A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Ayətullahül-üzma Behcətin həyatı
Müəllif: Məlahət Əsədova
Naşir: Şəhriyar
Çap tarixi: 2007
Səhifələrin sayı: 144
Çap növbəsi: İkinci
Tirajı: 3000
  İrəli


AYƏTULLAHÜL-ÜZMA BEHCƏTİN HƏYATI

Ayətullah Behcətin həyatına qısa bir baxış

İRFANDA PARLAYAN YENİ GÜNƏŞ

Mö`minlərin nəzərinə çatdırmaq istəyirik ki, Allah-təala hər zaman, elə bizim dövrümüzdə də bə`zən bəndələrə xüsusi məhəbbət göstərir. “Hər kəs haqq yolunda sadiq olsa, Allah onu hidayət edər.”

Təkamül və insaniyyət yolu bəndələr üçün həmişə açıqdır. Əgər insan zəhmət çəksə, indiki zamanımızda da İmam Zamanın (ə) diqqəti sayəsində Allaha doğru gedən yolun sadiq yolçusuna çevrilər və kamil məqama çatar. Həqiqətən, bunlar bizə ümid verir və imanımızı təkamülə doğru sövq etdirir. Dediklərimiz əfsanə olmayıb, sübuta yetmiş eyni həqiqətlərdir. Bu həqiqətləri dərk edərək qəlblərimizi dünya bağlılıqlarından azad edə bilsək, mə`nəvi ləzzətlərin maddi ləzzətlərdən qat-qat üstün olduğunu daha yaxşı   başa düşərik. Təəssüflər olsun ki, bir tərəfdən mə`rifət və iman zəifliyi, digər tərəfdən də batini və zahiri şeytani amillərin hücumu üstünlük təşkil etdiyinə görə belə qiymətli xalis incilərə az diqqət edilir. Burada biz o böyük şəxsiyyətlərdən biri ilə yaxından tanış olacağıq.

Böyük arif həzrət Ayətullah-üzma Şeyx Məhəmməd Təqi Behcət Fuməni 1913-cü ildə Gilan vilayətinin Fumən şəhərində dindar bir ailədə dünyaya göz açıb. Atası Kərbəlayi Mahmud Behcət şəhərin hörmətli və tanınmış şəxslərindən olub. O, əkinçilikdən əlavə, şəhər əhalisinə idarə işlərində də yardım edirmiş. Camaatın e`timadını qazandığı üçün onun adı sənədlərdə zamin kimi qeyd olunur. Ədəbiyyat sahəsində gözəl zövqə malik olan Kərbəlayi Mahmudun yazdığı şe`rlərdə Əhli-beyt (ə), o cümlədən İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin adı xüsusi vurğulanır. Aradan yarım əsr keçməsinə baxmayaraq, bu şe`rlər hələ də o diyarın xətib əhli və məddahlarının dillər əzbəridir.[1]

Behcət bir il dörd aylığında ikən anası vəfat edir.[2] Elə körpəlikdən yetim qalaraq çətinliklərlə üz-üzə duran Behcət bu ilahi imtahanda sınanmaq üçün enişli-yoxuşlu yollar keçməli olur.

O, MƏHƏMMƏDTƏQİNİN ATASIDIR

İlahi insanların haqq yola hidayət olunması və onların bu yolda təkamülə çatmasında Allah-təalanın gözəl və aşkar tədbiri vardır. Bu ibrətamiz gözəlliklərdən ariflər şeyxi Ayətullah Behcətin həyatında olduqca çoxdur. Onlardan biri atasının cavanlıqda başına gələn maraqlı əhvalatdır. Həmin əhvalat  belədir:

Behcətin atası təqribən on yeddi yaşında olarkən vəba xəstəliyinə yoluxub yatağa düşür. Vəziyyəti ağır olduğundan onun sağ qalacağına heç kimin ümidi qalmır. Behcətin atası özü belə nəql edir: Həmin ağır vəziyyətdə olduğum vaxt, qəribə bir səs eşitdim. Kimsə deyirdi: “Onunla işiniz olmasın. O, Məhəmməd Təqinin atasıdır.”

