A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
Müəllif: Seyyid Müctəba Musəvi Lari
Naşir: Hamidun
Çap tarixi: 2000
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


İntiqam müxtəlif formalarda həyata keçirilir. Bə`zən dostluq və səmimiyyət cildinə girib kömək və yol göstərmək adı ilə insanlar bədbəxtçilik və fəlakətlə nəticələnən işlərə sürüklənir və bu yolla onlardan intiqam alınır.

Avropa alimlərindən biri deyir:

"Kin və düşmənçilik, axmaqlıqdan meydana gəlir, xüsusilə də heç bir səbəb olmadıqda. Bir çox məsələləri dostcasına həll edə bilərik, lakin özünü sevərlik hissi buna imkan vermir. Belə ki, bə`zən heç bir günahı olmadıqlarını bildiyimiz halda yaxın dostlarımızı özümüzdən uzaqlaşdırır və bağışlamadan onlarla əlaqələrimizi kəsməli oluruq. Doğrudan, belə bir haqsızlığa necə yol verə bilirik?!"

İMAM SƏCCAD (Ə)-IN ƏKSÜL-ƏMƏLİ

Din rəhbərlərimizin həyat və sərgüzəştləri bizim üçün insaniyyət, şərəf və güzəşt dərsidir. Onların rəftar və gözəl əxlaqi xüsusiyyətləri isə özünün ən gözəl görünüşündə təcəlli etmişdir.

Günlərin birində İmam Səccad (ə)-ın əshabından bir neçəsi onun yanına gəlir. Gözlənilmədən bir şəxs məclisə daxil olub İmam Səccad (ə)-ı təhqir edərək o həzrətə xoşagəlməz sözlər deyib gedir. Lakin İmam Səccad (ə) soyuqqanlıqla onun dediklərini axıradək dinləyib cavabında bir şey demir və üzünü məclisdə iştirak edənlərə tutub buyurur: "Onun cavabını vermək üçün istərdim siz də mənimlə gələsiniz." Əshab onunla birlikdə həmən şəxsin yanına gəlirlər.

İmam Səccad (ə) həmən şəxsin evinə gəlib ondan çölə çıxmasını istəyir. Şəxs özünü mübarizəyə hazırlayıb eşiyə çıxır və İmam Səccad (ə) gülərüzlə ona müraciət edib buyurur: "Qardaşım! Əgər mənim barəmdə dediklərin düzdürsə, Allahdan özümün bağışlanmağımı diləyəcəyəm, yox əgər həqiqətdən uzaq olarsa, Allahdan sənin bağışlanmağını diləyəcəyəm. "

İmam Səccad (ə)-ın ürək oxşayan və cəzibəli sözləri həmin şəxsi öz tə`siri altına alır və vücudunda olan bütün ağrı-acıları məhv edir. Dərhal üzündə peşmançılıq nişanələri özünü büruzə verir və həsrətlə göz yaşı axıtmağa başlayır. Nə edəcəyini bilməyib İmam Səccad (ə)-a deyir: "Sizin müqəddəs vücudunuz dediklərimdən uzaq və münəzzəhdir və dilimə gətirdiyim sözlərə yalnız özüm layiqəm. "

İmam Səccad (ə) özünün belə bir hərəkəti ilə öz davranışlarına güzəşt dərsi verir və həmin şəxs də səadət və xoşbəxtliyinə səbəb olan belə bir dəyişikliyin baş verdiyini əməli olaraq sübuta yetirir.

Əli (ə) buyurur: "Ən böyük eyb az güzəştə getmək, intiqam almağa tələsmək isə ən böyük günahlardandır. "[72]

Comərd insanların başqalarının eyb və nöqsanlarına göz yummaları haqda isə buyurur:

"Başqalarının nöqsanlarına göz yumub onlara güzəştə getmək comərd və güclü iradəyə malik olan insanların işidir. "[73]

“Nur” surəsinin 22-ci ayəsində müsəlmanlara güzəştə getməyə tövsiyə olunaraq buyurulur: “Əfv edib, [cəzalandırmaqdan] vaz keçsinlər! Məgər siz [bu yaxşılıq müqabilində] Allahın sizi [günahlarınıza] bağışlamağını istəmirsinizmi? Allah [bəndələrini] bağışlayan və rəhm edəndir!”

