A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)
Müəllif:
Naşir:
Çap tarixi: 2088
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bu vaxt Hübab ibn Münzir yenə ayağa qalxıb cavab verdi:

-Ey mədinəlilər, öz sözünüzün üstündə möhkəm durun. Bu şəxsin (Ömər) və əshabının sözünü qəbul etməyin ki, sizi fikrinizdən döndərməsinlər. Əgər müxalif olsalar, onları öz şəhərimizdən qovun. Çünki xilafətə siz layiqsiz. Onları Mədinədən çıxartmaq sizin qılıncınızdan asılıdır. Xalq bu işdə sizinlə əlbir və sizə arxadır. Mən bu yolda möhkəm və yıxılmaz bir sütun kimi dayanmış, dəvələrin yatağında öz çirkin bədənlərini qaşımaq üçün basdırılmış dirək kimi (xilafət işlərini qaydaya salmaq üçün) müqavimət göstərərəm. Mən heç kimdən qorxmayan şir ürəkli bir adamam. Allaha and olsun! Əgər istəsəniz, mən onun (Ömərin) qollarını arxasına çataram.

Ömər ibn Xəttab dedi:

__ Onda Allah səni öldürsün.

Hübab cavab verdi:

__ Allah səni öldürər.[22].

Bu zaman Əbu Übeydeyi Cərrah məclisdəkiləri sülhə çağırdı:

__ Ey Mədinə müsəlmanları! Siz Peyğəmbər(s)-ə (Mədinədə) kömək edən ilk şəxslər olmuşsunuz. Barı indi İslam hökumətini bir-birinə vurmaqda birinci olmayın.

Noman ibn Bəşirin atası Bəşir ibn Səd irəli çıxıb: «Ey mədinəlilər! Bilin ki, Mühəmməd(s) Qüreyş qəbiləsindəndir. Onun qohum-əqrabası o Həzrət(s)-ə daha yaxındır. Məni xilafət məsələsində onlarla müxalif bilməyin», __ deyə söylədi.

4.Əbu Bəkrin qərarı və ona beyət

Bu vaxt Əbu Bəkr ayağa durub təkrar etdi:

__Bu, Ömər və Əbu Übeydiyyədir. Onlardan birinə __ hansına istəyirsiniz, beyət edin.

Ömərlə Əbu Übeydə dedilər:

__ Allaha and olsun ki, xilafətə gəlmək üçün səndən qabağa keçmərik. Sən mühacirlərin ən yaxşısı, dinin ən gözəl qanunu olan namazın bərqərar olunmasında Peyğəmbər(s)-in canişinisən. İndi əlini uzat ki, biz sənə beyət edək.

Əbu Bəkr Ömərə və Əbu Übeydeyə beyət etmək üçün əlini uzatdıqda Bəşir ibn Səd: «Əbu Bəkrə beyət etməsəniz, Xəzrəc tayfası onunla əlbir olacaq»,__ deyə onları qabaqladı.

Bu vaxt adamlar hər tərəfdən gəlib Əbu Bəkrə beyət edirdilər. Bu arada öz yatağındaca xəstə-xəstə bura gətirilmiş Səd ibn Übadə az qaldı ki, ora yığışanların ayaqları altında qalıb tapdansın. O, ucadan qışqırdı:

__ Məni öldürdünüz.

Ömər dedi:

__ Sədi öldürün. Allah öldürsün onu.[23]

5.Sədin Ömərə münasibətinin soyuması və ona beyətdən imtina etməsi

Bu zaman Sədin oğlu (Qeys ibn Səd) sıçrayıb Ömərin saqqalından tutaraq hədələdi:

__ Ey döyüşlərdən qorxub qaçan, camaat içində gizlənib özünü şir kimi aparan Səhhakın oğlu. Allaha and olsun! Əgər Sədin başından bir tük belə əksik olsa, səni elə günə salarıq ki, üzünün sümüyü görsənər.

Əbu Bəkr Ömərə:

__ Sakit ol, güzəşt elə, çünki güzəştə getmək yaxşı və bəyənilmişdir.

Səd ibn Übadə Ömərə dedi:

__ Ey Səhhakın (Ömərin nənəsi olan Həbəşistanlı kəniz) oğlu! Allaha and olsun! Əgər xəstə olmasaydım, ayağa qalxmağa taqətim olsaydı, səni və Əbu Bəkri Mədinənin küçələrində süründürərdim. O vaxt olsaydı, nənəmin qorxusundan Mədinədən qaçardınız. Sizin hər ikinizi elə tayfaya qatardım ki, nəinki başqaları sizə tabe olmazdı, əksinə, özünüz onların qarşısında zəlil və müti olardınız. Ey xəzrəclilər, məni bu çuxurdan qaldırın.

