A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Ayətullahül-üzma Behcətin həyatı
Müəllif: Məlahət Əsədova
Naşir: Şəhriyar
Çap tarixi: 2007
Səhifələrin sayı: 144
Çap növbəsi: İkinci
Tirajı: 3000
Geri   İrəli


Behcətin bu sözləri mənim dostum üçün əməlli-başlı tənbeh oldu və səhvini başa düşüb öz yanlış fikirlərindən daşındı.

Qeyb aləminin şühudu

Böyük övliyalardan biri belə buyurur: Biz əvvəllər cümə günləri Ağa Behcətin mənzilinə gedərdik. Behcət həmişə bu cümləni təkrar edərdi: “Ey eyibləri örtən!” Onun təkrarladığı bu zikrin böyük mə`nası vardı. Yə`ni, Behcət başqalarının bə`zi əməllərini gördüyü və bildiyi üçün Allah-təaladan bu eyibləri bir sirr olaraq saxlamağa kömək istəyir. Ona görə də bu zikri çox təkrarlayardı.

Bu barədə Misbah Yəzdi belə buyurur: “Mənim nəzərimcə Behcət irfan və mə`nəvi kamal məqamının elə yüksək bir həddinə çatmışdır ki, qeyb aləmindən bə`zi şeyləri müşahidə edirdi. O çox vaxt bə`zi şəxslərin batinini görür, amma bunları bilmək istəmədiyi üçün bu zikr onun dilinin əzbərinə çevrilmişdir.”[61]

Əlbəttə elə şəxslərin camaatın sirlərindən xəbərdar olmasının Allah-təalanın “səttar” sifətilə heç bir ziddiyyəti yoxdur. İnsan fəna məqamına çatmayınca bu xüsusiyyət hasil olmaz. Həmin məqamda Allahın zatından başqa kimsə olmur. Allah-təala buyurur: “Bəndəmin görən gözü və eşidən qulağı Mən özüm olaram.” Digər tərəfdən bə’zi ilahi şəxsiyyətlər elə bir məqama çatırlar ki, başqalarının sirlərini faş etmək onların şə`ninə yaraşmayan bir əməldir. Onlar əgər kiminsə sirini bilsələr belə, Allah dərgahının əmanətdarı olduqları üçün heç vaxt bunu faş etməzlər.

Biz elə bir zikr bilirik ki...

Bir dəfə ilahi şəxsiyyətlərdən biri “Müqəddəs ziyarətgahlar”ın ziyarətindən məhrum olduğumuz barədə söhbət edərək dedi: “Biz gör nə qədər məhrum olmuşuq ki, mə`sum imamları ziyarət etmək belə bizə nəsib olmur. Bütün bunlar bizim öz əməllərimizin nəticəsidir.”

İran-İraq müharibəsi zamanı bir qrup alim Behcətin hüzuruna gedib dedilər: Ağa, siz Səddamın dövlətinin süqut etməsi üçün bir dua edin.” Behcət buyurdu: “Bizim elə zikr və virdlərimiz var ki, əgər onları oxusaq, Səddama möhlət belə verilmədən məhv olar. Amma İmam Zaman (ə) bunu hələ məsləhət bilmir və hələlik Allah onun məhv olmasını iradə etməyibdir.”

İlahi töhfə

Seyyid Hüseyn Təqəvi belə nəql edir: Fumən şəhərinə gedib bir gün orada qaldım. Quma qayıtmaq istərkən, Fumən alimlərindən olan Seyyid Əbülqasim Ərib Fuməninin hüzuruna getdim. Seyyid Ərib mənə bir-neçə sikkə verib dedi: “Bunlardan birini Behcətə verərsiniz.” Quma gələn kimi Ayətullah Behcətin yanına gedib sikkələri (pul) ona verdim. Yenə də Fumənə getmək istədiyimi bilən Ayətullah Behcət mənə min tümən verib buyurdu: Bu pulu bir nəfərin vasitəsilə Seyyid Əribə çatdır.” Mən pulu dükan sahiblərindən birinə verib dedim: Bu pulu Seyyid Əribə verin və kimin göndərdiyini ona deməyin. Həmin şəxsin dükanında oturub onun qayıtmasını gözlədim. Dükançının qayıdarkən çox təəccübləndiyini görəndə soruşdum: Nə olub. O dedi: Mən bu pulu ona verəndə buyurdu: “Evimin bir tərəfi uçulub tökülmüşdü. Usta evi yenidən tə`mir etmək üçün min tümən pul istədi. Amma mənim pulum olmadığına görə ustadan bir az gözləməsini xahiş etdim. İndi sənin gətirdiyin bu pul evimin tə`miri üçün ehtiyacım olan məbləğ qədərdir.[62]