“Fussilət” surəsinin 34-cü ayəsində isə deyilir:

“Yaxşılıqla pislik eyni ola bilməz! [Ey mö`min kimsə] sən pisliyi yaxşılıqla dəf et! [Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver!] Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!”

Əfv və güzəşt, insan qüdrət sahibi olduğu zaman daha dəyərli olur. İmam Sadiq (ə), bu gözəl xüsusiyyəti peyğəmbərlər və günahdan uzaq olan mö`minlərin xüsusiyyətlərindən biri olduğunu qeyd etmişdir.

"Güc və qüdrət zamanı güzəştə getmək peyğəmbər və mö`minlərin xüsusiyyətlərindəndir. "[74]

Əli (ə), əfv və güzəştin düşmən və müxaliflərlə ən gözəl mübarizə vasitəsi olduğuna işarə edərək buyurur: "Müxaliflərinizi yaxşılıqla cəzalandırın və onların düşmənçiliklərini yaxşılıqla dəf edin. "[75]

Özünün ürəyəyatan çıxışlarında kin və ədavət barədə mühüm mətləbləri açıqlamış və belə bir ruhi xəstəliyə düçar olanların qəlblərinin möhürləndiyinə, səmimiyyət və insaniyyətdən məhrum oluduqlarına işarə etmişdir: "Daşürəkli şəxslər başqalarına kin-küdurət bəsləyənlərdir. "[76]

Kinli şəxslər olduqca qəzəbli və rəhimsiz olurlar. Necə deyərlər, bir dəsmala görə qəsr və saraylara od vurub yandıran da onlardır. İntiqam alan şəxslərin zahiri görünüşləri mülayim və mehriban olsa da, daxildə sönmüş vulkan və təlatümlü dəniz tək təhlükəli olarlar. Onlarda olan intiqam hissi, yaranmış ilk fürsətdə püskürüb yaşı da, qurunu da, dost və düşməni də birgə yandırıb külə döndərər.

Ruhi sarsıntı və vicdan əzabı kinli şəxsləri bir an da olsun, rahat buraxmayıb onlara daim əzab-əziyyət verər.

Əli (ə) bu haqda buyurur: "Kinli insanların ruhları daim əzab-əziyyət çəkər. Qəm-qüssə bir anda olsun onları rahat buraxmaz. "[77]

Deyl Karnegi deyir:

"Düşmənlərimizə qarşı kin bəslədikdə onları yeyib-içməyimizə, yatmağımıza, sağlamlığımıza hətta sevinc və şadlığımıza hakim etmiş və onlara qüdrət vermiş oluruq. Kin-küdurətlə onlara heç bir zərər vurmuruq, əksinə öz gecə və gündüzümüzü dedi-qodulu bir cəhənnəmə çeviririk. "

Müasir alimlər psixoloji təhqiqatlar aparmaqla insanın zehn və şüuru ilə əlaqəli olan bə`zi xəstəlik və çatışmazlıqlar üzə çıxarmış və onların aradan qaldırılması üçün müxtəlif yollara əl atmışlar.

Əli (ə) buyurur: "İnsan özünü islah etməyə başlarkən gizli tərzi-təfəkkürlər və kin-küdurətlər üzə çıxır. "[78]

Kinli şəxslərin mənfi xüsusiyyətlərindən biri də intiqam almayınca rahatlıq tapa bilməmələridir.

Əli (ə) bu haqda buyurur:

"Kin-küdurət, qəzəbi yatırmayınca sönmək bilməyən daxili bir oddur. "[79]

Kinli insanlar bir çox hallarda hədə-qorxu gəlmək və qorxutmaqla başqalarını susmağa və onlara tabe olmağa vadar edirlər. Bu iş onların nəzərində o qədər adi bir hala çevrilir ki, əgər bir vaxt kimdən intiqam almaq əvəzinə güzəştə getmiş olarlarsa, sonradan özlərini şiddətlə danlaq atəşinə tutarlar.