Elə bu vaxt dərin yuxuya gedir və hamı onun rəhmətə getdiyini güman edir. Amma bir müddət keçəndən sonra yavaş-yavaş tamamilə sağalır. Bu hadisədən bir neçə il sonra evlənmək qərarına gəlir və artıq o əhvalatı (xəstəlik) yadından çıxarır. Evləndikdən sonra ilk övladının adını Mehdi qoyur. İkinci övladı qız olur. Üçüncü uşağının adını Məhəmməd Hüseyn qoyur. Dördüncü övladı dünyaya gələndə ağır xəstə olduğu vaxt eşitdiyi səsi xatırlayır və buna görə də onu Məhəmməd Təqi deyə çağırır. Amma Allah-təala onun bu övladı üçün qəribə alın yazısı yazıbmış. Bu uşaq elə körpə ikən su hovuzuna düşüb boğulur. Allah ona başqa bir övlad da nəsib edir. O, bunun da adını Məhəmməd Təqi qoyur. İllər keçdikdən sonra həmin uşaq zamanımızın ariflər şeyxinə–Ayətullah-Üzma Şeyx Məhəmməd Təqi Behcətə çevrilir.[3]

MƏHƏMMƏDTƏQİ BEHCƏTİN TƏHSİLİ

Ayətullah Behcət ibtidai təhsilini Fuməndə başa vurduqdan sonra, dini elmləri öyrənməyə başlayır.

Elə uşaq yaşlarından böyük ruha malik olan Məhəmməd Təqi uşaq oyunları oynamaqdan pərhiz edərmiş. Təhsilə olan böyük marağı və iste`dadı bais olur ki, elə ilk günlərdən şəhərin ruhanilərilə get-gəli artsın.

1927-ci ildə ərəb ədəbiyyatını bitirdikdən sonra, hövzə elmlərini təkmilləşdirmək üçün hicrət etmək qərarına gəlir. Əvvəlcə Qum şəhərinə yollanır. O zamanlar hələ Qum elmi hövzəsi yaranmamışdı. Bir müddət bu şəhərdə qalandan sonra aşiqlər diyarı Kərbəlaya yollanır. Təqribən dörd il bu şəhərdə sakin olan Məhəmməd Təqi dini təhsil almaqla yanaşı nəfsinin islahı ilə də məşğul olur. O, bu diyarın böyük ustadlarından olan Şeyx Əbdül Qasim Xoyinin[4] dərslərindən də səmərəli istifadə edir.

Təhsilini davam etdirmək və dini elmlərə daha dərindən yiyələnmək üçün 1931-ci ildə Nəcəf-Əşrəfə hicrət edir. Ali təhsilin son mərhələlərini Nəcəfin yüksək dərəcəli alimlərindən kəsb edərək başa vurur. Onların sırasında Şeyx Mürtəza Taliqani kimi tanınmış şəxslərin adı qeyd olunur.

Ayətullah Behcət Hacı Ziya Əraqi və Mirzə Naininin dərslərini bitirdikdən sonra Şeyx Məhəmməd Qərəvi İsfahaninin çox yüksək səthdə hövzə dərslərinə qatılır, ali fiqh və üsul nəzərlərini beləcə daha da təkmilləşdirir. O, həmin vaxtlar 20 yaşlı bir cavan olmasına baxmayaraq, yüksək qavrama qabiliyyətinə malik imiş. Keçilən hər dərsə tənqidi-təhlili baxımdan yanaşma bacarığı  onun çox tez bir zamanda elmi və mə`nəvi təkamülə çatacağından xəbər verirmiş. Nəcəf alimlərindən biri bu barədə belə deyir: “O, çox vaxt Ayətullah Kompaninin dərslərində bəhsə qatılır və yeri gələndə öz fikrini söyləməyi də çox yaxşı bacarırdı.”

O, eləcə də Seyyid Əbülhəsən İsfahani, Şeyx Məhəmməd Kazim Şirazidən dərs almış və həmçinin Ayətullah Milaninin “məkasib” dərslərində də iştirak etmişdir.

Ayətullah Behcət mərhum Seyyid Hüseyn Badkubinin yanında fiqh və üsul bəhslərini öyrənməklə yanaşı, İbn Sinanın “İşarat və Tənbihat” və Molla Sədranın “Əsfari ərbəə” kitablarını da mənimsəmişdir. O, bu dərslərə məşğul olduğu zaman Nəcəfdə ali səthdə hövzə dərslərini tədris edirmiş. Behcət “kifayə” tədris edən təcrübəli müəllimlərdən hesab olunurmuş. Bütün bunlardan əlavə “Səfinətül-bihar” kitabının yazılmasında Abbas Qummi ilə həmkarlığı olubmuş. Hal-hazırda “Səfinətül-bihar”ın Behcət tərəfindən yazılmış əlyazma nüsxəsinin böyük bir hissəsi mövcuddur.[5]