Bəli, bu cür hadisələr və ya əhvalatlar təsadüfi deyil. Allah övliyaları ilahi sirlərə agahdırlar. Onların həyat tərzi başdan-başa sirlərlə doludur.

Hər sözə tez inanma

Qumun əxlaq ustadlarından biri öz dərslərinin birində buyurdu: Bir gün bir-neçə nəfərlə xüsusi bir mövzu ətrafında söhbət edirdik. Söhbət əsnasında gətirdikləri dəlillərə görə demək olar ki, mən onların bu sözü ilə razılaşdım. Bu söhbətdən sonra yolda Behcətlə rastlaşdım. Məni görən kimi dedi: “Demək, indi də uşaqlar sənin üçün nüsxə yazırlar.” Mən Behcətin nə dediyini dərhal başa düşdüm. O, bu qısa sözü ilə çox şeyi mənə başa saldı. Behcət mənimlə dostlarım arasında olan söhbətdən agah olduğuna görə bizi, belə yersiz tə`sirlənməkdən xilas etdi.

Yuxuda sənə demişəm

Bir nəfər bə`zi etiqad məsələlərində şəkk-şübhəyə düşdüyünə görə çox əziyyət çəkir və suallarına doğru-düzgün cavab tapa bilmirdi. O, Qum şəhərinə gəlib orada sakin olur. Bir dəfə gecə Behcəti yuxuda görür. Yuxuda Behcət onun bütün şəkk-şübhələrinə tutarlı cavab verir. Həmin şəxs yuxudan ayılan zaman bu yuxunun sadiq olub-olmaması fikri onun qəlbində qəribə nigarançılıq yaradır. O, bu suallarana cavab almaq üçün cümə günü Behcətin hüzuruna gedir. Bu şəxs hələ bir söz deməmiş Behcət buyurur: “Suallarının cavabını sənə yuxuda demişdim, daha  şəkk etmə.”[63]

Dilə nəzarət üçün tapşırıq

Behcətin dostlarından biri belə nəql edir: Bir dəfə dilimi qorumağı qəlbimdə niyyət etmişdim. Təsadüfən, həmin gün Behcətin hüzuruna getmişdim. O, mənə dedi: “İnsanın öz dilinə yiyə durması çox yaxşı bir işdir.  Əgər məsləhət olsaydı və insan bacara bilsəydi, yalnız Qur`an ayələri ilə söhbət edərdi.”

Övladlara bərabər sevgi

Ayətullah Behcətin dərslərində iştirak edən ruhanilərdən biri belə deyir: Mənim iki qız övladım var idi. Bir dəfə axşam kiçik qızımı nəvaziş edib öpdüm və böyük qızımı, sanki unutdum. Bir anlıq ürəyimdə fikirləşdim ki, birdən böyük qız oyaq olar və onu nəvaziş etmədiyimə görə məndən inciyər. Buna baxmayaraq daha fikir vermədim. Səhər tezdən Behcətin hüzuruna getdim. Salam verəndən sonra dərhal mənə dedi: “İnşallah,  övladlar arasındakı bərabərliyə riayət edirsiniz.”

Allah övliyasının kəraməti

Höccətül-islam Şüştəri buyurur ki, dostlarımdan biri mənim üçün belə nəql edirdi: Bir müddət olardı ki, gecə namazı qılmaq istəyirdim. Amma həmin vaxt yuxuya gedir və ayıla bilmirdim. Bir gün Ayətullah Behcətə dedim: Ağa, bir müddətdir ki, gecə namazı qılmaq istəyirəm. Amma həmin vaxt yuxudan dura bilmirəm. Behcət buyurdu: “Saat neçədə yuxudan durmaq istəyirsən?” Dedim: Gecə saat üçdə. Mənə dedi ki, get inşallah oyanarsan. Ayətullah Behcətin bu sözündən sonra hər axşam saat üçdə, hətta çox yorğun olsam belə yuxudan oyanıram.[64]