Onlar Sədi yatağından qaldırıb evə apardılar. Sonra Əbu Bəkr Səd üçün xəbər göndərdi ki, xalq mənə beyət etdi, sən də beyət et.

Səd dedi:

__ Allaha and olsun! Oxum qurtarmayana və nizəmlə sizi al qana boyamayana qədər sizə beyət etmərəm. Nə qədər ki əlimdə qılınc var, sizinlə döyüşəcəyəm. Allaha and olsun! Cinnü-ins yığışsa, mən sənə beyət etməyəcəyəm.

Sədin sözünü Əbu Bəkrə yetirdilər. Ömər dedi:

__Heç bir çarə yoxdur, o beyət etməlidir.

Bəşir ibn Səd Ömərə belə məsləhət verdi:

__ Ömər, Səd ölənə qədər də beyət etməyəcəyək. Əgər o öldürülsə, Ovs və Xəzrəc tayfalarının hər ikisi onunla bir öləcəklər. Onu öz ixtiyarında qoyun. Sədin evdə oturmağı sizin işinizə xələl yetirməz.

Ömər və onun həmfikirləri Bəşirin sözünü qəbul edib, Sədi öz başına buraxdılar.

Səd ibn Übadə onların namazında iştirak etmir, ziddiyyətli məsələlərdə qəzavət etmək üçün onların yanına getmirdi. Əgər arxası olsaydı, onlarla döyüşərdi. O, Əbu Bəkrin xilafəti dövründə beləcə dövran keçirirdi. Əbu Bəkrdən sonra Ömər ibn Xəttab xilafət başına gələndə də Səd bu minvalla öz yolunu (beyət) etməmək) davam etdirirdi. Ömərlə üzləşməmək üçün Şama tərəf gedərək bir müddət sonra Ömərin xilafəti zamanında Həvəran ölkəsində onların heç birinə beyət etmədən dünyadan köçmüşdü. Gecə vaxtı Sədi oxla vurub öldürmüşdülər. Şəhərdə onun cin tayfası tərəfindən öldürülməsi şayiəsi yayılmışdı.[24]

6. Sədin cinlər tərəfindən öldürülməsinin saxta dastanı.

Məşhur tarixçi Bilazəri yazır ki, Ömər ibn Xəttab Xalid ibn Vəlidlə Məhəmməd ibn Müslimeyi Ənsariyə Səd ibn Übadəni öldürmələri barədə göstəriş vermişdi. Nəticədə, onların hər biri Sədə bir neçə ox ataraq onu öldürmüşdülər. Sonra xalq arasında belə şayiə yaydılar ki, guya Sədi cinlər öldürüb və adamların dilinə bu şeri saldılar (ki, cinlər deyir): «Xəzrəc tayfasının rəisi Səd ibn Übadəni biz öldürdük. Ona iki ox atdıq, oxlar xətaya uğramayıb onun ürəyinə batdı».

7. Səqifə əhvalatı barəsində İbn Əbil Hədidin söylədiyi başqa bir rəvayət

İbn Əbil Hədid də məşhur mənbələrə istinad edərək belə yazır: «Elə ki Peyğəmbər(s) dünyadan köçdü, mədinəlilər ibn Übadənin ətrafına yığışdı. Əbu Bəkr, Ömər və Əbu Übeydə də onların yanına getdilər. Ənsardan olan Hübab ibn Münzir dedi: «Gəlin bir nəfər bizdən və bir nəfər də sizdən seçilsin. Allaha and olsun, biz xilafət barəsində sizə paxıllıq etmirik. Yalnız bundan qorxuruq ki, sizdən sonra atalarını, oğullarını və qardaşlarını öldürdüyümüz şəxslər bizə hakim kəsilib hökmranlıq edələr (Bəni- Üməyyə kimi)».

İbn Əbil Hədid yazır:

«Bu rəvayəti Əbu Cəfər Yəhya ibn Məhəmməd Ələvi üçün danışanda dedi: «Mən Hübab ibn Münzirin fərasət və uzaqgörənliyini təsdiqləyirəm. Elə onun söylədiyi və qorxduğu şey də oldu. O vaxt Yəzid ibn Müaviyə Hicrətin 63-cü ilinin zilhiccə ayında (təxminən 643-cü il miladi) Mədinədə baş verən qanlı «Hərrəh» hadisəsində Bədr döyüşündə öldürülmüş müşriklərin qanını Mədinə müsəlmanlarından aldı. (Bu hadisə İbn Müaviyənin vasitəsilə baş vermişdi. Mədinə müsəlmanlarından 10 000 nəfərdən çoxu kütləvi surətdə qırılmışdı. Hübab ibn Münzir də hakimiyyət başına belələrinin gəlməyindən qorxurdu.

