A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Ayətullahül-üzma Behcətin həyatı
Müəllif: Məlahət Əsədova
Naşir: Şəhriyar
Çap tarixi: 2007
Səhifələrin sayı: 144
Çap növbəsi: İkinci
Tirajı: 3000
Geri   İrəli


Bəli, insan Allahla ünsiyyət yaradıb “qürb” əhli olduğu zaman, istər-istəməz, qəlbində ilahi şövq artır, dərdi-qəmi və hətta ağır xəstəliklərin belə ağrısını unudur.

Seyyid Qazinin kəramətləri

Nəcəf dostlarımdan Nəcəf elmi hövzəsinin tanınmış ustadlarından birinin dilindən nəql edirlər ki, deyirdi:

Mən ariflər ustadı Mirzə Əli Qazi Təbatəbai, onun dilindən nəql edilən mətləblər və onun haqqında tez-tez qulağıma çatan qəribə əhvalatlar barəsində şəkdə idim. Öz-özümə həmişə deyirdim görən bütün bu danışılanlar doğrudur, yoxsa yalan? Deyilənə görə tərbiyə etdiyi şagirdləri, belə hal sahibi olurlar, elə kamala çatırlar–düzdür, yoxsa təxəyyül? Uzun müddət bu fikirlər zehnimdə dolaşırdı və tərəddüddən yaxa qurtara bilmirdim. Kimsənin mənim bu fikrimdən xəbəri yox idi. Bir gün ibadət və Kufə məscidinin ziyarət buyuruqlarını yerinə yetirmək üçün həmin məscidə yollandım. (Əvvəldə qeyd etdiyimiz kimi, rəhmətlik Qazi Kufə məscidində çox olurdu. İbadət üçün orada xüsusi hücrəsi də var idi. Kufə və Səhlə məscidlərinə çox rəğbət göstərir və əksər gecələri sübhə qədər həmin yerlərdə ibadət edirdi.)

Məscidin həyətində dolaşarkən Qazi ilə rastlaşdım. Salamlaşıb bir-birimizlə hal-əhval tutduq və söhbət edə-edə gəlib məscidin arxa hissəsinə çatdıq. Məscidin arxa hissəsi çöllü-biyabana tərəf yaxın olduğundan, get-gəl də az olurdu. Məscidin hündür divarının dibində qiblə tərəfə doğru hər ikimiz yerə oturduq ki, bir az dincəlib yenidən məscidə gedək. Aramızda söhbət qızışdı. Rəhmətlik Qazi ilahi ayələrin sirlərindən mənə hikmətli mə`nalar deyirdi. Tövhidin əzəmətli və cəlallı məqamından, bu yola qədəm qoymaqdan, bu yolun insan yaradılışının yeganə hədəfi olmasından maraqlı söhbət edir, dediklərinə tutarlı dəlillər gətirirdi.

Mən yenə də tərəddüd içində fikirləşirdim ki, mən nə bilim bu deyilənlər doğrudur, ya yox? Deyilənlərə şübhə edirəm. Ola bilər doğru olsun, amma mənim xəbərim olmasın. Əgər ömrüm bu minvalla keçsə, vay mənim halıma, əgər deyilənlər doğru olsa və bizə bir şey çatmasa, vay halıma! Başqa bir tərəfdən, eşitdiklərimin nə dərəcədə doğru olduğunu bilmədiyim üçün şəkdə qalmışdım. Bilmirdim dalınca gedim, yoxsa getməyim.

Bu fikirdə idim ki, qarşıdakı təpənin deşiyindən böyük bir ilan çıxıb divarın paralel istiqamətində bizə doğru sürünməyə başladı. (Bu yerdə çoxlu ilan olur və əksər hallarda camaat onları görürdü. Amma indiyə qədər kimsəni çaldığını eşitməmişdik.) İlan bizim qarşımıza çatanda məni ixtiyarsız vahimə götürdü. Rəhmətlik Qazi ilana işarə edib dedi: “Mot biiznillah! Allahın izni ilə öl! Həmin dəqiqə ilan yerində quruyub qaldı.

