A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Ayətullahül-üzma Behcətin həyatı
Müəllif: Məlahət Əsədova
Naşir: Şəhriyar
Çap tarixi: 2007
Səhifələrin sayı: 144
Çap növbəsi: İkinci
Tirajı: 3000
Geri   İrəli


2. Bizim bir əzəmətimiz yoxdur. Olanı da bu qədərdir ki, ayaq üstə durub qiyam halını alırıq. Sonra həmin əzəmətimizi rükuya getməklə yarıya bölürük. (Bir az da kiçildirik) Daha sonra isə səcdəyə və torpağa dönürük. (Tamamilə heç oluruq).

3. Namazda qiyam [halını almaq] iki dostun söhbətinə bənzəyir. Hərçənd söhbət bir şeydən gedir. Amma rüku ağa və nökərin məsələsinə oxşayır. Ona görə də rükuda “Sübhanə rəbbiəl-əzim...” zikri deyilməlidir. Bununla belə səcdəyə nisbətdə [rükuda deyilən bu zikr Allah qarşısında kiçilməkdə] ən aşağı mərtəbə sayılır. Başqa sözlə desək, bəndənin namazda qiyamı übudiyyətin (bəndəliyin) və sükunun (xatircəmliyin) izharıdır. Yə`ni bəndənin özündən heç bir hərəkəti yoxdur. [Amma] səcdə xüzu`nun (Allaha bəndəliyin, təslimin) son həddidir.

4. Bəndə Həzrət Haqqın müqəddəs hüzurundan qayıtdıqda (namazı bitirdiyində) Allah tərəfindən gətirdiyi ilk sovqat salamdır. Kufə məscidinin duasında deyilir: “Sən Özün salamsan! Salam sənin tərəfindəndir və Sənə tərəf də qayıdır. İlahi! Bizi Öz tərəfindən olan salamla salamla.[78]

5. Namaza giriş üçün deyilən təkbirin və namazdan xaric olmaq üçün [deyilən] təslimin [bu əməllərlə] nə qədər tənasübü var? Baxmayaraq ki, “kəbir” və “əzim” hər ikisi Allahın adlarıdır, amma təkbirdə “əkbər” münasibdir. Çünki, onda maneçilik nəzərdə tutulmuşdur. Yə`ni [təkbir deyib əlləri yuxarı qaldırmaqla] bütün dünya işlərini və bütün böyükləri (böyük saydıqlarınızı) bir kənara qoyun. Çünki Allah-təala Əkbərdir. Yeri gəlmişkən, “həyyə əla xəyril-əməl” kəlamı da həmin nöqtənin daşıyıcısıdır.

Hər halda, namaz qılan təkbir deməklə ilahi hərəmə daxil olur. Amma biz nə bilirik bunlar nə deməkdir?

Rəvayətdə deyilir: “Əgər namaz qılan nə kimi ilahi cəlalla əhatə olunduğunu bilsəydi, heç vaxt namazdan üz döndərməzdi.”[79]

6. Qiyam -başdan-ayağa xidmət və bəndəlik üçün hazıram deməkdir. Eynən hərəkətsiz dayanan çubuq kimi və ya heç bir iradəsi olmayan budaq kimi ki, külək hansı səmtə əssə, həmin tərəfə hərəkət edir. Qiyamda, rükuda və səcdədə olan xatircəmlik rükunun özünün qüvvətləndiricisidir. Həmçinin, zikrdə xatircəmlik də onun kimidir.

7. Namaz halında Allahı zikr etmək ən yaxşı zikrdir. Çünki namaz Kə`bə evi kimidir; namaz qılan sanki Kə`bəyə - Allahın əmin hərəminə daxil olur. [Namaz qılanın] niyyəti bu olur ki, “təkbir” qapısından girib “təslim” qapısından çıxsın.

Rüşvətxorluğun mənfi tə`sirləri

Müsəlman torpaqlarını ələ keçirmək üçün kafirlərin həmişə əsaslı planları olmuşdur. O cümlədən də kafirlər müsəlmanları həmişəlik öz qullarına çevirib, onlara ağalıq etmək istəyiblər. Onların bu şərindən xilas olmaq üçün nə etməliyik?

