A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Ayətullahül-üzma Behcətin həyatı
Müəllif: Məlahət Əsədova
Naşir: Şəhriyar
Çap tarixi: 2007
Səhifələrin sayı: 144
Çap növbəsi: İkinci
Tirajı: 3000
Geri   İrəli


2. Behcət buyurur: “Rəşt tacirlərindən biri Məşhəd sakini idi. Rəştdən Məşhədə gələn başqa bir tacir onun evində qalırdı. Bir gün ev sahibi pəncərəni açıb İmam Rzaya (ə) salam verəndə, qonağın yeniyetmə oğlu İmamın cavabını eşidir. Oğlan təəccüblə ev sahibinə deyir: Mən sizin salamınızın cavabını eşitdim. İmam sizin salamınıza cavab verir? Ev sahibi deyir: Bəli. Səndə onu eşitmək iste`dadı olduğu üçün İmamın cavabını eşitdin. Doğrusu İmam Rza (ə) hamının salamına cavab verir.”

3. Behcət belə nəql edirdi: “Şeyx Əli Zahid olduqca imanlı və zahid bir şəxs idi. Çörəyini həmişə özü bişirərdi. Bir dəfə Kərbəla ziyarətinə gedən Şeyx Əli Zahid bir neçə gün orada qalmalı olur. Bir gün bir şəxs ona yaxınlaşıb çörək istəyir. Şeyx deyir: Əgər çörəyimi sizə versəm gərək tezliklə Kərbəlanı tərk edəm. (Çünki başqa çörəklərdən istifadə etməzdi.)”

4. Ayətullah Behcət buyurur: “Ayətullah Şərəbyani böyük alimlərdən biri idi. Soyuq qış günlərinin birində bir dilənçi ondan kömək istəyib, deyir: Əgər kömək etməsən acından öləcəyəm. Amma Şərəbyani onun dediklərinə əhəmiyyət vermir. Dilənçi mənzilinin qapısına qədər onun dalınca gəlir. Şərəbyani evə girib qapını bağlayır. Onun fəqirə əhəmiyyət vermədiyinə görə evdəkilər də bir söz demir. Səhər dilənçinin qapının ağzında öldüyünü görürlər. Ayətullah Şərəbyani ona qüsl verməyi tapşırır. Paltarlarını çıxaranda, onun cibindən içi dolu pul kisəsi tapılır.”

5. Bir nəfər Şeyx Cə`fər Şüştərinin yanına gedib deyir: Uşağımın gözləri kordur. Siz “Həmd” surəsini oxuyun, övladımın gözləri açılsın. Şeyx dedi: Atam olan yerdə mənim oxumağım yaxşı deyil. Get atamın yanına. Uşağı Şeyx Cə`fərin atasının yanına aparır. O əlini uşağın gözləri üstünə qoyub Həmd surəsini oxuyur. Elə bu vaxt uşaq deyir: (Barmaqların arasından) Görürəm. O, Həmd surəsini oxuyub qurtaranda, uşaq artıq görürdü.

6. İsfahan alimlərindan Muniri rəhmətlik Mirzə Şiraziyə irad tutur və bu barədə məktub yazıb İsfahan alimlərindən də imza toplayır. Məktubu sahibinə (Mirzə Şirazi) çatdırmaq üçün Nəcəf-Əşrəfə yollanır. Əvvəlcə mərhum Molla Fəthəli Sultanabadinin görüşünə gedir. Rəhmətlik Sultanabadi ona cibindəki məktubun məzmunundan xəbər verəndə çox təəccüblənir. Özünü başqalarından üstün bilən bu şəxs təvazökarlıqla Molla Fəthəliyə deyir: Bizə bəhrələnmək üçün bir şey deyin. Sultanabadi buyurur: Siz özünüz böyük alimsiniz. O çox israr etdikdə, Molla deyir: Üç şeyə həmişə əməl et:

1. Ayın əvvəlinin xüsusi namazını qıl.

2. Hər gün “Aşura” ziyarətini oxu.

3. Hər axşam iki rəkət Vəhşət namazı qılıb kimsəsiz mö`min bacı-qardaşların ruhuna hədiyyə et.”[17]

Oğurlanmış gəlindən xəbər

Toy günü bir ailə üçün bədbəxt hadisə baş vermişdi. Qız evi ilə düşmən olanlar gəlini oğurlamış və hara apardıqlarından heç kimin xəbəri yox idi. Gəlinin ata-anası və oğlan evi çox nigaran idilər. Yaxın qonşulardan biri bu iki ailənin narahatçılığını görüb Behcətin yanına gedir və baş verənlərin hamısını ona danışır. Behcət bir az fikirləşdikdən sonra çox adi tərzdə deyir: “Gedin hərəmə, bəlkə ora getmiş ola.” O, çox arxayın olduğundan gəlinin ailəsinə xəbər verir ki, hərəmə getsinlər. Hərəmə gələndə qızı Həzrət Mə`sumənin (ə) zərihinin yanında olduğunu görürlər. Gəlinin belə bir yerdə tapılacağı isə heç kimin ağlına da gəlməzdi.