Rəsuli-əkrəm(s) də müşriklərin qanını tökmüşdü və bilirdi ki, əgər qızı və qızının övladları zülmkar hakimlərin hökmranlığı altına keçsəydilər, dəhşətli xətərə məruz qalacaqdılar, buna görə də həmişə hakimiyyəti özündən sonra əmisi oğluna (Əli(ə.s)-yə) vəsiyyət edirdi ki, Əhli-beyti bu xətərlə üzləşməsin.[25] Əgər xilafətə Peyğəmbər(s)-in itrəti keçsəydi, Əli(ə.s) və Əhli-beyti həmişə amanda qalacaqdı, lakin qəza və qədər, zalım hakimlərin tamahı ona müsaidə etmədi. Hər şey elə alt-üst oldu ki, həzrəti-Mühəmməd(s)-in övladlarının aqibətinin necə olduğundan özün də xəbərdarsan».

Əli(ə.s) və Bəni- Haşimin Səqifə toplanışında olmaması

Böyük alim Şeyx Müfid (413 h.c.,993 miladi) öz «İrşad» adlı kitabında belə yazır:

«Peyğəmbər(s) vəfat edəndən sonra İmam Əli(ə.s) onun mübarək bədəninə qüsl verib kəfən tutmağa və dəfn işləri ilə məşğul idi. Nəhayət, Əli(ə.s)-nin və Bəni-Haşimin iştirakı olmadan Əbu Bəkrin xilafəti bərqərar oldu. Beləliklə də, Mədinə müsəlmanlarının arasına ixtilaf düşdü, lakin Məkkənin fəthində azad olmuşlar dəstəsi və Peyğəmbər(s)-in qəlblərini satın almaq üçün İslama daxil olmalarına icazə verdiyi şəxslər xilafət məsələsinin təxirə düşməsini istəmirdilər. Ona görə Bəni-Haşimin başı işdən açılmamış məsələni bitmiş hesab edib Əbu Bəkri xəlifə seçdilər, çünki o, Səqifə toplanışında idi və plan da onun məqsədinə uyğun qurularaq tamamlanmışdı.

2.Əli(ə.s)-nin söhbəti

Rəvayət olunmuşdur ki, Əbu Bəkrə beyət edilmə mərasimi sona yetən kimi bir nəfər həzrəti-Əli(ə.s)-nin hüzuruna gəlib gördü ki, o Həzrət əlində bel Rəsuli-əkrəm(s)-i qəbrini hamar edir. Söylədi:

__ Camaat Əbu Bəkrə beyət etdi. Mədinəlilərin arasında ixtilaf düşdüyündən onlar xilafət məsələsində məğlub oldular. Tüləqa (Məkkənin Fəthində azad olmuşlar) sizin xəlifə olmağınızdan qorxaraq qabağa düşüb tez bu kişiyə (Əbu Bəkrə) beyət etdi.

Həzrəti- Əli(s) beli yerə söykəyib buyurdu:

«Mehriban və bağışlayan Allahın adı ilə. Əlif lam mim. Elə bilirlər ki, iman gətirdik deyib öz başlarına buraxılarlar və imtahan olunmazlar? Biz onlardan qabaqkıları imtahan etdik. Gərək Allahın elmi yalan və doğru deyənlərin barəsində həqiqəti aşkara çıxarsın. Günah iş görənlər elə bilirlər ki, bizim qüdrətimizin çərçivəsindən uzaqlaşa biləcəklər? Necə də nahaq qəzavət edirlər?»[26]

3.Əbu Süfyanın təklifinin rədd olunması.

Əbu Süfyan Peyğəmbər(s)-in evinə gəlmişdi. Əli(ə.s) və Abbas (Peyğəmbər(s)-in əmisi) ona baxdılar ki, görsünlər nə deyir və bunun istədiyi nədir? Əbu Süfyan bir şer oxudu: (şerin məzmunu təxminən belədir.)

«Ey Bəni-Haşim xanədanı, başqalarını öz xilafətiniz barədə tamaha saldırmayın, əsasən də Təym ibn Mərrə (Əbu Bəkr) və Ədiyy (Ömər) tayfalarını. Xilafət siz Bəni-Haşimindir və sizə də qayıdacaqdır, xüsusilə Əbülhəsən Əli(ə.s)-nindir. Ey Əbülhəsən, xilafət vasitəsilə öz arxanı möhkəmlət. Çünki ümid bəslədiyin xilafətə sən layiqsən».