Çox gözəl bilirik ki, onların bizim üzərimizdəki hakimiyyətinin əsasını rüşvət təşkil edir. Məgər müsəlmanların öz düşmənlərindən rüşvət almamağı və bu yolla onlara məğlub (təslim) olmamağı mümkündürmü? Baxmayaraq ki, bu müsəlmanların öhdəsində olan ixtiyari (könüllü) bir işdir.

Bəli, kafirlər müsəlman (dövlətlərinin) başçılarını rüşvətlə ələ keçirirlər. Buna görə də aldanmamaq üçün çox ayıq-sayıq olmalıyıq.

Rüşvət qədər heç bir şey bizə tə`sir edib, aldada bilməz. Onlar bizim bu zəif nöqtəmizdən istifadə edərək bizə öz müsəlmanlarımız vasitəsilə nüfuz edə bilirlər.

Elə Həzrət Əli (ə)-ın işini də rüşvət ilə bitirdilər. Çünki Müaviyə Osmanın oğluna dedi: “Əgər qələbə çalsan Xorasan vilayətinə sahib olacaqsan.” Beləliklə də Xorasan vilayətini Osmanın oğluna verdi.

Osmanın oğlu dedi:

–Xorasanı neyləyim?

–Sənin evinin çörəyin olsun–deyə Müaviyə cavab verdi.

Müaviyə gedərkən Osmanın oğlu şe`r oxumağa başladı. Şe`rin məzmunu belə idi ki, nə istəyirdimsə verdi, bəlkə lap artıq da verdi.

Məclisdə olan Mərvan bunu eşidib narahat halda dedi:

“Hamını alan tapılar, amma bizi alan yoxdur.”

Müaviyə ona cavab olaraq–səni də mən alacağam– dedi.[80]

Yə`ni sən də bizlərdən oldun. O təkcə bu quru sözlə Mərvanı sevindirdi. Əlbəttə sonralar Müaviyə öz əqidələrinə görə bütün müsəlmanlara aid olan Fədəki Mərvana bağışladı.[81] Bu torpaqlar Ömər ibn Əbdüləzizin vaxtına qədər Ali-Mərvanın əlində qaldı. Amma Ömər ibni Əbdüləziz hakimiyyətə gələndən sonra Fədəki Ali-Əliyə qaytardı.

Əhli-beyt (ə)-ın hədəfi yalnız Fədəki geri almaq deyildi. Bəlkə onlar bunu istəməklə haqqı haqq sahibinə çatdırmaq istəyirdilər.

Allah-təala kommunist ideologiyasını məhv etdi...

Rusiya-Alman müharibəsi zamanında ruslar bayram keçirmək üçün Moskva şəhərinin ətrafında böyük fasiləylə alov yandırdılar ki, alman təyyarələrinin hücumunun qarşısını ala bilsinlər.

Allah bilir ki, bu (mərasim) bayramı keçirmək üçün nə qədər pul xərcləmişdilər. Bütün bunlar kommunist ideologiyasının davamı üçün idi. Amma Allah-təala bir damla qan tökmədən kommunist məsləkini məhv etdi. Bu yalnız İlahi bir qüvvə vasitəsilə ola bilərdi. Baxmayaraq ki, deyirdilər: “Kommunist məsləki məğlubedilməzdir!”

Sual: Deyirlər ki, kommunist ideologiyası tarixi zərurətlərə bağlıdır. Ona görə də yenidən qayıdacaqdır. Sizcə bu belədirmi?

Cavab: Məzdək məsləkində olduğu kimi kommunist ideologiyasında da deyilirdi: “Bəşəriyyətdəki bütün ixtilaflar həmişə iki şeyə görə olmuşdur: Mal və qadın.” Əgər bu iki şey insanlar arasında müştərək olsa cəmiyyətdəki bütün ixtilaflar aradan gedər və müharibələrə son qoyular.”

Sizcə bu iki şeydə şərik olmaq ixtilafların sonu, yoxsa (onların) başlanğıcı deməkdir?! Sizcə həmin vaxt hamı - hər nəyim varsa başqalarıyla bölüşürəm, - yoxsa məndə olub başqalarında olmasın - deyəcək?!

İki qardaşı bir-birinə düşmən edib onlara (hökmranlıq) ağalıq etmək istəyirlər.”

İslam düşmənləri müsəlman firqə və məzhəbləri arasındakı ixtilafları qənimət hesab edərək onlara ağalıq etmək niyyətindədirlər. Şiə və sünni arasına müharibə salıb hər ikisinə qələbə çalmaq istəyirlər.

