A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
Müəllif: Seyyid Müctəba Musəvi Lari
Naşir: Hamidun
Çap tarixi: 2000
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


"Kim özünün gözəl əxlaqa yiyələndiyini hesab edib rəftar və davranışlarını başqalarından üstün tutarsa özünü islah etməyə nail olmayacaqdır. "[66]

Helen Şaxter deyir:

"Müvəffəqiyyətsizliklərlə qarşılaşdıqda başqalarının diqqətini cəlb etmək üçün əl atdığımız şeylərdən biri də yalan danışmaq və ya özümüzü tə`rifləməyimizdir. Görmək istədiyimiz və arzusunda olduğumuz müvəffəqiyyətlərə nail olduğumuzu və həmin işlərin öhdəsindən gəldiyimizi hesab edirik. Bununla özümüzü qane edir və işlər barədə söhbət etməyə can atırıq. Gördüyümüz işlər nə qədər kiçik olsa da, onları başqalarının nəzərində böyük göstərmək istəyirik. İnsanlar özlərini uydurduqarı yalanlarla o qədər aldadır və razı salırlar ki, müvəffəqiyyət qazanmağa sə’y belə göstərə bilmirlər. "

Xudpəsəndliyin əsirinə çevrilən şəxslər heç vaxt öz çatışmazlıqlarını görüb başqalarının yüksək xüsusiyyətlərini dərk edə bilmirlər.

 Əli (ə) bu haqda buyurur: "Təkəbbürlü şəxslər özlərindən razı, eyb və nöqsanlarından xəbərsiz olarlar. Əgər onlar başqalarının üstün xüsusiyyətlərini dərk edə bilsələr öz çatışmamazlıqlarını aradan qaldırmağa can atarın. "[67]

Yüksək mədəniyyəti öz ardınca aparan və həyata can verən İslam ədalətlə zidd olan bütün üstünlükləri rədd, yalnız təqva və paklıq baxımından əldə olunan üstünlükləri qəbul edir.

Əli (ə) buyurur: "Ehtiyacsızlıq məstliyindən Allaha pənah aparıram. Çünki, belə bir məstlikdən huşa gəlib adi hala düşmək olduqca çətin bir işdir. "[68]

"Günlərin birində Peyğəmbər (s)-in yanına varlı bir şəxs gəlir və bir qədər sonra olduqca yoxsul olan başqa bir şəxs də gəlib dövlətlinin yanında oturur. Həmin varlı şəxs onun oturmaq istədiyini görüb dərhal paltarını yığır. Peyğəmbər (s) bu səhnəni gördükdə çox narahat olur və üzünü həmin varlı şəxsə tutub buyurur: "Qorxdun ki, onun yoxsulluğundan sənə də keçə?" Dedi: "Xeyr. " Buyurdu: "Qorxdun ki, sənin var-dövlətinin bir qismi ona keçə?" Dedi: "Xeyr." Buyurdu: "Qorxdun ki, sənin paltarını çirkləşdirsin?" Dedi: "Xeyr. " Buyurdu: "Belə isə, onda nə üçün bu cür rəftar etdin?" Dedi: "Sərvət və var-dövlətim məni həqiqət və gerçəkliyi dərk etməkdən məhrum etmiş və bütün pislikləri nəzərimdə gözəl cilvələndirmişdir. Gördüyüm bu işin müqabilində var-dövlətimin tən yarısını həmin bu yoxsul şəxsə verirəm. " Peyğəmbər (s) üzünü yoxsul şəxsə tutub soruşur: "Onun verdiklərini qəbul edirsənmi?" O eyir: "Xeyr. " Varlı şəxs ondan bunun səbəbini soruşduqda cavabında deyir: "Qorxuram mən də sənin kimi var-dövlət sahibi olub, belə bir xoşagəlməz xüsusiyyətə düçar olum. "

Beləliklə, üçündə əgər xudpəsənd və təkəbbürlü şəxslər səadət və xoşbəxtlik arzusunda olarlarsa, hökmən özlərini islah etməli və bu mənfur xüsusiyyəti öz vücudlarından birdəfəlik qoparıb atmalıdırlar. Əgər bu işi görməsələr, ömürlərini həsrət və nakamlıq içində başa vurmuş olarlar.