Sonra o, ucadan dedi:

__ Ey Bəni- Haşim, Ey Əbdül Mənaf övladları, siz razısınızmı, Əbu Süfyan alçaq oğlu alçaq sizin hakiminiz olsun? Allaha and olsun, əgər istəsəniz, süvari və piyadadan ibarət bir qoşun hazırlayaram ki, onları sıxışdırıb çıxararlar.

Əli(ə.s) onun çirkin niyyətindən xəbərdar olduğundan Əbu Süfyana dedi:

__ Çıx get! Çünki Allaha and olsun, dediyin sözlər Allaha görə deyildir. Sən həmişə İslamı parçalamaq və zərər yetirmək fikrində olmusan. Biz Rəsuli-əkrəm(s)-i torpağa tapşırmaqla məşğul idik. Hər kəs öz əməlinin mükafatını alacaq. Allah-təala zəhmət çəkənlərə kömək edər.

Əbu Süfyan pisniyyətli və fürsətdən istifadə etmək fikrində olduğundan məyus olub oradan birbaşa məscidə getdi. Bəni-Üməyyə tayfasının məsciddə yığışdığını görüb onları xilafəti ələ almağa çağırdı. Bəni-Ümməyə də Əbu Süfyanın ardınca getdi. Beləliklə, elə bir fitnə qalxmışdı ki, hamı ona düçar olmuş, cürbəcür bəhanələr ortaya çıxmışdı. Şeytan hökmranlıq sürürdü. Zalımlar əl-ələ vermişdilər. Möminlər isə xar və pərişan olmuşdular. Budur, Allah kəlamının batini mənası:

«Fitnədən qorxun ki, təkcə sizin zülmkarlarınıza yetişmir». (Əksinə, hamını əhatə edir.) («Ənfaq», 25).

4.Şeytansifətin təhrikləri

Böyük alim şeyxi-əcəll və əqdəm Übeydullah ibn Abdulla Əsəd Abadi «Əlmuqniu fil imaməti» kitabında yazır ki, burada Səqifə əhvalatının incəliklərini araşdırıb aydınlaşdırsaq, görərik ki, onlar vəliyyi-əmrin və sahibi-həqqin haqqını əlindən almaq üçün nə qərara gəldidər. Tarixçilər və tarixi şəxsiyyətlərin həyatını yazanlar demək olar ki, hamısı belə qənaətə gəlmişlər:

Hadisə zamanı Əmirəl-möminin Əli(ə.s) Peyğəmbər(s)-in müqəddəs vücudunu dəfn etməklə məşğul idi. Mühacir, ənsar, Qüreyşin bir qrup üzvləri hakimiyyətlə əlaqədar həzrəti-Əli(ə.s) və Bəni-Haşim tərəfindən hansısa bir hadisənin baş verəcəyini gözləyirdilər. İblis Səqif tayfasından olan Müğeyrə ibn Şöbə adlı çəpgöz bir kişinin surətində zahir olub onlara dedi:

__ Nəyi gözləyirsiniz?

Dedilər:

__ Gözləyirik ki, Bəni-Haşim öz işini qurtarsın.

İblis dedi:

__ Gedin öz işinizi görün ki, tamamlansın. Allaha and olsun, əgər Bəni-Haşim tayfasının Peyğəmbər(s)-i dəfn edib qurtarmasını gözləsəniz, onların təsiri altına düşəcəksiniz. Xilafət işi isə Rum qeysərləri və İran kəsraları qaydasında davam edəcəkdir. Bundan əlavə bir müddət bundan qabaq Qureyşdən bir neçə nəfər məktub yazıb Əbu Ubeydiyeyi Cərraha söz veriblər. O məktubda belə şərt kəsiblər ki, əgər Rəsuli- əkrəm (s) vəfat etsə və yaxud öldürülsə, Bəni-Haşimin hakimiyyətini qəbul etmərik ki, nübüvvət və xilafət yenidən onlarda cəmlənməsin.

Sonra həmin iblis (Müceyrə) mədinəlilərin yanına gedib onları da hakimiyyəti ələ keçirməyə təhrik etdi.

Ənsarlar Bəni-Saidə səqifəsinə yollandılar.