Bə`ziləri açıq-aşkar din və dindarlara qarşı çıxırlar. Özümüzün və camaatın şərindən, haqqa göz yumub tapdalamaqdan Allaha pənah aparırıq.

Düşmənlərin müsəlmanlar arasında saldığı ixtilaflardan biri də bu idi ki, təqva və zahidlikdə dillər əzbəri olan “Mamaqani”[82] haqqında deyirdilər:

“Bu Əmirəlmö`mininə and olsun ki, o (Mamaqani) fasiqdir.”[83]

Duam müstəcab oldu

Gör nə günə qalmışıq ki, çətinliyə düşəndə də dua etməyə halımız olmur. Təqribən otuz-qırx il bundan əvvəl Qum şəhərində sınıqçılıqla məşğul olan bir cavan belə nəql edirdi:

“Günlərin birində hicablı bir qadın işlədiyim dükana gəlib dedi: “Ayağım bərk ağrıyır. Deyəsən ayaq sümüyüm çıxıb, onu yerinə sala bilərsinizmi? Amma burada (yə`ni bazarda) olmaz. Çünki ağrıdan qışqıra bilərəm və naməhrəmlər mənim səsimi eşitməsin deyə evə gəlsəniz yaxşı olar.”

Mən o qadınla razılaşdıqdan sonra dükandakı üç yüz tümən pulu da götürüb onun dalınca evlərinə getdim. Onun evinə daxil oldum və qadın qapını arxadan bağladı. Sonra keçib öz yatağına uzandı. Mən onun topuğuna əl vurub dedim:

–Ağrıyan yer buradırmı?

O dedi:– Yox, bir az yuxarı.”

Baldırına əl vurub soruşdum:–Bura ağrıyır?”

“Yox, bir az da yuxarı– deyə qadın dilləndi. Onun başqa niyyətdə olduğunu başa düşdüm. Qadın qəsdən məni bu iş üçün evinə çağırmışdı.

O, qapını içəridən bağlamışdı və onu razı salmasaydım məni küçədəki cavanlara döydürəcəyi ilə hədələyirdi.

Həmin qadına dedim:

–Üstümdə üç yüz tümən və mağazamda da iyirmi tümən var, hamısını sənə verirəm. Amma məndən əl çək. Dediklərimin heç bir faydası olmadı. O, hey dediyi sözə israr edir və məni hədələyirdi.

Bir tərəfdən də qadın mənə o qədər yaxınlaşmışdı ki, dua və təvəssül etməyə halım qalmamışdı. Guya mənimlə dua və təvəssül arasında nəsə bir maneə və yaxud divar var idi.

Özümü zahirdə onun istəyilə razılaşmış kimi göstərməyə çalışdım. Nəsə bir bəhanə ilə onu özümdən uzaqlaşdırıb bir şey dalınca göndərdim.

Elə bu vaxt məndə dua etmək halı yarandı. Dərhal İmam Rza (ə)-a mütəvəssil olub dedim ki, əgər mənə bu bəladan qurtarmağa kömək etməsən, bu işimdən (sınıqçılıq) əl çəkəcəyəm.

Deyəsən bu cavan sınıqçılığı mö`minlərə nəsə bir kömək etmək məqsədilə İmam Rzadan (ə) istəyibmiş və həmin iş də İmamın xüsusi diqqətində imiş.

Həmin cavan deyir:

–Elə bu vaxt evin damının yarıldığını və bir qoca qarının evə düşdüyünü gördüm. Başa düşdüm ki, duam qəbul olub.”

Ev sahibəsi olan qadın qayıdıb gələndə həmin qoca qarını görüb soruşdu:

–Nə istəyirsən və nə üçün bura gəlmisən?”

Qarı dedi:

–Sizin qonşuluqda yaşayan bir qadın  uşaq dünyaya gətirmişdi. Gəldim ki, bir az parça (əski) aparım.”

“Bəs haradan gəldin–“deyə qadın qoca qarıdan soruşanda, qarı dedi:

–Qapıdan.” Amma mən onun evin damından içəri girdiyini görmüşdüm.

Nə isə, onların başının söhbətə qarışdıqlarını görüb fürsəti əldən vermədən evin qapısına tərəf qaçmağa başladım.

Ev sahibəsi mənim dalımca gəlib soruşdu:

–Hara gedirsən?”