ONUNCU FƏSİL

ZÜLMKARLIQ

1-Ədalətin ictimaiyyətdə oynadığı rol.

2-Zülmkarlığın yandırıcı şö`lələri.

3-Dinin zülmkarlıqla mübarizəsi.

Tarixə nəzər saldıqda və baş verən cərəyanları araşdırdıqda bunun şahidi oluruq ki, müxtəlif dövrlərdə bütün millətlər arasında müqəddəs "ədalət" kəlməsi baş verən bir çox inqilabi hərəkatların və siyasi cərəyanların əsasını təşkil etmişdir.

Haqq-ədalətdən məhrum olmaq, təcavüz və zorakılıqdan cana gəlmək insanların ruhiyyələrini o qədər həyəcanlandırmışdır gətirmişdir ki, mərd-mərdanə mübarizə meydanına qədəm qoyaraq hamılıqla hakim təbəqəyə qarşı çıxmışlar və cəsarətlə öz e`tirazlarını bildirmişlər. Bu cəsur insanlar zülm və haqsızlığın aradan qaldırılmasında yorulmadan mübarizə aparmış və canlarının bahasına olsa da belə, heç bir fədakarlıqdan boyun qaçırmamışlar.

Lakin təəssüflər olsun ki, bu hərəkat və cərəyanların bir çoxu müvəffəqiyyət qazana bilməmiş, arzu və qarşılarına qoyduğu məqsədə çatmamışdır.

Onların uğursuzluqlarının səbəbləri aşağıda qeyd olunanlara diqqət yetirdikdə aşkar olur: Cəmiyyət öz təbii axarından çıxaraq pisliklərə adət etdikdə, artıq heç vaxt ədalət və bərabərliyə tabe olmaq istəmir. İstənilən şəraiti əldə etmək üçün haqq-ədaləti bərqərar etmək tamamilə mümkündür. Həmin şərait yaranmadıqda isə ədalətin həqiqi siması həyat üfüqündə heç vaxt doğmayacaqdır.

Hər şeydən əvvəl cəmiyyət "ədalət" üzərinə qoyulmuş qanuna ehtiyac duyur. Belə ki, orada bütün ictimai təbəqələrin hüquqları nəzərə alınmalı və ümumi mənafe ilə həmahəng olmalıdır. Yalnız bundan sonra tə`lim-tərbiyə və əxlaqi dəyərlər onun inkişaf və geniş vüs`ət tapmasına tə`sir göstərə bilər.

Ədalət, yaradılmış aləmdə müşahidə olunan bir qanundur. Dünyanın keçməli olduğu mərhələ onun əsasında müəyyənləşdirilmiş və onda hər hansı bir dəyişikliyin aparılması qeyri-mümkündür.

Öz vücudumuzda şahid olduğumuz əsraramiz həmahənglik yaradılış aləmində hökm sürən ədalət və bərabərlikdən xəbər verir və biz öz vücudumuza nəzər salmaqla bu böyük nəzm-intizamdan agah ola bilərik.

Yaradılış aləmində hökm sürən bərabərlik icbari bir müvazinətdir.

Lakin bəşər azad düşüncə və iradəyə yiyələndiyi üçün ədalət də onun yaşadığı cəmiyyətdə öz istək və iradəsi ilə bərqərar olunmalıdır. İnsanın şüur və düşüncə qüvvəsi bə`zi məsələlərdə şəriət qanunlarına ehtiyac duymadan özü müstəqil olaraq həqiqəti dərk edib onun əsasında hökm çıxarmağa qadirdir. Ağıl yaxşı və xeyirxah işləri yüksək qiymətləndirir, xoşagəlməz və nalayiq rəftar və davranışlara qarşı isə barışmaz mövqe tutur.