İnşallah, daha yanmaz

Höccətül-islam Ağa Seyyid nəql edir: Bir gün cavan bir oğlan mənim qızıma elçiliyə gəlmişdi. Dini baxımdan nəzər və fikirlərimiz uyğun gəlmədiyinə görə bu cavana yox cavabı verdik. Bu sözdən sonra oğlan evi sehr və caduya əl atdılar. Elə bir vəziyyətə düşdük ki, hər dəfə evin bir küncündən alov qalxırdı. Artıq, nə edəcəyimizi bilmirdik. Ayətullah Behcətin hüzuruna gedib başımıza gələnləri ona danışdım. Ayətullah Behcət buyurdu: “İnşallah, daha evinizdə alov görməzsiniz.” Ayətullah Behcətin bu sözündən sonra həmin müsibətdən yaxa qurtardıq.

Cənab, özünütərbiyə bu cür olmaz

İsfahanlı tələbələrdən biri belə deyir: Mən nəfsimi islah etmək niyyətilə bir-neçə aylığa Məşhədə yollandım. Orada olarkən bir gün Ayətullah Behcətin hüzuruna getdim. O, məndən heç bir şey soruşmadan dedi: “Ay bala, nəfsi bu cür islah etməyin heç bir faydası yoxdur. Ananı razı salmaq üçün İsfahana getsən yaxşıdır.” Amma mən Behcətin bu sözü ilə razılaşmayıb, onunla mübahisə etməyə başladım. Behcətlə xudahafizləşib qayıdanda, birdən fikirləşdim ki, axı bu haqda qabaqcadan mən ona heç bir şey deməmişdim. Elə buna görə də geri qayıdıb Behcətdən üzr istədim.

Qurtuluş düz danışmaqdadır

Höccətül-islam Şabani belə nəql edir: Ruhani libası geymək iftixarına nail olduğum  vaxt Ayətullah Behcətin hüzuruna getməyi qərara aldım. Həmin gün sübh namazından sonra əmmamənin Behcətin əliylə başıma qoyulması üçün onun namaz qıldığı məscidə getdim. Ayətullah Behcət əmmaməni başıma qoyandan sonra məndən soruşdu: “İndi hansı dərsi oxuyursunuz?” Həmin vaxtlar demək olar ki, “Lümə” kitabını qurtarmışdım. Amma fiqhə aid neçə şö`bə hələ qalmışdı. Behcət məndən bu haqda soruşanda həmin hissələri oxumadığım fikrimdə belə deyildi. Ona görə də dedim ki, “Lüməteyni” qurtarmışam. Bir anlıq Behcətin üzündəki qəzəbi hiss etdim. Mənə dedi: “İnsan ancaq doğru danışmaqla nicat tapar.” Ayətullah Behcət hamıya dua etdi və mənə isə bu sözü dedi. Bu barədə çox götür-qoy edəndən sonra yadıma düşdü ki, axı mən hələ bir neçə kitabı oxumadığım halda “Lüməteyni qurtarmışam” deməyim düzgün deyildi. Buna görə də Behcətin hüzuruna gedib ərz etdim:  Mənim “Lüməteyni” qurtarmışam deməkdə məqsədim, ümumilikdə bitirdiyimi nəzərdə tutmuşdum. Amma bu bəhsə aid hələ bir neçə kiçik kitabları oxumadığım fikrimdən çıxmışdı.

Bu sözləri eşidəndən sonra Behcətin üzündə razılıq hissi yarandı. O mənim üçün dua etdi. Bu əhvalatdan sonra Behcətin adamların batini sirlərindən xəbərdar olması mənə açıq-aşkar sübut oldu.

Tez getməyiniz məsləhətdir

Böyük şəxsiyyətlərdən biri deyir: Mən həmişə Ayətullah Behcətin camaat namazında iştirak etməyə çalışırdım. Həmin vaxtlar mənim evim Qumun Yəzdanşəhr deyilən məhəlləsində yerləşirdi. Bu məhəllə təzə salındığına görə burada çox az ev var idi.

