömrünün iyirmi üçüncü ilində, özünün ilk və son övladının dünyaya gəlməsi ilə Allahın qəti vədəsinin həyata keçməsinə sevinərək, səhabələrinə buyurdu: "Zalımlar məni öldürməklə bu nəsli kəsəcəklərini düşünürdülər. İndi onlar Allahın qüdrətinə necə baxırlar?!"[7]

Həzrət Mehdinin (əc.) doğulmasıyla İmam Həsən Əsgərinin (ə) imamlığının ən həssas və həyəcanlı dövrlərindən biri başlandı. O həzrət hökumət məmurlarının güclü təzyiqinə baxmayaraq, ən tədbirli üsullarla və ən etibarlı səhabələrinin köməyi ilə bütün şiələri və Əhli-beyt dostlarını Mehdinin döğulmasından xəbərdar etməyə və müxtəlif münasibətlərdə onları özündən sonrakı imamla tanış etməyə çalışmışdır.[8]

ANASININ KƏRAMƏTİ

Romanın ən böyük dini-ictimai şəxsiyyətlərindən ikisinin övladı olan Məleykə xanım həzrət Mehdi üçün ana olmaq şərəfinə nail olmuşdur. Onun atası Roma imperatorunun oğlu Yəşua, anası isə İsa peyğəmbərin canişini olan Şəm`unun nəvələrindən idi.

Onun, imperatorun nəvələrindən biri ilə qərarlaşdırılan toy mərasimi çox qəribə surətdə dağıldıqdan sonra yuxuda Peyğəmbəri (s) görüb İslam dinini qəbul etdi. O, döyüşlərin birində romalı əsirlərin içinə girib, özünü Abbasi xilafətinin paytaxtına çatdırdı. Orada İmam Hadi (ə) tərəfindən göndərilən Bişr ibn Süleyman tərəfindən alınıb, imamın evinə gətirildi və İmam Həsən Əsgərinin (ə) həyat yoldaşı oldu.

Onun adı Nərcis, Süsən, Reyhanə və Səqil kimi göstərilmişdir.[9] Onun imanı, iffəti, paklığı, gözəl davranışı və əxlaqı elə bir həddə idi ki, imam övladı, imam bacısı və imam bibisi olan Həkimə xatun ona xüsusi hörmət göstərir və İmam Hadi (ə) həmişə onun haqqında gözəl sözlər söyləyərdi. Hələ çox öncə həzrət Əmirəl-möminin, İmam Sadiq (ə) və İmam Məhəmməd Təqi (ə) onu"خيرت الإ ماء" (kənizlərdən seçilmiş) və "سيدت الإماء" (kənizlərin sərvəri) adlandırmışlаr.

Hamiləlik dövründə İmam Mehdinin (əc.) anasında heç bir əlamət müşahidə olunmadı. Yalnız sonuncu gecə İmam Həsən Əsgəri (ə) həzrət Həkiməyə buyurdu: "Ey bibi, bu axşam bizimlə iftar elə. Bu gecə Allah-taala öz höccətini dünyaya gətirməklə səni sevindirəcəkdir"[10].

İMAMLIQ DÖVRÜNÜN BAŞLANMASI

İslam ümmətinin on birinci məsum rəhbəri 28 yaşında ikən zalım Abbasi xəlifəsi Mötəmid tərəfindən zəhərlənib şəhid edildikdə, həzrət Mehdi (əc.) beş yaşlı bir uşaq idi[11]. Onun uşaq ikən imamlığa başlaması isә, ilahi möcüzəni və Allahın bütün məsum imamların vücudunda qoyduğu heyrətamiz qüdrəti nəzərə almaqla, qətiyyən şübhəli və qəribə görünməməlidir.

Tarixdə dəfələrlə buna bənzər hadisələr baş vermişdir. Hamının qəbul etdiyi bu nümunələrdən biri Yəhya peyğəmbərin haqqındadır. Allah-taala Qurani-kərimdə buyurur: ""و آتيناه الحكم "Və uşaq ikən ona peyğəmbərlik verdik"[12].

Həzrət İsa peyğəmbərin beşikdə dil açıb danışması haqda isə belə buyurulur:

قال انى عبدالله آتاني الكتاب وجعلنى نبيا

"Dedi: "Mən Allahın bəndəsiyəm. O mənə kitab vermiş və məni peyğəmbər etmişdir"[13].