Ədalət bəşəriyyətin həyatında böyük əhəmiyyət kəsb etməklə yanaşı, bütün gözəl əxlaqi xüsusiyyətlərin mənşəyini təşkil edir. Bir sözlə, ədalət insanı xeyirxah işlərə sövq edən bir xüsusiyyətdir. İnsanları bir-birlərinə yaxınlaşdıraraq onların arasında birlik və səmimiyyətin yaranmasına səbəb olan da məhz ədalətdir.

Məşhur Yunan filosofu Əflatun deyir: "İnsanın vücudunda ədalət nuru şö`lələndikdə onun nuru insanın bütün xüsusiyyətlərinə də işıq saçır. Çünki insanın bütün gözəl xüsusiyyətləri məhz ədalətdən ilham alır və onu xeyirxah işlər görməyə qadir edir. Bu isə səadət və xoşbəxtliyin son nöqtəsi və insanın Allaha yaxınlaşması deməkdir. "

Əgər həyatın əsasını ədalət təşkil etdiyini və onun ən zəruri məsələlərdən biri olduğunu desək, səhvə yol vermərik.

Haqq-ədalətin bərqərar olunması ilə insanın həyatında yeni bir fəsil başlanır və ictimaiyyətin hərəkətsiz vücuduna yeni ruh üfürülmüş olur. Ədalət, həyata can və özünəməxsus bir gözəllik bəxş edir. Həyata davam etməyə və çətinliklərinin aradan qaldırılmasına qadir olan cəmiyyət də, məhz haqq-ədalət üzərində qurulmuş və ona arxalanan bir cəmiyyətdir.

ZÜLMKARLIĞIN YANDIRICI ŞÖ`LƏLƏRİ

Zülm və sitəmkarlığın ictimaiyyətin parçalanmasına, ictimai və əxlaqi əmin-amanlığın məhv olub aradan getməsinə səbəb olması elə bir inkaredilməz həqiqətdir ki, hətta dinə heç bir e`tiqadı olmayan şəxslər belə ona e`tiraf edə bilər. Zülmkarlıq baş alıb getməklə əlaqələr kəsilir və hərc-mərclik ictimaiyyətə hakim olmağa başlayır. Haqq-ədaləti ayaqları altına atan sitəmkar dövlətlər tezliklə zəifləyib parçalanmışlar. Tarixə nəzər saldıqda bir daha bu həqiqətin şahidi oluruq ki, zülmkar qüvvələr nə qədər böyük qüdrətə malik olsalar da nəhayət, törətdikləri cinayətlərin acı aqibəti ilə qarşılaşaraq özlərini ağır fəlakətə düçar edirlər. Bu barədə kifayət qədər misal və tarixi dəlillərə işarə etmək olar. Lakin biz onlardan biri ilə kifayətlənib tarixin canlı şahidlərindən biri olmuş Məhəmməd ibni Əbdülməlik barədə söhbət açmaq istəyirik.

Abbasilər sülaləsinin vəzirlərindən biri olan bu şəxs vəzir olduğu illər ərzində yüksək mövqeiyyətə malik olmuşdur. Son dərəcə zülmkar və daşürəkli olan Əbdülməlik dustaqları cəzalandırmaq üçün divarlarına şiş mıxlar vurulmuş dəmir təndir düzəltdirmiş və həbs olunanları onun içinə ataraq təndirin hərarətini artırmış və beləliklə, bədbəxt dustaqlar acınacaqlı bir vəziyyətdə can vermişlər.

Mütəvəkkil hakimiyyətə gəldikdən sonra isə Əbdülməlik vəzirlikdən kənarlaşdırılır və özünün düzəltdirdiyi təndirə atılır. O, ömrünün son anlarında kağız-qələm istəyir və orada iki beyt şe`r yazır:

Hiyəssəbilu fəmin yəumin ilə yəumin

Kəənnəhu ma tərakəl eynu fi nəumin.

La tuczə ən ruvəydən ənnəha duvəlun,

Dunya tunqəlu min qəumin ila qəumin.