“Oğlunun adını Məhəmmədhəsən qoy”

Dostlardan biri belə nəql edirdi: Mənim həyat yoldaşım hamilə idi. Ramazan ayından qabaq müsafirətə getmək istəyirdim. Ayətullah Behcətlə sağollaşmaq üçün onun mənzilinə getdim. O, mənim üçün dua edəndən sonra dedi: “Allah-təala bu ayda sizə bir oğlan uşağı nəsib edəcək. Adını Məhəmmədhəsən qoyarsınız.”

Mən ona həyat yoldaşımın hamilə olması barədə heç bir şey deməmişdim. Ona görə də uşağın oğlan olacağından xəbər verməsi mənim üçün çox təəccüblü idi. İmam Həsənin (ə) təvəllüdü gecəsi– yə`ni ramazan ayının 15-də Allah-təala bizə bir oğlan uşağı əta etdi ki, Ayətullah Behcət qabaqcadan adını Məhəmmədhəsən qoymuşdu.

Şeyx Mürtəza Taliqanini yad edərkən

Ayətullah Behcətin bəhrə aldığı ustadlardan biri də Şeyx Mürtəza Taliqani olmuşdur. Burada bu böyük alimin həyatından qısa mə`lumat verməklə kifayətlənirik.

İlahi arif Şeyx Mürtəza Taliqani Nəcəfi 1847-cü ildə Taliqan şəhərinin Dizan kəndində dünyaya göz açmışdır. Yazıb-oxumağı doğulduğu kənddə öyrəndikdən sonra “müqəddəmat” dərslərinin təhsilinə başlayır. Tehrana hicrət edəndən sonra “müqəddəmat və səth” dərslərini orada başa vurur. Əqli dərsləri–yə`ni fəlsəfəni Tehranda oxumağa başlayan Şeyx Taliqani bu elmlərə daha dərindən yiyələnmək üçün iki böyük alim, arif Axund Molla Məhəmməd Kaşi və Cahangirxan Qaşqayinin dərslərinə qatılır. O fiqh elmini öyrənmək üçün dövrünün böyük ustadlarından, o cümlədən Nəcəfi Məscidşahi İsfahani, Seyyid Məhəmməd Baqir Dərəçeyi, Əllamə Gəzi və Şeyx Mürtəza Dizi İsfahanidən dərs almışdır.

1880-cı ildə Nəcəf-Əşrəfə hicrət edən Şeyx Mürtəza Taliqani, Mühəqqiq Xorasani, “Ürvətül-vüsqa” kitabının müəllifi və Nəcəfin digər böyük ustadlarından istifadə edərək “ictihad” məqamına çatır.

İlahi arif Şeyx Mürtəza Taliqani zamanın böyük övliyalarından hesab olunurdu. O, nafilə və müstəhəb əməllərə çox dəqiq fikir verər və Allah zikrini yaddan çıxarmazdı. Bu böyük alim, adətən təkliyi sevər və başqalarıyla çox da get-gəl etməzdi. Nəcəfdə tədrislə məşğul olan Şeyx Taliqani Həzrət Əlinin (ə) hərəmi, mədrəsə və bə`zi zəruri yerlərdən başqa bir yerə getmirdi. Dərslərində ondan kömək istəyən hər bir tələbəyə öz köməyini əsirgəməz və ibtidadi dərslərdən tutmuş ali səthə qədər bütün səviyyələrdə tədris edərdi. Yazdığı məktubların sonunda vurduğu möhürun üzərinə bu cümlə həkk olunmuşdu: “Allahummə nəcci Murtəza minən-nar” (İlahi, Mürtazanı cəhənnəm atəşindən nicat ver.)[18]

Şeyx Mürtəza Taliqanidən nəql olunan hekayə və əhvalatlar avtobioqrafi şərhdən çox onun ruhi mə`nəvi hallarını bəyan edir. Beləliklə, birneçəsini nəql edərək onun həyatı barəsindəki sözümüzü sona çatdırırıq.