–Gedirəm qapını bağlayım– deyə dilləndim.

O dedi: “Mən qapını bağlamışam.”

–Axı qapını necə bağlamısan ki, o qoca qarı həmin qapıdan içəri girdi– deyə cavab verdim. Tez qapıya tərəf gedib evdən çıxmaq, o qadının əlindən xilas olmaq istədim. Qadın mənim aradan çıxdığımı başa düşəndə, arxamca tüpürüb, söyüş söyməyə başladı.

Həmin vaxt onun söyüşləri mənə halvadan da şirin gəlirdi.[84]

Problemlərimizin əsas səbəbi

Kafirlərin bütün hədəfi müsəlmanlar arasına təfriqə (ixtilaf) salmaqdır: “Ayrılıq sal, ağalıq et”. Millətlər və dövlətlər arasında təfriqə salıb, onları sərhədlə bir-birindən ayırmaq, hər milləti digərinin qarşısında əcnəbi kimi qələmə verməklə, kafirlərə (o cümlədən də Britaniyaya) qarşı İran və Osmanlı hərbi birliyinin yaranmasının qarşısını aldılar.

Baxmayaraq ki, Allah, Peyğəmbər (s) və pak İmamlar tərəfindən bizə çoxlu tövsiyyə olunmuşdur: “Həmişə birgə olun.” Öz birliyinizi qoruyun və heç vaxt bir-birinizdən ayrılmayın. Ehtiyatlı olun ki, yadlar sizin içinizə nüfuz etməsin və kafirlərlə qarışmayın. Onlarla (kafirlərlə) əhd-peyman bağlamayın. Bunlar sizin din və dünyanızın zərərinə ola bilər.”

Amma biz bütün bu sifariş olunanları qulaq ardına vurduq və sonda arzulamadığımız hadisələrin şahidi olduq.

150 min nəfəri öldürmək olar, amma oğrunun əlini kəsmək olmaz?

Xirosimada atom bombasıyla bir neçə dəqiqə ərzində 90 min yaponiyalını öldürdülər, heç uf da demədilər.

Başqa ölkələri bu yolla işğal etmək istəyənlər İslam dinindəki şər`i hökmlə–oğrunun əlini kəsməklə–müxalifdirlər. Onların nəzərincə oğrunun əlini kəsmək vəhşilikdir.

Baxmayaraq ki, oğrunu cəzalandırmaqla cəmiyyətdə asayiş və əmin-amanlıq yaranır. Onlar bunu nəzərə almırlar.[85]

Deyirəm heç günah etməyə də fikirləşməyin!

Həzrət İsa (ə) buyurmuşdur:

“Qardaşım Musa (ə) buyurur: “Günah etməyin.” Amma mən sizə deyirəm ki, hətta günah etməyi fikirləşməyin.”

Musa (ə) buyurur:

“Yalandan and içməyin.” Amma mən deyirəm ki, heç doğrudan da and içməyin.[86]

Valideynə itaətdə müstəhəbbi əməllərin tərki

Sual: Valideynə itaət zamanı müstəhəbbi əməllərin tərki lazımdırmı?

Cavab: Bəli, amma müstəhəbbilərə əməl etmək istəsən, gərək valideyninə əziyyət və zəhmət verməyəsən. Çünki, müstəhəbbi əməllərdə başqasına əziyyət etmək haramdır.[87]

Mənim malım batmaz.

Şeyx İbrahim Kəlbasi ticarətlə məşğul olur və bu yolla ailəsinin xərcini tə`min edirdi. Günlərin birində ona xəbər verdilər ki, ticarət gəmiləri qərq olmuşdur. Çünki, Şeyx İbrahim Kəlbasinin də bu gəmilərdən birində çoxlu malı var idi. Şeyx bu xəbəri gətirənlərə deyir:

“Mənim malım heç vaxt batmaz (qərq olmaz), çünki mən onların (malımın) xumsunu vermişəm.

Bir müddət keçəndən sonra xəbər çatır ki, gəmilərdə olan mallardan ancaq Şeyxin[88] malı suda   batmayıb. (Malların üstündə sahibinin adı və ünvanı qeyd olunduğuna görə mal sahibini tapmaq bir o qədər də çətin deyildi.)[89]

Elmin əhəmiyyəti

Günlərin birində Məhəmməd ibn Müslüm İmam Sadiqin (ə) hüzurunda olarkən yuxusunu nəql edir və Əbu Hənifə onun yuxusunu tə`bir edir. İmam Sadiq (ə) ona buyurur:

Düz dedin.[90]

Amma Əbu Hənifə gedəndən sonra İmam Sadiq (ə) Məhəmməd ibn Müslümə buyurur:

“Əslində sənin gördüyün yuxunun yozumu mən dediyim kimidir.”