Şe`rin məzmunu: “Dünya bir yoldur və hər gün ondan ötüb keçmək gərəkdir. O, yuxu tək gözlər önündə canlanar. Sakit ol və narazılıq etmə. Bu dünya var-dövlət tək hər gün bir millətin və ya qövmün əlinə düşər.”

Mütəvvəkil məktubu oxuduqdan sonra vəzirin azad olunmasını əmr edir. Lakin artıq gec idi, çünki vəzir acınacaqlı bir vəziyyətdə dünyasını dəyişmiş idi!

Bəli, dünyanı ölüm-dirim meydanına çevirən şəxslər öz qüdrət və mövqeiyyətlərini qorumaq üçün hər şeydən məhrum olan zəif təbəqəyə ağlasığılmaz əzab və işkəncələr vermiş və ağır cinayətlərə əl atmışdır. Lakin çox keçmədən sinələr qəzəblə dolmuş və ani bir sıçrayışla qanlı inqilablar həyat səhnəsini tamamilə dəyişmişdir.

Zülm və sitəmkarlıq hər hansı bir müəyyən təbəqəyə aid deyildir. Hər bir şəxs istənilən şərait və mövqeiyyətdə əgər həyatın naz-ne`mətlərindən bəhrələnmək üçün heç nəyi nəzərə almadan qanundan kənara çıxarsa, başqalarının hüququnu tapdalayaraq onlara qarşı zülm etmiş olur. Lakin təəssüflər olsun ki, bu günlər yaşadığımız dünyada zülm və sitəmkarlıq günbəgün artır, bəşəriyyətin sivilizasiyasını ciddi təhlükə ilə üzləşdirir.

Sitəmkarlara qulluq edən muzdurlar bacardıqları qədər başqalarının hüquqlarını tapdalayır və dayağı olmayan millətlərin var-dövlətlərini qarət edirlər.

DİNİN ZÜLMKARLIQLA MÜBARİZƏSİ

“Kəhf” surəsinin 59-cu ayəsində zülmkarların acınacaqlı aqibətləri haqda deyilir: “O məmləkətlərin əhalisini zülm etdikləri zaman məhv etdik.”

Dini rəhbərlər daim ictimaiyyətin davam gətirib parçalanmasına diqqət yetirmişlər. Cəmiyyətdə haqq-ədalətin bərqərar olunmasını qarşılarına yeganə məqsəd qoyaraq cəmiyyəti zülm və haqsızlıqlara qarşı mübarizəyə istiqamətləndirmişlər. Möhkəm iradəyə yiyələnən bu şəxslər zülmkarlığı böyük günah hesab edərək, belə bir qeyri-insani xüsusiyyətə malik olan şəxsləri haqq-ədalət qarşısında diz çökməyə vadar etmişlər. Zülm və zülmkarlıq onların nəzərində o qədər böyük əhəmiyyət kəsb etmişdir ki, hətta Allaha şərik qoşmağı belə bir növ zülm hesab etmişlər.

Ümumiyyətlə, ədalətpərvər din rəhbərlərinin üsulu zülm və haqsızlıqlara qarşı mübarizə etməkdən ibarət olmuşdur.

“Hədid” surəsinin 25-ci ayəsində deyilir:

“And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə [mö’cüzələrlə] göndərdik. Biz onlarla birlikdə [Allahın hökmlərini bildirən səmavi] kitab və ədalət tərəzisi [şəriət] nazil etdik ki, insanlar [bir-biri] ilə ədalətlə rəftar etsinlər.”

Müqəddəs İslam dininin ən başlıca məqsədi həyatın bütün sahələrində haqq-ədaləti bərqərar etmək olduğu üçün, öz davamçılarını heç nəyi və qarşı tərəfin kim olduğunu nəzərə almadan ədalət uğrunda mübarizə aparmağa vəzifələndirilmiş və kimlərə qarşı olursa-olsun, zülm və haqsızlığı kəskin surətdə qadağan etmişdir.

“Maidə” surəsinin 8-ci ayəsində deyilir:

“Ey iman gətirənlər! Allah qarşısında [borcunuzu yerinə yetirməkdə] cabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır.”