5.Əbu Züveyb Həzəlinin qəribə xəbərləri

Übeydullah Əsəd Abadi sözünə davam edib deyir ki, Bəsrə əhlindən olan Əbül-Həsən ibn Zənci Müğəvi 433-cü hicri qəməri ilində (təxminən 1013-cü il miladi) mənə Əbu Züveyb Həzəlidən eşitdiyi bir qəziyyəni söyləmişdi:

Biz Mədinədən uzaqda idik. Rəsuli-əkrəm(s)-in xəstəlikdən yatağa düşməsi xəbərini eşitdikdə pərişan olub, o gecəni çətinliklə başa vurduq. Çox narahat idik. Mən yuxuya və qarışıq xəyallara qərq olmuşdum. Birdən səhərə yaxın eşitdim ki, Hatifi belə deyir:

«İslamda böyük bir hadisə baş vermişdir. İslam parçalamışdır. Xurmalıqlar arasında və bütlərin şəhərində (yəni Mədinədə) Rəsuli -əkrəm (s) vəfat etdi. Gözlərimiz o Həzrətin vəfatının müsibətinin faciəsindən yaş tökür».

Əbu Züveyb deyir: «Yuxudan hövlank ayıldım. Səmaya baxanda «Sədi-zabih» adı ilə tanınmış ulduzdan başqa bir şey görmədim. Belə yozdum ki, ərəb tayfaları arasında ölüm-itim olacaq. Başa düşdüm ki, bu gecə Rəsuli- əkrəm (s) bu dünyadan köçübdür. Ayağa qalxdım. Dəvəmə minib Mədinəyə sarı yola düşdüm. Artıq hava işıqlaşmağa başlamışdı. Bir şey görmək üçün ətrafıma baxırdım ki, ondan məna yozum. Birdən səhrada ağzında kiçik bir ilan ovlamış yekə bir tısbağa gördüm. İlan qıvrılır, tısbağa isə onu yavaş-yavaş çeynəyirdi. Tısbağa ilanı yeyib qurtardıqdan sonra mən bu hadisəni belə yozdum ki, yəqin Rəsuli-Əkrəm(s)-in canişininə etiraz edib ondan üz çeviriblər. İlanın yeyilməsindən ağlıma xilafətin yeyilməsi mənası gəldi (başqalarının əlinə keçir).

Dəvəmi tələsik sürüb mədinəyə yetişdim. Gördüm, Mədinə əhli əza və ah-naləyə qərq olubdur. Hacıların ehramda ağladıqları kimi hönkür-hönkür ağlayırlar. Nə baş verdiyini soruşanda Rəsuli-Əkrəm(s)-in vəfat etdiyini söylədilər.Elə ki bu xəbəri eşitdim, məscidə tərəf getdim. Məsciddə heç kimi görməyib Peyğəmbər(s)-in evinə yollandım. Qapı bağlı idi. Dedilər, Allahın Rəsulu(s) vəfat edib, mübarək peykərini[27] kəfənə tuturlar. Qüsl vermək üçün təkcə Əhli-beyti onun yanındadır. Soruşdum ki, bəs camaat haradadır?

Mənə belə cavab verdilər:

__ Camaat Bəni-Saidə səqifəsində mədinəlilərin toplanışna gedib.

Mən özümü Səqifəyə yetirdim. Əbu Bəkr, Ömər, Müqeyrə, Əbu Übeydeyi-Cərrah və Qureyşdən olan daha bir neçə nəfəri orada gördüm. Mədinəlilərin arasında Səd ibn Dilhəm və onların şairi Həssan ibn Sabiti də orada əyləşən gördüm. Qureyş və ənsarla xilafət barəsində söz açdım. Heç birindən haqqı eşitmədim. Sonra Əbu Bəkrə beyət etdilər.»

Daha sonra Əbu Züveyb gəldiyi yolla da geri qayıtdı. O, Osmanın xilafəti zamanında dünyadan köçmüşdü.

6. Səqifə mərsiyələrində şerlər

Adı çəkilən alim (Übeydullah Əsəd Abadi) yenə yazır ki, Nabiğeyi-Cuda[28] evindən çıxıb Peyğəmbər(s)-in vəfatından sonra camaatın vəziyyətini xəbər aldı. İmran ibn Həsi Səqifə toplanışı barədə ona şerlə cavab verdi. Şerin məzmunu təxminən belədir:

«Əgər mən özümü o qalmaqal arasında tanısaydım, bir qurbanlıq kəsərdim». (Vəziyyət bu qədər qarışmışdı).