Məhəmməd ibn Müslüm çox təəccüblə İmamdan soruşur:

“Bəs niyə görə Əbu Hənifənin sözlərini təsdiq edərək ona–düzdür–dediniz?”

İmam Sadiq (ə) buyurdu: “Təqiyyə etdim və əslində məqsədim “doğrudan da səhv dedin” idi.”

Əgər insanlar nəyi bilib-bilmədiklərindən agah olub öz nöqsanlarını düzəltməyə çalışsaydılar, din və peyğəmbərlərdən itaət etməkdə bir səviyyədə olardılar. İnsanlar arasındakı ixtilafların əsas səbəbi onların alim və cahilliklərindədir. Amma insanın qədir-qiyməti onun malı ilə deyil, elmi ilə  ölçülür. Elm – bütün şeyləri və şəxsiyyətləri özünə tərəf cəzb edir. Həmin şəxs deyir:

Məhəmməd ibn Əlidən (İmam Baqir (ə)) elmli bir şəxs görmədim.”

Əhli-beytlə (ə) müxalif olan şəxslər, doğrusu elm və ağılla müxalifdirlər. Həzrət Məhəmmədin (s) Əhli-beyti (ə) alim və Peyğəmbərdən (s) sonra hamıdan bilikli olduqlarına görə gərək onların buyurduqlarına əməl edək. Baxmayaraq ki, Əhli-beyt (ə) Peyğəmbərin (s) vəsiləridir və onlara itaət etmək bizə vacibdir.[91]

Cəzasını gördüm

Seyyidlərə məhəbbət və hörmət etmək biz şiələrə xüsusi olaraq sifariş olunmuşdur. Bə`zi şəxslər deyirlər ki,–seyyidin dediyi ilə razılaşmadığımıza görə zərər-ziyana düşmüşük.

Bundan əlavə özü də seyyid olan bir ata belə nəql edir:

“Bə`zən öz uşağımı tənbih və ədəb etmək məqsədilə döyürdüm. Bir az keçməmiş mənim başıma nəsə bir bəla gəlirdi.

İmam Həsən Əsgəri (ə) seyyidlərə hörmətsizlik və e`tinasızlıq edən bir şəxsə irad tutanda, həmin şəxs deyir:

Mənim bu şəxsə e`tinasızlığımın səbəbi onun sizinlə müxalif olması idi.

İmam Həsən Əsgəri (ə) buyurdu:

“Onun nəsli-kökü bizə çatdığına görə gərək belə etməyəydin.”[92]

Tarix təkrarlanır

Qur`an və Əhli-beytə (ə) doğru-düzgün e`tiqadı olmadan gedilən hər-hansı bir yol sonda tənəzzülə uğrayacaqdır. Nəticədə tarix, o cümlədən də Səqifə əhvalatı və Kərbəla vaqiəsi kimi mühüm hadisələr hər gün təkrar olur.

Çünki hər gün haqq olanın haqqı tapdalanır və nahaqqa haqq qazandırılır. Həmişə Hüseyn (ə) və Yezid kimi haqq və batil də mövcuddur. Camaatın işi ya imam Hüseyn (ə)-ın və ya Yezidin tərəfində vuruşmaqdır.

Buna görə də insan gərək hər gün haqq və ya batil tərəfdarı olduğunu aydınlaşdırsın.[93]

Şah 20 milyon nəfərlə oyun oynaya bilər amma mən...

Günlərin birində seyyid Cəmaləddin Əsədabadi Nəsirəddin şahın hüzurunda olarkən əlindəki bir almanı atıb-tuturdu.

Nəsirəddin şah ona e`tiraz edib dedi:

–Sən mənim hüzurumda almayla oynayırsan?

–Şah iyirmi milyon nəfərin taleyi ilə oyun oynaya bilər, amma mən bir alma ilə oynamayım–deyə Əsədabadi dərhal cavab verdi.[94]

Padşahınıza ədəb verin.