Hidayət nuru

Ustad Əllamə Məhəmməd Təqi Cə`fəri şeyx Mürtəza Taliqaninin dilindən belə nəql edir: “Mən (Şeyx Taliqani) uzun müddət Taliqanda çobanlıq edirdim. Bir gün yenə qoyunları otararkən Qur`an səsi eşitdim. Bu səs, sanki məni yuxudan ayıltdı. Mən Allahla danışaraq dedim: İlahi, sən öz çağırışını bizim üçün yer üzünə göndərdin. Amma mən ömrümün sonuna qədər sənin bu çağırışına cavab verməməliyəmmi? Həmin vaxt kəndə qayıdıb qoyunları sahiblərinə qaytardım. İşlərimi səhmana salandan sonra təhsil almaq üçün İsfahana yollandım. Beş il İsfahanda təhsil alandan sonra Nəcəfə gedib Axund Xorasaninin dərslərinə qatıldım. Bir müddətdən sonra gördüm ki, bu dərslərdən heç bir fayda ala bilmirəm.[19]

Mürtəza, Mürtəza...?

Alim və ariflərin şərhi-halını yazan mühəqqiqlərdən biri belə deyir: Mö`təbər nəqlə görə, böyük arif şeyx Mürtəza Taliqani bir məsələyə görə narahat olub, Nəcəf hövzə tələbələrindən birinə əsəbiləşmişdi. Amma sonradan səhv etdiyini başa düşən Şeyx Taliqani özünü məzəmmət edərək ağlaya-ağlaya deyirdi: “Mürtəza, Mürtəza, it oldun? Mürtəza, Mürtəza, it oldun?

Axirət səfərinə hazırlıq

Rəhmətlik həkim Əllamə Cə`fəri buyurur: “Şeyx Mürtəza Taliqaninin yanında “Əsfar” dərsi oxuduğum vaxtlar idi. Məhərrəm ayının başlanmasına hələ iki gün qalmışdı. Yenə dərs almaq üçün onun (Şeyx Taliqaninin) yanına getdim. Şeyx mənə dedi: “Durun gedin. Nə üçün gəlmisiniz?” Mən dərsə görə gəldiyimi ona bildirəndə, dedi: “Ağa dərs qurtardı!”

Öz-özümə fikirləşdim ki, bəlkə Şeyx Məhərrəm ayına görə dərsləri tə`til edib. Ona görə də dedim: Dini-elmi hövzələrdə dərslər tə`til olmayıb. Axı məhərrəm ayının başlanmasına hələ iki gün qalır. Şeyx Mürtəza buyurdu: “Bilirəm. Amma mən müsafirəm, mən müsafirəm! Taliqaninin eşşəyi gedib, palanı qalıb. Ruh gedib, cəsədi qalıb. La ilahə illəllah.” Bunu deyəndə gözləri yaşardı.

Mən bu sözlərin onun tezliklə rəhmətə gedəcəyindən xəbər verməsini başa düşdüm. Baxmayaraq ki, onun ruhi-cismi cəhətdən heç bir dərdi yox idi. Şeyx Mürtəza Taliqanidən mənim üçün nəsihətamiz bir söz deməsini xahiş etdim. O belə dedi: “Afərin, ağa! İndi başa düşdünüz.” Sonra bu şe`ri oxudu:

Vaxt varikən belləyib çatdır başa

Qocalıb bükülərkən döyərsən başa

Yenə də La ilahə illəllah kəlməsini təkrar etdikdə, çöhrəsi daha da nurlandı.

Biz iki gün sonra, yə`ni məhərrəm ayının əvvəlində Şeyx Mürtəza Taliqaninin vəfat etdiyini eşitdik.[20]

Əlidən (ə) kömək

Hacı Hadixan Sənəmi Əbhəri belə nəql edirdi: Bir dəfə İraqa ziyarətgahlara getmişdim. Nəcəf-Əşrəfdə olduğum müddətdə hər gün İmam Əlinin (ə) ziyarətinə gedirdim. Bu müddət ərzində bir nəfər axtarırdım ki, onunla danışıb ürəyimi boşaldım.

Bir gün yenə hərəmə gedib, bir xeyli orada əyləşdim. Amma faydası olmadı. Həzrət Əliyə (ə) ərz etdim: Ey Mövlam! Mən sizin qonağınızam. Nəcəfdə olduğum bu neçə gün ərzində danışmağa bir nəfər tapa bilməmişəm.