Nabiğə soruşdu:

__ Həzrəti Əbülhəsən Əli (ə.s) neyləyir?

Ona cavab verdilər:

__ O, Rəsulallah(s)-ın mübarək cənazəsini dəfn etməklə məşğuldur.

O zaman Nabiğə bir şer oxudu.Məzmunu belədir:

Bəni-Haşim xanədanından olan bu əslə (yəni qabaqdan saçı tökülmüş) kişiyə__ Əli(ə.s)-yə deyin ki, xilafətin hörülmüş ipini açdın(yəni əldən verdin).Sən Qureyşin başçısısan. Dünən sənə möminlərin əmiri kimi salam verirdilər (Qədir-Xum əhvalatı), bu gün isə öz əhdlərinə vəfa etmədilər. Təym ibn Mərrə övladları (Əbu Bəkr və s.) əhd-peymanı pozub cəhənnəm atəşinə layiq oldular. O (Əli (ə.s)) isə sabah__ qiyamət günü onlarla düşmənçilik edəcək.

Səqifə əhvalatının baş verdiyi gün mədinəlilərin bayraqdarı Noman ibn Zeyd aşağıdakı şeri oxuyaraq İslamda baş vermiş bu ixtilafa görə ağlayırdı. O, insanların Peyğəmbər (s)-ə qarşı çıxmalarına çox təəssüf edib belə deyirdi:

«Ey İslamın ölüm xəbərini verən, ayağa qalx, İslamın əzasına otur. Çünki xeyir ölmüş, onun yerini isə şər tutmuşdur. Qüreyş və Kəb tayfaları üçün qəbul edib rəhbər seçdikləri şəxsdən başqa bir örnək yoxdur. Şəxsiyyətini tanımadıqları halda Əli (ə.s) kimi simanı hakimiyyətdən uzaqlaşdırdılar. Əli(ə.s)-nin vücudu gunəş kimi örtülməz. Onun Allahın qüdrəti ilə yüksələn qiymətli və Tanrı dərgahında böyük məqamı olan bayrağı heç vaxt bükülməz. Onlar istəyirlər ki, Əli(ə.s)-nin nurunu örtməklə zülmətlərini gizlətsinlər, lakin heç vaxt buna nail olmayacaqlar.

Əli (ə.s) döyüşlərdə Qüreyşin sərdarı, onların faruqu (yəni haqqı batildən ayıranı) və siddiqdir. O, Qureyşə sevinc bəxş etmişdir.

Xilafəti bütün eniş və yoxuşlarda Allaha təkbir söyləyib namaz qılan Əli(ə.s)-nin əlindən almağı namaz qılmayan və təkbir deməyən ziyan verənlər (münafiqlər) bunu dinin məsləhəti sandılar. Məhv olsun onlar ki, şeytana uyub yollarından azdılar!

Həmin gün Ütbət ibn Əbu Süfyan ibn Əbdül Mütəllib bu məzmunda şer oxudu:

«Əmr sahibi, rəhbər Peyğəmbər(s)-dən sonra həzrəti-Əli(ə.s)-dir, çünki o, həmişə həzrəti-Mühəmməd(s)-lə bir yerdə olmuş, sevincini, kədərini bölüşmüş Peyğəmbər(s)-in yavəri idi. Əli (ə.s) Rəsuli-əkrəm(s)-in həqiqi vəsisi və kürəkəni idi. O, Peyğəmbər (s) ilə namaz qılan və İslamı qəbul edən ilk şəxsdir».

Peyğəmbər(s)-in əmisi Abbas o gün bu şeri oxudu:

«Bəni-Haşimdən olmayan, lakin Bəni-Haşimə göstəriş verən insanlara təəccüb edirəm. Bəni-Haşim Peyğəmbər(s)-in zümrəsindəndir. Başqa tayfalar hörmətdə, rəftar və alicənablıqda ona tay deyillər.

Ütbət ibn Əbi Ləhəb də şer oxudu:

«Bəni-Təym tayfası (Əbu Bəkr) xilafəti zülmlə ələ keçirərək Əli(ə.s)-ni onun üçün qabaqcadan təyin olunmuş rəhbərlikdən uzaqlaşdırdı, Əli(ə.s)-nin Peyğəmbər(s)-ə olan qohumluğuna hörmət etməyib, onun elmi məqamına (onun rəhbərliyinin əsas şərtidir) diqqət qoymadılar».

Übadət ibn Samitin oxuduğu şer belə idi:

« Niyə bu kişilər Əli(ə.s)-ni ona layiq olan xilafət məqamından uzaqlaşdırdılar.? Məgər başqalarına görə xilafət Əli(ə.s)-yə məxsus deyildimi?»