Şeyx Məhəmməd Hüseyn Kaşiful-Ğita çox cəsur və qorxmaz bir adam idi. O bir gün Rza xan Pəhləviyə (İranın şahı) dedi:

–“Sənin səltənət və qüdrətin nə qədər yüksək olsa belə, Sultan Əbdülhəmidin səltənət və hakimiyyətindən üstün ola bilməz. Hal –hazırda sultan Əbdülhəmidin oğlu Hindistanda dilənçilik edir.

Bir dəfə də İraqda olarkən oranın padşahı Məlik Qazinin hüzuruna getmişdi. Məlik Qazi ona hörmətsizlik etdiyinə görə saraydan çıxarkən saray əhlinə ucadan dedi:

“Padşahınıza ədəb öyrədin, padşahınıza ədəb öyrədin!”[95]

İmam Zamanla görüşməkdən daha üstün...

Bə`zən insanlar Həzrət Mehdi (ə)-ın hüzuruna nail olmaq üçün çox sə`y edirlər. Amma iki rəkət namaz qılıb mə`sum İmamlara (ə) təvəssül etmək bundan daha yaxşıdır. Çünki İmam Zaman (ə) həm bizləri görür, həm də eşidir. Onun qeyb dövründəki ibadət, zühur edəcəyi vaxtdakı ibadətdən qat-qat üstündür. Mə`sum İmamlardan (ə) hər hansı birini ziyarət etmək, İmam Zamanı (ə) ziyarət etmək kimidir.[96]

Çətinliklərdə ən üstün zikr

Çətinliklər zamanı oxunan ən yaxşı zikr Peyğəmbərdən (s) bizə tövsiyyə olunmuş zikrdir:

Bu zikr mənim ümmətimi çətinliklərdə amanda saxlayacaq bir zikrdir.

“Böyük və üstün Allahdan başqa heç bir qüdrət və qüvvət sahibi yoxdur. Allahdan (Allahın qəzəbi və verəcəyi əzabdan) qurtuluş üçün kömək və pənah yeri yalnız və yalnız Ona üz tutmaqdır.[97]

Fitnə və ixtilaflarda haqqın me’yarı

Müsəlmanlar arasında baş verən ixtilaflar zamanı gərək həqiqi Əli (ə) tərəfdarı olan şəxslə birgə olaq və seçdiyimiz bu yol haqq yoludur.[98]

Fərəc duasının mə`nası

İmamlarımız bizə Axirəz-zamana yaxın baş verən sıxıntılarda bu duanı oxumağı sifariş etmişlər:

“Ey Allah! Ey Rəhman! Ey Müqəllibəl-qulub! (Ey qəlbləri döndərən, dəyişən!) Bizim qəlbimizi öz dinində sabit (dayanıqlı) et!”[99]

Amma nə edək ki, dərman dalınca getmək əvəzinə dərd dalınca gedirik.

“Ya müqəllibəl-qulub, səbbit qəlbi əla dinik”in mə`nası budur ki;

“Ey Rəbbim! Bizi öz bəyəndiyin məqama çatdır və həmin məqamda saxla.”

Sirat elə buradan başlayır. Əgər azacıq da olsa bu yoldan kənara çıxsaq, Allah bilir hansı uçuruma yuvarlanacağıq.

Əgər bir adamın işləri bərbaddırsa ya irəli getmiş, ya da geridə qalmışdır. Hər halda orta həddə riayət etməmişdir.

Biz mə`sum olmadığımıza görə Allah-təaladan bizə orta həddi nəsib etməsini və bizləri həmin məqamda sabit saxlamasını istəyirik.[100]

Əməli tapşırıqlar

Bir kəsin Xaliq və məxluqa etdiqadı olarsa, peyğəmbərlr və imamlarla bağlılığı olub onlara etiqadi və əməli cəhətdən təvəssül edərsə, onların buyruqlarına uyğun addım götürüb, addım atarsa, ibadətində qəlbini Allahdan qeyri bütün şeylərdən boşaldarsa, qəlbi fariq halda namaz qılarsa, şübhəli görünən məsələlərdə İmam Zamana tabe olarsa–yəni İmam kimi özünə müxalif bilirsə o da onunla müxalifətdə olsun, kimi özünə müvafiq bilirsə o da onunla müvafiq olsun; onun məl`un bildiyi kəsi o da lənətləsin, onun mərhum[101] bildiyinə o da məhəbbət göstərsin, hətta o şəxsin haqqında dəqiq məlumatı olmasa da.