Qazi heç nə olmayıbmış kimi söhbətini davam etdirməyə başladı. Bir az da söhbət edəndən sonra qalxıb məscidə getdik. Qazi məscidin ortasında iki rəkət namaz qılandan sonra öz hücrəsinə getdi. Mən də məscidin bir-iki ziyarət əməllərini yerinə yetirəndən sonra Nəcəfə qayıtmaq qərarına gəldim. Ziyarət etdiyim an birdən yadıma düşdü ki, bayaq məscidin arxasında baş verən əhvalat, Qazinin gördüyü o iş həqiqət idi, yoxsa gözbağlayıcılıq? Dedim, bəlkə kişi məni sehirləyib və mənə elə görsənib? Bu fikirlər məni əldən saldı, daha necə ziyarət oxuduğumu bilmədim. Dedim, yaxşısı budur gedim görüm ilan həqiqətən ölüb, yoxsa dirilib qaçıb? Ziyarəti başa çatdırıb tələsik çölə çıxdım. Bayaqkı oturduğumuz yerə gedib gördüm ki, ilan quru ağac kimi yerə sərilib. Ayağımla tərpətdim, gördüm hərəkətsizdir. Ağlım başımdan çıxdı. Məscidə qayıtdım ki, bir-iki rəkət də namaz qılıb Nəcəfə dönüm. Amma bacarmadım və fikir-xəyal məni götürdü ki, əgər bu işlər haqdırsa, bəs bizim niyə xəbərimiz yoxdur?

 Rəhmətlik Qazi öz hücrəsində ibadətlə məşğul idi. O, öz hücrəsindən çıxanda, mən də məsciddən çölə çıxdım. Məscidin həyətində yenə də onunla rastlaşanda, gülümsünüb mənə dedi:

Ay canım, imtahan da etdin, daha nə istəyirsən?!

Vadiyüs-səlamdan anladım!

Mirzə Əli Qazinin əksər şagirdləri nəql edirlər ki, Qazi Nəcəfin vadiyüs-səlam qəbiristanlığına ziyarət üçün çox gedərdi. Ziyarəti üç-dörd saata qədər çəkərdi. Hərdən şagirdləri də onunla gedirdilər və Qazi bir kənarda səssiz-səmirsiz sükut içində əyləşərdi. Bu haldan şagirdlərin çoxusu yorular və geri qayıdardılar. İşin nə yerdə olduğunu bilməyən şagirdlər Qazinin bu əhvalatına e`tiraz edib öz qəlblərində deyərdilər: Axı, ustad üç-dörd saat vaxtı niyə burada oturur? Görən yorulmur?

Tehranda olduqca təqvalı, alicənab bir alim var idi. Həqiqətdə düzünü demək istəsək, bu şəxs olduqca yaxşı adam idi. Bu şəxs Qazinin birinci silsilə irfan və əxlaq yönlü şagirdlərindən olan Məhəmməd Təqi Amuli idi. Məhəmməd Təqi Amuli belə nəql edirdi: “Mən həmişə görürdüm ki, Qazi gedib 2-3 saat Vadiyüs-səlamda oturur. Öz-özümə dedim: İnsan qəbristanlığa gəldi, gərək ziyarət edib tez də getsin. Bir fatihə oxuyub ölülərin ruhuna tapşırsa, bəsdir, daha bu qədər burada oturub vaxt öldürmək nəyə lazımdır, görüləsi o qədər vacib iş var ki...

Bu narazılıq həmişə mənim qəlbimdə dururdu, amma heç kəsə, – hətta ən səmimi bildiyim dostlarıma belə bu barədə bir söz deməmişdim. Günlər ötdü, illər sovuşdu, mən bu minvalla hər gün ustadın xidmətinə gedir, onun elm və mə`rifət dəryasından incilər toplayırdım. İş elə gətirdi ki, Nəcəf-Əşrəfdən İrana qayıtmaq fikrinə düşdüm. Amma bu səfərin nə dərəcədə məsləhətə uyğun olduğunu bilmirdim və tərəddüddə qalmışdım. Bu niyyətimi heç kəs bilmirdi. Bir axşam yatağıma uzanmışdım. Otaqda yataq taxtının ayaq tərəfində taxçanın üstünə elmi və dini kitablar yığmışdım. Yatan zaman təbii olaraq ayaqlarım kitablara tərəf uzanmış olurdu. Öz-özümə dedim: Görən, qalxıb yatağımın səmtini dəyişim, yoxsa lazım deyil, belə qalsın? Çünki kitablar tam mənim ayaqlarımın müqabilində idi. Fikirləşdim ki, bununla kitablara hörmətsizlik olmaz. Bunu deyib yatdım. Səhər tezdən ustadım Qazinin yanına gedib, salaməleykdən sonra dedi: “Sənin İrana qayıtmağın məsləhət deyil. Kitablara tərəf də ayağı uzatmaq elmə, kitaba ehtiramsızlıq sayılır.”

Bu sözləri eşidəndə, diksinib özümü itirdim. Dodağım əsə-əsə dedim: Ustad, siz bunu haradan bilirsiniz? Dedi:

“Vadiyüs-səlamdan.”