Hərəmdən çıxıb ixtiyarsız olaraq “Huvəyş” bazarına tərəf yollandım. Oradan Mərhum Seyyid Məhəmməd Kazim Yəzdinin mədrəsəsinə daxil oldum. Mədrəsənin həyətində kiçik bir hücrənin qabağındakı daşın üzərində əyləşdim. Artıq zöhr azanının vaxtı idi. Yuxarı təbəqədəki otaqlardan birindən nurani simalı bir şeyx çıxıb, mədrəsənin damı üstündə azan deməyə başladı. Şeyx qayıdıb hücrəsinə girmək istəyəndə, bir anlıq gözüm onun nurlu çöhrəsinə sataşdı. Azan deməyin tə`sirindən onun yanaqları nur saçırdı. O hücrəsinə girib qapını örtdü.

Mən ağlaya-ağlaya ərz elədim: Ey Əmirəl-mö`minin! Neçə gündən sonra bir nəfər tapdım ki, onunla danışım. Amma o da mənə e`tina etmədi. Elə bu vaxt həmin şəxs hücrə qapısını açıb, işarə ilə məni yuxarı çağırdı. Yerimdən qalxıb yuxarı təbəqəyə çıxdım. Hücrəyə daxil olanda hər ikimiz qucaqlaşıb bir müddət beləcə ağladıq. Sonra sakitcə oturub bir-birimizə tamaşa etdik. Mən sonra şeyxlə sağollaşıb getdim.

Bu fazil şeyx rəhmətlik Şeyx Mürtəza Taliqani idi.[21]

Bir gecə də qənimətdir.

Arif Taliqani rəhmətə getməmişdən bir gün qabaq mədrəsənin tələbələrini öz hücrəsinə də`vət etmişdi. O, tələbələrlə deyib-gülür və zarafatlaşırdı. Tələbələr hər dəfə durub getmək istəyəndə şeyx deyirdi: “Bir gecə də qənimətdir.”

Mədrəsənin xidmətçisi belə deyirdi: Şeyx rəhmətə getməmişdən qabaqkı gün axşam çağı mənimlə rastlaşanda dedi: “Səhər sübh namazına durub dəstəmaz alanda mənim rəhmətə getdiyimi eşidəcəksən.” Mən onun dediklərini başa düşməyib, zarafat kimi qə`bul etdim.

Sübh azanında Şeyx mədrəsənin damına çıxıb azan dedi. Sonra qayıdıb öz hücrəsinə girdi. Şeyx həmişəki adəti üzrə hər gün sübh namazından sonra mədrəsənin həyətində gəzişərdi. Amma həmin gün onun hücrəsindən çıxmadığını görəndə, hamı narahat oldu. O, hücrəsində üzü qibləyə uzanıb canını Allaha tapşırmışdı. Tələbələr qışqırdılar: Şeyx Mürtəza öldü! Elə bu vaxt dəstəmaz alan mədrəsə xidmətçisi Şeyxin dünən dediklərinin zarafat deyil, həqiqət olduğunu başa düşdü.[22]

İlahi arif şeyx Mürtəza Taliqani 1942-ci il məhərrəm ayında vəfat edir və Həzrət Əlinin (ə) hərəminin həyətində dəfn olunur.

İKİNCİ FƏSİL: Kamil arif Əllamə Qazi

Həyatı

Ayətullah Behcətin mə`nəvi-əxlaqi şəxsiyyətinin formalaşmasında Əllamə Qazinin çox böyük rolu və tə`siri olmuşdur. Ustadın tələbəsinə etdiyi bu qəribə tə`sir mə`rifət əhlinə xasdır. Şiə aləminin fəxri, ibrətamiz həyat tərzi və Behcətin ustadı olan Ustad Qazinin şərhi-halını burada qeyd etməyi özümüzə borc bildik.

Əllamə Seyyid Mirzə Əli Qazi 1864-cü il zilhəccə ayının 13-ü Təbriz şəhərində elm və mə`rifət nuru ilə dolu bir ailədə dünyaya göz açdı. O, Mirzə Rəhim Təbatəbai ibn Mirzə Əhmədin oğlu, Mirzə Hüseynin oğludur[23] ki, soy kökü həzrət Əliyə (ə) çatırdı.[24] Atası Mirzə Hüseyn Qazi elm və mə`rifət əhli idi. Mirzə Şirazinin tələbəsi olmuş Mirzə Hüseyn Qazi “həmd və ən`am” surələrinə təfsir yazmışdır. Təbrizə gedərkən mərhum Mirzə Şirazi onunla sağollaşıb dedi: “İndiki gedirsən, heç olmasa gün ərzində özünə bir saat vaxt ayır.” Bir müddətdən sonra Mirzə Şirazi başqalarından onun haqqında soruşanda dedilər: “Hacı, sənin dediyin o bir saat iyirmi dörd saata çatıb. Mirzə Hüseyni həmişə “müraqibə” halındadır. O, 1893-cü il fani dünya ilə vidalaşmışdır.