“Yüksək rütbəli bir hərbçi tanıyıram. Günlərin birində onun maşını yolda qatıq satan bir şəxsin velosipedi ilə toqquşur, həm onun velosipedi əzilir, həm də qatıq şüşələri sınaraq yola dağılır. Bəlkə də səhv velosiped sürəndə idi, lakin elə bir vəziyyətdə necə olursa-olsun, onu söymək yox ürək-dirək və toxtaqlıq vermək lazım idi. Hərbçi maşından düşmədən söyməyə başladı. Velosipedçi də yaralı halda, sürünə-sürünə dişinin dibindən çıxanı ona dedi. Belə olduqda hərbçi maşından düşüb onu vurmaq istədi. Mən və maşında mənimlə birlikdə əyləşən başqa bir yoldaşı onu sakitləşdirib bu işdən vaz keçməsini istədik. O da bizim xahişimizi qəbul edib maşından düşmədi. Həmin günün axşamı onunla birlikdə bir mehmanxanada olduq və bütün gecəni həm bizi, həm də özünü danlayıb elə hey deyirdi: "Nə üçün qoymadınız onun cavabını verim?" O bizim israrımızla güzəştə getdiyini heç cür özünə bağışlaya bilmirdi. "

Əli (ə) buyurur: "Kin-küdurət qəzəb odunu şö`lələndirir. "

"Kinli insanlar heç bir səbəb və ehtiyac olmadıqda belə öz qəzəblərini boşaltmayınca rahatlığın nə olduğunu bilməzlər. "[80]

İnsan mə`nəvi rahatlıq yalnız o zaman nail olur ki, kin-küdurəti birdəfəlik qəlbindən çıxarıb atmış olsun.

Əli (ə) bu haqda buyurur: "Kin-küdurəti yaddaş və xatirələrdən çıxartmaqla asayiş və rahatlığa nail olmaq olar. "[81]

"Əgər tez bir zamanda kin və qəzəbin qarşısı alınarsa sonralar ruhi sarsıntıya səbəb olan əsəb xəstəliyini aradan qaldırmaq olar. "

Əli (ə) bu haqda buyurur: "Həsəd və kin-küdurətin qəlbə yol tapmaması xoşbəxtlik əlamətlərindəndir. "[82]

Bunu da qeyd etmək lazımdır ki, İslam bə`zi məsələlərə göz yumub qarşısında təslim olmağa yol vermir. İctimaiyyətin nəzm-intizamı və əmin-amanlığı İslam dinində hər şeydən daha çox əhəmiyyət kəsb etdiyi üçün, ictimai pozğunluğa səbəb olan hər hansı bir hərəkətin qarşısı dərhal alınmalı və şəriət qanunları əsasında müvafiq tədbirlər görülməlidir.

ON İKİNCİ FƏSİL

QƏZƏB

1-Səbir və təmkinliyin faydaları.

2-Qəzəbin qoyduğu mənfi tə`sirlər.

3-Dini rəhbərlər bizə yol göstərirlər.

İnsanın əsrarəngiz vücudu "ağıl və iradə" adlı iki böyük qüdrətlə təchiz olunmuşdur. Ruhun təcəllisi olan ağıl insanın müqəddəratını müəyyən edir və eyni zamanda hər bir insanın şəxsiyyətindən xəbər verir. Ağıl elə bir nurlu çıraqdır ki, həyatın zülmət səhnəsinə işıq saçır onun enişli-yoxuşlu mərhələlərində bizə yol göstərir.

İnsan vücudunda olan müxtəlif hissləri tərbiyə etməyə çalışmalı və onların ifrat və təfritə yönəlmələrinin qarşısını almalıdır. Ağıl və şüurumuz bizi iste`dad və bacarıqlarımızdan düzgün şəkildə istifadə etməyə və qəzəb hissini bizi öz tabeliyinə vadar etməkdən yaxa qurtarmağa köməklik edir. Mehr-məhəbbət və səmimiyyət mühiti sağlam şüurdan bəhrələndikdə həyat səmasında səadət və xoşbəxtlik ulduzu doğulur. İnsan nəfsani istəklərinin əsirinə çevrildikdə isə azadlıq və şəxsiyyətini əldən verib həyatda ağır məğlubiyyətlə üzləşməli olur.