Qazi bu son cümləsi ilə uzun müddət Məhəmməd Təqi Amulinin qəlbində ustadının vadiyüs-səlamda oturması ilə əlaqədar dolaşan şübhələrə son qoydu.[37]

Qarnının fikri səni götürməsin.

Höccətü-lislam Seyyid Mehdi Qazi Təbatəbai, rəhmətlik Seyyid Əli Qazi Təbatəbainin oğlu idi. Qazinin oğlu Seyyid Mehdi “Cəfr” elmində kamil bir ustad olmasıyla yanaşı, “süls və nəsx” xətlərini də çox gözəl məharətlə yazırdı. Zahidlər kimi ömür sürən Seyyid Mehdi ömrünün sonuna qədər subay yaşamışdır. O, mənə belə nəql edirdi:

“Nəcəf-Əşrəfdə hövzə təhsili aldığım vaxtlar “Cəfr” elmini də çox böyük sə`ylə öyrənməyə çalışırdım. Rəhmətlik atam həmişə mənə nəsihət edib deyərdi: “Sən bu elmləri (cəfr) öyrənməklə bir şey əldə edə bilməyəcəksən.” Ömrünün son günlərini yaşadığım bir vaxtda atamın dediklərinin həqiqət olduğu mənim üçün isbat oldu. İnsana bu elmlərdən qaranlıq və zülmətdən başqa bir şey nəsib olmur.

Atam Seyyid Əli Qazi böyük bir ailə başçısı idi və Allah yolunun həqiqi yolçusu olduğundan dünya gəlirlərinə əhəmiyyət verməzdi. Buna görə də biz çox kasıb yaşayır və hətta gündəlik ehtiyaclarımızı ödəməyə belə çətinlik çəkirdik. Bizim gündəlik nahar yeməyimiz kiçik çörək tikələri və ayran olurdu. Bir gün anam mənə dedi: Get atanın hücrəsinə, ondan bir az pul al. Heç olmasa, bu gün bir yaxşı yemək yeyək. Ayran-çörək yeməkdən bədənimizdə güc qalmayıb.

Rəhmətlik atam siqaret çox çəkərdi. Siqaret külünü hücrəsinin arxa tərəfindəki kiçik otağa tökərdi. Hücrəyə daxil olub salam verəndə, nə üçün gəldiyimi dərhal başa düşüb dedi: “Seyyid Mehdi! Bu otaqdakı zibilləri (külü) təmizləmək lazımdır.” Dedim:

Ayaq üstə durmağa belə halım yoxdur, o ki, qaldı bu ağır işi görəm. Buyurdu: “Bu kisənin qıraqlarını ki, tuta bilərsən.” Sonra xakəndazı götürüb zibilləri kisəyə tökməyə başladı. Xakəndazdakı zibilin içindən bir qızıl əşrəfi tapıb dedi: “Bu bir əşrəfi!” Yenə də xakəndazı zibillə doldurub kisəyə tökdü. Hər dəfə bir qızıl əşrəfi mənə verib dedi: “Bu üç əşrəfini götür get! Bundan sonra daha bu qədər qarnınızın fikrini çəkməyin. Allah ruzi yetirəndir.”[38]

ÜÇÜNCÜ FƏSİL: Ayətullah Behcət hidayətçi kimi

Seyri-süluka də`vət

Ayətullah Behcət Nəcəf-Əşrəfdə olduğu vaxtlar Ayətullah Xoyinin dərslərində iştirak edərdi. Bir gün onun dərsində deyilən mətləblə razılaşmayıb məsələyə öz iradını bildirir. Dərs bitdikdən sonra Ayətullah Xoyi söhbət əsnasında Behcətə deyir: “Tutduğun irad çox mühümdür. Kim bunu sənə deyib? Bu sözlər sənin öz fikrindir, yoxsa başqasının?” Behcət söhbəti başqa səmtə yönəldib deyir: “Yaxşı olar ki, siz də Qazinin yanına gedib, onunla əlaqə saxlayasınız.” Həmin söhbətdən sonra Ayətullah Xoyi bu barədə çoxlu götür-qoy edir. Həvayi-nəfs ona Qazinin yanına getmə deyir. Buna baxmayaraq o öz nəfsinə qələbə çalaraq Qazinin yanına gedir. Ondan xüsusi tapşırıqlar alan Xoyi uzun müddət onlara əməl edir.