Əllamə Qazi elm və maarifi atasının və digər böyük ustadların yanında öyrənmişdir. Bu ustadlar sırasında Mirzə Musa Təbrizi (Haşiyətul-vəsail kitabının müəllifi) və Seyyid Məhəmməd Əli Qaraçədağinin (“Haşiyeyi şərhe lüm`ə” kitabının müəllifi) adını qeyd etmək olar.

Əllamə Qazi 1892-ci ildə Nəcəf-Əşrəfə yollanır. Orada Molla Məhəmməd Şərəbyani, Şeyx Məhəmməd Həsən Mamaqani, Şeyx Əşşəriyeyi İsfahani, Şeyx Məhəmməd Kazim Xorasani və Mirzə Hüseyn kimi fazil alimlərdən dərs alır.[25]

Maarif və Allaha doğru gedən yolda Axund Molla Hüseynqulu Həmədaninin şagirdi seyyid Əhməd Kərbəlayinin dərslərindən bəhrələnmiş və özü də bu yolda bir çoxlarını sirab etmişdir.

Onun əsərlərindən “Təfsiri-Qur`an” kitabını qeyd etmək olar. Bu kitabda Qur`anın əvvəlindən “Ən`am” surəsinin 92-ci ayəsinə qədər təfsir etmişdir.[26] Onun digər əsərlərindən biri də iyirmi bir yaşında Şeyx Müfidin “İrşad” kitabına yazdığı düzəlişdir.[27]

Onun həyatının parlaq nümunələrindən maddiyyatdan uzaq və tövhidə çatmış tələbələr yetişdirməsini misal çəkmək olar. Belə imanlı tələbələr tərbiyə etmək çox az adama qismət olur. Ötən yarım əsrdə İraq və İranın mühüm məntəqələri şiə aləminin fəxri–Əllamə Qazinin yetişdirdiyi tələbələrin mə`nəvi hakimiyyəti altında idi. Misal olaraq Əllamə Təbatəbai və kamil arif Ayətullah Behcətin Qum elmi hövzəsindəki yüksək tə`sirini qeyd etmək olar. Tehranda Ayətullah Şeyx Məhəmməd Təqi Amuli və son zamanlar Ayətullah Şeyx Abbas Hatif Quçani, fars vilayətində Ayətullah Dəstğeyb və Ayətullah Nəcabət Şirazi, Azərbaycanda (İran) Ayətullah Şeyx Əli Əkbər Mərəndi, Təbrizdə Ayətullah Məhəmməd Həsən İlahi Təbatəbai, İraq və Məşhəddə də bu ilahi alimin mə`nəvi-əxlaqi dəsrlərindən bəhrələnmiş bir çox şagirdlərini misal çəkmək olar. Hal-hazırda onun əxlaqi yolunun davamçıları kamal aşiqlərini Əhli-beyt və Qur`an maarifinin zülal çeşməsindən sirab edərək, Allaha doğru gedən yola hidayət edirlər.

Ustad Qazinin tərbiyəvi göstərişləri barədə Ayətullah Hüseyni Tehrani belə deyir:

Qazi şagirdlərindən hər birinə onların iste`dadlarına uyğun, şər`i əməllərin batini ədəb-ərkanına riayət etməklə qanunlar çərçivəsində xüsusi-əxlaqi tapşırıqlar verirdi. Bununla onların qəlblərini qeyb aləmindən gələn ilhamları qəbul etməyə hazır edirdi. Onun “Səhlə” və “Kufə” məscidlərində kiçik bir hücrəsi (otaq) var idi. Bə`zən gecələr bu hücrələrdən birində sübhə qədər ibadətlə məşğul olar və bunu öz şagirdlərinə də tövsiyyə edərdi.