Ən böyük əxlaqi amil olan və insanı arzu və məqsədlərinə çatdıran iradə insanın səadət və xoşbəxtliyində ən başlıca rol oynayır. İradə insanın ruh və şəxsiyyətini bütün xoşagəlməz xüsusiyyətlər və ünsürlərdən qoruyub öz əhatə dairəsində saxlayır. İnsanın həyatdan kam almasına, öz istək və arzularına səbəb yetişməsinə olan ən başlıca amil də elə onun güclü iradəyə yiyələnməsindədir. İnsan həyatda baş verən hadisələrin və onu öz tə`siri altına amillərin qarşısında nə qədər ciddi müqavimət göstərərsə, bir o qədər də yüksək əxlaqi dəyərlərə yiyələnməyə və ruhunun tənəzzülə uğramasının qarşısına almağa nail olar.

Qərb mütəfəkkirlərindən biri deyir:

"Münəzzəm edici qüvvə" adlı əqli (ideoloji) bərabərliyə də şamil olan gözəl bir tə`rif vardır. Belə bir qüvvə - istər kişi üçün olsun, istərsə də qadın - "təhlükədən qoruyucu hissə" rolunu oynayır. Bu günlər bir çox bahalı maşınlar sərnişinlərin rahatlığının tə`min olunması üçün belə hissələrlə təchiz olunmuşdur. Məhz onların sayəsində hətta bərbad yollar da belə, həm sərnişinlərin narahatçılıqları, həm də maşınlara dəyən ziyanlar aradan qaldırılmış olur. İnsan şüur və düşüncəsinə hakim olmadığı bir halda təbii ki, öz nəfsani istəklərini də idarə edə bilməyəcəkdir. İnsanın ixtiyarında olmayan şüur isə fəal olmamaqla yanaşı, həm də tə`sirsizdir. Heç bir xeyri olmayan belə bir şüur hətta ciddi təhlükələr yaratmağa qadirdir.

Dağlarda daşlar və qayalar arasından çıxan sular öz axarına düşərək böyük səs-küylə, şırıldaya-şırıldaya iri, aram və səssiz çaylara qoşulurlar. Güclü iradəyə malik olan şəxslər də öz axarında olan böyük çaylar tək səssiz-səmirsiz olarlar.”

Son dərəcə əsəbi və qeyri-mülayim təbiət möhkəm və mətin iradəyə ehtiyac duyur. Buna görə də belə bir qüvvənin tə`siri altına düşməyincə itaətsizliyə adət edib həssas vaxtlarda insanı çətinliklərlə üzləşdirəcəkdir. Belə olduğu zaman tələm-tələsik qərar qəbul olunur ki, bu da - təbii olaraq - bir çox hallarda ağır nəticələr verir.

QƏZƏBİN QOYDUĞU MƏNFİ TƏ`SİRLƏR

İnsan təbiətinin öz normal axarından xaric olmasına səbəb olan şeylərdən biri də qəzəb hissidir. Bu hiss insanın bütün vücudunu bürüdükdə ruhu öz ixtiyarından xaric olub ona qarşı üsyan etmiş olur. Heç bir maneə və məhdudiyyət bilməyən bu xoşagəlməz xüsusiyyət insana daim əzab-əziyyət verir. Buna səbəb olan isə qəzəbin ağıl və şüur üzərinə pərdə çəkib insanı idrak qüvvəsindən məhrum etməsidir. Qəzəbli insan bə`zən elə həyəcanlı olur ki, qorxunc görünüş alaraq öz optimistliyini əldən verir və bir çox hallarda hətta ağır cinayətlərə əl atır. Bununla da o özünü hətta ömrünün sonunadək peşmançılığını çəkəcək ən böyük bədbəxçiliyə belə sürükləyə bilər.

Qəzəb yatdıqdan sonra insanın bütün vücudunu qeyri-adi peşmançılıq hissi bürüyür. İnsan özü-özünü danlayır və "ağıl və vicdan" məhkəməsində təqsirkar görür. Bütün bunların ardınca da təəssüf və narahatçılıq hissi qəlbinin dərinliklərinə çökür.