Ramazan ayında hər axşam min dəfə “Qədr” surəsini oxumaq Qazinin Xoyiyə verdiyi xüsusi tapşırıqlardan biri idi. Bir dəfə yenə “Qədr” surəsini oxuduğu vaxt gələcəkdə onun üçün nə baş verəcəyini müşahidə edir. Mərcəiyyət məqamından tutmuş ölənə qədər bütün olacaqlar gözü önündən ötüb keçir. Amma sonralar onun həyatında baş verən dəyişikliklərə görə Qazinin verdiyi xüsusi tapşırıqlara əməl edə bilmir və onunla olan əlaqəsi kəsilir.

Ayətullah Xoyi rəhmətlik Qazinin yanına getməzdən əvvəl onun seyri-sülukdakı metodunu bəyənmir və hətta bu fikrini də ona söyləyir. Əllamə Qazi cavabında ona deyir: “Sən də gələcəksən!” Doğrudan da bir müddətdən sonra Xoyi Əllamə Qazinin yanına gedib ondan xüsusi tapşırıqlar alır.

Allah övliyalarının zahidanə həyatı

İlahi insanlar “seyri-süluk” məqamına çatmaq üçün həmişə dünyəvi və nəfsani ləzzətlərdən pəhriz edir və ancaq zəruri ehtiyaclarını tə`min etməklə kifayətlənirlər. Bu xüsusi pərhiz və ehtiyatlar nəticəsində adi insan Allah tərəfindən seçilmiş xass bəndəyə çevrilir. Bəli, bu sə`y və təlaş nəticəsində onların bəsirət (mələkut) gözləri açılır.

Ayətullah Behcət heç vaxt yazdığı “Tozihul məsail”i çap etdirmək istəmirdi. Hər dəfə onunla bu haqda söhbət edəndə belə cavab verərdi: “Başqaları da bu işin öhdəsindən gələ bilərlər.” Böyük müctəhidlərin vəfatından sonra, ictimaiyyət və yaranan mə`nəvi ehtiyac və islam alimlərinin ardıcıl tə`kidlərinə əsasən, Behcət adının qeyd edilməməsi şərtilə “Tozihil-məsail” risaləsinin çap edilməsinə icazə verdi. Nəhayət, onun  risaləsi çap olur, amma adsız və altıncı çapdan sonra kitabın üzərində “Əl-əbd Məhəmməd Təqi Behcət” yazılır. Bu ilahi nurun tərənnümüdür ki, Allah övliyalarının əhvalatlarında bu cür özünü göstərir.

Onun (Behcət) tərəfindən təşkil olunan məclislərdə xətiblərə məclisdə hətta onun adını çəkməmələrini tapşırardı.[39]

Əvvəllər Ayətullah Behcət istixarə etmək üçün məsciddə oturar və Qur`anla istixarə edərdi. İstixarənin cavabını isə işarə ilə deyərdi. Amma indi cismən gümrah olmadığına görə öz evində istixarə edir və onları məxsus dəftərdə qeydə alır. Bu dəftərin vərəqləri ən ucuz kağızdan hazırlanmışdır. Dəftər dolanda Behcət üçün ağ vərəqləri olan jurnal tipli dəftər alıb apardıq. O dəftərə baxıb nə isə fikirləşib dedi: “Bu dəftər mənim işim üçün münasib deyil. Gərək sarı, ucuz kağızdan olsun.”

Biz bu dəftəri saxladıq ki, bir gün lazım olar. Bir gün onun öz dərslərini qeyd etdiyi dəftəri qurtardı. Həmin saxladığımız dəftəri ona verəndə yenə də qəbul etmədi. Çox israr və müxtəlif dəlillər gətirəndən sonra deyəndə ki, sizin yazılarınızı başqa dəftərlərdə oxumaq çox çətin olur və aradan gedir – o vaxt razılaşdı.

Belə incəliklərə diqqət yetirmək bə`zən bizim üçün dərk edilməz olsa da, ilahi insanların kamala çatmasında mühüm rolu olmuşdur.

Qadını da həyatdan məhrum etmək olarmı?

Bir gün çox imanlı dostlardan biri belə nəql edirdi: “Bir dəfə Behcəti yuxuda gördüyüm zaman mənə tapşırdı ki, xanımına elm öyrət. Bir müddət keçəndən sonra gördüyüm yuxunu ona (Behcətə) danışanda, buyurdu: “Qadının elm öyrənməyinin qarşısını almağa bizim heç bir haqqımız yoxdur.”