KİÇİK QEYB DÖVRÜ

İmam Mehdinin (əc.) dоğulmasının düşmən və müxaliflərdən gizli qalmasına bais olan amillər, onun qeybə çəkilməsinə də səbəb olmuşdur.

Bəzi rəvayətlərdə İmam Mehdi (əc.) həzrət Musa peyğəmbərə bənzədilmişdir.[14] Fironun adamları Musanı məhv etmək üçün o dövrün hamilə qadınlarına və südəmər körpələrinə hücum edib, bütün oğlan uşaqlarını vəhşicəsinə öldürmüşlər. Abbasilər də öz hakimiyyətlərini qorumaq və bütün zalımları məğlub edəcək son canişinin meydana çıxmasının qarşısını almaq məqsədilə istənilən cinayətə hazır idilər.

Hicri 260-cı ildə həzrət Mehdi (əc.) öz hücrəsindən çıxıb, əmisi Cəfər-kəzzabı (kəzzab: yalançı) kənara itələyərək atasının meyit namazını qıldıqdan[15] və bununla da öz imamlığının başlanmasını elan etdikdən sonra hökumət məmurları yeni planlar qurub, onu da şəhid etmək qərarına gəldilər.

Allah-taala özünün sonuncu höccətini düşmənlərin məkrindən qorumaq üçün, öz tükənməz qüdrəti ilə onu elə imamlığının əvvəlindən qeybə çəkmişdir.

يريدون ليطفئوا نورالله بأفواههم والله متم نوره ولو كره الكافرون

"Ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki, kafirlər xoşlamasalar belə, Allah öz nurunu kamala yetirəsidir!"[16]

QONDARMA "SƏRDABƏ DASTANI"

Samirədə İmam Hadi və İmam Həsən Əsgərinin (ə) müqəddəs məqbərəsi yanında bir sərdabə vardır. Bu sərdabə üç imamın - İmam Hadi, İmam Həsən Əsgəri, və İmam Zamanın (ə) namaz qıldıqları yer olduğuna görə, şiələr tərəfindən müqəddəs yer kimi ehtiram olunur. Lakin təəssüf ki, əhli-sünnə məzhəbinin bəzi tarixçi və yazarları öz əsərlərində İmam Mehdinin (əc.) orada gizlənməsinə dair uydurma hekayə yazır və şiələri, öz imamlarının oradan çıxmasını gözləməkdə ittiham və məsxərə edirlər[17].

Bu hörmətsizliklərə cavab olaraq, şiə alimləri dəlil-sübutlarla onların bu yanlış düşüncələrini rədd etmişlər. Biz burada yalnız mərhum Əllamə Əmininin "əl-Qədir" kitabında yazdığı cavabla kifayətlənirik:

“...Sərdabə iftirası isə daha çirkin iftiradır. Ümumiyyətlə, şiələr imamın sərdabədə qeyb olması fikrində deyillər. Nə onlar imamı qeybə çəkiblər və nə onlar onu sərdabədən zühur etdirəcəklər! Əslində şiələr hədislərə əsaslanaraq, onun Məkkədə Kəbənin qarşısında zühur edəcəyinə inanırlar və heç kim zühurun sərdabədə baş verəcəyini söyləməmişdir...

Heç olmasa, bu uydurmanı qoşanlar öz yalanlarında sözübir olsaydılar, onun qondarma olması əlamətlərinə görə bu qədər rüsvay olmazdılar. Belə ki, onların bəzisi оnun Bağdadda, bəzisi isə Samirədə olduğunu göstərmiş, bir qrup isə yerindən xəbərsiz olduğunu bildirmişdir.”[18]

XÜSUSİ NAİBLƏR

İmam Mehdinin (əc.) kiçik qeyb dövrü hicri 329-cu ilədək davam etmişdir[19]. Bu 69 il ərzində o, düşmənlərdən gizli yaşasa da, özünün dörd böyük səhabəsi ilə daim əlaqə saxlamışdır. Bu dörd naib xalqın sual və problemlərini imama və imamın cavablarını da onlara çatdırmışlar:

Osman ibn Səid Əmri: On bir yaşından İmam Hadinin (ə) xidmətində olmuşdur. Mütəvəkkil və digər zalım hakimlərin olduqca ağır və qorxulu hakimiyyəti illərində yağ satmaq adı ilə İslam maarifinin şiələrə ötürülməsində çox böyük rol oynamışdır.