Qəzəb tək ruhu deyil, cismi belə qəm-qüssəyə qərq edib bir an da olsun, rahatlıq vermir. Qəzəbin yandırıcı alovu vücudu öz şö`ləsinə bürüdükdə ürəkdə qan dövranı tezləşir, sonra isə damarlara yayılır və bunun nəticəsində üz qızarır və bütün bədən lərzəyə gəlir. Beləliklə, insan bütün vücudu ilə intiqam almağa can atır. Bütün orqanizmə mənfi tə`sir göstərən bu xüsusiyyət müxtəlif qan axmalara, əsəb sisteminin pozulmasına, ağ ciyərdə vərəm və s. kimi qorxulu xəstəliklərə səbəb olur.

Qəzəbin yatırılması üçün istifadə olunan spirtli içkilər və tütün mə`mulatlarının vurduğu zərər isə orqanizm üçün daha ciddi təhlükə yaradır. Belə ki, spirtli içki və tütün mə`mulatlarından istifadə etmək nəticəsində qan zəhərlənir və bu da saysız-hesabsız ağır xəstəliklərə səbəb olur.

Lakin diqqət yetirmək lazımdır ki, həddi aşmamaq və ifrata varmamaq şərtilə hər bir normal insanın bu hissə yiyələnməsi lazım və zəruridir. İnsanın müəyyən həddə qədər bu hissə yiyələnməsi onun comərdliyindən xəbər verir. Bəşəri düşmənin təcavüzünün qarşısını almağa və onu müqavimət göstərməyə vadar edən qəzəb, insani xüsusiyyətlərindəndir.

Bir çox hallarda qəzəblə birgə olan intiqam hissi isə həyatı zülmət qaranlığa çevirir və insanlar arasında böyük fasilələr yaradır.

Əgər bizə qarşı olunan bütün xoşagəlməz rəftar və davranışlara eyni şəkildə əksül-əməl göstərib, başqalarının cisim və ruhlarına zərbə vurmaqla - "intiqam" hissi ilə - təskinlik tapmaq istəyəriksə, həyatımız qalmaqal və keşməkeşdən savayı bir şey olmayacaqdır. Bununla yanaşı öz ruh, şəxsiyyət və mə`nəviyyatımıza da ağır zərbə vurmuş olarıq.

Həyatda kim səhvə yol verib bununla başqalarının qəzəb və narahatçılığına səbəb olarsa, qarşı tərəfdən bağışlanmaq üçün ilk növbədə buraxdığı səhvinə e’tiraf etməlidir.

Deyl Karnegi deyir: "Danlağa layiq olduğumuz bizə bəlli olduqda, yaxşı olmazmı ki, səhvimizə e`tiraf edib deyilənləri qəbul edək? Özümüzün özümüzü danlamağımız başqalarının danlağından yüngül və mülayim olmurmu? Başqaları sizə irad tutmazdan əvvəl bu işi özünüz görməyə tələsin ki, qəzəbinizi zərərsizləşdirə biləsiniz. Belə olduqda qarşı tərəflər də səmimi mövqe tutaraq səhvlərinizə daha çox göz yumarlar. Bütün səfeh insanlar öz səhvlərini ört-basdır etməyə çalışarlar. Lakin səhvlərinə e`tiraf edən şəxslər hamıdan yüksəkdə durub özlərində şərəf və mərdlik hissi keçirərlər.

Haqlı olduğumuzu bildikdə başqalarını da son dərəcə mehribanlıqla özümüzə tərəf çəkməyə çalışmalıyıq. Düz yolda olmadıqda isə dərhal bunu e`tiraf edib həqiqətin gözünə baxa bilməyi bacarmalıyıq. Səhvlərə e`tiraf etməkdən aldığımız zövq onları müdafiə etməkdən daha asan və daha ləzzətbəxşdir.”

Əfv və güzəşt qəlbdə səmimiyyət və insan sevərlik hissini daha da gücləndirir. Buraxılan səhvlərə göz yumub güzəştə getməklə insan ən qatı düşmənini belə öz qarşısında təslim etməyə nail olur. Bununla yanaşı, belə bir uğurlu addım onların düşmənçilikdən əl çəkib başqaları ilə səmimi münasibətlər yaratmalarına da səbəb olur.