Əgər elmin tədrisi qadınlara məhrəm olan şəxslər vasitəsilə olsa, daha yaxşıdır. Əsas məsələ qadınların vacibata əməl etmələridir. Əlbəttə, kişilərin də qadınlar kimi  vacibata riayət etmələri çox mühümdür. Sonra belə buyurdu: “Elm həyat deməkdir. Məgər qadını da həyatdan məhrum etmək olarmı?” Sözünü bə`zi alimlərin xanım və qızlarının çatdığı məqamlara işarə etməklə davam etdirdi. Axund Molla Əli Həmədanidən nəql edərək dedi: “O öz qızlarını Nəcəf-Əşrəfə aparmaq şərtilə ərə verirdi ki, orada təhsil ala bilsinlər.”

Keçmiş günlərin həsrətində

Behcət həmişə dünyasını dəyişmiş, əbədiyyətə qovuşan böyük alimləri və onların necə həyat sürmələrini çox həsrətlə yad edərdi. Bir gün yenə onlardan söz düşəndə, dedi: “Biz əvvəlki alimlərin getdiyi düz yolu getmirik.” Sonra dərindən ah çəkərək əlavə etdi: “Bilmirəm niyə belədir? Ayətullah Qazi öz  ustadının dilindən belə nəql edir: “Bir vaxtlar Həzrət Əlinin (ə) hərəmində gecə namazlarının qunutunda “Əbu Həmzə Sumali” duasını oxuyan yetmiş nəfər böyük şəxsiyyət var idi. Qazi deyərdi: “Bizim dövrümüzdə bu cür adamlar üç-dörd nəfərdən çox deyil.” Amma biz öz zamanımızda hələ belə adamlardan birini də görməmişik. Hal-hazırda da vəziyyətin necə olduğunu görürsünüz.

Hanı əməl edən?

Bir dəfə tələbələrdən biri Behcətin yanına gedib deyir: Bizə əməl etmək üçün xüsusi dini tapşırıq verin. Behcət buyurur: “Tapşırıq? Tapşırığa əməl edən hanı?” Tələbə xahiş edir ki, heç olmasa bizə nəsihət və dua edin. O belə cavab verir: “Dua edirik. Dua ki, bir şey deyil.” Tələbə yenə deyir: İndi də bizə bir tapşırıq verin. Behcət buyurur: “Sizə deyəcəyim tək bir kəlamı eşidin və qulağınızdan sırğa edin: “Hara gedirsiniz gedin, amma günah etməyin.”

Seyri-sülukda niyə şagird qəbul etmirsiniz?

Höccətül-islam Ənsari Həmədani belə nəql edir: Nəcəf-Əşrəfdə olduğum vaxt bir gün Ayətullah Behcətdən soruşdum: “İrfan” və “Seyri-süluk” yolunda yetişdirmək üçün niyə şagird qəbul etmirsiniz? Dedi: “Çərşənbə axşamı Səhlə məscidinə get. Orada gördüklərinin hamısını mənə danışandan sonra sənin sualına cavab verəcəyəm.” Behcətin dediyi kimi həftənin çərşənbə axşamı Səhlə məscidinə getdim. Məsciddə adam çox idi. Qoca-cavan, hər kəs bir cür Allahla münacat etməyə məşğul idi. Gecə yarısına yaxın məscid yavaş-yavaş boşalmağa başladı. Barmaqla sayılası və uzun-uzadı gecə namazı qılan bir-neçə qocadan başqa məsciddə bir adam qalmadı. Behcətin yanına gedib məsciddə gördüklərimi ona danışdım. O cavabında belə dedi: “Şagird qəbul etməməyimin əsas səbəbi, ibadətdə möhkəm adam tapa bilməməyimdir.” (Adamların çoxu ağır ibadətə tab gətirə bilmirlər.)

Ayətullah Behcətin gündəlik proqramı

Onun gündəlik proqramı həmişə xüsusi nizam üzrədir. Mərcəi-təqlid olmazdan əvvəl və ya sonra onun bu proqramlarında heç bir dəyişiklik baş verməyib. Behcət vaxtını ibadət, zikr, təfəkkür, mütaliə, tədris etməklə və ya vacib məişət işlərini görməklə keçirər. Tarix boyu böyük dini şəxsiyyətlər ömürlərinin hər anından səmərəli istifadə etməyə çalışmışlar.