Mən gündüzlər dərsə gedər və axşam namazını Behcətlə qılandan sonra evə qayıdardım. Bir axşam yenə Şam namazını qılandan sonra məsciddən çıxanda mən də onun arxasınca getdim. Elə bu vaxt Behcət məndən soruşdu: “Sənin evin haradadır?” Dedim: Filan məhəllədə. O, bir az fikirləşəndən sonra dedi: “Siz tez evə gedin və axşamlar camaat namazı üçün məscidə gəlməyiniz də lazım deyil.”

Onun heç vaxt yersiz söz demədiyini bildiyim üçün tez özümü evə çatdırdım. Evə gələndə həyat yoldaşımın uşağı qucaqlayıb evin dalanında oturduğunu gördüm. Niyə burada oturmasının səbəbini soruşanda, dedi: Evdə əqrəb var. Həmin gecədən sonra uzun müddət Behcətin camaat namazına getmədim və ailəmdən tez-tez xəbər tutmaq üçün öz məhəlləmizdəki məsciddə namaz qılardım.

İstixarə

Ayətullah Behcətin şagirdlərindən olan Ləngərud elmi hövzəsinin məs`ul işçisi Höccətül-islam Abbasi buyurur: Bir gün dostumla birgə məscidin yuxarı təbəqəsində oturmuşduq. Mən bir iş üçün istixarə etdirmək istəyirdim. Amma Behcətin yanına gedib bu sözü (istixarə etməyi) deməyə utanırdım. Dostumdan mənim üçün istixarə etməsini xahiş etdim. Behcət məsciddə divarın kənarında oturmuş və bir dəstə adam istixarə etmək üçün onun ətrafına toplaşmışdılar. Növbə mənim dostuma çatanda Behcət istixarə edəndən sonra işarə ilə nə isə dedi. Amma istixarənin ətraflı cavabını mənim özümə izah etdi.[65]

Fikri oxumaq

Höccəti nəql edir ki, bir gün dostumla bərabər Ayətullah Behcətin “üsul” dərsində iştirak etdik. Behcət dərsdə “inşa” və “əxbar” haqqında söhbət edirdi. O zamanlar mən hələ evlənməmişdim. Birdən ağlıma belə bir fikir gəldi ki, namaz halında Allah-təaladan saleh həyat yoldaşı istəmək üçün dua etmək olarmı? Behcət elə həmin dəqiqə dedi: “Bəli insan namaz halında bu cür dua edə bilər.”

Dərs bitdikdən sonra evli dostlarımdan biri mənə dedi: “Dərsdə söhbət “inşa” və “əxbar”dan gedəndə övladım olmasını arzuladığım üçün fikrimdə–namaz halında Allah-təaladan övlad payı istəmək olarmı?– sualı yarandı. Elə bu vaxt Behcət həmin mətləbə cavab verdi. Onun bizim hər ikimizin fikrindən xəbərdar olmasını başa düşdük.[66]

Batindən xəbər

Seyyid bir şəxs belə deyirdi: Bir gün həmişəki adətim üzrə yenə şam namazından sonra Behcətlə birlikdə onun mənzilinin qapısına qədər getdim. Yolda gedərkən birdən ağlıma gəldi ki, Behcətdən bizim şəcərənaməmizin düzgün olub-olmaması barədə soruşum. Öz-özümə fikirləşdim ki, görən o şəcərənamə haqqında nəsə bilirmi? Behcətin mənzilinin qapısına çatanda tələbələr bir-bir onun əlini öpüb getdilər. Növbə mənə çatanda, o heç bir şey soruşmadan dedi: “Əgər şəcərənamə haqqında bir şey bilmək istəyirsənsə, filankəsin yanına get.”

BEŞİNCİ FƏSİL: Əməli tapşırıqlar (tövsiyyələr və moizələr)

Günahı tərk etmək axar çeşməyə bənzər.

Hörmətli tələbələrdən biri belə nəql edir: Bir gün Ayətullah Behcətin hüzuruna gedib dedim: Rəhmətlik Bidabadi kimi tanınmış dini şəxsiyyətlərdən nəql olunmuş xüsusi tapşırıqlara ustadın göstərişi olmadan biz özümüz əməl edə bilərikmi? Behcət belə cavab verdi: “Rəhmətlik Bidabadi və digər böyük şəxsiyyətlər islam yolunda çox zəhmət çəkmişlər. Bu şəxsiyyətlərin hər biri mö`min insanları müxtəlif yollarla Allaha tərəf gedən yola hidayət edərmişlər. Amma mənim nəzərimcə bütün xüsusi tapşırıqlar bir şeydə–günahı tərk etməkdə toplanmışdır. Elə fikirləşməyin ki, günah etməmək özü çox asan və sadə bir işdir. Bə`zən zahirdə sadə görünən bu işin özü çox çətindir. Günahları tərk etmək axar çeşməyə bənzəyir. Əvvəlcə siz günahları tərk edin, sonrakı ibadət və tapşırıqlar özü sizə tərəf gələcək.”