“Nisa” surəsinin 58-ci ayəsində isə Allah-taala ədalətli hökm çıxarmaq barədə buyurur: (İnsanlar arasında höküm etdiyiniz zaman ədalətlə höküm edin. )

İslam nöqteyi-nəzərində ədalət o qədər böyük əhəmiyyət kəsb edir ki, əgər hər hansı bir şəxs bütün müsbət xüsusiyyətlərə yiyələnər və bu xüsusiyyətə malik olmazsa, hakimlik vəzifəsini daşıya bilməz.

 Valideynin üzərinə düşən ən başlıca vəzifələrdən biri də övladları arasında fərq qoymayıb onlarla eyni səviyyədə davranmalarıdır. Ailədə uşaqların ədalətsevər olub zülm və haqsızlığa adət etməmələri üçün onlarla ədalətlə rəftar olunmalı və birini digərindən nə üstün, nə də əskik tutmaq lazımdır. Belə ki, ailə mühitində valideynləri tərəfindən ədalətsiz rəftarlar müşahidə edən uşaqlar heç vaxt ədalət kimi gözəl xüsusiyyətə yiyələnmirlər. Onlar ədalətdən uzaq olmaqla yanaşı, bir çox hallarda zülm və haqsızlığa üz tutur və başqalarının hüquqlarını tapdalayaraq cəmiyyətdə hərc-mərcliyin baş alıb getməsinə səbəb olurlar. Yaranmış belə bir şəraitdə nəinki cəmiyyət, hətta valideynlər belə öz övladlarından ədalətsiz rəftar və davranışlar görürlər. Bunun üçün də Peyğəmbər (s) bu mətləbə xüsusi diqqət yetirmiş və öz davamçılarına haqq-ədalətə riayət etməyi buyurmuşdur. "Övladlarınızın sizinlə mehr-məhəbbətlə rəftar etmələrini istəyirsinizsə, onlara bir şey verdikdə ədalətə riayət edin. "[69]

Bertrand Rassel deyir:

İnsanın nəfsi buxar kimi daim çalxalanmaqda və genişlənməkdədir. Bu baxımdan da uşaqları tərbiyə etməkdə ən başlıca məqsəd xarici tə`zyiqləri onların şüur və təfəkküründə döymək və işkəncə etməklə deyil, adət, fikir və səmimi əlaqələr kimi canlandırmaqdadır.

Bu işdə lazım olan şey isə ədalətdir. Ədalət, elə bir məfhumdur ki, biz onu tədriclə uşağın adət və təfəkkürünə daxil etməliyik. Düzgün tərbiyəyə yalnız o zaman nail olmaq olar ki, həmin uşaqla birlikdə digər uşaqlar da tərbiyə olunsunlar. Baxıb görürük ki, uşaqlar, hər hansı bir şeydən eyni vaxtda bir neçə nəfərin istifadə edə bilmədiyi şeylərdə bir-birləri ilə çəkişir və mübahisə edirlər. Götürək adi velosipedləri. Əgər bir neçə uşağın ixtiyarında cəmi bir dənə velosiped olarsa, onların hər biri ədalətə riayət edib ondan növbə ilə istifadə etməyi başa düşürlər. Lakin eyni zamanda onlardan hər biri velosipeddən yalnız özü istifadə etməsini istəyir. Amma qəribə burasındadır ki, böyüklər onların arasında növbə yaratdıqda tez bir zamanda onların narazılığına son qoyulur. Mən belə bir əqidədə deyildim ki, ədalət zati bir hissdir. Lakin bu hissi belə bir qısa müddət ərzində uşaqda yaratmağın mümkün olduğunu gördükdə təəccüb etdim. Əlbəttə ədalət, həqiqi ədalət olmalı və uşaqlardan biri digərindən üstün tutulmamalıdır. Əgər uşaqlardan birini digərindən çox sevərsinizsə, bunu büruzə verməyib gözləməlisiniz ki, onlara qarşı münasibətiniz eyni səviyyədə olsun. Onlar üçün oyuncaq aldıqda belə biri digərindən üstün tutulmamalı və bərabərliyə riayət etmək lazımdır. Bütün bunlara riayət etmədikdə isə sonrakı tərbiyə və əxlaqi tövsiyə heç bir müsbət nəticə verməyəcəkdir.”