Hər gün sübh azanından bir-iki saat qabaq yuxudan durub ibadətlə məşğul olar və fürsət tapanda mütaliə edər. Namazını əvvəl vaxtında öz mənzilində qılar, bir az keçəndən sonra isə camaat namazı qılmaq üçün məscidə gedər. Camaat namazından sonra xüsusi təqibatı yerinə yetirib hərəmə yollanar, təqribən saat 930-da evə qayıdar. On-on beş dəqiqə oturub dincini alandan sonra tədris etmək üçün “Fatimiyyə” məscidinə gedər. Dərsdən sonra bir az mütaliə edib, camaat namazı qılmağa hazırlaşar, namazdan sonra müraciət edənləri qəbul edər, sonra isə nahar yeməyini yeyər. Günün qısa və uzun olmasını nəzərə alaraq bir-iki saat istirahət edəndən sonra yenə tədris etmək üçün məscidə yollanar və dərsdən sonra fasiləsiz şam namazına hazırlaşar. Evə qayıdan zaman qaranlıq bir otaqda namazdan sonrakı xüsusi ibadətləri yerinə yetirər, bir stəkan çay içib, mütaliə ilə məşğul olar və sonra isə şam yeməyini yeyib istirahət edər.[40]

Yemək proqramı

Ayətullah Behcət həftə ərzində bir-iki dəfədən artıq ət yeməyi yeməzmiş. Baxmayaraq ki, bə`zi yerlərdə kabab və başqa yeməklər yeməyə tövsiyə edilmişdir. Səhərlər pendir, çay, çörək və ya bir stəkan süd, axşamlar isə çay-çörək meyl edər. Əlbəttə, əvvəllər axşam ayran-çörək yeyərdi, amma ağır xəstələndikdən sonra həkim ayranı qadağan etmişdir. Bundan sonra o, gecələr limon şərbətilə çörək yeyər. Mədə ağrıları baş verəndən sonra bu yemək proqramını da dəyişib.[41]

Sübh namazını gec qılmağın səbəbi

Ayətullah Behcət həmişə sübh namazını əvvəl vaxtında öz mənzilində qılandan sonra, camaat namazı qılmaq üçün məscidə gedərdi. Behcətin camaat namazında iştirak edənlərdən bə`ziləri uzaq yerdən gəldikləri üçün ondan namazı bir az gec qılmasını xahiş etmişdilər. Onların xahişinə görə daha sübh namazını da bir az gec qılar. İran inqilabından sonra yaranan vəziyyətə görə İmam Xomeyni onun üçün cangüdən qoymaq istəyir. Amma Behcət cavabında “cangüdəni qoruyan Allah, bizi də hifz edər”– deyib, İmamın bu təklifini qəbul etmir. Tehrandan belə sifariş gəldi: “Çalışın qaranlıqda evdən çölə çıxmayın.” Behcət bu sifarişdən sonra həmişə məscidə də bir az gec gedər. Bu da onun sübh namazını gec qılmasının başqa bir səbəbi idi.

Amma günorta namazının dəqiq vaxtını bilən kimi, namaza hazırlaşar. O öz həyətində üfüqi bir xətt düzəltmişdir. O bu üfüqi xətlə zöhr  namazının şər`i vaxtını dəqiq tə`yin edir.[42]

Məhbubla münacat

Ayətullah Şeyx Cavad Kərbəlayi deyir: Ayətullah Behcət gecə namazına və gecə yarısı ibadətlərinə xüsusi əhəmiyyət verər. Xüsusilə də cümə axşamlarında münacat etməyi çox üstün tutar. Tanınmış alimlərdən biri mənə dedi: “Nəcəf-Əşrəfdə olduğum vaxtlar idi. Bir dəfə cümə axşamı gecə yarısı Seyyidin mədrəsəsində Behcətin səcdə halında həzin səslə ağlayaraq bu cümləni təkrar etdiyini gördüm: “İlahi, mənli ğəyruk, əs`əluhu kəşfə zurri vən-nəzərə fi əmri.” [43]

Ayətəl kürsi və onun tə`sirləri

Cənab Zahidi məktublarının birində belə nəql edirdi:

“Kərəminijadın xahişinə əsasən, dostlardan birinin Behcət haqqında nəql etdiyi bir əhvalatı sizin üçün yazıram. Ümidvaram bu əhvalat mö`minlərin ürəyincə olsun, inşallah.