Çox dindar tələbələrdən biri deyir ki, bir gün Ayətullah Behcətin yanına gedib dedim: Mənə xüsusi bir tapşırıq verin. Buyurdu: “Çalış günah etmə.” Dedim: Bu yaşda mənə günah etmək yaraşarmı? Bir zikr və ya xüsusi tapşırıq verin ki, ona əməl edim. Behcət dedi: “Dünən öz evində hansı günaha mürtəkib olduğunu deyimmi?” Mən dedim: Bəli, deyin. Behcət dünən baş verənləri bir-bir mənə sadalayanda, yerimdə quruyub qaldım. Sonra tez onunla sağollaşıb getdim. (Əlbəttə, hər kəs öz həddində günaha mürtəkib olur və ola bilsin ki, bə`zilərinin nəzərində bunlar günah hesab olmasın.)

İnqilabda çox zəhmət çəkmiş böyük şəxsiyyətlərindən biri Behcətdən xüsusi bir tapşırıq istədi. Behcət həmişəki kimi başını aşağı salıb zikr deməyə məşğul idi. O, başını qaldırıb dedi: “Bacardıqca günah etməyin.” Sonra yenə də zikr deməyə davam etdi. Yenə mənə baxıb buyurdu: Əgər birdən hər hansı bir günaha mürtəkib olsanız, çalışın camaatın haqqı ilə əlaqədar olmasın.” Sonra yenə zikr deməyə məşğul oldu. Üçüncü dəfə başını qaldırıb dedi: “Əgər həqqünnasla əlaqədar günaha mürtəkib olsanız, bu dünyada halallıq almağa çalışın.” (Bu günahı axirətə saxlamayın, orada sizin üçün çox çətin olar.)

Tapşırılana əməl etmək lazımdır.

Bir tələbə deyir: “Ayətullah Behcətə dedim: Peyğəmbər (s) və Həzrət Əlinin (ə) Salman Farsi, Əbuzər, Meysəm Təmmar və Rəşid Hicri kimi şəxsiyyətlərə verdikləri xüsusi tapşırıqlar hal-hazırda mövcuddurmu? Behcət buyurdu: “Hər nə varsa Qur`an və Nəhcül bəlağədədir. Bunlardan başqa heç bir şey öz səhabələrinə öyrətməyiblər.”

Başqa bir yerdə belə buyurmuşdur: “Tapşırıq istəyənlərin sayı çoxdur. Amma mən hər kəsə bir tapşırıq verə bilmərəm. Bu tapşırığı mən hamıya tövsiyə edirdim ki, “Vəsailüş-şiə” kitabının “Cihadun-nəfs” bölümündən hər gün bir hədis oxuyub, ona əməl etməyə çalışsınlar. Bir ildən sonra əxlaqi cəhətdən dəyişdiyinizi hiss edəcəksiniz. Bu, xəstələndiyiniz vaxt istifadə etdiyiniz dərmana bənzəyir. Çünki dərmanın tə`siri bir müddət keçəndən sonra özünü büruzə verir.”

“Dər məhzəre bozorgan” kitabında Ustad Qərəviyan belə qeyd etmişdir: “Bir gün bir qrup adamla Ayətullah Behcətin hüzurunda (məclisində) oturmuşduq. O, üzünü məclisdəkilərə tutub dedi: Hüzeyfədən nəql olunur ki, İmam Sadiq (ə)-ın yanına gəlib ərz etdi: Ey peyğəmbər övladı! Hamı sizdən “xeyir nədir?”–sualını soruşur. Amma mən sizdən “şər nədir?”–sualını soruşmaq istəyirəm.

Sonra Behcət əlavə edərək dedi: İnsan əgər şərin nə olduğunu bilsə və ona mürtəkib olmasa, bütün işləri düzələr.”