Peyğəmbər (s) buyurur:

"Allahdan qorxun və başqalarının sizinlə gözəl davranmalarını istədiyiniz kimi, siz də övladlarınızla ədalətlə davranın. "[70]

Əli (ə), Məhəmməd ibni Əbu Bəkri Misirə hakim tə`yin etdiyi zaman etdiyi tövsiyələrdən birində buyurur: "Misir camaatını qanadının altına al və hamı ilə gülərüz və mehribanlıqla davran. Üzlərinə nəzər saldıqda belə ədalət və bərabərliyə riayət et ki, şəhərin böyükləri bir gün onlara qarşı zülm və haqsızlıq edəcəyini güman etməsinlər, yoxsul və çarəsizlər də sənin ədalətindən ümüdlərini üzməsinlər. "[71]

Allahın elçiləri haqq-ədalətin təməlini qoymuş və insani təkamülü meydana gətirmişlər. Əli (ə)-ın xilafət dövründə bir gün böyük qardaşı Əqil onun yanına gəlir. Maddi vəziyyətindən gileylənib beytül-maldan payına düşən buğdadan bir batman artığını istəyir. Əli (ə), ona müsbət cavab verməyib qızdırılmış dəmiri ibrət üçün Əqilin bədəninə yaxınlaşdırır. Əqil uca səslə fəryad etdikdə Əli (ə) buyurur: "Anan yasına otursun! İnsanın qızdırdığı bu dəmir parçasından bu qədər qorxub fəryad edirsən. Bəs mən Allahın qəzəbindən şö`lələnən oda necə dözüm? Ola bilərmi ki, sən bədəninin əzabından fəryad çəkəsən, amma mən ruh və vicdanımın əzabına səbir edim?"

Sonra sözlərinə davam edərək deyir:

"And olsun Allaha! Əgər dünyanı bütün naz-ne`mətləri ilə birlikdə mənə verib əvəzində qarışqanın ağzından arpa qabığını almağımı istəsələr, heç vaxt buna razı olmaram. Sizin nəzərinizdə gözəl görünən dünya mənim nəzərimdə hər şeydən aşağıdır və mən dünya malına görə hətta qarışqaya qarşı belə haqsızlıq etmərəm. " Hüseyn ibni Əli (ə) zülm və haqsızlığa qarşı böyük bir inqilaba rəhbərlik etmiş və bu günkü günədək bəşəriyyət tarixinə işıq saçan ədalət, insaniyyət və azadlıq sevərlik məktəbinin təməlini qoymuşdur.

ON BİRİNCİ FƏSİL

KİN VƏ ƏDAVƏT

1-Pisliklərə nə üçün göz yummalıyıq?

2-Kin-küdurətin vurduğu zərərlər.

3-İmam Səccad (ə)-ın əksül-əməli.

Şübhəsiz ki, insan yaşadığı cəmiyyətdən uzaq düşüb yalqız həyat tərzi keçirə bilməz. Çünki, o daim ehtiyac duyan bir varlıqdır və ehtiyaclarının da həddi və hüdudu yoxdur. Buna görə də qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün cəmiyyət üzvləri arasında sıx həmahənglik və həmrə’ylik hökm sürməlidir. İctimai həyatın müxtəlif şərt və qanunları vardır. İnsan ictimai mühitə qədəm qoyduğu ilk gündən həmin şərt və qaydalar onun qarşısına çıxır və buradan da riayət etməli olduğu məsələlər və üzərinə düşən vəzifələr meydana gəlir.