AYƏTULLAH BEHCƏT VƏ TƏHSİLDƏ TƏLATÜM

Yuxarıda qeyd olunduğu kimi, Ayətullah Behcət elm yolunda rahatlıq nə olduğunu bilməyib. O, islam maarifini kamil mənimsəmək üçün bütün gücünü bu səmtə yönəldibmiş. Nəcəf alimlərindən biri bu barədə deyir: “Siz Behcətin zahirdə bu cür sakit olmasına baxmayın. O, rəhmətlik Qərəvi İsfahaninin (Kompani) dərsində ustada aman vermirdi. Hey irad tutur, məntiqli suallar verirdi. Bu mətləbi Ayətullah Milaniyə deyəndə, razılıq əlaməti ilə gülümsünüb demişdi: Ondakı bu iste`dadı görüb onu Şeyxin (Kompani) dərslərinə hazırlaşdırdım.” Behcət də ustadı Milaninin sözünə cavab olaraq belə deyir: “Onun (Milani) “Məkasib” dərsləri adi səth dərsləri sırasında yer tutsa da, bu dərsləri çox geniş və dərin izah edirdi. O əksər hallarda kitabdan iki-üç sətir söyləyib, qalan bütün dərsi (vaxtı) uyğun məsələ ətrafında bəhs edirdi. Həqiqətdə onun bu dərsləri “xaric” səthinə (ictihad bölümlərinə) aid idi.”[6]

TƏHSİLDƏKİ NAİLİYYƏTLƏRİ

Allaha bağlı olaraq yaşamaq səadətdir. Belə həyat tərzində təravətli sükut və qəribə lətiflik vardır və həyatın bütün sahələrində insana müvəffəqiyyət qazanmasında yardımçı olur. Təhsilə başladığı ilk günlərdəki fəzilət və zahidliyi onun çox tez bir zamanda tərəqqi edəcəyinə dəlalət edirdi. Deyilənə görə, Ayətullah Şahrudinin “Kifayə” dərsində tələbələr arasında Ayətullah Behcət ən az yaşlısı idi.

Günlərin birində Behcət öz müəlliminin “təqrir” dərsinə irad tutur. Tələbə yoldaşları onu ələ salıb gülürlər. Elə bu vaxt qapıdan içəri girən Ayətullah Şahrudi məsələnin nə yerdə olduğunu başa düşür. Deyir ki, onunla işiniz olmasın. Mən bu məsələni sizin üçün izah edərəm– deyən Ayətullah Şahrudi tələbələri sakitləşdirir. O əlavə edərək deyir: Mən dünən axşam Axundun təqriratını mütaliə etdim. Ayətullah Behcət düzgün irad tutmuşdur. Ayətullah Şahrudi onun dərsə qarşı bu cür ciddi olması və dərin düşüncəsini alqışlayır.[7]

Əllamə Məhəmməd Təqi Cə`fəri buyurmuşdur: “Fiqhin xaric dərsinin “Məkasib” bölməsini Şeyx Kazim Şirazi bizə tədris edən zamanlar Behcət də bu dərsə gəlirdi. Dərs əsnasında sual verəndə Şeyx Kazim diqqətlə qulaq asar, onun suallarına dəqiq cavab verməyə çalışardı. Yə`ni Behcətin dəqiq və dərin suallarına xüsusi diqqət yetirərdi. Elə o vaxtlardan Nəcəfdə öz fəzl və irfani ilə tanınan Ayətullah Behcət, ariflər ustadı Ağa Qazinin də yanına get-gəl edirdi.”[8]

İRANA DÖNÜŞ

1943-cü ildə Ayətullah Behcət qəlbi elm və mə`rifət nuru ilə cilalanmış bir halda vətəni–İrana geri dönür. Ayətullah Quçani deyir: “Ayətullah Behcət Nəcəf-Əşrəfdə olduğu müddətdə çəkdiyi ibadət və riyazət nəticəsində Allah tərəfindən ona iyirmi bir xüsusi kəramət bəxş edilmişdir. O bu barədə mənə danışanda, bu haqda kimsəyə bir söz deməməyimi istədi. Bir gün İmam Rzanın (ə) hərəmində Ayətullah Behcətlə görüşüb ondan soruşdum: Allah-təala tərəfindən əta olunan həmin iyirmi bir kəramət hələ də sizin ixtiyarınızdadırmı? Dedi: Bəli. Həmin iyirmi bir kəramətdən biri də budur ki, istədiyim vaxt geri dönmədən arxamda nə baş verdiyini deyə bilərəm.”