Riyanın əlacı

...Bir dəfə Ayətullah Behcət söhbətini bitirdikdən sonra icazə alıb dedim: Mənim bir sualım var. Buyurdu: “Əgər xülasə olsa, eybi yoxdur.” Ərz elədim: Bə`zən, insan Allah yolunda gördüyü xeyir işlərin tam ixlasla olması üçün çox sə`y edir. Amma şöhrətpərəstlik, camaatın yanında riyakarlıq, başqaları tərəfdən tə`riflənmək kimi cüzi şeytani vəsvəsələrdən yaxa qurtara bilmir. İnsanın zehnində dolaşan belə vəsvəsələr riya sayılırmı? Bu fikirlər insanın gördüyü xeyir işlərin dəyərini azaldırmı?

Behcət belə cavab verdi: “Yol verilməyən riya ancaq ibadətdir və riya ilə qarışıq olan ibadi əməllər haramdır. Bə`zilərinin dediyinə görə riya hətta ibadəti batil edir. Amma ibadətdən kənar işlərdə riyanın maneəsi (eybi) yoxdur. Riyanın özü riyaya çarə ola bilər və riyanın çarəsi də düzgün fikirləşməkdədir.

Niyyət

Belə niyyət edin ki, elminizlə əməliniz uyğun olsun. Elm və əməl nə biri-birindən qabağa keçsin və nə də geri qalsınlar. Bizim bədbəxtçiliyimizin əsas səbəbi elm və əməlimizin uyğun olmamasıdır. Bə`zilərinin elmi əməlindən geridə, bə`zilərinki isə irəlidədir. Xülasə, elmləri ilə əməlləri biri-birinə uyğun gəlmir. Adətən, bir çoxlarının elmi bə`zən əməlindən qabağa keçir və bə`zən də geri qalır. Beləliklə, bildiyiniz hər bir şeyə əməl etməyə çalışın ki, elminizlə əməliniz bərabər olsun.[67]

Nur çeşməsindən süzülən kəlamlar

Kommunistlərin Qafzaqdakı represiyaları

Kommunistlərin hökumət etdikləri yetmiş illik represiya dövründə Qafqazda–Bakı, İrəvan, Naxçıvan və digər şəhərlərdə din və dindarların başına nələr gəldiyini bir Allah bilir. Camatın din adını çəkməyə ixtiyarı yox idi. Onların hökumət etdikləri dövrlərdə uzun illər camaat namazı qılınan məscidlər anbarlara çevrildi. Qafqazın böyük alimlərindən olan Mirzə Qəni Badkubini çox faciəli bir şəkildə öldürdülər. Bolşeviklərin Qafqaza gəldiyi ilk vaxtlarda Leninin şəklini küçə və bazarlarda gəzdirib deyirdilər: “Lenin Məhəmməddən (s) ağıllıdır.”

Mirzə Qəni minbərə çıxıb dedi: “Düzdür ki, Lenin ağıllı adamdır, amma həzrət Məhəmmədin (s) ayaqqabısının bağı belə ola bilməz. Bu sözə görə kommunistlər ona əzab verərək öldürdülər. Onun qatilinə Allah lə`nət eləsin.

Bakıda elə ağır vəziyyət yaranmışdı ki, alimlər ya təqiyyə, ya da hicrət etməyə məcbur  oldular.[68]

Günah və günahkarın aqibəti

İmam Rzadan (ə) belə rəvayət olunmuşdur: “Allahın rəğbət və mərhəmətindən naümid olmaq, insanın ömür boyu mürtəkib olduğu günahlarından qat-qat çoxdur.” Əgər Allaha qarşı mə`siyət (üsyan) etməkdə öz nəfsimizin öhdəsindən gələ bilməsək, getdikcə ilahi ayələri təkzib və inkar etməyə başlayacağıq. Beləliklə, Allahın rəhmət və mərhəmətindən naümid olacağıq, halbuki, günahkar olan hər bir şəxsə Allahın rəhmətindən uzaq olması gün kimi aydındır.