Əvvəlki iki imamın vəkil və naiblərindən olan Osman, həzrət Mehdinin ilk xüsusi naibi (vasitəsiz nümayəndəsi) olmuşdur. O, hicri təqvimi ilə 300-cü ildə vəfat edib, Bağdadda dəfn olunmuşdur[20].

Məhəmməd ibn Osman Əmri: Atasının vəfatından sonra İmam Mehdinin (əc.) xüsusi naibi olmaq şərəfinə nail olmuşdur. Fiqh və hədis elmlərində bir neçə kitab yazmış Məhəmməd, dəfələrlə imam tərəfindən tərif və təsdiq olunmuşdur. Həzrət Mehdi (əc.) onun barəsində buyurmuşdur:

انه ثقتى و كتابه كتابى

“O, mənim inanıb etimad göstərdiyim şəxsdir. Onun yazdığı mənim yazdığımdır"[21].

O, hicri tarixi ilə 305-ci il cəmadil-əvvəl ayının sonunda dünyadan köçmüşdür.

Hüseyn ibn Ruh Novbəxti: Məhəmməd ibn Osman öz vəfatından bir müddət qabaq imamın əmrilə Hüseyn Novbəxtinin naib olacağını elan etdi. O, böyük alim, təqva və fəziləti ilə məşhur olan bir insan idi. Nəql olunmuş elmi mübahisələri onun elminin çoxluğundan və mənəvi qüdrətindən xəbər verir. Hüseyn ibn Ruh Novbəxti o qədər iradəli və dözümlü idi ki, onunla bir zamanda yaşamış alimlərdən biri deyir: "Əgər düşmənlər onu tikə-tikə doğrasalar da, heç zaman İmam Zamanın (əc.) yerini bildirməz.”[22]

O, 21 il xüsusi naiblik etdikdən sonra 326-cı ildə vəfat edib, Bağdadda dəfn olundu[23].

Əli ibn Məhəmməd Seymuri:[24] Əli ibn Məhmmədin şəxsiyyətinin əzəmətinə dair bu kifayətdir ki, "Kafi" kitabının müəllifi Məhəmməd ibn Yəqub Küleyni kimi böyük elm və təqva nümunələrinin və görkəmli tədqiqatçıların olduğu bir zamanda, yalnız o, İmam Mehdinin (əc.) xüsusi naibi olmaq şərəfini qazanmışdır.

Ölümündən altı gün qabaq İmam Mehdi (əc.) ona yazdığı məktubunda ölümü barədə xəbər vermiş və böyük qeyb dövrünün başlanmasını bildirmişdir[25].

Əli ibn Məhəmməd 329-cu il şəban ayının 15-də Allahın rəhmətinə qovuşmuşdur[26].

BÖYÜK QEYB DÖVRÜ

69 illik kiçik qeyb dövrü böyük qeyb dövrünə müqəddimə və insanların o dövrə hazırlaşması üçün qısa fürsət hesab olunur.

Təqribən 11 əsrdir davam etməkdə olan böyük qeyb dövrü müxtəlif cəhətlərdən kiçik qeyb dövrü ilə fərqlənir:

1.Kiçik qeyb dövründən olduqca uzunmüddətlidir.

2.Kiçik qeyb dövründən fərqli olaraq, bu dövrdə İmam Mehdiylə (əc.) əlaqədə olan heç bir xüsusi naib yoxdur.

3.İmam Sadiq (ə), İmam Həsən Əsgəri (ə) və İmam Mehdinin (əc.) hədislərində göstərilən şərtlərə malik olan müctəhidlər[27], İmam Zamanın (əc.) ümumi naibləri olaraq, bu dövrdə İslam hökumətinin idarəsinə, İslam və müsəlmanların mənafeyini qorumaq işinə məmur olunmuşlar. Bu dövrdə, həmçinin ilahi hökmlərin və cəza hədlərinin icrası və ümumiyyətlə, müsəlmanların bütün ictimai və iqtisadi işlərinə rəhbərlik də onların öhdəsinə düşür.

4.Bu dövr, xalqın və şəraitin vahid ümumbəşəri hökuməti qəbul etməyə hazır olacaqları zaman sona yetəcəkdir.