“Qum elmi hövzəsinin fazil şəxslərindən Urumiyə şəhərindən olan Mirzə Yusif başına gələn qəribə bir əhvalatı mənim  üçün danışaraq dedi: Bir-iki il olardı ki, təhsil almaq üçün Qum elmi hövzəsinə gəlmişdim. Çoxlu dərs və mütaliə nəticəsində gözlərim ağrımağa başladı. Artıq üzbəüzdəki şeyləri görə bilirdim. Yavaş-yavaş ağrılarım şiddətlənməyə başladı. Qum şəhərindəki göz həkimlərinin əlindən bir şey gəlmədiyinə görə məni Tehrana göndərdilər. Tehrandakı mütəxəssis həkim gözlərimi müayinə edəndən sonra bir iynə vurdu və gözlərim sağalmağa başladı. Bir-iki aydan sonra yenə həmin xəstəlik üzə çıxdı. Əvvəl yanına getdiyim həkimin yanına getdim və yenə bir iynə vurdu. Bu dəfə iki-üç həftədən sonr yenə həmin ağrılar başladıqda həkimə müraciə etdim. Həminki kimi iynə vurub ağrılarımı sakitləşdirdi. Artıq bu dəfə iki-üç gün keçməmiş gözüm əvvəlkindən qat-qat şiddətli ağrımağa başladı. Həkim artıq heç bir şey edə bilmədi. Dəfələrlə aparılan müayinələrdən sonra həkimlər mənim bu xəstəliyimin əlacsız olduğunu dedilər. Mən dedim: Əgər xarici ölkələrdə bu xəstəliyi müalicə edə bilərlərsə, mən getməyə hazıram. Amma həkimlər qəti olaraq dedilər: “Bu xəstəliyin müalicəsi yoxdur.” Naümid halda Quma qayıtdım. Məsciddə Ayətullah Behcət ilə namaz qılandan sonra onun ardınca getdim. Sualı olan hər kəs cavabını alıb gedəndən sonra mənim də sual edəcəyimi başa düşüb dedi: “Buyur, sözünü de.” Kədər məni boğa-boğa başıma gələnləri Behcətə danışdım. Gülümsünüb dedi: “Gündəlik vacibi namazlardan sonra əllərini gözlərinin üstünə qoy və bir Ayətəl kürsi oxu. Sonra bu cümləni de: “Allahum-məhfəz hədəqəti bihəqqi hədəqətəy Əli ibn Əbi Talib!”

Mirzə Yusif deyir: Altı-yeddi gün mən Behcətin dediyi tapşırığa əməl etdim və gözlərim tamamilə sağaldı. Həmin hadisədən on iki-on üç il keçməsinə və gecə-gündüz mütaliə etməyimə baxmayaraq həmin xəstəlikdən əsər-əlamət də yoxdur.

“Peyğəmbərsayağı əxlaq.”

Tehran alimlərindan biri belə nəql edirdi: Bir gün Ayətullah Behcətin mənzilinə getmişdim. Qapını çox sadə bir qoca kişi açdı. Dedim: Ayətullah Behcətlə işim var. Həmin yaşlı kişi dedi: “Buyurun.” Dedim ki, onun özü ilə işim var. Yenə cavab verdi: “Buyurun.” Mən o şəxsin Behcət olduğunu güman belə etməzdim. Öz-özümə fikirləşdim ki, yəqin onunla görüşməyə icazə vermirlər. Sözümü demədən geri qayıtdım. Bir dəfə onun camaat namazında iştirak etmək üçün məscidə gedəndə qapını açan şəxsin Ayətullah Behcət olduğu mənim üçün aşkar oldu. O zahirdə adi adamlardan heç seçilmir. Ağa Behcətin bu əməli Peyğəmbərə xas olan əxlaq və rəftarını mənim zehnimdə canlandırdı.[44]

Ayətullah Behcətin dostlara diqqəti

İmanlı tələbələrdən biri gördüyü sadiq röyanı (yuxu) belə danışır: Yuxuda Ərdəbildə bir şəxsin can verdiyini gördüm. Yuxu aləmində həmin şəxsi tanıdım. Elə bu vaxt Behcətin Qumda məsciddə oturub istixarə etdiyini gördüm. Birdən Behcət Ərdəbildə can verən şəxsin halından xəbərdar oldu. Dərhal özünü həmin şəxsə çatdırıb onu müalicə etməyə başladı. Can verən şəxsin yanındakılar Behcəti görmürdülər. Ustadımın[45] yanına gedib gördüyüm yuxunu ona danışdım. O dedi: “Doğrudan da bu cürdür. Ayətullah Behcət kimi böyük şəxsiyyətlər onlara məhəbbəti olan adamlara xüsusi qayğı göstərirlər. Yuxuda gördüyün şəxsin ihtizar (can verən) halı, onun mə`nəvi cəhətdən zəifləməsi idi ki, Behcət ona köməyə getmişdir.”