Son dövrümüzün nadir incilərindən olan Ustad Qazi 1935-ci il rəbiül-əvvəl ayında əbədi dünyaya qovuşdu. O öz hicrəti ilə mə`nəviyat oduyla yanan ürəklərdə matəm qurdu.[28]

Qazinin elmi-tərbiyəvi metodu

Rəhmətlik Qazi dövrünün adlı-sanlı müctəhidlərindən olmasına baxmayaraq, öz evində tədris etməyi daha üstün tutardı. O fiqh bölməsindən dərs deyər və camaat namazını da tələbələri ilə öz evində qılardı. Ustad Qazi namazı çox yavaş qıldığı üçün, onun namazları həmişə uzun çəkərdi. Günəş qürub edən kimi “şam” namazını qılar və sonra isə namazın tə`qibatını oxumağa başlayardı.

Mübarək ramazan ayında tələbələr onun camaat namazından feyz almaq üçün Qazinin mənzilinə gedərdilər. Bə`zi tələbələr günəş batan vaxtı göyün üzündəki qızartı tam itməmiş namaz qılmadıqları üçün, Qazidən bir az da səbir etməsini xahiş edəndə, o da gözləyərdi. Rəhmətlik Qazi günəş tam batan kimi iftar edərdi.

Ramazan ayının yalnız birinci və ikinci ongünlüyündə gecələr tə`lim və tədris edərdi. Amma ramazanın sonuncu ongünlüyündə dərsləri tə`til edər və ayın sonuna qədər heç kim Ağa Qazini görməzdi. Bu müddət ərzində tələbələr onu görmək üçün Kufə və Səhlə məscidlərinə və Kərbəlaya gedər, amma ondan xəbər tuta bilməzdilər. Bu onun ömrünün sonuna qədər icra etdiyi proqramlardan biri idi.

Rəhmətlik Qazi ərəb dilini çox gözəl bilirdi. Onun öz dediyinə görə qırx min ərəb sözünü hifz etmişdi. Ərəbcə şe`r oxuyanda, hətta ərəblər belə onun qeyri-ərəb (İranlı) olduğunu ayırd edə bilməzdilər.

Bir gün Şeyx Abdullah Mamaqani sözarası Qaziyə deyir: Mən ərəb dili və ədəbiyyatını kamil bildiyim üçün əgər bir şəxs ərəb dilində şe`r desə, onun ərəb və ya qeyri-ərəb olduğunu dərhal deyə bilərəm. Hətta əgər o şe`r gözəl fəsahət və bəlağətlə deyilmiş olsa da.

 Qazi ərəb şairlərin birindən bir qəsidə oxumağa başlayır. Qəsidənin ortalarında barəsində qabaqcadan fikirləşmədiyi şe`rlərindən bir neçəsini də əlavə edir. Sonra Şeyx Mamaqaniyə buyurur: “Bunlardan hansını qeyri-ərəb yazmışdır.” Şeyx ayırd edə bilmir.

Ayətullah Qazi Qur`anı təfsir və mə`na etməkdə çox yüksək iste`dada malik idi. Rəhmətlik Əllamə Təbatəbai buyurmuşdur: “Qur`anda ayəni ayə ilə təfsir etmək metodunu Qazi bizə öyrətmişdir. Biz onun kəşf etdiyi bu yolun davamçılarıyıq. Həmçinin “Fiqhul-hədis” deyilən on dörd mə`sumdan nəql olunmuş hədislərin mə`nasını dərk etmək metodunu da ondan öyrənmişdik.”

Rəhmətlik Qazi nəfsin və əxlaqın paklaşdırılmasında, ilahi maarif sahəsində, seyri-süluk məqamında qeybi mükaşifələr və eyni müşahidələr xüsusunda əsrinin yeganəsi olmuşdur. İlahi sirlərlə dolub-daşan və əzəmətli bir dağa bənzəyən Qazi tələbələrinin mə`nəvi-əxlaqi tərbiyəsinə xüsusi diqqət yetirərdi. Gündüzlər tələbələri üçün öz evində xüsusi məclis təşkil edər və onları moizə və nəsihət etməyə çalışardı. Onun verdiyi tərbiyəvi dərslər nəticəsində böyük şəxsiyyətlərin bir çoxu haqq yolunda addımlayaraq yüksək kamal və məqam sahibi olmuşlar.[29]

Müvəhhidlər ağası

Əxlaq ustadlarından biri nəql edirdi ki, Əllamə Təbatəbai deyirdi: “Rəhmətlik Qazi Allah təqdirinə razı və tövhiddə qərq olmuş bir şəxs idi. O, otuz altı nəfərlik bir ailəyə başçılıq etməsinə baxmayaraq, özünü elə göstərirdi ki, sanki heç qəm-qüssəsi yoxdur. Bə`zən, Qazinin mənzilinə gedəndə onun ucadan güldüyünü görərdik. Biz onun bu hərəkətindən problemlərinin daha da çoxaldığını başa düşərdik. Çünki o nə qədər çətinlikdə olsa, bir o qədər də şad olurdu.