Ayətullah Behcət İrana qayıtdıqdan sonra ailə həyatı qurur. Bir neçə ay Fuməndə (doğulduğu şəhər) yaşadıqdan sonra Nəcəf-Əşrəfdəki elmi hövzəyə qayıtmaq qərarına gəlir. Yolüstü Həzrət Mə`sumənin (ə) hərəmini ziyarət etmək və Qum elmi hövzəsi ilə yaxından tanış olmaq niyyətilə bu şəhərə yollanır. Elə bu vaxtlar bir neçə ay əvvəl Quma hicrət edən Ayətullah-Üzma Bürucerdi şəhərin dini-elmi hövzəsində fiqh və üsul dərslərinin “xaric bölməsi”ni və yüksək maarif dərslərini tədris edirdi. Nəcəf elmi hövzəsində böyük ustadların bir neçəsinin ölüm xəbərini eşidən Ayətullah Behcət müqəddəs Qum şəhərində qalmağı qərara alır.

Bu şəhərdə Ayətullah-Üzma Höccət Kuhkəmərinin dərslərindən və Ayətullah Bürucerdinin üsul və fiqh dərslərindən istifadə edən Ayətullah Behcət, elə ilk günlərdən dillər əzbəri olur.

AYƏTULLAH BEHCƏT TƏDRİS SAHƏSİNDƏ

Ayətullah Behcət 50 ildən çoxdur ki, fiqh və üsul dərslərinin “xaric bölməsi”ni tədris edir. Şöhrət və ad-sandan uzaq olmaq üçün həmişə öz evində dərs deyər. Hal-hazırda uzun illər onun dərslərindən feyz almış alimlərin çoxu böyük ictihad məqamına çatmışlar.

Ayətullah Behcət üsul dərslərinin tədrisində əksər alimlərdən fərqli olaraq, başqalarının nəzəriyyələrini söyləməkdən daha çox məsələ üzərində öz tədqiq və təhlillərini bəyan edər. O əvvəl qısa məzmunda digər alimlərin nəzərini söyləyəndən sonra öz nəzərini açıqlayıb təhlilə keçər. Buna görə də ibtidai hövzə tələbələri üçün onun “xaric” dərsləri olduqca ağır gəlir. Amma onun fiqh dərsi Qur`an ayələri və rəvayətlərə istinad edildiyinə görə asan sayılır.

Böyük ustadlardan biri belə nəql edir: “(Əlli il bundan əvvəl) Ayətullah Behcətin Qum şəhərində “xaric” dərsi tədris etdiyini eşidəndə çox sevindik. Rəhmətlik Qərəvi Kompaninin çox çətin və dəqiq nəzəriyyələrinin şərhini onun şagirdinin dilindən eşitməyə hövzədə böyük ehtiyac var idi. Hətta bir çoxları bu haqda Qərəvi Kompaniyə irad da tutmuşlar. Fazil şəxslərdən bir neçəsi ilə birlikdə Ayətullah Behcətin bu dərslərinə qatıldıq. Dərslərin başlamasından iki ay keçdiyinə baxmayaraq, rəhmətlik Qərəvi İsfahaninin “təqrir” və üslubuna heç bir işarə etməyən Ayətullah Behcətin fikirləri öz ustadının nəzəriyyələri ilə bərabər idi. O, dərsə başlayan kimi əsl mətləbi bəyan edir, ustadın (Ayətullah Qərəvi) nəzəriyyələrinə çox cüz`i işarə etdikdən sonra tədqiq və təhqiq mərhələsinə keçirdi. Hələ biz mərhum Qərəvinin nəzəriyyələrini doğru-düzgün başa düşməmiş Ayətullah Behcətin bəyan etdiyi dəqiq və çox ağır mətləblər də buna əlavə olurdu. Beləliklə, bizim işimiz lap çətinləşdi və dərsi tərk etməli olduq.”

BİRİNCİ FƏSİL

Mə`nəviyyat yolçusu

Ayətullah Behcət mə`nəviyyat aləmində zati iste`dada malik bir şəxsdir. Kiçik yaşlarından ismət və paklığa xüsusi diqqət yetirən, bə`zən alimlərin namazlarında iştirak edən Behcət mə`nəvi halları ələ gətirməyə uşaq yaşlarından sə`y edərmiş.

O, on dörd yaşında olarkən Kərbəlaya ziyarətə gedir. Özü bu haqda deyir: “İmam Hüseynin (ə) hərəmində olduğum vaxt namaz qılarkən qəribə mə`nəvi hala sahib olan bir şəxslə rastlaşdım. O vaxtlar mükəlləf olmağıma hələ bir il qalırdı. Ertəsi gün hərəmdə sübh namazı qılarkən həmin şəxsə iqtida etdim. Namazda “cümə” surəsini oxumağa başladı. Onu da qeyd edim ki, bu şəxsin namazda olan qəribə halını o vaxta qədər heç kəsdə görməmişdim. Demək olar ki, sonralar bu halı çox az adamda görə bildim.”