Elm və təcrübə mə`nəvi saflığa və kin-küdurəti aradan qaldırmağa səbəb olan ən gözəl vasitədir. Elm və mə`lumat dairəsi genişləndikcə insanın şüur və tərzi-təfəkkürü daha da açıqlanır. Alim və təcrübəli şəxslər nəfsin aldadıcı istək və tələblərinin qarşısında daha çox müqavimət göstərməyə qadir olurlar. Onlar adətən təmkinlidirlər və insanların buraxdıqları səhvlərə başqalarından daha çox göz yumarlar.

DİN RƏHBƏRLƏRİMİZ BİZƏ YOL GÖSTƏRİRLƏR

Belə bir təhlükəli ruhi xəstəliyi müalicə etmək üçün peyğəmbərlərin, imamların və onların sadiq davamçılarının verdikləri tə`limlərdən də tə’sirli bir üsul yoxdur. Psixoloq və həkimlərin bu sahədə göstərdikləri fəaliyyətlər tə`sirsiz olmasa da, o qədər də qət`i nəticə verməmişdir. Peyğəmbər (s) və mə`sum imamlar ürək oxşayan buyruqlarında qəzəbin acınacaqlı aqibətləri barədə xəbər vermiş və bu xoşagəlməz xüsusiyyətdən uzaq olmağı tövsiyə etmişlər.

İmam Sadiq (ə) buyurur: "Qəzəbdən uzaq olun, çünki qəzəb insanı xəcalət hissi ilə üzr istəməyə vadar edir. "

Doktor Marden deyir: "Qəzəbə səbəb hər nə olursa-olsun, insan sakitləşdikdən sonra əbəs yerə qəzəbləndiyini başa düşür. Bunun üçün də həmin günün səhəri hər şeyi olduğu kimi götür-qoy etdikdə, qəzəbləndiyi şəxsdən üzr istəməyə məcbur olur.

Əgər sabahkı götür-qoyunuzu bu gün yerinə yetirməyə adət etsəniz, qəzəb böhranı özünün ən aşası həddinə çatacaqdır.

İmam Sadiq (ə)-dan nəql olmuş başqa bir hədisdə deyilir:

"Qəzəb, agah qəlbin nurunu məhv edib aradan aparır. Qəzəbinə nəzarət edə bilməyən şəxs heç vaxt ağıl və şüuruna malik ola bilməz. "[83]

Tibbi baxımdan qəzəb və həyəcan olduqca ağır nəticələrə və bə`zi vaxtlarda insanın həyatına bir dəfəlik son qoymağa səbəb olur.

Əli (ə) buyurur: "Qəzəbini cilovlamayan şəxs tez bir zamanda ölümlə üzləşər. "[84]

Doktor Marden deyir:

"Görəsən qəlbi zəif olan şəxslər bilirlərmi ki, qəzəb və həyəcanları bir gün onların canlarının bahasına başa gələ bilər? Əlbəttə, onlar bunu təsəvvür etməyə bilərlər, lakin bilməlidirlər ki, hətta tamamilə sağlam insanlar belə bir gün qəzəb və həyəcanın qurbanına çevrilə bilərlər. Belə ki, bir qədər dərindən diqqət yetirsək, görəcəyik ki, belə bir böhrana düçar olan şəxslər bir çox hallarda infrakt keçirməklə dünyalarını dəyişmişlər.

Qəzəb qidaya da mənfi tə`sir göstərərək iştahanın pozulmasına və həzmin çətinləşməsinə, bir sözlə bütün orqanizmə mənfi tə`sir göstərərək ciddi çətinliklər yaradır. Nəticədə, mə`nəviyyatımıza ağır zərbə dəymiş olur. Əsəbin qoyduğu mənfi tə`sirlər o qədər təhlükəlidir ki, südəmər uşaqlara əsəbi halda süd verdikdə onlar zəhərlənir və dünyalarını dəyişməli olurlar. "[85]

Əli (ə)-dan nəql olmuş başqa bir hədisdə deyilir: "Qəzəbdən uzaq olun, çünki, qəzəb dəliliklə başlayıb peşmançılıqla başa çatır. "

"Qəzəb şö`lələnən bir alovdur. Səbr və təmkinli olanlar onu söndürməyə nail ola bilərlər.. Ona əhəmiyyət verməyən şəxslər isə onun odunda hamıdan tez yanarlar. "[86]