Seyyid Əhməd Kərbəlayinin göz yaşları

Şeyx Məhəmməd Hüseyni Xorasani Seyyid Əli Qazidən belə nəql edir:

“Bir dəfə gecəni oyaq qalmaq üçün “Səhlə” məscidinə getmişdim. Gecə yarısı bir nəfər məscidə daxil olub, İbrahim məqamı deyilən yerdə ibadətlə məşğul olmağa başladı. Sübh namazını qılandan sonra səcdəyə gedərək, gün çıxana qədər başını səcdədən qaldırmadı. O, səcdədə yanıqlı-yanıqlı ağlayıb, Allah-təala ilə münacat edirdi.

Mənə çox maraqlı idi ki, bu şəxsin kim olduğunu bilim. Yaxınlaşanda, onun Seyyid Əhməd Kərbəlayi olduğunu gördüm; o qədər göz yaşı axıtmışdı ki, səcdəyə getdiyi yer palçıq olmuşdu. Səhər açılan kimi qalxıb hücrəsinə getdi. Amma Seyyid Əhməd Kərbəlayi dərs deyərkən onun gülüş səsi hətta məsciddən çölə də yayılırdı.”[30]

Zahidlik nümunəsi

Ustad Qazi şagirdlərindən hər birinə iste`dadına uyğun, əhkami əməllərin batini ədəb-ərkanına riayət etməklə şər`i qanunlar çərçivəsində xüsusi əxlaqi tapşırıqlar verərdi. Bununla da onların qəlblərini qeyb aləmindən gələn ilhamları qəbul etməyə hazırlayırdı. Şagirdlərinə tapşırmışdı ki, namaz qıldığınız, Qur`an oxuduğunuz və zikr etdiyiniz vaxt, gözəl sima və ya qeyb aləminə aid olan bə`zi şeylər müşahidə etsəniz, onlara diqqət etmədən öz ibadətinizlə məşğul olun!

Rəhmətlik Qazi əməl baxımından canlı nümunə idi. Nəcəf camaatı, xüsusilə də elm əhli ondan qəribə əhvalatlar nəql edirlər. Böyük bir ailə ilə ağır maddi durumda yaşamasına baxmayaraq təvəkkül, təslim və tövhid məqamına elə qərq olmuşdu ki, bu çətinliklər onu az da olsun haqq yolundan ayıra bilmirdi. Nəcəf müctəhidlərindən biri deyir: “Bir gün meyvə-tərəvəz dükanına getmişdim. Qazi də dükanda idi. O, əyilib kahı götürürdü. Amma başqalarının tam əksinə olaraq yarpaqları cod və solmuş kahıları seçirdi. Qazi yığdığı kahıları tərəzidə çəkmək üçün dükançıya verdi. Sonra bu kahıları əbasının altına tutub evə yollandı. O vaxtlar mən cavan bir tələbə, Qazi isə yaşlı qoca idi. Onun dalınca gedib dedim: Ustad, mənim sizə bir sualım var. Niyə siz hamının etdiyi işin tam əksinə olaraq xarab və solmuş kahıları aldınız? Dedi: “Ey cavan! Bu satıcı çox kasıb adamdır. Mən bə`zi vaxtlar ona kömək edirəm. Amma iki səbəbə görə istəmirəm ona etdiyim bu kömək əvəzsiz olsun. Birincisi budur ki, onun izzət və şərəfinin aradan getməsini istəmirəm. İkincisi isə, Allah eləməmiş, zəhmətsiz qazanca adət edib öz alış-veriş işini boş tutmasın. Bizim üçün təzə kahı ilə solmuş kahının heç bir fərqi yoxdur. Mən bilirəm ki, bunları alan olmayacaq və satıcı günorta vaxtı dükanı bağlayanda bunları çölə tökəcək. Onun zərər çəkməməsi üçün mən onları aldım.[31]

Əllamə Qazinin xüsusi məclisləri

Şeyx Məhəmməd Hüseyn Xorasani öz ustadı Əllamə Qazi haqqında belə deyir: “Ustad Qazi adətən gecələr əxlaq məclisi qurar və çıraq yandırmazdı. Nəcəf alimlərindən “batin əhli” olan bə`ziləri də məclislərində iştirak edərdilər. Adətən, əxlaqı necə islah etmək, mə`rifət və həmçinin irfan haqqında da söhbət edərdi. Amma əksər vaxtlarda insanın zati mə`rifəti və özünütanıma bəhslərindən söz açar və məclisə qəribə bir şəxs daxil olsaydı, dərhal sözünü dəyişib İmam Hüseynin (ə) ziyarətindən bəhs edərdi. Onun dediyinə görə insanların iste`dadları müxtəlifdir. Hər sözü hər adama demək düz deyil.[32]