Qeyd olunan bu xüsusiyyətləri özündə əks etdirən bir şəxs heç bir kamaldan məhrum qalmaz, heç bir nöqsana düçar olmaz.

Allahın adı ilə

Böyük və kiçik– hamımız bilməliyik ki, dünya və axirət səadətinə çatmağın yeganə yolu Böyük Allaha  bəndəlik etməkdir. Ən böyük bəndəlik etiqad və əməllərdə günahın tərkidir. Bir şeyi bildiksə ona əməl edək, bilmədiksə dayanıb məlum olana qdər ehtiyatı gözləməliyik. Əgər bu yolu tutsaq heç vaxt peşiman olmarıq...

İbadətin ləzzətini dadmaq üçün nə edək?

Möhsün Qərəviyan nəql edir: Ayətullah Behcətdən soruşdum: “Ağa ömrümüz keçdi, amma indiyə qədər ibadətlərimizdə, xüsusilə də nama zlarımızda bir ləzzət hiss edə bilməmişik. S izcə nə edək ki, məsumların buyurduqları ibadətin ləzzətini azacıq da olsa biz də dadaq?”

O, zikr və duaya məşğul olduğu halda başını qaldırıb mənalı bir ifadə ilə mənə baxdı. Sonra–bu hamımızın mübtəla olduğu bir dərddir–deyə buyurdu.

–Ağa, hər halda dərəcəsi var, aşağısı–yuxarısı var; nisbi bir məsələdir; bəziləri–sizin kimi–ali mərtəbəyə sahibdir. Amma bizim heç nəyimiz yoxdur. Biz nə edək?

–Bəlkə də mən sizin dərəcənizin təmənnasındayam!

–Ağa, təvazökarlıqdan keçib, bu bir həqiqətdir ki, deyirəm.

O yenə də xüsusi təvazökarlıqla: Mən də sizin kimiyəm–dedi.

Çox israr etdikdən sonra nəhayət buyurdu: Namazdan həzz almaq üçün bir-neçə miqəddiməyə diqqət yetirmək lazımdır. Onlardan bir hissəsi namazın xaricindədir (namazdan qabaq), bir hissəsi isə namazın özündədir. Namazdan qabaq diqqət yetiriləsi və əməl ediləsi məsələ budur ki, insan günah etməsin, qəlbini qaraltmasın. Günah ruhu qara dumana bürüyür, qəlbin nurunu aparır. Namaz vaxtı diqqət ediləsi məsələyə gəldikdə isə insan namaz vaxtı öz ətrafına dəmirdən, tikanlı simdən “hasar” çəkməlidir ki, Allahdan qeyrisi ora daxil ola bilməsin. Allahdan başqa bütün şeyləri fikrindən çıxarmalıdır. Zehnini Allahdan qeyri heç bir şeyə məşğul etməməlidir. Əlbəttə, qeyri-ixtiyari olaraq fikri bir yerə getsə eybi yoxdur. Amma elə ki, iltifat tapıb diqqətini cəmlədi, Allahdan qeyrilərini qəlbindən çıxarmalıdır.[102]

Ziyarət və təvəssül haqqında

Ziyaraət haqqında üç baxış mövcuddur. Birinci baxış vəhhabilərin baxışıdır. Onlar ziyarəti şirk hesab edirlər. İkinci baxış sünnilərin və bəzi şiələrin baxışıdır. Bu dəstənin fikrinə görə imam vəfat etmişdir. Həzrət Rzanın (ə) ziyarətinə getdiklərində sanki qəbir əhlinin ziyarətinə gedirlər. Onların düşüncəsinə görə imam ölmüşdür?! Deyirlər: “Nə imamı görürük, nə də onun bizi gördüyünü düşünürük!”

Bu məsələdə bizim əksəriyyətimizin vəziyyəti elə sünnilər kimidir.

Böyük vəzifə sahibinin, məsələn prezidentin görüşünə gedəndə öz hərəkətlərimizə nə qədər diqqət yetiririk? Dediyimiz sözlərə necə diqqət edirik? Başımızı yan-yörəyə yönəltmirik. Çünki böyük bir məqam sahibinin hüzurundayıq! Həmin məqam sahibi qarşımızda dayanıb bizi görür!