Başqa bir yerdə qəzəb və həyəcanın müqabilində səbirli və təmkinli olmağa tövsiyə edərək buyurur:

"Özünüzü qəzəbin şö`lələnən odundan xilas edin və onunla mübarizə aparmaq üçün hər zaman səbirli və təmkinli olun. "[87]

"Səbirli və təmkinli olmaq insanı böyük bir uçurumdan xilas edir. "[88]

İnsan qəzəb və həyəcan nəticəsində hətta qətl kimi ağır cinayətlərə əl ata bilər. İmam Baqir (ə) bu barədə buyurur: "Qəzəbdən qorxulu nə ola bilər? İnsanlardan bə`ziləri qəzəb və həyəcan nəticəsində ağır cinayətlərə əl atıb kimlərisə qətlə belə yetirə bilərlər. "

Jan Markvist deyir:

"Əsəbi insanlar tərs, həm də inadkar olarlar. Bir anın içində ağır cinayətlər barədə belə fikirləşərlər. Bu onların ruhi xüsusiyyətlərindəndir. Ani olaraq cinayət fikrinə düşən bu şəxslər dərhal bunu həyata keçirərlər. Bunun üçün də onlar ani qatil adlanarlar. "

Peyğəmbər (s), qəzəbin insana üstün gəldiyi zaman üçün çox maraqlı və olduqca faydalı bir tövsiyə edir:

"Sizlərdən biriniz qəzəb hissi hiss keçirsəniz, əgər ayaq üstə olmuş olsanız oturun, yox, əgər oturaq halda olarsınızsa uzanın.

 Bununla qəzəbiniz yatmadıqda soyuq su ilə dəstəmaz alın və ya qüsl edin. Çünki, alovu yalnız su ilə söndürmək olar. "[89]

Viktor Puşe deyir:

"Uşağınız çox əsəbi olarsa, onunla əsəbi rəftar etmək əvəzinə əl-üzünü soyuq su ilə yuyun və ya parçanı su ilə isladıb əl-üzünə çəkin. "

Jilbert Ruben isə deyir:

"Əxlaqi baxımdan bədənin təmizliyi olduqca böyük əhəmiyyət kəsb edir. Səhər və axşam, həmçinin iş günü başa çatdıqdan sonra ilıq su ilə yaxalanmaq bədəni təmiz və gümrah saxlayır. Bununla yanaşı ümidsizliyi aradan qaldırıb yüksək əhval-ruhiyyə bəxş edir. Deməli bədənin təmizliyi əxlaqi dəyərlərlə və əhəmiyyət baxımından bir-biri ilə bərabərdir. "

Peyğəmbər (s) və mə`sum imamların həyatı sözün əsl mə`nasında bizim üçün ən gözəl örnək və hidayət çırağıdır. Bir müsəlman kimi üzərimizə düşən ən başlıca vəzifələrdən biri də onların getdikləri yolu seçib əxlaqi dəyərlərə yiyələnməyimizdir. O müqəddəs insanların öz düşmənlərinə qarşı belə səmimi münasibət bəsləməsi kimsədən gizlin deyildir və bu haqda kifayət qədər misal çəkmək olar. Rəvayətlərdən birində deyilir: "Günlərin birində İmam Həsən (ə) atla gedərkən gözlənilmədən Şam əhalisindən olan bir şəxs onun qabağını kəsir və o həzrətə qarşı xoşagəlməz sözlər deməyə başlayır. Lakin İmam Həsən (ə) ona bir söz deməyib axıra qədər dinləyir və sonra son dərəcə mehribanlıqla buyurur: "Mənə belə gəlir ki, kiminləsə məni səhv salmısan, hər nə istək və ehtiyacın varsa söylə, çalışaram səni razı salam. Əgər yolu azmısansa sənə yol göstərim, köməyə ehtiyacın varsa, gəl sənə kömək edib evə aparım, əgər acsansa yemək verim, əgər paltar və geyimə ehtiyacın varsa paltar verim, yoxsul və pulsuzsansa pul verim. Yox əgər sığınacağa ehtiyacın varsa səni onunla da tə`min edə bilərəm və başqa hər nəyə ehtiyacın olarsa, əlimdən gələni əsirgəmərəm. Yaxşı olar ki, yol yoldaşlarınla birlikdə mənim evimə gələsiniz. Sizə yer verib qulluq etməyə hər bir imkanımız var. "