Bütün bu deyilənlər onun kiçik yaşlarından bə`zi yüksək məqamlı şəxslərin idrak və batinindən xəbərdar olmasına işarədir. Halbuki həmin şəxsin alim kimi tanınmasına baxmayaraq, heç kim onun belə yüksək məqam və mə`rifət sahibi olduğunu zənn etmirdi.

Etdiyi bütün moizələrin əsasını və kamala çatma yollarını günahları tərk etmək tövsiyyələri təşkil edir və bu mövzuya çox tə`kidlə yanaşır. Belə mə`nəvi halları dərk və vəsf etmək, onun məqam və idrak sahibi olmasından xəbər verir.[9]

Ustad Qazinin dərslərinə qatılması

Təlatümlü dənizə bənzər aramsız ruhu hündür ləpələri ilə torpağa baş qoymaq üçün həmişə sahilə doğru can atırdı. Ayətullah Behcət bu yolu keçən bir arif ustadın sorağında idi ki, əl-ələ verərək çox dəqiq və mürəkkəb olan insanlıq yolunu birgə getsin. Həmin vaxtlar Kərbəlada Əllamə Təbatəbainin qardaşı arif və böyük filosof olan Ayətullah Məhəmməd Həsən İlahi Təbatəbai Təbrizi ilə tanış olur. Ayətullah Təbatəbai Əllamə Qazinin şagirdlərindən idi. O, Ayətullah Behcətin Mirzə Əli Qazi ilə görüşməsinə imkan yaradır. Ayətullah Behcət 17-18 yaşlarında olarkən Qazinin əxlaq dərslərinə qatılır.[10] Bu isə onun axtardığı həmin inci idi.

Mə`nəvi yolun ilk çətinlikləri

Günəş xəlq olduğu vaxtdan onun şəfaverici şüalarının qarşısını almaq niyyəti də yaranmışdır. Yarasalar günəşin yandırıcı şüaları qarşısında aciz və kor olurlar. Bə`zi insanlar da başqalarının ələ gətirdiyi bir çox məsələləri özləri dərk etmədiklərindən, inkar etməyə çalışırlar. Bu cür yanlış düşüncə tərzi cəmiyyətdə əsaslı problemlər yaratmışdır. Tarix boyu həqiqət nurunun dərkindən aciz qalaraq övliya və mə`rifət sahiblərini həlakətə və dar ağacına sürükləyən insanlar çox olmuşdur. Əllamə Təbatəbai bu məsələni öz qəzəlində belə qeyd edir:

Çe Həllacha rəfte bər darha,

Çe Fərhadha morde dər kuhha.

Dar düşüncəli və naqis insanlar üçün mə`nəviyyat yolunun dərki çox çətindir. Bu bəd xislətli adamlar İlahi arif Ayətullah Behcətin seçdiyi səadət yolunda da əngəl yaratmağa çalışmışlar. Bə`zi e`timadlı şəxslər belə nəql edirlər ki, Ayətullah Behcətin Əllamə Qazi ilə get-gəl etdiyini eşidən və mə`rifət məsələsinə e`tiqadı olmayan Nəcəfin fazil şəxslərindən bir qismi Ayətullah Behcətin atasına məktub yazıb onun həqiqət yolundan azdığını və Əllamə Qazi ilə get-gəl etdiyini qeyd edirlər. Atası məktubun cavabında yazır ki, vacib əməllərdən başqa bir şey öyrənməyinə və filankəslə (Ustad Qazi) get-gəl etməyinə razı deyiləm.

Ayətullah Behcət atasının yazdığı məktubla əlaqədar Əllamə Qazidən üzərinə düşən vəzifəsini soruşur. Ustad Qazi ona bu barədə təqlid etdiyi müctəhiddən sual etməsini buyurur. Ayətullah Behcət, Seyyid Əbül-Həsən İsfahaninin yanına gedib, məsələnin nə yerdə olduğunu danışanda “atadan itaət etmək vacibdir”–deyə Seyyid İsfahaninin cavabını eşidir.

Bu əhvalatdan sonra dərin sükuta qərq olan Behcət daha heç kimlə danışmır. Hətta lazım olan şeyləri almaq üçün mədrəsə xidmətçisindən xahiş edir və yaxud kağız üzərinə yazıb bir söz demədən satıcıya verərdi. Oxuduğu Seyyid Məhəmməd Kazim Yəzdinin mədrəsəsində iki qapı vardı. Qapılardan biri geniş xiyabana, digəri isə dar küçəyə açılırdı. Camaatdan uzaq gəzən Behcət həmişə dar küçə qapısından get-gəl edərdi.