Bəni-Cəhm xanədanından olan Əbdürrəhman Hənbəlin baş vermiş hadisələrə şerlə münasibəti:

«Allaha and olsun! Lazım idi ki, dinin müdafiəçisi, iffət və izzətdə məşhur, paklığa müvəffəq olmuş, alicənab, doğruçu, imanda hamıdan qabaq olan Əli(ə.s)-yə beyət edəydiniz. Həmin Əbül Həsənə, Əli(ə.s)-yə beyət edin ki, o, eyibli, bu məqama layiq olmayan şəxsin tayı deyildir. O, yeganə insandır ki, hamıdan ilkin Allah üçün namaz qılıb, təqva yolunu tutmuşdur. Belə olan halda (əgər Əli(ə.s)-yə beyət etsəniz) siz yolunuzu azandan sonra hidayət yoluna qayıdıb parçalanmağınıza səbəb olan səhvləri düzəldərsiniz. Əli(ə.s) sizə çətinliklərdə hamıdan çox kömək edəcək. O, Fatimə binti Əsədin oğludur».

Zəfər ibn Haris ibn Hüzeyfiyeyi Ənsari də onlara qoşulmuşdu:

«Əli(ə.s)-nin ətrafında birləşib ona kömək edin, çünki o, Rəsuli-əkrəm(s)-in rəhbər təyin etdiyi möhtərəm şəxsdir. Əgər onu tək qoysanız, xoşagəlməz hadisələri aradan qaldırmaq üçün bir şəxs tapılmaz».

Əbu Süfyan Səxr ibn Hərb ibn Üməyyə də belə deyirdi:

«Ey Haşim oğulları, niyə Əhməd(s)-in mirası sizin əlinizdən ip yeyən tayfanın əlinə keçdi? Ey Əbdül mənaf xanədanı, aranızda ləyaqətli şəxslər ola-ola, necə bu gördüyüm şeylərə razı olursunuz? Xilafəti əldə saxlamaqda möhkəm durun. Bizə və bizim köməyimizə inanın. Vəzifə sahiblərindən hansı biri sizə tay ola bilər? Nə vaxtdan Bəni-Təym qəbiləsinin qibləsi sizə yaxın olmuşdur? Bəli, Təym və Ədiyy tayfaları biri-birinə bərabərdirlər. Lakin siz onlardan layiqli və üstünsünüz. Qureyşin böyük və izzətli məqamından sonra Təym tayfasının qapısını işıqlandırdılar. Döyüşsüz, qılıncsız onların qarşısında kiçiklik etdilər. Təəssüflər olsun, onların bu qələbəsinə ki, onları həmişə dövlət və sərvətlə məcruh[29], həm də qalib edəcəkdir».

Xəzimət ibn Sabit də baş verənlərə dərindən təəssüflənərək söyləyirdi :

«Mən xilafətin Bəni-Haşimin əlindən çıxaraq Əli(ə.s)-dən alınmasını güman etmirdim. O, «Quran» və sünnəti hamıdan çox bilmirmi? Əli(ə.s) Rəsuli-əkrəm(s) vəfat edənə qədər o Həzrətlə qalan axırıncı şəxs deyildimi ki, sonra Cəbrayıl Peyğəmbər(s)-ə qüsl verməkdə və kəfənə tutmaqda ona kömək etdi? Qoy biz onu xilafətdən uzaqlaşdıranı tanıyaq. Bilin və agah olun ki, sizin başqalarına beyət etməyiniz bağışlanılmaz səhvdir».

Xəzimət ibn Sabitin Ayişəyə xitab olunan şerindən:

«Ayişə, Əli(ə.s)-də eyib axtarma. Sən anasan. Əli(ə.s) artıq Rəsuli-əkrəm(s)-in rəhbər təyin etdiyi və o Həzrətin Əhli-beytinin üzvlərindən biridir. Sən xəbərdarsan ki, Rəsuli-əkrəm(s) xanədanında Əli(ə.s)-ni öz vəsisi təyin etdi».

Noman ibn Əclan Ənsari Əmr ibn Ası danlayanda Şəqifə barəsində aşağıdakı şeri söyləmişdir:

«Dediniz ki, Səd ibn Übadəni xəlifə seçmək haramdır, lakin siz Ömərin oğlunun azad etdiyi Əbu Bəkrin xəlifə seçilməyini halal bildiniz. Əli(ə.s) rəhbəriyyətə daha layiqli şəxs ola-ola, xilafətə Əbu Bəkri seçdiniz. Bu, bir növ, Əli(ə.s)-ni təhqir etmək kimi bir şeydir. Belə böyük vəzifəyə təkcə Əli(ə.s) layiqdir, ey nadanlıq yolunu gedən, Ömər As!»

Əli(ə.s)-nin mədinəliləri müdafiə etməsi və Həssanın şerləri.