5.Bu dövrün müddət miqdarını Allahdan savayı heç kim bilmir və heç bir hədisdə onun vaxtı göstərilməmiş, onu təyin edənlər isə yalançı adlandırılmışlar.

QEYBƏÇƏKİLMƏNİN BƏZİ HİKMƏTLƏRİ

İmam Mehdinin (əc.) qeyb pərdəsi arxasında saxlanılması Allahın hikmətamiz iradəsi ilə bağlı olub, varlıq aləminin mürəkkəb sirlərindən sayılır[28]. Lakin, bununla yanaşı, bəzi hədislərdə onun bir sıra hikmət və səbəblərinə toxunulmuşdur. Bu hədislər qeybəçəkilmədə təsirli olan bəzi amilləri göstərməklə, Allah bəndələrinə ibrət dərsi verib, onları çıxış yolları barədə daha artıq düşünməyə vadar edir:

1. İlahi qanun

İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbərlərin qeybində həyata keçən bütün qanun və sünnələr, biz Əhli-beytin qiyam edəninin (Qaimin) qeybində çox ali formada həyata keçəcəkdir"[29].

2. İmamın canının qorunması

Onun fiziki cəhətdən məhv edilməsi, həm də ideyalarının aradan götürülməsi, İslam və Quranı hakim etmək missiyasının nəticəsiz qalması demək idi.

İmam Sadiq (ə) qeyb haqqında verilən sualın cavabında belə buyurmuşdur: "O, özünün öldürülməsindən qorxur"[30].

3. İslam hakimiyyətinin qəbul olunmasına və istismarçı zalımların məhv edilməsinə ümumdünya hazırlığı

Həzrət Mehdi (əc.) buyurmuşdur: "Mən zühur və qiyam etdiyim zaman boynumda heç bir tağutun və zalım hökmdarın beyəti olmayacaqdır"[31].

4. İnsanların imtahan olunması

Peyğəmbər (s) buyurmuşdur:

"Mehdinin (əc.) qeybi dövründə, ürəkləri Allah imanı ilə saflaşdırılmış şəxslərdən savayı heç kim onun imamlığına əqidə bəsləməkdə sabit qalmayacaqdır"[32].

5. İnsanların günaha aludə olması və zühura hazır olmaması

Həzrət Mehdi (əc.) özünü buludlar arxasındakı günəşə bənzətmişdir[33]. Və əgər o, həyati əhəmiyyətə malik olan işıqlı bir günəşdirsə, onun üzünü örtən buludlar insanların günahı və nankorluğundan başqa nə ola bilər?

QEYB DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ

İmam Mehdinin (əc.) qeyb olmasının necəliyi və onun xüsusiyyətləri barədə bir sıra hədislər mövcuddur. Lakin buna baxmayaraq, bu qeyb barəsində qəti və aydın təsəvvür yaratmaq mümkün deyil. Aşağıda bu xüsusuiyyətlərin yalnız bir neçəsinə toxunmaq istəyirik:

1. Bulud arxasındaki günəş kimidir:

كما ينتفعون بالشمس اذا سترها سهاب))[34]

2. O görünür, amma tanınmır:

(يجعل الله بينه وبين الخلق حجا با يرونه ولا يعرفنه) [35]

3. Hər il həcc mərasimində iştirak edir. Ərəfatda dayanıb, möminlərin duasına "Amin!" deyir:

(وانه ليحضر الموسم فى كل سنة ويقف بعرفة فيْؤمن على دعاء المؤمن) [36]

4. Cismən gözlərdən uzaq olsa da, xatirəsi ürəklərdədir:

(ان غاب عن الناس شخصه فى حال هدنة لم يغب عنهم مثبوت علمه) [37]

5. Bir çox aşiqləri onu görüb tanımağa müvəffəq olmuşlar.[38]

6. Onun müəyyən bir yeri yoxdur. Çox zaman tanınmaz şəhərlərin ətrafında yaşayır.

7. O, zalımlardan uzaq yerdə, tanınmadan və digər insanlar kimi xüsusi yerlərdə yaşayır, hamı kimi yemək və geyimə ehtiyaclıdır, həyat yoldaşı və övladı var.[39]

8. Bəzi məclislərdə iştirak edir, küçə və bazarlarda yol gedir.

9. Allahın hikməti ilə bəzən onun hər hansı bir yerdə olub, lakin gözə görünməməsi də mümkündür. İmam Rza (ə) buyurmuşdur:

"...Cismən görünmür" (لا يرى جسمه) [40].