 “Qiyamət günü Allah-təala rəhmət qapılarını elə açacaqdır ki, hətta İblis də tamah salacaq.” [69]

İmam Hüseynin (ə) şəhadəti müqabilində Ömər Sə`də hansı və`dlər verilməmişdi? Amma o nə şah, nə xəlifə və nə də  Reyin hakimi ola bildi.[70] Nəfsin bu vəsvəsələrindən Allaha pənah aparırıq. İnsan öz aqibətinin xeyirli olması üçün nəfsini hər cür vəsvəsələrdən qorumalıdır.[71]

Məkruh yemək yemişdim...

Nəcəf elmi hövzəsindəki təhsilini başa vurmuş bir tələbə İrana qayıtmaq istəyərkən, Seyyid Məhəmməd Kazim Yəzdinin yanına gedib, ona rəvayət nəql etməsi üçün icazə verməsini istəyir. Bir-neçə gün keçsə də, Seyyid Yəzdi bir cavab vermir. Həmin tələbə deyir: Öz-özümə fikirləşirdim ki, Seyyiddən Beytül-maldan bir şey istəməmişəm! Mənə elə gəlir ki, İranda onu elə də tanıyan olmaz və onun icazə verməsi bir o qədər də mühüm deyil. Elə buna görə də hər dəfə Seyyid Məhəmməd Kazim Yəzdini görəndə çox acığım tuturdu.

Bu əhvalatdan bir-neçə gün keçəndən sonra Seyyid rəvayət nəql etməyi mənə icazə verdi və cavabı gecikdirdiyi üçün məndən üzrxahlıq etdi. O, tə`xirə salınmış cavabın səbəbini belə açıqladı:

“Mən o gün məkruh yemək yemişdim. Onun tə`sirinin bütünlüklə bədənimdən çıxmasını gözlədim ki, tam paklanandan sonra silsilə rəvayətlər sırasında böyük alim və ravilərlə öz mə`nəvi bağlılığımı bərpa edim və bundan sonra sənə rəvayət nəql etmək icazəsi verim.”[72]

Halal və haram yeməyin insanın taleyindəki rolu

Vay o gündən ki, yemək-içməkdə haramdan çəkinməyək. Çünki bu yeməklər insanın elm, iman və ya küfründə böyük tə`siri var. Elə bu cəhətdən də bir vaxt ayılıb görürük ki, Yezidə iman gətirmişik. Allah-təala “Bəqərə” surəsinin 35-ci ayəsində Adəmə (ə) belə buyurur:

 “Sizə haram buyurulmuş bu ağaca yaxınlaşmayın ki, zülmkarlardan olmayasınız.”

Bu ayədən mə`lum olur ki, elə bu yemək-içməklər Adəmin (ə) cənnətdən qovulub yer üzünə gəlməsinin səbəblərindəndir. Yemək-içmək insanı məxluqatın ən ali ya da ən alçaq (aşağı) dərəcəsinə çatdıra bilər. Bütün yeməli-içməlilər insanın qanında, bədənində, ruhunda, zehnində və fikrində özünü çox aydın büruzə verir. Elm, əməldə yüksək müvəffəqiyyətlər əldə etmiş sağlam fikir və düşüncə sahibi olan alimlər, ancaq halal yeməklərdən istifadə etməklə belə ali məqamlara çata bilmişlər.[73]

Bu vəhşilərə deyin!

Böyük alimlərdən biri bolşeviklərin zamanında Rusiyada olan bir şəxsin dilindən belə nəql edirdi:

“Qafqazda yerləşən üç böyük şəhərə – Bakı, Tiflis və İrəvana get-gəl edirdim. Bir dəfə Tiflis şəhərində olarkən bir qrup məsihi ilə qatara mindim. Elə bu vaxt bir keşiş də onu müşaiyət edən bir-neçə nəfərlə qatara daxil oldu. O vaxtlar hər şəhərdə ancaq iki və ya üç keşiş olardı. Buna baxmayaraq qatarda olan məsihilərin heç biri ona əhəmiyyət vermədi. Elə bu vaxt qalxıb yerimi həmin keşişə verdim. Keşiş dedi:

Nə üçün qalxıb yerini mənə verdin? Dedim: Çünki bizim itaət etdiyimiz peyğəmbər bizə ruhanilərə hörmət etməyi buyurmuşdur.