Şəxsiyyətin formalaşmasında ən başlıca rol oynayan ictimai həyat yalnız cismani mühitdən yox, cəmiyyət üzvləri arasında sıx həmrə’ylik, ünsiyyət, ruhi və mə`nəvi bağlılıqdan ibarət olmalıdır.

Belə bir möhkəm birliyə nail olan cəmiyyətin isə öz cazibə və gözəlliyini əldən verməsi qeyri-mümkündür.

Yaşadığımız dünyada biz insanların üzərinə düşən ən başlıca vəzifələrdən biri də başqaların səhvlərinə göz yumub güzəştə gedə bilməyimizdir və bu elə bir məsələdir ki, insanın başqaları ilə münasibətdə olmasına böyük tə`sir bağışlayır.

Ən gözəl asayiş və rahatlıq odur ki, insan başqaları ilə sülh və əmin-amanlıqda olsun, onlarla can deyib, can eşitsin.

Bunu da nəzərdən qaçırmamalıyıq ki, heç bir kəs nöqsansız deyildir, kamil insanların sayı isə olduqca azdır. Belə ki, böyük şəxsiyyətlər belə nöqsansız deyildirlər. Bunun üçün də hər bir insan başqalarında hər hansı bir çatışmazlıq gördükdə, ona göz yumub güzəştə getməyi bacarmalıdır. Çünki, güzəştə getməkdən savayı sülh və əmin-amanlığa başqa heç bir şey ilə nail olmaq olmaz.

Hər bir insan özünəməxsus xüsusiyyətə malik olur və bu xüsusiyyətlər onun əxlaq və mə`nəviyyatından xəbər verir.

Əfv və güzəşt bir növ comərdlik və insanın yiyələndiyi ən gözəl xüsusiyyətlərdən biridir. Belə bir xüsusiyyətə malik olan şəxslər heç nə ilə müqayisə olunmaz mə`nəvi rahatlıq və bacarıq əldə edirlər. Bütün bunlarla yanaşı, ruhu gücləndirir və xeyirxah işlərə səbəb olur. İnsan belə bir gözəl xüsusiyyətə yiyələnməklə mə`nəviyyatına ağır zərbə vuran xudpəsəndlikdən də yaxa qurtarmış olur. Başqalarının çatışmazlıqlarına göz yummaq təbii ki, olduqca çətin bir məsələdir və insan ilk mərhələlərdə buna çətinliklə adət edir. Lakin əgər insan bu yolda sə’y göstərərsə, daxili böhrandan yaxa qurtarıb bu gözəl xüsusiyyətə yiyələnmiş olar.

Güzəşt qəzəb hissinə də müsbət tə`sir göstərir və insanın tərzi-təfəkküründə müsbət dəyişikliklərə səbəb olur.

Belə ki, bir çox qarşıdurma və düşmənçiliklər məhz bunun nəticəsində aradan qaldırılmış və köklü düşmənçiliklər öz yerini dostluq və səmimiyyətə vermişdir. Təcavüzkar düşmən bu silahla təchiz olunmuş sağlam düşüncəli comərd şəxslərin qarşısında müqavimət göstərə bilməyib tez bir zamanda təslim olur.

Alimlərdən biri deyir:

"İnsanı digər canlılardan fərqləndirən üstünlüklərdən biri də onun başqalarının çatışmazlıqlarına göz yumub onlara güzəştə getməsidir. Sizi narahat edən hər hansı bir şəxs eyni zamanda sizə güzəştə getməyin ləzzətini dadmağa fürsət vermiş olur. Bizə: “Düşmənlərinizi bağışlayın” - deyilmişdir, lakin “dostlarınızı bağışlamayın” - deyilməmişdir. Amma necə olursa-olsun, başqalarının bizə qarşı yol verdikləri səhvləri bağışlamalı və güzəştə getməyi bacarmalıyıq.