İmam Sadiq (ə) buyurmuşdur:

"Özü sizdən gizlidir" ((يغيب عنكم شخصه[41].

Bəzən də Allahın əmri ilə görünür, lakin tanınmır.

Məhəmməd ibn Osman Əmri deyir:

(يرى الناس ويعرفهم و يرونه ولا يعرفونه)[42]

ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ

İmam Mehdi (əc.) Allahın bütün əzəmətli peyğəmbərlərinin və görkəmli övliyalarının varisi olmaqla, ən gözəl və kamil xüsusiyyətlərə malikdir.

O, özündə Peyğəmbərin (s) şanlı əxlaqını, Əmirəl-möminin Əlinin (ə) heyrətamiz xarakterlərini, Fatimeyi-Zəhra (s) və onun məsum övladlarının uca fəzilətlərini təcəssüm etdirir. Bu xüsusiyyətlərin bəzisinə toxunmaq, o həzrətə yaxınlaşmaq və daha artıq itaət göstərmək üçün əhəmiyyətli olardı.

1. Elm

Əli (ə) buyurmuşdur:

"O, sizin ən elmlinizdir"[43].

İmam Baqir (ə) buyurmuşdur:

"Bitkilərin ən gözəl formada torpaqdan cücərdiyi kimi, Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə elm də Mehdinin (əc.) qəlbində cücərib bitir. Kim onu görsə, belə desin: Salam sizə, ey rəhmət və nübüvvət əhli-beyti, ey elm xəzinəsi və risalət mənbəyi!"[44].

2. Zöhd və dünyaya etinasızlıq

İmam Rza (ə) buyurmuşdur:

وما لباس القائم الا الغليظ وما طعامه الا الجسب

"Bizim qiyam edənimizin paltarı bərk, xörəyi isə qurudur"[45].

3. İnsanlarla ədalətli rəftar

İmam Baqir (ə) buyurmuşdur:

يعدل فى الخلق الرحمن البر منهم و الفاجر

"O, insanlarla ədalətlə rəftar edir: istər saleh insan olsun, istər fasiq"[46].

4. Peyğəmbərin (s) sünnəsinə əməl etmək

Məhəmməd peyğəmbər (s) buyurmuşdur:

"O məndəndir, adı mənim adımdır. Allah məni və mənim dinimi onun vasitəsilə qoruyacaqdır. O mənim sünnəmə əməl edəcək"[47].

5. Ehsan və səxavət

Peyğəmbər buyurmuşdur:

"Bir kişi onun yanına gəlib deyəcək: "Ey Mehdi, mənə bir şey bağışla, əta et". Sonra Mehdi, daşıya biləcəyi qədər malı onun ixtiyarına buraxacaqdır"[48].

6. Dua və ibadət

İmam Mehdidən (əc.) nəql olunan müstəhəb namazlar və çoxsaylı dualar, o həzrətin dua və ibadətə olan xüsusi diqqətindən xəbər verir. Dua və ibadətin ən böyük bəndəlik əlaməti və Allaha yaxınlaşmaqda ən güclü amil olması isə aydın məsələdir.

Əgər dahi peyğəmbərimiz (s) ağır risalət (peyğəmbərlik) məsuliyyətini qəbul etməyə hazırlıq üçün mütləq gecə namazı qılmağa məmur olunursa, demək həqiqi bəndəlik, habelə namaz, dua və ibadətlə ciddi məşğul olmaq, ağır məsuliyyətləri qəbul etmək üçün labüddür. Elə buna görə də bütün yer üzündə tövhid və ədalət prinsiplərini hakim etmək məsuliyyətini qəbul etmək, daimi ibadətlər və fasiləsiz dualar olmadan mümkün deyil.

7. Şücaət və qorxmazlıq

Bütün müşrik və zalımlarla mübarizə və dünyanın qüdrətli tağutlarını diz çökdürmək, bənzərsiz şücaət və misilsiz rəşadət tələb edir: İmam Hüseyn (ə) kimi döyüş adamı olmaq, İmam Əli (ə) kimi zirehini arxa tərəfdən açıq qoymaq və Peyğəmbər (s) kimi döyüşlərin ən gərgin yerində öz savaşı ilə digər döyüşçüləri daha da ruhlandırmaq və qətiyyəti ilə mücahidlərə arxa durmaq!