İmam Xomeynini xatırlarkən

İmam Xomeyninin Ayətullah Behcətə xüsusi rəğbəti vardı. Behcətin Quma gəldiyi ilk vaxtdan İmam Xomeyni onunla get-gəl əlaqəsi yaradan birinci şəxs idi. İmam Xomeyninin Əllamə Qazi haqqında soruşduğu suallar əsnasında Behcət onun da “seyri-süluk” məqamında olduğunu dərk edir. Behcətin imamla rabitəsi o qədər yaxın idi ki, hətta müsafirətə getdiyi vaxt yanında olan əmanətləri İmam Xomeyniyə tapşırardı.

İmam Xomeyni sürgündə olan vaxtı Qumda olduğu üç il müddətində məşğuliyyətinin çox olmasına baxmayaraq, vaxt tapan kimi Behcəti görməyə gedərdi. O bu müddət ərzində təqribən səkkiz dəfə onunla görüşmüşdü.

Sadiq yuxu

Ayətullah Behcətə xas sevgisi olan və onun dərslərindən bəhrələnən bir şəxs belə nəql edir:

Ağa Behcətin İmam Xomeyni ilə necə əlaqə saxlaması sualı uzun müddət mənim zehnimdə həkk olmuşdu. İmam Xomeyninin çoxlarını məsləhət almaq üçün Behcətin yanına göndərdiyini eşitmişdim. Bir dəfə ramazan ayının onuncu gecəsi İmam Xomeynini yuxuda gördüm. Ondan Behcətlə olan rabitəsi barədə soruşanda belə cavab verdi: “Mən onunla qırx il bundan əvvəl, oğlum Mustafanın doğulduğu tarixdən bəri tanışam.” Dedim: Deyilənə görə siz Behcət haqqında belə bir söz demisiniz: “Gedin Behcətin namazında iştirak edin. Namaz halında ona ilahidən feyz inayət olur ki, siz də o feyzə şərik olun.” İmam dedi: “Eynilə bu cümləni yox, amma bu məzmunda bir şey demişəm.” Elə bu vaxt yuxudan ayıldım. Bir müddət sonra Behcətin yanına gedəndə İmam Xomeyni haqqında xəbər söylədi. Mən gördüyüm yuxunu Behcətə danışdım. O bunu təsdiq edib dedi: “Bəli, tamamilə doğrudur.”

Bu şəxsə ehtiramı vacib bilirəm.

İmam Xomeyninin şagirdlərindən olan Ayətullah Xaifi öz xatirələrinin birində belə nəql edir: “1958-ci ildə İmam Xomeyni zindandan azad olub Quma gəldi. Qum şəhərinin bütün məhəllələri İmamın gəlişini bayram edirdi. İmamın Qumdakı mənzili hər gün adamla dolu olardı. Hər gün İmam Xomeyninin görüşünə gələnlərdən biri də Behcət idi. O, hücrələrdən birinin qapısı ağzında ayaq üstə bir az dayandıqdan sonra qayıdıb gedərdi. Ona deyəndə ki, sizin kimi böyük bir şəxsiyyətin burada durması yaxşı deyil, heç olmasa keçib içəridə əyləşin. Behcət belə cavab verərdi: “Mən bu böyük şəxsiyyətə hörmət əlaməti olaraq hər gün bura gəlib onun hüzurunda bir-neçə dəqiqə ayaq üstə durmağı özümə borc bilirəm.”[46]

Bil ki, sadə bir tələbə övladısan

Ayətullah Behcətin oğlu belə bir əhvalat nəql edir: “Mənim kiçik uşağım hələ yazıb-oxumağı bilmədiyi vaxt, bə`zən mənim iş otağıma gələr, özü üçün dəftərində nə isə  cızma-qara edərdi. Bir dəfə dəftərində çəkdiyi xətləri babasına (Behcət) göstərəndə, babası ondan soruşur ki, burada nə yazmısan? Uşaq deyir: “Bu sirri ancaq özüm bilirəm.” Atam deyir ki, indi yazdıqlarını mənim üçün oxu. Uşaq oxumağa başlayır və orada bu cümləni işlədir: “Həzrət Ayətullah-Üzma Behcət...” Atam bunu eşidəndə çox narahat olur, amma uşağa bir söz demir. Sonra məni otağına çağırıb çox narahat halda belə dedi: “Sən özünü nə hesab edirsən et, amma bunu bil ki, sadə bir tələbənin övladısan.” Dedim: Ağa, nə olub? Niyə narahatsınız? Buyurdu: “Bax gör övladın nə deyir? Bu nə ləqəblərdir ki, uşağa öyrətmisiniz?” Dedim: Mən ona heç bir şey öyrətməmişəm. Narahat halda dedi: “Sənin övladındır, tərbiyəsi ilə də sən maraqlanmalısan.”



Geri   İrəli
Go to TOP