Əllamə Qazinin Ayətullah Xoyi Həzrətlərinə əməli tapşırığı

 “Nəcəfdə dini təhsillə məşğul olduğum illərdə müstəhəb əməllərə, həmçinin, vird və zikrlərə çox fikir verirdim. Hərdən Seyyid Əli Qazinin mə`nəvi feyzlə zəngin olan məclislərində iştirak edir və o böyük şəxsiyyətin qüdsi nəfəsindən bəhrələnirdim. Bir gün ona dedim: “Mümkünsə, mənə də bir şey öyrədin, əməli bir tapşırıq verin. Qazi mənə əməli bir tapşırıq verib dedi: “Qırx gün bu tapşırığa əməl edərsən.” Mən Qazinin verdiyi tapşırığa qırx gün əməl etdim. Qırxıncı gün mükaşifə halında gələcəkdə mənim üçün nə baş verəcəyini gördüm. Özümü, evdə minbərdə tədris etdiyimi və camaatın dəstə-dəstə mənim yanıma gəldiyini müşahidə etdim. Bütün bunlar sanki bir lent yazısı kimi gözümün önündən ötüb keçirdi. Birdən, Əli (ə)-ın hərəminin minbərindən “İnna lillah və inna iləyhi raciun” nidası səsləndi. Ey camaat! Ayətullah Xoyi vəfat etdi. Bu səsi eşidəndən sonra mükaşifə halından ayrıldım.[33]

Gecə namazı haqqında tövsiyə

Əllamə Təbatəbai buyururdu ki, təhsil üçün Nəcəf-Əşrəfə getmişdim. Qohumluq əlaqəmiz olduğuna görə bə`zi vaxtlar rəhmətlik Qazinin hüzuruna gedərdim. Bir gün mədrəsənin darvazası önündə dayanmışdım. Qazi oradan keçib gedərkən məni görüb yaxınlaşdı və əlini çiynimə qoyub dedi: “Övladım, əgər bu dünyanı istəyirsən, gecə namazı qıl və əgər axirəti istəyirsən, yenə də gecə namazı qıl.”

Onun bu sözü mənə çox böyük tə`sir etdi. Mən İrana qayıtmazdan əvvəlki beş il ərzində gecə-gündüz Qazinin qiymətli göstərişlərindən bəhrələnirdim. İrana qayıdandan sonra da vəfatına qədər onunla əlaqə saxlayırdım. O, məktublaşma yolu ilə mənə xüsusi tapşırıqlar verirdi. Bizim aramızda ustad-şagird əlaqəsi var idi. “Biz ələ gətirdiyimiz bütün nailiyyətlərə görə Ustad Qaziyə borcluyuq.[34]

Namazı ilk vaxtda qılmağın tə`siri

Rəhmətlik Əllamə və Behcət Ayətullah Qazidən nəql edirlər ki, buyurarmış: “Əgər bir şəxs vacib namazlarını həmişə ilk vaxtında qılsa və ali məqamlara çatmasa, məni lə`nətləsin və gəlib üzümə tüpürsün.”[35]

İbrət dərsi

Böyük ustadlardan biri xatirə dəftərində rəhmətlik Qazinin barəsində belə bir əhvalatı qeyd etmişdir:

“Qazinin çox kasıb və pulsuz günlərindən biri idi. Bir nəfərin də ona borcu var idi. Qazi, dava gücünə də olsa gedib həmin şəxsdən pulunu almaq qərarına gəlir. Elə bu fikirlə mənzilindən çıxanda yolda iki nəfərin bir-biri ilə dalaşdığını görür. Onlardan biri digərinə belə deyirdi: Dava etmək lazım deyil. Onsuz da mən sənin pulunu qaytaracağam.

O, bu səhnəni görəndə öz işi yadına düşür və geri qayıdır.

Qazinin öz dediyinə görə həmin vaxtdan sonra maddi durumu yaxşılaşır və gözləmədiyi bir yerdən əlinə pul gəlir.”

Məhbubla müzakirə

Mö`təbər şəxslərdən biri nəql edirdi ki, ustadlardan biri belə deyirmiş:



Geri   İrəli
Go to TOP