Ayətullah Behcətin dostu və tələbə yoldaşı Şeyx Abbas Quçani tələbəlik illərini belə yad edir: “Ayətullah Behcət sükut ixtiyar edəndən sonra mə`nəviyyat aləmindən onun qəlbinə qapılar açılır. O məndən xahiş etdi ki, bu sirri heç kimə açmayım.”

Ayətullah Qərəvi İsfahanini xatırlarkən

Ayətullah Behcətin müəllimlərindən biri də Ayətullah Qərəvi İsfahani olmuşdur. Hacı Məhəmməd Həsən Muinüt-tüccarın oğlu və Kompani ləqəbiylə məşhur Şeyx Məhəmməd Hüseyn İsfahani Nəcəfi 1875-ci ilin məhərrəm ayında dünyaya göz açmışdır. Ayətullah Seyyid Məhəmməd Hüseyn Tehrani onun şərhi-halını Ağa Bozorg Tehraninin dilindən belə nəql edir:

Qərəvi ibtidai dini dərsləri (müqəddimat) bitirdikdən sonra şiə aləminin böyük mərcələrindən Seyyid Məhəmməd Feşarəki İsfahani, Şeyx Rza Həmədani, Şeyx Məhəmməd Kazim Xorasani və başqalarının yanında fiqh və üsul dərslərini öyrənmişdir. Son zamanlar isə Axund Məhəmməd Kazimin dərslərinə gedərdi. O, on üç il Axundun elm gülüstanından bəhrələr götürmüş, yüksək sə`ylər nəticəsində fiqh elmindən böyük sərmayə toplamışdır.

Hikmət və fəlsəfə dərslərini Nəcəfin tanınmış ustadı Ayətullah Mirzə Məhəmməd Baqir İstehbanatinin yanında öyrənmişdir. Ayətullah Qərəvi İsfahani daha çox fəlsəfədə ad çıxarmış və bu elmin dirçəlməsində xüsusi rolu olmuşdur. Bütün bunlarla yanaşı kəlam, təfsir, tarix, irfan, ədəb elmlərində yüksək savadı olan Qərəvi İsfahani bir nazim və nasir kimi ərəb və fars dillərində də tanınmış qələm sahibi idi. O zamanın nadir şəxsiyyətlərindən olub ruhu həmişə mələkut aləmində pərvaz edər, ilahi mə`rifət dəryasında qərq olardı. Ustadı Axund Məhəmməd Kazimin vəfatından sonra Nəcəf şəhərində daha bariz şəkildə özünü göstərməyə başladı. Artıq fiqh və üsul dərslərini müstəqil tədris etməyə başlayan Ayətullah Qərəvinin dərslərində çoxlu tələbə iştirak edərdi. Nəcəf alimləri ona xüsusi hörmət göstərir, onun hərtərəfli bilik sahibi olduğunu təsdiq edərdilər. Onun dərsləri kəlam əhlinin ülfət məkanına çevrilmişdi. Çünki o, fiqh və üsulda, xüsusilə də fəlsəfədə dərin mühakimələr yürüdürdü. Əksərən hikmət elmini tədris edərdi. Bu sahədə olduqca dərin biliyə sahib olan Ayətullah Qərəvi öz müasirlərindən daha üstün idi.

O, var gücünü elmin tədris və təbliğinə həsr edər, tələbələr pərvanə kimi onu dövrəyə alardılar. Qərəvi üsuli-fiqh, fiqh, hikmət elmləri və ali fəlsəfənin nəzmə çəkilmiş mənzum formasında çox dəyərli kitablar yazmışdır.

İnfarkt keçirən Ayətullah Qərəvi müalicədən sonra tədricən gümrahlaşmağa başlayarkən, qəfil dünyasını dəyişir.[11]

Tələbələrin daha çox ehtiyacı olduğu və elmindən bəhrə götürəcəkləri bir vaxtda Qərəvinin vəfatı hamı üçün gözlənilməz oldu. Onun vəfatı Nəcəf elmi hövzəsi üçün böyük zərbə idi. Çünki böyük fəqih Ayətullah Ziyauddin Əraqinin vəfatından bir həftə keçməmiş, Nəcəf elmi hövzəsi ikinci dahi şəxslə, yə`ni 65 yaşlı ustad Qərəvi ilə də vidalaşmalı oldu. Ayətullah Əraqi 1940-cı il zilqə`də ayının 28-də dünyasını dəyişdi. Nəcəf elmi hövzəsində hamının ümidi Qərəvi İsfahaniyə idi ki, Ayətullah Əraqinin yerini dolduracaqdır. Amma əcəl ona da fürsət vermədi. Ayətullah-Üzma Seyyid Cəmaləddin Gülpayqani bu haqda belə nəql edir:

“Rəhmətlik Ziyauddin Əraqinin vəfatından sonra Nəcəf elmi hövzəsinin idarə hey`ətinə rəhbərlik və tədris işləri Qərəvi İsfahaniyə tapşırıldı. Heç kim onun belə tezliklə vəfat edəcəyini güman etmirdi. Artıq, Ayətullah Əraqinin vəfatından bir həftə keçirdi. Mən öz hücrəmdə gecə namazı qılırdım. “Vətr” namazının qunutunu oxuyarkən Ayətullah Əraqinin at üstündə gəldiyini çox aydın şəkildə gördüm. O, şeyx Məhəmməd Hüseynin (Qərəvi) evinə tərəf gedib içəri daxil oldu. Mən onun vəfat etdiyini yəqin etdim. Dan yeri söküldüyü zaman Əmirəl-mö`mininin (ə) hərəminin minarəsindən camaata xəbər vermək istəyərkən mən evdəkilərə dedim ki, indi Şeyx Məhəmməd Hüseyn Qərəvinin vəfat etdiyini deyəcəklər. Doğrudan da carçı o böyük şəxsiyyətin fani dünya ilə vidalaşma xəbərini deyərək camaatı meyit namazına çağırmağa başladı.”

Mərhum Ayətullah Şeyx Məhəmməd Hüseyn müraqibə, mühasibə və sükut əhli idi. Daim fikrə qərq olar, çox az hallarda danışardı. Əksər məclislərdə elmi mübahisələr getdiyi zaman o sükut edər, daha çox qulaq asmağa üstünlük verərdi. Məclisdə harada boş yer olsa, keçib orada da oturardı. Olduqca təvazökar, xoş əxlaqlı və sakit təbiətli bir insan idi. Atası Kazimeynin adlı-sanlı tacirlərindən biri olduğuna görə, oğluna (Qərəvi) ondan çoxlu var-dövlət qalmışdı. Ömrünün son illərini çox yoxsulluqla keçirən Qərəvi həmişə qəlbi şad, gülərüz və möhkəm iradəli idi. Nəcəf-Əşrəf alimlərindən Seyyid Məhəmməd Rza Xəlxali belə nəql edir: “Bir gün Huvəyş bazarına getmişdim. Bazarda Şeyx Məhəmməd Hüseyni gördüm. Küçənin ortasında əyilib yerə dağılan soğanları yığır və öz-özünə hey gülürdü. Mən salam verib, soğanları yığmağa ona kömək etdim. O, soğanları köynəyinin ətəyinə yığandan sonra evinə yollandı. Mən dedim: Mə`lumdur ki, soğanlar sizin köynəyinizin ətəyindən yerə tökülürmüş, amma gülüşünüzün səbəbini anlaya bilmədim. Rəhmətlik şeyx dedi: Cavan yaşlarımda təhsil üçün Nəcəfə gələndə maddi cəhətdən heç bir problemim yox idi. Bahalı libas geyinər, qiymətli təsbih və üzük gəzdirərdim. Bir gün Həzrət Əmirəlmö`mininin (ə) hərəmində ziyarət edərkən, təsbihimin ipi qırıldı və dənələri yerə töküldü. Hər dənəsi bir dinara bərabər olan çox qiymətli təsbih idi. İzzəti-nəfs və ya lovğalığım məni əyilib yerə tökülən təsbih dənələrini yığmağa qoymadı. Bunu özümə yaraşdırmadığım üçün, həmin qiymətli təsbehdən vaz keçdim. Bu gün bazara gedib bir qədər soğan aldım. Soğanları köynəyimin ətəyinə yığıb evə qayıtmaq istəyirdim ki, sənin gördüyün həmin küçədə camaatın arasında yerə töküldü. Mən əyilib soğanları yığmağa başladım və bu iş mənə çox asan gəldi. Amma soğanları topladığım vaxt gülməyimin səbəbi isə cavanlıqda təsbihimin ipinin qırıldığı və əyilib onları yığmaq mənim üçün nə qədər çətin olması idi. Halbuki o təsbihin qiyməti yüz dinar idi. Amma and olsun Allaha, bu gün yerə dağılan soğanları yığmaq mənim üçün çox asan idi. Buna görə də çox şadam.”