Sizcə Həzrət Rzanın (ə) hüzurunda olanda həmin diqqəti, ciddiyyəti daşıyırıqmı? Sanki ölmüş bir adamın ziyarətinə gedirik. Həzrət Rza (ə) vəfat etmişdir?!

Görən bu insanlar ərəbcə söylənən ziyarətnamə sözlərinin mənasını anlayırlarmı?

Üçüncü dəstə imamı diri, hazır,  nazir və qadir bilir. İmam Allahın görən gözüdür. Mömin Allahı hazır bilir. Allahın vasitəsini də hazır və nazir bilir. Mömin imamın diri olduğunu, nazir və qadir olduğunu anlayır. İmamların məqamı daha böyükdür. Mələklərdən də üstündürlər, sadəcə bizim iltifatımız kəmdir. Hərəmə gedib-gəlirik, elə bilirik ki, kimsə bizi görmür. Mələklər bizdən xəbərsiz deyillər, bizi görürlər!

Günlərin birində Kərbəlaya getmişidm. Bizim ustadımızın birinci zövcəsindən övladı olmurdu. Məndən xahiş etdi dostuma deyim ki, soruşub görsün Allah-təala nə vaxt onlara övlad əta edəcək. Çünki mənim dostum ruhları çağırmağı bacarır və cin tayfalarından bəziləri ilə əlaqə saxlayırdı. Onun tanıdığı cinlərdən ikisi İmam Hüseynin (ə) hərəmində xidmət edirdilər. Dostum həmin iki nəfərlə əlaqə saxlayıb mənə dedi ki, gələn ilin Ramazan ayında ustadınız övlad sahibi olacaqdır. O deyən kimi də oldu.

Dostlarımdan Ağamirzə adlı birisi əhvalatı belə görüb öz gələcək təhsili haqqında maraqlandı. Cinlərlə əlaqəsi olan dostum yenə də həmin iki nəfər cinlə rabitə yaradıb bu barədə sual etdi. Cavab gəldi: “İmam Hüseynin (ə) hərəminə daxil olarkən duxul (daxil olma) izni alıb, bir dəfə öz adından, bir dəfə də başqasının naibliyi ilə İmamı ziyarət edən kəsə deyin ki, əgər Nəcəfə getsə müctəhid olacaqdır!”

Bu onu göstərir ki, ziyarətə gələnləri təkcə imam yox, hətta cinlər də görürlər və hər kəsi də tanıyırlar. Yuxarıdakı əhvalatdan aydın olur ki, hətta cinlər bu dostumuzun hər dəfə ziyarətə gəldiyində iki dəfə İmam Hüseyni (ə) ziyarət etdiyini bilirmişlər.

Sizin də ziyarətiniz canlı olmalıdır. Hərəmə daxil olarkən öncə giriş izni alın. Əgər halınız oldu hərəmə daxil olun.  Həzrət Rzadan (ə) duxul izni alarkən və ərəbcə “(daxil olummu ey Allahın höccəti?!)–sözlərini deyərkən qəlbinizə müraciət edin, görün orada bir dəyişiklik yaranıbsa, deməli Həzrət (ə) sizə icazə vermişdir. Həzrət İmam Hüseynin (ə) duxul izni ağlamaqdır. Əgər izn alarkən gözünüzdən yaş gəldisə, bilin ki, Həzrət (ə) sizə giriş izni vermişdir. Bu halda daxil olun. Əgər halınız oldu hərəmə daxil olun, yox, əgər qəlbinizdə heç bir dəyişiklik hiss etmədinizsə, gördünüz əhvalınız ziyarət üçün əlverişli deyil, bu halda ziyarətdən vaz keçib yaxşı olar ki, başqa bir müstəhəbbi əmələ məşğul olasınız.

Üç gün oruc tutun, qüsl alın və yenidən hərəmə gedib giriş icazəsi alın.

İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən üstündür. Çünki İmam Hüseynin (ə) ziyarətinə əksər müsəlmanlar gəlir, amma İmam Rzanın (ə) ziyarətinə ancaq on iki imam şiələri gedirlər.

İmam Rzaya (ə) sual verib cavab alan çox olub.

Kərbəlada, Nəcəfdə, Məşhəddə çox möcüzələr müşahidə olunub. Diqqətli olun! Etiqadlı olun!

Bu müqəddəs məkanlarda ila-maşallah– nə qədər desən şəfa tapıblar.



Geri   İrəli
Go to TOP