Düşməndən intiqam almaq istədikdə onunla eyni səviyyədə olmuş olursunuz. Lakin əgər onları əfv edib bağışlasanız, onlara üstün gəlmiş olursunuz. Onlar bədxah, siz isə xeyrxahsınız. İntiqam almaq məqsədilə əgər birinə əziyyət etmək istəsək, bəlkə də istəyimizə nail olmayaq. Lakin güzəştə getməklə onlardan güclü intiqam almış olarıq. Düşmənlərimizi əfv edib bağışlamaqla onları daha tez məğlub edib öz böyüklüyümüzün qarşısında təvazökarlığa vadar edə bilərik. Deməli, düşmənçilikdən çəkinməklə düşmənə ağır zərbə vurmuş olarıq və beləliklə, onları mütləq məğlubiyyətə uğratmış olarıq. Başqaları pislik etdikdə biz müqabilində hökmən yaxşılıq etməliyik. Çünki, pisliyin müqabilində yaxşılıq etmək yer üzündə asayişi tə`min edən səmavi bir siyasətdir."

KİN-KÜDURƏTİN VURDUĞU ZƏRƏRLƏR

Ruhi xəstəliklər arasında kin-küdurət kimi ikinci bir xəstəlik insanın əxlaqi dəyərlərdən uzaq düşüb çətinliklərlə üzləşməsinə səbəb olmur. Qorxunc qəzəb hissindən mənşə`lənən və insanın asayişinə son qoyaraq onu bədbəxtçiliyə sürükləyən kin-küdurət bir çox hallarda ruhi iztirab və sarsıntıya səbəb olur. İnsana elə bir zaman gəlir ki, daxili böhranı azalmış və müvəqqəti olaraq qəlbində şö`lələnən qəzəb alovu yatırılmışdır. Lakin yatmış həmin alovun altında olan kiçik bir köz sonradan şö`lələnərək səadət və asayişi bir anın içində öz oduna bürüyüb külə döndərə bilər.

Əfv və güzəşt əzəmət, sülh və birlik nişanəsi olduğu kimi, kin-küdurət də xudpəsənd ruh nişanəsi, hərc-mərclik və qalmaqallıq mənşəidir. Düşmənçilik daxili həyəcanları təskinləşdirmək üçün olunsa da, lakin insanın başqalarından gördüyü zərər pislik müqabilində pislik etməkdən dəfələrlə azdır. Çünki, vurulan zərər nə qədər böyük olsa da güzəşt edir. Lakin daxilindəki ədavət və düşmənçilik hissi zəhərli tikan kimi daim ona ağrı və əzab verir. Ədavət və düşmənçiliklə isə nəinki heç bir pislik aradan qaldırılmayır, əksinə vəziyyət daha da gərginləşir və mövcud ixtilaflar daha dərin kök atmağa başlayır. Belə olduqda isə təbii olaraq insanda müdafiə hissi daha da güclənir və onu daim qarşı-qarşıya durmağa hazır edir.

Bə`zən ədavət və düşmənçiliklərin verdiyi nəticə olduqca ağır və aradan qaldırılması qeyri-mümkün olur. Belə ki, bə`zi vaxtlarda insanın düşünməzlik üzündən buraxdığı və ağır nəticələr verdiyi bir səhvin ağrılarını ömrünün sonunadək çəkməli olur. Ruhi sarsıntı və xəcalət hissi bir an da olsun, onları rahat buraxmır. Bə`zi insanların təbiətində ümumiyyətlə, güzəşt adlı bir hiss olmur. Bunun üçün də onlara qarşı olunan hörmətsizlikləri heç vaxt yaddan çıxarmır və bütün sə’y və bacarıqlarını qarşı tərəfdən intiqam almağa yönəldirlər. Hətta bu yolda özlərini oda-közə vurur və müxtəlif çətinliklərə dözməyə belə razı olurlar.

Zəif iradəli və tez inciyən şəxslər özləri barədə heç bir nöqsan və çatışmazlıq eşitməyə dözməzlər. Lakin güclü iradəyə yiyələnən və hər şeyi götür-qoy etməyi bacaran şəxslər tənqiddən düzgün nəticə çıxarıb, bir növ ibrət alır və mövcud çatışmazlıqlarını aradan qaldırmağa nail olurlar.



Geri   İrəli
Go to TOP