Keşiş bir müddət başını aşağı saldı və sonra yenə də soruşdu: Xahiş edirəm, niyə qalxıb mənə yer verdiyinizi bir daha təkrar edəsiniz. Dedim ki, biz müsəlmanların peyğəmbəri ruhanilərə hörmət etməyi bizə tövsiyə etmişdir. Keşiş ətrafına göz gəzdirib dedi: “Bunu bu vəhşilərə deyin, bu vəhşilərə deyin! (Bolşevik–yə`ni dinsiz.)

Buradan mə`lum olur ki, onlar   fəqət islam dini ilə deyil, bütün dinlərlə müxalif idilər.[74]

Ne`mət bol deyilsə, deməli şükrümüz az olmuşdur.

Başımıza gələn bütün bəla və müsibətlər Allahın bizə əta etdiyi ne`mətlər qarşısında naşükür olmağımızla əlaqədardır. Çünki Allah-təala İbrahim surəsinin 7-ci ayəsində buyurur:

“Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: Əgər (Mənə) şükür etsəniz, sizə olan ne`mətimi artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən, şiddətlidir.”

Şükür etmək ne`mətlərin artmasına və naşükürlük isə onların azalmasına səbəb olur. Əgər Allahın bizə əta etdiyi ne`mətlərin azaldığını görsək, şübhəsiz ki, bunun əsas səbəbi bizim naşükürlüyümüzdən irəli gəlir.

Şükürün geniş mə`nası vardır ki, onlardan biri də Allaha itaət deməkdir. Şükür təkcə dildə “əlhəmdülillah” deməklə bitmir. Baxmayaraq ki, bu da Allaha şükür etməyin bir yoludur və itaət deməkdir.

Deməli, Rəbbin bizə lütf etdiyi ne`mətlərin müqabilində şükür Onun itaətində olmaq və ne`mətlərin daha artması mə`nasındadır. Ne`mətlər qarşısında naşükürlük isə Allaha qarşı üsyan və Onun tərəfindən nazil olacaq əzaba dəlalət edir.

Əgər nə vaxtsa başımıza bir müsibət və ya bəla gələrsə, onun səbəbini ötən günlərdə axtarmalıyıq. Çünki, insan öz yaxşı və pis əməllərinin müqabilində Allah-təala tərəfindən mükafatlandırılır. Yaxşıya yaxşı, pisə isə pis ilə cavab verilir.

Biz nə vaxt hansı bir vacib əməli tərk etmədiyimizə və ya harama mürtəkib olmadığımıza əmin olsaq, gərək sevincdən papağımızı göyə ataq.[75]

Halal ruzi üçün harama əl atmayaq.

Axı, niyə bizə dərs olmur? Allah-təala Qur`anda buyurur:

“Ey Adəm! Həqiqətən, sən orada (cənnət) aclığın, çılpaq olmağın nə olduğunu bilməzsən.”[76]

Əgər haram yeməsək aclıq və susuzluqdan ölmərik. Cənnət bütün ne`mətləri ilə sənin ixtiyarında olacaqdır. Əks-təqdirdə heç bir şey.  Biz insanların əgər cənnətə inamımız olsaydı, bu qədər ilahi hökmlərə qarşı müxalif çıxmazdıq. Şeytan Adəm və Həvvaya (ə)–“(Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə edib dedi: Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir.”[77] –yalan demişdi. Allahın itaətindən çıxıb sizə nəhy edilmiş ağacın meyvəsindən yediyinizə görə, cəhənnəm odunda yanacaqsınız!

Biz insanların işi quşlara çox bənzəyir. Quşlar üçün tələ quranda ora dən tökürlər və onlar dən yemək üçün gələndə ovçunun toruna düşürlər. Əgər insanın qəlbi tora düşsə nə baş verər?

Allahdan nə qədər uzaq düşmüşük ki, fəsad və əxlaqsızlığa düçar olmuşuq. Şiə əqidəsində müvəqqəti izdivac (siğə) caiz sayılır və haram iş (zina) görməyə heç bir ehtiyac yoxdur. Amma şeytan bir çoxlarının yolu üstə durub, onları harama sürükləyir.  “İblis dedi: Sən məni (Adəmə səcdə etmədiyimə görə) məhrum etdiyinə əvəz olaraq mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam!

Allah-təala buyurdu: Oradan (cənnət) rüsvay olmuş (qovulmuş) halda çıx. Onlardan (insanlar) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam!”

Namazın sirri haqqında



Geri   İrəli
Go to TOP