Rəhmətlik Şeyx Məhəmməd Hüseyn mükaşifə əhli də olmuşdur. Deyilənlərə görə, bir gün İmam Hüseynin (ə) hərəmində uzun müddət səcdədən sonra seyyidüş-şühədanı görür. İmam Hüseyn (ə) ona buyurur: “Burada camaatın sıx olduğu bir yerdə uzun-uzadı səcdə etmək yaxşı deyil. Belə əməlləri xəlvət yerlərdə (təklikdə) edin.”[12]

Ayətullah Qərəvinin müstəhəbb əməllərə xüsusi diqqəti

Ayətullah Behcət buyurur: “Rəhmətlik Kompani həyatındakı problemlərə, təhsil və tədrislə bağlı elmi məşğuliyyətlərinə baxmayaraq əksər müstəhəbb əməllərə də xüsusi əhəmiyyət verər, hətta müsafirətdə olduğu müddətdə də bu əməlləri yerinə yetirməyə çalışardı. Onun həmişəki dualarından biri bu idi: “Allahdan istəyirəm ömrünün son anına qədər bu tofiqi məndən almasın. Mən dua və namazlardan mə`nəvi qida və ləzzət alıram.”

Ayətullah Behcət deyir: “Mən bə`zən öz-özümə fikirləşirəm ki, necə ola bilər insan bir gün də olsun “Aşura ziyarətini” oxumağı yaddan çıxarmır və namazların nafiləsini, hətta “Cə`fər Təyyar” namazını da qılır. İnsan müsafirətdə olduğu zaman necə olursa-olsun, bə`zi şeyləri həmişəki kimi yerinə yetirə bilmir. Xüsusilə də yaşlı adamın bütün bu müstəhəbb əməlləri yerinə yetirməsi müşküldür. Amma bütün bunlara baxmayaraq Ayətullah Kompani bunları ömrünün sonuna qədər davam etdirərmiş. Beləliklə, namazda səcdəyə gedərkən ruhu əbədi aləmə qovuşmağı təəccüblü deyil”.[13]

Cənab Yəhya, doğrusunu bilmək istəsən...

Höccətül-islam Seyyid Məhəmməd Rza Meybudi ustadı Seyyid Yəhya müdərris Yəzdinin dilindən belə nəql edir:

1940-cı il ustadımız Ayətullah Ziyauddin Əraqinin vəfatına görə Nəcəf elmi hövzəsi üç gün tə`til e`lan etdi. Bu böyük alimin xatirəsini yad etmək üçün əzadarlıq məclisləri quruldu. Bir-neçə gün keçəndən sonra Ayətullah Kompaninin evinə gedib, ondan tədrisə başlamasını xahiş etdik. Ayətullah Kompani buyurdu: “Ay Seyyid Yəhya, mən qərara almışdım ki, bu gün dərsə başlayım. Amma doğrusu, sübh namazından sonra Allah zikrilə məşğul idim. Yarı yuxulu-yarı oyaq halda Ayətullah Əraqini gördüm. Evin qapısında dayanıb dedi: Şeyx Məhəmməd Hüseyn! Hazırlaş, gələn cümə günü bizim yanımıza gələcəksən. Mən ömrümün son günlərini yaşadığımı yə`qin edirəm.”

Belə də oldu. Həftənin son günü heç bir xəstəliyi olmadan o da dünyasını dəyişdi.

Bu haqda başqa maraqlı bir hadisəni də aşağıda qeyd edirik.

Ayətullah Seyyid Mustafa Səfayi Xonsari Seyyid Məhəmməd Haşimi Gülpayqaninin dilindən belə nəql edir: “Ayətullah Kompaninin vəfat etdiyi gecə atam (Seyyid Cəmaləddin Gülpayqani) məni çağırıb dedi: Oğlum, elə indi Ziyauddin Əraqi gəlib mənə dedi ki, Ayətullah Kompani bizim yanımıza gəlir.” Dedim: Seyyid Məhəmməd Hüseyn sap-sağlam adamdır. Mən onu bir neçə saat bundan əvvəl görmüşəm. Atam dedi: Oğlum! Ağa Ziyauddin indicə gəlib bu xəbəri mənə dedi. Sən get bu barədə sorğu-sual et. Mən Ayətullah Kompaninin halını soruşmağa getmək istəyərkən, birdən mərhumun evindən şivən səsi qalxdı. Tez onun evinə getdim. Doğrudan da Ayətullah Kompani vəfat etmişdi.



  İrəli
Go to TOP