Həmən şəxs gözləmədiyi bu sözlərin qarşısında bir söz deyə bilməyib İmam Həsən (ə)-ın qarşısında diz çökdü. Xəcalət hissi onun bütün vücudunu bürüdü və ixtiyarsız olaraq göz yaşları tökməyə başladı və həmin an sanki qəlbinə mehr-məhəbbət və səmimiyyət nuru saçdı. Özünə gəldikdən sonra ayağa qalxdı və İmam Həsən (ə)-ın imamlığına şəhadət verib dedi:

"Bu günədək sənə və atana hamıdan çox nifrət edərdim, lakin indi hiss edirəm ki, sizə qarşı kin və ədavətlə dolu olan qəlbimdə sizə qarşı sevgi və məhəbbətdən savayı bir şey yoxdur. İmamətə layiq olan şəxslər məhz sizsiniz. "

ON ÜÇÜNCÜ FƏSİL

VƏFASIZLIQ

1-İnsanın üzərinə düşən müxtəlif məs`uliyyətlər.

2-Əhdə vəfanın dəyər və üstünlükləri və vəfasızlıqdan doğan fəsadlar.

3-İslam əhd-peymanın pozulmasını qadağan edir.

Bəşər şüur və dərrakəsinin vasitəsilə bir çox həyati məsələləri dərk edib həqiqəti, məhək daşı olan ağıl və şüuru ilə müəyyən etdikdən sonra yaşadığı həyatda üzərinə düşən vəzifələri qəbul etməli olur.

O, başa düşür ki, səadət və təkamülə çatmaq üçün asılı olduğu məsələlərə xüsusi diqqət yetirməli, rəftar və davranışlarını ehtiyacları ilə müvafiq və həmahəng etməlidir.

İstər maddi olsun, istərsə də mə`nəvi, insan həyatın bütün sahələrində üzərinə düşən məs`uliyyətləri qəbul etməlidir.

Şüur və vicdan da ictimaiyyətin nəzm və intizamını tə`min edən bu amilin qorunub saxlanılmasına xüsusi diqqət yetirir. Nəzm-intizamın pozulmasına ictimaiyyətin süquta uğramasına səbəb olan bütün amilləri isə qətiyyətlə pisləyir və onlara qarşı barışmaz mövqe tutur. Əxlaq və mə`nəvi dəyərlərin təkamülünə böyük tə`sir göstərən bu məs`uliyyətlər insanı həqiqi azadlığa qovuşdurur və onun tutduğu yolu düzgün səmtə doğru istiqamətləndirir. Həyatın müxtəlif sahələrində insanın üzərinə düşən bu məs`uliyyətlər ömrünün sonunadək onunla birgə olur. O yalnız o zaman sorğu-sual və danlaq atəşinə tutur ki, üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə qadir olsun.

İnsanın üzərinə düşən vəzifələrə məhəl qoymayıb onlara qarşı e`tinasızlıqla yanaşması onun həyat qanunlarından xəbərsiz olduğundan və gələcəkdə qarşılaşacağı bədbəxtçiliklərdən xəbər verir. Buraxdığımız ən böyük səhv də üzərimizə düşən vəzifələri unudub özümüzü tam sərbəst və azad hiss etməyimizdir. Məs`uliyyətsizlik hissi cəmiyyətə nüfuz edib onu ciddi təhlükələrlə üzləşdirir. Bu hiss geniş yayıldıqda insanlar arasında qarşılıqlı ixtilaf və qarşıdurmalar meydana gəlir. Nəfsani istəklərinin əsirinə çevrilən şəxslər şəxsi mənafelərini üzərinə düşən vəzifələrdən üstün tutur və öz nəfsani istəklərinə daha çox əhəmiyyət verirlər. Onların süqut və tənəzzülü də məhz buradan başlayır. Bunun üçün də onlar heç vaxt kamil insan simasında ola bilmirlər.



Geri   İrəli
Go to TOP