8. Səbir və mətanət

Hər bir insanın səbir və dözümünü, onun başına gələn müsibət və problemlərin qədərinə əsasən ölçmək lazımdır. Tarixin ən dözümlü və mətanətli insanları çətinliklər qarşısında neçə il davam gətirmiş və nə qədər qəm və bəlalara dözmüşlər?

Heç şübhəsiz ki, bütün bu əsrlər boyu İmam Mehdinin (əc.) qarşılaşdığı müsibətlər başqa heç bir kəslə müqayisə olunası deyil. Çünki, artıq dözüm və mətanət tələb edən təkcə acıların çoxluğu və zamanın uzunluğu yox, həm də məsuliyyətin ağırlığıdır. İnsanın öhdəsinə düşən məsuliyyətin növü onun dözüm və davamlılıq miqdarını təyin etməkdə təsirlidir. Və unutmaq lazım deyil ki, həzrət Mehdi (əc.) zamanın imamı, insanların höccəti, bütün möminlərin vəlisi, şiələrin rəhbəri və atasıdır.

UZUNÖMÜRLÜLÜK

İmam Mehdinin (əc.) doğulmasından bu günədək 1000 ildən artıq vaxt keçir. Bu uzun ömrün bundan sonra daha neçə onilliklər, yüzilliklər və hətta minilliklər boyu davam edəcəyi isə heç kimə bəlli deyil. Lakin, bütün bunlara baxmayaraq, bu məsələdə heç bir qeyri-mümkünlük yoxdur. Çünki:

1) Hər bir şeyin vücuda gəlməsi və uzun müddət qalması, insanı yoxdan yaradan böyük Allahın iradəsinə bağlıdır:

انما امره اذا أراد شيا أن يقول له كن فيكون[49]

Belə bir Allahın öz hikmətinə əsasən, məxluqlarından birinin ömrünü min illər boyu uzatmağa qüdrəti vardır.

Qurani-kərimdə yazılmışdır ki, Əgər Yunus peyğəmbər (s) tövbə etməsəydi, Allah-taala onu qiyamət gününə qədər balığın qarnında diri saxlayacaqdı[50].

2) Tarix kitabları yüz illərlə heç bir xəstəlik görmədən yaşayan insanların əhvalatı ilə doludur. Tövratda yazılmışdır ki, "Zülqərneyn" üç min il ömür sürmüşdür[51]. Qurani-kərim Nuh peyğəmbərdən (ə) danışarkən, onun tufanaqədərki ömrünü 950 il göstərmişdir. [52]

3) Məntiqi cəhətdən, hər hansı bir mövcudun ömrünün tədrici artmasında, onun üçün müəyyən hədd nəzərdə tutub, ondan yuxarını qeyri-mümkün hesab etmək düzgün deyil. Buna görə də əgər bir insanın ömrü 100, 150 vəyaxud 200-ə çatmışsa, demək, bundan artığı da mümkündür və hətta bu, bir neçə min il davam etsə də, yenə də onu məhdud etmək olmaz.

4) Elm sübut etmişdir ki, əgər bədən üzvlərinə lazım olan maddələr, qədərincə onlara çatdırılsa və daima xəstəlik və çatışmazlıqlara qarşı tədbirlər görülsə, canlıların ömrü çox heyrətamiz şəkildə arta bilər. Buna əsasən, əsla təəccüblü deyil ki, İmam Mehdi (əc.) Allahın bəxş etdiyi sonsuz elm nəticəsində öz ömrünü adi insan ömründən dəfələrlə artıra bilər.

İNTİZAR

Nəhayət, İmam Mehdinin (əc.) üzücü qeyb dövrü başa çatacaq və əzəmətli zühur dövrü, İslam və tövhidin qələbə dövrü başlayacaqdır.

İmam Mehdini (əc.) bu əqidə ilə tanıyanlar, onun vilayət və itaət peymanını öhdəsinə götürənlər həmişə gözüyolda olub, özlərini və cəmiyyəti zühur dövrünə hazırlamağa çalışırlar.



  İrəli
Go to TOP