Übeydullah Əsəd Abadi öz «Əlmuqniu fil imamə» adlı kitabında yenə də yazır:

«Əbu Bəkr xilafətdə möhkəmlənib Səqifədən məscidin ətrafında olan evlərə tərəf gələndə, Ömər As Əbu Bəkrə tərəfdarlıq etmək məqsədilə Mədinə camaatını danlayıb «alçaq», «ləyaqətsiz» kimi sözlər deyərək təhqir edirdi. O, İslama qarşı olan kin və nifrətini Peyğəmbər(s)-in vaxtında gizlədirdi. İndi fürsətdən istifadə edib bu düşmənçiliyi aşkar etmişdi. Bu xəbər Əli(ə.s)-yə çatanda məscidə gəlib minbərə çıxdı, Mədinə müsəlmanlarının fəzilətlərindən və onların şəninə nazil olmuş «Quran» ayələrindən misallar çəkib buyurdu:

«Hamı gərək mədinəlilərin (ənsar) haqqını tanıyıb onlara ehtiram eləsin».

Xalq Həssan ibn Sabitdən (mədinəlilərin məşhur şairi) Əli(ə.s)-nin fəzilətləri, İslamda olan xidmətləri barədə də şer yazmağını tələb edirdi. Onlar Səqifədə Əli(ə.s)-yə qarşı çıxdıqlarından peşman olmuşdular. Həssan ibn Sabit də aşağıdakı şeri oxumuşdu:

«Allah-təala biz tərəfdən Əli(ə.s)-yə xeyir, mükafat versin. Mükafat Allahın əlindədir. Əbülhəsən Əli(ə.s)-nin tayı-bərabəri varmı? Səndə olan fəzilətlərə görə Qüreyşdən qabağa keçdin. Sənin qəlbin geniş və sınaqdan çıxmışdır.

Onlardan bəzisi sənin məqamının arzusundadır. Arıq, zəif bir adamın kök və qüvvətli bir rəqiblə döyüşə girməsi nə qədər ağılsızlıqdır.

Sən hər yerdə və hər məkanda İslamı himayə etməkdə su ilə dolu kəndirli quyu qabına bənzəmisən (yəni İslam su ilə dolu quyu kimi, sən də quyudan su çıxaran qab və kəndir kimisən ki, xalqı İslamın elm və fəzilətləri ilə sirab etmisən).

Ömər As fəzilət və təqvanı bir kənara atıb dərdləri artıranda sən bizə görə düşmənlərimizə qarşı çıxdın. Sən Ləvvi ibn Qalib sülaləsindən olub həm indi və həm də gələcəkdə xalqın ümidisən. Allahın Rəsulu(s)-nu (s) və Əhli-beytini qorudun, onun bizimlə olan əhd-peymanını hifz etdin. O Həzrət(s) səninlə əhd bağlamışdı. Bu rəhbəriyyətə kim səndən daha layiqdir? Məgər sən xalqı hidayət etməkdə Rəsuli-əkrəm(s)-in qardaşı deyilsənmi? Sən o Həzrət(s)-in vəsisi, «Quran» və Peyğəmbər sünnətini hamıdan daha yaxşı bilən deyilsənmi? Buna görə nə qədər ki, Nəcd və Yəmən torpağında həyat vardır, sənin haqqın bizim boynumuzda böyük və əzizdir».

Əbu Bəkrin Üsaməyə məktubu və onun cavabı.

İmamətin Peyğəmbər(s)-dən sonra Əli(ə.s)-yə məxsus olması və onun haqqının qəsb olunmasını iddia etməyin dəlillərindən biri də Əbu Bəkrin Səqifə hadisəsindən sonra Üsamə ibn Zeydə yazdığı məktubudur. Üsamə ibn Zeyd düşmən təcavüzünün qarşısını almaq üçün Şama göndərilən qoşunun həzrəti-Mühəmməd(s) tərəfindən təyin olunmuş sərkərdəsi idi. Peyğəmbər(s) buyurmuşdu ki, hər kim Üsamənin əmrindən boyun qaçırsa, günahkardır. Səqifə əhvalatına gəldikdə isə Üsamə Rəsulullah(s) vəfat etdikdə, eləcə də Səqifə toplantısı zamanı Mədinədə deyildi. O, Şama getmək üçün qoşunla Mədinə yaxınlığında yerləşən Cürf torpağında idi.

Əbu Bəkrin Üsaməyə yazdığı məktubun məzmunu belədir: «Rəsuli- əkrəm (s)-in xəlifəsi Əbu Bəkrdən Üsamə ibn Zeydə.



Geri   İrəli
Go to TOP